banner banner banner
Qafqaz qaçaqları
Qafqaz qaçaqları
Оценить:
Рейтинг: 0

Полная версия:

Qafqaz qaçaqları

скачать книгу бесплатно

Qafqaz qaçaqları
Ali Kafkasyalı

Bolşevik inqilabı ilə başlayan zülmün 100-cü ilində babam Məmməd Babanın, atam Aloy Hacının və bütün

Qafqaz qaçaqlarının əziz xatirələrinə ithaf edirəm.

Ali Kafkasyalı

Qafqaz qaçaqları

Bolşevik inqilabı ilə başlayan zülmün 100-cü ilində babam Məmməd Babanın, atam Aloy Hacının və bütün Qafqaz qaçaqlarının əziz xatirələrinə ithaf edirəm.

Qəhrəmanların dastanları yazılmasa, xalq satqınların yalanlarını oxuyar.

Məclislərin yuxarı başında əyləşib Oğuz ellərinə boy boylayan, soy soylayan Dədə Qorqud kimi Qafqaz dağları – əfsanəvi adı ilə Qaf dağı da Qafqazın mərkəzindən göylərə baş çəkən bəyaz papağı, Qara dəniz yaxalarından Xəzər sahillərinə, Ərzurum yaylalarından Təbriz həndəvərinə qədər sərilən yaşıl donu ilə Qafqaz xalqlarına göz olub, həyat verməkdədir.

Qafqaz dünyanın boy güzgüsüdür, sinəsində onlarla xalqa yer verir. Minlərcə təbiət xariqəsi: ağaclar, otlar Qafqaz dağlarının ətəklərində, köksündə, çiyinlərində boy atır. Gözlərindən onlarca çeşid sular süzülür. Yaylalarında ceyranlar, göylərində durnalar, göllərində sonalar cövlan eləyir. Qafqaz bəzən bütün səxavəti ilə Anadolu qalasına açılan, bəzən də bütün sərtliyi ilə onun üzünə qapanıb önünü kəsən Türküstan qapısıdır.

Mingöldən qalxan Araz Qafqazı başdan-başa sulaya-sulaya Kürə qoşulub özünü Xəzərə çatdırır. Xalqın dilində bayatıya, mahnıya çevrilir:

Araz, Araz, xan Araz,
Mingöldən axan Araz.
Al başımdan sevdamı,
Xəzərdə çalxan, Araz.

Kür çayı da Qafqazın sinəsi uzunu axır. Göle-Ərdahan yamacından başlayıb Qafqazın sinəsi üstündə bir boyunbağı kimi Xəzər yaxınlığında Araz ilə qol-boyun olub Xəzərə qarışır.

Öncə Gürcüstandan keçən Kür çayı Tiflisi addım-addım dolaşandan sonra Borçalı torpağına yönəlir. Borçalı Gürcüstanın inzibati-siyasi sərhədləri daxilində olan və Qarapapaq – tərəkəmə türklərinin məskunlaşdıq-ları qədim türk yurdudur. Kür çayı Borçalıya qədər tək yataqda sürətlə axdığı halda, sanki Qarayazı, İlməzli, Kosalı, Kəpənəkçi, Nəzərli, Pirvəli obalarından uzaqlaşmaq, ayrılmaq istəmir. Burada onlarla qola ayrılır, onlarla adacıqlar – cələlər yaradır. Qarayazı qoruğunu və ovalığını sulayır. Bu ovalıqdan keçdikdən sonra Azərbaycanın İkinci Şıxlı sərhəd kəndinin ətəyində Azərbaycana daxil olur. Sınıq körpünün altından Azərbaycana keçən Xıram çayı ilə Şıxlı kəndinin alt tərəfində qovuşaraq Poylu körpüsünə qədər uzanan Qarayazı meşəsinin boynuna sarılıb yoluna davam edir.

Azərbaycanın girişində Xıram çayı ilə birlikdə Qozluq adlı ilk meşəlik adanı əmələ gətirən Kür çayı coşub-daşdığı zamanlarda asminoq kimi hər qolunu bir yana uzadaraq Qarayazı meşəsini onlarla adaya ayırır. Kiçikli-böyüklü bu adalarda əmələ gələn və çeşid-çeşid meyvə ağaclarının bitdiyi meşələrdə canavardan çaqqala, ceyrandan cüyürə, qartaldan bülbülə qədər növbənöv vəhşi canlılar yaşayır. Vaxtilə Rusiya çarları bu meşəni xüsusi qoruq elan etmişdilər.

İstər çar Rusiyası, istərsə də Sovet dövründə Türkiyə sərhədinə qədər sıralanıb düzülən Göy dağ, Qaraxaç, Ağlağan, Alagöz, Göyçə dağları ilə birlikdə Borçalı, Qozluq və Qarayazı meşələri də qaçaqların dolanışıq və sığınma məkanları olmuşdur.

Dəllər, Padşahlıq və Sarıvəlli adlı üç şenliyin birləşməsindən əmələ gələn İkinci Şıxlı kəndi Gürcüstan, Ermənistan və Azərbaycan arasındakı üçbucaqda yerləşir. “Sınıq körpü” sərhəd qapısı bu kəndə açılır. Azərbaycan sovetləşməzdən əvvəl Borçalı və Qazax kəndlərinin evlərinin əksəriyyəti yayda sərin, qışda isti olması üçün yarısı yerə qazılı olan damlardan ibarət olmuşdur. El arasında bu evlərə “yer damları” və “qazma damlar” deyirdilər.

Sınıq körpünün şimal-qərbində yerləşən Ağ göl – Candar gölü, Keşiş dağları ilə Sarıyoxuş arasında uzanan ucsuz-bucaqsız geniş qışlaqlar gedib Gürcüstan sərhədinə çıxır. Güneydə Qorça yalından Kəkil dağına və Haçasu, Dilican, Qarakilsə (Kirovakan), Gümrü dağlarına qədər uzanan yaylaqlar isə Ermənistan sərhədləri daxilindədir. Bu bölgə Azərbaycan üçün çox əhəmiyyətli yerdir. Buna görə də Çarlıq dövründə Qazax mahalına başçılıq edənlər bu bölgədə olan qışlaq və yaylaqlardakı təsərrüfatları, müxtəlif təsisatları, əkin və maldarlıq işlərini erməni və gürcü təcavüzlərindən qorumaq üçün İkinci Şıxlı sərhəd kəndində təhlükəsizlik birliyi yaratmışdı. Osmanlı dövlətinin Güneydə və Şərqdə təşkil etdiyi “Həmidiyə alayları” tipində “Kənd Mühafizə Birliyi” adlanan bu güc qurumunun rəhbərliyinə sonradan adı Məmməd Baba kimi anılacaq Məhəmməd Bayram oğlu təyin edilmişdi. Bu birlik yaylaqları, qışlaqları, yataqları və əhalini Gürcüstan və Ermənistan tərəflərdən gələn hücum, qarət, talan və təcavüzlərdən qoruyurdu. Gürcü birlikləri sərhəd kəndlərinə hücum etdiklərinə görə İkinci Şıxlı camaatı digər sərhəd kəndlərinin əhalisi ilə Yuxarı Salahlı ətrafına çəkiləcək, təhlükəsizlik dəstəsi isə onları qoruyan yeganə güc olacaqdı.

1.

Qırmızı Ordunun hücumu və Məmməd Babanın şəhid olması

1917-ci ildə baş vermiş bolşevik inqilabının ardınca 1920-ci ilin aprelində Azərbaycan, həmin ilin dekabrında da Ermənistan Qırmızı Ordu tərəfindən işğal edildi. Rusiyanın tabeliyinə keçib sovetləşməmək üçün müqavimətini davam etdirən Gürcüstanın məsələsi isə növbəti bahara saxlanıldı. Azərbaycan-Gürcüstan çəkişmələrində sərhədə yaxın Borçalı və Qazax kəndlərinin bir hissəsi gürcülərin hücumuna və işğalına məruz qaldı. İşğal edilmiş kənd və qəsəbələrin əhalisi ev-eşiyini qoyub Azərbaycanın içərilərinə, Qazax şəhərinin yaxınlığındakı Yuxarı Salahlı və Ağstafa həndəvərindəki meşələrə çəkildi.

Azərbaycanın ən uc sərhəd kəndi olan və Qırmızı körpünün, digər adı ilə Sınıq körpünün yaxınlığında yerləşən İkinci Şıxlı sakinləri Yuxarı Salahlı qəsəbəsinin cənub-şərqindən axan çayın o üzündəki təpələrin arxasına çəkilib, müxtəlif olacaqlar düzəldib, qışı burada keçirəcəkdilər.

* * *

Gün batana yaxın gürcü birliklərinin üstlərinə gəldiyini eşidən İkinci Şıxlının kəndxudası (ona koxa da deyirdilər) ilə ağsaqqalları qapı-qapı gəzərək bir-bir ailə başçılarına, gəlinlərə, qadınlara vəziyyətin nə yerdə olduğunu çatdırırdılar. Gürcü birliklərinin gəlməkdə olduğunu, kəndlərinə hücum edə biləcəklərini, köçmək üçün hər an hazrılıqlı olmalarını, üç dəfə atəş açıldıqda bir saat ərzində kəndin tərk ediləcəyini bərk-bərk tapşırdılar. Qışlaqlarda olan çobanlara və naxırçılara da xəbər göndərildi ki, sürülərin ağzını gündoğan tərəfə, Yuxarı Salahlı meşəsinə döndərsinlər.

Xalqın canına böyük qorxu və əndişə düşmüşdü. Qadınlar, gəlinlər qorxu və təlaşlarını gizlətmirdilər. Əlləri-ayaqları göməşmişdi. Təhlükə hiss edəndə cücələrini qanadlarının altına yığan ana toyuqlar kimi onlar da hər şeydən əvvəl uşaqlarını çağırıb yanlarında saxlayırdılar.

Hər ailənin bir, bəzi varlı-hallı ailələrin isə iki öküz arabası vardı. Ancaq heç ən kiçik ailənin əşyasını da on araba tutmazdı. Böyük ailələrin əşyalarını götürmək üçünsə iyirmi araba da azlıq edərdi. İlk olaraq qış uzunu toxuduqları, ayaq altına salmaq bir yana, divarlara asmağa belə qıymadıqları dünya şöhrətli Qazax xalçalarını, cehiz sandıqlarını, kilimləri, samovarları arabalara yüklədilər. Arabalar qab-qacaq, sac, ocaq əşyaları, yorğan-döşək, paltarlar ilə doldu. Kimi yemək-içmək, kimi də sağın ləvazimatlarını hazırlamaqla məşğul olduğu vaxt bir-birinin ardınca üç dəfə atəş səsləri gəldi. Bu, gürcü birliklərinin kəndə hücuma keçdiyini bildirən işarə idi.

Silah səsləri ilə birlikdə kəndə vəlvələ düşdü. Səs-küy göyə dirək oldu. İtlər acıqlanıb bir-birinə çəmkirirdi. Dana-buzovlar mələşirdi. Toyuqlar qaçışırdı.

Bütün kənd ayaq üstə idi. Uşaqların şıltaqlarına acıqlanan böyüklərin hirsli səsləri; ora-bura vurnuxan qadınların deyinmələri; ev, aşxana, araba arasında var-gəl edən gəlin-qızların hay-küyü; uşaq ağlaşmaları bir-birinə qarışmışdı.

Ağsaqqallar ev-ev gəzərək dərhal yola çıxmaq lazım olduğunu bildirdilər. Hər yandan bir təlimat, bir tapşırıq eşidilirdi:

– Ərzaq götürməyi unutmayın!

– Bağdakı itləri arabaların arxasına bağlayın.

– Atları unutmayın!

– Arabadan artıq qalan öküz və kəlləri da götürün.

– Tüfəng, xəncər, güllə – nə varsa, özünüzlə götürün!

– Çadır, dəyə, alaçıq örtüklərini yaddan çıxartmayın!

Dünyagörmüş ağsaqqallardan Şərif Şikəstənin səsi dolaşırdı:

– Ay qonşular! Ay gəlinlər, ay xanımlar!.. Diqqətiniz uşaqların üstündə olsun. Onlar yuxuludur, aman, bir qəza baş verməsin!

Kəllər, öküzlər arabalara qoşuldu; atlar yəhərləndi; arabalar bir bır-ikibir kənddən çıxıb karvan kimi sıraya düzüldü.

Kənd meydanından qışqırıq səsləri gəlirdi. Kəndin cavanları atlarını minib, silah götürərək meydanda toplanmışdılar. Hamısı eyni qətiyyətlə:

– Siz gedin, biz burada qalacağıq, – dedilər.

Kəndxuda və ağsaqqallar onları sözə tutub yola gətirməyə çalışırdı:

– Ay cavanlar! Ay dəliqanlılar! Belə eləməyin! Əlli-altmış adamla, bu sınıq-salxaq silahlarla gürcü birliklərinin qabağına çıxmaq olmaz!

– Nə olacaq olacaq. Öləcəyik, ancaq kəndimizi tərk etməyəcəyik.

– Səhv edirsiniz.

– Səhvdir, qoy səhv olsun. Biz nə üçün yaşayırıq? Düşmən qabağından qaçmaq olarmı?

– Qaçmırıq ki…

– Bəs nə edirik? Siz qadınları, qızları, uşaqları, qocaları götürün, biz döyüşəcəyik. Bir ovuc gürcünün qabağından qaçmaq bizə ar gəlir…

Nə kəndxuda, nə də ağsaqqallar onları yola gətirə bilmirdi. Elin hörmətli ağsaqqalı Şərif Şikəstə cavanların qarşısına çıxdı. Atını gənclərin arasına sürdü:

– Ay uşaqlar! Allah sizi var eləsin. Allah sizə cansağlığı versin! Doğru düşünüb, doğru deyirsiniz. Ancaq biz qaçmırıq. On beş-iyirmi kilometr o tərəfə çəkilib, arvad-uşağı salamat yerə çatdırandan sonra birlikdə tədbir tökəcək, lazım gələndə döyüşəcəyik. Ancaq indi dərhal buradan uzaqlaşmağımız lazımdır. Sizə qurban olum!.. Tez olun, vaxt itirməyək!

İgidlərdən birinin gur səsi gəldi:

– Şərif baba!.. Sənin sözünə inanırıq!..

– Əmin olun, balalarım, əmin olun!..

Uşaqların, qocaların hamısı arabalarda; böyüklərin, gənclərin, gəlin-qızların böyük əksəriyyəti isə at belində idi. Bütün kənd atlı-arabalı yollara tökülmüşdü.

Milis mərkəzinin önündəki araba da yola düşmüşdü. Naçalnik milisya – milis rəisi mərkəzdə olan artıq silah-sursatı xalqı qorumaq vəzifəsi verilmiş Kənd Mühafizə Birliyinin başçısı Məmməd Baba ilə yoldaşlarına paylanmışdı.

Naçalnik və milis dəstəsi də onların ardınca kəndi tərk etdi.

* * *

İkinci Şıxlı kəndi səssizliyə bürünmüş, viranəyə dönmüşdü. Köç qafiləsi get-gedə uzaqlaşırdı. Köçdən ayrı düşən bir-iki sümsük it yollarda dolaşmaqda, sahiblərini itirən pişiklər onları axtarırmış kimi damlarda vurnuxmaqda idi. Pişikləri görən, onların səslərini eşidən xoruzlar toyuqları qorumaq üçün tüklərini qabardıb qışqırıq salmışdı. Böyük kənd bir neçə it, pişik, toyuq və ördəyə qalmışdı. Bəlkə də gürcülərdən öncə kəndin quzey tərəfindəki Qozluq meşəsinin tülkü və çaqqalları onları tutub aparacaqdı.

Bütün kənd camaatı atlı-arabalı yol gedirdi. Gecənin qaranlığı bütün səsləri udub içinə çəkmiş, işıqları gizləmişdi. Aprel buludlarının dəstə-dəstə süzdüyü göyün üzündə yuvarlana-yuvarlana batmağa yaxınlaşan ayın işığında köç karvanı arabir görünüb qeyb olurdu. Səssizliyi qamçı şaqqıltıları, nal səsləri və yol daşlarına çarpılan təkərlərin taqqıltıları parçalayırdı. Hər kəs susurdu. Köç qafiləsinin yerişi matəm yerişini xatırladırdı.

Kənddən altı-yeddi kilometr uzaqlaşmamış gürcü işğal dəstələrinin önündəki qüvvələrinin kəndə girdiklərini və qarət qruplarının gəlməsi üçün işarə fişəngləri atdıqlarını eşitdilər. Uşaqlardan başqa hamı var-yoxlarının talan edilməsindən yasa batmış, qəmə qərq olmuşdu. Səhərin sərin mehində bədənlərinə üşütmə, canlarına titrətmə düşmüşdü. Gərgin analar yaşayan cavanlar kəndlərinə doğru onlarla güllə atdılar.

Onlar günəşə doğru gedirdilər, günəş də onlara doğru gəlməkdə idi. Dörd saatdır kəllərin və öküzlərin çəkdikləri arabalar durmadan irəliləyirdi. Günəşin doğacağı dan yeri əvvəl maviyə, sonra ağa, daha sonra da al rəngə boyanmış, günəş o möhtəşəm şəfəqin sinəsindən üzünü göstərmişdi. Kəndlilərdən heç biri indiyə kimi günəşi bu qədər sevimli, bu qədər ürəkaçan görməmişdi. Bir müddət qızıl medalyon kimi yüksələn və göz qırpmadan baxılması mümkün olan günəş bir mizraq boyu yüksələndən sonra gözəlliyi göz qamaşdırmış, baxılmaz olmuşdu.

Gecənin ikinci yarısı boyunca otların üzərinə damla-damla paylanmış şeh damlalarını günəşin şüaları yeni qurudurdu ki, köç qafilələri ağsaqqalların müəyyənləşdirdiyi düşərgə yerinə – Yuxarı Salahlı kəndinə çatdı. Arabalar yoldan ayrılıb geniş dərələrin vadilərində və təpələrin ətəklərində açıldı. Yol boyunca arabaların silkələyib yorduğu uşaqlar arabalardan düşüb qaçışmağa, oynamağa başladılar. Onlar səyahətə çıxan adam havasında idilər. Axşam yeməyi yeməyən, ağızlarına bir udum su almayan qadınlar, gəlinlər çəmənlərin üzərində süfrə açıb, samovara od saldılar. Hazırlıqsız gələnlər çır-çırpı toplayıb ocaq çatdılar. Xəmir yoğurub sac asanlar var idi. Kimi də balta götürüb qurumuş kol-kosdan doğrayıb odun düzəldirdi.

Yolun alt tərəfində Kür çayı və onunla qol-boyun olub gedən Qarayazı meşəsi boydan-boya parıldayırdı. Günəşin doğuşu ilə Qarayazının üzərindəki qara buludlar az da olsa çəkilmiş, kəndlilər bir qədər özlərinə gəlmişdilər. Ocaqların yanması, samovarların qaynaması, çəmənlərin üstə süfrələrin açılması və uşaqların düzlərdə gülüşüb-oynaşması ilə üzərlərindəki qaramat çəkilib getmişdi. Nə olmalı idi ki? Atalar demiş: “Qara gün qaralıb qalmaz”.

Çayın quzeyindəki Muğanlı, Soyuqbulaq və güneyindəki Birinci Şıxlı, Salahlı kəndlərinin camaatı bunlardan daha öncə meşəyə və çaya yaxın olan Ağstafa səmtinə yerləşmişdi.

* * *

On beş ildən artıqdır İkinci Şıxlı kəndinin yaylaq, qışlaq və qoruq yerləri ilə buradakı təsərrüfatlarını, yataqlarını, mal və heyvanlarını qoruyan; Qafqaz İslam Ordusu Qazağa gələndə ona bələdçilik edən və ayaqları donan əsgərləri kənddə saxlayıb müalicə etdirən Məmməd Babanın başında durduğu Kənd Mühafizə Birliyi könüllülərinin sayı, daha doğrusu, dəstələrin sayını artacaqdı. Kəndxuda və ağsaqqallar da xalqı dəstələrə qoşulmaq üçün ürəkləndirirdilər. Gürcü və erməni basqınlarına qarşı xalqı qorumaq üçün yeni könüllü atlı dəstələr yaradılır və onlar Kənd Mühafizə Birliyinə qoşulurdular. Dəstələrdə beşdən on beşə qədər atlı olurdu. Qeyrətli, gözüaçıq, igid insanların yaratdıqları bu könüllü atlı dəstələr heç bir yerdən kömək almadıqları və xarici güclər tərəfindən dəstəklənmədiyi üçün onların nə kifayət qədər silah-sursatı var idi, nə də yaxşı təlim almaq imkanları olmuşdu. Əllərindəki silah-sursat isə dədə-babadan qalma tüfənglər, köhnə patronlar idi.

Məmməd Babanın əlindəki tüfəng isə Nuru paşanın ordusu Bakıya girəndə ayaq barmaqları donduğu üçün İkinci Şıxlı kəndində qalan və uzun müddət burada müalicə olunandan sonra Türkiyəyə qayıtmış zabitlərdən birinin hədiyyə etdiyi Osmanlı mauzeri idi.

Yuxarı Salahlıya gəldikləri vaxtdan bəri mühafizəçilər gecə-gündüz xalqa ümid vermək üçün atlarına minib ətrafı dolaşmaqda, arası kəsilmədən növbə çəkməkdə idilər. Yuxarı Salahlının gürcü basqınına ən yaxın səmtində kəndin ən təcrübəli igidlərindən təşkil edilmiş on adamlıq bir dəstə xidmət edirdi. Həmin dəstənin başında duran isə Məmməd Babanın özü idi.

Qarayazı meşəsinin quzeyində, Poylu körpüsü ilə Sarıyoxuş arasında, Qazax tərəfdə Birinci Şıxlı və Ağstafa tərəfdə Muğanlı kəndindən altı adamlıq bir dəstə də xidmət növbəsində idi. Bu dəstədə Baba Mirzə, Yağnallı Məsimin yeniyetmə oğlu Qasım, Rəsuloğlu Musa, onun əmisi oğlu Rəsuloğlu Nəbi, Pirvəli koxa və onun qardaşı Ömər koxa adlı qəhrəmanlar var idi. Başçıları Baba Mirzə idi.

Bunlar Qarayazı meşəsinin ayağında yerləşən Poylu körpüsü ilə Sarıyoxuş arasında xidmət eləyirdilər. Sarı-yoxuşun günbatanında gürcülər, gündoğanında isə bunlar mövqe tutmuşdular. Gözləmə vəziyyətində olan dəstənin ən gənc üzvü Rəsuloğlu Musa doqquz gürcü əsgərinin onlara doğru gəldiyini görüncə yoldaşlarına:

– Fürsət axtarırlar, üstümüzə basqın edəcəklər. Onlar bizə hücum etməmiş biz onların üstünü alaq, – dedi.

Baba Mirzə gürcülərin qəfildən hücuma keçəcəklərinə inanmırdı. Buna görə də:

– Bizə niyə basqın eləsinlər? Yeddi-səkkiz kəndimizi alıblar. Kəndlərin bütün var-dövlətini talan eləyiblər. İndiyə qədər biz tərəfdən bir hücum olmayıb, Bu halda nəyə görə bizə basqın eləsinlər ki?

Rəsuloğlu Musa israrla dedi:

– Onların dişi qana batıb. Cavablarını verməsək, üstümüzə gəlməyə, bizi qovmağa davam eləyəcəklər. Sınıq körpü kimi Poylu körpüsünü də ələ keçirmək istəyirlər.

– Gəlin tələsməyək. Onlar bizim üstümüzə gəlməmiş atəş açmayaq.

Rəsuloğlu Musa nə qədər israr eləsə də, dəstədəki ağsaqqalları yola gətirə bilmədi. Qan tökməyin, adam öldürməyin tərəfi olmayan ağsaqqallar əllərini tətiyə aparmadılar. Mövqelərindən çəkilib yaxınlıqdakı dərənin döngəsində süfrə açıb günorta yeməyinə oturanda gürcü dəstələri başlarına güllə yağdırdı. Baldırından vurulan Rəsuloğlu Musadan başqa mühafizə dəstəsinin üzvlərinin hamısı döyüşdə şəhid oldu. Bu xəbəri eşidən cavan-yaşlı, qadın-kişi hər kəs hadisə yerinə axışdı. Qadınlar fəryad edib ağlaşanda, kişilərin başı şəhidlərin cənazələrinə qarışanda basqınçı gürcülər elədikləri namərdlikdən utanmadan onların yanına gəldilər. Öz alçaqlıqlarını qəhrəmanlıq hesab edirdilər. Ağır yaralanmış boylu-buxunlu Rəsuloğlu Musanın mətanətinə heyran qalmışdılar. Namərdliklərinin üstünü basdırmaq üçün yaralını hərbi xəstəxanaya götürməyi təklif etdilər, onları yola gətirmək üçün dilə tutdular. Ancaq gürcülərin bu təkliflərinə məhəl qoyan olmadı.

Bu arada Poylu körpüsünün güney tərəfində növbə çəkən Mehdioğlu Səməd, Qəlyanlı Alı, Mehdioğlu Şəmistan, Paşşanlı Məhəmməd və Paşşanlı Əhməd adlı igid vətən övladları gürcülər hələ hadisə yerindən aralan-mamış meşənin içi ilə günbatana doğru iki-üç kilometr yol gəlib pusqu qururlar. Atlarını oynada-oynada qayıdan namərdlərin doqquzunu da öldürdülər. Bununla da üstündən çox vaxt keçməmiş şəhid və qazi yoldaşlarının intiqamını aldılar. Öldürdükləri gürcülərin silah və təchizatları ilə yeni bir dəstə yaratdılar. Heyiflər olsun ki, güllə yarasından omba sümüyü parçalanan Rəsuloğlu Musanın həyatını xilas etmək mümkün olmadı, bir neçə həftədən sonra o da şəhidlər karvanına qoşulub haqqın dərgahına qovuşdu.

* * *

Belə vaxtlarda dəyərlər dəyərini itirir, tərəflərin yeri dəyişik düşür. Ataların dediyi kimi, at izi it izinə qarışır. Namərdlər hər nə qədər tənha yer axtarıb gizlənməyə çalışsalar da, xainlər işğal gücləri ilə əməkdaşlıq etmək üçün yarışa girsələr də, xalqın mərd və igid oğulları düşmənə qarşı mübarizə aparmaq üçün fürsət gözləyirdilər. Könüllü atlı dəstələri işğalçı gürcü birliklərinə qarşı insanların canının və malının təhlükəsizliyini qorumaq üçün mübarizə apardığı halda, bolşevik Qırmızı Ordu süvarilərinin onları arxadan vuracağını ağıllarına belə gətirmirdilər.

Keçən aprel ayından bəri Qırmızı Ordunun əli ilə Azərbaycanı işğal edən və sonradan Sovet İttifaqına birləşdirən Moskva hökuməti sovetləşməyə müqavimət göstərən, Azərbaycanın sərhəd kəndlərini işğal edən Gürcüstan üzərinə martın ortalarında yeriməyə qərar vermişdi. Gürcüstana doğru irəliləyən Qırmızı Ordunun süvariləri önlərinə çıxan irili-xırdalı gücləri dosta-düşmənə fərq qoymadan yandırıb yaxaraq Novruz bayramının ərəfə gecəsi Qazax şəhərinin qərbinə çatmış, gecə uzunu yığıncaq keçirərək hazırlıqlarını tamamlamışdı. Dan yeri söküləndə gürcülərin üstünə yeriyəcəkdilər.

Sabahın ilk saatlarında top atəşləri açıldı. Bunun ardından atlı birliklər hücuma keçdilər. Bir yandan atdıqları uzunmənzilli toplarla gürcü mövqelərini dağıtdılar, bir yandan da bu topların atəşləri altında özlərini qoruya-qoruya bir neçə istiqamətdən sürətlə irəlilədilər. Çox qısa müddətdə gürcüləri Qazax və Borçalı bölgəsindən geri oturdub, Tiflisə tərəf üz tutdular.

Bundan düz bir ay öncə fevralın 22-də Türkiyənin Gürcüstan hökumətinə çox sərt bir ultimatum verərək gürcü birliklərinin Ərdahan ilə birlikdə Şavşat, Ardanuç və Artvindən çəkilməyə məcbur etməsi də Sovet hökumətinin işini asanlaşdırmışdı.

Məmməd Babanın başında durduğu atlı dəstə Yuxarı Salahlı təpəsinin yaxınlığında atlarının belində gözlənilən gürcü basqınlarına qarşı əlləri tüfənglərinin tətiyində idi. Gecənin son dəqiqələrində onlar özlərini fırtına kimi bir anda peyda olan Qırmızı Ordu süvarilərinin qarşısında görürlər. Qeyri-ixtiyari tüfəngindən atəş açan Məmməd Baba ikinci gülləni tüfəngin lüləsinə vermək istəyəndə Qırmızı Ordu süvarilərindən birinin qılınc zərbəsi ilə atdan yerə salındı. Onun yoldaşlarını da qılıncla vurub atdan yerə yıxdılar.

Süvarilərin ardınca topçu və mexaniki birliklər də sürətlə Xıram çayını keçərək gürcü işğalı altında olan Azərbaycan kəndlərini ələ keçirib Tiflisə yönəldilər.

Günəş doğar-doğmaz Sovet səhiyyə bölükləri bölgəyə gətirildi. Yaralıları müalicə edib, ölüləri basdıracaqdılar. Gürcü birlikləri Sovet ordusunun top atəşləri altında tez-tələsik mövqelərini və işğal etdikləri kəndləri tərk edərək Sınıq körpüdən qaçdıqlarına görə geridə o qədər də ölü və yaralı qoymamışdılar. Bu arada səhiyyə bölüyünün qulluqçuları könüllü mühafizə dəstələrinin yaralı döyüşçülərini də müalicə edirdilər.

İkinci Şıxlı sakinləri kəndlərinə qayıtmaq üçün hazırlıq görməyə başlamışdı. Bütün yaralıları obalarına, olacaq yerlərinə gətirirdilər. Onlardan bəzilərinin yarası yüngül idi, bəziləri isə ağır yaralanmışdı. Ancaq kənd mühafizə birliyinin başçısı yoxa çıxmışdı. Məmməd Baba ortada yox idi. Cavanların xeyli aralıdan tutub gətirdikləri atının başında, boynunda və sağrısında qılınc yaraları var idi. Atın yaralı olduğunu görəndə Məmməd Babanın da yaralandığından, hətta öldürüldüyündən əndişəyə düşmüşdülər. Ancaq nə ölüsünü, nə də dirisini tapa bilirdilər.

Şərif Şikəstə ilə ağsaqqallardan Tomtullu Əmiraslan, Nadir ağa, Səməd Əfəndi və Molla Əhməd vəziyyəti ağır olan Məmməd Babanın ən yaxın yoldaşı və köməkçisi Binnət Əfəndinin yanında idilər. Huşunu itirmiş halda tapıb gətirdikləri Binnət Əfəndini damın altında açdıqları döşəyin üstünə uzadıb başının altına qalın bir yun yastıq qoymuşdular. Özünə gələndə ona bir stəkan su içirtdilər. Ancaq az sonra yenə huşunu itirdi, bir müddət sonra yenə özünə gəldi. Gözlərini Şərif Şikəstənin gözlərinə zilləmişdi. Şərif Şikəstə təfərinclə ona baxırdı. Gözləri yaşarmış, sifəti büzüşmüşdü. Titrəyən dodaqlarından kəsik-kəsik kəlmələr tökülürdü: Məmməd Babanı çapdılar… Qırmızı Ordunun süvariləri çapdı. Məmməd Baba uçdu… Cənnətə uçdu…

Şərif Şikəstə dəsmalı ilə onun gözlərini silərək:

–Allahın sevdiyi bəndəsi idi. Allah ona şəhidliyi qismət elədi. Övladları sağ olsun! Millətimiz sağ olsun! Vətən sağ olsun!.. Cənabi Allah sizə də qazi olmağı qismət elədi. Millətimizə, vətənimizə çox görməsin!.. – dedi.

Binnət Əfəndi ağlayıb gözünün yaşını tökəndən və Məmməd Babanın içini yandırıb-yaxan ölüm xəbərini dostlarına çatdırandan sonra nisbətən rahatlaşmışdı. Ona iki fincan da çay içirtmişdilər. Artıq özünə gəlmiş, rəngi-ruhu durulmuşdu. Şərif Şikəstə və qocalar Məmməd Babadan narahat idilər. Onun adını xatırladanda bir də huşunu itirəcəyindən qorxurdular. Bir yandan da şəhidin cənazəsini tapmaq üçün tələsirdilər. Şərif Şikəstə Binnət Əfəndinin üstünə əyilib üzünü-gözünü öpdü, xeyir-dualar verərək ondan soruşdu: “Qazi atamız, Binnət Əfəndimiz, sənə qurban olum. Allah səni bizə çox görməsin. Səndən bir söz soruşacağam. Ürəyini sıxma, söylə. Hadisə harada, necə oldu?”

Binnət Əfəndi göz yaşları içində başlarına gələni danışdı: “Biz iki bir-iki bir ətrafa göz qoyurduq. Məmməd Baba ilə mən gürcülər tərəfdən gələcək basqının qarşısını almaq üçün bir neçə kilometr irəlidəki böyük təpənin ətəyində gözləyirdik. Axşama yaxın Sovet ordusunun gəldiyi barədə xəbər bizə çatdı. Biz gürcülərin hücumuna məruz qalmamağa çalışırdıq, ancaq bizi bolşevik ordusu arxadan vurdu.

Gecə yarıdan keçmişdi. Ay hələ doğmamışdı, hər tərəf qaranlıq idi. O günə qədər eşidib-görmədiyimiz bir tufanın bizə tərəf yaxınlaşdığını hiss etdik. Həyəcanla atlarımıza mindik və böyük bir axınla gələn Sovet ordusunu gözləməyə başladıq. Top səsləri ortalığı vəlvələyə salmışdı. Bu səslərlə birlikdə qəfildən sanki qaranlıq yarıldı, zülmətin içindən yüzlərlə süvari çıxdı və atlarını üstümüzə sürdü. Mən də, Məmməd Baba da özümüzdən asılı olmayaraq silahlarımıza sarılıb atəş açmağa başladıq. Nə oldusa, onda oldu. İkimizi də qılıncla vurub atları-mızdan yerə saldılar. Atlar ürküb qaçdı, biz ortada qaldıq. Yüzlərlə atlı böyük sürətlə axıb getdi. Yeri-göyü titrədən top, tüfəng, qılınc, nal səsləri getdikcə bizdən uzaqlaşdı. Səslər azalandan sonra Məmməd Babanın iniltisini eşitdim. Gücü tükənmiş halda inildəyirdi. Əvvəlcə qorxumdan quruyub qaldım, yerimdən qımıldana bilmədim. Bir az keçəndən sonra ona yaxınlaşdım. Məni tanıdı. Halı çox pis idi. Qanlar içində idi. Zorla bunları deyə bildi: “A Binnət, Hacıya söylə, məni təpənin üstündə dəfn eləsin”.

Bunun dalınca dodaqlarından qırıq-qırıq dua səsləri gəldi. Sonra da dərindən bir ah çəkdi və sərkərdə öz yavərinə tapşırıq verirmiş kimi kəsik-kəsik danışdı: “A Binnət, sənin vəziyyətin yaxşıdır. Sənə deyəcəklərimi vəsiyyətim kimi cavanlara çatdırmağını xahiş eləyirəm, – deyib əlavə elədi. – Çarlar bizə yaman tor qurmuşdu, bolşeviklər də onu tamamladılar. Əvvəlcə erməniləri və gürcüləri Anadolunun və Azərbaycanın üstünə saldılar. Ermənilərə Anadolunun və Azərbaycanın bir çox yerlərini işğal etdirdilər, qətllər törətdilər, digər yandan gürcülərə Ərdahan, Şavşat, Artvin ilə birlikdə Axalkələk, Axısxa, Borçalı torpaqlarını və bizim kəndləri işğal etdirdilər. Bizim başımız ermənilərlə, gürcülərlə didişməyə qarışanda isə özləri əvvəlcə Azərbaycanı, ardından da Ermənistanı işğal elədilər. İndi də Gürcüstanı alırlar. Çarları və bolşevikləri bu xalqların ahı tutsun”, – dedi və səsi kəsildi. Bir müddət sonra lap yanına yaxınlaşdım. Ruhunu təslim eləmişdi.

Şərif Şikəstə böyük bir hüzn içində:

– Allah rəhmət eləsin. Nur içində yatsın, – dedi. – Bəs hansı təpəni göstərdi?

– Bax bu qənşərimizdəki təpəni. Bizi həmin təpəninin Kür çayına baxan tərəfində qılıncla vurmuşdular. Təpənin yanındakı çökəyə, kolluqların arasına düşmüşdük. Mən bir müddət sonra sürünüb oradan açıqlığa çıxdım. Səhiyyə xidmətçiləri məni görüb yanıma gəldilər. Yaralarımı sarıdılar. Məmməd Babanı görə bilmədilər. Mən də onun vəsiyyətini fikirləşib, onlara bir söz demədim. Çünki necə gəldi bir çala qazıb içinə atacaq, üstünü torpaqlayacaqdılar. İnşallah, siz onun vəsiyyətini yerinə yetirərsiniz.

Sonrasını bilirsiniz. Gəlib məni oradan götürdünüz. Zənnimcə, Məmməd baba məni götürdüyünüz yerdən bir az o tərəfdə, kolluğun içində olmalıdır.

* * *

Kəndin ağsaqqalları gənclərin həyəcanlarının öhdəsindən gələ bilməyəcəklərindən, səhv addım atacaqlarından ehtiyat eləyərək cavanlardan yaradılmış könüllü dəstələri təhlükəsi az olan güney tərəfə, dağların yamacına göndərmişdilər. Havanın aydınlaşması ilə bu birlik ətrafı daha aydın görə bilirdi. Ərzurumu işğal edən rus sərkərdəsi Paskeviçin dəvət etdiyi Puşkinin Qarğabazarı dağının ətəyindəki təpədən Ərzurumun mühasirəsini izlədiyi kimi onlar da baş verənləri müşahidə edirdilər. Sovet ordusunun o bölgədən uzaqlaşması ilə birlikdə dərhal obalarına dönmüşdülər.