banner banner banner
Topun kölgəsi
Topun kölgəsi
Оценить:
Рейтинг: 0

Полная версия:

Topun kölgəsi

скачать книгу бесплатно

Topun kölgəsi
Müəllif kollektivi

“Cib kitabları” seriyasından olan altıncı toplu “Topun kölgəsi” adlanır. Kitabda çağdaş Azərbaycan nəsrinin ən tanınmış nümayəndələrinin maraqlı və populyar hekayələri toplanıb. Müxtəlif və müəyyən mənada bir-birinə zidd ədəbi nəsillərə məxsus hekayələr ilə tanış olmaq imkanınız yaranacaq.

Azərbaycan yazıçılarının hekayələri

Topun kölgəsİ

Cib kitabları – 6

KİTABIN İÇİNDƏKİLƏR

Anar – “Mən, sən, o və telefon”...........................5

Elçin – “Qatar. Pikasso. Latur. 1968.”.................49

İsi Məlikzadə – “Oğul”.........................................73

Kamal Abdulla – “Kölgə”....................................81

Rafiq Tağı – “Qatilə didaktika dərsləri”...........91

Orxan Fikrətoğlu – “Axrestomatik əhvalat”....123

Şəmil Sadiq – "Mən ölmüşdüm".....................131

Xanəmir Telmanoğlu – “Topun kölgəsi”.........147

Pərviz Cəbrayıl – “Qətl sınan gecə”..................157

Kənan Hacı – “Sonuncu gediş”..........................175

Anar

Mən, sən, o və telefon

Telefon nömrələri

Oxşamaz bir-birinə

amma hamısında

insan səsi…

…pis günlər

oxşamaz bir-birinə

birində özün susarsan,

birində telefon.

Vaqif Vəkilov

Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki… Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri unudacaqsan: pas-portunun nömrəsini, axırıncı işində aldığın maa-şını, dostunun avtomobilinin nömrəsini, aya qə-dər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiy-yə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyin-dən gələn bənövşə ətri. Bəzən mən qara telefo-nun dəstəyini elə qaldırırdım, elə bil royalın qa-pağını qaldırıram. Bəzən bu qara dəstəyi elə qo-yurdum, elə bil tabutun qapağını örtürəm. İndi bu nömrə yoxdur. Yəni ki, var, amma mənimçün yoxdur. Mənimçün bu nömrə indi yasaq ərazidir. Barmağımın altında telefon dairəsində yerləşən bu beş rəqəm indi mənim üçün keçilməz bir mə-safədir – kilometrdir, millər, parseqlər.

Mən bu məsafənin beşdə dördünü keçə bi-lərəm – dörd rəqəmi yığa bilərəm, amma heç və-də son rəqəmi – beşincini yığmayacağam. Sənin nömrən bağlı qapıdır – açarını itirmişəm. Səni görməyə də bilərdim. Zəng edirdim, səsini eşidir və deyirdim: əzizim, əlin niyə belə soyuqdur? Sə-ni görməyə də bilərdim, amma məsafədən belə duyurdum. Sahil kəndlərinin sakinləri dənizi görməyəndə belə onu duyduqları kimi. İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı. Min dəfə təkrar olu-nan əhvalat mən, sən, bir də o, əlbəttə. Amma bir də telefon. Hər şey Rasimin toyundan başlandı.

Firuz tostunu davam etdirirdi:

– Biz beş yoldaş idik. Lap o filmdəki kimi, yadınızdamı: onlar beş nəfər idi. Mən, Kamal, Murad, Rasim, Seymur. Bizi bir-bir fəth etdilər, bir-bir boyunduruğa saldılar. Bax, bunlar saldı – bizim xanımlar. hələ evdə də bir çətən külfətimiz var – oğul-uşaq. Bəli, külfət bizi basdı, yaman basdı – hamı gülüşdü. – Bu gün də biz Rasimi iti-ririk. Heyf ondan. Əlbəttə, mən zarafat edirəm. Xoşbəxt olun Fəridə, Rasim. Mən sizə çoxlu səa-dət, cansağlığı, uzun ömür arzulayıram. Oğullu, qızlı olasınız. Amma sizin sağlığınıza içmişik, ye-nə içəcəyik. İndi bu badələri mən axırıncı igidin sağlığına – bizim canımız-ciyərimiz Seymurun sağlığına qaldırmaq istəyirəm. Subaydı-sultandı. Sağ ol, var ol, bülbül ol, qəfəsdə olma. Hamı mə-nə baxırdı, gülüşlərin və badələrin cingiltisi ara-sından tanış üzləri görürdüm – dostlarımın üzlə-rini. Üzlərdə sevincli, bir qədər də təəccüblü ifa-də vardı. Qonaqlar dağılışanda biz hamımız – Fi-ruz, Kamal, Murad arvadlarıyla, bir də mən tək, bir yerdə çıxdıq. Biz yatmış şəhəri gecəli küçələ-riylə addımlayırdıq və birdən Firuzun arvadı mənim qoluma girdi:

– Yaxşı, Seymur, sənin toyunu haçan eləyi-rik?

– Uzaq gələcəkdə.

– Belə niyə? Yoxsa sən bu naqqalın sözlərinə inanırsan? – O, şıltaq bir nəvazişlə ərinin böyrü-nə qısıldı. – Elə bilirsən ki, ailə həyatı cəhənnəm-dir.

Firuz:

– Özünə layiq qız tapa bilmir, – dedi.

– Doğrudan? Uşaqlar, eşidirsiniz? Gəlin Seymura bir qız tapaq. Səninçün Bakının ən gö-zəl qızını tapsaq, evlənərsən?

– Mütləq, – dedim, – ancaq bir şərtlə. Gərək, bax elə bu saat, bu dəqiqə tapasınız. Yoxsa fikri-mi dəyişərəm.

– Kamal:

– Gözümün işığı, – dedi, – gecənin bu vax-tında sənə hardan qız tapacağıq? Küçədən tap-mayacağıq ki… həm də gecənin bu vaxtında kü-çələri gəzən qızı almazsan yəqin.

– Bəli, – dedim, – tamamilə doğru buyurur-sunuz. Odur ki, bu söhbəti xətm edək.

– Mənim bir təklifim var, gəlin Seymura te-lefonla qız tapaq. Budur, bax, avtomat da var.

– Gözəl fikirdir, – dedim, – amma iki qəpik-liyim yoxdur.

Hər tərəfdən mənə iki qəpikliklər uzatdılar. Budkaya girdim.

– Nömrəni deyin.

Firuz:

– Əşi, ağlına gələn nömrəni çək, – dedi. – Məsələn… – birdən o, sözünü yarımçıq qoydu. – Yox, qardaş, keçəl suya getməz. Birdən qayına-nanla yola getmədin, yapışacaqsan mənim xirt-dəyimdən.

– Qorxaq, – dedim, – məsələ də bundadır. Evlənmək ciddi işdir. Heç kəs məsuliyyəti boy-nuna götürmür. Kamal, bəlkə sən deyəsən.

– Mənim bir təklifim var, – deyə Firuzun ar-vadı sözə qarışdı. Onun həmişə bir təklifi olurdu, – heç kəs boynuna məsuliyyət götürmək istəmir. Gəlin onda məsuliyyəti bölüşək. Hərə bir rəqəm desin.

Firuz:

– Əla, – dedi. O həmişə arvadının təkliflərini bəyənirdi. – İki.

Mən iki çəkdim. Firuzun arvadı:

– Doqquz, – dedi.

Kamal:

– Sıfır, – dedi və arvadına baxdı, – sən de.

– Mən? Nə deyim, bilmirəm… yaxşı, dörd.

Murad:

– Beş, – dedi.

Bircə Muradın arvadı heç nə deyə bilmədi, çünki dəstəkdən artıq kəsik siqnallar eşidilirdi.

– Nişanlım yatıb, – dedim. Hamı gülüşdü. Mən dəstəyi asdım.

Yolumuza davam etdik, yavaş-yavaş dağı-lışdıq, hərə öz evinə getdi və mən, nədənsə, özü-mü çox tənha hiss elədim.

Dəniz bağına qayıtdım, uzun müddət adam-sız bulvarı dolandım, birdən zəng elədiyim tele-fon nömrəsi yadıma düşdü. Gecə saat iki idi.

Mən yaxındakı avtomat budkasına girdim, yarığa iki qəpiklik saldım və nömrəni yığdım.

Telefonun dəstəyindən qadın səsi eşidildi. Yuxulu səs də deyildi, belə – azacıq yorğun, aza-cıq da təəccüblü.

– Bəli.

– Salam.

– Salam. Kimdir?

– Mənəm. Gəlin tanış olaq.

Mən sillə kimi üzümə vurulacaq sərt cavab gözləyirdim. Ya da elə bilirdim ki, üzünə çırpılan qapı kimi dəstək də birdən asılacaq. Amma nə söydü, nə asdı. Səsi əvvəlki kimi sakit idi.

– Axı tanışlıq üçün vaxt bir az gecdir.

– Gecdir? Xeyr, əsla! Əsl vaxtdır. Mən bu sa-at ən yaxın bir yoldaşımın toyundan çıxmışam. Bu, mənim axırıncı subay dostum idi. Mənə elə gəlir ki, bu gün onun toyu yox, yası idi.

– Vay, vay, vay. Elə niyə deyirsiniz? Bəs siz özünüz evli deyilsiniz?

– Yox. Bəs siz ərdəsiniz?

O güldü.

– Tanışlığın elə birinci dəqiqəsindən hər şeyi bilmək istəyirsiniz?

– Bağışlayın, siz allah. Elə bilməyin ki, mən telefon xuliqanlarındanam. Yox, nədənsə, təklik-dən bağrım çatlayır. Odur ki, dedim zəng eləyim, bir adamla danışım.

– Bəs mənim nömrəmi hardan tapdınız?

– Təsadüfən. Ağlıma gələn rəqəmləri yığ-dım, vəssalam.

– Əcəbdir.

– Bilirsiniz, bir az içmişəm, odur ki, özümü çox yalqız hiss eləyirəm.

– Olur, eybi yoxdur.

– Sizinlə görüşə bilərik?

– Yox, bax, bu baş tutan iş deyil. Gəlin belə danışaq. İndi gecdir. Gedin evinizə, yıxılıb yatın. Səhər duracaqsız, bütün dərdi-qəminiz uçub ge-dəcək. Görərsiz.

– Axı mən sizi görmək istəyirəm, heç olmasa danışmaq istəyirəm sizinlə.

– Telefonumu ki, bilirsiniz. Sabah ayılandan sonra yenə də görsəz ki, mənimlə danışmaq istə-yirsiz, zəng eləyin.

– Doğrudan?

– Doğrudan. Gecəniz xeyrə qalsın.

– Xeyrə qarşı. Sabah sizə zəng eləyəcəyəm.

Gülməlidir vallah, amma dəstəyi asıb boş, adamsız küçələrlə addımlayarkən mənə elə gə-lirdi ki, daha mən də tək deyiləm. Mənim də ki-mimsə var.

Səhərisi gün, təbii ki, mən zəng eləmədim. Bütün günü yüz əlli iki min işlə məşğul oldum və hər şeyi unutdum. Bir neçə gündən sonra iş planının müzakirəsində laboratoriya müdirimiz-lə möhkəm toqquşdum. O həm də mənim elmi rəhbərim idi.

Müzakirədən sonra Firuz məni evlərinə apardı. Biz onunla bir institutda işləyirdik. Yolda o mənim başıma ağıl qoyurdu, deyirdi ki, cırtqoz olma, hər şey üçün partlama. Əgər haqlısansa da həqiqəti ifadə və müdafiə etməyin müxtəlif for-maları var. Hamını özünə düşmən eləməklə heç kəsi inandıra bilməyəcəksən. Bir az rəftarın ol-sun, qılığın olsun.

Görürsən ki, biri düz danışmır. Denən ona ki, siz, görünür məsələyə hərtərəfli nəzər salma-mısınız, mənə elə gəlir ki, bu məsələyə bir də baxsanız, mənimlə razılaşarsınız. Yoxsa sənin ki-mi: siz heç bir şey qanmırsınız, nadansınız, cahil-siniz. Ona görə də…

– Ona görə də, – dedim, – sənin bu siyasət-çiliyin lap məni boğaza yığıb.

– Yaxşı, görürəm ki, səninlə adam kimi da-nışmaq olmaz. Gedək bizə çay içməyə…

Firuzun arvadı:

– Bilirsən, – deyirdi, – heç birimiz onu öyrət-məmişik. Bilmirəm heç bu sözləri hardan bilir, özü tapıb, deyir: anna, atta.

O bir yaşı təzə tamam olmuş oğullarından danışırdı Firuz o biri otaqda ev paltarlarını, məstlərini geyinib gəldi.

– Doğrudan, – dedi, – qəribədir. Bilirsən mən təzə bir nəzəriyyə icad eləmişəm. Mənə elə gəlir ki, dili uşaqlar yaradıblar. Böyüklər yox, məhz uşaqlar. Biz – böyüklər də onların düzəltdiyi söz-lərdən istifadə edirik. Seymur əmisi, de görüm, harda belə şirin bala görmüsən, kimin belə oğlu var, hə?..

Nə qədər eləyirdim telefon nömrəsini yada sala bilmirdim. İkinci yarısı yadımda idi, əvvəlin-dəki iki rəqəmi də yadımda idi, üçüncü rəqəm sı-fır idi, bəs ikinci – yadıma sala bilmirdim ki, bil-mirdim.

– Bura bax, Səmayə, o axşam sən hansı rəqə-mi dedin?