banner banner banner
Qoca Xəttabıç
Qoca Xəttabıç
Оценить:
Рейтинг: 0

Полная версия:

Qoca Xəttabıç

скачать книгу бесплатно

– Gedərik, görərsən, – oğlan dedi.

Kinoteatrın girişindəki kassanın üstündən “On altı yaşına çatmayan uşaqlar içəri buraxılmır” sözlərinin yazıldığı lövhə asılmışdı. Volkanın yenidən kefinin pozulduğunu görən Xəttabıç təşvişlə soruşdu:

– Sənə nə olub, ey yaraşıqlı kişilərin ən yaraşıqlısı?

Volka hirslə cavab verdi:

– Günorta seansına gecikmişik. İndi isə, içəri yalnız on altı yaşından yuxarı olanları buraxırlar. Heç bilmirəm neyləyim…

Xəttabıç əsəbi halda dedi:

– Bəs mən nə üçün lazımam! Bir an belə keçməyəcək ki, bizi içəri buraxacaqlar.

“Qoca lovğaya bax da!” – Volka əsəbi halda fikirləşdi. Birdən onu gördü ki, sağ əlində iki bilet var.

– Yaxşı, gedək, – sevindiyindən, az qala, atılıb düşmək istəyən Xəttabıç dedi: – Gedək. İndi onlar səni buraxarlar.

– Yəqin bilirsən, buraxarlar?

– Sənin parlaq gələcəyinin olduğunu bildiyim kimi, bunu da bilirəm.

Qoca bunu deyib Volkanı yaxınlıqdakı divardan asılmış güzgünün yanına apardı. Güzgüdən Volkaya heyrətdən ağzı açıla qalmış və qıpqırmızı, çil-çil üzünü saqqal basmış bir oğlan baxırdı…

5

Kefi kökəlmiş Xəttabıç oğlanı pilləkənlərlə ikinci mərtəbəyə, foyeyə sürüklədi. Qüssədən keyləşmiş qəhrəmanımız sürətlə uzanmaqda davam edən saqqal və bığını əlləri ilə səylə örtürdü. Nəzarətçi onu görüncə sərt şəkildə dilləndi:

– Oğlan, bəyəm bilmirsən ki, on altı yaşına qədər…

Lakin Volka qeyri-iradi olaraq əllərini çənəsindən ayırdı və nəzarətçi udqunub bu dəfə yumşaq tərzdə:

– Buyurun, vətəndaş, keçin! – dedi və qorxudan titrəyən əlləri ilə biletin nəzarət talonlarını qopardı.

Tamaşaçılar zalda caz orkestrının ifasına qulaq asdılar. Seansın başlamasına hələ on beş dəqiqə var idi.

Volkanın köhnə dostu və sinif yoldaşı olan Jenya Boqorad zalın girişində dayanmışdı. O, on dörd yaşından çox böyük görünən dolğun, kök bir oğlan idi. İndi isə təklikdən darıxırdı və çox istəyirdi ki, yanında bir həmsöhbət olsun, o da bugünkü coğrafiya imtahanında Volka Kostılkovun heyrətləndirici rəftarından danışsın. Di gəl, tərslikdən ətrafda bircə nəfər də tanış adam yox idi!

Jenya foyeyə çıxmağa qərar verdi. Bəlkə, bəxti gətirdi, bir tanış adama rast gəldi. Pilləkənin meydançasında başında həsir şlyapa, ayağında naxışlı məst olan bir qoca ona elə toxundu ki, az qaldı yıxılsın; həmin qoca bir oğlanın əlindən tutub arxasınca çəkib aparırdı. Bu oğlan kim olsa yaxşıdır? Volka Kostılkovun özü! O nədənsə əlləri ilə üzünü tutmuşdu.

– Volka! – Jenya dostunu çağırdı.

Lakin belə görünür ki, Volka onunla rastlaşmağına heç sevinmədi. Əksinə, özünü elə apardı ki, guya ən yaxın dostunu tanımırdı. Bundan sonra özünü orkestrə qulaq asan tamaşaçıların içinə vurdu.

– Məni görmək istəmirsə, heç lazım da deyil! – deyə Jenya küsüb bufetə sarı getdi ki, bir stəkan su içsin. Buna görə də insanların, dostu və yanındakı qəribə qocanın ətrafında toplaşdığını görmədi. O qayıdıb Kostılkova tərəf keçməyə çalışanda isə artıq gec idi. Volka və qoca Xəttabıç saysız-hesabsız insandan ibarət sıx bir divarla əhatə olunmuşdu. İzdiham artmaqda davam edirdi. Kreslolarını taqqıldadan adamlar səhnənin qarşısındakı yerlərini tərk edib gedirdilər. Tezliklə orkestr boş stulların qarşısında çalmağa başladı.

– Zəhmət olmasa, deyin, nə olub? – Jenya dirsəkləri ilə camaatı itələyə-itələyə soruşdu. Lakin heç kim ona cavab vermədi. Hamı, utandığından sir-sifəti od tutub yanan Volkaya doğru qaçırdı. Oğlan foyenin bir küncündə çöməlib oturmuşdu.

Bu zaman kinoteatrın direktoru özü asayişi bərpa etmək qərarına gəldi və boğazını arıtlayıb ucadan çığırdı:

– Vətəndaşlar, xahiş edirəm, dağılın! Nə olub, məgər saqqallı uşaq görməyibsiniz nədir?

Direktorun bu sözlərini eşidən adamlar nəinki dağılışdılar, əksinə, saqqallı oğlana tamaşa etmək üçün daha böyük maraqla Volkaya doğru yüyürdülər. İzdihamı görən oğlan yavaşca pıçıldadı: “Vay dədə!” Sonra isə ikrahla Xəttabıça baxdı. Qoca nəyinsə yenə də səhv olduğunu başa düşüb özünü narahat hiss edir və nə edəcəyini bilmirdi. Handan-hana dilləndi:

– Ey gənc ağam! Əmr edin, bütün yaramaz tamaşaçıları bu üç dəfə lənətlənmiş kino hər nədirsə, onunla birlikdə toza çevirim.

– Lazım deyil, – deyə Volka kədərlə cavab verdi, yenə də göz yaşları yanaqlarından aşağı yuvarlandı və qalın saqqalında yox oldu. Bunu görən izdiham uğuldadı: “Saqqallı oğlan ağlayır”. Sonra Kostılkovun sifəti qəfildən parladı. O, cəld qocaya tərəf döndü, həyəcandan titrəyən səslə ona dedi:

– Həsən Əbdürrəhman ibn Xəttabıç, əmrimə qulaq as!

Qoca Xəttabıç yerdə çöməlmiş oğlana doğru əyildi və cavab verdi:

– Eşidirəm, gənc ağam!

Camaatın arasından bir pıçıltı keçdi:

– İndi də qoca bu oğlana baş əyir… Qəribədir! Nəsə düz deyil. Çox maraqlıdır!..

Volka isə sözlərinə davam etdi:

– Sənə əmr edirəm, Həsən Əbdürrəhman ibn Xəttab, bu lənətə gəlmiş saqqalı üzümdən yox elə!

– Axı onda səni kinodan qovacaqlar, – deyə qoca Xəttabıç etiraz etməyə çalışdı. Lakin o, Volkanın sifətindəki qəzəb ifadəsinin gücləndiyini görüb nəzakətlə cavab verdi: – Dinləyirəm və itaət edirəm, ey yaraşıqlı kişilərin ən gözəli!

– Tələs! – Volka hirslə dedi.

– Eşidirəm və itaət edirəm… – deyə Xəttabıç təkrarladı və barmaqlarını şaqqıldadaraq nəsə pıçıldadı. Lakin Volkanın üzündəki saqqal və bığ yoxa çıxmadı.

– Bir dəqiqə, ey Volka ibn Alyoşa, – deyə qoca çaşqın halda kəkələdi. Ancaq bədbəxt qəhrəmanımızın üzündəki saqqal və bığ elə hey uzanmağa davam edirdi.

Qoca Xəttabıç bir daha nəsə etdi, di gəl, faydası olmadı. Sonra qəfil yerə yıxıldı və tozlu parketin üstündə yuvarlanaraq sinəsini döyməyə, üzünü cırmaqlamağa başladı. Ətrafdakılar bunu görüb öncə təəccübləndilər, ardınca isə gülüşdülər.

– Vay halıma, – qoca Xəttabıç qışqırırdı, – vay, vay mənə! Bu da lənətlənmiş şüşədə boşuna sərf olunan minlərlə ilin nəticəsi! Yaddaşım korlanıb, nə etməli olduğumu unutmuşam. Məni bağışla, ey gənc xilaskar, sənin saqqalına, bığına heç nə edə bilmirəm! Vay, sənin halına, yazıq cin Həsən Əbdürrəhman ibn Xəttab!

– Nə danışırsan, Xəttabıç? – Volka qocanın qışqıraraq dediyi sözlərdən bir şey anlamayıb soruşdu.

Qoca Xəttabıç bir az özünə gəlib Volkanın anlayacağı şəkildə dedi:

– Ey cavanların ən qiymətlisi, qəzəbini məndən əsirgə, mərhəmətini bol elə. Sənin saqqalını, bığını yoxa çıxara bilmirəm… Bunu necə eləyəcəyimi unutmuşam!

Volka bu sözləri eşidincə daha da sarsılıb hirslə öz saqqalını dartdı, inlədi. Sonra isə ayağa qalxıb hələ də üz-gözünü cırmaqlayan Xəttabıçın əlindən nəzakətlə tutdu. O bütün başına gələnlərə baxmayaraq, bu qeyri-adi varlıqdan hec cür inciyə, küsə bilmirdi. Bir azca acığı tuturdu, vəssalam!

Qoca ilə oğlan onlara heyrətlə baxan izdihamın arasından keçib kinoteatrın çıxışına sarı yollandılar.

– İndi hara gedirik, ey ədalətli və mərhəmətli Volka? – qoca sızıltılı səslə soruşdu.

– Bərbərə! Dərhal təraş olunmaqdan başqa yolum qalmayıb.

6

Bərbərxana müştərilərlə dolub-daşırdı.

Üzü tüklü bərbər tər basmış başını çıxarıb boğuq səslə qışqırdı:

– Növbədəki gəlsin!

Bir tərəfdə çömələrək təkbaşına oturan, üzü ağ dəsmalla sarınmış oğlan yerindən qalxıb içəri keçdi və bərbər kreslosuna əyləşdi.

– Nə buyurursunuz, cavan oğlan, saçlarınızı vurum? – deyə bərbər nəzakətlə soruşdu.

– Üzümü qırxın, – oğlan boğuq səslə cavab verdi və saqqalı ilə bığını gizlədən dəsmalı üzündən açdı.

“Belə istidə havasız otaqda işləyəndə axırı belə olmalı idi!” – deyə bərbər düşündü. O, qarabasma gördüyünü fikirləşirdi.

– Üzümü qırxın! – oğlan təkrarladı. – Özü də tez!

Bərbər bunun qarabasma olmadığını başa düşdü, kefikök halda gülümsəyərək dedi:

– Cavan oğlan, mən sənin yerinə olsaydım, saqqalımı qırxmazdım, gedib sirkdə çıxış edərdim. Bu görkəmlə orada böyük pul qazana bilərdin.

Volka təlaşla ətrafına boylanıb qışqırdı:

– Tez qırxın!

Bərbər şit-şit gülərək işə başladı. Lakin artıq gec idi, çünki bərbərxanada olan hər kəs qeyri-adi müştərini görmüşdü. Salondakı digər ustalar işlərini yarımçıq qoyub əllərində ülgüc və qayçı ilə yazıq Volkanın oturduğu stula tərəf qaçdılar. Yanaqları sabunlu, başları, yaxud üzləri yarı qırxılmış müştərilər də onlardan geri qalmadılar, bir-birilərini dirsəkləri ilə itələyərik oğlanı görməyə tələsdilər.

Bütün bunları bir kənardaca dayanıb seyr edən qoca Xəttabıç çaşqın halda idi. Qorxurdu ki, işə qarışıb Volkanı daha da pis vəziyyətdə qoya bilər.

Oğlanın üzünü qırxıb qurtardıqdan sonra usta şit zarafatına davam elədi. O, gülməkdən boğula-boğula dedi:

– Cavan oğlan, nahaq yerə belə bir dəyərli saqqalı qırxmağa layiq bildiniz. Sizə demişdim axı, bu cür saqqalla hamını yaxşıca əyləndirib əvəzində yaxşı pul qazanardınız.

Bərbər belə söyləyib öz sözlərinə daha bərkdən şaqqanaq çəkdi, digərləri də ona qoşuldu. Guya bərbər qeyri-adi nəsə söz demişdi! Bu yerdə Həsən Əbdürrəhman ibn Xəttab dözə bilmədi, oturduğu yerdən – bərbərxananın xəlvəti küncündən qalxdı, əllərini qaldırdı və gurultulu səslə bərbərə dedi:

– Ey pislərin ən pisi, axmaqların ən axmağı! Başqalarının bədbəxtliyinə gülən, lağ edən biri insan adını daşımağa layiq deyildir.

Daha sonra o, başqa nə deyəcəyini bilməyib əllərini yellədi. Bu dəfə hamının diqqəti qeyri-adi qocaya çevrildi. Xəttabıçın coşqun nitqinə diqqətlə qulaq asan bərbər yenə də qəhqəhə çəkdi, sonra özün birhətər ələ alıb dedi:

– Bu müqəvva nə deyir?! Ha, ha, ha! Ho, ho, ho! Hii, hii, hii!

Bərbərxanadakıların hamısı bərbərə qoşuldu:

– Ay ana, mən öldüm! Qocaya bax! Qoca ha! Teatrdır, təmiz teatr!

Gülüş səsləri o qədər ucaldı ki, yoldan keçənlər belə, çaş-baş qalıb bərbərxananın pəncərə-qapısından içəri baxır, girişdə dəstə-dəstə toplaşıb məsələnin nə yerdə olduğunu bilmədən qeyri-ixtiyarı gülürdülər.

– Növbədəki gəlsin! – bərbər, nəhayət, gülməyini kəsib salonu bürüyən qəhqəhələr arasında səsi yaxşı eşidilsin deyə ucadan elan etdi. Elə həmin an qeyri-adi hadisə baş verdi: bərbər öncə zəif səslə inildədi:

– Ay ana!

Bunun ardından isə qoca Xəttabıç və Volka istisna olmaqla, bərbər sonra da içəridəkilərin hamısı qoyuna çevrildi.

“Ay ana, bu nədir?” – bərbər belə demək istəyirdi, lakin bu dəfə onun söyləmək istədiyi sözlər ağzında qaldı, o, eləcə mələdi: – “Mə-əə-əə”. Sonra o, güz-güyə qorxu və təlaşla baxdı, lakin güzgüdə öz tüklü siması əvəzinə, qoyun üzü gördü. Bərbər acı-acı ağlamağa başladı, üstəlik, iki ayaq əvəzinə dörd ayağının üstünə qalxıb dırnaqları ilə döşəməni bir neçə dəfə tıqqıldadaraq qoyuna çevrilən digərləri ilə birlikdə bərbərxanadan qaçdı.

Qoyun sürüsü küçəyə çıxıb yolu kəsdi, bütün nəqliyyat dayandı. Avtobusların və trolleybusların sirenaları qəzəblə cingildəyir, tramvay zəngləri dayanmadan cingildəyir, milislərin aramsız fiti eşidilirdi. Kabinlərindən çölə boylanan avtomobil sürücüləri qəfil peyda olan qoyun sürüsünün və onun sahibinin ünvanına nalayiq sözlər deyirdilər. Ağ önlüklü küçə süpürgəçiləri isə heyrətlə bir-birilərinə baxır, nə baş verdiyini anlamağa çalışırdılar…

Volkanın dostu Seryoja Krujkinin atası, Elmi-Tədqiqat Qoyunçuluq İnstitutunda işləyən Aleksandr Nikitiç həmin vaxt təsadüfən yaxından keçməsəydi, bu qarışıqlığın nə qədər davam edəcəyi məlum deyildi. O, bəlkə də, bu sürünü görüb sevinən yeganə adam idi.

– Nə əla qoyunlardır! – Krujkin heyranlıqla qışqırdı. – Yoldaş milisoner, bunlar kimin qoyunlarıdır?

Milis əməkdaşı onun sözlərinə cavab olaraq çaş-qınlıqla yalnız əllərini yellədi. Bu zaman Aleksandr Nikitiçin ağlına cəsarətli, heç də təqdirəlayiq olmayan bir fikir gəldi.

– İcazə verin, icazə verin… – o belə söyləyib sürüyə tamaşa edən izdihamı yararaq irəli çıxdı, sanki, nəyisə xatırlamağa çalışdı və sözlərinə davam etdi: – Bağışlayın, bunlar, deyəsən, bu gün bizim institutdan qaçan cins qoyunlardır! Bəli, əlbəttə! Bu körpə quzunu tanıyıram, artıq bir müddətdir ki, onu müşahidə edirəm. Qeyri-adi cinsdir!

Sürüdəkilər isə ağlayırdı. Onlar qoyun olmadıq-larını və cəmi bir neçə dəqiqə əvvələdək insan olduqlarını söyləmək istəyirdilər, di gəl, bunun əvəzinə geniş açılmış ağızlarından yalnız kədərli bir səs çıxırdı: "Məə-əə-əə!"

Həmin vaxt milis əməkdaşı sevinirdi: o, Krujkinin sözlərindən sonra sürü sahibinin tapıldığını düşünürdü, hətta qoyunların Qoyunçuluq Elmi-Tədqiqat İnstitutuna aparılması üçün iki dalandar da ayırdı.

Başqa qoyunlar belə rahat yerə, bol yemlərə, novlardan içdikləri təmiz və dadlı kran suyuna görə sevinərdi. Lakin Xəttabıçın qoyuna çevirdikləri elə hey hay-küy salır, ora-bura qaçır, qəsdən suya dırnaqlarını çırpıb onu hər tərəfə sıçradırdılar. Qarşılarına qoyulan yemləri isə yerə dağıdırdılar. Kimsə bunun səbəbini anlamırdı. Bircə Aleksandr Krujkin təmkinlə, böyük maraqla gördüyü mənzərəni seyr edir, qoyunların qəribə davranışına baxaraq beynində nəyisə ölçüb-biçirdi. Aydındır ki, o, institut laboratoriyasının yeni sakinləri ilə bağlı bəzi planlar haqqında düşünürdü. Axırda qeyri-ixtiyari şəkildə dedi:

– Deməli belə! Bu qoyunların ətini yoxlamaq üçün, yəqin ki, onlardan birini kəsmək lazım gələcək…

Bu sözləri eşidən qoyunların arasında elə dəhşətli çaxnaşma düşdü ki, institut əməkdaşlarının bircə yolu qaldı: onları ayaqlarından zəncirləməyə məcbur oldular.

Aleksandr Krujkinin marağı get-gedə heyrətlə əvəz olunurdu. O, ilk dəfə idi ki, qoyunların belə qəribə, qeyri-adi qaraqışqırığını görürdü. Birdən Krujkin nəyisə xatırlayıbmış kimi bağırdı! Seryojanın atası naməlum cinsdən olan bu əla qoyunlar barədə haradan oxuduğunu yada saldı. Bəli, bu cür qoyunlar təxminən üç min il əvvəl yaşamışdılar. Üç min il əvvəl! Bu o vaxt idi ki, bizim qoca Xəttabıç hələ Süleyman ibn Davudla qarşılaşmamışdı.

Krujkin “Proqressiv qoyunçuluq” adlı jurnalda uğurlu tapıntısı ilə bağlı böyük məqalə yazmaq qərarına gəldi və gecə gec saatlarda institutun binasını tərk etdi. O, xoş fikirlərə dalmış vəziyyətdə mənzilinin qapısını döydü. Qapını alimin həyat yoldaşı Tatyana açdı.

– Tanya, bilirsən, nə baş verib?

Krujkin sözlərini bitirdiyi anda həyat yoldaşının ağlamaqdan qızarmış gözlərini gördü və təəccüblə nə baş verdiyini soruşdu.

– Şura, – Tatyana ərinə belə müraciət edirdi, – Seryojenka… bizim Seryoja…

Krujkinin bət-bənizi ağardı.

– Seryojaya nə olub?

Tatyananın dediklərindən belə məlum oldu ki, onların oğlu səhər məktəbə gedib, lakin hələ də evə qayıtmayıb…

7

– Əla işdi, hə? – deyə qoca Xəttabıç özündənrazı halda Volkadan soruşdu və məmnuniyyətlə bərbərxanadan qaçan qoyunlara baxdı. – Düzü, mən onları daha ağır cəzalandırmaq, məsələn, göydən ildırımla vurmaq istəyirdim. Lakin bu heç də yaxşı iş deyil. Üstəlik, belə bir şeyi hər kəs edə bilər. Mən isə qeyri-adiliyi sevirəm.

Qoca açıq-aydın iltifat istəyirdi. Lakin gördüklərindən əti ürpəşən Volka, buna baxmayaraq, özündə cəsarət tapıb ayağa qalxdı.

– İldırım çaxması heç kəsi vura bilməz. İnsanları atmosferdəki elektrik cərəyanının boşalması vurur. Bunu istənilən məktəbli bilir.

– Dəxli yoxdur! – deyə qoca mısmırığını sallayaraq oğlanla mübahisə etməmək üçün dərinə getmək istəmədi. Lakin dərhal da anladı ki, heç də düzgün səs tonu ilə danışmır, ona görə də qırışmış simasında təbəssüm yarandı. – Bu insanların necə qoyuna çevrildiyini gülmədən xatırlaya bilmirəm, ey gənclərin ən müdriki! Həqiqətən də, əcəb gülməli idi, elə deyilmi?