banner banner banner
Artemis Faul
Artemis Faul
Оценить:
Рейтинг: 0

Полная версия:

Artemis Faul

скачать книгу бесплатно


– Razılaşdıq, – qarı tez razılaşdı. – Bu variant məni qane edir.

– Dayanın, tələsməyin. Əgər biz buradan Kitabsız qayıtsaq, maksimum bir gündən sonra siz öləcəksiniz.

– Bir gün sonra? Ha-ha! Bir gün sonra! – Türkəçarə qəhqəhə çəkdi. – Mən sən öləndən sonra hələ yüz il də yaşayacam. Hətta bizimkilərdən bura, insanların dünyasına gələnlər də əsrlərlə yaşayır.

– Amma yarım litr müqəddəs suyu birnəfəsə başına çəkənlər yox, – Artemis barmaqları ilə boşalmış butulkaya döyəcləyərək qeyd etdi.

Qəfildən rəngi qaçan qarı dəhşətli nalə çəkdi.

– Müqəddəs su! Sən məni məhv etdin, ey insan!

– Bu doğrudur, – Artemis etiraf etdi. – Bu dəqiqələrdə sizin daxilinizdə dəhşətli hərarət başlayacaq.

Qarı tərəddüdlə qarnını əllədi.

– Bəs ikinci variant?

– Aha, deməli, siz məni dinləməyə hazırsınız? Yaxşı. Beləliklə, ikinci variant. Siz öz Kitabınızı müəyyən müddətə mənə verirsiniz. Yarım saatdan sonra isə mən sizə həm Kitabınızı, həm də itirilmiş sehrli qüvvənizi qaytarıram.

Qarının çənəsi sallandı:

– Mənə sehrbazlığı qaytarırsan? Lakin bu mümkün deyil!

– Nəyə görə? Elə yaxşı mümkündür ki. Məndə iki ampula var. Onlardan biri Tara dairəsinin altmış metrliyindəki sehrli quyudan götürülmüş əsas sudur. Bu, yəqin ki, yer üzündə olan ən sehrli yerdir. Birinci ampula müqəddəs suyun təsirini neytrallaşdırır…

– Bəs ikincisi?

– …İkinci ampulanın içində isə insan tərəfindən yaradılmış sehrli maddə vardır. Alkoqolla qidalanan virus üstəgəl böyümə hormonu. Bu qarışıq sizin bədəninizdən bütün düyü arağını son damlasınadək yuyub aparacaq, sizi alkoqol asılı-lığından xilas edəcək və hətta dağılmış qaraciyərinizi bərpa edəcək. Əlbəttə, elə də xoşagələn proses deyil, amma bir gündən sonra siz elə gümrah olacaqsınız ki, sanki yaşınız yenə də mindən yuxarı deyil.

Türkəçarə acgözlüklə dodaqlarını yaladı. O, yenə də sehrli xalqın yanına qayıda biləcək? Şirnikləndirici səslənir.

– Bəs mən haradan bilim ki, sənə etibar etmək olar, ey insan? Sən artıq bir dəfə məni aldatmısan.

– Haqlı sualdır. Mən belə bir çıxış yolu təklif edirəm. Əsas suyu mən sizə elə indi verirəm. Amma müalicəvi vasitəni isə mən Kitabı gördükdən sonra verəcəyəm. İstəyirsiniz – razılaşın, istəmirsiniz yox.

Qarı fikrə getdi. Mədəsində artıq xoşagəlməz yanğı başlanmışdı. O, əlini uzatdı:

– Razıyam.

– Mən elə belə də bilirdim. Nökər?

Yekəpər xidmətçi içərisində şpris və iki ampulanın olduğu yumşaq futlyarı açdı. Nökər ampulalardan birinin içərisindəki mayeni şrpisə çəkərək qarının toxunarkən yapışqan kimi olan qoluna vurdu. Qarı bir anlığa donub qaldı, amma elə həmin an da yüngülləşdi.

– Güclü əfsundur, – deyə o, nəfəs verdi.

– Güclüdür, – Artemis təsdiqlədi. – İkinci iynə isə sizə itirilmiş güclərinizi qaytaracaq. Amma əvvəlcə – Kitab.

Əlini çirkli paltarının büküşləri arasına salaraq qarı orada qurdalanmağa başladı. Bu axtarışlar sanki bir əsr davam etdi. Artemis nəfəsini dayandırdı. Budur o… Tezliklə Faullar yenə də möhtəşəm olacaqlar. İmperiya dirçələcək, onun başında isə o – ikinci Artemis Faul dayanacaq.

Nəhayət ki, şəfaverici paltarlarının dərinliyindən sıxılmış yumruğunu çıxardı.

– Onsuz da onun sənə bir faydası olmayacaq. Kitab qədim dildə yazılıb.

Artemis səssizcə başını tərpətdi. O qorxurdu ki, səsi onun gərginliyini üzə çıxardar.

Qarı düyünlü barmaqlarını açdı. Ovcunda kibrit qutusu boyda xırda qızılı bir cild var idi.

– Buyur, ey insan. Sizin otuz dəqiqəniz var. Çox yox.

Nökər ehtiramla kitabı ondan qəbul etdi. Miniatür rəqəmsal kameranı qoşaraq o, nazik səhifələri bir-bir çəkməyə başladı. Bu proses cəmisi bir neçə dəqiqə çəkdi. Tezliklə bütün kitabın içindəkilər fotokameranın çipinə köçürüldü. Lakin Artemis risk etməyi sevmirdi. Dünyanın bütün hava limanlarında quraşdırılmış xüsusi avadanlıq mühüm informasiya daşıyan bu çiplərdən çoxunu məhv etmişdi. Buna görə də o, xidmətçisinə tapşırdı ki, faylı mobil telefona köçürsün, oradan da elektron poçtla Faulların Dublində yerləşən malikanəsinə yollasın. Heç yarım saat keçmədi ki, Kitabın içərisindəkilərin olduğu fayl etibarlı yerə – Faullara məxsus bilgisayar-serverinin yaddaşına ötürüldü.

Artemis xırda cildi qanuni sahibinə qaytardı.

– Sizinlə işləmək çox xoş idi…

Qarı səntirləyərək dizləri üstünə qalxdı.

– Bəs ikinci maddə, ey insan?

– Ah əlbəttə, – Artemis gülümsündü, – sehrli qüvvələri qaytaran maddə. Deyəsən axı, mən həqiqətən söz vermişdim.

– Bəli. İnsan söz verdi.

– Çox gözəl. Amma qabaqcadan xəbərdar etmək istəyirəm: orqanizmin təmizlənməsi – çox ağrılı prosesdir. Çətin ki, xoşunuza gəlsin.

– Necə bilirsən, bütün bunlar mənim xoşuma gəlir? – O, əli ilə onu əhatə edən çirkab və miskinliyi göstərdi. – Mən yenə də uçmaq istəyirəm.

Nökər ikinci ampuladakı maddəni şprisə çəkdi və iynəni qarının yuxu arteriyasına vurdu.

Qarı sanki beli qırılmış kimi yerə yıxıldı və bədəni şiddətlə titrəməyə başladı.

– Gedək burdan, – Artemis xidmətçisinə tərəf döndü – İndi son yüz il ərzində qəbul etdiyi bütün alkoqol onun bədənindən çıxacaq. Heç də xoşagələn mənzərə olmayacaq.

Nökərlər Faullara artıq bir əsrdən çox xidmət edirdilər. Faullar nə vaxtdan var idilərsə, elə o vaxtdan onların yanlarında sadiq Nökərlər olmuşlar. Bəzi məşhur linqvistlər ciddi olaraq hesab edirlər ki, eyni adlı peşə öz adını məhz Nökər soyadından götürüb. Əslində isə, bu qeyri-adi birlik barədə ilk əlyazmalar böyük səlib yürüşlərindən birinin vaxtlarına təsadüf edir, o zamanlar Vercil Nökər adlı bir şəxs müqavilə üzrə lord Huqo de Faul üçün xidmətçi, aşbaz, cangüdən qismində tutulmuşdu.

İsraildə indiyədək özəl tədris mərkəzi vardır, burada Nökər nəslinin nümayəndələri on yaşlarından təlim keçirlər. Məhz orada onlar, Faullar nəslinin qorunması üçün zəruri olan xüsusi bacarıqları öyrənirlər ki, buraya yüksək səviyyəli kulinariya, sərrast atış, hərb sənətinin incəlikləri, ilkin tibbi yardım göstərmək bacarığı və informasiya texnologiyalarına yiyələnmək aiddir. Əgər onlar təlimi bitirərkən Faullardan heç birinin xidmətçiyə ehtiyacı olmazdısa, o zaman, onları çox böyük həvəslə müxtəlif kral evlərinə, əsasən Monakoya və ya Səudiyyə Ərəbistanı krallıqlarına qəbul edirdilər.

Lakin əgər Nökərlərdən kimsə Faullardan kimisə öz himayəsinə götürürdüsə, onlar heç zaman ayrılmırdılar. Bəli, iş ağır, cansıxıcı iş idi, lakin mükafatı da artıqlaması ilə edilirdi – əlbəttə, bu mükafatdan istifadə etmək üçün sağ qalmaq imkanı olduqda. Əks halda Nökər ailəsi altırəqəmli ədədlə ifadə olunan səxavətli kompensasiya, üstəgəl aylıq pensiya alırdı.

İndiki Nökər gənc Artemisi artıq on iki ildi, yəni o, doğulandan bəri qoruyurdu. Əsrlərdən bəri yaranmış qaydalara riayət etmələrinə baxmayaraq, onların münasibətləri adi ağa və xidmətçi arasındakı münasibətlərdən daha yaxın idi. Mahiyyət etibarilə, Artemis Nökər üçün ən yaxın dosta çevrilmişdi, Nökər isə öz növbəsində Artemisə onun atasını əvəz etmişdi (bütün əmrlərini bir-bir yerinə yetirən ata – hər bir oğlanın arzusudur).

Hava limanınadək bütün yolu Nökər təmkinlə susdu və yalnız Banqkokdan Xitrouya uçan təyyarənin bortunda dillənməyə cəsarət tapdı:

– Ser?

Artemis gözünü noutbukunun ekranından ayırdı. O, artıq Kitabın tərcüməsinə başlamışdı.

– Nədi?

– Bu türkəçarəçi… Onun əlindən Kitabı sadəcə almaqdan asan nə var idi ki? Öz sehri olmadan qarı çox yaşamazdı.

– Meyid – hər zaman dəlildir, Nökər. Belədə isə sehrli xalqcığın şübhələnmək üçün heç bir səbəbi olmayacaq.

– Bəs qarının özü?

– Çətin ki, o, Kitabı insanlara göstərdiyini etiraf etsin. Lakin mən qabaqcadan işimi ehtiyatlı tutub, ikinci ampulaya qismən amneziya yaradan maddə qatmışdım. Son həftənin bütün hadisələri onun yaddaşından silinəcək.

Nökər ehtiramla başını tərpətdi. Hamını və hər şeyi iki addım qabaqlamaq – budur cənab Artemisin dəst-xətti. Necə deyərlər, ot kökü üstə bitər. Amma yox, ustad Artemis ot deyil, o, artıq yeni bir ağacdır və onun kimiləri dünya hələ görməyib.

Bir qədər sakitləşərək Nökər “Silah və hərbi sursatlar”ın yeni nömrəsini oxumağa qayıtdı. Bəs kainatın sirrləri?… O, bu məsələlərdə bütünlüklə öz gənc ağasına etibar edirdi.

İkinci fəsil

TƏRCÜMƏ

Siz yəqin artıq anladınız, öz məqsədinə çatmaq üçün Artemis Faul demək olar, hər şeyə hazır idi. Bəs bu nə məqsəd idi? Durub dünyanın o başına getmək, alkoqol iliyinə işləmiş türkəçarəçi qarını şantaj etmək nəyə lazım idi? Cavab çox sadədir. Hər şeyin səbəbi – qızıldır.

Artemisin axtarışları yuxarıda təsvir edilmiş hadisələrdən iki il əvvəl, o, İnterneti özü üçün kəşf etdiyi zamandan etibarən başlanmışdı. Tezliklə Artemis qeyri-adi hadisələrə:

insanların yadplanetlilər tərəfindən oğurlanmasına, UNO-larla görüş və s.-dən bəhs edən saytlara rast gəldi. Lakin han-sısa qəribə irqin mövcudluğu haqda məlumat onu xüsusilə maraqlandırdı.

Giqabaytlarla məlumatları nəzərdən keçirərək, o, yüzlərlə istinad aşkara çıxardı. Dünyanın hər bir ölkəsində bu sehrli varlıqları bir cür adlandırırdılar, lakin Artemis bir saniyə də olsun şübhə etmirdi ki, söhbət eyni irqdən gedir. Bir neçə dəfə hətta bu sirli xalqcığın hər bir nümayəndəsində olması vacib olan Kitab da təsvir olunmuşdu, içərisində sehrli varlıqların tarixi və onların riayət etməli olduqları ehkamlar təsvir edilmiş Bibliyaya bənzər kitab. Adi insanlar onun sehrli mətnini oxuya bilməsinlər deyə, aydın məsələdir, Kitab cırtdanların dilində yazılmışdı.

Lakin Artemis, texnologiyaların çağdaş imkanlarında Kitabın çevrilməsini tamamilə mümkün olan bir iş hesab edirdi. Sonra isə… Təkcə bu qeyri-adi varlıqların, Kitabın sahiblərinin bütün sirlərini öz xeyrinə istifadə etmək qalır.

“Öz düşmənini tanı” – Artemisin devizi belə idi. Bu oğlan problemin həllinə tamamən baş vurmuşdu və sehrli xalqcıq üzrə ensiklopediya hazırlamışdı.

Lakin bu az idi. O zaman Artemis İnternetdə belə bir elan yerləşdirdi.: “İrlandiyalı biznesmen elf, leprekon, sprayt, piksi və ya sehrli tayfanın istənilən digər nümayəndəsi ilə görüş üçün amerika dollarları ilə böyük məbləğdə pul ödəməyə hazırdır”. Bundan sonra yağış kimi yağan təkliflərin əksəriyyəti saxta çıxdı, lakin Xo Şi Minə səfər onun bütün gözləntilərini üstələdi.

Yəqin ki, Artemis planetdə yaşayan yeganə insan idi ki, öz qeyri-adi tapıntısından maksimal qazanc əldə etmək istəyirdi. Birincisi o, hələ sehrbazlığa öz uşaq inamını itirməmişdi, ikincisi də bu sehrə sahib olmaq qətiyyəti onun inamını daha da möhkəmləndirirdi. Bu qiymətli xəzinələri sehrli xalqcığın əlindən ala biləcək bir kimsə var idisə o da – ikinci Artemis Faul idi.

Dublindəki malikanələrinə Artemis Faul və Nökər səhərə yaxın çatdılar. Artemis bilgisayarın arxasına keçmək və Kitabla işləmək üçün səbirsizlənirdi, amma o, əvvəlcə anasına baş çəkməyi qərara aldı.

Angelina Faul yataq xəstəsi idi. Onun xəstəliyi əri itkin düşdükdən dərhal sonra başlanmışdı. “Hər şeyin səbəbi sinir gərginliyidir, – həkimlər belə deyirdilər. – Heç nə ilə kömək etmək mümkün deyil, yalnız sakitlik və yuxu dərmanları lazımdır”. Anası artıq bir il idi ki, xəstə idi.

Anasının otağına aparan pilləkənin alt qatında Nökərnin kiçik bacısı Cülyetta əyləşmişdi. Parıltılı kiprik tuşu qızın divarı deşən qaşqabaqlı baxışını daha da ifadəli edirdi. Artemis Cülyettanı artıq bir dəfə bu vəziyyətdə görmüşdü – həmin gün Cülyetta bir sırtıq heyvərəni, pizza daşıyanı supleksləmişdi. “Supleksləmə”, Artemisin başa düşdüyü qədər idman mübarizəsinin fəndlərindən biridr. Qız uşağı üçün tamamilə qeyri-adi məşğuliyyətdir. Nə isə, axı o Nökərlər nəslindən idi…

– Cülyetta, nəsə baş verib? Cülyetta tələsik başını qaldırdı.

– Mən çox təqsirkaram, Artemis. Yəqin mən pərdələri yaxşı bağlamamışam. Missis Faul bu gecə gözlərini heç yummayıb.

– Hm, – deyərək Artemis palıd ağacından düzəlmiş pillələrlə asta-asta yuxarı qalxmağa başladı.

Anasının vəziyyəti onu narahat edirdi. Anası artıq çoxdan idi yataq otağını tərk etmir və adam arasına çıxmırdı. Lakin digər tərəfdən, əgər o, hansısa sehrli bir yolla həyata qayıtsaydı, Artemisin hüdudsuz azadlığının sonu gələcəkdi. Yenidən məktəbə getmək lazım gələcəkdi və – əlvida, qanunsuz həyat.

O, ehtiyatla ikitaylı qapını döydü.

– Ana? Yatmısan?

Qapının o biri tərəfində nəsə sındı. Gələn səsdən belə başa düşmək olardı ki, sınan nəsə qiymətli bir əşya idi.

– Yoox, yatmıram! Belə gözqamaşdıran işıqda mən necə yata bilərəm?!

Artemis kandarı keçməyə risk etdi. Məxmər pərdələr arasındakı çox ensiz yarıqdan solğun işıq zolağı düşərək, qədim, bəzəkli çarpayıya sərt kölgələr buraxırdı. Angelina Faul yumaq kimi büzüşərək çarpayının bir küncünə qısılmışdı; onun solğun əlləri alaqaranlıqda səyriyirdi.

– Artemis, balacan, sən harada idin? –

Artemis köks ötürdü. Anası onu tanıdı. Yaxşı əlamətdir.

– Məktəb ekskursiyasında idim, anacan. Avstriyada xizəklə sürüşürdüm.

– A-a, xizəklə… – Angelina uzatdı. – Xizəklə sürüşməkdən ötrü necə də darıxmışam! Bəlkə atan qayıdanda, biz hamımız…

Artemis boğazında qəhər hiss etdi. Lakin hisslərin ona xas olmayan təzahürünün cəld öhdəsindən gəldi.

– O, mütləq qayıdacaq, anacan.

– Oğlum, sən bu lənətə gəlmiş pərdələri bağlaya bilərsən? Qorxunc, dəhşətli işıqdır!

– Əlbəttə, anacan.

Artemis əlləri ilə yoxlaya-yoxlaya, necə gəldi durmuş paltar sandıqlarını dolanıb keçərək otağın o biri tərəfinə keçdi. O, qəfildən pəncərələri taybatay açmaq istəyi hiss etdi, lakin… Artemis sadəcə bir dəfə də köks ötürdü və pərdələri bağladı.

– Çox sağ ol, əzizim. Yeri gəlmişkən bu qulluqçudan canımızı qurtarmalıyıq. O, heç bir işə yaramır.

Artemis dilinin ucunda olan sözləri güclə saxladı. Cülyetta artıq üç ildi onların evində xidmət edirdi və bu müddət ərzində özünü çox yaxşı aparmışdı. Lakin anasının xəstəliyi ona bəzi üstünlüklər verirdi.

– Əlbəttə, sən haqlısan, ana. Mən çoxdandır bunu etmək istəyirdim. Həm də Nökərnin bir bacısı var, o, bu işin öhdəsindən yaxşı gələr. Deyəsən, mən onun haqqında sənə artıq danışmışam. Onun adı Cülyettadır.

– Cülyetta? – Angelina üz-gözünü turşutdu. – Hə, hə, adı sanki tanış gəlir. Nə isə, indi bizdə işləyən qızdan pis olmayacaq. O, nə vaxt işə başlaya bilər?

– Elə bu gün. Qız qonaq otağında gözləyir. Mən Nökərdən xahiş edəcəyəm ki, onu sənin yanına gətirsin..

– Sən çox xeyirxah oğlansan, Artemis. İndi isə gəl ananı öp.

Artemis anasının geniş xalatının kölgəsinə tərəf addımladı. Xoş, güclə sezilən ətir hiss etdi – gölməçənin səthində üzən gül ləçəklərindən bu cür ətir gəlir. Angelina Faulun əlləri soyuq və zəif idi.

– Mənim əzizim… – anası pıçıldadı və bu pıçıltıdan Artemisin tükləri ürpəşdi. – Mən qəribə şeylər eşidirəm. Gecələr. Onlar balışların üzəri ilə sürünürlər, mənim qulaqlarıma girirlər…

Artemis yenə də qəhərləndiyini hiss etdi.

– Anacan, bəlkə mən pərdələri açım?

– Yox! – Anası ağladı və qollarını boşaltdı. – Bircə bunu etmə. Axı o zaman mən onları görərəm!

– Ana, xahiş edirəm…

Lakin onu dilə gətirmək faydasız idi. Angelina yenə yatağın uzaq küncünə qısıldı və yorğanı çənəsinədək üstünə çəkdi.