скачать книгу бесплатно
Bir qədər sonra biz artıq söhbət etməyə başlamışdıq.
– Tənbəki çəkək? – mən soruşdum.
O, cibindən tütün kisəsi ilə baltaya oxşayan tənbəki çubuğunu çıxarıb mənə uzatdı. Biz növbə ilə bu qəribə çubuğun tüstüsünü içimizə çəkib onu bir-birimizə ötürürdük. Sonra Kvikeq alnını alnıma söykəyib məni qucaqladı və dedi ki, bundan belə biz qardaşıq. Axırda isə əlavə etdi ki, əgər lazım gələrsə, mənim üçün ölümə getməyə də hazırdır.
Şam yeməyindən sonra otağımıza yollandıq. Kvikeq yenizelandiyalı kəlləsini mənə bağışladı. Əlini tütün kisəsinə salıb oradan bir ovuc gümüş sikkə çıxardı. Təxminən otuz dollara bərabər olardı. Sikkələri masanın üstünə qoyub iki bərabər hissəyə ayırdı. Sonra onlardan birini əli ilə mənə tərəf sürüşdürüb «bu sənindir» dedi. Mən etiraz eləməyə başlayanda isə pulları masadan yığıb cibimə tökdü.
Kvikeq gecə duasına hazırlaşmağa başladı. Cibindən uşaq fiqurunu çıxarıb buxarının üstünə qoydu, yonqarları da ətrafına səpələdi. Hərəkətlərindən belə başa düşdüm ki, mənim də bu mərasimə qatılmağımı istəyir. Mən yonqarları yandırdım. Uşaq fiqurunu alova yaxınlaşdırıb geri çəkdim və iki-üç dəfə ona baş əydim.
Dua mərasimi başa çatandan sonra hərəmiz çarpayının bir tərəfinə uzandıq, di gəl, yatmadıq. Çünki Kvikeq mənə öz həyatından danışmağa başlamışdı.
Dediklərindən belə məlum olmuşdu ki, o, Kokovoko adasının yerli sakinlərindəndir. Atası qəbilə başçısı, əmisi isə kahin imiş. Anası döyüşkən ailənin qızı olub. Bir sözlə, adanın adlı-sanlı nəslinin nümayəndəsidir.
Günlərin bir günü Kvikeq adaya Seq-Harbordan gəlmiş gəmiyə minib dünyanı dolaşmaq fikrinə düşür. Ancaq gəminin kapitanı buna razılıq vermir. Kvikeqsə öz qərarından dönən adamlardan deyildi. O, balaca bir qayığa minib uzaqdakı boğaza tərəf üzür. Gəmi adanı tərk eləyəndən sonra həmin boğazdan keçməli idi. Qayığı ilə birgə sahildəki yosunların arasında gizlənib gözləməyə başlayır. Gəmi gəlib oradan keçəndə qaçaraq qayığın üstünə sıçrayır. Oradan da tullanıb gəminin lövbər zəncirindən yapışır və bir göz qırpımında göyərtəyə atılır. Gəmini sahilə bərkitmək üçün istifadə olunan halqadan yapışaraq qışqırır ki, onu öldürsələr də, halqanı əlindən buraxan deyil. Gəminin kapitanı əlindəki baltanı Kvikeqin başının üstündə hərləyərək ona hədə-qorxu gəlməyə başlayır. Lakin Kvikeq gözünü də qırpmır. Onun cəsarəti kapitanın xoşuna gəlir və gəmidə qalmasına razılıq verir. Beləliklə, Kvikeq balina ovçusuna çevrilir.
Mən ehtiyatla soruşdum ki, qayıdıb öz qəbiləsinə başçılıq eləməyi düşünmürmü? Çünki atası artıq ölmüş olar. Cavabında Kvikeq dedi ki, hələlik belə bir fikri yoxdur. Yer üzündəki dörd okeanın dördünü də görmək arzusundadır və onun harpunu qəbilə başçısının əsasından daha yaxşıdır.
Balina ovlayan gəmidə işə düzəlmək istədiyimi biləndə isə dedi ki, o da mütləq mənimlə eyni gəmiyə düşəcək. Sevincək razılaşdım. Təkcə ona görə yox ki artıq Kvikeqə isinişməyə başlamışdım, həm də bu təcrübəli harpunçudan öyrənəcəyim çox şey vardı.
7
Bazar ertəsi səhər tezdən yenizelandiyalı kəlləsini yerli bərbərə bağışlayıb – ondan parik üçün qəlib düzəldirdi – mehmanxana sahibinin haqqını ödədik və körpüyə tərəf üz tutduq. «Şibyə» adlı paketbot oradan Nantaket adasına yola düşəcəkdi.
Yoldan keçən adamlar bizə maraqla tamaşa eləyirdilər. Onlara Kvikeqin zahiri görünüşündən çox, mənim bu vəhşi adamla bir yerdə addımlamağım maraqlı gəlmişdi. Lakin biz adamlara fikir vermirdik. Limana gəlib çatanda isə paketbot artıq yola düşməyə hazırlaşırdı. Gediş haqqını ödəyib gəmiyə mindik.
Çox keçmədən paketbot açıq dənizə çıxdı. Güclü külək əsirdi, bizim balaca gəmimiz suda burnundan ağ köpük çıxara-çıxara irəliləyirdi. Mən Kvikeqlə göyərtədə dayanıb duzlu dəniz havasını ciyərlərimə çəkirdim. Göyərtədəkilər bizə baxıb xısın-xısın gülürdülər. Kvikeq əvvəl onlara fikir vermədi, lakin bir qədər sonra qəfildən kişilərdən birinin yaxasından yapışıb başının üstünə qaldırdı, havada fırladaraq göyərtəyə çırpdı.
– Kapitan! Kapitan! – həmin adam özünə gələn kimi yerdən qalxıb qışqırmağa başladı. – Bir görün, bu qara iblis neyləyir!
Dorağacı kimi arıq, uzun kapitan Kvikeqə yaxınlaşıb dedi:
– Cənab, belə olmaz axı! Siz onu öldürə bilərdiniz.
– O nə deyir? – Kvikeq məndən soruşdu.
– Deyir ki, sən az qala onun adamını öldürəcəkdin.
– Mən bu balaca balığı öldürəcəkdim? – dostum üz-gözünü əyib soruşdu. – Kvikeq balaca balıq öldürmür, böyük balina öldürür.
– Lənətə gəlmiş adamyeyən! – kapitan özündən çıxdı. – Hünərin var, bir də mənim gəmimdə kiməsə barmağının ucunu toxundur!
Elə bu vaxt güclü külək yelkənləri dorağacına bağlayan kəndiri qırdı. Dorağacının üfüqi dirəklərindən biri göyərtənin üstündə sürətlə o tərəf-bu tərəfə yellənərək qarşısına keçəni vurub-yıxmağa başladı. Ardınca da Kvikeqin bir az əvvəl yerə çırpdığı adama dəyib onu göyərtədən suya saldı. Matroslar çaşıb-qalmışdılar. Bircə Kvikeq özünü itirmədi, dərhal dizləri üstə dorağacının altına tərəf süründü. Kəndirin bir ucunu əlinə keçirib falşborta[11 - Falşbort – göyərtə hasarı] bağladı, digər ucundan isə kəmənd düzəldərək başının üstündə yellənən dirəyə tərəf atdı. Dirəyi kəməndə salıb yenidən dorağacına bərkitdi. Yelkənlər tarım çəkildi. Matroslar adamı xilas eləmək üçün qayıq sallamağa macal tapmamış Kvikeq buşlatını və köynəyini çıxarıb suya tullandı. Güclü qolları ilə dalğaları yararaq adamı axtarmağa başladı. Adam suyun üzündə görünmürdü. Onda Kvikeq suyun altına dalıb bir neçə dəqiqədən sonra üzə çıxdı. İndi o, bir əli ilə üzür, digər əliylə isə adamın hərəkətsiz bədənini suyun üzündə saxlamağa çalışırdı.
Matroslar cəld suya qayıq sallayıb onları göyərtəyə çıxartdılar. Kvikeq adamı ölümdən xilas eləmişdi. Dənizçilər də, kapitan da onun əlini sıxıb «çox sağ ol» dedilər. Mənsə gəmiyə yapışan balıqqulağı kimi Kvikeqə elə bərk sarıldım ki, son ana kimi bir gün belə ondan ayrılmadım.
Bundan savayı yolda qeyri-adi hadisə baş vermədi və biz sağ-salamat Nantaket adasına gəlib çatdıq.
8
Nantaket… Xəritəni götürüb baxsanız, bu bapbalaca adanın qurudan nə qədər uzaqda olduğunu görərsiniz. Okeanın qoynundakı bu kiçik qum təpəciyinə diqqətlə baxın! Nantaketlilərin çörəyi okeandan çıxır, odur ki əkinçilərin hər gün torpağı şumladıqları kimi onlar da durmadan suların qoynunda «şırım» açırlar.
Adada Tabut Piterin bizə məsləhət gördüyü mehmanxanaya düşdük. Balıq şorbası ilə toqqanın altını yaxşıca bərkidəndən sonra otağımıza yollandıq. Yatmazdan əvvəl səhəri gün üçün plan tərtib eləməli idik. Lakin Kvikeq dedi ki, o artıq bu barədə gecələr qarşısında dua elədiyi fiqurla – Yoco ilə məsləhətləşib. Yoco bu fikirdədir ki, Kvikeq sabah otaqdan çıxmasın. Odur ki mən təkbaşına sahilə yollanıb işə düzələcəyimiz balina ovlayan gəmini seçməliyəm. Kvikeq öz tanrısına çox bel bağlayırdı. Əmin idi ki, Yoconun dediyi kimi hərəkət eləsək, heç bir çətinliklə qarşılaşmarıq.
Kvikeqin, daha doğrusu, Yoconun bu planı heç də mənim ürəyimcə deyildi. İşə düzələcəyimiz balina ovlayan gəmini seçərkən Kvikeqin təcrübəsinə ehtiyacım vardı. Axı bizim gələcək taleyimiz məhz bu gəmidən asılı idi. Lakin nə qədər etiraz eləsəm də, dostumu mənimlə sahilə gəlməyə razı sala bilmədim. Ertəsi gün isə onu öz Yocosu ilə baş-başa qoyub dəniz kənarına yollandım. Yerli sakinlərdən soraqlaşıb öyrəndim ki, üç gəmi balina ovuna çıxmağa hazırlaşır. Mən onları gözdən keçirəndən sonra «Pekod» adlı gəmini seçdim. «Pekod» bir vaxtlar Amerikanın Massaçusets ərazisində məskunlaşmış və hazırda nəsli kəsilmiş hindu qəbiləsinin adıdır.
Həyatım boyunca çox gəmi görmüşdüm, ancaq beləsinə ilk dəfə rast gəlirdim. «Pekod» – qədim dənizçilik məktəbi ənənələrinə uyğun inşa olunmuş, yanlardan enli, orta ölçülü gəmi idi. İlk baxışdanca bu gəminin okeanlarda çox tufanlardan, qasırğalardan çıxdığını anlamaq olardı. Taxta burnu elə didilmişdi ki, lap saqqala bənzəyirdi. Gəminin dorağacı, yəqin ki, ən güclü küləklərə belə mətanətlə sinə gərmişdi. Göyərtəsi qədimi kilsələrin döşəmə taxtaları kimi köhnəlib yeyilmişdi. Yerli sakinlərdən öyrəndim ki, gəminin sahibi qoca kapitan Falekdir. O, «Pekod» da əvvəl kapitan köməkçisi, sonra kapitan işləsə də, artıq öz hücrəsinə çəkilib.
Köhnə gəmi qəribə tərzdə bəzədilmişdi. «Pekod» un dörd bir tərəfindən ələ keçirilmiş qənimətlərin sümükləri asılmışdı. Gəminin göyərtəsi isə geniş açılmış heyvan çənəsini xatırladırdı. Bu «çənə»nin içini iri kaşalot[12 - Kaşalot – balinalar qrupundan məməli dəniz heyvanı] dişləri qaplamışdı. Dorağacının kəndirləri həmin dişlərə bərkidilmişdi. Bir sözlə, qeyri-adi gəmi idi!
Göyərtədə heç kim gözə dəymirdi. Elə bu vaxt gözümə dorağacının yaxınlığında qurulmuş çadırabənzər bir şey, daha doğrusu, balina bığcıqlarından hörülmüş viqvam[13 - Viqvam – Şimali Amerika hindularının ağac qabığından və ya göndən düzəltdikləri alaçıq] sataşdı. Çox güman ki, bu viqvam müvəqqəti, yalnız limanda istifadə olunmaq məqsədilə düzəldilmişdi. Viqvamın içində yaşlı bir kişi buşlatına bürünüb oturmuşdu.
– Bu gəminin kapitanı sizsiniz? – mən ona yaxınlaşıb soruşdum.
– Tutaq ki, mənəm. Nə lazımdır? – kişi dilləndi.
– İşə düzəlmək istəyirəm.
– Belə de… – kişi susdu. Bir az fikirləşəndən sonra isə əlavə etdi: – Görürəm, gəlmə adama oxşayırsan. De görüm, heç parçalanmış qayıqda üzmüsən?
– Xeyr, cənab, üzməmişəm.
– Yəqin, balina ovundan da xəbərin yoxdur?
– Yoxdur, cənab, ancaq öyrənə bilərəm. Mən ticarət gəmisində…
– Cəhənnəm olsun sənin ticarət gəmin! – kişi qəfildən əsəbiləşib sözümü ağzımda qoydu. – Bir də mənim yanımda bu sözü ağzına alma, bildin! Buna bir bax! Bəlkə, ticarət gəmisində xidmət elədiyinə görə qürrələnəsən də!
Dillənmədim. Kişi bir az sakitləşəndən sonra dedi:
– Bəs niyə birdən-birə balina ovuna çıxmaq fikrinə düşmüsən? Dəniz qulduru-zad deyilsən ki? Bəlkə, öz kapitanını qarət eləyib qaçmısan, hə?
Mən etiraz əlaməti olaraq başımı buladım.
– Yaxşı, bəs onda balina ovunda nə itin azıb? – kişi yenidən acıqlı-acıqlı soruşdu. – Səni işə götürməmişdən qabaq mütləq bu suala cavab verməlisən!
– Bilirsiniz, cənab, – mən astadan dilləndim, – həm bu işi öyrənmək, həm də dünyanı gəzib-görmək istəyirəm.
– Bəs kapitan Ahavı tanıyırsan?
– Kapitan Ahav? O kimdir?
– «Pekod» gəmisinin kapitanı.
– Mən elə bildim, bayaqdan kapitanla danışıram…
– Bəli, sən kapitanla danışırsan! Kapitan Faleklə! Başa düşdün, cavan oğlan? Amma indi mənim işim gəminin təchizatı ilə məşğul olmaqdır. Mən kapitan Vildadla birlikdə bu gəminin sahibiyəm. İndi isə gör sənə nə deyirəm, əgər balina ovu ilə məşğul olmaq istəyirsənsə, işə düzəlməmişdən əvvəl bəzi şeyləri bilməlisən. Sonra çox gec olar…
– Cənab, siz nəyi nəzərdə tutursunuz? – qorxa-qorxa soruşdum.
– Bu saat deyərəm. Kapitan Ahavı tanımaq istəyirsən? – kişi qışqırdı. – Darıxma, görən kimi tanıyacaqsan! Onun bir ayağını balina parçalayıb, tək ayağı üstə gəzir. İndi balina ovu haqqında az da olsa, təsəvvürün yarandı? Hələ də bu işlə məşğul olmaq istəyirsən, ya yox?
– Bəli, cənab.
– Çox gözəl! Yaxşı, de görüm, harpunu diri balinanın ağzına atıb sonra özün də onun dalınca tullana bilərsən?
– Bəli, cənab… Əgər bu çox vacibdirsə… – inamsızlıqla dilləndim. – Əgər, doğrudan da, bunsuz keçinmək mümkün deyilsə, onda…
– Yaxşı, bəsdir! – kişi yenə sözümü ağzımda qoydu. – Hə, deyirsən ki, balina ovunu öyrənməklə yanaşı, dünyanı da gəzib-görmək istəyirsən? Elə isə, gəminin burnuna tərəf get və planşirdən[14 - Planşir – gəmi göyərtəsinin kənarlarına vurulan tir] o tərəfə diqqətlə bax. Sonra nə gördüyünü gəlib mənə danışarsan.
Bir müddət tərəddüd içində qalıb yerimdən tərpənmədim. Bilmirdim ki, bu əmri ciddi qəbul eləyim, ya yox. Ancaq kapitan Falek zarafat eləyən adama oxşamırdı. Gözlərini qəzəblə mənə zilləyib dayanmışdı.
Əlacsız şəkildə «Pekod» un burnuna tərəf addımladım. Dalğaların qoynunda sakitcə yırğalanan gəminin burnu okeana tərəf çevrilmişdi. Planşirdən o tərəfdə mavi sulardan başqa, gözümə dəyə biləcək bir nöqtə belə yox idi.
– Hə, nə gördün? – geri qayıdan kimi kapitan Falek soruşdu.
– Heç nə. Sudan başqa nə olacaq ki! – dedim.
– Gəmidə görəcəyin də bundan artıq olmayacaq. Bəlkə, heç özünə əziyyət verib Horn burnuna[15 - Horn burnu – Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi. Cənubi Amerikanın cənub burnu kimi qəbul olunur.] kimi getməyəsən, dünyaya elə sahildəncə tamaşa eləyəsən, hə?
Lakin Falekin bütün bu mülahizələri məni balina ovçusu olmaq fikrimdən daşındıra bilmədi. Axırda o, qərarımın qəti olduğunu görüb dedi:
– Onda düş qabağıma, gedək, səni matrosların siyahısına salım.
9
Biz Faleklə birlikdə kapitan kayutuna düşdük. Orada qəribə bir adamla qarşılaşdıq. Məlum oldu ki, həmin şəxs kapitan Vildadın özüdür ki var. Cənab Falek kimi o da gəminin əsas sahiblərindən biri idi. Yəni «Pekod» gəmisi daha çox bu iki şəxsin mülkiyyəti sayılırdı. Düzdür, gəmidə xeyli sayda dul qadının, yetim uşağın və başqa kasıb-kusub adamların da payı vardı. Lakin bu pay o qədər kiçik idi ki, gəminin iki-üç mismarına, bir taxta lövhəsinə güclə çatardı.
Altmış yaşını haqlamış kapitan Vildad harpunçuluqdan tutmuş gəmi sahibkarlığına kimi uzun bir yol qət eləyəndən sonra dənizçiliyin daşını ataraq limana sığınmışdı. Vildad dindar adam idi, eyni zamanda xəsislikdə ad çıxarmışdı.
Biz içəri girəndə o, kresloda oturmuşdu, əynində xirtdəyinə kimi düymələdiyi qara sürtük[16 - Sürtük – uzunətəkli kişi pencəyi] vardı. Gözlüyü burnunun ucuna düşmüşdü, əlində qalın bir kitab tutmuşdu. Deyəsən, Tövrat oxuyurdu.
– Vildad! – kapitan Falek ona səsləndi. – Otuz ildir bu kitabı oxuyursan, hələ başa çıxa bilməmisən?
Vildad, görünür, həmkarının bu cür zarafatlarına alışdığından ona fikir vermədən ağır-ağır başını kitabdan qaldırdı. Məni görüb sualedici nəzərlərlə Falekə baxdı.
– Deyir ki, dənizçidir, – Falek dilləndi, – bizdə işə başlamaq istəyir. Necə bilirsən, yarayar?
– Yarayar, – Vildad məni diqqətlə süzüb dedi. Sonra yenə başını kitabın üstünə əyib dodağının altında höccələməyə davam elədi.
Kapitan Falek isə gəminin sənədlərini sandıqdan çıxarıb masanın arxasına keçdi. Mürəkkəbqabını qabağına qoyub yazmağa başladı.
Bilirdim ki, balina ovlayan gəmilərdə matroslara məvacib vermirlər. Hamı kimi onlara da ümumi qazancdan müəyyən pay düşür. Hər kəs gəmidə yerinə yetirdiyi işin müqabilində pay alır. Adətən, gəmilərdə mənim kimi yeni başlayan işçilərə ümumi qazancın təxminən iki yüz yetmiş beşdə biri qədər pay verirdilər. Bu, çox az pul eləyir, ancaq heçə lənət deyib razılaşmaq olardı. Bir də ki, üç il ərzində gəmidə havayı yeyib-içəcək, qaldığım yerə görə də pul ödəməyəcəkdim.
– Bu cavan oğlana nə qədər pay yazaq? – kapitan Falek həmkarından soruşdu.
– Dün-ya-nın ma-lı e-lə bu dün-ya-da da qa-la-caq… – Vildad ona əhəmiyyət vermədən dini kitabı höccələyirdi.
– Vildad! Deyirəm ki, bu oğlana nə qədər pay yazaq? – Falek hirslə bir də sualını təkrarladı.
– Məncə, gəlirin yeddi yüz yetmiş yeddidə bir hissəsi kifayət eləyər, – Vildad bunu deyib yenə kitaba tərəf əyildi.
– Yox, qoca, bir az artırmaq lazımdır, – Falek dedi. – Uşağı müftə işlətmək istəyirsən?
– Yeddi yüz yetmiş yeddi! – Vildad gözünü kitabdan çəkmədən rəqəmi təkrarladı.
– Dedim ki, ağ eləmə! Üç yüz yazıram. Eşidirsən, Vildad, üç yüz!
– Kapitan Falek! – Vildad hirslə kitabı örtüb qışqırdı. – Başa düşürəm, sən çox səxavətli, ürəyigeniş adamsan, ancaq yaddan çıxarma ki, bu gəmidə yetim-yesirin də payı var. İstəyirsən, onlar acından ölsün?
Bundan sonra qocalar uzun-uzadı mübahisə elədilər. Hətta iş kayutda bir-birini qovalamağa qədər gedib çıxdı. Mən artıq bu qəribə adamların gəmisində işləməyin mənasız olduğunu düşünərək qapıya tərəf addımlayırdım ki, qəfildən sakitləşib öz yerlərində oturdular.
– Cavan oğlan, – kapitan Falek mənə səsləndi, – deyəsən, adın İzmaildir, hə? Səni siyahıya yazıram. Gəlirin üç yüzdə bir hissəsi qədər pay alacaqsan.
– Kapitan, – dedim, – mənim bir dostum var, sabah onu da özümlə gətirə bilərəm?
– Gətir, baxaq, – Falek dedi.
– Bəs ona nə qədər pay verəcəksiniz?
– Bu barədə narahat olma. Dostun balina ovundan baş çıxarır?
– İndiyə qədər o qədər balina ovlayıb ki, saymaqla bitməz!
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: