banner banner banner
Xatirələrim
Xatirələrim
Оценить:
Рейтинг: 0

Полная версия:

Xatirələrim

скачать книгу бесплатно

Mən yeddinci sinifdə oxuyarkən, ancaq buraxılış imtahanlarını verdim. Bir sinifdən o birinə keçdikdə isə illik imtahanları adətən verməzdim. Hər il mayın əvvəlində mən dərsdən buraxılar və ata-anamla yaylağa gedərdim. Kadet korpusu[12 - Kadet korpusu – İnqilabdan əvvəl çar Rusiyasında zadənganlara məxsus qapalı hərbi orta məktəb. Dvoryan uşaqları yeddi-səkkiz yaşında buraya qəbul edilirdi.] adını almış gimnaziyanı 1883-cü ildə həm də bütün dərslərdən tam 12 bal almaqla bitirdim (o zaman hərbi məktəblərdə on iki ballıq üsulla qiymət verilirdi).

1883-cü il sentyabrın 1-də Peterburqdakı Mixaylov topçuluq məktəbinə daxil oldum. Buraya bütün kadet korpuslarından ən yaxşı, ən seçilmiş tələbələr toplanmışdı, lakin buna baxmayaraq, burada da ilin birinci yarısında birinci oldum. Sonralar isə başım paytaxt həyatına, teatr, konsert və başqa əyləncələrə qızışdığı üçün dərslərimə o qədər də vaxt ayıra bilmədim. Lakin bununla belə yenə də birincilər sırasında qalmaqda davam edirdim. Gimnaziyada olduğu kimi, burada da öz çevikliyim və diribaşlığımla başqalarından ayrılaraq, özümü yaxşı bir idmançı və at minicisi kimi göstərdim.

Məktəbimizin müəllimləri o zamanın məşhur şəxsləri idilər. Buna görə də, onların haqqında bir neçə kəlmə danışmaq istəyirəm. Akademiya və məktəb siniflərinin müfəttişi professor Lev Lvoviç Kirpiçev idi. O, gözəl bir kitab yazmışdı. Bu kitab elə bir dildə yazılmışdı ki, ən küt adam belə mexanikanı, ballistikanı və topçuluğun ümumi kursunu bu kitabdan özbaşına öyrənə bilərdi. Buna görə də, o, sinifdə mühazirə oxumayıb, laboratoriya-kompleks üsulu ilə dərs deyərdi.

Dərslərin birində Kirpiçev bizə söyləmişdi ki, indiki Rusiya torpağında ilk rəsədxana Pulkovda deyil, Səmərqənddə təsis edilmişdir və bu rəsədxananın banisi Teymurləngin nəvəsi böyük alim Uluğbəy[13 - Uluğbəy Məhəmməd Təraqay (1394–1449) – Orta Asiyada elm və dövlət xadimi. İstilaçı Şərq hökmdarı Teymurləngin nəvəsi, 1409-cu ildə Səmərqənd hakimi, "Zici Uluqbəy astronomik əsəri" nin müəllifidir.] olmuşdur. Professor şagirdləri lövhəyə çağırdıqda, çalışardı ki, verdiyi sualların cavabını şagirdlər özləri tapsınlar; məsələn, Avropada birinci olaraq cib saatının harada çıxdığı sualına bütün şagirdlər, "Cenevrədə" – deyə cavab verirdilər. Müəllimimiz isə başa saldı ki, Avropada ilk dəfə cib saatından Böyük Karl istifadə etmişdir. Ona isə bu saatı Bağdad xəlifəsi Harun-Ər-Rəşid[14 - Harun-ər-Rəşid – Abbasilər sülaləsinin hökmran olduğu dövrdə 786-809-cu illərdə hökmranlıq etmiş ərəb xəlifəsidir. "Əlif Leyla" ("Minbir gecə") ərəb nağılında idealizə edilərək bacarıqlı, ədalətli bir hökmdar kimi təsvir olunmuşdur. Əslində isə o, 808-809-cu illərdə Qaradağda, Lənkəranda və Muğan düzənliyində ərəb işğalçılarına qarşı mübarizəyə qalxmış xürrəmilər hərəkatını yatırmaq üçün ən vəhşi və qəddar metodlardan istifadə etmiş və üsyançılardan əsir tutulanları dərhal öldürmək haqqında əmr vermişdir. Harun-ər-Rəşi-din dövründə ərəb xəlifələrinin yerli əhaliyə qarşı zülmkarlığı daha da artmışdır.] bəxşiş göndərmişdir.

Müəllimlərimiz arasında məşhur texnologiya professoru Qadolin[15 - Aksel Vilhelmoviç Qadolin (1828–1892) – Peterburq Elmlər Akademiyasının akademiki, artilleriya generalı. Artilleriyada top lülələrinin bərkidilməsi nəzəriyyəsini hazırlamışdır.], sonralar bütün dünyada şöhrət tapmış ballist general-mayor Mayevski, gözəl kimyaçı general Fyodorov, fizik general Usov və bir çox başqaları da var idi.

Bunların hamısının şəxsən mənə çox böyük təsiri olmuşdur. Onların keçdiyi dərslərin faydasını da görür, bunlardan müəyyən zövq alırdım.

O zaman topçuluq məktəbləri kursuna ehtimal nəzəriyyəsi daxil deyildi, bu elmi ancaq akademiyada keçirdilər, lakin mən üçüncü sinfə keçdiyim zaman orta sinif proqramının ehtimal nəzəriyyəsi və onun top atışına tətbiqi elmini daxil etdilər. Bu elmdən sonralar topçu generalı olan professor Nikolay Aleksandroviç Zabudski[16 - NikolayAleksandroviç Zabudski (1853–1892). Rus artilleriya alimi, general-leytenant.]dərs deyirdi. Zabudski bu elmə dair qeydlər tərtib etmiş və bunları litoqrafiya üsulu ilə çap etdirmişdi. Mən öz təhsilimdə nöqsan olmasın deyə, bu qeydləri götürüb ehtimal nəzəriyyəsini öz-özümə öyrəndim.

Məktəbdəki məşğələlərdən başqa mən öz biliyimi artırmaq üçün başqa yerlərdə keçirilən bir sıra mühazirələrə də gedirdim. Məsələn, o zaman gənc general olan Kuropatkinin[17 - Aleksey Nikolayeviç Kuropatkin (1848–1925). Hərbi xadim, piyada general-adyutantı, 1877-1878-ci illərdə Rus-Türk müharibəsi zamanı özünü cə-sur bir zabit kimi göstərmiş general. M. D. Skobelevin qərargah rəisi olmuşdur. 1904-1905-ci illərdə Rus-Yapon Müharibəsi zamanı Mancuriya ordusunun komandanı olmuşdur. Uzaq Şərqin hərbi qüvvələrinə komandanlıq etmişdir. Özünü iradəsiz və yaramaz hərbi komandir kimi göstərmişdir. 1905-ci ildə rus ordusunun Muq-den ətrafındakı məğlubiyyətindən sonra bu vəzifədən çıxarılmışdır. Birinci Dünya müharibəsində Şimal cəbhəsinə komandirlik etmiş, 1916-cı ildə Türküstan ordusunun komandiri olmuş və yerli əhali arasındakı inqilabi hərakatı yatırmağa rəhbərlik etmişdir. 1917-ci ildə həbs edilmiş və Petroqrada göndərilmişdir. Müvəqqəti hökumət tərəfindən azadlığa buraxıl-dıqdan sonra Pskov quberniyasında yaşamışdır.] mühəndislər akademiyasının zabitləri üçün oxuduğu "Türkiyə müharibəsində Skobelev[18 - Mixail Dmitriyeviç Skobelev (1843–1882). Rus ordusunun piyada generalı. Baş qərargah Akademiyasını bitirib. Orta Asiya hərbi ekspedisiyalarında fəal iştirak edib. 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində qoşun komandanı olub. Şəxsi hünərilə xüsusi hörmət və şöhrət qazanıb.] dəstəsinin əməliyyatı" mövzulu mühazirəsinə qulaq asdım. Sonra mən Baş qərargah rəisi general Draqomirovun[19 - Mixail İvanoviç Draqornirov (1830–1905). Rus hərbi nəzəriyyəçisi, piyada generalı, 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində diviziya komandiri olmuşdur. 1879-cu ildən Akademiya Baş Qərargahının rəisi olmuş, sonra isə Kiyev hərbi dairəsinə komandanlıq etmişdir. Ordunun təlim-tərbiyə məsələlərində Suvorovun davamçısıdır.], rus ordusunda yenicə tətbiq olunan səhra topları haqqında və məşhur professor Sezar Kyüinin[20 - Sezar Antonoviç Kyüi (1835–1918). Mühəndis-general. Hərbi Mühəndislik Akademiyasının və Baş Qərargah Akademiyasının istehkam işləri üzrə müəllimi, 1877-1878-ci illərdə Rus-Türk Müharibəsinin iştirakçısı olmuşdur. Səhra və uzunmüddətli istehkam işləri üzrə bir neçə əsərin müəllifidir. Həm də bəstəkar və musiqi tənqidçisi kimi məşhurlaşmışdır.] qala qarnizonunun sayı haqqında mühazirələrində və s. oldum. Yeri gəlmişkən deyim ki, Sezar Kyüi, eyni zamanda, məşhur bəstəkar idi. Zabitlər çox vaxt "topçular arasında ən yaxşı musiqiçi və musiqiçilər arasında ən yaxşı topçu" deyə onunla zarafat edərdilər.

Məktəbi mən 1886-cı ildə bitirdim, dərslərdə müvəffəqiyyət qazandığıma görə, pul mükafatı, atçapma yarışında birincilik qazandığıma görə də, qızıl saat aldım. Mən podporuçik rütbəsi alaraq 39-cu topçu briqadasına göndərildim.

II fəsil

Zabitlik xidmətimin birinci on üç ili

Mənim bütün xidmətim əvvəldən axıra kimi əla qiymətlə keçmişdir. Çatışmayan cəhətim ancaq ondan ibarət idi ki, mən akademik təhsil almamışdım. Bunun tamamilə şəxsi mahiyyətli bir səbəbi var. Mən gəhgir at kimi irəli atılaraq, gəncliyə xas olan bir təşəxxüslə: "Mən həyatda öz yerimi akademiyasız da tapa bilərəm" qənaətinə gəlmişdim. Heç xatirimdən çıxmaz, zabit olaraq xidmətə başlayandan on il sonra, 1897-ci ildə 20-ci topçu briqadasının baş hakimi doktor Zelenski mənə belə bir sual verdi:

– Bu cür istedadınız olduğu halda, niyə siz akademiyaya getmədiniz?

Bunun cavabında mən:

– İş belə gətirdi, – deyə cavab verdim.

Bu söhbət əsnasında yanımızda olan general Baumqarten dedi:

– Akademiyanı neyləyir, akademiya onun başıdır.

Doktor onunla razılaşmadı və sözünə davam edərək:

– Buna mənim heç bir şübhəm yoxdur, lakin ola bilər ki, vaxtı gələndə bəzi vəzifələr ancaq akademik təhsili olan zabitlərə verilər; onda başa deyil, kağıza baxarlar və o, kənarda qala bilər, – dedi.

General buna etiraz edərək, cavab verdi:

– O, heç bir vaxt geridə qalmayacaq, həmişə qabaqda gedəcəkdir.

Bu sözlərdən mən xeyli xoşhal oldum və vaxtilə dəliqanlılıqdan söylədiyim sözlərin o qədər də əsassız olmadığını anladım.

Xidmətimin birinci ilində məni təlim komandasına müəllim təyin etdilər və beş ilin ərzində mən hər il feyer-vergerliyə[21 - Feyerverger – alman dilində Feşeq – od və işçi sözlərinin birləşməsindən əmələ gəlib. Rus və bir neçə xarici orduda kiçik komandir rütbəsi olub. Kiçik artilleriya hissəsində piyada unter zabitinə bərabərdir. Bu rütbə Rusiyada XVIII əsrdən ta 1917-ci ilə qədər davam edib.] yaxşı hazırlanmış adamlar buraxdım. Bundan sonra daha beş il həmin komandanı idarə etdim.

1896-cı ildə briqadanı təftiş edən dairə topçu rəisi general-leytenant Baumqarten (topçuluq məktəbinin keçmiş komandiri) mənim komandamı gözdən keçirərkən, briqada komandiri knyaz Ximşiyevə göstərib dedi:

– Bu zabit çox ağıllı adamdır, onu sənə təqdim edirəm.

Knyaz Ximşiyev cavab verərək dedi:

– Siz onu yunkerlikdə[22 - Yunker – XIX əsrin birinci yarısından etibarən rus ordusuna könüllü daxil olan və zabit hissəsində qulluq edən gənc zadəgan rütbəsi.] görmüşsünüz, biz isə on ildir ki, onun zabitliyini görür və onu lazımınca qiymətləndiririk.

Bu təftişin nəticələri haqqında vermiş olduğu əmrnaməsində rəis təlim komandasını tənqid edərək axırda belə yazırdı: "Göstərilən komandaların əksinə olaraq, 39-cu topçu briqadasının təlim komandası sevindirici bir vəziyyətdədir…"

Sonra o, öz əmrində komandamın başqa komandalara olan bütün üstünlüklərini göstərib, mənə təşəkkür elan edirdi.

1895-ci ildə mənim doğma qardaşım oğlu, cavan zabit[23 - 1895-cİ ildə mənim doğma qardaşım oğlu, cavan zabit bizim briqadaya keçdi… – həmin cavan zabit sonralar general-mayor rütbəsinə qədər yüksələn Cavadbəy Məmmədağa oğlu Şıxlinski olub.] bizim briqadaya keçdi. Topçu rəisi general-leytenant Parçevski dedi ki, rəislər bu zabit haqqında göstəriş vermək vəzifəsindən azaddırlar, çünki onun üçün əmisi Əliağa Şıxlinski kimi bir örnək vardır.

Bir dəfə korpus komandiri, general, knyaz Amilaxvari öz keçmiş döyüş yoldaşı olan mühəndis Qerşelmanın qızlarına baş çəkmək üçün Bakıya gəlmişdi. Söhbət əsnasında qızlardan biri ona, həmin briqadada onların yaxın tanışı Şıxlinskinin xidmət etdiyini söylədikdə, korpus komandiri, "Əliağanımı deyirsiniz?" – deyə soruşmuşdu. Poruçikin adını necə olubsa, yadında saxladığına təəccüb edən qıza general: "Şıxlinski kimi bir zabiti böyük rəis heç bir vaxt yaddan çıxarmamalı və onu yaxşı tanımalıdır" – deyə söyləmişdi.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)