banner banner banner
Mir Cəlal xatirələrdə
Mir Cəlal xatirələrdə
Оценить:
Рейтинг: 0

Полная версия:

Mir Cəlal xatirələrdə

скачать книгу бесплатно

Mir Cəlal xatirələrdə
Müəllif kollektivi

Xatirə ədəbiyyatı #39
Kitabda böyük yazıçı, ədəbiyyatşünas alim, professor Mir Cəlalın “Bakı görüşləri” və “Parisdə görüş” adlı öz xatirə qeydləri, eyni zamanda, onun tələbəsi və sonradan dostu olmuş filologiya elmlər doktoru, professor Xalid Əlimirzəyevin “Mənəvi borc” kitabından alınmış xatirələr, professor Şəmistan Mikayılovun, əməkdar jurnalist Flora Xəlilzadənin, Züleyxa Məmmədqızının xatirələri toplanıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“Mir Cəlal xatirələrdə” kitabı ədibin 110 illiyi münasibətilə çap olunub.

Mir Cəlal xatirələrdə

“Xatirə Ədəbiyyatı” silsiləsindən 39-cu kitab

Mir Cəlalın xatirələri

BAKI GÖRÜŞLƏRİ

İyirminci illərin axırları, mülayim payız günləri idi. Rayon şəraitindən yenicə ayrılmış, pedaqoji institutda təhsilimi artırmaq üçün Bakıya gəlmişdim. Şəhər mühiti mənim üçün həm yeni, həm də maraqlı idi. Bakıda tanış olduğum ilk ev – Kiçik Qala küçəsindəki 16 nömrəli ev, balaca həyətin sağındakı dar pilləkənlərdən yuxarıda, ikinci qapıdakı mənzil Ədalətin mənzili olmuşdur.

Ədalət bizim institutda, yuxarı sinifdə oxuyan yoldaşımız idi. Atasının tələbələrə otaq kirayə verdiyini bizə dedi. Biz də həmin evin qapısını döyməli olduq.

Ədalətin atası idarələrin hansındasa hesabdar işləyirdi. Ancaq özü əhvallı, məlumatlı, ünsiyyətli adam idi. Biz kirayə elədiyimiz otağın qiymətini danışmaq istəyəndə bənd olmadı:

– Otaqdı, – dedi, – yaşayarsınız, eləcə hökumətə verdiyimiz kirəni, işığı, suyu ödəsəniz, bəsdir. Sizdən bir şey tələb olunmur. Ədalətin yoldaşlarısınız.

Biz öz aramızda belə danışdıq ki, üç yoldaş, hərəmiz on-on beş manat versək, ev sahibi razı qalar. Elə də elədik.

Ədalətin atası hesabdar Mirzə Qasım, doğrudan, əhvallı adam idi. Bizə kirəkeş, qonaq kimi yox, lap doğma övlad kimi baxırdı. Hər gün yoxlayırdı: işıq qaydasındadırmı, su gəlir, soba yanır, otaqlar təmizlənirmi? Cavanların bişmişinə, çayına baxan varmı? Məktəbə necə gedib-gəlirsiniz, nəqliyyatdan korluq çəkmirsiniz? Mirzə Kazım bizi xalqının yeniyetmə cavanları kimi əzizləyir, hər ehtiyacımız ilə maraqlanırdı.

Söhbət zamanları bir də görürdün ki, Mirzə Kazım tələsik qalxdı, yeyin addımlarla o biri otağa keçdi, iki dəqiqə sonra qayıdıb, sözünə davam etdi. Əvvəl buna təəccüb edirdik, soruşmağa da cəsarət eləmirdik.

Görünür, bunu hiss etmişdi. Bizim marağımızı görüb sözü açdı:

– Uşaqlar, – dedi, – mən lap qədimdən atalar sözü ilə məşğul olmağı sevirəm. Hacının (Hacı Zeynalabdinin) idarəsində çalışan zaman hesabdar dəftərimin altında ümumi dəftər saxlardım, istədiyim misalları dərhal qeyd elərdim. Sovet qurulandan sonra həmin misalları nəşriyyata verdim, çap elədilər! İndi o kitab əllərdədir.

Mirzə Qasım bütün danışıqlara, söhbətlərə diqqət yetirirdi. Özünün söz-söhbətlərində də bu nümunələrdən gətirirdi. Müsahiblər eşitdiklərinə bənzər təzə misal əlavə edəndə kişinin gözü işıqlanırdı. Qızıl tapmış kimi, təşvişə düşür, istədiyi misalı dönə-dönə təkrar edirdi:

Əzizinəm hər aylar,

Hər ulduzlar, hər aylar.

Başım cəllad əlində,

Dilim səni haraylar!

Mən bunu deyəndə kişi cəld qalxıb dəftər, qələm gətirdi, yazdı. Yenə təkrar etdi. Sonra valeh kimi dizinə döydü:

– Sözə baxın, siz Allah! Bir görün məhəbbəti belə od ilə deyən olubmu? Başım cəllad əlində, dilim səni haraylar! Yanan qəlbin alovunu, tonqalını bundan yaxşı necə demək olar?..

Mirzə Qasım ürəyini tərpədən misalı hər yetirənə, hətta, qoca nənəsinə bir şair eşqi ilə deyərdi. Deyərdi, sonra da izah edərdi:

– Bunu lap böyük şair, azəri xalqı deyib. Gör necə atəş ilə, necə məlahətlə deyib. Belə nümunələrin hər biri böyük xalqın məhəbbət dastanıdır. Biz nahaq yerə etinasız oluruq, toplayıb nəşr etmirik…

Mirzə Qasımın şifahi ədəbiyyata marağı bizi də qızışdırmışdı. Sinifdə yeri gələndə suallar verir, ədəbiyyat müəllimlərinin rəyini soruşurduq:

– Tanıyıram, – deyirdi, – Mirzə Qasım ilə mənim də söhbətim olub. O kişi ədəbiyyat həvəskarıdır.

Biz Mirzə Qasımın evində yalnız ədəbiyyatdan yox, ümumən şəhər həyatından, Bakının məişəti, adət-ənənələrindən də məlumat alır, öyrənirdik. Əli qələm tutan, yazmaq istəyənlərə redaksiyaların ünvanını öyrədir, istiqamət verirdi.

Mirzə Qasım ünsiyyətli kişi idi və bu ünsiyyət yalnız ailə-məişət çevrəsində qalmırdı. O, hadisələr, yeniliklər haqqında öz fikrini açıq deyən, müsahiblərini öz hökmlərinə inandırmağı bacaran adam idi. Mirzə Qasımın evinə qonaqlar, qonşular, qohumlar gəlib-gedirdi. Ev sahibi bizi də onlar ilə tanış etməyə çalışırdı.

– A filankəs, bunlar bizim ali məktəb tələbələridir, tanış olun!

Biz məmnuniyyətlə bu yeni, hörmətli adamlarla tanış olur, onların söhbətini maraqla dinləyirdik.

O zaman Bakıda ali məktəblərin sayı az idi. Aspirantura yalnız bir yerdə – Elmlər Akademiyası filialının yanındakı Dövlət Elmi Tədqiqat İnistutunda açılmışdı. Buraya həvəslənən ədəbiyyatçılar içərisində Heydər Hüseynov, mən, Mehdi Hüseyn, Səməd Vurğun var idik. İmtahanlardan çıxandan sonra məni, Mehdini, Heydəri qəbul elədilər. Səməd də bəzi çətinliklərdən sonra ədəbiyyat şöbəsinə daxil oldu.

Aspiranturanın müdirliyinə Ali Sovetdə sədr vəzifəsində olan Soltan Məcid Əfəndiyev təyin olunmuşdu. Qəbul haqqında əmri alandan, dərs cədvəlini öyrənəndən sonra yaşamaq yeri hayına qalmalı olduq. Aspiranturanın yataqxanası yox idi və buna təminat da verilmirdi.

Biz Soltan Məcidin yanına gedib yer xahiş edəndə bir qəbz yazıb, kəndli evindən bizə yer istədi. Həmin kağız ilə bizi (məni və Səmədi) ümumi yataqxanaya buraxmalı oldular. Aspiranturada təhsil alarkən mərkəzi təşkilatlar bizi tez-tez çağırır, müxtəlif tapşırıqlar verib işlədirdilər. Bir gün bütün aspirantları təbliğat şöbəsinə yığdılar. Kolxozlarda gəlir bölgüsünü keçirmək üçün göndəriləsi briqadalara qoşdular. Məni Göyçaya, İsmiyev deyilən bir raykom katibinin birqadasına salmışdılar. 40 gün Qaraməryəm rayonunda, Qarabaqqal, Bığır kəndlərində gəlir bölgüsü kampaniyasını keçirməklə məşğul olduq.

Qışın qarlı-çovğunlu günlərində bizi bu kənddən o biri kəndə qoşur, hesabdarların bütün kağız-kuğuzlarını yoxlayıb, qiymət verirdik. Həmin səfərdən topladığım təəssürat əsasında mən ilk oçerklər kitabının mühüm bir hissəsini (“Sağlam yollarda”) yazıb çapa verdim (1932). Həmin aylarda təzəcə yaz açıldığı, bağ-bağça çiçəkləndiyi bir zamanda sahil bulvarında gəzdiyim bir gündə ortaboy, qarayanız, qıvrım saçlı bir oğlanın mənə yaxınlaşdığını gördüm. Oğlan, görünür, nəsə mənə bir söz deməyə tələsirdi. Yaxınlaşan kimi, əlini mənə uzatdı və ərkyana bir səslə müraciət etdi:

– Tanış olaq, yoldaş Mir Cəlal!

Mən əl verdim, soruşmamış adını dedi:

– Mən Mehdi Hüseynovam. Sizi yaxşı tanıyıram. “Kommunist” qəzetinin redaktoru Əminbəyli yoldaş məndən bir komsomol üzvü, ədəbiyyatçı istəyir. Qəzetdə ədəbiyyat işlərini idarə eləmək lazımdır. Xahiş edirəm, sabah saat 10-da Az.App-a gələsiniz.

– Haradır ora?

– İsmailiyyədə, birinci mərtəbədə oluruq. Kimdən soruşsanız, yazıçıların otağını göstərərlər.

Səhərisi mən İsmailiyyəyə (indiki akademiyaya) getdim. Mehdi ilə görüşdüm. Mehdi mənim yanımda Əminbəyliyə zəng etdi və məni onun yanına göndərdi.

“Kommunist” qəzeti o zaman indiki mətbuat komitəsinin binasında olurdu.

Əminbəylini mən Gəncədən tanıyırdım. O, Maarif şöbəsinə, yaxud Maarif Xadimləri İttifaqına rəhbərlik edirdi.

Burada məsul redaktor olduğunu bilmirdim. Məni görən kimi, salamlaşıb yer göstərdi. Savadımı yoxlamağa başladı. Müəllimlər seminariyasını bitirdiyimi bilib sevindi və bir vərəq verib, işə girmək üçün ərizə yazmağımı tələb etdi.

Mən yazdım, diqqətlə oxudu, görünür, səhv axtarırdı, axtardı, tapa bilmədi. Kənarına nəsə yazdı, zəngi vurub kimisə çağırdı:

– Ədəbiyyat şöbəsinə məsul icraçı axtarırsınız, savadlı oğlandır. Götürün, qoyun işləsin!

Həmin gündən məni redaksiyaya işə götürdülər!

– Mən aspiranturada oxuyuram, mane olmazlarmı?

Əminbəyli əlini tovaladı:

– Xulufluya deyərəm, oxumağına mane olmarıq, işində ol.

Mənim aspirantura təhsilinə olduğu qədər “Kommunist” kimi hörmətli bir qəzet idarəsində işləməyə də həvəsim vardı. Cavadov Fərhad adlı bir kök adamı mənə göstərdilər ki, şöbə müdirinizdir. Bütün göstərişləri o verəcək!

Cavadov otağındakı şkaflarından birini açdı, bir neçə toz bağlamış məktub bağlaması çıxardı.

– Bunlar, – dedi, – rayonlardan göstərilən həvəskar müxbir məktubları, bir-bir oxu, yararlıları seç, hazırla, çapa verək, amma çox ixtisar elə, məktubdan bir neçə cümlə götürsən, bəsdir.

Mən nə zamandansa burada “həbs olunmuş” yazıq məktubların qatını açıb diqqətlə oxumağa, yoxlamağa başladım. Bunların içində şeir, hekayədən başqa xəbər, şikayət də var idi.

Məktubları düzəltməyə yox, əvvəlcə bir-bir oxuyub başa çıxmağa, məzmunlardan xəbərdar olmağa çalışırdım. Nə qədər qəribə və gözlənilməz olsa da, burada vaxtilə özümün Gəncədən, Gədəbəydən yazdığım məktub, oçerkləri, hekayələri tapdım və sevinclə onları təkrar oxuyub düzəltdim. Öz məktublarımı şöbə müdirinə yox, birbaş Əminbəyli yoldaşa oxuyub, çapına icazə istəməyi lazım bildim.

Əminbəyli əsasən Gəncədən olan bu məktubları maraqla dinləyir, səhifə başa çatmamış hökmünü verirdi:

– Yaxşıdır, ədəbiyyat səhifəsində ver, getsin çapa.

Bu qayda ilə unudulmuş, tərk edilmiş ilk yazıların çoxu həyat işığı görməyə imkan tapdı. Mənim sevincimin hüdudu yox idi.

Bir gün qəzetimizdə müsabiqə elanı verildi. Pambıq yığımından yazılan yaxşı oçerklərə mükafat təyin olunmuşdu. müsabiqə qapalı idi. Çoxları buraya əsərlər yazdılar, mən də gizli imza ilə “Qələbənin açarı” adlı bir oçerk yazdım. Bir neçə gün keçməmişdi ki, müsabiqə materialları yoxlanıb saf-çürük edildi. Bir gün məni baş redaktorun yanına çağırdılar. Əminbəylinin otağına girəndə qabağında öz yazımı gördüm.

O, əsəri yazı manerasından, materialın məzmunundan tanımışdı. Mülayim və xoş əda ilə soruşdu:

– Bu oçerki sən yazmısan?

Redaktorun zənnini çaşdırmaq istəmədim:

– Bəlim, – dedim, – mənimkidir!

– Yaxşı yazmısan, – dedi, – sağ ol!

Həmin oçerki qəzetdə nəşr etdirdi və mükafata da təqdim etdi.

“Kommunist”də iki, “Gənc işçi”də dörd illik həvəsli işim müasir, canlı, operativ, ayıq mühakiməyə hazırlaşmaqda mənə mühüm təsir göstərirdi. Mətbuatın bu gözəl tərbiyə məktəbini mən heç vaxt unutmaram.

İbrahim Əminbəyliyə, görünür, işim xoş gəlmişdi. Məni tamam təhsildən ayırmaq, redaksiyada saxlamaq fikirində idi. Mən isə oxumaqdan ayrılmaq istəmirdim. Aspiranturada qalmaq istəyirdim. Bu ixtilaf üzündən o kişi ilə danışmalı oldum. Sonra “Gənc İşçi” qəzetinə keçdim.

İxtilafın təfsilatı belə oldu…

Əminbəyli məni bir aylığa Bərdə rayonuna pambıq yığımı kampaniyasına səfərbərliyə göndərmişdi. Həmin ayı səy ilə işlədim, rayon həyatından çox yazılar yazıb çap etdirdim.

Səfərbərlik vaxtını qurtarandan sonra Bakıya qayıtdım. Maaşımı almaq üçün redaksiyaya gələndə Əminbəyli acıqlandı:

– Niyə gəlmisən?

– Vaxtım qurtarıb.

– Çox da qurtarıb, nahaq gəlmisən.

– Nə üçün?

– Hələ Bərdə rayonu planı ödəməyib.

– O məndən aslı deyil.

– Sən get rayona, maaşını da oraya göndərərik!

– O halda məni aspiranturadan kənar eləyərlər, mən akademiyanın icazəsi olmadan gedə bilmərəm.

Əminbəylinin deməyə sözü qalmadı. Ancaq mənim maaşımı verməyə də qol çəkmədi.

– Yazın maaşımı versinlər.

– Maaşı rayonda gedib alarsan!

– Mən rayonda işə girməmişəm.

– Get oraya, göndərərik!

Yoldaşlarımdan birinə, Mehrab adlı bir hüquqşünasa bu əhvalatı danışanda dedi:

– Maaşı saxlamağa sovet idarələrində heç kəsin haqqı yoxdur. Ver məhkəməyə, dərhal alsınlar.

Tənbəllik eləmədim, balaca bir ərizə ilə məhkəməyə müraciət etdim.

O vaxta qədər güman eləməzdim ki, məhkəmə sıravi bir əməkçinin ixtilafında yüksək vəzifəlilərə töhmət eləyə.

Məhkəmə iclasına gedəndə gördüm ki, redaksiya öz nümayəndəsini – məsul redaktorun müavinini, bir nəfər də kimi isə bu iş üçün göndərib. Məni vahimə bürüdü.

Məhkəmə sədri Rəsizadə familiyalı sadə bir qadın idi. Mənim ərizəmi oxudu və redaksiyanın nümayəndəsindən soruşdu:

– Bu oğlanın maaşını niyə vermirsiniz?

Redaktor müavini tribunada nitq deyən kimi, başladı nağıl danışmağa.

– Mir Cəlal yoldaş özü komsomol təşkilatının məsul katibi ola-ola (mən, doğrudan da, redaksiya komsomol özəyinin katibi idim), özü pambıq kampaniyasının əhəmiyyətini bilə-bilə, işin bu qızğın vaxtında…

Məhkəmə sədri onun sözünü kəsdi:

– A kişi, nağıl açma! De görüm, oktyabr, noyabr aylarında bu oğlan sizdə işləyib, ya yox?

– İşləyib!

– Maaşını alıb, ya yox?

– Zaddı…

– Alıb, ya yox, cavab ver!

– Maaşını rayona göndərmişik.