скачать книгу бесплатно
Yazsa roman olar
Eyyub Məmmədov
“Böyük ruhlar, böyük çaylar kimidir”– deyir bir yazısında. “Dibləri heç vaxt eyni qalmaz”. Həyatdan anlayan biri kimi Panait İstraitiyə də bildiyi bir yolu getməkdən, oxşar taleyi yaşamaqdan, tanıdığı sularda üzməkdən hüzünlü bir şey ola bilməzdi. Odur ki, dayanmaq mümkün deyil. Bəlkə də, elə o bu dünyaya da harasa getmək üçün gəlmişdi. Yaşadığı bir həyatı bəyənməyib, bizim həyatımıza gələn və bundan da qane olmayıb başqa bir həyat arayışına çıxan bir insan hekayəsdir bu. Panait İstraiti.
Eyyub Məmmədov
Yazsa roman olar
(esselər)
1. Bekketin utancaqlığı
– Dünən! Bu nə deməkdir? Dünən!
– Dünən bu lənətəgəlmiş gün başlamazdan əvvəlki günə deyilir. Mən sənin mənə öyrətdiyin sözləri işlətməklə danışmağa çalışıram. Əgər bu sözlərin sənin üçün daha heç bir əhəmiyyəti yoxdursa, onda zəhmət çək mənə başqa sözləri öyrət. Ya da imkan ver susum.
Samuel Bekketin “Endşpil” əsərindən
Bekket ədəbiyyat tarixinin ən qəribə insanlarından biridir. Təkcə fenotip olaraq ilk baxışdan qarşısındakı istənilən adamda maraq cəlb eləyən yazıçının daxili dünyası da elə siması qədər ahəngsiz və narahat görünür. Bilmirəm, bəlkə də, bu narahatlıq onun gənclik illərində Coysla tanışlığındandır irəli gəlir, ya nədir, amma dəqiqi budur ki, bu tanışlıq onun istər dünya görüşün formalaşmasında, istərsə də fəlsəfi-estetik seçimində böyük rol oynayıb. Coys kimi bir dühanın qızı tərəfindən təklif olunan sevgini rədd etməsi də elə bu qəribəliyin təcəssümüdür. Və yaxud da başqa bir misal. Olsun ki, bu səpkidə bir lətifə onun əsərlərində oxucunu təəcübləndirə bilsin, amma, bu həqiqətdir. Bekket bəzən özünə yaraşmayan öldürücü sinizmini, qara yumorunu işə salır:
– Tanrı belə bu dünyanı altı günə yaratdı. Sənsə bir paltarı üç aydır tikib qurtara bilmirsən.
– Bir onun yaratdığı dünyaya bax. Bir də mənim tikdiyim paltara.
Beketti ilk dəfə dörd il bundan qabaq oxumuşdum. Son günlərdə yenə oxudum. Bu dəfə başqa əsərlərini. Amma effekt yenə eynidir. O vaxt oxuyanda hansı hissləri keçirmişdimsə bu dəfə də eynisini yaşadım. Bekket ömrün harasında olursa olsun səninlə qarşılaşırsa hiss edirsən ki, bu qarşılaşma sonuncu deyil. Belə bir şey yenə nəvaxtsa təkrarlanacaq. Aradakı zaman intervalı isə insan ekzistensiyasının ən ağrılı məqamıdır. Bekket intervalı özünə məxsus metafora ilə izah edir:
“Otaqdakı iki əşya ən vacib əşyadır mənimçün. Yemək qabı və tualet üçün qab”.
Ömrü bu iki əşya arası intervalında görən Bekketin əsərlərində qəribə bir auditivlik var. Üstündən dörd il müddət keçməsinə baxmayaraq “Molloy”un finalındakı yağışın səsi hələ də qulağımdan çəkilmir. Ancaq, sözün ilkin olduğuna inanaların dünyasında söz varlığı vizual cəhətdən ifadə edə bilmədiyindən Bekketin üslubunda təsviretmə, duymağa nisbətən daha müşkül məsələdir. Bir növ xəstə assosasiyaların yaratdığı boğulmağa bənzədiyindən mətnin ortasında məzmunun əlini-ayağını yığmaq olmur. Bekketin əlsiz, ayaqsız, dilsiz, kar qəhrəmanlarından fərqli olaraq mətni oynaqdır – daim hərəkətdədir. Mətn sənə gəlmir. Gərək sən onun ardınca gedəsən. Bu trofeyi qazanmaq üçün Bekket oxucunu bir xeyli yorur. Bütün bu əziyyətin sonunda isə görürsən ki, əslində, biz mətndəki situasiyaya deyil, situasiyada baş verən hadisələrə deyil, o hadisələrin doğurduğu effektə proeksiya olunuruq.
Onun qəhrəmanları çoxluq olaraq bu gündə bu gün üçün yaşaya bilməyənlər – keçmişin xiffətini çəkənlərdir. Burada biz Bekketdən insan sevgisinin sərhəd tanımayan bir özəlliyini görürük. Qəhrəmanlarının ruhi olaraq məhv olmaması üçün Bekket onları yaddaş pozuntusuna düçar edir. Əks halda həyatını lent yazısındakı kimi özüylə daşımağa məcbur olsaydı Kropp bu keçmişi ilə üzləşməkdən məmnun qalardımı? Yəqin ki, yox. Elə buna görə də Bekket mənim qəhrəmanımdır. Bekketin yaratdığı mətnin qaydaları “altı günə” yaradılmış dünyanın qaydalarına istinad etmir. Əksinə, bu “altı günlük” dünyada əbədi lənətə düçar olunmuşlara oxunmuş elegiya kimi səslənir bəzən qulaqlarımda. Daha çox iç monoloqlara yönəlmiş bu əsərlərdə insan varoluşuna baxış Kamyudan fərqli olaraq passiv faza ilə tamamlanır. Bekketin antiqəhrəmanları mənəvi şikəstlikdən daha çox bioloji şikəstlikləri ilə “zəmanəmizin məğlublarıdır”. Bu biolji şikəstlik onları dünya ilə, mövcudluqla münasibətdə əqli seçimlərdən uzaqlaşdırır. Həyat Bekketin əsərlərində özünün inkar etdiyindən fərqli olaraq ümumi bir varoluş aspektindən dəyərləndirilir, bəzən isə bu dəyərləndirilmə Endşpil nöqtəsində daha çox kor bir qəzaya tabe olma, fatalizm önündəki məğlubiyyət və nəhayətində ümumi kadrların dayanması, stop verilərək lent yazısının bitiminə bənzəyir.
Assosial və kütlə qarşısında çıxış etməkdən elə də xoşlanmayan Bekket buna görə dərs dediyi universitetdən işdən çıxır. Yəqin ki, həyatı “yemək qabı ilə tualet qabı arasındakı məsafə olaraq” görən ruh adamı üçün belə şeylər çox da müzakirə mövzusu olmamışdır heç vaxt. Ancaq onun bir cümləsini ən pis vaxtlarımda özüm üçün sehrli bir mantra olaraq təkrarlamışam:
“Yenə də cəhd et, yenə məğlub ol! Bu dəfə daha yaxşı məğlub ol”.
2. Susqunluğun sirri
Yeknəsək günlərin birində fikirli-fikirli addımlayarkən özümü qəfil İstanbulun gözdən-qulaqdan iraq, balaca bir kitab dükanıda gördüm. Axırıncı dəfə buraya nə vaxt gəldiyimi tam xatırlamasam da, görünür, yolu unutmamışdım deyə qeyri-iradi gəlib bura çıxmışdım. Odur ki, dərhal içəri keçib kitablara baxmağa başladım. Belletristika və üçüncü-dördüncü dərəcəli həvəskar türk tarixçilərinin kitabları ilə dolu dükanda Jose Saramaqodan yeganə tapdığım kitabı almaq üçün çox da fikirləşməyə gərək qalmamışdı. “Bütün isimlər” adlı roman Saramaqonun yaradıcılığının təqribən orta dönəmlərinə düşür. Əksər yazıçıların qocalıq sindromu adlanan son romanlarındakı əksilikdən doğan məəziyətləri Saramaqonun yaradıcılığı üçün bu dövrdə xarakterikdir sanki, çünki Saramaqo bu romanda ənənəvi üslubundan birazca kənara çıxır, adətən hər əsərində göstərdiyi cümlələr üzərindəki master-klassını təkrarlamır. Qısası, bu əsərdə Saramaqoya məxsus uzun-uzadı cümlələr demək olar ki, azdır. Bundan əlavə mətnin tərtibatı Saramaqonun öz fəndinə əsasən oxuma prosesini çətinləşdirdiyindən, əsər biraz da cansıxıcı gələ bilər. Folknervari gediş edərək cümlələrdə nöqtə və vergül istisna heç bir durğu işarəsindən istifadə etməyən Sarmaqo, hətta dialoqların da ənənəvi düzülüşünü verməyib. Tərcüməçi də bu üslubu qoruyub saxlamağa cəhd etdiyindən romanı oxumaq o dərəcədə çətinləşir ki, bəzən dialoqlarda tərəfləri belə qarşışdırırsan. Bundan başqa, ənənəvi klassik romanlardakı təhkiyəçi – üçüncü şəxsin təkində danışan mən, bu əsərdə bəzən metaromanlardakı təhkiyəçiyə çevrilir, oxucu ilə intertekstual dialoqa keçir. Amma təbii ki, müəllif Saramaqodursa onun hər bir kaprizinə dözmək olar, ki, sonda Saramaqo öz oxucusnu bu fədakarlığına görə mütləq mükafatlandırır.
Əsərin tanıtımında Saramaqonun məqsədi bu əsərdə qəhrəmanının simasında şöhrət anlayışının irdələnməsi olduğu göstərilsə də, fikrimcə, Saramaqo burada şöhrətdən ziyadə adlar üzərindən bir oyuna baş vurur. Bu isə öz növbəsində, Vitgeynşteynin təbiri ilə ilə desək, “dil çatlarında yaranan fəlsəfə” ilə gündəlik qarşılaşdığımız, məruz qaldığımız dil oyununa girərək anlayışların kökünə enir, ölüm, yaşam, intihar və s. anlayışlara fərqli yöndən nəzər salır. Əsərin qəhrəmanı arxiv idarəsində çalışan yaşlı bir məmurdur. Hər gün doğulan, ölən, ayrılan, evlənən yüzlərlə insanın şəxsi qovluqları birbaşa onun əlindən keçərək arxiv idarəsinin tozlu rəflərinə daxil olur. Burada isə əsas iki kateqoriya var. Ölülər və dirilər üçün ayrılmış hissə. Arxiv idarəsinin qapı ilə ayrıldığı digər otaqsa qəhrəmanımız – Don Xosenin yaşadığı köhnə evdir. Uzun illər bu idarədə çalışa-çalışa, Don Xose qəribə bir mübtəlalığa yoluxur. Adları maraqlı gələn insanların şəxsi işlərini idarədən icazəsiz çıxarmaqla – bir növ oğurlayaraq kolleksiya toplamaqla gününü keçirən bu şəxs bir gün bir qadının arxivi ilə tanış olur. Ona maraqlı gələn qadının arxivini tapması ilə də qəhrəmanımızın hekayəsi başlayır. Tipik postmodernist əsərlərdə baş verən axtarış motivi bu əsərdə də keçir. Belə ki, Don Xosenin bu müəmmalı şəxsin axtarışından bəhs edən əsərdə hər nə qədər Saramaqonun fəlsəfi disputlara dalmasında bir şikəstlik hiss olunsa da əsərin kuliminasiya nöqtələrində müəllifin ölüm və həyat arasındakı incə cizgiyə arxiv sənədləri timsalında irəli sürdüyü yeni baxış tərzi də maraqlıdır. Bundan başqa, fərdin topluma dönüşü, hierarxiyanın amansız tənqidi və s. kimi bürokratik anlayışlar da əsərdən öz tənqid payını alırlar. Axtarış prosesi uzandıqca qəhrəmanın şəxsiyyətindəki incəliklər də üzə çıxır. Tədirginliyi ilə bərabər sərhəd tanımaz inadı ilə Don Xose axtardığı şəxsin izinə düşür və romanda sonrakı hadisələrin açılması üçün işıq ucu görünməyə başlayır. Beləliklə, oxucu Don Xose ilə bərabər naməlum qadının axtarışına çıxır.
Əsərin sehrinə daldığımdandı, ya nədir bilmirəm – adətimə xilaf olaraq bu kitabı oxuyarkən təqdimat vərəqlərinə baxmamışdım deyə ikinci səhifədəki əl yazma ilə yazılmış kiçik mətn diqqətimdən qaçmışdı. Əsərin ortalarına yaxın ikinci səhifədəki üç-dörd cümləlik yazı bu əsəri həyatıma bağlayan əsas hadisə oldu. Demək, kitabın ikinci əl olmasının səbəbi bu kitabı 1998-ci ildə bir qadının öz bacısına bağışladığı hədiyyə olması idi. “Ən xoş arzular və xoşbəxtlik ümidi” ilə bağışlanmış əksər hədiyyə kitablardan fərqli olaraq, bu kitab necə olub gəlib satılma həddinə çatmışdısa, bilmirəm. Ancaq bildiyim o idi ki, bu yazını oxumağım mənim həyatımda təsadüfi bir şey olmamalı idi. Deməli, ortada iki əsas ehtimal vardı. Ya kitabı hədiyyə kimi qəbul edən şəxs onu bəyənməmişdi, ya da bəyənib oxuduğu kitab onun üçün hansısa arzuolunmaz bir xatirəyə çevrilmişdi ki, onu satmaq məcburiyyətində qalmışdı. Hər halda ehtimallar tükənməzdir. Ancaq aradan iyirmi ilin keçməsi bu sirri dərinləşdirdiyi qədər də içimə qəribə bir hiss salmışdı ki, bəlkə də bu əsəri oxuduqca əsərin qəhrəmanına çevriləcəm. Bəlkə də əsərdəki qəhrəmanın gizlənmə səbəbi kimi bu qadının da kitabdan imtina səbəbi də hardasa eynidir. Daha da dəhşətli, bəlkə, bu ola bilərdi ki, əsərdə axtarılan qadın elə bu kitabdan imtina edən qadının özü ola bilərdi. Belə olduğu təqdirdə mən bu əsərdəki Don Xosenin özü olmurdummu? Axı yaşam elə mətnin özü deyilmidir? Bəlkə də bu həyatın özü bir mətndir? Hər halda ədəbi oyun ilahi bir oyuna çevrilmişdi. Mənim bu qadına olan marağım, bu qadını axtarmağa məni təhrik edirdi. Bu işdə isə ən böyük kömək elə bu əsəri özümə bələdçi seçmək ola bilərdi. Yəni oyuna qatılmışdımsa oynamalı idim. Gözümü açıb qəfil özümü içində gördüyüm bu oyun məni həyatla mətn arasındakı əlaqədə kövrək bir bağa çevirmişdi.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: