banner banner banner
Atmacalar
Atmacalar
Оценить:
Рейтинг: 0

Полная версия:

Atmacalar

скачать книгу бесплатно

Atmacalar
Qulam Məmmədli

Əlinizdə tutduğunuz bu unikal kitab, müəllifin uzun illər boyu topladığı – dünyaca məşhur insanların – şair-yazıçı, padşah-rəiyyət, alim-ruhani, aktyor-musiqiçi və başqa məslək sahiblərinin məşhur kəlam-ları toplusudur. Bu, adi hikmətli sözlər toplusu deyil, Kitabda məhz elə kəlamlar toplanıb ki, onlar hikmət və müdriklikdən çox, yerində işlədilmiş atmaca xarakterlidir. Burada elə atmaca vardır ki, oxuduqda gülməkdən qəşş edəcəksiniz, elələri də var ki, hikmətindən doymayacaqsınız…

Kitabda ensiklopedik xarakter daşıyır, atmaca sahiblərinin adları əlifba sırası ilə verildiyindən onları asan tapmaq olur.

Q. Məmmədli

Atmacalar

MÜƏLLİFDƏN BİR NEÇƏ KƏLMƏ

Oxuculara təqdim olunan «Atmacalar» həmin adlı kitabın təkmilləşdirilmiş, ikinci nəşridir. Bundan əvvəl nəşr edilmiş «Atmacalar» kitabı nisbətən kiçik idi.

Tarixi simaların adı ilə bağlı olan hikmətli sözlərin, habelə zərb-məsəllərin, hazır-cavab kəlamların və atmacaların toplanıb kitabça şəklində nəşr edilməsi təcrübəsinə bir çox xalqların ədəbiyyat tarixində rast gəlmək mümkündür. Məsələn, Suriya yazıçısı Əbülfərəcin (1226-1286), Yaxın Şərqdə məşhur olan Übeyd Zakaninin (XI əsr), alman yazıçısı Fridrix Klopştokun (1724 – 1803), böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin (1799 – 1837), ingilis tənqidçisi Tomas Karleylin və başqalarının bu növ əsərləri dəfələrlə nəşr olunmuş və müxtəlif dillərə tərcümə edilmişdir.

Dünya ədəbiyyatının böyük siması Lev Nikolayeviç Tolstoyun da 1912-ci ildə nəşr edilmiş dörd cildlik «Круг чтении» adlı kitabının dörddə üç hissəsini digər müəlliflərdən alınmış aforizmlər və hikmətli sözlər təşkil edir.

Müasir rus ədəbiyyatında N. S. Aşukin və M. Q. Aşukinanın 1955-ci ildə nəşr etdirdikləri «Крылатые слова» kitabı da bu əsas üzərində tərtib edilmişdir.

«Atmacalar» kitabının göstərilən kitablardan fərqi orasındadır ki, həmin kitablarda müəlliflərin hikmətli sözləri ilə yanaşı, xalq arasında dillərdə gəzən və müəllifi məlum olmayan sözlərə də təsadüf edildiyi halda, «Atmacalar» kitabında ancaq müəyyən tarixi simaların ayrı-ayrı hadisələrlə bağlı olan sözləri verilir.

«Atmacalar» kitabına toplanmış aforizmlər, hikmətli sözlər və başqa kəlamlar müxtəlif kitablardan, jurnallardan, məcmuələrdən, tərcümeyi-hallardan, qəzetlərdən və başqa mənbələrdən götürülmüşdür və kitabda onların müəllifləri haqqında qısa məlumat verilir. Bir çox şəxsiyyətlərin, xüsusən azərbaycanlı ədiblərin, şairlərin, alimlərin və ictimai xadimlərin kəlamları toplanılarkən mətbuatla yanaşı, ayrı-ayrı şəxslərin xatirələrindən də istifadə edilmişdir.

Oxucuların arzularını nəzərə alaraq, bu kitabda Şərq müəlliflərinin kəlamlarına da çox yer verilmişdir.

Hörmətli oxucularımızın diqqətini bu böyük həqiqətə cəlb edirik ki, kitabda kəlamları toplanmış bütün müdrik adamlar – irqindən və milliyyətindən asılı olmayaraq – cəhaləti, nadanlığı, istismarçı siniflərin kütlüyünü və zorakılığını lağa qoyur, ifşa edir, öldürücü istehza ilə damğalayırlar. Atmacaların ifadə etdiyi dərin fikirlər, zəngin həyat təcrübəsi, qiymətli ümumiləşdirmələr bizim köhnəliyə qarşı, keçmişin mənfur qalıqlarına qarşı mübarizəmizə kömək edir, gənc nəslə Puşkinin və Gertsenin vətəndaşlıq cəsarəti, Pavlovun və Pasterin elm və tərəqqi uğrunda hədsiz fədakarlıq kimi gözəl, nəcib keyfiyyətlərini aşılayır.

    Q. Məmmədli

AYVAZOVSKİ, İVAN KONSTANTİNOVİÇ

Məşhur rəssam Ayvazovski (1817–1900) həyatının son günlərinədək işləmiş və altı minədək qiymətli şəkil çəkmişdir. O, həmişə deyərdi:

– Mənim üçün yaşamaq – işləmək deməkdir.

ANDROKLİD

Qədim Yunanıstanda, Androklid adlı bir döyüşçü müharibədə ayağından yaralanıb şikəst olmuşdu. Onu vuruşma meydanına buraxmayan sərkərdəyə Androklid demişdi:

– Mən vuruşmağa gedirəm, qaçmağa yox!

APUXTİN, ALEKSEY NİKOLAYEVİÇ

Rus şairi Apuxtinin (1840 – 1893) gözləri zəif görürdü. Bir gün o, parkda gəzərkən şıq geyimli bir gəncə toxunmuşdu, gənc acıqlanaraq demişdi:

– Axmaq!

Şair hörmətlə papağını qaldırıb təzim etmiş və ona:

– Mən isə Apuxtinəm, – deyə cavab vermişdi.

ARİSTİPP

Eramızdan 435 il əvvəl doğulmuş qədim yunan filosofu Aristipp bir məktəb təsis etmişdi. Varlılardan biri öz oğlunu gətirib həmin məktəbə tapşırmaq istədikdə təhsil haqqının miq-darını soruşmuşdu. Aristipp:

– Beş yüz qızıl verəcəksiniz! – demişdi.

– Paho! Mən bu pula bir qul ala bilərəm! – deyə varlı təəccüb etdikdə filosof:

– Elə isə oğlunuzu məktəbə qoymayın, qoy iki qulunuz olsun! – deyə cavab vermişdi.

ARİSTOTEL

Qədim Yunanıstanın böyük filosofu Aristotel (e.q. 384-322) bir gün Makedoniyalı İsgəndərə demişdi:

– Öz sirlərini heç vaxt iki nəfərə demə, yoxsa bu sirlər açılanda, o iki nəfərdən hansının təqsiri üzündən açıldığını müəyyən edə bilməzsən. Onların hər ikisinə cəza versən, bu, sirri verməyən haqqında haqsızlıq olar. Əgər hər ikisini əfv etsən, yenə də təqsirsizi təhqir etmiş olarsan.

* * *

Aristoteldən soruşdular:

– Sənin başqalarından fərqin nədədir?

O, dedi:

– Başqaları yaşayırlar yemək üçün, mən isə yeyirəm yaşamaq üçün.

* * *

Aristotel demişdir:

– Ağıllı adam başqa bir ağıllı adamın fikri ilə həmişə razılaşar. Sarsaq isə adətən nə ağıllı, nə də sarsaq adamın fikri ilə razılaşar.

* * *

Bir nəfər çoxdanışan öz yersiz söhbətləri ilə Aristoteli cana gətirmişdi. O hey danışır və tez-tez filosofa deyirdi:

– Doğrudan da bu çox qəribə əhvalatdır. Eləmi?

Özündən çıxmış filosof nəhayət ona demişdi:

– Mənə qalarsa, ən qəribə əhvalat orasıdır ki, insan iki ayağı ola-ola qaçıb sənin əlindən qurtarmaqdansa, durub sənə qulaq asır.

ARXİLAY

Eramızdan təqribən 500 il qabaq yaşamış yunan filosofu Arxilayın başını qırxan dəllək uzun danışan bir adam imiş. Alimin isə bundan xoşu gəlməzmiş. Bir gün adəti üzrə filosofun başını qırxarkən dəllək demişdir:

– Başınızı nə formada qırxım?

– Dinməz-söyləməz formada! – deyə Arxilay cavab vermişdir.

ARXİMED

Qədim yunan riyaziyyatçısı Arximed (e. ə. 287–212) manivela qanununu müəyyən etdikdən sonra:

– Mənə istinad nöqtəsi verin, yer kürəsini yerindən oynadım! – demişdir.

* * *

Arximed öz doğma şəhəri Sirakuzanı romalılardan müdafiə etmək üçün hərbi maşın icad etmişdi. Bu ixtiradan sonra düşmənlər hər dəfə Sirakuzaya hücum etdikdə onlara dəyənək, ya da kəndir göstərildikdə belə, onlar dəhşətə düşüb:

– Ay aman, Arximed yeni maşın icad etmişdir! – deyə qaçırdılar.

AXUNDOV, MİRZƏ FƏTƏLİ

Mirzə Fətəli Axundov (1812 – 1878) Gəncədə Mirzə Şəfi Vazehin yanında dərs oxuyarkən Vazeh ondan soruşmuşdu:

– Elm oxumaqdan məqsədin nədir?

– Molla olacağam, – deyə Mirzə Fətəli cavab verdikdə Mirzə Şəfi demişdi:

– Deməli, sən də fırıldaqçı və şarlatan olmaq istəyirsən?

* * *

Bir gün Mirzə Fətəli evinə çox gec gəlmişdi. Arvadı bunun səbəbini soruşduqda, o, ərəb əlifbasında çoxlu nöqtə olduğuna və bunların qoyulmasına çox vaxt sərf edildiyinə işarə edərək demişdi:

– Pəncşənbənin nöqtələrini qoyurdum!

AŞIQ ƏLƏSGƏR

Azərbaycanın böyük söz və saz ustadı aşıq Ələsgər (1821 – 1926) başına adətən yekə papaq qoyardı. Bir məclisdə bəylərdən biri aşığa sataşmaq və papağına lağ edib, «kəs, yarısını ver qardaşına!» – demək üçün ona belə bir sual ver-mişdi:

– Aşıq, qardaşın vardırmı?

Hazırcavab aşıq onun fikrini anlayıb:

– Var, ancaq onun papağı mənimkindən də yekədir! – deyə cavab vermiş və bəyi susmağa məcbur etmişdi.

BABƏK

Ərəb işğalçılarına qarşı Azərbaycan xalqının azadlıq müharibəsinə başçılıq edən Babək (vəfatı 837) 21 illik mübarizədən sonra xəyanət nəticəsində ələ keçib Bağdada aparılmışdı. Ərəblər burada ona cəza verməyə başlamışdılar. Ərəb komandanı Afşinin əmri ilə əvvəlcə onun bir qolunu kəsmişdilər. Babək əlini yarasından axan qanına bulaşdırıb üzünə çəkdikdə Afşin soruşmuşdu:

– Nə üçün belə etdin?

Babək ona belə cavab vermişdi:

– Qanım axdıqca rəngimin solduğunu görəndə «qorxusundan rəngi saralmışdır» deyə bilməməniz üçün öz qanımla üzümü qızardıram.

BABURŞAH, ZƏHİRƏDDİN MƏHƏMMƏD

Hindistanda böyük Moqol sülaləsinin banisi Baburşah (1483–1530) uzun saqqallı bir kəndlinin şikayətə gəldiyini görüb onu yanına çağırmış və nə istədiyini ondan soruşduqda kəndli şaha belə cavab vermişdi:

– Xorasan hakimi vergi yığarkən məndən on batman taxıl əvəzinə yüz batman taxıl istəyir.

Baburşah ona demişdi:

– Heç on batmanlıq saqqalından utanmırsan, şikayətə gəlib hakim haqqında yalan danışırsan?

Kəndli:

– Bir padşah ki, mənim iki misqal ağırlığında saqqalımı on batman eləyə, daha onun hakimindən nə gözləmək olar? –deyərək çıxıb getmişdi.

BAQRATİON, PYOTR İVANOVİÇ

1812-ci il müharibəsinin qızğın saatlarında zabitlərdən biri nahar yeyən general Baqrationun (1765–1812) yanına gəlib demişdi:

– Ordu baş komandanı əmr etdi siz cənabın nəzərinə çatdıram ki, düşmən bizim burnumuzun ucundadır. Xahiş olunur təcili surətdə geri çəkiləsiniz.

Burnu çox böyük olan Baqration onun cavabında demişdi:

– Deyirsiniz ki, düşmən bizim burnumuzun ucundadır? Kimin? Əgər sənin burnunun ucundadırsa, deməli, yaxındadır. Yox, əgər mənim burnumun ucundadırsa, deməli, hələ nahar yeməyə vaxtımız çatar.

BAYRON, CORC NOEL QORDON

İngiltərənin məşhur şairi Bayron (1788 – 1824) yazmışdı: «Ölümdən qorxmaq əbəsdir, həyat ilə ölüm arasında heç bir fərq yoxdur». Dostlarından biri ona:

– Əgər belə isə, nə üçün ölümü arzu etmirsən? Bir qədər də ölü vəziyyətdə qalsan olmazmı? – dedikdə, Bayron cavab vermişdi:

– Mən də elə həyat ilə ölüm arasında fərq görmədiyim üçün ölümü arzu etmirəm.

BALZAK, ONORE DE

Böyük fransız yazıçısı Balzakın (1799–1850) nökəri bir dəfə otağa girdikdə kresloda uzanmış ağasının öldüyünü güman edib haray salır. Qonşular toplaşdıqda Balzak özünə gəlir və bu vəziyyətə düşməsinin səbəbini izah edərək deyir:

– Qorio[1 - Qorio ata – Balzakın eyni adlı əsərinin qəhrəmanıdır. Yazıçı onun ölümünü təsəvvür edirmiş.] ata indicə ölmüşdü!

* * *

Balzak xəttə baxıb, adamın xarakterini müəyyən etməkdə usta olduğunu iddia edirdi. Bir gün bir qadın onun yanına gəlmiş və bir uşağın yazısını göstərərək, yazıçıdan xahiş etmişdi ki, onun xarakterini müəyyən etsin. Balzak yazıya diqqətlə baxıb həyəcanlanmışdı. Qadın onu başa salıb demişdi:

– Uşaq mənim qohumum deyil, yaddır, ona görə xahiş edirəm onun barəsində nə bilirsinizsə, hamısını açıq deyəsiniz!

– Elə isə qulaq asın. Mənim fikrimcə, bu uşaq pintidir, tənbəldir, ona inanmaq olmaz, onunla hər addımda ehtiyatlı olmaq lazımdır, yoxsa adamı rüsvay edə bilər.

Yazıçını diqqətlə dinləyən qadın eşitdiklərinin cavabında demişdi:

– Çox qəribədir. Bu sizin özünüz şagird olarkən yazdığınız dəftərdən bir vərəqdir!