banner banner banner
Mauqli
Mauqli
Оценить:
Рейтинг: 0

Полная версия:

Mauqli

скачать книгу бесплатно

– Hə, buna görə bir neçə şapalaq yeməyin zərəri yoxdur. Vaxt gələr, bu sözlərin qiymətini bilərsən. İndi cəngəllikdə Mauqlini heç bir təhlükə gözləmir – nə quşlardan, nə ilanlardan, nə də dördayaqlılardan.

– Öz tayfasından başqa, – deyə Bahirə yavaşca öz-özünə pıçıldadı.

– Mənim öz tayfam olacaq, – deyə birdən Mauqli dilləndi. – Bizim ərazimiz cəngəlliyin ağacları olacaq.

Balu ilə Bahirə insan balasının sözlərindən heç nə anlamayıb təəccüblə bir-birinə baxdılar. Birdən Balu onun dediklərini başa düşdü.

– Sən bandarloqları, meymun tayfasını nəzərdə tutursan?

Mauqli Bahirəyə baxdı ki, görsun o da acıqlanır, ya yox. Bəbirin gözləri hiddətlə parıldayırdı:

– Sən meymunlarla tanışlıq edirsən? Eyib deyilmi sənə?!

– Niyə eyib olmalıdır? Balu məni döyəndə onlar ağacdan düşüb mənim könlümü alır, mənə qoz, meyvə gətirirlər. Özləri də mənə dedilər ki, mən onların tayfasındanam, çünki onlara oxşayıram, bircə quyruğum yoxdur. Mən böyüyəndə onların başçısı olacağam.

Balu Mauqlinin boynundan yapışıb dizi üstünə qoydu, yumşaq yerinə yaxşı bir şapalaq ilişdirdi. Sonra acıqlı-acıqlı nərildədi:

– Qulaq as mənə, insan balası! Meymunlar cəngəllikdəki başqa heyvanlar kimi deyillər. Onlar qanun nədir, bilmirlər, onların başçısı olmur. Bu məxluqlar qabaqlarına nə gəldi yeyirlər, onun-bunun ağzını yamsılayırlar. Özləri də oğrudur, murdar və həyasız tayfadır. Cəngəllikdə heç bir tayfa onlarla yaxınlıq etmir. Onlardan hər şey gözləmək olar.

Elə bu zaman ağacların budaqlarından onların başına dolu kimi qoz yağdı, hündürlükdən öskürək, zingilti və sıçrayış səsləri eşidildi.

Bahirə Balunu məzəmmət etdi:

– Məgər sən indiyə kimi onu xəbərdar etməmisən?

– Mən haradan biləydim ki, o belə zibillərlə oturub-duracaq?!

Balunun dedikləri həqiqət idi. Meymunların çox murdar xasiyyətləri vardı. Onlar ağacların zirvələrində yaşadığından cəngəllik heyvanları onlara fikir vermirdi. Bu iyrənc məxluqların yaddaşı yox idi, ona görə də onlar özlərinə nə qanun yarada, nə də başçı seçə bilirdi. Həmişə də hər vəchlə cəngəllik heyvanlarının diqqətini özlərinə cəlb etmək istəyirdilər.

Nə vaxt idi ki, bandarloqlar Mauqliyə göz qoyurdular. Onun iki ayağı üzərində yeridiyini görüb öz tayfa-larından olduğunu güman edirdilər. Lakin onlardan fərqli olaraq Baludan dərs almış Mauqli müxtəlif heyvanların dilində danışmağı bacarır, suda balıq kimi üzür, cəngəllik lianalarından kəndir hörür, ağacda koma düzəltməyi bacarırdı. Odur ki meymunlar Mauqlini özlərinə başçı seçməyi qərara almışdılar. Belə bir bacarıqlı, ağıllı başçıları olsa, cəngəllikdəki başqa tayfalar onlarla hesablaşardı.

Meymunlar haqqında həqiqəti eşidən Mauqli onlarla yaxınlıq etdiyindən çox xəcalət çəkdi.

İnsan balası meymunların əsirliyində

Günorta istirahətininvaxtı yetişirdi. Balu ilə Bahirə bir ağacın altında uzanıb mürgülədilər. Mauqli də onların arasında özünə yer eləyib uzandı. Bir azdan hər üçünü şirin yuxu apardı.

Birdən Mauqli yatdığı yerdə kiminsə qaba əllərinin onun çiynindən və ayaqlarından yapışdığını hiss etdi. Sonra üzünə çırpılan budaqlar onu yuxudan oyatdı.

Bu, bandarloqlar idi. Onlar Mauqlini oğurlayıb qaçırırdılar – ağacların zirvələrində onu bir-birinə ötürür, böyük cəldliklə həmin yerdən uzaqlaşırdılar.

Bir azdan Balunun nəriltisi eşidildi. Bahirə bir göz qırpımında bir ağacdan o birinə tullanaraq Mauqliyə çatmağa çalışırdı. Lakin meymunların məskən saldığı ağac zirvələrindəki nazik budaqlar onun ağırlığına davam gətirə bilməzdi.

– Bahirə bizi gördü. İndi cəngəllikdə hamı bizdən danışacaq, – deyə meymunlar cır səslə bağırırdılar.

Bir neçə qüvvətli meymunMauqlinin əl-ayağından yapışmışdı. Onlar boş əlləri və ayaqları ilə budaqlardan tutaraq ağacdan-ağaca elə tullanırdılar ki, heç yerlə qaçan maral da onlara çata bilməzdi. Yerdən 20–30 metr hündürlükdə bu uçuş əvvəlcə Mauqlinin xoşuna gəldi. Sonra o oğurlandığını başa düşüb bunu dostlarına xəbər vermək haqqında düşündü. Sıx ağacların zirvəsindən yer görünmürdü və heç bir cəngəllik heyvanına xəbər çatdırmaq mümkün deyildi. Mauqli yuxarı, səmaya baxdı. Bu vaxt cəmdək tapmaq ümidi ilə cəngəllik üzərində qanad çalan quzğunu – Çili gördü. Çil meymunların nə isə apardığını görüb bir qədər aşağı enmişdi. Onun iti gözləri Mauqlini gördü. Quzğun sürüdə yaşayan insan balası haqqında eşitmişdi. Başa düşdü ki, meymunların qəniməti həmin insan balasıdır. Çil sürətlə qaçan meymunların üzərində dövrə vurub uçurdu ki, birdən uşağın səsini eşitdi:

– Səninlə mən qan qardaşıyıq – sən və mən! Mənim yolumu yadında saxla! Sion sürüsündən Baluya və qaradərili Bahirəyə xəbər çatdır.

– Kimdən, qardaş? – Çil dəqiqləşdirmək istədi.

– Bala qurbağadan… Mauqlidən.

Çil bir qədər də onların arxasınca uçdu. Mauqlini aparan bandarloqların son dayanacağını bilmək istəyirdi.

Həminvaxt Balu ilə Bahirə meymunların getdiyi istiqamətdə var gücləri ilə qaçırdılar. Bahirə geridə qalan yastıdabana ağzından çıxanı deyirdi:

– Balacanı döyüb bədənini göyərtməkdənsə, bandarloqların necə məkrli olduğunu ona başa salaydın…

Yanlarını basa-basa, tövşüyə-tövşüyə qaçan qoca Balu az qala canavar kimi ulayırdı:

– Uuu… Məni görüm quru sümükdən başqa yeməyə heç nə tapmayım. Qoy məni cəngəlliyin bütün arıları sancsınlar! Axı niyə mən Mauqlini başa salmadım, onu qorumadım? Tez ol, Bahirə, tez ol!..

– Sən mənə deyirsən "tez ol"? Bir özünə bax! Bir mil də belə qaçsan, cəngəllikdə balalar müəllimsiz qalacaqlar. Qoy qalsınlar! Sənin kimi müəllimin olmağındansa, heç olmamağıyaxşıdır. – Bahirənin hirsi soyumurdu. – Yaxşısı budur, gəl oturaq fikirləşək. Bandarloqlar Mauqlini hara apara bilərlər? İnsan balası meymunların nəyinə lazımdır?

Onlar dayanıb bir kötüyün üstündə oturdular. Balu tərini silib dedi:

– Təki onu əylənmək xatirinə yuxarıdan yerə atmasınlar. Əgər Mauqli Müqəddəs Sözü unutmayıbsa, o zaman xilas olacaq.

Birdən Balunun ağlına bir fikir gəldi:

– Bandarloqların cəngəllikdə qorxduğu yeganə canlı – əfi ilan Kaadır. O da meymunlar kimi ağacların əlçatmaz yerlərinə dırmaşa bilir, gecələr onların balalarını oğurlayır. Kaanın adı gələndə meymunlar tir-tir əsirlər.

– Kaa bizə kömək edərmi? Axı o, bizim tayfadan deyil.

– Biz ona çoxlu dağkeçisi vəd edərik. Əgər ac olsa, razılaşar.

Bahirə Kaaya çox da etibar etmirdi. Doğrusu, başqaları kimi o da dağ əfisindən qorxurdu, çünki Kaanın gözləri çox zəhmli idi. Ancaq başqa əlac yox idi. Mauqlinin dostları Kaanın yanına yollandılar.

Dağ əfisi qayalıqda, günəş altında uzanıb qızınırdı. O, yenicə qabıq qoymuşdu və indi yeni, gözəl dərisinə tamaşa edirdi. Onun uzunluğu on metrə çatan bədəni günəş altında qıvrılaraq əcaib düyünlər, halqalar əmələ gətirirdi. Əfinin zəhərli dişləri olmur. O, şikarının bədəninə dolanaraq onu sıxmaqla öldürür. Lakin bundan əvvəl o, gözləri ilə şikarını sanki ovsunlayır. Onun gözlərinə baxan yerindəcə donub-qalır, əfi onun belinə dolandıqda isə canını qurtarmaq artıq gec olur.

Cəngəlliyin bütün sirlərini bilən Balu əfinin günəş altında parlayan dərisini görüb yavaşca Bahirəyə pıçıldadı:

– Ehtiyatlı ol, Bahirə. O, dərisini dəyişdikdən sonra bir müddət pis görür, hamıya dərhal hücum edir.

Balu dal pəncələri üstə şöngüyərək:

– Ovun uğurlu olsun, Kaa! – dedi.

– Hamımızın ovu uğurlu olsun! – deyə Kaa cavabında fışıldadı. – İndi burada bir maral, ya heç olmasa, bir dağkeçisi olsaydı, heç də pis olmazdı. Mən çox qocalmışam, Balu, tənbəl olmuşam.

Bu yerdə Bahirə dilləndi:

– Hə, o gün bandarloqlar çığırışırdılar ki, Kaanın ağzında bir dişi də yoxdur.

– Bandarloqlar?

– Hə, boş-boş danışırdılar. Guya sənin heç çəpişə də gücün çatmaz.

– Elə belə də deyirdilər?

– Hə, bu iyrənc məxluqları tanımırsan? Ağızlarına gələni danışırlar. Hərdən elə sözlər deyirlər ki, adamın deməyə dili də gəlmir.

– Nə deyirlər?

– Boş sözlərdir, fikir vermə, Kaa. Yaxşısı budur, gəl ovdan danışaq.

– Yox! – Kaa dəhşətli səslə fışıldadı. – Nə eşitmisən, hamısını de.

– Deyirdilər ki, Kaa torpaqda gizlənən sarı soxulcandır.

İlanlar, xüsusilə Kaa kimi qoca ilanlar çox təmkinli olurlar. Ancaq bu sözləri eşidən əfi ilanın bədəni gərildi, çənəsinin altındakı iri əzələlər hərəkətə gəldi.

– Onlar boşboğaz və axmaq tayfadır. – İstədiyinə nail olmuş Bahirə sözünü deməyin məqamı yetişdiyini hiss edirdi. – Özləri də oğrudur. Bizim yanımızdan insan balasını oğurlayıblar. Sən, yəqin, onun haqqında eşitmisən…

– Deyirsən, məni sarı soxulcan adlandırırlar?

– Hə, yer soxulcanı… İndi insan balası onların əlindədir.

– Onlar indi haradadır?

– Biz fikirləşdik ki, sən bilərsən.

– Mən? Mən onları güdmürəm və yerlərini də bilmirəm. Sadəcə, qarşıma çıxanda tutub qarnıma ötürürəm.

Elə bu zaman ağacların yuxarısından səs gəldi:

– Sion sürüsündən olan Balu, yuxarıya bax, yuxarıya.

Bu, Çil idi. O, Mauqlidən xəbər çatdırmaq üçün Balu ilə Bahirəni axtarırdı. İndi onları görüb qıy çəkdi:

– Mauqli mənim dilimdə Müqəddəs Sözü deyib xahiş etdi ki, sizə ondan xəbər verim. Bandarloqlar insan balasını çayın o tərəfindəki meymun şəhərinə – Soyuq Kahaya aparıblar. Mən bilmirəm onlar orada nə qədər qalacaqlar.

Bahirə sevincindən ağaca sıçrayıb Çilə yaxın gəldi:

– Çox sağ ol, quşların ən ağıllısı. Mən sənin yaxşılığını unutmaram.

Balu da kövrəldi:

– Afərin, insan balası. Bu vəziyyətdə də quşların dilində Müqəddəs Sözü unutmayıb.

Soyuq Kaha deyilən yer meşənin sıx yerində idi. Orada nə vaxtsa insanlar yaşamışdılar. Odur ki meymunlardan başqa heç bir cəngəllik heyvanı ora ayaq basmırdı.

Bahirə üzünü Baluya tutdu:

– Balu, sənin yerişinlə biz ora gec gedib çıxarıq. Biz Kaa ilə tələsməliyik.

Bunu deyib Bahirə Kaa ilə birlikdə sürətlə Soyuq Kahaya tərəf yollandı. Əfi ilan heç də cəld bəbirdən geri qalmırdı. Balu isə var gücü ilə onların arxasınca yorturdu.

Bir azdan Bahirə ilə Kaa kiçik çayı keçib Soyuq Kaha deyilən şəhərin divarlarına yaxınlaşdılar. Buradan artıq meymunların çığırtısı, cır səsləri eşidilirdi. İlanla bəbir daş hasarın yaxınlığında dayanıb nəfəslərini dərdilər.

– Bunlara bir bax! Mənə çil qurbağa deyirlər! – Kaa heç cür sakitləşmək bilmirdi; meymunların söyüşü ona çox yer eləmişdi.

– Çil qurbağa yox! Sarı soxulcan! – Bahirə də bir ucdan onun yarasına duz səpirdi.

– Fərqi yoxdur… Mən çox acmışam. Zənnim mənə deyir ki, bir bandarloqla mənim aclığım keçməyəcək.

Cəngəllik heyvanlarının Soyuq Kaha adlandırdıqları şəhəri qədimdə bir hind racası tikdirmişdi. Bu insan məskəni çoxdan uçulub dağılsa da, saray divarları, sütunlar, hovuz və daş bütlərin qalıqları buranın vaxtilə möhtəşəm bir şəhər olduğundan xəbər verirdi. Qədim mədəniyyətin qalıqları cəngəllik lianaları və ağaclar arasında itib-batdığından bu yer çox vahiməli görünürdü, sanki qədim şəhər sakinlərinin ruhları burada gəzib-dolaşmaqda idi. Lakin axmaq meymunlar üçün bunun heç bir fərqi yox idi. Onlar Soyuq Kahanı özləri üçün məskən və əyləncə yeri seçmişdilər və bununla fəxr edirdilər. Cəngəllik heyvanlarından fərqli olaraq şəhərdə yaşamaqları ilə lovğalanırdılar.

Mauqli bərk acmışdı. O, qədim şəhərin xarabalıqlarında gəzib-dolaşır və özünə yemək axtarırdı. Şəhərin hasarlarına yanaşan kimi meymunlar dərhal onu dartıb geri qaytarırdılar. Nəhayət, heç nə tapa bilməyən Mauqli bir daşın üstündə oturdu.

"Balunun bandarloqlar haqqında dedikləri düz imiş, – deyə o öz-özünə düşündü. – Bunların nə qanunu, nə Müqəddəs Sözü, nə də başçıları var. Əgər məni burda öldürsələr, ya acından ölsəm, özüm günahkaram. Fikirləşib bir yol tapmaq lazımdır ki, öz doğma cəngəlliyimə qayıdım. Əlbəttə, Balu məni döyəcək, amma bu səfeh və eybəcər məxluqların arasında qal-maqdansa, onun şapalağını yemək yaxşıdır".

Bu arada Kaa və Bahirə hasarın o tərəfində, ağacların arxasında dayanıb götür-qoy edirdilər. Meymunlar həddən artıq çox idi. Odur ki ehtiyatlı olmaq lazım idi.

– Mən hasarın qərb tərəfinə sürünürəm, – deyə Kaa yavaşca fışıldadı. – Yamacla cəld aşağı – onlara tərəf enəcəyəm. Sən çalış ki, onların hamısı birdən mənim üstümə atılmasın.

– Başa düşdüm, – Bahirə dilləndi. – Bulud ayın üzünü örtəndə mən hasara çıxıb onların üstünə atıla-cağam. Kaş Balu o vaxta kimi gəlib çıxaydı.

Kaa:

– Ovun uğurlu olsun! – deyib səssiscə qərbə tərəf süründü.

Bir qədər keçdi, buludlarla örtülmüş ay görünməz oldu. Hər yerə zil qaranlıq çökdü. Elə bu zaman hasarın üstündən özünü meymunların içinə atan Bahirənin qorxunc nəriltisi eşidildi. O, pəncəsi ilə bandarloqlara zərbələr endirərək Mauqliyə tərəf yol açırdı. Bəbirin üstünə eyni zamanda beş-altı meymun atılaraq onu dişləməyə, cırmaqlamağa çalışırdı.

– O, burada təkdir! Öldürün! Öldürün onu! – deyə meymunlar cır səslə çığırışırdılar.

Mauqli də ayağa qalxıb ona tərəf getmək istədikdə iki yekəpər meymun onun qollarından yapışıb yerlə sürüməyə başladı. Sonra onu daş hasarın üstünə qaldırıb bürclərdən birinin içinə atdılar. Əgər Bahirə vaxtilə Mauqliyə yuxarıdan pişik kimi tullanmağı öyrətməsəydi, yəqin ki, uşağın qol-qabırğası sınacaqdı.

– Biz sənin dostunu öldürənə kimi burada otur, – deyə meymunlar qışqırdılar. – Əgər zəhərli tayfa səni öldürməsə, gəlib səni buradan çıxardarıq.

Meymunlar getdikdən sonra qaranlıqda xışıltı və fışıltı səsləri eşidən Mauqli buranın ilanlar məskəni olduğunu başa düşdü. O ucadan ilan dilində dedi:

– Səninlə mən qan qardaşıyıq – sən və mən!

– Eşidirik, – deyə hər tərəfdən fışıltı səsləri gəldi. – Balaca qardaş, yerində dur, yoxsa bizi tapdalayıb əzərsən.

Soyuq Kahanın xarabalıqlarında isə Bahirə meymunlarla ölüm-dirim mübarizəsində idi. Bu zaman hasarın o tərəfindən səs gəldi:

– Bahirə, möhkəm dayan! Mən buradayam.

Bu, Balunun səsi idi. O, hasardan yumbalanıb düşən kimi bandarloqlar qarışqa kimi onun üstünə daraşdılar. Balu əlinin hər zərbəsi ilə beş-altı meymunu yerə sərirdi. Lakin cır səsli iyrənc məxluqların sayı-hesabı yox idi. Onlar Balunun da üz-gözünü cırmaqlayır, haradan gəldi dişləməyə çalışırdılar.

Birdən bandarloqların toplaşdıqları ən sıx yerə haradansa sanki yekə bir ağac gövdəsi düşdü. Onun zərbindən hasar və sütunlardakı köhnə daşlar yerindən qopub aşağı yuvarlandı. Onlarca meymun bu gövdənin altında qalıb xurd-xəşil oldu. Kaa vaxtında çatmışdı. Bahirə ilə Balunun gücləri tükənmək üzrə idi.

Bandarloqların vahimə dolu səsləri hər tərəfə yayıldı:

– Bu, Kaadır. Qaçın, canınızı qurtarın!