banner banner banner
Şəms və Mövlanə
Şəms və Mövlanə
Оценить:
Рейтинг: 0

Полная версия:

Şəms və Mövlanə

скачать книгу бесплатно

Şəms və Mövlanə
Məsiağa Məhəmmədi

Kitaba sufizmin və bütövlükdə Şərq bədii-fəlsəfi düşüncəsinin ən parlaq simalarından olan Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi haqqında müəllifin məqalələri, eləcə də onların yaradıcılığından tərcümələri daxil edilmişdir. Müəllif Azərbaycan şərqşünaslığı və ədəbiyyatşünaslığında ilk dəfə olaraq, Şəms Təbrizinin gerçək şəx-siyyəti və düşüncələri üzərinə işıq salmış, onun bioqrafiyasının bəzi qaranlıq və mübahisəli məqamlarına aydınlıq gətirməyə, eləcə də Mövlananın irəli sürdüyü fəlsəfi-ictimai təlimin yığcam və anlaşıqlı şərhini verməyə çalışmışdır.

Kitab şərqşünaslar, filoloqlar, ali məktəblərin müəllim və tələbələri, eləcə də klassik Şərq ədəbiyyatı ilə maraq-lanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Məsiağa Məhəmmədi

Şəms və Mövlanə

"TƏBRİZDƏN DOĞAN GÜNƏŞ”İN HƏQİQƏTİ

yaxud

Bir addım kənarda gülümsəyən adam…

(ön söz əvəzi)

Son zamanlarda dünyanı başına götürən anti-ədəbi və psevdo-elmi yazıların içində başını götürüb gizlənmək istədiyin anda elə bil, böyük sufi Rumi demişkən, yatdığın anda üzünə su çilənir (…qalx ayağa və əbədiyyətin badəsini əlinə al / yerdə qalan mətləbi sənə gizlində eşq deyəcək…), bir az toxtaq olursan. Ancaq… yenə də, bu qədər yazı-pozunun içində əsas olan şey – fərq – yazan adamın özünün özündən fərqi… yoxdu, qəhətə çıxıb, oxumaq istədiyin şeylər su kimi məchul bir ünvana axıb gedir, nə özünü, nə də səni saxlayır. Bir də, elə bil bütün bu anti-ədəbi və psevdo-elmi qaralamaların "mahiyyətinin" təsdiqi kimi, bu qələmçilərin bağladıqları kitablar da balaca bir maşına qoşulan çox uzun qoşquya bənzəyir… Kitabların arxasında, o üz-bu üzündə boya ləkəsi kimi görünən rəylər, dünyanın və məmləkətimizin böyük söz adamlarının bu "zalım tifil" haqqında referansları… bilmirsən, nəyi oxuyasan, qərara gəlirsən ki, kitabı bağlamaq lazımdı. Açılmamış bağlanan kitab metaforası bu günümüzün ədəbi gəzişmələrini səciyyələndirən ən doğru, ən dürüst təyindir.

Yaxınlarda bütün bu narahatlığı unutduran, filologiya elmimizin gələcəyinə böyük ümidlər doğuran iki yazı oxudum və bu kiçik yazıda sayğılı "525-ci qəzet"in oxucuları ilə fikirlərimi bölüşmək istərdim. Söhbət dostum, görkəmli şərqşünas-filoloq və tərcüməçi Məsiağa Məhəmmədinin qəzetin keçən şənbə sayında çap edilən "Təbrizdən doğan Günəş" və "Xalq qəzeti"nin 25 oktyabr tarixli sayında yer alan "Mövlana nə deyir?" yazılarından gedir.

Hər iki yazını fərqləndirən əsas cəhət sözü gedən mədəni epoxanın gizlinlərini, ümumi mənzərəsini bilmək, hadisənin mahiyyətini bəlirləyən ifadə və çalarları düzgün şəkildə tapmaq və sadə dildə çatdırmaqdır. Hər iki məqaləsində müəllif məhz dövrü və haqqında söz açdığı sənətkarların yaradıcılıq sirlərini (və hər ikisini bir yerdə şərtləndirən məntiqi!) dərindən bildiyi üçün onlardan əksər yazılarda olduğu kimi orta əsrlər mədəniyyətinin doğurduğu kateqoriya kimi bəhs edir. Qəribədir, biri söz yazır, insanları ovsunlayır, qaranlıq və zülmət içində qərq olan dünyaya işıq salır, o biri sözə sığmır, sözdən və dünyadan baş götürüb qaçır və elə hərəkətlər edir ki, haçansa dünyada olması da təəccüb doğurur: doğrudan o bir məcaz idi, yoxsa gerçək? Şəms Təbrizidən gətirilən sitatda deyildiyi kimi:

O Xəttat üç cür yazı yazdı,
Birini Ondan başqa heç kəs oxumadı.
Birini həm O oxudu, həm də başqaları.
Birini isə nə O oxudu, nə də başqaları –
O üçüncü yazı mənəm!

Şəms Təbrizi işıq mənbəyidir, enerji qaynağıdır, bu qaynaq olmadığı halda nəinki Rumidən, ümumən o dövrdən bir ədəbi kateqoriya kimi bəhs etməyin mənası qalmır. Ona görə də, müəyyən mənada "Rumi ili" anlayışı qüsurludur, Ruminin öz ideyalarına uyğun gəlmir (Rumi divanını "Şəmsin divanı" adlandırmışdı). Şeirlərinin birində Rumi yazırdı ki: Tər içində Ay kimi bət-bənizin ağarsa / Ürəyində birdən dərin bir boşluq hiss etsən / Şəmsin gözləriylə baxıb gözəlliyi görəcəksən…

Şəms, Rumi, Həllac, İbn Ərəbi.... haqqında dünya çapında bir çox maraqlı tədqiqatlar çap edilsə də (Henri Korbin. İbn Ərəbinin sufizmində yaradıcı təxəyyül. Flammarion, 1958; Klod Addas. İbn Ərəbi və qayıdışsız səfər. Söy nəşriyyatı, 1996; Annemari Şimmel. Ruhun alovu. Albin-Mişel, 1998; Eva dö Vitray-Meyeroviç. Rumi və sufizm. Söy nəşriyyatı, 1977; Lui Massinyon. Həllacın Eşqi. Qayyimar, 1975), bizdə etiraf edək ki, hələ də onların qoyub getdikləri əsərlərin tənqidi mətnləri hazırlanmamışdır. Bütün bu şəxsiyyətlərin yaradıcılığı anti-filoloji yönlərdən (daha çox İrandan ixrac edilən kitabların təfsiri və plagiat formasında) öyrənilir. Poetik tərcümələrə gəldikdə isə burada vəziyyət daha acınacaqlıdır. Bu meyxana ritmli tərcümələri heç yana çıxarmaq mümkün deyildir. Dünyanın çoxdan tanış olduğu, özü də professional alimlərin tərcümələri və tədqiqatları əsasında tanış olduğu bu çox ciddi mətnlər ana dilimizdə danışandan sonra hələlik az şeylərə ümid etmək olar. O mənada ki, bu şəxsiyyətlər və dövrlər haqqında milli filologiyada əvvəldən düzgün araşdırma prinsipləri işlənib-hazırlanmamışdır. Nizami, Füzuli, Nəsimi və digər şəxsiyyətlər, onların yaradıcılıqları haqqında qələmə alınan monoqrafiyaları oxuyanda gülməyə bilmirsən. "525-ci qəzet" və "Xalq qəzeti"ndə təqdim edilən bu iki yazı həm də filoloji səviyyəsi etibarı ilə səciyyəvidir. Ancaq heyf ki, bu tipli yüksək professional səviyyədə yazılan məqalələri hər deyəndə oxuya və tapa bilmirsən. Çox təəssüf ki, bizdə filoloq formalaşmır, inkişaf etmir, təkmilləşmir, ancaq "yetişir"… İşığı zülmət qaranlığın hansısa künc-bucağında deyil, sadəcə həmişə olduğu yerdə aramaq lazımdır. Yəni bu tipli yazılara çox yer vermək gərəkdir.

Sonda dostuma böyük yaradıcılıq uğurları arzulayır və fikrimi yenə də Ruminin sözləriylə bitirmək istəyirəm:

DİVANƏLİK

Sənin məhəbbətin
Şərabla qanıma qarışanda
Ağlımı itirdim!
Günüm gecəyə döndü.
Divanələr dörd bir yana qaçdılar!
O vaxtdan əllərim əsir,
İşim-gücüm lələk sındırmaqdır.
Kirpiklərini vəsf etmək istəyirəm,
Ancaq dəftər-kağızı qaralayıram!

    Cavanşir Yusifli
    “525-ci qəzet” 27 oktyabr 2007

ŞƏMS TƏBRİZİ

Sözü özümə deyə bilərəm,
Ya da o kəsə deyərəm ki,
Onda özümü görürəm!

Şəms minarəsi, Xoy

TƏBRİZDƏN DOĞAN GÜNƏŞ

O Xəttat (Allah – M.M.) üç cür yazı yazdı:
Birini Ondan başqa hes kəs oxumadı.
Birini həm O oxudu, həm də başqaları.
Birini isə nə O oxudu, nə də başqaları.
O üçüncü yazı mənəm!

    Şəms Təbrizi
Şəms Təbrizi kim idi? 1244-cü ilin bir payız günü dəvətsiz-filansız Konyaya gəlib şəhərin ən hörmətli ruhanisi, məşhur şeyx Bəhaəddin Vələdin oğlu Cəlaləddin Ruminin həyatını alt-üst edən, onu «fitvalar verən şeyxdən şairə çevirən» (Sultan Vələd), «minbərdə vüqarla oturduğu halda küçədəki uşaqların oyuncağına döndərən» (Mövlana) bu şəxs necə bir insan idi və buna necə nail oldu? Bu sual təkcə müasir tədqiqatçıları və onların sələfləri olan orta əsr təzkirəçilərini deyil, həm də hadisənin canlı şahidlərini – Mövlananın yaxın ətrafını və bütövlükdə Konya əhlini ciddi şəkildə maraqlandırmış və düşündürmüşdür.

Mövlananın oğlu Sultan Vələd özünün «Vələdnamə» poemasında Şəmslə görüşdən sonra atasının davranışında baş verən köklü dəyişikliyin onun müridlərində doğurduğu qəzəb dolu sualları belə ümumiləşdirmişdir:

جه كس است اين كه شيخ مارا او
برد از ما جو يكا كهى را جو

ساحر است اين مكر به سحر و فسرن
كرد بر خويش ثخ را مغتون
ورنه خرد كيت او و در وى جيت
با ج^ذين مك٠ر ميتراند زيت٠ا نى ورا اصل و نى نب بيداست مى ندانيم هم كه او ز كجاست

Axar su saman çöpünü alıb apardığı kimi
Bizim şeyximizi bizdən alan bu şəxs kimdir?
Bəlkə o sehrbazdır və sehrlə, ovsunla
Şeyxi özünə məftun etmişdir?!
Axı o kimdir və onda nə var ki,
Belə məkrlə yaşaya bilir?!
Onun nə əsli bəllidir, nə də nəsəbi,
Həm də biz bilmirik, o hardandır.

Maraqlıdır ki, şeirlərindən birində eyni sualı (təbii ki, başqa anlamda) Şəmsə Mövlananın özü də ünvanlayır:

تو كيستى ص٨اءقه اى يا آتشى؟
كه خانه و زندكى براى من باقى نكناشتى

Sən kimsən? İldırım, yoxsa od-atəş?!
Sən məndə ev-eşik, ömür-gün qoymadın!

Şəmsin sirli şəxsiyyəti sonralar o qədər əfsanələşdi, elə müəmma haləsinə büründü ki, hətta məşhur ingilis şərqşünası Edvard Braun tarixdə belə bir adamın mövcudluğunu şübhə altına alıb onun Mövlana təxəyyülündən doğmuş bir obraz olduğu fikrini irəli sürdü. Nə yaxşı ki, nəhayət, Şəmsin qaynaqlarda adı keçən «Söhbətlər»i («Məqalat», yaxud «Xirqeyi-Şəms» – Şəmsin müxtəlif məclislərdə çeşidli mövzularda etdiyi söhbətlərin müridlər tərəfindən qələmə alınmış toplusu) tapılıb nəşr olundu və Şəmsin şəxsiyyəti, fikirləri, Mövlana ilə münasibətləriylə bağlı bir çox sualları cavablandırmaq, eləcə də onun barəsində yazılanlara xeyli təshihlər etmək imkanı yarandı. Məsələn, bir çox mənbələr Şəmsi savadsız bir dərviş kimi təqdim etmişlər. «Məqalat» isə Şəmsin öz dövrü üçün çox mükəmməl təhsil aldığını, o zamanın ən böyük elm və fikir adamları ilə oturub-durduğunu açıq-aşkar göstərməkdədir.

«Söhbətlər»də diqqəti çəkən ilk məsələ, təbii ki, Şəmsin özü barədə verdiyi bioqrafik məlumatlardır. Bu məlumatlar Şəms şəxsiyyətinin real cizgilərini kifayət qədər dolğun şəkildə əks etdirir. Bəlli olur ki, Şəms (Şəmsəddin Məhəmməd ibn Əli ibn Məlikdad) XII əsrin sonlarında Təbrizdə bəzzaz ailəsində doğulub. Ailənin yeganə, bir qədər də ərköyün övladı olan Şəmsin qeyri-adiliyi hələ uşaqlıq və yeniyetməlik çağlarında özünü göstərməyə başlayıb. Belə ki, o, qəribə yuxular görür, anlaşılmaz hallara düşür, bəzən üç-dörd gün heç nə yemirmiş (amma bundan zəifləmirmiş, əksinə, daha da gümrahlaşır, şüuru daha aydın, zəkası daha iti olurmuş). Bütün bunlar təbii ki, adi bir insan olan atasını bərk narahat edirmiş. Şəms bununla bağlı atası ilə dialoqlarını «Söhbətlər»də son dərəcə canlı şəkildə vermişdir: «Soruşurdu: – Sənə nə olub? Cavab verirdim: – Mənə heç nə olmayıb. Dəliyəm? Kiminsə paltarını cırmışam? Sənin üstünə düşmüşəm? Sənin paltarını cırmışam? Deyirdi: – Bəs bu nə vəziyyətdir? Bilirəm, dəli deyilsən, amma bu davranışını başa düşmürəm».


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)