banner banner banner
Kor çalğıçı
Kor çalğıçı
Оценить:
Рейтинг: 0

Полная версия:

Kor çalğıçı

скачать книгу бесплатно

Bu zaman oğlan əllərini açardı; ümumiyyətlə, o bu cür suallar verəndə həmişə belə edirdi. Uşaq əllərini açdıqca Maksim dayı da harada dayanmaq lazım gəldiyini ona göstərərdi. Bu dəfə o öz kiçik əllərini tamamilə açdı, lakin Maksim dayı dedi:

– Yox, o bundan da böyükdür. Əgər onu otağa gətirib döşəmənin üstünə qoysaq, onun başı stulun söykənəcəyindən də hündür olar.

– Böyükdür… – deyə uşaq fikirli-fikirli cavab verdi. – Amma çayırquşu isə bu boydadır! – ovuc-ovuca birləşdirdiyi əllərini bir-birindən azca araladı.

– Hə, çayırquşu o boydadır… Amma orası da var ki, böyük quşlar heç vaxt bu balaca quşlar kimi yaxşı oxuya bilmirlər. Çayırquşu çalışır ki, onun oxuması hamıya xoş gəlsin. Hacıleylək isə ciddi quşdur, yuvasında bir qıçı üstündə durur, öz işçilərinə acıqlanmış mülkədar kimi hirsli-hirsli ətrafa baxıb bərkdən deyinir. Yəqin, heç fikirləşmir ki, səsi xırıldayır və qıraqdakı adamların xoşuna gəlmir.

Uşaq bu təsvirlərə qulaq asaraq güldü. Anasının hekayələrini başa düşmək üçün çalışdığı o ağır dəqiqələri unutdu. Bununla belə, anasının hekayələri onu daha çox maraqlandırırdı. Odur ki oğlan çox vaxt sorğu-sual üçün Maksim dayıya yox, anasına müraciət edərdi.

7

Uşağın dumanlı beyni yeni təsəvvürlərlə zənginləşirdi. O, son dərəcə həssas eşitmə qabiliyyəti vasitəsilə onu əhatə edən təbiəti getdikcə daha yaxşı dərk edirdi. Onun başı üzərində və ətrafında yenə əvvəlki kimi dərin və keçilməz bir qaranlıq hökm sürürdü. Bu qaranlıq bulud kimi onun başının üstünü almışdı, həm də doğulduğu gündən!

Belə görünür, oğlan öz bədbəxtliyinə alışmalı, adət etməli idi. Lakin onun uşaq təbiəti daim bu qaranlıq dünyadan azad olmağa çalışırdı. Qaranlıq dünyadan işıqlı dünyaya çıxmaq arzusu onu bir dəqiqə belə tərk etmirdi. Bu arzusuna qovuşmadıqca üzündəki iztirab ifadəsi də daha çox nəzərə çarpırdı.

Lakin o bütün uşaqlara məxsus xoş və həyəcanlı dəqiqələr də keçirirdi. Həmin xoş və həyəcanlı dəqiqələr daha çox aldığı yeni təəssüratlarla, məlumatlarla bağlı olurdu.

Beləcə, oğlan beş yaşına çatdı. O, arıq və zəif idi, ancaq təkbaşına otaqlarda gəzir, hətta sərbəstcəsinə yüyürürdü də. Əgər yad bir adam otaqlarda onun nə cür arxayın gəzdiyinə, lazım olan tərəfə necə döndüyünə və istədiyi əşyaları necə asanlıqla tapdığına baxsaydı, düşünə bilərdi ki, qarşısındakı kor deyil.

Həyətdə isə uşaq əlağacını yerə vura-vura çox çətinliklə gəzirdi. Əgər əlində ağacı olmazdısa, o, torpaq üzərində iməkləyər, qarşısına çıxan şeyləri tez əli ilə yoxlayıb öyrənərdi.

***

Sakit yay axşamı idi. Maksim dayı bağda oturmuşdu. Pan Popelski həmişəki kimi uzaq bir tarlada əlləşməkdə idi. Həyət və ətrafda tam sakitlik idi; kənd yuxudaydı, xidmətçi otağındakı qulluqçuların da danışığı kəsilmişdi. Uşağı yarım saat olardı ki, yatağına uzatmışdılar.

O, yarıyuxulu idi. Neçə vaxt idi ki, belə sakit saatlarda uşaq yaddaşını qurcalayır, əcaib xatirələrə dalırdı. Şübhəsiz ki, mavi göyün necə qaranlıqlaşdığını, ağacların ulduzlu göyün altında necə tərpəndiyini, ətrafı bürüyən alaqaranlığın ay və ulduzların incə şüaları ilə qarışıb yeri necə işıqlandırdığını görmürdü. Lakin budur, neçə gündür ki, o nə isə xüsusi, məftunedici xatirələrin təsiri altında yatır, ertəsi gün isə bu xatirələrin nədən ibarət olduğunu özü də aydınlaşdıra bilmirdi.

Elə ki yuxu onu təntidir, fıstıq ağaclarının xışıltısı kəsilir, uzaqlarda hürüşən kənd itlərinin səsi, çayın o tərəfindəki bülbüllərin cəh-cəhi, çəməndə otlamaqda olan dayçanın boynuna bağlanmış zınqırovların dınqıltısı eşidilməz olur, belə vaxtlarda uşağa elə gəlirdi ki, bütün bunlar həmahəng şəkildə birləşir, asta-asta çəkilib pəncərəyə tərəf uçur. Sonra isə uzun müddət xoş səslər çıxararaq onun yatağının üstündə fırlanır, qeyri-adi xəyallar doğururlar. Ertəsi gün səhər o, xoşhallıqla oyanır və anasına müraciət edərək maraqla soruşurdu:

– Dünən… o nə idi? O necə şeydir?

Anası işin nə yerdə olduğunu bilmədiyindən belə düşünürdü ki, gecələr gördüyü yuxular uşağı narahat edir. O özü onu yatağına uzadır, qayğıkeş ana kimi üstündə xaç çəkir, uşaq mürgüləməyə başlayan kimi isə çıxıb gedirdi. Lakin sabahı gün uşaq yenə axşamdan bəri onu narahat edən qəşəng şeylər haqqında anasına danışırdı:

– Ana, elə yaxşı, elə gözəldir ki!

Bu axşam ana söhbətin nədən getdiyini aydınlaşdırmaq üçün uşağın yatağı yanında bir qədər çox qalmağı qərara aldı. O, çarpayının yaxınlığında qoyulmuş stulda oturub əlindəki hörgüyə davam edə-edə oğlunun – Petrusun nəfəs almasına qulaq verirdi. Sanki uşaq dərin yuxuda idi, lakin birdən qaranlıqda onun ahəstə səsi eşidildi:

– Ana, sən burdasan?

– Hə, oğlum, burdayam…

– Sən dur get, o səndən qorxur, buna görə də indiyə qədər gəlib çıxmayıb. Yuxuya getməyimə az qalıb, lakin o hələ də gəlməyib.

Təəccüblənmiş ana uşağın bu dediklərinə heç bir məna verə bilmir, daha doğrusu, onun sözlərindən bir şey başa düşmürdü. Uşaq öz yuxuları haqqında elə bir inamla danışırdı ki, guya bütün bunlar həqiqət idi.

Anası qalxıb oğlunu öpməyə əyildi və gizlincə bağça tərəfdən açıq pəncərəyə yaxınlaşmağa qərar verib yavaşca otaqdan çıxdı.

Bağı hərlənib pəncərənin yanına gəlib çatmamışdı ki, məsələ aydın oldu. Ana birdən tövlə tərəfdən cənub küləyinin xışıltısına qarışaraq gələn mülayim, lətif fit səsi eşitdi. O bu səsin uşağın mürgüləmə saatlarına təsadüf etdiyini anladı, başa düşdü ki, məhz bu səs uşağın yuxusuna qarışıb onu xəyallar aləminə aparırmış.

Qadın özü də bir neçə dəqiqə dayandı, ürəkdən çalınan fiti dinlədi, oğlunun məhz bu fit səsindən belə xoşhallandığına arxayın oldu, sonra bağın qaranlıq xiyabanı ilə Maksim dayının yanına getdi. Yolboyu o: «İohim yaxşı çalır. Çox qəribədir, üzdən kobud görünən bu nökərdə nə qədər incə hiss varmış!» – deyə düşünürdü…

8

İohim, doğrudan da, yaxşı çalırdı. Kamanda «Kazak», yaxud polyakların ürəkaçan «Krakovyak» havasını heç kəs onun kimi yaxşı çala bilmirdi. Bəzən o, kafenin bir küncündəki skamyada oturur, kamanı çənəsinə yaxınlaşdırır, hündür dəri papağını arxaya çəkərək əlindəki əyri yayı tarım çəkilmiş simlər üzərində gəzdirirdi. Bu zaman kafedə az adam tapılırdı ki, yerində otura bilsin. Hətta onunla bərabər kontrabasçalan taygöz qoca yəhudi Yankel belə cuşa gəlirdi.

Bir gün İohim qonşu panın həyət qulluqçularından Mariya adlı qıza vuruldu. Həmin gündən bəri o nədənsə şən kamanını yerə qoydu. Qızın qəlbini ovsunlamaqda kaman ona kömək edə bilmədi: Mariya ağasının nökərini bu çalğıçı oğlandan üstün tutdu. Həmin gündən kamanının səsi nə yeməkxanada, nə də gənc qız və oğlanların toplaşdığı axşam yığıncaqlarında eşidildi. O, kamanını tövlədəki payanın üstündən asdı, rütubətin bu sevimli alətə zərər verəcəyini isə nəzərə almadı. Beləcə, kamanın simləri bir-birinin ardınca qırılıb töküldü. Bu simlər elə gurultulu qopub tökülürdülər ki, hətta atlar belə bundan mütəəssir olaraq kişnəyir, başlarını heyrətlə qəzəblənmiş sahiblərinə çevirirdilər.

Kaman yerinə İohim yoldan ötən bir nəfərdən tütək aldı. Tütək ağacdan düzəldilmişdi. Görünür, İohim tütəyin ürəkdən qopan asta fəryadı ilə öz acı taleyi arasında daha çox uyğunluq tapırdı. Ya da belə düşünürdü ki, bu alət onun sınıq qəlbinin dərdlərini daha gözəl ifadə edə bilər.

Ancaq tütək onun ümidlərini doğrultmadı. İohim aləti alıb bir-bir hərtərəfli yoxladı: çevirdi, kəsdi, suya salıb islatdı, günəşdə qurutdu, küləkdə quruması üçün nazik iplə damın üstündən asdı, bütün bunların heç bir faydası olmadı. Tütək bu kəndli oğlanın ürək sözlərinə qulaq asmırdı, mahnı yerinə fit çalır, həzin-həzin inləmək əvəzinə cır və nazik səslər çıxarırdı. Bir sözlə, İohimin əsla xoşuna gəlmirdi. Nəhayət, o, möhkəm hirsləndi, belə qərara gəldi ki, yaxşı tütək düzəltmək hər kəsin hünəri deyil, ona görə də özü tütək düzəltmək fikrinə düşdü. Bir neçə gün o, qaşlarını çataraq çölləri, bataqlıqları gəzdi, hər söyüd ağacına yanaşdı, budaqlarını yoxladı, bir neçəsini kəsdi, lakin heç biri xoşuna gəlmədi. İohim ona lazım olan yaxşı bir budaq tapa bilmirdi. Qaşları yenə də əvvəlki kimi acıqlı bir şəkildə çatılmışdı. Oğlan axtarışını davam etdirərək irəliyə getdi. Axırda tənbəl-tənbəl axan kiçik bir çayın kənarına gəlib çıxdı. Çayın durğun yerindəki su ağ zanbaqları tərpədirdi. Səssiz-səmirsiz mürgüləyərək başlarını çayın qaranlıq və sakit dərinliklərinə sallayan sıx söyüd ağacları buranı küləkdən qoruyurdu. İohim kolları aralayıb çaya yaxınlaşdı. Bir dəqiqə duruxdu, qəfildən nədənsə axtardığını elə burada tapacağını yəqin etdi. Alnındakı qırışıqlar açıldı. Qayışa bağlanmış qatlama bıçağını çəkməsinin boğazından çıxardı. Sonra bir-biriylə pıçıldaşan söyüd kollarına diqqətlə nəzər saldı, axırda da qəti addımlarla suyun üzərinə sallanmış incə və düz budağa yaxınlaşdı. O nə üçünsə əvvəlcə barmaqları ilə budağa bir-iki çırtma vurub yoxladı, onun havada necə yüngülcə tərpəndiyini nəşə ilə seyr etdi, yarpaqlarının səsinə qulaq asdı və başını tərpədərək:

– Axtardığım, demə, burada imiş! – deyə sevinclə donquldandı. Sonra da bu vaxtadək kəsdiyi çubuqların hamısını çaya tulladı.

İohim söyüdü qurudub ondan tütək hazırladı. Sonra bir həftəyə qədər tütək nazik ipdən asılı qaldı: günəş onu isidir, külək isə yelləndirirdi. Axırda İohim bıçaqla onu yonub şüşə ilə təmizlədi, mahud parçası ilə də bərk-bərk sildi. Onun baş tərəfi girdə idi. Ortasından aşağı düz, cilalanmış kimi görünən cizgilər enirdi, bunların üstünə o, əyri dəmirlə cürbəcür naxışlar vurmuşdu.

İohim bir neçə dəfə tütəyi tez-tez çalaraq pərdə-pərdə[7 - Pərdə – bəzi simli musiqi alətlərinin (tar, saz və s.) qolundakı bölmələrdən hər biri. Bunların hər birinə barmaqla və ya mizrabla toxunduqda başqa bir səs çıxarır.] səsini sınadı. Bu zaman həyəcanla başını tərpədir, sevinclə gülür, beləcə, tütəkdən məmnunluğunu ifadə edirdi. Axırda tütəyi götürüb yatağının yanındakı xəlvət bir yerdə gizlətdi. O, tütəyi gündüz dilləndirmək istəmirdi. Bunun əvəzində həmin gecə tövlədən lətif, həzin mahnılar və titrək səslər ətrafa yayıldı. İohim öz tütəyindən çox razı idi. Bu tütək elə bil ki, onun canının bir parçası idi. Alətin çıxardığı səslər elə bil ki, İohimin yanıqlı, həssas ürəyindən qopurdu, onun bütün hissləri, duyğuları bu alətdə əks-səda verir, sonra isə ətrafa yayılırdı.

9

İohim get-gedə öz sevimli tütəyinə daha çox vurulurdu. Gündüzlər o, işini vaxtlı-vaxtında yerinə yetirir, atları sulamağa aparır, onları qoşur, xanımı, yaxud Maksimi gəzdirirdi. Hərdənbir qəddar Mariyanın yaşadığı qonşu kəndə baxdığı zaman qüssə onun ürəyini didirdi. Lakin axşam olan kimi o, dünyada hər şeyi yaddan çıxarır, tütəyini dilləndirirdi.

Bir dəfə İohim tövlədə uzanmışdı. Gecə idi. Birdən yanında kiminsə tövşüdüyünü hiss edib yatağından qalxdı. Zəif barmaqlı balaca bir əl onun üzündən, əllərindən sürüşdü, sonra isə tütəyi əlləməyə başladı.

– İlahi, sən özün qoru! – deyə İohim belə hallarda adət etmiş olduğu bir əfsunu oxuyub üfürdü. – Cinsənmi, insansanmı?

O bu sualla sanki, doğrudan da, qarşısındakının cin və ya şeytan olub-olmadığını bilmək istəyirdi.

Elə həmin andaca tövlənin açıq qapısından içəri düşən ay işığı onun yanıldığını göstərdi. Yatağının yanında dayanıb əllərini ona tərəf uzadan – panın kor oğlu idi.

Bir saatdan sonra anası öz kor oğluna baxmaq üçün qalxdıqda uşağı yatağında tapmadı. Əvvəlcə o qorxuya düşdü, lakin dərhal analıq hissi uşağı harada axtarmaq lazım gəldiyini ona başa saldı.

Yorğunluğunu almaq üçün dayanan İohim birdən panın arvadının tövlə qapısında dayandığını gördükdə çaşdı. O, görünür, neçə dəqiqədən bəri idi ki, orada dayanıb bir yandan mehtərin çalğısına qulaq asır, bir yandan da yatağın üstündə İohimin yarımkürkünə bürünüb oturaraq yarımçıq qalmış nəğməni dinləyən uşağına baxırdı.

Həmin gündən oğlan hər axşam tövləyə İohimin yanına gedirdi. Gündüzlər bir şey çalmasını İohimdən xahiş etmək heç yadına da düşmürdü. O, gündüzün səs-küylü və hərəkətli saatlarında belə həzin mahnıların çalına biləcəyini təsəvvür etmirdi. Lakin qaranlıq düşən kimi Petrus İohimin yanına getmək üçün səbirsizləşir, hətta bu səbirsizlik onu əsəbi uşağa çevirirdi.

Anası çox çalışsa da, balasının yatmaqdan iki saat əvvəl tütəkçinin yanına qaçıb tövlədə oturmasına mane ola bilmirdi. Bu saatlar oğlan üçün ən xoşbəxt anlar idi. Anası bunu getdikcə daha aydın başa düşürdü, hətta hiss edirdi ki, oğlu onu qucaqlayarkən belə İohimin mahnıları haqqında fikirləşir.

Qadın birdən xatırladı ki, bir neçə il əvvəl Kiyevdə xanım Radeskayanın pansionunda oxuduğu zaman ona «gözəl sənətlər» arasında musiqi də öyrətmişdilər. Doğrudur, bu öz-özlüyündə heç də şirin və xoş xatirə deyildi; çünki həmin xatirə ona Klaps adlı alman müəlliməni yada salırdı. Klaps qocalmış, çox cılız, tez özündən çıxan, acıqlı bir müəllimə idi. Həddindən artıq hirsli olan bu müəllimə öz tələbələrinin barmaqlarını çox məharətlə əyərdi ki, onlara lazımi çevikliyi versin. Lakin unudurdu ki, bununla da o həmin tələbələrdə musiqiyə qarşı olan bütün həvəsi, marağı öldürür. Klapsın yalnız pedaqoji üsullarını deyil, özünü belə xatırlayarkən adamın tükü biz-biz olurdu. Elə ona görə də nəinki pansionu tərk etdikdən, hətta ərə getdikdən sonra da Anna Mixaylovna çalğıçılığı öyrənməyi bir daha ağlına gətirmədi. İndi isə o, tütəkçalan mehtəri dinlədikdə hiss edirdi ki, qəlbində yavaş-yavaş keçmiş musiqiyə həvəs oyanır, alman qızı Klapsla bağlı xoşagəlməz xatirələr isə yaddaşından sürətlə silinir.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)