banner banner banner
Ləpirçi
Ləpirçi
Оценить:
Рейтинг: 0

Полная версия:

Ləpirçi

скачать книгу бесплатно

Ləpirçi
Fenimor Kuper

Dünya ədəbiyyatından seçmələr
Böyük həyəcanla oxuyacağınız bu romanın mövzusu XVIII əsrin 50-ci illərində fransızlarla ingilislər arasında on illərlə davam edən qanlı müharibədən götürülüb.

Ceyms Fenimor Kuper

LƏPİRÇİ

Birinci fəsil

Onlar dörd nəfər idi: iki kişi, iki qadın. Adamlardan ikisi, yəni bir qadın və bir kişi tuskarora[1 - Tuskarora – ABŞ və Kanada ərazisində yaşayan hindu tayfası] qəbiləsindən olan hindular, digər iki nəfər – gənc bir qız və dəniz zabiti idi.

Qarşıda açılan misilsiz mənzərələr qızı heyrətə salmışdı. Bu həyəcan onun mavi g özlərində əks olunurdu. Yaşıl meşələrin ucu-bucağı görünmürdü. Qız yol yoldaşının qo-lundan yavaşca çəkdi:

– Dayıcan, – dedi, – bu sizin çox sevdiyiniz okeana bənzəyir!

Ömrünü okeanda keçirmiş dəniz zabiti cavab verdi:

– Qız xəyalpərəstliyi belə olar! Bu bir ovuc kolluğu Atlantik okeanı ilə yalnız uşaq müqayisə edə bilər…

– Dayı, sözlərinizdə həqiqət zarafatdan çoxdur. Baxın, bu meşələrin ucu-bucağı yoxdur. Siz okeanda daha nələr görə bilirdiniz?

– Daha nələrmi? Əgər bu, okeandırsa, hanı nəhəng dalğalar, qasırğalar, balinalar? Hanı mavi okean suları? Hanı dalğaların kəsilmək bilməyən əbədi uğultusu? Bu bir parça meşənin harasında bütün bunları görürsən, mənim balam?

– Oraya baxın! Görürsünüzmü, orada ağacların arasında tüstü qalxır? Bəlkə, orada ev var? – qız birdən dedi.

– Görürəm, görürəm, Maqni! Tüstü göstərir ki, orada insanlar yaşayır. Bunu Arouhedə göstərmək gərəkdir.

Qoca dənizçi əlini kamzolunun[2 - Kamzol – keçmişdə geyilən qolsuz qısa kişi paltarı] cibindən çıxarıb yavaşca hindunin çiyninə vurdu və tüstünü ona göstərdi.

Tuskarora boylu-buxunlu döyüşçü idi. Ağ adamların məskənlərində çox olmuşdu. Onların adətləri və dilləri ilə tanış idi. Lakin qəbilə başçısına xas vüqarını və təmkinini qorumuşdu. Dənizçi ilə mehriban rəftar edirdi.

Hindu tüstünü görüb özünü bir az dikəltdi və bir dəqiqəliyə dayandı. Onun qara gözləri irəliyə maraqla zillənmişdi.

– Meşədə viqvam[3 - Viqvam – Şimali Amerika hindularının daxması. Adətən, heyvan dərisi, ağac qabığı və budaqlarla örtülmüş olur.] olmaz. Ocaq qalayan ağüzlülərdir.

– Ağüzlü adamın ocağı! Dayıcan, ocağı məhz ağüzlülərin qaladığını bu hindu nədən bildi? – qız heyrətləndi.

– Mənim əzizim, bunu Arouheddən soruşmaq lazımdır. Arouhed, siz nəyə görə zənn edirsiniz ki, bu tüstü qırmızı adamın deyil, ağüzlü adamın ocağından çıxır?

Arouhed izah etdi ki, orada yaş ağac yandırırlar. Belə ocağı yalnız ağ adam qalayar. Tuskarora isə ağıllıdır, belə ocaq qalamaz. Ağ adam çox kitab oxuyur, amma biliyi azdır.

Onlar ehtiyatla tüstü çıxan tərəfə yaxınlaşmağı qərara aldılar. Tuskarora arvadına əmr etdi ki, qayıq olan yerə qayıtsın və onları gözləsin. Adı İyun Şehi olan bu qadın ona itaət etdi. Maqni isə olduğu yerdə qalıb gözləməli idi. Lakin Maqni tək qalmaqdan qorxdu və onlarla birlikdə tüstü çıxan tərəfə getmək istədi. Əsl adı Meybl Dunham olan bu qız dayısından razılıq aldıqdan sonra getməyə hazırlaşdı.

Üç yolçu ağacların arası ilə getməyə başladı. Arouhed ətrafına göz gəzdirib düzgün səmt seçdi. Maqninin dayısı Kap isə cibindən kompasını çıxardı. Hindu kompasa sarı əyilərək dedi:

– Bu, ağüzlü adamın gözüdür! Tuskarora isə başı ilə baxır. İndi Duzlu Suyun (hindu öz dənizçi yoldaşına belə ad qoymuşdu) gözü var, dili isə yoxdur.

Hindu tüfəngini yoxladı. Dəniz zabiti isə tapançalarını gözdən keçirdi. Kişilərin bu hazırlıq tədbiri qızı qorxutmadı. Gəldikləri bu uzun yolda buna alışmışdı. Qız öz yoldaşlarından geri qalmırdı. Arouhed yad adamların olduğu yerə yaxınlaşanda addımlarını yavaşıtdı və gözlərini qıydı. Qəfildən bir ağacın arxasına məharətlə qısıldı. Əli ilə ağacların arasındakı balaca talanı göstərdi.

– Oraya bax, Duzlu Su, ağüzlü adamın ocağı!

– Vallah, dostumuz haqlıdır! – deyə Kap pıçıldadı. – Görürsənmi, onlar arxayınca oturub yeyirlər, elə bil üçgöyərtəli gəminin kayutunda əyləşiblər.

Meybl pıçıltı ilə dedi:

– Arouhed yalnız qismən haqlıdır. Ocaq başında oturanların biri ağ adamdır, digər ikisi hindudur.

Arouhed iki barmağını yuxarı qaldırıb:

– Ağüzlüdür, – dedi. “Qırmızıdərili” deyərkən isə bir barmağını qaldırdı.

– Dayıcan, onun gözləri, deyəsən, heç yanılmır. Lakin indi vacib olan budur ki, dostlara, yoxsa düşmənlərə rast gəldiyimizi öyrənək.

Kap dedi ki, bunu bir dəfə qışqırmaqla öyrənmək olar. Qoca dənizçi ovcunu açıb ağzına yaxınlaşdırdı və qışqırmaq istədikdə hindu cəld işarə etdi ki, səsini çıxarmasın. Arouhed dedi:

– Oradakı qırmızıdərili mogikandır, o yaxşıdır. Ağüzlülər isə ingilisdir.

Meybl bu sözü eşitdikdə sevindi. Arouhed dedi:

– Qoy skvau[4 - Skvau – Şimali Amerikanın hindu dilində “squaw” – hindunun arvadı, qadını deməkdir.] onların yanına getsin.

Kap buna razılaşmadıqda qız cəld dilləndi:

– Bu, çox ağıllı fikirdir, dayıcan. Mən əsla qorxmuram. Kimsəsiz tək qıza heç kəs pislik etməz. Oradakı adamlar məni görüb təşvişə düşməz, ancaq təəccüb edərlər…

Arouhed qızın mərdliyini bəyəndi. Kap donquldandı:

– Belə şeylər dənizçinin şərəfinə toxunur.

– Dayıcan, qorxmaq əbəsdir. Onlar yaxındadırlar, dara düşsəm, köməyimə çatarsınız.

– İndi ki belə oldu, tapançalardan birini al, özün də…

– Yox, lazım deyil, silahsız yaxşıdır. Bir də ki silah işlətməyi bacarmıram, bacarmaq da istəmirəm.

Qız tuskaroranın məsləhətini dinləyib ocaq başında oturanlara sarı getdi. Onların diqqəti yeməkdə idi, bu vacib işdən bir dəqiqə belə ayrılmırdılar. Yüz addım qalmış Meybl yerdəki quru ağac budağını təsadüfən tapdaladıqda sınan budağın bu zəif xışıltısını eşidib ocaq başında oturanlar cəld ayağa qalxdılar. Onlardan ikisi ağaca söykənmiş tüfəngə baxdı, lakin əllərini tüfəngə uzatmadılar. Çünki gələn adamın bir qız olduğunu görmüşdülər. Hindu əvvəlki yerində oturdu və yeməyə davam etdi. Onlardan biri isə Meyblə sarı getdi.

Meybl üz-üzə gəldiyi adamın ağdərili olduğunu gördü. Onun geyimi həm ağların, həm də hinduların geyiminə bənzəyirdi. Orta yaşlarında idi. Geyimindən ovçu olduğu sezilirdi.

– Qorxmayın, xanım, – dedi, – siz burada dinclik və ədalət sevən adamlara rast gəlmisiniz. Məni bu yerlərdə yaxşı tanıyırlar. Böyük Göllərin o tayındakı fransızlar və qırmızıdərililər məni Uzun Karabin kimi tanıyırlar. Namuslu və ədalətli tayfa olan mogikanlar mənə Şahingöz adı qoyublar. Göllərin bu tayındakı qonşular və ovçular isə mənə Ləpirçi deyirlər. Əgər məndən kömək gözləyən bir adam yolun o başında olarsa, mən yolun bu başından izi tuta-tuta gedib onu asanlıqla tapıram.

Ləpirçi bu sözləri əsla öyünmədən deyirdi. Meybl onun adını eşidəndə sevincdən əlini əlinə vurub:

– Ləpirçi! – deyə təkrarladı. – Deməli, bizi qarşılamaq üçün atamın göndərdiyi dost siz imişsiniz, eləmi?

– Əgər siz serjant Dunhamın qızısınızsa, onda dediyiniz sözlər doğrudur.

– Mənim adım Meybldir, dayım və bizə bələdçilik edən tuskarora bax o ağacların arxasında dayanıblar, dayımın adı Kap, tuskaroranın adı Arouheddir.

– Mən istərdim ki, sizə başqa, daha etibarlı bir hindu bələdçilik etsin, – deyə Ləpirçi dilləndi. – Bu tuskaroralar mənim o qədər də xoşuma gəlmirlər. Arouhed şöhrət sevən tayfa başçısıdır. İyun Şehi də onun yanındadırmı?

– Bəli, o da bizimlə gəlib. Bilsəydiniz, bu qadın nə qədər mülayim bir varlıqdır!

– Özü də ürəyitəmiz və düzlük sevən qadındır. Arouhed haqqında isə bunu demək olmaz.

Bu zaman Kap və Arouhed qızın Ləpirçi ilə mülayim söhbət etdiyini görüb onlara yaxınlaşdılar.

İkinci fəsil

Mogikan yeməyini kəsmədi. Onun yanındakı gənc isə ayağa qalxaraq Meyblin qarşısında dayandı və şlyapasını ədəblə çıxardı. Gəncin geyimindən dəniz həyatına alışmış olduğu görünürdü. Türklərin adətləri, dilləri və geyimləri onların müsəlman olduqlarını o saat göstərdiyi kimi, dənizçilərin adətləri və dilləri də onların hansı peşə sahibi olduqlarını asanlıqla göstərir.

Meybl dənizçi gənclə rastlaşanda başını aşağı saldı. Ləpirçi mehribanlıqla gülümsünüb dedi:

– Budur, sizi qarşılamaq üçün atanızın göndərdiyi dostlar… Bu cəsur delavarın[5 - Delavar – ABŞ və Kanada ərazisində yaşayan hindu tayfası] adına Böyük İlan deyirik. Bu kişiyə ona görə belə ad qoyulub ki, çox fərasətlidir, bütün hiylələrdən başı çıxır. Şübhə yoxdur ki, Arouhed mənim nə dediyimi başa düşür.

Bu an iki hindu bir-birini çox diqqətlə süzdü. Sonra tuskarora mogikana yaxınlaşdı və onunla söhbətə başladı.

Ləpirçi isə sözünə davam etdi:

– Mister Kap, budur, gənc dostum – Casper Vestern. Günü Ontarionun sularında keçir.

Kap gənc dənizçinin əlini mehribanlıqla sıxaraq dedi:

– Sizi görməyimə şadam. Bu mənim bacım qızı Meybldir, mən ona Maqni deyirəm. Kompasdan başınız çıxırsa, bacım qızına nə üçün Maqni dediyimi, bəlkə, anlaya bilərsiniz.

– Bunun səbəbini başa düşmək çətin deyil. Maqni kimi bir kompası olan gəmiçi heç vaxt yolu azmaz.

– Belə de! Görürəm ki, siz təhlükəli dəniz səfərlərində az olmamısınız. Dənizçilər arasında işlənən sözləri bilirsiniz.

Gənc Vesternin qəlbində ömrünü okeanlarda keçirmiş bu adama qarşı dərin hörmət hissi oyandı. Bu vaxt Ləpirçi əlində buğlanan xörək gətirdi. Onlar yeməyə əyləşdilər. Casper Vestern süfrədə Meyblə qulluq göstərməyə başladı. Quş ətinin ən dadlı parçasını ona təklif etdi.

Yolçular kifayət qədər yedikdən sonra ordan-burdan söhbət etməyə başladılar. Ləpirçi deyirdi:

– Əsgər adı şərəfli addır. Ancaq gərək haqq işi uğrunda vuruşasan. Təqsir həmişə fransızlarda olur. Mən yalnız minqlərlə[6 - Minq – ABŞ və Orta Asiya ərazisində yaşayan tayfalar] vuruşandan sonra çox şirin yatıram. Hindular kimi deyil, ağ adam kimi vuruşmaq mənim adətimdir; məsələn, bizim bu İlanın öz vərdişləri, mənim öz vərdişlərim var. Mən həm sərrast atıcıyam, həm də ləpirləri tanımaqda mahirəm, onda ovçu və kəşfiyyatçı vərdişləri var. Amma bax, serjantın qızı ilə söhbət edən Casper başqa adamdır. O da balıq kimi su ilə nəfəs alır. Hindular və fransızlar Casperin bu bacarığına görə ona Şirin Su adını veriblər.

– Boynuma alıram ki, bu ocaq mənim bütün dənizçilik biliklərimi alt-üst etdi. Arouhed sizin ocaqdan qalxan tüstünü görən kimi dedi ki, bu ocağı ağüzlü adam qalamışdır, – Kap dedi.

Ləpirçi xısın-xısın gülərək cavab verdi:

– Arouhedin belə gözləri olmasaydı, o, pis hindu olardı. İndi müharibə gedir, ona görə də hər bir hindu öz hisslərini itiləməmiş səfərə çıxmaz.

– Kral donanmasında az xidmət etmişəm, bu, doğrudur. Amma düşmən gəmilərinə basqın edib onları bütün var-yoxu ilə birlikdə ələ keçirməyə gəldikdə isə bu işdə çox mahirəm. Ancaq ümidvaram ki, fransızların müttəfiqləri olan vəhşilərə gölün bu tayında rast gəlməyəcəyik. Ontario çox böyükdür, eləmi? – Kap soruşdu.

– Doğrudur, Ontario bizə böyük görünür. Lakin gölün o tayından bu tayına düşmən üzə-üzə keçməyə cürət etməyəndə asanlıqla onun yanından dolanıb keçə bilir, – deyə Ləpirçi təbəssümlə cavab verdi.

– Hə-ə! Sizin bu lənətə gəlmiş şirin sulu gölməçələriniz belə imiş? Hələ heç kəs eşitməyib ki, Atlantik okeanının yanından ötüb-keçmək mümkün olsun.

– Bəlkə, okeanın sonu yoxdur?

– Okeanın nə sonu var, nə kənarı, nə də dibi. Onun sahilindəki ölkələrdə adamlar gecələr rahat yatır. Bilirlər ki, heç kəs okeanın o tayından üzüb bu tayına gələ bilməz.

– Amma bu sərhəd çox qorxuludur. İndi Ontarionun həm bu, həm o tayında irokezlər[7 - İrokez – ABŞ və Kanada ərazisində yaşayan hindu tayfası] çoxdur. Bax buna görə də serjant xahiş etdi ki, sizi qarşılayaq və ötürək.

– Necə? Olmaya onlar əlahəzrətin qalasının topları qurulan yerə yaxınlaşmağa cürət edirlər?

– Ovçu yaxında olsa da, qarğalar maral cəmdəyinin yanına toplaşmırmı? İrokezlərin buralara gəlib çıxması da təəccüblü deyil. Serjant öz qızından, onu necə sevdiyindən Casperə ağlaya-ağlaya danışdı. Ona görə də Casper minqlərin üstünə əliyalın cummağa hazır idi. Odur ki bizə qoşulmaya bilməzdi!

Kap ona razılıq etdi. Ləpirçi Casperin həyatının oraların itiaxan, təhlükəli pusqular qurulmuş çaylarında çoxlu təhlükələrdən keçdiyini dedi və əlavə etdi:

– Amma siz bizə bel bağlayın, biz sizi sağ-salamat apararıq, ya da hindular skalplarımızı[8 - Skalp – hindular tərəfindən hərbi qənimət kimi düşmənin başından saçları ilə birlikdə kəsilmiş dəri] soyub aparar.

Kap bu sözləri Ləpirçidən eşidəndə əlini ixtiyarsız olaraq daz başına çəkdi. Sanki başının dərisinin soyulmadığını yoxlamaq istəyirdi. Kap qorxaq adam deyildi. Lakin ölümü Ləpirçinin təsvir etdiyi şəkildə görməmişdi.

– Cənab Ləpirçi, ümid edirəm körpüyə sağ-salamat yan alarıq. Qalaya çatmağa hələ çox var? – o soruşdu.

– On beş mildən[9 - Mil – 1609 metrə bərabər uzunluq vahidi] bir az çox. Minqlər mane olmasalar, tez keçib-gedərik. Çayın axarı ilə qayıqda gedəcəksiniz.

– Biz çayda üzəndə minqlərin bizi atəşə tutmasına nə mane ola bilər?

– Mister Kap, Böyük İlanın başına baxın. Sol qulağının yanında bıçaq çapığını görürsünüzmü? Bir dəfə minqlərdən biri onu yerə yıxıb skalpını soymaq istəyəndə özümü ona yetirdim. Uzun tüfəngimdən atılan güllə onu xilas etdi. Bir an geciksəydim, onun işi bitərdi.

– Bəsdir, bəsdir, Ləpirçi! Bu barədə danışmaqdansa, təpədən-dırnağa soyulmaq yaxşıdır. Axşama az qalır. Maqni, yola çıxmağa hazırsanmı?

Maqni getmək üçün hazırlaşmağa başladı. Bir qucaq şax gətirən Ləpirçi onu ocağa atdı və gənc matrosa dedi ki, tüstü zərər yerinə xeyir verər. Qoy minqlər uzaqdan bu tüstünü görüb bura yaxınlaşsınlar.

– Biz çaya qədər enli bir cığır salarıq. Minqlər ardımızca çaya ensələr, bizim qayığın çayyuxarı, yoxsa çayaşağı getdiyini bilməyəcəklər. Elə biləcəklər ki, qaladan bir neçə adam bura gəlibmiş.

– Əlbəttə, çətin ağlım kəsir ki, minqlər serjantın qızından xəbər tutmuş olsunlar. Çünki onun gəlişi çox gizlin saxlanmışdı, – deyə Casper Ləpirçi ilə razılaşdı.

Üçüncü fəsil

Ontarionun cənubuna tökülən çaylar lal axır və dərin olur. Çayların bəzi yerlərində aşırımlar var. Osveqo çayı da belədir. Kap və onun yol yoldaşları Mohauk çayı sahilindəki Stanuiks qalasından buraya qayıqla üzüb gəlmişdilər. Qayığı sahildə qoymuşdular.

Dəstə sahilə enəndə Ləpirçidən başqa hamı qayığa mindi. O, qayığı itələyib suya salmaq üçün sahildə qaldı.

– Casper, sükanı döndər! O lənətə gəlmiş minqlər izi tutub buraya gəlsələr, sahildə bizim izləri görüb elə biləcəklər yuxarı üzüb getmişik!

Əmr yerinə yetirildi. Sonra Ləpirçi cəld sıçrayıb qayığın burun tərəfinə mindi. Casper çayın ortasında qayığı döndərdi və səssizcə çayaşağı üzdülər.

Hinduların istifadə etdiyi bu qayıqlar yüngül görünsə də, çoxlu yük götürür və ağırlığa tab gətirirdi. Meybl və dayısı yerlərində sakitcə əyləşmişdilər. Böyük İlan onun yanında çöməlmişdi. Arouhed öz arvadı ilə ön tərəfdə oturmuşdu.

Bu hadisələr 175… ildə baş vermişdi. Bu zamanlar Nyu-York koloniyası ilə Kanada sərhədi arasında əlaqə saxlamaq- dan ötrü Şamplen və Corc göllərindən, bir də Mohauk, Vudkrik və Oneida çaylarından istifadə olunurdu. Bu yollar boyunca hərbi postlar yaradılmışdı. Mohaukun mənbəyindəki sonuncu qaladan Osveqo çayının töküldüyü yerədək yüz mil məsafədə belə postlar yox idi. Kap və Meybl bu məsafəni Arouhedin müşayiəti ilə keçib gəlmişdilər.

Ləpirçi deyirdi:

– Bəzən arzu edirəm ki, yenə dinclik olsun, insanlar bu meşələrdə sərbəst gəzə bilsinlər. Nə yaxşı vaxtlar idi! Böyük İlanla bu yerlərdə ov edər, xoş günlər keçirərdik.