скачать книгу бесплатно
Qəhvəyi kostyumlu kişi
Aqata Kristi
Dünya ədəbiyyatından seçmələr
Özünü rus rəqqasəsi kimi qələmə verən Nadin adlı qadın beynəlxalq miqyaslı təxribatçı-agentin xidmətindən ayrılmaq istəyir və bununla da ağlasığmaz hadisələr zənciri başlayır.
Aqata Kristi
QƏHVƏYİ KOSTYUMLU KİŞİ
Proloq
Rus rəqqasəsi Nadin Parisi valeh etmişdi. Zalda alqışlar guruldayır, onu təkrar-təkrar səhnəyə dəvət edirdilər. Nadinin qrim otağı gül dəstələrinə bələnmişdi. Qulluqçu Janna rəqqasənin yan-yörəsinə keçir, boğazdanyuxarı xoş sözlər söyləyirdi. Qapı döyüldüyündən o, sözünə ara verməli oldu və qapını açmağa getdi, dərhal da əlində vizit kartı geri qayıtdı.
– Qəbul edəcəksinizmi, xanım?
– Ver baxım!
Nadin “Qraf Sergey Pavloviç…” sözlərini oxuyan kimi əmr etdi:
– Qoy gəlsin. Sən gedə bilərsən.
Qrim otağına bir kişi daxil oldu. O, rəqqasənin əlindən öpdü.
– Ürəkdən şadam. Böyük uğur qazanırsınız, Nadin! Sizi təbrik edirəm!
– Hər halda, ötən illərlə müqayisə etməyinə dəyməz. Budur, müharibə də qurtardı, ancaq hələ də mənim haqqımda cəfəng şayiələr gəzir. Bilirsinizmi, hiss edirəm ki, məni həmişə izləyirlər.
– Lakin o vaxt sizi casusluqda təqsirləndirə bilmədiklərini yaxşı xatırlayıram.
– Bizim şef ehtiyatlıdır.
– “Polkovnik”in yaşı çoxdur, – qraf zarafatla dedi. – Eşitmişəm, təqaüdə çıxmağa hazırlaşır. Əladır! Təqaüdə…
– Nə üçün bu sizi təəccübləndirir? O, oyundan çıxmaq istəyir və heç də əliboş getmir! Düzdür, o, başqalarını da incitməyib. Tapşırdığı işin haqqını həmişə yaxşı ödəyirdi. Belə deyilmi?
– Düzdür, – qraf razılaşdı. – “Polkovnik” əliaçıq idi, buna görə də onun əməliyyatları həmişə uğurla keçirdi. “Əməliyyatda şəxsən iştirak etmək” prinsipinə ciddi əməl edirdi. Beləliklə, hamımız onun əlində idik. Heç kimdə onu ilişdirməyə bir qarmaq belə yox idi! Nə deyəsən?!
Bir qədər susduqdan sonra isə qraf təbəssümlə əlavə etdi:
– Bilirsinizmi, bizim “polkovnik” xurafatçıdır. Eşitdiyimə görə, o, falçının yanına gedib. Hə, hə!.. Falçı ona uğur qazanacağını bildirib, ancaq xəbərdar edib ki, sarsıdıcı zərbəni ona… qadın vuracaq. Görünür, o, əvvəl-axır evlənəcək, gözəlçəsi də yığdığı milyonları havaya sovuracaq. Pulu göyə sovurmaq yığmaqdan asandır.
– Çətin ki… – Nadin gülümsədi və birdən ciddiləşərək dedi. – Dost, mən sabah Londona yola düşürəm.
– Bəs sizin müqavilə?..
– Bir günlüyə gedirəm. Özgə adı ilə… Kral ailəsinin üzvü kimi. Görürəm ki, səfərimin məqsədi sizi çox maraqlandırır.
– Əyləncə xatirinə getmədiyinizi hiss edirəm. Sərfəli işdir?
– Məncə, hə! Hər halda, siz heç də tam haqlı deyilsiniz; məsələn, deyək ki, ilişdirmək məsələsində. Şəxsən məndə şefin əleyhinə bəzi şeylər var. “De Birs” almazları barədə əhvalatı xatırlayırsınızmı?
– Əlbəttə! Kimberlidə! Bu, müharibədən əvvəl olmuşdu. Nədənsə işi ört-basdır etdilər. Deyirlər, həmin işdə qazanc pis deyilmiş.
– Yüz min funt-sterlinq! Əməliyyata “polkovnik” rəhbərlik edirdi. Mən iki cavan oğlanın Cənubi Amerikadan gətirdikləri bir neçə almazı dəyişdirməliydim.
– Məharətlə düşünülübmüş!
– Hə, pis deyildi. Şefin tapşırığını yerinə yetirdim, ancaq öz şansımı da əldən vermədim. Cənubi Amerikanın bir neçə “daşını” özümdə saxladım. Nadir daşlardır və istənilən vaxt asanlıqla təyin etmək olar ki, onlar “De Birs” kolleksiyasından deyil… hə, nə deyirsiniz? Bəyəm bu, şef üçün qırmanc deyil?
– İnanılmazdır! Bu almazlar…
– Onlar möhkəm yerdədir.
– Siz ki bilirsiniz, “polkovnik”ə hədə-qorxu gəlmək hər adamın işi deyil.
– Mən ondan qorxmuram! Qorxduğum bircə adam vardı ki, o da indi sağ deyil.
– Onun heç vaxt xortlamayacağına ümid etmək olar?
– Siz nəyə işarə edirsiniz?
– Üzr istəyirəm, – qraf karıxdı.
– Səfeh zarafatdan başqa bir şey deyil. Bəli, o ölüb! – Nadin dedi. – Müharibədə öldürülüb… O nə vaxtsa məni sevirdi.
– Cənubi Afrikada? Vətəninizdə?
Nadin başını tərpətdi.
– Nə deyim, özünüz bilən yaxşıdır, – deyib qonaq susdu, sonra əlavə etdi: – Hər halda, “polkovnik”dən ehtiyat edin.
– Onu əla tanıyıram.
– Son dərəcə şübhə edirəm.
– Çox nahaq, – Nadin qabardı. – Sabah Sauthemptona Cənubi Afrikadan gəmi ilə gələn, şefə qarşı əlində müəyyən dəlilləri olan bir nəfərlə görüşəcəyəm. Görürsünüzmü, mən tək olmayacağam.
– Həmin adama inanırsınızmı?
– Tamamilə! Öz aramızda qalsın, o mənim ərimdir.
I fəsil
(Anna Bedinqfeldin hekayəti)
Başıma gələn bu əhvalat barədə yazmağı çoxları məndən xahiş etmişdi. “Deyli badcet”in baş redaktoru lord Nesbidən tutmuş ta bizim keçmiş qulluqçu Emilyaya kimi. Axırıncı dəfə mən İngiltərədə olanda o, yenidən məni dilə tutmağa başladı: “İlahi, siz necə gözəl kitab yaza bilərsiniz, miss!”
Nə deyim, o haqlıdır. Axı mən əvvəldən axıradək bu işin içində, necə deyərlər, ölümün caynağında olmuşam. Hələ üstəlik, ser Yustas Pedlerin gündəliyi də əlimdədir.
Belə isə, irəli! Anna Bedinqfeld hekayətinə başlayır…
Uşaqlıqdan macəra arzusundaydım. Görünür, evimizdə həyat son dərəcə yeknəsəq olduğundan bu arzuya düşmüşdüm. Elm aləmində atam professor Bedinqfeldi insanaqədərki tarixə aid bütün məsələlərdə inkaredilməz şəxsiyyət sayırdılar. Əfsus ki, onun bu məşhurluğu pul gətirmirdi. Bizdə heç vaxt pul olmadığını yaxşı xatırlayıram. Belə ki, atam öləndə mən səksən yeddi funtla qalmışdım. Borcları ödəyəndən sonra ondan da məhrum oldum. Bu vaxt atamın dostu və elmi işlərinin pərəstişkarı Fleminq mənə xəbər göndərdi ki, özünün Londondakı evində arvadı ilə birlikdə professor Bedinqfeldin qızını görsələr, çox şad olarlar.
Londona gəldiyim elə birinci gün qərara alındı ki, mənə bir iş axtarmaq lazımdır. Axşam öz otağıma çəkiləndə güzgüyə yaxınlaşıb diqqətlə sifətimi nəzərdən keçirdim. Cəlbediciyəmmi? Güzgüdə görkəmimi seyr edib bərkdən: “Anna – macəra axtaran qadın”, – dedim.
II fəsil
Darıxdırıcı həftələr uzanırdı. Heç bir dəyişiklik yox idi. Ancaq qəti əmin idim: əgər macəra axtarırsansa, o özü gəlib səni tapacaq. İnsan həyatda yalnız istədiyinə nail olur.
Bu hadisə yanvarın 8-də baş verdi. İş axtarmaqdan evə qayıdırdım. Metroya daxil oldum. Camaat seyrək idi. Hansısa bir kişinin yanından keçəndə kəskin naftalin iyi məni vurdu. Görünür, kişi öz düşüncələrinə dalmışdı. Buna görə də yaxınlıqda dayanıb ona göz yetirməyə macal tapdım: üzü günəşdən yanmış balacaboy, mavigözlü, qarasaqqallı adam idi.
Elə bu an o mən tərəfə baxdı və məndən arxada nəsə gördü. Qorxudan sifəti əyildi. O, geri bir addım atdı və platformanın kənarında dayandığından arxası üstə relsin üstünə yıxıldı. Nəsə parladı, partıltı eşidildi. Dəhşətdən qışqırdım. Adamlar hadisə yerinə qaçıb gəldilər. Kişini qaldırıb platformaya uzatdılar.
– İcazə verin, keçim! – arxadan səs eşidildi, – mən həkiməm.
Xurmayı saqqallı, hündürboylu kişi irəli dürtülərək zərərçəkənin üzərinə əyildi:
– Keçinib, – dedi.
Adamlar hələ də meyitin ətrafına yığışmışdılar. Camaatdan aralanıb çıxış yoluna tərəf tələsdim. Qabağımca bayaqkı həkim gedirdi. Liftə girdiyi anda onun cibindən bir kağız parçası yerə düşdü. Onu götürüb həkimin ardınca götürüldüm, lakin liftin qapıları çırpıldı və kağız parçası əlimdə qaldı. Bloknotdan cırılmış vərəqdə bu yazılmışdı: “17.1 22 Kilmorden qəsri”.
Vərəq əlimdə dayanmışdım və birdən bayaqkı tanış qoxunu duydum. Kağızı burnuma yaxınlaşdırdım. Naftalin! Qeyri-iradi kağızı çantamda gizlədərək liftə girdim.
Evdə missis Fleminqə metroda baş vermiş hadisə barədə danışdım. O məni bir fincan çay içməyə məcbur etdi. Bir az sakitləşəndən sonra öz otağıma qalxdım və baş vermiş hadisəni bütün təfərrüatı ilə xatırlamağa çalışdım. Həkimin zərərçəkəni müayinə etməsini müşahidə etdiyim zaman məni birdən nə üçün qəribə hislər bürüdüyünü başa düşməyə çalışırdım. Döşəmədə oturub platformada uzanmış adamın vəziyyətini aldım. Sonra özümü həkimin yerində təsəvvür etdim, onun hərəkətlərini təkrarladım və… hər şeyi anladım.
Mister Fleminq başıma gələnləri dinləyərək məsləhət gördü ki, polisə müraciət edim. Sonra soruşdu:
– Deyirsiniz yaxınlıqda heç kəs yox idi?
– Əminəm ki, məndən arxada kimsə dayanmışdı.
Həlak olanın cibindən yalnız Marloudakı evə baxmağa icazə kağızı tapıldığını öyrəndim. “Rassel” mehmanxanasında yaşayan L.B.Kartenin adına icazə kağızını mülk üzrə agentlik yazmışdı. Hotel xidmətçisi kişinin meyitini tanıyaraq bildirmişdi ki, bir gün əvvəl otaq tutub və qeyd dəftərində Cənubi Afrikadan, Kimberlidən olan L.B.Karten adı ilə qeyd olunub. Sonrakı hadisələrin yeganə şahidi isə mən idim.
– Siz onun nədənsə qorxduğunu təsdiq edirsinizmi? – müstəntiq soruşdu.
– Bəli, o, dəhşət içində bir addım geri çəkildi və…
– Yaxşı, onu nə qorxuda bilərdi?
– Deyə bilmərəm, ancaq nəsə vardı…
– Miss, bəs sizə qəribə gəlmirmi ki, metroda meyiti yoxlayan həkim sonralar heç görünmədi, nə adını, nə də ünvanını bildirdi?
Təbəssümü güclə saxladım. Axı bu haqda mənim öz fikrim vardı və onu Skotland-Yardla bölüşmək istəyirdim. Lakin səhər gözlənilməz xəbərlə açıldı. “Deyli badcet” qəzeti “Metrodakı hadisənin qəribə davamı”, “Boş evdə qadın meyiti aşkar olunub” kimi sensasiyalı sərlövhələrlə çıxdı. Qəzet yazırdı: “Marlouda, Mill-hausda sensasiya. Parlamentin üzvü ser Yustas Pedlerə məxsus Mill-haus villası kirayəyə verilir və ona baxmaq üçün qəbz metroda həlak olan şəxsin cibindən tapılmışdır. Dünən Mill-hausun otaqlarından birində gənc, gözəl qadının meyiti aşkar edilmişdir. Onu boğmuşlar. Ehtimal ki, qadın əcnəbidir, lakin hələlik şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Mill-hausun sahibi ser Yustas Pedler hazırda Fransada istirahətdədir”.
III fəsil
Əldə olan faktlardan aşağıdakılar məlum olurdu. Yanvarın səkkizində, təxminən gündüz saat birdə yaxşı geyinmiş bir qadın Naytsbricdəki “Batler və Park” agentliyinə daxil olub. Orada bildirib ki, London yaxınlığında, Temza sahilində ev almaq, yaxud kirayə tutmaq istəyir. Mill-haus da daxil olmaqla ona bir neçə ünvan təklif ediblər. Qadın özünü xanım de Kastina adlandırıb və deyib ki, “Rits” hotelində yaşayır. Halbuki orada bu adla heç kim qeyd olunmayıb, hotelin xidmətçiləri də öldürüləni tanıya bilməyiblər.
Ser Yustas Pedlerin bağbanının arvadı, villanın qapısı ağzındakı kiçik evdə yaşayan missis Ceymsin verdiyi ifadəyə görə, gənc xanım Mill-hausa gündüz saat üçə yaxın gəlib. Evə baxmaq üçün icazə vərəqini təqdim edib. Bir neçə dəqiqə keçmiş gənc kişi peyda olub. Qəhvəyi rəngdə kostyum geyinibmiş. Kişi izah edib ki, bu saat evə baxan xanımın dostudur və teleqram vurmaq üçün poçta girdiyindən onu bir dəqiqəliyə tərk edib. Beş dəqiqədən sonra gənc kişi qayıdıb, açarı qaytarıb və deyib ki, ev onlara sərf eləmir. Kişi tək olduğundan missis Ceyms fikirləşib ki, yəqin, xanım ondan əvvəl çıxıb. Səhərisi evə baxmaq üçün daha bir “cütlük” gəlib. Həmin vaxt da meyit tapılıb. Missis Ceyms ölənin dünən gələn qadın olduğunu tanıyıb. “Batler və Park” kontorunun agenti də öldürülmüş xanım de Kastinanı tanıyıb. Polis həkiminin rəyində yazılmışdı ki, qadın artıq bir sutkadır ölüb.
Polis və “Deyli badcet”in reportyorları səylə “Qəhvəyi kostyumlu kişini” axtarırdılar.
Missis Ceyms müəmmalı xanımın gəlişinə qədər evdə heç kimin olmadığına tam əmin idi. Deməli, bədbəxt xanım de Kastinanı ondan bir az sonra evə daxil olmuş “Qəhvəyi kostyumlu kişi” öldürüb. Hər şeydən göründüyü kimi, qadın qəflətən yaxalanmış və qalın, qara qaytanla boğulmuşdur.
Metrodakı hadisə isə adicə bir təsadüf kimi izah olunaraq ikinci plana keçdi və tezliklə hamı tərəfindən unuduldu. Yalnız məndən başqa. Qərara gəldim ki, Skotland-Yarda getməyi təxirə salmayım.
Məni inspektor Midouz qarşıladı.
– Sabahınız xeyir! Buyurun, əyləşin. Siz metrodakı hadisəyə görə gəlmisiniz, miss Bedinqfeld?
– Ölən kişinin cibində biletin olmaması sizə qəribə gəlmirmi? – deyə suala sualla cavab verdim.
– Yəqin ki, onu itirib, bəlkə də atıb.
– Pul da olmayıb, – mən davam etdim.
– Qəpik-quruş vardı.
– Belə olan halda qəzetlərdəki xəbərlərə həkimin heç bir reaksiya verməməsi, sizcə, təəccüblü deyil?
– Həkimlərin işi xirtdəyəcəndi. Qəzet oxumağa onlarda vaxt haradandı?
– Bəs əgər sizə desəm ki, o heç də həkim deyil, onda necə?
– Nə-ə?!
– O, həkim deyil!
– Nədən bilirsiniz, miss Bedinqfeld?
– Bilirsiniz, müharibə vaxtı mən hərbi hospitalda işləmişəm və həkimin yaralını necə müayinə etdiyini görmüşəm. Onların peşəkar hərəkətləri bu həkimdə yox idi. Bundan başqa, heç bir təbib ürəyə sağ tərəfdən qulaq asmır.
– Bəs o necə, sağdan qulaq asdı?
– Bəli. Əvvəlcə buna fikir vermədim. Ancaq sonra başa düşdüm. Evdə həmin səhnəni “oynayandan” sonra əmin oldum ki, o, həkim deyil.
– Hı-ııı… – inspektor fikrə getdi. – “Doktor”un zahiri görkəmini təsvir edə bilərsinizmi?
– Hündürboy, enlikürək, tündrəngli palto, qara çəkmələr, şlyapa, eynək… və şabalıdı saqqal.
– Aha, demək belə. İndisə ondan paltonu, saqqalı, eynəyi çıxardın və onu tapın görüm necə tapırsınız! Daha nə əlavə edə bilərsiniz, miss?
– Nə əlavə edərəm? “Doktorun” başı xalis braxisefalik (eni uzunundan artıq) idi. Bax bunu isə heç cür dəyişə bilməzsən!
Bu vaxt inspektor Midouzun qələminin tərəddüdlə donub-qaldığını məmnunluqla seyr etdim. O, açıq-aşkar “braxisefalik” sözünü necə yazmağı bilmirdi.
IV fəsil