скачать книгу бесплатно
Qoca qartalın ölümü
Fərman Kərimzadə
F.Kərimzadənin bu sonuncu tarixi romanında XVIII əsrdə baş verən hadisələr öz əksini tapır. Bu romanda da tarixi mənbələrin təsiri hiss olunur (xüsusilə “Qarabağnamə”lər), ancaq burada da tarixi həqiqətlə bədii həqiqət bir-birini tamamlayır. Qoca qartal simvolik obrazdır – yazıçı rus imperiyasına işarə edir. O ölürsə də, yeni, cavan qartallar səmaya uçur və beləliklə, rus imperiyasının işğalçılıq siyasəti davam edir. İkiyə bölünmüş Azərbaycandan sonra yeni ölkələr, məmləkətlər fəth edilir, çarı Qırmızı imperiya əvəz edir. Fərman Kərimzadənin Qarabağ xanlığının tarixinə həsr etdiyi “Qoca qartalın ölümü” romanı uzun illər apardığı səmərəli axtarışların məhsuludur. Müəllif romanı 1988-ci ildə Yaltada yazmış, əsər 1991-ci ildə çap olunmuşdur.
Romandakı hadisələr Qarabağda cərəyan edir, əsərdə Qarabağ xanlığı haqqında tarixi mənbələr əsasında maraqlı məlumatlar verilir.
Kitaba romandan əlavə ədibin povest və hekayələri daxil edilmişdir.
Fərman Kərimzadə
Qoca qartalın ölümü
QOCA QARTALIN ÖLÜMÜ
PROLOQ
Qartal qocalmışdı. Yaman qocalmışdı. Ona elə gəlirdi ki, yumurtadan çıxıb üç yüz ilə yaxın bir müddətdə yaşadığı yuva həmin yuva deyil. Əvvəllər buradan görünən ən uzaq dərələr, düzlər, kəndlər, sonradan əmələ gələn şəhərlər daha görünmür. Onların heç biri yoxdur. Gözlərinin işığı azalmışdı. Ondan sonra gələn qartallar daha hündürə, daha uzaqlara uçur, ona yeni-yeni xəbərlər gətirirdilər. Amma nədənsə onlara inanmaq istəmirdi.
İnsanların atıb getdiyi qalanın dibində yuva qurandan çox qırğınlar, çox müharibələr görmüşdü. Onun bütün nəsilləri bu qırğınlar hesabına yaşayıb artmış, heç nədən korluq çəkməmişdi.
Qafqaz dağlarının qartalları həmişə tox olmuşdu. Babaları söyləyirdilər ki, hələ ən qədim vaxtlarda onlara insanları qurban deyər, onları qartalların yuvaları yanında qayaya zəncirlə bağlayardılar ki, onlar əziyyət çəkib yem üçün uzağa uçmasın. Sonra nə qədər müharibələr olmuşdu, qırğınlar törənmişdi. Bu qartalın ulu babası deyərdi ki, bizim çox yaşamağımızın bir səbəbi var: insan beyni bizləri həmişə cavanlaşdırır. Qocalıqdan xilas olmağın bircə yolu varsa, o da bu məlhəmdir. İnsanlar isə o başla yaşaya bilmir. Biri-birilərini məhv eləməkdən doymurlar. Bəli, qartal qocalmışdı. Boynunun tükü tamam getmiş, lələkləri də seyrəlmişdi. Amma caynaqları itiydi, dimdiyi sanki poladdan tökülmüşdü. Gözlərinin işığı azalsa da, o yumulu bəbəklərdəki heybət, özünə inam azalmamışdı. Bütün ətraf zirvələrdəki qartallar onu özlərinə böyük, ağsaqqal bilir, onun üstünə məsləhətə gəlir, yaxud təzə xəbərlər gətirirdilər.
Yenə də xəbər gəlmişdi. Demişdilər ki, düz altı yerdən çıxan qoşunlar biri-birinin üstünə gedir. Dünyadan qan iyi gəlir. Qoca qartal son şikarına hazırlaşırdı. Hiss eləmişdi ki, bu onun sonuncu şikarı ola bilər.
Qartallar yuvalarında ölmürlər. Hələ indiyə qədər bir insan yuvada ölən qartal görməyibdir. Bu, qartal sirridir.
Qoca qartal ilk döyüşü lap cavan yaşlarında görmüşdü. Böyük bir düzdə qırmızıpapaq döyüşçülərlə silahlarından od püskürən ordu üz-üzə dayanmışdı. Amma orada qartalın caynağına heç nə keçmədi. Döyüş qurtaran kimi ölənləri yığıb kəmali-ədəblə dəfn elədilər. O vaxt qartalların öncülü demişdi: "Bu, iki qardaşın müharibəsidir. Sağlıqlarında düşmən olurlar, öləndə qardaş".
Sonuncu xəbəri gətirən zaman qartallardan soruşdu:
– Bu gələnlər kimlərdir?
– Bilmirik. Altı ləşkərdi. Qırğız dağları ilə Ağrı arasında bir-birilə üz-üzə gəlmək üçün yol keçirlər.
Qoca qartal fikrə getdi. Aşağı sallanan sağ qanadını yığdı, öz-özünə pıçıldadı:
"Bu dağların arasında mən indiyə qədər bir-birinə düşmən olanları görməmişəm. Yəqin ki, onlar da qardaşdı".
Əsgəran qalasının qapıları açıldı. Qara zurnanın çaldığı cəngi atları da, yəhərdəki igidləri də cuşa gətirmişdi. Bürclərdə görünən qız-gəlin səhəng-səhəng suyu daşıyıb buraya çıxarmışdılar və üstü Quran ayəli mis camlar, parçlarla suyu gedənlərin arxasınca atır, onlara uğurlu səfər arzulayırdılar.
Qabaqda Pənah xanın Bəhmənli-Sarıcalı igidləri köhlənləri sürür, günəş onların çiyinlərindən asdıqları gümüşə və sədəfə tutulmuş tüfənglərində, bellərindəki gümüş xəncər və kəmərlərdə bərq vururdu. Onların aralığa aldığı Pənah xanın xəncəri də, kəməri də qızıla tutulmuşdu. O, başına xurmayı qaragül dərisindən tikilmiş Qarabaği papaq qoymuşdu. Papağın arxasından topqara birçəkləri əyilib-qalxmışdı. Ağ Qarabağ atı oyum-oyum oynayırdı.
Xanın arxasınca onun məiyyəti, sonra isə atlı və piyada qoşunlar gəlirdi. Ordunun qarşısında ələmlər və tuğlar, Qarabağ xanlığının bayrağı aparılırdı.
Qarabağda indiyə qədər çox bayraqlar dalğalanmışdı. İndi isə onun öz bayrağı vardı. Yaşıl bayrağın üstündə toqquşan iki qılıncın şəkli qızıl saplarla işlənmişdi. Bunun da öz mənası vardı. Əvvəla, islam dünyasına bağlılığı və həmişəyaşarlığına görə əbədiyyət rəmziydi. İkincisi də, Qarabağın rəngini həmişə yaşıl görmüşdülər. Qılıncların toqquşmasının da səbəbi vardı. Burada dünyanın ən böyük cahangir və sərkərdələri qılınc çalmışdı. Teymurləng Qarabağı çox sevirmiş. Bu elə-obaya məhəbbətindən buraya qan tökməmiş, Qarabağda müharibə aparmamışdı.
Bir dəfə yaz çağı Teymurləng köç əmri verir. Amma vəziri ona pıçıldayır:
– Əmir Teymur, çadırın üstündə qaranquş yuva qurub. O yuvanı dağıdaq?
– Yox. Çadır qalsın biz köçək.
Teymurləng köçür. Amma çadır qalır. Qızıl dirəkləri olan çadırı elə-belə atıb getmək olmazdı. Odur ki, Teymurləngin çıxdığı Bərəs tayfasından olan candarlar çadırın keşiyini çəkməkdə davam edirlər. Bu keşikçilər Teymur ölənə qədər çadıra, onun sahibi-ixtiyarına sədaqətli olurlar. Həmin Bərəs tayfasından qalan igidlər sonradan kənd salır, həmişəlik Qarabağda, Sultanbud meşəsində qalır, böyüyüb elat olurlar.
Onlara bir dəfə Səmərqənddən xəbər gəlir ki, niyə dünya malından ötəri vətəndən didərgin düşüb Qarabağda qalırlar.
Onlar da cavab göndərirlər ki, biz hələ də Əmir Teymurun əmrini yerinə yetiririk. Dünya malında da gözümüz yoxdur. Gəlib çadırı apara bilərsiniz.
Çadır qədim, tökmə təpənin üstündə qurulubmuş. Adına da həmin çadıra görə Saray təpəsi deyirmişlər.
Amma Teymurləngdən əvvəl Qarabağı monqollar xarabazara çevirmiş, gözəl Beyləqanı dağıdıb yerində arpa səpmişdilər.
Qarabağ xanlığının bayrağı üstündəki qılınclar həm də Pənah xanın Qarabağı qılınc gücünə xanlıq etməsinə bir işarə idi.
Qarabağdakı elatların hamısı kimi Pənahın da elatı yayda yaylağa, qışda arana qayıdırdı. Yaylaqları Turşsuda, qışlağı Araz kənarındakı Bəhmənlidəydi.
Bir gün tale onu Əfşar tayfasının başbiləni Nadirlə görüşdürdü. İran mülkü şahsız qalmışdı. Çünki Səfəvilərin sülaləsi bitmişdi. Hakimiyyətə yeni bir sülalə gəlməliydi. Qılınc gücünə, qan hesabına taxta şah çıxartmaq hamını yormuşdu. Odur ki, bütün böyük tayfalar sözü bir yerə qoydular: seçki ilə şah seçsinlər. Tayfaların başbilənləri Suqovuşanda, Kürlə Arazın qovuşduğu yerdəki Qalaçayı kəndinə yığışmağı məsləhət görmüşdülər. Sarıcalı-Bəhmənli elinin də ağsaqqalları Qalaçayına yollanmışdı. Tayfanın sayıb-seçilən igidi Pənah da onların arasındaydı.
Qalaçayında on mindən çox qamış ev və bir qamış saray tikilmişdi. Ən böyük tayfalar saydan asılı olaraq qamış məhəllələri tutmuşdu. Burada Əfşar, Qacar, Ustaclı və digər tayfaların sayı daha çox idi. Hər ağsaqqalın yanında gələnlər silahlı idi. Amma əvvəldən belə razılığa gəlmişdilər ki, bu silahlardan yalnız ağsaqqalı qorumaq üçün istifadə olunacaq. Tayfa tayfaya qarşı silah qaldırmayacaq. Hər şey məsləhətlə həll olunacaq.
Pənah xoş bir yaz günündə yaxın dostları ilə Kürlə Arazın qovuşduğu yerə getdi.
Lilli Araz nisbətən duru Kürlə qovuşur, amma uzun müddət onlar bir-birinə qarışmadan iki rəngdə axırdı.
Onlar atlarını bağlayıb, çayın kənarına endilər. O sahildən üzüb gələn bərə suları yara-yara onlara yaxınlaşırdı. Sahildə bir dəstə də ayaq saxlamışdı. Pənah onlara salam verdi. Salamı alanda ləhcəsindən onların şəkili olduqlarını bildi. Pənah Şəki barəsində çox eşitmiş, tacirləri ilə sövdələşmişdi də. Onlarla söhbətə başladı:
– Hacı Çələbi yığıncaqda öz fikrini niyə indiyə qədər deməyib?
– Hacı Çələbi nə desin? Onun fikri Kür kimi aydındı. Görürsən də Arazın suyu onu bulandırmaq istəyir.
– Qarabağ elatı Nadirin fikirlərinə tərəfdardı.
– Olar. Qarabağda elatdan ayrı nə var? Şəhəri yox, ticarəti yox, hökuməti yox. Elə sürüsünü dağa sürüb, arana qaytarır. Vaxt tapıb allahın bir qalasını da tikdirməmisiniz.
– Deməli, şəkililərin gözündə biz çoban olduq?
– Onu mən demədim ha. Özün dedin.
Pənah xəncərin dəstəsinə əl atdı. Amma bir anda özünü ələ aldı:
"Lənət sənə kor şeytan! And içmişik ki, burada qan tökülməyəcək".
– Yoxsa elə bilirdin şəkililərin qanını tökmək belə asan olur?
– Niyə tikanlı danışırsan? Biz yığılmışıq ki, ölkəmizə bir hökmdar seçək, hamımız da onun ətrafına yığılıb güclü məmləkət yaradaq.
Pənah ilə danışan adam tullanıb atını mindi, yoldaşları da onun kimi ata suvar oldular. Gödəkboy, tösmərək adam Şəki ləhcəsində üyüdüb tökdü:
– Şahı belə seçməzlər. Şah darğa deyil. O şahdı. Əsli, kökü, nəcabəti olmalıdı. Bu köçərilərin heç birinin də qədim şah sülalələri ilə əlaqəsi yoxdu. Odur, iki min ildən çox yaşı olan Şirvanşahlar var. Onlardan kimisə gətirib taxtda oturtmalıyıq. Heç Şirvanşahlar yada düşməyib. Şəki Şirvanla həmişə bir olub. Odur ki, biz bu məclisi tərk eləyirik. Gedib Nadirə xəbər verə bilərsən!
– Sən bizim birliyimizə qəsd eləyirsən?
– Birlik mənə lazım deyil. Özümüz-özümüzə padşahlıq eləyərik. Vaxt olar Qarabağda səninlə danışarıq.
– Mənə hədə gəlirsən?
– Yox. Mən səni Qarabağda qabağıma qatıb qovanda görüm Nadir köməyinə gələcək?
– Mən özüm-özümü qoruya bilərəm.
Şəkili atlılar çapıb getdilər.
Səhərisi gün səsvermədə Nadiri İran mülkünə şah seçdilər. Bundan sonra bayram başladı.
Muğanın gözəl çağı idi. Düzlər çiçəklənmiş, göbələk, dombalan çıxmışdı. Payız da, yaz da yağarlı keçdiyindən dombalan neçə yerdə torpağı qaldırmışdı. Bu çiçəksiz, toxumsuz bitən, kök atmayan bitkinin bişmişi ən ləziz xörək sayılırdı. Yeddi ildən bir bitən dombalanı nökər də, xan da həvəslə axtarıb yığmaq həvəsinə düşürdü.
Yığıncaqların birində Qarabağ elatının ağsaqqalı, sifəti tunc rəngində, saqqalı dümağ, qaşları ağarmış qoca Pirvəli demişdi:
– Gör necə bir vaxtda bura toplaşıb özümüzə şah seçirik, təbiətin də xoş vaxtıdı. Uğurumuz yaxşı gələcək.
Səhərisi gün Nadir şahın tacqoyma mərasimi oldu və onun başına üç alov dilimi kimi qalxan, kənarları qızıl, ortası yaqut olan tacı qoydular.
Pənah bu anda Nadir şahın gözlərində qırmızıya çalan bir parıltı sezdi. Bilmədi o parıltı onun bəbəklərindəydi, yaxud tacın üç diliminin birindənmi düşürdü, bir az özünü yığışdırdı. Artıq hamı seçdikləri şahın qarşısında oturmuşdu. Onun hər əmrinə müntəzir olmalıydılar. Yoxsa o parıltı bir göz qırpımında şimşəyə çevrilə bilərdi, qarşısına çıxan itaətsizləri külə döndərərdi.
Nadir şah ayağa durub danışmaq istədi. Hamı qalxdı. Onun üçün qoyulmuş taxt qəlbidə idi. Səfəvilərdən qalma bu taxt sanki iri almaz idi, bərq vurub yanırdı, şahlara layiq hazırlanmışdı, şahlar da ona layiq olmalıydı.
Nadir şah danışdı. Ölkənin ağır vəziyyətindən, torpaqların əkilmədiyindən, rəiyyətin dilənçi vəziyyətinə düşməyindən söhbət açdı. Ölkəni bu vəziyyətdən çıxaracağına and içdi. Ona etibar göstərib şah seçdiklərinə görə hamıya öz təşəkkürünü bildirdi və dedi ki, ölkəni idarə edəndə onların hamısının köməyinə arxalanacaq.
Axşamüstü bir nəfər Pənahı çağırdı. Göy gözlü, sarışın, Pənahdan boyda kiçik olsa da, yəqin ki, yaşda ondan böyük olardı. Pənah onu tanıdı. Nadir şahın yanında çox görmüşdü.
– Bəy, – deyə Pənaha müraciət elədi.
– Mən bəy deyiləm.
Göygöz kişi təəccüb etsə də bunu çox da büruzə vermədi.
– Bu gündən elə bəysən. Nadir şahın tapşırığı ilə gəlmişəm.
– Buyurun. Şahın tapşırığı mənim üçün hər işdən irəlidi.
– Nadir şah sənin xidmətini unutmayıb.
– Mən Nadir şaha hələ ki, xidmət göstərmək şərəfinə çatmamışam axı.
– Çatmısan. Kür qırağında şəkili Hacı Çələbi ilə söhbətindən xəbərdardı.
Pənah təəccüb etdi. O söhbət vaxtı yanlarında öz yaxın dostlarından başqa heç kəs yox idi. Demək, şah olmaq üçün təkcə hamının sənin tərəfində olmağı azdır. Gərək hər yerdə gözün, hər yerdə qulağın olsun. Bunlar isə Nadirdə varmış.
– Eşidirəm.
– Nadir şah sənə "bəy" ləqəbi verir və öz yanına qulluğa götürür. Bu isə çox şərəfli işdi.
Göygöz kişi əlavə elədi:
– Bu axşam ağsaqqallarınla məsləhətləş. Səhər tezdən dalınca adam göndərəcəm.
– Baş üstə. Amma şahın sözü qarşısında ağsaqqallar nə deyə bilər axı.
Göygöz kişi getdi. Pənah isə öz adamlarının yanına qayıtdı.
* * *
Qarabağ qoşunu Şahbulağa çatdı. Üstü kol-kos bitirmiş dağın dibindən iki dəyirmanı işlədə bilən bulaq qaynayıb axırdı. Onun adını burada hansı şahsa məskən saldığına görə verməmişdilər. Bulağın özü şah idi, bulaqların şahı.
Bu yerlər Pənah xana doğma idi… O, atını sürüb dağın ətəyində tikdirdiyi qalaya tərəf qalxdı. Başını göyə qovzayanda göylərin ənginliyində bir qartalın süzdüyünü gördü. Özü ilə onun arasında bir yaxınlıq duydu.
Bu qalanı o tikdirmişdi. Artıq neçə il idi ki, bu yeri atıb dağlara qalxmış, Pənahabadı bina eləmişdi. İndi bu qala həbsxanaya çevrilmişdi. Günahkarları buraya salır, Şahbulaq dağının qənd kimi ağ daşını sındırtdırıb dəvələrin belində Pənahabada daşıdırdılar.
Qalabəyi qaça-qaça gəldi. Çatıb baş əyəndə elə canfəşanlıq göstərdi ki, papağı başından diyirlənib təpənin dibinə getdi. Qalabəyi keçəl idi, əlləri ilə keçəlini örtdü. Elə bil başına qapaz vururdu.
– Qalabəyi, niyə dustaqlar daş çıxartmırlar?
– Xan sağ olsun, istəmədim onların külünglərinin səsi xanı narahat eləsin.
– Get de, qoy işləsinlər. Mən döyüşə gedirəm. Qələbə ilə qayıtsam, onda ən yaxşı işləyənləri əfv edəcəyəm.
– Sən Hindistan kimi ölkədən qalib qayıtmısan. Xırda döyüşlər nədir ki…
Xan Hindistan adını eşidəndə gözləri üfüqə zilləndi…
Qalabəyi isə ürəyində, xəlvətcə gəlirini hesablamağa başladı. Xan əfv edəcək, o isə haqqını alıb dustaqları qaladan buraxacaq. Papağını yadından çıxarıb xanın əmrini yerinə yetirməyə qaçdı.
…Bəli, Pənah bəy Hindistan səfərindən qalib qayıtmışdı.
Nadir şah İranın kasıblıqdan çıxmağını başqa ölkəni talamaqda görmüşdü. Xəzinənin axır-uxurunu xərcləyib ordunu döyüşə hazırlamışdı, sonra da Əfqanıstandan keçərək Hindistana hücum eləmişdi. Səfərə çıxmamışdan əvvəl Ərdəbilə gəlmişdi ki, əgər zəfərlə qayıtsa, Darül-İrşada qızıldan qapı saldıracaq. Pənah bəy də hər yerdə onu müşayiət eləmişdi.
Bir-bir şəhərləri aldıqca ordunun qənimət yükü də ağırlaşır, görünməmiş xəzinələr ələ keçirirdi. Nadir şah isə doymur, daha çox ləl-cavahirat, qızıl ələ keçirməyə çalışırdı. Bahalı əşyaları növlərə ayırtdırmışdı. Ən qiymətlilərinin keşiyini çəkmək, qorumaq Pənah bəyə tapşırılmışdı. Bu isə Nadir şahın ətrafındakı, köhnədən ona yaxın olanların paxıllığına səbəb olmuşdu.
Əvvəldən almaz görməyən Pənah bəy bu qədər almazı görəndə heyrətə gəlmişdi. Həmişə də təəccüb eləyirdi ki, bu var-dövləti qorumaq üçün gərək güclü qoşun saxlayasan.
Var-dövlətə baxmayaraq əhali lüt-üryan və ac idi. Dilənçi əlindən tərpənmək mümkün deyildi. Bəs bu ləl-cavahirat onun nəyinə lazımmış? Nadirin qoşunları bütxanalarda daş-qaşla bəzədilmiş heykəlləri də söküb çıxardırdılar.
Nadir şahın qoşunu torpaq tutmaq, ona sahib olmaq deyil, əlinə keçən var-dövləti talayıb geri qayıtmaq niyyətində idi.
Göygöz kişi indi özünə lənət oxuyurdu. Axı o, Pənah bəyin Şəki xanına dediklərini eşitmiş, Nadirə çatdırmışdı. Pənaha bəy rütbəsi verib Nadir şah onu Göygözdən də yuxarı qaldırmışdı. Bu isə Göygözün ürəyincə deyildi. Var-dövlətin əsas hissəsi Pənah bəyin əlində toplanmışdı. Oradan Göygöz özü üçün yaxşı pay götürərdi və bundan heç kimin də xəbəri olmazdı.
Qoşun geri dönməyə hazırlaşanda Nadirə xəbər çatdırdılar ki, şəhərdə bir raca[1 - Raca – hindli zadəgan.] var. Onda olan almazın qiymətini təyin etmək heç kimə qismət olmayıb. Nadir o alması da ələ keçirməyi qərara aldı. Pənah bəyə və yaxın adamlarına tapşırdı ki, racanın almazı harada saxladığını öyrənsinlər. Racanın sarayının keşiyini çəkən sinqxlər idi. Onlar başında qırmızı çalma gəzdirir, gur saqqal saxlayırdılar. Əqidəcə müsəlman olduqlarına görə Nadir şahın qoşunları ilə mehriban münasibətdə idilər. Pənah raca sarayının rəisi ilə əlaqə yarada bildi. Çox uzun söhbətlərdən, boyun olunan bəxşişdən sonra rəis racanın sirrini verdi. Raca almazı həmişə başına qoyduğu çalmanın içində gəzdirirmiş.
Pənah bəy bu xəbəri Nadir şaha çatdıranda Nadirin gözlərində elə bil yeni bir parıltı gördü. Qırmızı yox, almazdan qopan, qövsi-qüzehə bənzər bir neçə rəngli parıltı. Gördümü, görmədimi, onu dəqiq deyə bilmirdi. Amma ona belə gəldi.