скачать книгу бесплатно
Ağ diş
Cek London
Povest yarı canavar balası olan itin başına gələn əhvalatlardan bəhs edir. Yazıçı bu povestində itin daxili aləmini, onun hər bir hissiyatını ustalıqla qələmə almışdır. Ağ diş öncə acınacaqlı həyat sürür, lakin əsərin sonuna yaxın o, xoşbəxt həyata nail olur. Bu əsərdə ədib öz fikirlərinə də yer vermişdir. Bu isə "Ağ diş"i oxunaqlı edən amillərdən biridir. Cek London bu əsəri ilə demək istəyir ki, heyvanla insan arasında fərq yoxdur. Yəni heyvanda insan kimi şüura sahibdir, düşünür və hər bir hissi duya bilir. Əsərdə həmçinin insanın vəhşiliyi, onun ədalətsiz həyat qanunları pislənir və yazıçı bu əsərlə insanın heyvandan daha vəhşi olduğunu bildirmək istəyir..
Cek London
Ağ diş
Birinci hissə
VƏHŞİ
1
YEMƏK HƏSRƏTİNDƏ
Donmuş çayın hər iki sahili boyu qalın küknar meşəlikləri uzanırdı. Bir az əvvəl külək ağacların yarpaqlarındakı qarı çırpmışdı və indi onlar bir-birinə söykənərək ala-toranlıqda daha məşum görünürdülər. Ətrafı dərin sükut bürümüşdü. Heç bir həyat nişanəsi yox idi. Hava soyuq, şaxtalıydı və bu tənha səhralıqda hökm sürən sükutu kədərli adlandırmaq olmazdı. Ən dəhşətlisi bu idi ki, qulağa qaqqıltı səsi dəyirdi. Yaman qorxunc səs idi. Fərəhsiz səs elə bil qədim sfinkslərin şaqqanağına bənzəyir, buz kimi adamı dondururdu. Dünyanın ətəyindən sallanmış köhnə, amiranə bir müdriklik hər şeyə rişxəndlə gülürdü; həyatın mənasız, mübarizənin faydasız olduğuna gülürdü. Bura kimsəsiz, tənha bir yer idi, qəlbi də, iliyi də donmuş uzaq şimal çölləriydi. Lakin belə şaxtalı, tənha çöllərdə də canlılar gözə dəyirdi. Minik itləri qoşulmuş kirşə buz bağlamış çayın üstüylə gedirdi. İtlərin pırtlaşıq tüklərini qırov basmışdı. Nəfəsləri buxarlanıb havada donur, sonra büllur dənəciklərə dönüb yerə tökülürdü. İtlərin boynuna dəri xaltalar keçirilmişdi, qoşquya bağlanmış qayışlarla onlar kirşəni dartırdılar. Tozağacının qalın qabıqlarından düzəldilmiş kirşə qarın içinə otururdu. Kirşənin qozlası yuxarı qalxaraq lüləni xatırladırdı. Bunu ona görə etmişdilər ki, o, qabağına çıxan yüngül qar təpəciklərini basıb əzsin. Kirşədə qayışlarla möhkəm bağlanmış uzunsov bir yeşik gözə dəyirdi. Orada pal-paltar, balta, qəhvədan, tava da vardı. Amma kirşənin yarıdan çox hissəsini tutan uzunsov yeşik nəzəri daha çox cəlb edirdi.
İtlərin qabağında xizəkli adam zorla addımlayırdı. Lap arxadan ikinci adam gedirdi. Üçüncü adam da vardı. Amma o, kirşənin içindəki həmin ensiz, uzunsov yeşikdə uzanmışdı və onun üçün dünyanın bütün məşəqqətləri birdəfəlik qurtarmışdı. Çünki şimalın tənha hikməti onu məğlub etmişdi. Elə əyib sındırmışdı ki, hərəkətsiz uzanmış, döyüşü mübarizəsiz dayandırmışdı. Soyuq şimal hərəkəti sevmir. O, həyatın əleyhinədir, çünki həyat hərəkət deməkdir. Hərəkət edən nə varsa tənha şimal onu dondurub məhv edir; dənizə axmaq istəyən suları dondurur, ağacların şirəsini qarsıdır. Tənha şimalın daha bir cəhəti var: insana qarşı amansızdır. Onun inadını daha qəzəblə sındırır. Çünki insan dünyanın ən yırtıcı məxluqudur! Çünki insan – bu ikiayaqlı məxluq həmişə şimalın iradəsi əleyhinə, onun “hər hansı bir hərəkət axır ki, donmalıdır!” hökmünə qarşı çıxır.
Bununla belə, kirşənin qabağında və arxasında iki cəsur adam həyat eşqiylə irəliləyirdi. Əyinlərinə dəri palto geymişdilər. Kirpikləri, yanaqları və dodaqları ağımtıl, xırda buz sırsıralarına bürünmüşdü. Adamların ağzından çıxan buğ büllur dənəciklərinə dönür, sonra bu dənəciklər onların üz-gözünə qonur, sifətlərini görünməz edirdi. Onların əcaib görkəmi vardı. Elə bil bu adamlar hansı bir xəyali kölgənisə o dünyada basdırıb qayıdan qəbirqazanları xatırladırdılar. Amma xəyali məxluq deyildilər; dünyanın qəmli səhrasına, fərəhsiz gülüş və sükunət aləminə düşmüş adamlardı. Bu cəsurlar var güclərini inadlı, məğrur niyyətlərinə həsr etmiş, şimal dünyasının qəddarlığı ilə bəhsə girmişdilər. Bu kimsəsiz dünya onlar üçün yad kosmosun əlçatmaz ənginliyi qədər uzaq idi.
Onlar dinməzcə irəliləyir, sanki danışığa güc sərf etməkdən qorxurdular. Ətrafı ölü sükut bürümüşdü. Sükut onların bütün vücudunu əsir eləmişdi. Bu, dənizin dərinliklərində üzən dalğıcın bədəninə suyun etdiyi təzyiqə bənzəyirdi. Sükunət qətiyyət adlı qanunu ilə onları əsarət altına almış, şüurlarının ən gizli qatlarına soxularaq elə bil oradan bütün saxtalıqları, yalanları, xudbinlik əlamətlərini üzüm şirəsi kimi sormuşdu. Bu səssiz dünya onların qulağını sanki belə bir fikirlə deşirdi: siz miskin, yazıq adamlarsınız, ölü canlarsınız, toz dənəciklərisiniz, havada hara gəldi uçuşan, təbiətin kor qüvvələrinin əsiri olan mığmığasınız.
Bir neçə saat keçdi. Qısa, tutqun günün bozumtul işığı görünəndə ətrafı bürümüş sakitlik pozuldu. Uzaqdan zəif bir ulartı gəldi. Səs get-gedə artdı, daha zildən gəldi və bir xeyli bu vəziyyətdə qaldı, titrədi, sonra gücünü azaltmadan yavaş-yavaş susdu. Bu səsdə qəmli, həm də şiddətli bir aclıq həsrəti vardı, Belə olmasaydı, yəqin ki, bu ulartını nəyinsə ölən ruhunun iniltisinə bənzədərdin.
Qabaqda gedən adam geriyə qanrılaraq kirşənin dalınca gələn dostuna əliylə işarə etdi. Həmin ulartı yenə sükutu iynə kimi deşməyə başladı. Adamlar qulaq verib, səsin istiqamətini müəyyən etməyə çalışdılar. Səs onların bir az bundan qabaq ötüb keçdiyi qarlı düzəngahdan gəlirdi.
Az sonra cavab ulartısı eşidildi, o da arxadan, amma bir az sol tərəfdən gəlirdi.
– Bill, deyəsən, axı onlar bizim dalımızca düşüblər, – qabaqda gedən adam dilləndi. Səsi xırıltılıydı, elə bil öz səsi deyildi, çox çətinliklə danışırdı.
– Yəqin yemək tapmırlar, – dostu cavab verdi. – Neçə gündü bir dənə də olsun dovşan izi gözümə dəymir…
İkisi də susdu və təşvişlə ard-arası kəsilməyən ulartıya qulaq asdı. Qaş qaralan kimi adamlar itləri meşəyə tərəf döndərib çayın sahilində düşərgə saldılar. Kirşədəki tabutu götürüb ondan oturacaq və stol kimi istifadə etdilər. Tonqalın başına yığışan itlər hərdən mırıldanır, hürür, lakin qaranlığa cummaq meyli göstərmirdilər.
– Henri, deyəsən, itlərin oddan xoşları gəlir, – Bill dilləndi.
Buz parçaları ilə dolu qəhvədanı ocağın üstündən asmağa əyilmiş Henri başını tərpətdi. Sonra tabutun üstündə oturub yeməyə başladı. Dedi:
– Canlarından qorxurlar, görmürsən? Bilirlər ki, burada onları yedizdirəcəklər, amma orada özləri kiminsə girinə keçə bilərlər. İti aldatmaq çətindir.
Bill başını yellədi:
– Bəlkə də… bilmək olmaz!
Henri maraqla dostunu süzdü:
– İtlərin ağlına şübhə etdiyini birinci dəfədi görürəm…
Bill paxlanı ağzında çeynəyə-çeynəyə dedi:
– Bəs görmədin ki, mən onlara yemək verəndə necə mırıldanırdılar?
– Düzdür, həmişəkindən fərqli olaraq bu dəfə çox mırıldanırdılar, – Henri təsdiq etdi.
– Henri, neçə itimiz var?
– Altı…
– Bura bax, elə mən də deyirəm ki, altı dənədir, – deyə Bill onun sözünə qüvvət verdi. – Torbadan altı dənə balıq götürmüşdüm, hərəsinə birini atdım. Amma birinə yenə çatmadı…
– Yəqin səhv vermisən. Düz saymamısan…
– Bizim cəmi altı itimiz var, – Bill laqeyd-laqeyd təkrar etdi. – Mən də altı dənə balıq götürdüm, Təkqulağa balıq çatmayıb. Kisədən bir balıq da götürdüm…
– Axı cəmi altı itimiz var, – Henri təkid etdi.
– Mən demirəm ki, hamısını itlər yeyib. Hər halda, yeddinci balığı kimsə qamarlayıb…
Henri yeməyini saxlayıb tonqaldan o tərəfə boylandı və itləri saydı.
– Orda cəmi-cümlətanı altı it var, – dedi.
– Yeddincisi qaçdı, mən gördüm, – deyə Bill təmkinlə dilləndi. – İtlər yeddi dənə idi. Henri dostunu mərhəmətlə süzdü:
– Kaş həmin yerə tez gedib çataydıq…
– Bunu necə başa düşək?
– Necə istəyirsən. Elə bil daşıdığımız bu yüklər səni əsəbiləşdirir. Tamam başqalaşmısan. Allah bilir gözünə nələr görünür…
Bill ciddiləşdi:
– Mən də elə bu haqda düşünürdüm, – dedi. – Həmin it qaçanda, o saat qarın üstündəki ləpirlərinə baxdım. Sonra itləri saydım. Bax, görürsən, odur ləpirlər. Baxmaq istəyirsən? Gəl göstərim.
Henri heç nə deməyib yeməyinə davam etdi. Soyanın üstündən isti qəhvə içdi, ağzını əlinin dalıyla silib dedi:
– Demək, sənin fikrincə…
Uzun, həsrətli ulartı onu danışmağa qoymadı. Henri susdu, diqqətlə qulaq asdı, sonra qaranlığa sarı barmağını uzadıb sözünə davam etdi:
– Deyirsən qonağın səsi ordan gəlir? Bill başını tərpətdi.
– Daha sənə heç sözüm yoxdu. Eşitmədin itlər necə səs çıxartdılar?
Ulartı uzun-uzadı eşidildi, lap uzaqdan isə cavab vəngiltisi gəldi, Sükunət xırda cəhənnəm yuvasına dönmüşdü. Hər tərəfdən ulartı səsi gəlirdi. İtlər qorxub tonqala yaxınlaşdılar. Az qala onların tükləri od tutacaqdı.
Bill çubuğu tonqala uzadıb qəlyanını yandırdı.
– Görürəm, sən lap əldən düşmüsən, – Henri dedi. Billi dalğın-dalğın qəlyanı sümürdü:
– Henri, bilirsən, vallah o, bizim hər ikimizdən xoşbəxtdir, – deyə oturduqları tabutu barmağı ilə taqqıldatdı.
– Deyirəm, biz öləndə, heç olmasa üstümüzü daşla, çınqılla örtsünlər. Yoxsa cəsədlərimizi itlər dağıdar…
– Axı bizim kimimiz var? Nə bir qohumumuz var, nə də pulumuz… Eh, çətin bizi belə uzaq yerdə tapıb basdırsınlar.
– Henri, mən bir şeyi heç cür başa düşə bilmirəm: axı, bu adama nə düşmüşdü ki, gəlib çıxsın dünyanın axırına – Allahın, Tanrının xəbərsiz olduğu bu yerlərə? Nə var, nə var, qızıl axtarır. Mağıl öz evində lord idi, ya da buna oxşar bir adam; nə yemək, nə də isti paltar dərdi çəkirdi.
– Hə, demə day. Yəqin ki, evdə oturub qalsaydı, qocalana qədər yaşayardı, – Henri təsdiq etdi. Dostu ağzını açmaq istədi, amma danışmadı. Əlini hər tərəfdən divar kimi onları bürümüş qaranlığa uzatdı. Zülmət içində heç bir kölgə görmək mümkün deyildi: yalnız gözlər işıldayırdı.
Henri səssizcə ikinci, üçüncü cüt gözləri də göstərdi. Yanar gözlərin halqası yavaş-yavaş onların düşərgəsinə sarı gəlirdi, hərdənbir bu işıldayan gözlər yerlərini dəyişir, yenidən görünmək üçün tez-tez itirdilər.
İtlər daha çox narahat olmuşdular, birdən qorxub hürkdülər, bir-birlərinə sığınıb lap tonqala yaxınlaşdılar, adamların ayaqlarına tərəf sürünərək dayandılar. Bu basabasda itlərdən biri düz tonqalın üstünə düşdü və ondan dəhşətli zingilti qopdu, ətrafı yanıq tük iyi bürüdü. Göz “halqası” ani olaraq dayandı və bir az geri çəkildi. Amma itlər sakitləşən kimi işıldayan gözlər əvvəlki yerlərində göründülər.
– Bədbəxtlikdən, patronumuz da azdı, Henri!
Qəlyanını çəkib qurtarandan sonra Bill dostuna yatacaq hazırladı – yeməkdən qabaq qarın üstünə döşədiyi küknar ağaclarının üstünə adyal saldı. Henri ufuldadı, mokasin ayaqqabılarının ipini aça-aça soruşdu:
– Neçə patronun qalıb?
– Üç, – Bill dedi. – Amma gərək üç yüz olaydı. Ax, mən onlara göstərərdim!
Acıqla yumruğunu düyümləyib işıldayan gözlərə tərəf yellətdi, sonra öz mokasinlərini ocağın böyründə sahmanladı.
– Bu şaxtalar nə vaxt qurtaracaq? – Bill soruşdu. – İkinci həftədir ki, əlli dərəcədir. Eh, axı mənim nə ölümüm vardı burda, Henri?
– Mən belə səyahətə nifrət edirəm, lap zəhləmi töküb. Vallah, bu mənim xörəyim deyildi. Bircə çıxıb getsəydik, canımız qurtarardı. İndi Mək-Qerri fortunun isti sobası yanında əyləşib nə kart vurardım səninlə!.. Canım üçün, buna hər şeyimi verərdim…
Henri nəsə mızıldadı və yerini rahladı. O, artıq mürgüləyirdi, birdən dostunun səsinə ayıldı.
– Bilirsən, Henri, məni nəsə narahat edir. Axı itlər o gələn qonağa niyə hücum etmədilər? O balığı çırpışdıran qonağı deyirəm e…
– Yuxulu səs gəldi:
– Bill, sən lap dəymədüşər olmusan. Əvvəllər belə deyildin. Az danış, yat, səhər onsuz da durub deyəcəksən ki, heç nə olmayıb. Vallah, mədən ağrıyır sənin, ona görə narahatsan…
Onlar ağır-ağır nəfəs alaraq bir yorğan altında yanaşı yatmışdılar, Ocaq öləzimişdi və işıldayan gözlərin dairəsi adamların gecələdiyi düşərgəyə tuşlanaraq getdikcə daha da yaxınlaşırdı.
İtlər bir-birlərinə sığınmışdılar. İşıldayan gözlərdən biri onlara lap yaxınlaşanda qorxa-qorxa hürüşməyə başladılar. Sonra elə bərkdən hürdülər ki, Bill yuxudan ayıldı, dostunu oyatmasın deyə ehtiyatla yorğanının altından çıxdı və ocağa quru çör-çöp atdı. Alov qalxıb ətrafı işıqlandırdı və gözlərin dairəsi o saat geri çəkildi.
Bill bir yerə yığışmış itləri nəzərdən keçirtdi, gözlərini ovuşdurub bir az da diqqətlə baxdı və təzədən yorğanın altına girdi.
– Henri, – dostunu səslədi. – Hey, Henri!
Henri ayılaraq zarıldadı, soruşdu:
– Nə var yenə?
– Heç nə. İtlər yenə yeddi dənə olublar. İndicə saydım. Henri bu xəbəri deyinə-deyinə qarşıladı və tez də yuxuya gedib xoruldadı.
Səhər birinci Henri durdu və dostunu da oyatdı. Saat altı olsa da, havanın işıqlanmasına hələ üç saat qalırdı. Henri ala-toranlıqda səhər yeməyi hazırlamağa başladı, Bill isə yeri yığıb şeyləri kirşəyə qoydu.
– Bura bax, Henri. Sən nə deyirdin? Neçə itimiz var?
– Altı.
– Eh, düz demədin…
– Nədi, yenə yeddi olub?
– Yox, beş dənədi. Biri yoxdur. Henri hiddətlə çımxırdı:
– Lənət sənə, şeytan! – Sonra əlindəki yemək qablarını kənara tullayaraq itləri saymağa başladı.
– Düzdü, Bill. Fətti qaçıb.
– Aradan elə çıxıb ki, heç xəbərimiz olmayıb. Tap görüm necə tapırsan.
– İşlər korlandı, – Henri dedi. – Diri-diri yeyiblər onu.
– Yəqin o vəhşilər Fəttini parçalayanda yazıq çox zingildəyib.
– Fətti elə həmişə səfehləyirdi, – Bill dedi.
– Ən ağılsız it də bilə-bilə ölümə getməz…
Henri o biri itləri süzdü, beynində hər birinin nəyə qadir olduğunu götür-qoy etdi.
– Bunlar ağıllıdı, belə hoqqa çıxarmazlar. Bill də köksünü ötürdü:
– Bunları dəyənəklə də ocaqdan uzaqlaşdıra bilməzsən. Ürəyimə dammışdı ki, Fəttinin başında nəsə var. Şimal yollarında ölən itlər haqqında adətən belə vida sözləri deyirdilər. Bu sözlər çoxlu başqa itlərin, hətta insanların ölümündən sonra deyilən vida sözlərindən heç də fərqlənmirdi.
2
DİŞİ CANAVAR
Səhər yeməyindən sonra Henri və Bill olan-qalanlarını kirşəyə yığıb bu cəfakeş ocağı tərk edərək, qaranlıq yolla irəlilədilər. Elə bu vaxt həmin dəhşətli, tükurpədici ulartı eşidildi; səs qaranlığı, şaxtanı yara-yara gəlib onlara çatdı. Qızılaxtaranlar dinməzcə gedirdilər. Düz saat doqquzda hava işıqlandı.
Günortaçağı səma cənub tərəfdən çəhrayı rəngə çaldı. Üfüqdə günəşlə şimal ölkəsi arasında sədd çəkilmişdi. Çəhrayı rəng itdi. Günəşin solğun bənizi təxminən üç saat ətrafı işıqlandırdı. Sonra o da söndü və kimsəsiz, sakit şimal təzədən uzun Arktika gecəsini öz əyninə geyindi.
Qaranlıq düşən kimi səyyahları hər tərəfdən izləyən o ulartı lap yaxından eşidilməyə başladı. Bəzən bu səs elə yaxından gəlirdi ki, itlər qorxudan yerlərində titrəyirdilər.
Bu dəhşətli ulartıdan itlərin canına vəlvələ düşmüşdü. Bill və Henri qoşqunu düzəldirdilər. Bill dedi:
– Yaxşı ki, girlərinə ov keçib, bizi sakit buraxarlar…
– Day demə, onların ulartısı adamın canına üşütmə salır.