banner banner banner
Əlvida silah
Əlvida silah
Оценить:
Рейтинг: 0

Полная версия:

Əlvida silah

скачать книгу бесплатно


– Keşiş darıxır. Keşiş istəyir ki, müharibəni avstriyalılar udsunlar, – kapitan dedi. Qalan adamlar susurdular. Keşiş başını tərpətdi.

– Yox, – dedi.

– Keşiş istəmir ki, biz hücuma keçək. Doğrudanmı siz istəmirsiz ki, biz hücuma keçək?

– Yox. Madam ki, müharibə gedir, məncə biz hücuma keçməliyik.

– Hücuma keçməliyik. Hücuma keçəcəyik.

Keşiş başı ilə təsdiq etdi.

– Əl çəkin ondan, – mayor dilləndi. – O, yaxşı oğlandır.

– Hər halda o, burada heç bir şey edə bilməz, – kapitan cavab verdi. Biz hamımız qalxıb stolun arxasından çıxdıq.

DÖRDÜNCÜ FƏSİL

Səhər məni qonşu bağdakı batareya səsi oyatdı və gördüm ki, pəncərəyə gün düşüb, yatağımdan qalxdım. Pəncərəyə yanaşıb bayıra boylandım. Cığırlardakı çınqıllar yaş idi və otlar şehdən islanmışdı. Batareya iki yaylım atəşi açdı və hər dəfə də partlayış olurmuş kimi hava titrədi, bunun təsirindən pəncərə şüşələri cingildədi, mənim də pijamamın ətəkləri yelləndi. Toplar görünmürdü, mərmilər isə ehtimal ki, lap başımızın üstündən ötüb keçirdi. Batareyanın lap yaxında olması pis təsir bağışlayırdı, lakin özümüzə təskinlik verirdik ki, bu toplar ən ağır toplar deyil. Pəncərəyə baxanda, yola çıxan yük maşınının gurultusunu eşitdim. Geyinib aşağı düşdüm və mətbəxdə qəhvə içib qaraja getdim.

Uzun talvarın altında sıra ilə on maşın düzülmüşdü. Bunlar nəhəng kuzovlu kəsikburun sanitar avtomobilləri idi, mebeldaşıyan furqonlar kimi boz rənglənmişdi. Mexaniklər həyətdə dayanan belə bir maşınla əlləşirdilər. Daha üç maşın dağlarda, sarğı məntəqələrində idi.

– Bu batareya atəş altında olurmu? – Mən mexaniklərin birindən soruşdum.

– Yox, signor tenente[7 - Cənab leytenant (italyanca).]. Onun qabağını təpə saxlayır.

– İşləriniz necədir?

– Pis deyil. Bu maşın heç bir şeyə yaramır, qalanları isə saz-dır, – O, işini saxlayıb gülümsündü. – Siz məzuniyyətdə idiniz?

– Bəli.

O, əlini sviterinə sürtüb dodaqaltı güldü.

– Vaxtınız yaxşı keçdi?

Onun yoldaşları da gülümsəyirdilər,

– Pis olmadı, – dedim. – Bu maşına nə olub?

– Heç bir şeyə yaramır. Gah orası xarab olur, gah burası.

– İndi nə olub?

– Porşen halqalarını dəyişmək lazımdır.

Motor açıldığından və hissələr ayaqyerinə yığıldığından maşın soyulmuş və korlanmış kimi görünürdü, mən onları maşının yanında qoydum, talvarın altına keçib bütün maşınları bir-bir nəzərdən keçirdim. Maşınlar nisbətən təmiz idi, bəziləri lap təzəcə yuyulmuşdu, o biriləri isə azca tozlu idi. Mən şinləri diqqətlə nəzərdən keçirib daşa dəyərək kəsilən və cızılan yerləri axtardım. Elə bil ki, hər şey öz qaydasında idi. Mənim burada olub-olmadığımdan və hər şeyə özümün nəzarət edib-etməməyimdən, görünür, heç bir şey dəyişməmişdi. Mən elə təsəvvür edirdim ki, maşınların vəziyyəti, bu və ya digər hissələrin gətirilməsi imkanı, xəstə və yaralıların dağlardakı sarğı məntəqələrindən fasiləsiz daşınması, onların bölgü məntəqələrinə gətirilməsi, sonra da sənədlərdə göstərildiyi kimi, hospitallarda yerləşdirilməsi xeyli dərəcədə məndən asılıdır. Amma görünür, mənim burada olub-olmamağımın əhəmiyyəti yox imiş.

– Hissələr tapmaqda bir çətinliyiniz olub? – Mən baş mexanikdən soruşdum.

– Xeyr.

– Yanacaq anbarı indi hardadır?

– Elə həmin yerdə.

– Çox gözəl, – dedim, evə qayıdıb zabitlərin yeməkxanasında bir fincan da qəhvə içdim. Qəhvə açıq-boz rəngdə idi, qatılaşmış süd töküldüyündən şirindi. Gözəl bir yaz səhəri idi. Adamın burnunda quruluq hiss olunurdu, bu da günün isti keçəcəyini bildirirdi. Həmin gün mən dağlardakı postları gəzdim və şəhərə axşama yaxın qayıtdım.

– Görünür, mənim burada olmadığım müddətdə işlər düzəlmişdi. Eşitdim ki, tezliklə hücumun başlanacağı gözlənilir. Bizim xidmət göstərdiyimiz diviziya çayın yuxarılarında hücuma keçməli idi və mayor mənə dedi ki, hücum zamanı postlara diqqət yetirim. Hücum edən hissələr dərədən yuxarıda çayı keçməli və dağın yamacı boyu səpələnməli idilər. Maşınlar üçün postları mümkün olduqca çaya yaxın yerdə seçmək və onları daldala saxlamaq lazım idi. Maşınlar üçün yeri, əlbəttə, piyada qoşun təyin etməliydi, amma elə bilirdilər ki, planı biz işləyib hazırlayırıq. Bu, sizdə hərbi fəaliyyət illüziyası yaradan amillərdən biri idi.

Mən bütün toz və çirk içində idim və yuyunmaq üçün öz otağıma keçdim. Rinaldi əlində Hüqonun ingilis qrammatikası kitabını tutaraq çarpayıda oturmuşdu. O, tam formada idi, ayaqlarına qara başmaq geymişdi, saçları parıldayırdı.

O məni görərkən:

– Çox gözəl, – dedi. – Mənimlə miss Barkliyə qonaq gedə-cəyik.

– Yox.

– Hə. Siz gedəcəksiz, çünki mən sizdən xahiş edirəm, özü də elə edin ki, onun xoşuna gələsiz.

– Hə, yaxşı. Amma qoyun özümü bir qaydaya salım.

– Yuyunun və elə bu cür də gedin.

Mən yuyundum, saçlarımı daradım, biz getməyə hazırlaşdıq.

Rinaldi:

– Dayanın, – dedi, – içsək, pis olmaz. – O öz sandıqçasını açıb butulkanı çıxartdı.

– Ancaq streqa olmasın, – dedim.

– Yox. Qrappadır.

– Yaxşı.

O, iki stəkan tökdü, biz şəhadət barmağımızı ayıraraq, stəkanlarımızı bir-birinə vurduq. Qrappa çox tünd idi.

– Adama birini də?

– Yaxşı, – dedim. Biz qrappadan ikinci stəkanı da içdik. Rinaldi butulkanı götürdü və biz aşağı düşdük. Şəhərdə gedərkən isti idi, ancaq gün əyildiyindən hava adama xoş gəlirdi. İngilis hospitalı hansı bir almanınsa müharibədən əvvəl tikdirdiyi böyük villada yerləşirdi. Miss Barkli bağda idi. Onunla başqa bir şəfqət bacısı da var idi. Biz ağacların arxasından onların ağ formalarını gördük və birbaş onların yanına getdik. Rinaldi hərbi qaydada salam verdi. Mən də salam verdim, ancaq bir az təmkinlə.

– Salam, – Barkli dedi. – Siz, gərək ki, italyan deyilsiz?

– Xeyr.

Rinaldi o biri şəfqət bacısı ilə danışırdı. Onlar gülüşürdülər.

– İtaliya ordusunda qulluq etmək – çox qəribədir.

– Əslində, axı, bu, ordu deyil. Bu, ancaq sanitar dəstəsidir.

– Hər halda qəribədir. Niyə belə eləmisiz?

– Bilmirəm, – dedim. – Elə şeylər var ki, bunları izah etmək olmur.

– Doğrudan? Amma məni həmişə başa salırdılar ki, belə şeylər yoxdur.

– Bu çox xoşdur.

– Biz mütləq bu cür danışmalıyıq?

– Xeyr, – dedim.

– Şükür allaha.

– Sizdəki bu əl ağacı nədir? – soruşdum.

Miss Barklinin boyu xeyli hündür idi. O ağ paltar geyinmişdi, mən bu paltarı şəfqət bacısının forması kimi başa düşmüşdüm, o, sarışın idi, dərisi qızılı rəngə çalırdı, qonur gözləri var idi. O, mənə çox gözəl göründü. Əlində liana çubuğundan nazik əl ağacı var idi, oyuncaq qamçıya oxşayırdı.

– Bu bir zabitindir, onu keçən il öldürdülər.

– Bağışlayın…

– O çox yaxşı oğlan idi. Mən ona ərə getməli idim, onu Sommada öldürdülər.

– Ora əsl sallaqxana idi.

– Siz orada idiniz?

– Xeyr.

– Mənə danışıblar. – qız dedi. – Burada müharibə heç də o cür deyil. Bu balaca əl ağacını da mənə göndərdilər. Onun anası göndərdi. Bunu onun başqa şeyləri ilə birlikdə qaytarmışdılar.

– Siz çoxmu nişanlı qaldız?

– Səkkiz il. Biz bir yerdə böyümüşük.

– Bəs nə üçün qabaqca ona ərə getmədiz?

– Özüm də bilmirəm, – qız dedi, – Çox ağılsızlıq elədim. Mən bunu heç olmasa onun xatirinə edə bilərdim. Fəqət elə bilirdim ki, bu cür onun üçün daha pis olar.

– Başa düşürəm.

– Siz heç sevmisiz?

– Yox, – dedim.

– Biz skamyada əyləşdik və mən ona baxdım.

– Sizin gözəl saçlarınız var, – dedim.

– Xoşunuza gəlirmi?

– Çox.

– O öləndə mən bunları kəsmək istədim.

– Nə danışırsınız.

– İstəyirdim ki, ondan ötrü heç olmazsa bir şey edim. Mən belə şeylərə əhəmiyyət vermirdim; o nə istəsəydi edə bilərdi. O nə istəsəydi ona nail ola bilərdi, amma əgər başa düşsəydim. Mən ona ərə gedərdim, ya da elə-belə. İndi mən bunların hamısını başa düşürəm. Lakin o vaxt o, müharibəyə getməyə hazırlaşırdı, mən isə heç bir şey başa düşmürdüm.

Mən susurdum.

– Mən o vaxt, ümumiyyətlə, heç bir şey başa düşmürdüm. Mən elə bilirdim ki, bu cür onun üçün daha pis olar. Mən elə bilirdim ki, bəlkə o, buna tab gətirmədi. Sonra isə onu öldürdü-lər, indi hər şey bitdi.

– Kim bilir.

– Bəli, bəli, – o dedi. – İndi hər şey bitib.

Biz o biri şəfqət bacısı ilə söhbət edən Rinaldiyə nəzər saldıq.

– Onun adı nədir?

– Ferqyuson. Sizin dostunuz, gərək ki, həkimdir?

– Bəli. O, çox yaxşı həkimdir.

– Çox yaxşı. Cəbhə yaxınlığında yaxşı həkimə az rast gəlmək olur. Axı, bura lap cəbhəyanı xətdir, elə deyilmi?

– Əlbəttə.

– Axmaq cəbhədir, – qız dedi. – Amma bura çox qəşəng yer-dir. Nə deyirlər, hücum olacaq?

– Bəli.

– Onda bizim də işimiz olacaq. İndi heç bir iş yoxdur.

– Siz çoxdanmı şəfqət bacısı işləyirsiz?

– On beşinci ilin axırından. O, gedən kimi, mən də getdim. Yadımdadır, başıma belə bir axmaq fikir gəlmişdi ki, o mənim işlədiyim hospitala düşəcək. Qılınc zərbəsindən yaralanmış, başı sarınmış, ya da çiynindən yaralanmış halda. Nə isə, ro-mantik bir şey.

– Bura ən romantik cəbhədir, – dedim.

– Bəli, – qız dedi. – Adamlar təsəvvür edə bilmirlər ki, Fransada müharibə nə deməkdir. Əgər onlar təsəvvür etsəydilər, bu cur davam edə bilməzdi. O, qılınc zərbəsindən yaralanmadı. O, tikə-tikə oldu.

Mən susurdum.

– Siz elə bilirsiz ki, bu həmişə davam edəcək?