banner banner banner
Bəyaz diş
Bəyaz diş
Оценить:
Рейтинг: 0

Полная версия:

Bəyaz diş

скачать книгу бесплатно

Bəyaz diş
Cek London

Dünya ədəbiyyatından seçmələr
Həyatın acı həqiqətləri, düzgünlük, qəddarlıq, mehribanlıq, həyat uğrunda mübarizə… Bütün bunlar Cek London tərəfindən bir vəhşi heyvanın – canavarın gözü ilə təsvir olunub.

Cek London

Bəyaz diş

Birinci hissə

VƏHŞİ

YEMƏK HƏSRƏTİNDƏ

Donmuş çayın hər iki sahili boyunca qalın küknar meşələri uzanırdı. Şaxtalı havanın sükutunu qaqqıltı səsi arabir pozurdu. Bura tənha və kimsəsiz, uzaq şimal çölləriydi. Lakin bu tənha çöllərdə canlılar da vardı. Qoşqu itləri qoşulmuş kirşə buz bağlamış çayın üstü ilə gedirdi. Tozağacından olan kirşənin qozlası lüləni xatırladırdı. Bu, kirşənin qarı rahat yarıb gedə bilməsi üçün idi. Kirşədəki yeşikdə pal-paltar, balta, qəhvədan və tava olsa da, əşyaların arasında nəzəri ən çox cəlb edən kirşənin yandan çox hissəsini tutan, uzunsov bir yeşik idi.

Xizəkli bir adam itlərin qabağında, biri də arxada irəliləyirdi. Üçüncüsü isə uzunsov yeşikdə idi, o, şimalla mübarizədə məğlub olmuşdu. Tənha şimal qəzəbli, insana qarşı amansızdır. Axı insan dünyanın ən yırtıcı məxluqudur!

Kirşənin önündə və arxasında irəliləyən adamlar hər şeyə rəğmən həyat doluydu. Onların əcaib görkəmi vardı və əyinlərinə dəri palto geymişdilər. Bu insanlar xəyali məxluqlara bənzəsələr də, canlı idilər. Onlar yollarına dinməzcə davam edir, ətrafı bürüyən sükut isə sanki onlara yazıq, miskin və ölü canlar olduqlarını pıçıldayırdı.

Bir neçə saatdan sonra ölü sükutu zəif bir ulartı pozdu. Səs get-gedə artdı və xeyli bu vəziyyətdə qaldı. Sonra yavaş-yavaş susdu. Bu səsdə güclü bir aclıq həsrəti vardı.

Qabaqda gedən adam geri qanrılaraq yoldaşına əli ilə işarə etdi. Ulartı yenə eşidildi. Səs onların ötüb keçdiyi qarlı düzəngahdan gəlirdi.

Az sonra cavab ulartısı eşidildi, o da arxadan, amma bir az sol tərəfdən gəlirdi.

− Bill, deyəsən, onlar bizim dalımızca düşüblər, − irəlidə gedən adam dilləndi.

− Yəqin, yemək tapmırlar, − dostu cavab verdi, − neçə gündür bir dənə də olsun, dovşan izi gözümə dəymir…

İkisi də susdu və ardı-arası kəsilməyən ulartını təşvişlə dinlədi.

Axşam adamlar meşəyə dönüb orada düşərgə saldılar. Tabutdan isə stol və oturacaq kimi istifadə etdilər.

− Henri, deyəsən, itlərin oddan xoşu gəlir, − Bill dilləndi.

− Ölməkdən qorxurlar, görmürsən? Bilirlər ki, burada onları yedizdirəcəklər, amma orada özləri kiminsə girinə keçə bilərlər. İti aldatmaq çətindir.

− Henri, neçə itimiz var?

− Altı…

− Mən torbadan altı balıq götürüb hərəsinə birini atdım. Amma birinə yenə çatmadı…

− Yəqin, səhv vermisən. Düz saymamısan…

− Bizim cəmi altı itimiz var, − Bill laqeyd-laqeyd təkrar etdi. − Mən də altı balıq götürdüm, Təkqulağa balıq çatmadı. Onda kisədən bir balıq da götürdüm…

− Axı cəmi altı itimiz var, − Henri təkid etdi.

− Mən demirəm ki, hamısını itlər yeyib. Hər halda, yeddinci balığı kimsə qamarlayıb…

Henri yeməyini saxlayıb itləri saydı.

− Orda cəmi-cümlətanı altı it var, − dedi.

− Yeddincisi qaçdı, mən gördüm, − deyə Bill təmkinlə dilləndi.

Henri dostunu mərhəmətlə süzdü:

− Kaş həmin yerə tez gedib çataydıq…

− Bunu necə başa düşək?

− Necə istəyirsən. Elə bil daşıdığımız bu yüklər səni əsəbiləşdirir. Tamam başqalaşmısan. Allah bilir gözünə nələr görünür…

− Mən də elə bu haqda düşünürdüm, − Bill dedi. − Həmin it qaçanda, o saat qarın üstündəki ləpirlərinə baxdım. Sonra itləri saydım. Bax, görürsən, odur ləpirlər. Baxmaq istəyirsən? Gəl göstərim.

− Demək, sənin fikrincə…

Uzun, həsrətli ulartı onu danışmağa qoymadı. Henri susdu, diqqətlə qulaq asdı, sonra qaranlığa sarı barmağını uzadıb sözünə davam etdi:

− Deyirsən qonağın səsi ordan gəlir?

Bill başını tərpətdi:

− Daha sənə heç sözüm yoxdur. Eşitmədin itlər necə səs çıxartdılar?

Qaranlıqdan gələn ulartı onların söhbətini yarımçıq qoydu.

İtlər ulartı səslərindən qorxub tonqala yaxınlaşdılar.

Bill çubuğu tonqala uzadıb qəlyanını yandırdı.

Həm Bill, həm də Henri indi tabutdakı adama həsəd aparırdılar. Çünki onların nə bir qohumu, nə də pulları vardı. Onlar öz isti ev-eşiklərini buraxıb qızıl axtarmaq üçün uzaq və şaxtalı Şimala gələnləri başa düşə bilmirdilər.

Qaranlıqda heç bir şey görmək mümkün deyildi, sadəcə, gözlər işıldayır, tez-tez yerlərini dəyişir və gözdən itirdilər. İtlər isə daha çox narahat görünürdülər. Hətta onlardan biri həyəcandan düz tonqalın üstünə düşdü və ətrafı yanıq tük iyi bürüdü.

− Bədbəxtlikdən, patronumuz da azdır, Henri!

Henri mokasin çəkmələrini aça-aça soruşdu:

− Neçə patronun qalıb?

− Üç, − Bill cavab verdi. − Amma gərək üç yüz olaydı. Ah, mən onlara göstərərdim!

Acıqla yumruğunu düyümləyib işıldayan gözlərə tərəf yellədi, sonra mokasinlərini ocağın böyründə sahmanladı.

− Bu şaxtalar nə vaxt qurtaracaq? − Bill soruşdu. − İkinci həftədir ki, əlli dərəcədir. Eh, axı mənim nə ölümüm vardı burda, Henri?

− Bu səyahət mənlik deyildi. Bircə çıxıb getsəydik… − Henri də mızıldandı.

Bill və Henri bir yorğan altında yanaşı yatmışdılar. İtlər hərdən hürüşür, işıldayan gözləri uzaqlaşdırmağa çalışırdılar. Bill gecə itlərin səsinə qalxıb ocağa yenə çör-çöp atdı. Səhər dostlar oyananda Fətti adlı itin olmadığını gördülər. Onu, yəqin ki, canavarlar parçalamışdı.

− İşlər korlandı, − Henri dedi. − Diri-diri yeyiblər onu.

− Yəqin, o vəhşilər Fəttini parçalayanda yazıq çox zingildəyib.

− Fətti elə həmişə səfehləyirdi, − Bill dedi.

− Ən ağılsız it də bilə-bilə ölümə getməz…

Henri o biri itləri süzdü, beynində hər birinin nəyə qadir olduğunu götür-qoy etdi.

− Bunlar ağıllıdır, belə hoqqa çıxarmazlar.

Bill də köksünü ötürdü:

− Bunları dəyənəklə də ocaqdan uzaqlaşdıra bilməzsən. Ürəyimə dammışdı ki, Fəttinin başına iş gələcək.

Şimal yollarında ölən itlər haqqında, adətən, belə vida sözləri deyirdilər. Bu sözlər başqa itlərin, hətta insanların ölümündən sonra deyilən vida sözlərindən heç nə ilə fərqlənmirdi.

DİŞİ CANAVAR

Səhər yeməyindən sonra Henri və Bill yığışıb yola düzəldilər. Qaranlıq düşəndə güclənən ulartı səyyahları izləyir, itlərinsə canına vəlvələ salırdı.

Henri ocağın üstündəki qazana buz qırıntıları atırdı. Arxadan gələn səslə onun dönməsi bir oldu. Qaranlıqda hansısa heyvanın qaçdığını gördü. Bill itlərin arasındaydı. Bir əlində dəyənək, o birində quru balıq vardı. Bill əmin idi ki, gördüyü heyvan ya əhliləşdirilmiş canavar, ya da it idi.

Bu gecə də dostlar canavarların qorxusu ilə yatdılar. Məkk-Qerriyə çatmaq və işıldayan gözlərin qorxusundan azad olmaq arzusu ilə yatan dostları səhər növbəti pis hadisə gözləyirdi. Bu dəfə də qoşqunun ən güclü iti olan Froq qaçmışdı.

Səhər Henrini yuxudan Billin ədəbsiz şəkildə deyinməsi oyatdı. O, dirsəklənib baxanda Bill tonqalın böyründə, itlərin arasında durub hirsindən yumruğunu yellədirdi.

− Hey! − Henri qışqırdı: − Nə olub?

− Froq qaçıb.

− Ola bilməz…

− Deyirəm qaçıb da…

Henri yorğanı atıb dərhal itlərə tərəf cumdu. Onları diqqətlə saydı, şimalı lənətləyən Bill kimi, o da söyməyə başladı.

− Froq qoşquda ən güclü it idi, − Bill dilləndi.

− Özü də hamısından ağıllıydı, − Henri əlavə etdi.

Səhər yeməyi canlarına yatmadı, qalan dörd iti kirşəyə qoşdular.

Bugünkü səhər də əvvəlkilərin tayı oldu. Səyyahlar dinməzcə qarlı çöllərlə gedir, sakitliyi yalnız onları daban-dabana izləyən, lakin gözə görünməyən təqibçilərin məşum ulartısı pozurdu.

Axşamayaxın onlar yer seçib dayandılar. Henri xörək hazırlamağa başladı. Bill itlərlə məşğul oldu. O, itləri hindusayağı bağlayırdı, Henri də köməyə gəldi. İtlərin boynundakı xaltanı cilovla yoğun, uzun bir ağaca sarıyıb onun bir ucunu yerə basdırdılar. Ağacın qol-budağı itlərə boyunlarına keçirilmiş kəməri gəmirməyə mane olacaqdı.

Henri başını məmnun-məmnun tərpətdi:

− Tayqulağı ancaq bu yolla saxlamaq olar. İndi qayışı çeynəyib qıra bilməz. Beləcə, salamat olarlar…

− Gəl bir olmasın! − Bill dedi. − Əgər səhər bircəciyi qaçıb getsə, onda dilimə kofe vurmayacam.

− Guya, onlar bilmirlər ki, bizim heç nəyimiz yoxdur? − Henri uzanaraq düşərgəni mühasirəyə alan göz halqalarını göstərdi. − Bir-iki güllə atsaydıq, bəlkə, qorxardılar. Günbəgün daha da yaxınlaşırlar. Gözünü oddan çək, o tərəfə bir bax! Gördün?

Qaranlıq düşən kimi təqib başlanırdı. Vəhşilər tez-tez yer dəyişdirir, itlərin canına vəlvələ salırdılar. Ulartıdan qorxan itlər qaçmağa çalışırdılar. Ona görə də onları bağlamaq lazım gəlirdi. Alovun ətrafa düşən işığında bir vəhşi tonqala tərəf sürünürdü. Bu, dişi canavar idi, sürü qəsdən onu qabağa verirdi.

Bill və Henri yatdılar, oyananda isə Spanker adlı itin qaçdığından xəbər tutdular. Tayqulaq öz qayışını gəmirə bilməyib Spankerin qayışını qoparmışdı.

Dostlar canavarların quduzlaşdığını və girlərinə nə keçsə, dağıdacaqlarını bilirdilər. Ona görə də bacardıqları qədər ehtiyatlı olmalı idilər.

Bir azdan Billə Henri az əvvəl ötüb keçdikləri döngədə yavaşca irəliləyən dişi canavarı gördülər. Onun tükləri sarımtıl-qırmızıya çalsa da, canavardan çox itə bənzəyirdi. Hündürlüyü iki fut[1 - fut – ingilis ölçü sistemində 30 sm 48 mm-ə bərabər uzunluq vahidi.], uzunluğu isə beş fut olardı.

Bill canavarın üstünə qışqırıb, onu hədələdi. Amma heyvan onlardan qorxmurdu. Bill canavarı vurmaq üçün tüfəngi qaldıranda o qaçıb gizləndi. Görünür, silahı tanıyırdı.

Həmin gün dostlar vaxtından əvvəl düşərgə saldılar. Əlbəttə ki, üç it altı itin gücündə deyildi. Vəhşilər o qədər yaxına gəlirdilər ki, itlər qorxudan özlərini itirirdilər. Bill əmin idi ki, canavarlar gec-tez onları da parçalayacaqlar. O, onları quruda yaşayan köpəkbalıqlarına bənzədirdi. Henri isə dostuna ürək-dirək verməyi, onu ovundurmağı düşünürdü. “Bill ruhdan düşüb. Sabah onu ovundurmaq lazımdır. Ayıltmaq lazımdır onu”.

ACLIQ HARAYI

Bu gecə itlərin heç biri qaçmamışdı. Səhər dostlar yola düşdülər. Yolda kirşə nəyəsə ilişib aşdı. Elə bu an Henri ilə Bill Tayqulağın qaçıb uzaqlaşdığını gördülər. Onlar iti səsləsələr də, it dayanmadı.

Bill tüfəngə əl atmaq istəsə də, bədbəxtlikdən, tüfəng aşmış kirşənin altında qalmışdı. Onu çıxarmaq isə xeyli vaxt alacaqdı. Tayqulaq öz səhvini anlayanda artıq gec idi. Canavarlar onu hər tərəfdən üzük qaşı kimi dövrəyə almışdılar. İt geriyə qaçmağa çalışır, amma bacarmırdı. Həmin vaxt Bill tüfəngi aşmış kirşənin altından çıxarmağa müvəffəq oldu. Onu əlinə alıb qətiyyətlə irəli yeridi.

− Hara gedirsən, Bill? − deyə Henri dostunun çiyinlərindən yapışdı.

− Bəsdir! Onlar daha it görməyəcəklər!

Henri kirşənin üstündə oturub gözləməyə başladı. Görəsən, bunun axırı necə olacaq? Əlindən daha nə gələrdi ki?

Bill gözdən itmişdi. Tayqulağın bu vəhşilərin cəngindən qurtarması çətin məsələ idi. Henri bilirdi ki, haradasa Bill də canavarlarla qarşılaşacaq. Və hər şey bir anda baş verdi. Dalbadal üç güllə səsi gəldi. Zingilti, inilti və ulartı səsləri bir-birinə qarışsa da, tez kəsildi. Henri Billin canavarlarla əlbəyaxa döyüşməsini sanki gözləri ilə görmüşdü. O, uzun müddət kirşənin üstündə oturub kədərli gözlərini bir nöqtəyə zillədi.

Nəhayət, Henri yorğun-yorğun ayağa qalxdı, elə bil bütün günü bədənini əzmişdilər. Kirşəni birtəhər düzəltdi. Qarın üstünə səpələnmiş əşyaları yenə kirşənin üstünə yığdı. İtləri qoşdu. Qayışlardan birini öz çiyninə keçirtdi və itlərlə birlikdə kirşəni dartmağa başladı. Amma çox getmədi, qaranlıq düşən kimi dayandı, düşərgə saldı və bacardıqca çox quru odun yığdı. İtləri yedizdirdi, özü də şam etdi, sonra düz tonqalın yanında yer saldı.

Tənha qalmış Henri gecəni yatmadı. Canavarlar onu ölüm dövrəsinə almışdılar və bu son ovlarını necə parçalayacaqlarını düşünürdülər. İtlər də qorxudan Henriyə sığınmışdılar. Canavarlar tonqala yaxınlaşanda itlərdən hürüşmə qalxırdı. Henri arabir ocaqdan çubuq çıxarır və canavarlara tolazlayırdı. Odun vəhşilərdən birinə dəyəndə, onlar qorxaraq geri çəkilirdilər.

Səhərə yaxın Henri yuxulu gözlərini ovuşdurub ayağa qalxdı. Yemək hazırlayıb toqqasının altını bərkitdi. Saat doqquz idi. Gün işığı canavarları qovmuşdu. Henri gecədən bəri ürəyində götür-qoy elədiyi işləri görməyə girişdi. Cavan küknar ağaclarından qırıb onları iki qoşa, hündür ağacların arasına elə düzdü ki, sanki iki ağac arasında körpü yarandı. Sonra kirşədəki qayışları körpünün üstündən aşırıb itlərin köməyi ilə taxta tabutu yuxarı, düzəltdiyi körpü üstünə qaldırdı. Uzunsov, qapalı yeşiyi orada yerbəyer edəndən sonra içindəki mərhuma müraciətlə dedi:

− Billi parçalayıb yedilər, bəlkə, məni də yedilər; amma sənə, cavan oğlan, onların dişi çatmayacaq!

İndi itlərin dartdığı kirşə yüngülləşdiyi üçün daha sürətlə hərəkət edirdi. İtlər də Henri kimi başa düşürdülər ki, yalnız Mək-Qerri fortu onlar üçün həyat dayanacağıdır. Henri qaranlığa düşəcəyindən qor-xurdu. Mümkün qədər çox yol getmək lazım idi. Yaxşı ki, günlər uzanmağa başlamışdı. Gecə düşəndə Henrinin canına vəlvələ düşürdü. Canavarlar lap cürətlənmişdilər. Onlar Henriyə məxsusi bir aclıq ehtirası ilə baxırdılar.

Bu gecə Henri iyirmiyə yaxın canavar saydı. O, ocağa çör-çöp yığa-yığa düşünürdü ki, görəsən, bunlar nə vaxt əməliyyata başlayacaqlar.