banner banner banner
Xudafərin körpüsü
Xudafərin körpüsü
Оценить:
Рейтинг: 0

Полная версия:

Xudafərin körpüsü

скачать книгу бесплатно


Yorğa at yüksək qiymətləndirilirdi. Çünki hökmdarlar at üstündə ölkənin bu başından o biri başına dəfələrlə gedir. Təbrizdən Bağdada, Bağdaddan Qahirəyə, Qahirədən Şama, Şamnan Təbrizə, oradan Xorasana. Onun atı yorğa yerişli olmasa, yorub əldən salar. Onsuz da mehtərlərin yüyənindən tutub saxladıqları atların hamısı yorğa yerişli idi.

Uzun Həsən əlini Qarabağ atının islaq yalına, sarğısına çəkib onun xasiyyətinə bələd olmaq istəyirdi. Bu vaxt onlara tərəf qızılı bir ayğır təşəxxüslü bir qaçışla yaxınlaşıb kişnəyir, ayaqlarını yerə döyürdü.

– Əmiraxur, o ayğırı tutun.

Bir işarə bəs idi. Hər tərəfdən ayğırı dövrəyə aldılar. Ayğır adamların arasından sıçrayıb çıxdı. Bir neçə mehtəri də qabaq ayaqları ilə əzdi, təpiyi də birini tutub palçığın içinə uzatdı. Amma Uzun Həsən ona tərəf gələn ayğırı əldən buraxmadı. Alaçığın yanındakı atın yəhərindən kəməndi götürmüşdü. Kəməndi atmaqla ayğırın başına keçməyi bir oldu. Ancaq ayğır şahə qalxıb kəmənddən qurtarmaq istədi. Bir şey çıxmadı. Sağ ayağını irəli verən Uzun Həsəni də öz dalınca dartdı. O, sol dizini qatlamış, sağ ayağını yerə vermişdi. Amma ayğırı saxlaya bilmirdi. Ayağı palçıqda sürüşüb gedir, ayğır onu dartıb aparırdı. Haradansa qabağına bir daş çıxdı. Ayağını dirədi. Ayğır nə qədər güc verdisə, qurtula bilmədi. Şahə qalxdığı yerdə yanı üstə çökdü.

– Boğun bu ayğırı!

Mehtərlər tökülüb ayğırın boğazına daha bir kəndir atdılar, üçü bir tərəfdən, üçü də bir tərəfdən kəndiri dartmağa başladılar. Ayğır qalxmışdı. Ona gücləri çatmırdı.

– Nə olub sizə, çörək yeməmisiniz? – deyə Uzun Həsən hayqırdı. İpdən yapışan mehtərlər çoxaldı. Kəndir sıxıldı, ayğır boğulurdu. Bir azdan o, ayaq üstə dayana bilmədi. Gücü, qüvvəsi tükəndi. Ayaqları boşaldı, tir-tap yerə uzandı. Onun ağzından qan gəldi.

– Tez olun, başına yüyən vurun, belinə yəhər qoyun.

Hökmdarın tapşırıqlarını bir anda yerinə yetirdilər. O, tapqıra baxdı. Barmaqları tapqırın altına keçdi. Qayışı açıb bir ilgək də yuxarıdan bağladı. Yüyəni yalın üstünə keçirtdi.

Ayğır nəfəs almağa başlayan kimi ayağa qalxdı, Uzun Həsən də onun yəhərində. Bayaqkı qənşər, şux yerişindən əsər-əlamət qalmamışdı. Üstündə yük hiss eləyib şıllaqlamağa başladı. Bir şey çıxmadı. Artıq özünə gəlmişdi. Üstündəki yük onu elə bil ayıltmışdı. İndiyə qədər belə şey görməmişdi. Heç onun üstünə milçək də qona bilmirdi. Mozalan dişləyəndə ağız atırdı. Milçəkləri quyruğu ilə qovurdu. Amma indi belində ağır bir yük vardı. Ağzını atıb dişləmək istəyirdi, cəhənglərini dartan dəmir yüyən onu başını döndərməyə qoymurdu. Ayğır şahə qalxdı, amma üstündəki onu öz ağırlığı, hərəkətləri ilə qabaq ayaqlarını torpağa endirdi. Böyürlərinə iki ağır şey dəydi. Ayğır bu vəziyyətdən xilas olmaq üçün baş götürüb qaçmaqdan özgə çarə görmədi. Götürüldü, yəhərdəki də elə bunu istəyirdi. Yaş, sürüşkən kövşən yerində dəli bir qaçış başladı. Ayğırın dırnaqlarından palçıq parça-parça göyə tullanır, amma onların üstünə düşmürdü. Bu dəli sürətə çata bilmirdi.

Uzun Həsən qırğı kimi ayğırın yalına yatmışdı. Artıq onu ipə-sapa yatırırdı. Bir azdan o, sürəti bir az da artırdı. Həsənin əyan-əşrəfi də atlarına süvar olub ona çatmaq üçün çapır, amma yaxınlaşmaq əvəzinə daha da uzaqlaşırdılar. O, ayğırın başını buraxıb xeyli getmiş, ordugahdan uzaqlaşmışdı. Onun üzünü döndərib əks tərəfə dönmək üçün böyük bir qövs cızdı. Yenidən sürət artdı. Elə bil, Uzun Həsəni ayğırla bərabər mancanaqdan buraxmışdılar. Ən güclü pəhləvanın atdığı ox kimi süzürdülər. Bu sürət həm Uzun Həsənə, həm də ayğırın özünə xoş gəlirdi. Daha yəhərdən, yüyəndən süvaridən xilas olmağı da bəlkə istəmirdi. Çünki onu bir bu qədər yol qovan da olmamışdı. İndi var gücü ilə qaçırdı.

Uzun Həsən başını qaldıranda qabaqda böyük bir dəstə gördü. Beynindən ildırım kimi bir fikir keçdi. “Əbu Səidə köməyə gələn qoşun olar”. Belinə əl atdı, amma qılınc bağlamamışdı. Əmudu, təpəri, təbərzini, nizəsi də yox idi. Ayğır isə özünü gələn dəstənin üstünə atırdı. O, yüyəni nə qədər dartdısa da, ayğırın sürəti azalmırdı.

Birdən bir səs eşitdi:

– Dayı!

Bu səs ayğırı da diksindirdi. O şahə qalxdı. Uzun Həsən yüyəni yığışdırdı. Ayğır da sakitləşdi.

– Mənəm, dayı.

Bir atlı ona yanaşdı. Yağışdan qorunmaq üçün başına örtük salmış Şeyx Heydər idi.

– Gəldin?

– Gəldim, dayı. Özümlə də on min mürid gətirmişəm.

– On min?

– Bəli. Yolda Əbu Səidə köməyə gələnlərlə də vuruşduq. Beş min əsir tutmuşuq. Bütün arabaları qənimət almışıq.

– Bərəkallah, bacıoğlu. Səni ordugahda gözləyirəm.

O, atın başını döndərdi ordugaha tərəf, yüyəni buraxdı. Ayğır götürüldü. Yolda onun dalınca çapanların yanından keçib öz alaçığına çatdı, ayğırı saxladı. At bu dəfə də şahə qalxdı. Amma yorulub sakitləşmişdi. Ayaqlarını yerə qoydu, Həsən tullanıb yəhərdən düşdü. Nökər-naiblər atın cilovundan yapışdılar.

– Aparın gəzdirin, təri soyusun, – dedi.

Alaçığın qabağında on səkkiz-on doqquz yaşlı oğlu, boy-buxunda, sir-sifətdə atasına oxşayan Uğurlu Məhəmməd dayanmışdı. O, atasını görüb yaxın gəldi, əlini sinəsinə basıb baş əydi.

– Sənin işini mən görürəm də, oğlum, – deyə ona zarafat elədi. Amma zarafatı ciddi dedi.

– Atayi-mehriban, sənin işini görmək dərəcəsinə yetişməyimə hələ çox var.

O, əlini oğlunun çiyninə qoydu

– Sən mənə oxşayacaqsan. Buna gün kimi inanıram. Ora bax, – deyə bir az yuxarı qalxmış buludları göstərdi, – görürsən, buludlar günəşin qabağını kəsib. Amma bulud nədi, heç nə. O əriyib gedəcək. Günəş isə elə günəşdi.

Birdən onun gözünə bir dəstə qaz göründü. Buludların arasında qanad çala-çala ordugaha yaxınlaşırdılar.

– Tez, yay-oxu, alaçıqdan bura gətir. Özününkünü də götür.

Uğurlu Məhəmməd alaçıqdan atasının və öz yay-oxlarını gətirdi.

– Oğul, o qazları görürsən də.

– Hə, üç qazdı.

– Qabaqdakını mən nişan alıram, arxadakını sən. Xeyli vaxtdı Bozağoğlundan dərs alırsan. Görüm, necə atırsan.

Atası oğlunu həvəsləndirdi. Hər ikisi oxlarını hazırladılar. Qazlar uçub onların başı üstünə gələndə arxasında lələk olan oxlar yaylardan ayrıldı. Vıyıltı ilə yuxarı uçdu.

Ordugahdan heyrət nidaları qalxdı. Qazların ikisi də sinələrindəki oxlarla bərabər hərlənə-hərlənə gəlib yerə düşdü. Ata oğlunun qolundan tutub alaçığa apardı. Ata keçib taxtında oturmadı. Alaçığın ağzında palçıqlı məstlərini çıxartdı, naxışlı yun corabda xalçanın üstü ilə keçib döşəkcənin birinin üstündə bardaş qurdu. Oğlu da məstlərini çıxartdı. Ayaq üstündə qaldı.

– Gəl görüm, otur yanımda. Səninlə məsləhətləşmək istəyirəm.

– Eşidirəm, atayi-mehriban.

– Şeyx Heydər on min müridlə bizim köməyimizə gəlir. Bizim qüvvəmiz artır. Əbu Səidin əli-ayağı bağlanır. Biz indi ona rahatlıq versək, özümüzə qəbir qazarıq. Səni bir minbaşı kimi səfərə göndərmək istəyirəm. Gecəylə hücuma keçib düşmənə ağır zərbə vurub qayıdacaqsan. Görüm, sərkərdəlik qabiliyyətin də ox atmağın kimi olacaqmı?

– Baş üstə, atayi-mehriban. Mən hazır.

– Yüzbaşıları özün seç.

Bununla da ata ilə oğulun söhbəti qurtardı. Uğurlu Məhəmməd qalxdı. Elə çıxdı ki, arxası atasına tərəf düşmədi.

Bir aya yaxın çəkən yağışlar bir gecə qara çevrildi. Səhər hər tərəf ağ bir örtüyə bürünmüşdü. Sultan Əbu Səid qalxıb soyuq çadırda gərnəşdi. Yorğanı üstündən atıb isti paltar geyindi. Yaxasına, ətəyinə, qollarına samur xəzi tikilmiş xorasan kürkünə bürünüb çadırdan çıxdı. Yanı ilə onu kölgə kimi izləyən adamlara əhəmiyyət vermədən yeriyirdi. Ordugahın arasında iri bir şeyin üstünə qar yatmışdı və nə olduğu bilinmirdi.

– Bu, nədi belə?

– Fildi, Sultani əzəm. Ölüb.

– Fil ölüb?

– Bəli. O, isti yerin heyvanıdır. Qarabağın soyuğuna dözmədi.

– Soyuğuna yox, aclığa. Bütün günahlar səndədir, vəzir. Məni bu tələyə salan sənsən. Qarabağı da vermirdik, babamın iyini almağa gəlirdim. İndi fil leşinin iyini alarıq. Səltənəti sən məhv elədin.

Sara xatunu Əbu Səidin çadırına gətirən, sonra sultanın qulağına pıçıldayan vəzirin bu sözdən sonra dişi-dişinə dəyirdi. Soyuq da təsirini göstərirdi. O, Xorasanda belə soyuq görməmişdi. Üç gün dalbadal əsən külək birdən-birə qar gətirmişdi.

– Nə oldu elçilər?

– Elçilər əliboş qayıdıb.

– Necə? Qarabağı da, Azərbaycanı da, İraqi Əcəmi, İraqi Ərəbi, lap Reyi də veririk, Uzun Həsənin gözü doymur? O ki bizdən bir buranı istəyirdi.

– “Yox” deyib durub.

Ordugahdakı çadırlardan çıxan yox idi. Sultan elə bildi ki, qoşundan salamat qalanlar da onu tərk edib. Çadırlardan birinə girdi. Səsini çıxartmadı. Silahlı-əbləsəli oturub yuxuya gedənlərdən heç biri yerindən qımıldanmadı. Vəzir qışqırdı:

– Sultanı görmürsünüz?

Heç kimdən səs çıxmadı. Vəzir qapının yanında oturan əsgəri təpiyi ilə itələdi. Əsgər yıxıldı, başından dəbilqə düşüb o biri əsgərin sinəsindəki qalxan şəkilli zirehə dəyib cingildədi. Amma nə yıxılan, nə də onun toxunduğu qımıldanmadılar.

– Sultani əzəm, çıxın buradan. Vəba…

Sultan geri qayıtdı.

– Ölənlər də, xəstələr də yandırılsın!

– Baş üstə, – deyə əmirsipəhsalar dindi, amma sözünü dəyişdi.

– Odun yoxdu, Sultani əzəm.

Əbu Səid çadırına qayıtdı. Əmirsipəhsaları çağırıb qulağına nəsə pıçıldadı. O, çıxdı. Vəzir Sultanı danışdırmaq istədi, amma onun danışmağa həvəsi qalmamışdı. Bir azdan əmirsipəhsalar beş nəfər silahlı əsgərlə çadıra girdi. Vəzir deyəsən bütün bunların onun əleyhinə olduğunu görüb gah əmirsipəhsalara, gah da sultana baxdı. Özü qıc kimi olsa da, gözləri yerində oynayır, o tərəf bu tərəfə qaçırdı. Sultan üzünü əmirsipəhsalara çevirdi.

– Deyəsən vəzirimiz məşhur nəsildəndir.

– Bəli, Sultani əzəm, Barmakilərdəndir.

– Yalan desən də inanırıq. Barmakilərin kökü çoxdan kəsilib. Bir də onlar belə ağılsız məsləhət verməzdilər. Hər halda əsilzadəsən – Sultan bu sözdən sonra taxtının yanından asılmış yayını götürüb baxdı. Ucları ceyran buynuzundan düzəldilmişdi. Tutacağı qızıldan idi.

– Bu heyifdi. Bir yay gətirin, kirişi yoğun olsun. Vəzir Sultanın qabağında diz üstə çökdü, ona tərəf süründü.

– Sultani Əzəm, mən bütün Qaraqoyunlu mülkünü öz mülklərimizə qatmaq üçün belə məsləhət vermişəm. Mənə rəhminiz gəlsin. Mən sizə həmişə sədaqətlə qulluq eləmişəm. Şirvanşaha göndərdiyim elçilər qayıtsın, hər şey yaxşı olacaq. İnandırıram sizi.

– Şirvanşah?.. Nə vaxt göndərmisən?

– Bir həftədir. Bu gün gələcək.

Sultan çadırın açıq qapısından baxdı. Gördü ki, bir atlı çapa-çapa gəlir. Atdan buğ qalxır. Onun ata paxıllığı tutdu. Gör necə canı istidi ki, buğlanır. Mən bu qədər paltarın içində donuram. Atlı gəlib çadırın yanında yəhərdən aşırıldı.

– Gəldi, elçi, gəldi elçi. – İcazə verin içəri gəlsin.

– Gəlsin.

Elçini çağırdılar. O, içəri girib əlini döşünə qoyub baş əydi, belindəki əyri qılınc qalxıb çadıra toxundu.

– De görək nə xəbərlə gəlmisən?

– Bəd xəbərlə gəlmişəm, Sultani əzəm. Şirvanşah…

– Hanı məktubu?

– Məktubu yazmağı da lazım bilmədi. Dilcavabı buyurdu. Dedi ki, bəs mən Sultan Əbu Səid həzrətlərinə həmişə kömək eləmək istəyirdim. Babam da onun babasının sayəsində hökm sürmüşdü. Amma qorxuram. Uzun Həsən məktub yazıb. Yazıb ki, baban Şeyx İbrahim Teymurləngə hədiyyənin hamısını doqquz dənə aparmışdı, qulu səkkiz. Əmir Teymur soruşanda ki, qul niyə səkkizdi, demişdi, mən də doqquzuncu. İndi nə Əbu Səid Teymurləngdir, nə sən Şeyx İbrahim. Ona ərzaq göndərsən, qoşun versən, kömək eləsən, Şirvanı yerlə-yeksan eləyəcəm.

– Sən mürəxxəssən.

Elçi getdi. Vəzirin rəngi çadırın parçası kimi ağarmışdı. Bu vaxt yay dalınca gedən əsgər qayıtdı. Sultan əmirsipəhsalara işarə etdi.

– Mənim gözümün qabağında. Qədim adətimizlə yayın kirişiylə. Qoy bu satqın mənim ölümümü yox, mən onun ölümünü görüm. Əmirsipəhsalar əsgərlərə işarə elədi. İkisi vəzirin qollarını burdular. Əmirsipəhsalar arxa tərəfində dayanıb yayın kirişini onun hulğumuna söykədi, yayın əyri uclarından tutub var gücü ilə özünə tərəf dartdı. Vəzirin gözləri hədəqəsindən çıxıb çevrildi, bir neçə andan sonra onun qolları boşaldı, rəngi qaraldı.

– Hazırdı, Sultani əzəm.

– Görürəm. Sürüyün meyitini atın düzün ortasına. Canavarlar…

– Sultani əzəm, axı o əsilzadə nəslindəndi, müsəlmandı.

– Yaxşı, nə eləyirsiniz, eləyin. Qoy bu işi əsgərlərin görsün. Səni özgə yerə göndərəcəm. – Əsgərlərdən ikisi vəzirin meyitini büküb apardılar. O birilər də çıxdı.

Sultan gedib taxta oturdu, sifətini ovucları arasına aldı. Xeyli fikirləşdi, sonra fikirlərinə qarşı elə bil üsyan elədi. Ayağa qalxdı.

– Haradasan, ulu baba, haradasan? Ya bizi yaratmayaydın, ya da öz ağlından bizə də verəydin. Sən dünyanın ən böyük hökmdarlarını əlində oyuncağa döndərmişdin, indi mən, sənin nəvən bir tərəkəmə bəyinin əlində əsir-yesir qalmışam. Diril, başını qaldır, mənə bir yol göstər.

Əmirsipəhsalar quruyub qalmışdı. Sultanın acizliyi onun bütün ümidlərini qırmışdı. Amma bu dar macalda ona kömək eləmək istədi.

– Ya Sultani əzəm, bir çıxış yolu var.

– Hanı o çıxış yolu?

– Salamat qalan qoşunu yığaq, Xudafərin körpüsündən keçək.

– Yox, əmir. Mən bir bəyin qabağından qaçmağı qeyrətimə sığışdıra bilmirəm. Məni o Şeyx Heydərin cəddi bu kökə saldı. Babam onlara biət eləmişdi. Nəzir-niyaz verirdi. Mən bu keçisaqqala uyub onun sözünü yerə saldım. Mənə bu da azdır. Anamı bura çağırın.

Bir azdan sultanın anası onun çadırında idi. Qollarını qoynuna qoymuşdu. O, Sara xatundan yaşlı olardı, arıq, ucaboy, sifətində qırışlar yol salmış qadın idi. Sadə geyinmişdi, üstündə heç bir bəzək-düzək yox idi.

– Anamdan başqa hamı çıxsın.

Soyuq çadırda ana və oğul qaldı.

– Vəziyyətimizdən xəbərin var? Heç bir çıxış yolu yoxdu. Uzun Həsənin gücü mənim gücümdən xeyli çoxdur. İstəsə, günü bu gün hamını qılıncdan keçirər. Bir heyfi yadından çıxarda bilmir. Mən onun anasını “yox” cavabı ilə yola salmışdım. Bilir ki, mənim də anam yanımdadır. Sən hazırlaş, Sara xatunun yanına get. De ki, mən kişilərlə yox, Sara xatunla görüşməyə gəlmişəm. İkiniz də anasınız. Danışın, o, səni başa düşər. Alicənab qadındır. Sonra da Ərdəbil şeyxinin nəzirini apar. De ki, Teymurdan bəri neçə illərdi biz babanın türbəsinə nəzir verməmişik. Gətirmişəm. O nəsillə oyun oynamaq olmaz, mən oynadım. Bu da axırı.

Bizə yol versinlər, keçək gedək yurdumuza. Cəhənnəm olsun Qaraqoyunlu mülkündən gələcək xeyir… Mən bir də üzümü bu tərəflərə tutmaram. Dilini Sara xatun kimi şirin elə. De ki, köhnə dostluğu təzələyək. Qohum da olarıq. Uzun Həsənin gərək ki, qızı olmamış olmaz… Mən lap ağlımı itirirəm.

Anası oğlunun acizliyinə acıdı.

– Oğul, Teymur nəslindən bir xatun, düşmən qapısına gedib iltimas eləməyib.

– İndi ayrı zamandı, ana. Onlar göndərmişdi, mən də göndərirəm. Əvəz-əvəz. Uzun Həsən də daha bəy deyil.