скачать книгу бесплатно
Təzə gəlinin valdeynləri qızlarının ailəsində baş verən qəribə hadisədən təşvişə düşmüş və tez-tələsik haya gəlmişdilər. Anası kürəkəni kənara çəkib:
– Cəmil, oğlum, bu ilan başımızın bəlasıdır gəlib. İlan torbadaykən niyə öldürmədin axı? – deyə soruşdu.
– Nə bilim, ay xala. Elə bil bir sehirli əl gəldi, ilan olan torbanı açıb, ilanı oradan buraxdı… Deyirlər, ilanlar yeddi qardaş olur. Birini öldürdünsə, o biriləri qisas alır.
Təzə gəlinin atası özüylə gətirdiyi “dəfə-dərman”ını həyətdə olan bütün deşiklərə, heyva ağacının yanında olan daş topasına belə səpdi.
Gəlinin isə içində ilanı bir də görmək istəyi yaranmışdı. Həyətə çıxanda gözləri onu axtarırdı.
İlana qarşı qəlbinin dərinliklərində qəribə bir hiss yaranmağa başlamışdı – özü-özündə deyildi elə bil…
* * *
Gəlinin valdeynləri üç gün qaldılar. Üç gündən sonra atası:
– Orada da işlərimiz tökülüb qalır, bizim getməyimiz məsləhətdir, izn verin, gedək. – dedi.
Anası isə qızını gəlin otağına çəkdi. Yenicə qalxan qarnına baxıb dedi:
– Hə, qızım, körpəni sağ-salamat dünyaya gətirmək üçün birinci növbədə özündən muğayıt ol. Yemək-içməyini gecikdirmə. Axı indi ikicanlısan. Bir də ki, qızım, bu ilan məsələsi yadıma ötən illəri saldı. Sofu Usub düz deyir: o gürzələr bizim həyətin aşağısındakı kəpirlikdə yaşayır. Yadıma gəlıir, sən altı-yeddi yaşlarında qonşu uşaqlarla kəpirliyin üstündə evcik qurub oynayardın. Rəhmətlik Vüqar da o oyunlarda həmişə sənin nişanlın olardı… Həmin vaxt orada ilan yuvası tapmışdınız – yuvada da yeddi yumurta… Uşaqlar yumurtaların altısını sındırsa da, sən sonuncu yumurtanı evə gətirmişdin. Mən sənə acıqlandım ki, yumurtanı apar, qoy yerinə. Sən də aparıb qoydun yuvaya. Mənə elə gəlir ki, bu həmin yumurtadan çıxan ilandı.
Anası danışdıqca uşaqlıq illəri kino lenti kimi Həyatın gözləri qarşısından ötüb keçirdi. Ağ, qara kadrlar xatirə işığında bərq vururdu.
…On beş yaşın içindəydi… Gənclik yaşına qədəm basmışdı… Nənəsi demişkən qızlar bulağından su içən vədəsiydi. Sinəsində qabaran şamamalar, sanki indicə qonçədən çıxmış gül dodaqları çoxlarının ağlını başından alırdı.
Osa yalnız qonşu oğlu Vüqar barədə fikirləşirdi. İçində bir sevgi toxumu cücərməyə başlamışdı. Onun fikir-xəyalını, diqqətini cəlb edən Vüqar yenicə hərbi xidmətdən dönmüşdü.
Vüqar iki il öncəki nərmənazik, utancaq oğlan deyildi. Əvvəllər söz deyəndə, yaxud bir qızla qarşılaşanda yanaqları qızaran bu oğlan hamıdan qaçaq gəzərdi. Nənəsi Nisə xala “gəlindən-qızdan həyalı balam” ifadəsini onun adı ilə qoşa çəkərdi.
İndi Vüqar boy-buxunlu, qamətli igidə dönmüşdü. Çatma qaşları onun sifətinə xüsusi yaraşıq verirdi. İki illik əsgəri xidməti Sovet ordusunda, Rusyanın uzaq şərqində – Xabarovski vilayətində keçirmişdi. Xidməti hərbi hava qüvvələrində keçirdiyindən çox sağlam, buz baltası kimi möhkəm idi.
Həyat bu qonşu oğluna indi əvvəlki kimi yanaşmırdı. Hər gecə yatmamışdan əvvəl Vüqarı düşünür, onunla qarşılaşdığı səhnələri təkrar xatırlayırdı.
Vüqarla üz-üzə gələndə yanaqları pörtər, həya adlı duyğusu yanaqlarına, gözünə qonardı. Vüqarın verdiyi “salam” sözünə də belə pıçıltı ilə cavab verərdi.
Həyatın dəniz kimi mavi gözləri, qıyqacı baxışı Vüqarı ovsunlayırdı.
Artıq məhəbbətin ovsununa düşmüşdülər… Gizli görüşlər, gizli məktublar onları yerdən alıb göylərə qaldırmışdı. Onlar yer adamları deyildilər artıq. Əgər o hadisə olmasaydı…
Yazın sonuncu ayı idi. Səhər günəşli olsa da günortadan keçmiş birdən-birə göy üzünü qara buludlar aldı. Yelinli buludlar torpağın nuru olan yağışını yağdırmağa başladı. Arabir şimşək çaxır, harasa ildırım düşürdü.
Vüqar Quş Qayasının altındakı bostanlarına, atasına köməyə gedirmiş; yağış başlayanda yağışdan qorunmaq üçün yaxınlıqdakı dəmiryol körpüsünün altına keçmək istəyəndə…
Vüqarı ildırım vurmuşdu. Əlləri, üzü, gözü qapqara olmuşdu. Onu İsgəndər dayının ZİS yük maşınında xəstəxanaya gətirmişdilər. Şərqiyyə həkim onun bağlı göz qapaqlarını aralayıb demişdi:
– Keçinib. Allah rəhmət eləsin. Heyf cavan idi!
Vüqarın qəfil ölümü Həyatı sarsıtmışdı. Hər gün onunla görüşdüyü yerlərə baş çəkməklə, onlu xatirələri yada salmaqla təskinlik tapardı.
Bir axşam yenə ilk görüş yerləri olmuş, evlərinin arxasındakı ot tayasına yaxınlaşanda bir ilanın ot tayasına girdiyini gördü.
Anasına, qardaşına ha desə də heç kəs inanmadı. Atasısa:
– Qızım kəpirlikdə olan gürzələr heç vaxt bizim həyətə gəlməzlər. Onlar eləcə kəpirlikdə yaşayırlar. Görünür gözünə görünən qaraltıymış.
Nə isə… Həyat xəyaldan ayrılıb bərkdən dedi:
– Ana, sən fikir eləmə, hər şey yaxşıdır. Gedək, sizi ötürüm.
Cəmil bayaqdan təzə gəlinin ata-anasını yola salmağa getsə də hələ gəlib çıxmamışdı.
Həyat qaynanasının hamiləlik üçün aldığı iri donu əyninə keçirib həyətə düşdü. Həyətin kölgəlik yeri günün bu vədəsində heyva ağacının altı olduğundan ora getdi. Sərin meh əsirdi. Qurumuş ağac kötüyünün üstündə oturub Cəmili gözləyirdi.
Kimsə yanağından öpdü. İsti bir nəfəs boyun-boğazında dolaşdı… Təzə gəlin huşsuz kimi oldu.
Və başını qaldırıb bunun nə olduğunu ayırd etmək istəyəndə gözü heyva ağacından ona baxan qara xallı gürzəyə sataşdı. İlan ağacdan sürüşüb düşdü. Təzə gəlinin ayaqlarına qədər gəldi. Başını qaldırıb haça dilini bir neçə dəfə çıxarıb oynatdı. Gəlin əyilib ilanın başını sığalladı.
– Mələyim!.. – dedi.
İçindən dəli bir hıçqırtı qopdu. Üzünü əlləri ilə tutub otağa qaçdı.
* * *
Neçə vaxt vardı Cəmilin içində ilana qarşı qısqanclıq toxumu cücərirdi.
Axşam yeməyini külfətlə birgə yedikdən sonra Cəmil gəlin otağına keçdi. Bir azdan Həyat da bir qab üzümlə otağa gəldi.
– Yuxuxor qocalar təkin axşam düşən kimi yatağa keçirsən.
Cəmil yoldaşının bu sözündən sonra tənbəl-tənbəl durub kresloya əyləşdi. Balaca mizə qoyulmuş üzümdən bir salxım götürüb yeməyə başladı. Həyatın ona diqqətlə baxdığını görüb gülümsədi.
Gəlin kreslonun dirsəkliyinə əyləşdi, pıçıltı illə:
– Nə gözəl ətrin var… – dedi.
Cəmil onun incə belinə qolunu dolayıb özünə sarı çəkdi:
– Deyirlər qadın xoşbəxtliyini görmək istəyirsənsə onun üzünə hamiləliyinin beş-altı ayında bax.
– Niyə?
– Çünki o ana olmağa hazırlaşır. O nişanlı deyil ki, xoşbəxtliyini sabahlarda axtarsın. Uşaq dünyaya gətirmiş ana isə körpəsinin qayğısı ilə yaşayır. Hamilə qadın, özü də ilk hamiləliyini yaşayan xanım əsl xoşbəxtliyi duyur və yaşayır. Hətta bir çox məşhur rəssamlar hamiləliyin üç-altı aylarında olan gənc xanımları çəkiblər.
– Mən də sənin əsərinəm hə?..
– Hayıf ki, rəssamlığı bacarmıram. Rəsmini çəkib qocalığımıza saxlayardım.
– Biz qocalmayacağıq.
* * *
Təzə gəlin uzun bir yuxu görürdü: nuranı, ağsaçlı, əli əsalı, olduqca qoca bir kişi gəlin otağının qapısı ağzında dayanmışdı. Həyat onu içəri dəvət etsə də keçmədi. Seyid Mirsədi Babaya oxşayırdı. Qoca sirli baxışlarla ona baxaraq deyirdi:
– Qızım o ilan səndən kömək istəyir. Onun boğazında sümük qalıb. O ilan vaxtilə sənin qoruduğun yumurtada olan ilandı. Bu dəfə də ona kömək elə. Qorxma onun boğazını sığalla, o asqıracaq, sümük düşəcək… O ilan Vüqarın ruhunu daşıyır. Beləcə sənin əlin şəfaya çevriləcək. İnsanlar sənin əlinlə şəfa tapacaq. Amma sən övlad sahibi olmayacaqsan…
Təzə gəlin qımıldanmır, eləcə ona baxırdı. Qoca gəldiyi kimi də qeybə çəkildi.
Həyat hövlanək, qan-tər içində yuxudan oyandı, ətrafına baxındı. Ona elə gəlirdi ki, qoca hələ də otaqdadır. Yuxu ilə gerçəyi qarışıq salmışdı.
Bir azdan yuxudan oyanan Cəmil qapını açaraq bayıra çıxmaq istədi. Və birdən əsəbi şəkildə geriyə – otağa dönərək divardan asılmış tüfəngi qapıb, lüləsinə güllə yerləşdirə-yerləşdirə qapıya cumdu. Təzə gəlin təəccüblə ərinə baxdı və:
– Cəmil! Neynirsən?! Səhər-səhər tüfəng nə üçün? – deyə qışqırdı.
– O, qapının ağzında durub. İlan!.. Öldürəcəm.
Gəlin cəld özünü irəli atdı, Cəmilin əllərindən tutub özünə sıxdı və yazıqcasına, imdad dilədi:
– Olmaz, olmaz… Mən yuxu görürdüm.
Əlləri ilə tüfəngin lüləsini aşağı əydi.
Cəmil qəribə, süst baxışlarla ona baxırdı. Gəlinin gözlərindən gilə-gilə yaş axırdı…
– Övladımız doğulmayacaq…
Gəlin tüfəngi bərk-bərk özünə sıxmışdı, gözlərini Cəmilin gözlərinə zilləyib onun qəzəbini soyutmaq istəyirdi. Birdən güllə səsi otağı başına götürdü. Və…
Təzə gəlinin bir andaca əlləri boşaldı. Bir neçə addım geri çəkilərək, arxası üstə yerə yıxıldı. Şiddətli ağrıdan qıvrıla-qıvrıla yerdə uzanmışdı. Cəmilsə nə baş verdiyini ayrıd edə bilmədən, key-key ona baxırdı.
Gəlin al qan içində belə:
– Vurma, vurma ilanı! – deyə zarıyırdı.
Cəmilsə hələ də nə baş verdiyini anlamaq iqtidarında deyildi.
Haya əvvəlcə ailə üzvləri, ardınca da qonşular axışıb gəldilər. Bir azdan həyat-baca insan seli ilə doldu, təzə gəlini xalça qarışıq götürüb xəstəxanaya apardılar.
Cərrahiyyə əməliyyatı ilə təzə gəlinin qarnına dolmuş güllə qırmaları çıxarıldı. Uşaq da tələf oldu.
Hüquq-mühafizə işçiləri elə həmin gün Cəmilgilin həyətinə gələrək tüfəngi maddi subut kimi götürüb, Cəmilin əl-qolunuı yerindəcə qandalladılar.
Qısa bir vaxtda istintaq işi yekunlaşdırılıb məhkəməyə göndərildi. Cəmilə azadlıqdan məhrum edilməklə üç il həbs cəzası kəsildi, Şuşa həbsxanasına göndərildi.
Ay yarım xəstəxanada yatan təzə gəlini bir gün evə buraxdılar. Körpəsini itirməsi, üstəgəl ərinin də həbs olunması ona ağır dərd olmuşdu.
Güllə qırmalarını çıxaran cərrah təzə gəlinə deməsə də anasına demişdi ki, o daha ana ola bilməyəcək.
* * *
Təzə gəlin xəstəxanadan evə gələndən sonra ər evində ona qarşı münasibət əvvəlki kimi olmadı. Ailə üzvlərinin şirin münasibətindən əsər-əlamət qalmamışdı. İndi ona tənəli baxışlarla baxır, tikanlı sözlərlə çalmağa çalışırdılar. Bir kərə qaynanası ona dedi:
– Ayağın düşərli olmadı, gəlin. Ev quran olmadın, ev yıxan oldun. Evimdə ərsiz gəlinin qalmasını istəmirəm. Get atan evinə. Ərin qayıdanda gəlib gətirər.
Onu günün şərqarışan vədəsində atası evinə gətirdilər. Sən demə, bu gəliş həmişəlik olacaqmış. Altı aylıq evlilik həyatı başa çatdı.
Gəlin bütün günü ağlasa da inanırdı ki, Cəmil həbsxanadan qayıdıb onu yenə xanım edəcək. Gəlin otağında “şah taxtı”na qalxacaq. Axı ilk gəlinlik gecəsində adlarına qurulmuş gərdəyə Cəmil “şah taxtı” deyərdi. Gərdəyin tül pərdəsini aralayıb, duvağı üzündən götürdüyü anlar xoşbəxtliyin zirvəsi idi.
…Həbsxanadan gələn boşanma haqqındakı ərizə təzə gəlinin bütün arzularının üstündən xətt çəkib, quyunun dibinə saldı. Amma… içindəki ümid qığılcımı yaşayırdı. Müdrik insanlardan kimsə demişdi: “Ümid ağacı bar verməsə də o məğlub adına yaddır”.
Cehizinin ata evinə qayıtmasısa… hər şeyə son qoydu sanki.
Dünənəcən hamı ona “təzə gəlin” deyirdi. Bəs indən belə? Yoxsa o da bir çoxları kimi artıq “dul gəlin” damğası ilə damğalanacaqdı?
Bir vaxtlar Cəmilinə “yuxuxor” deyib yuxudan oyadardı. Tüklü sinəsinə sığınar, şəhvani hisslərinin dadını çıxarardı. İndisə soyuq yorğan-döşəkdə dizlərini qarnına yığıb, göz yaşları ilə yastığını isladır…
“Eh… Cəmil… Axı günahım nə? İlana da qısqandın məni. Mən ki, səni qısqanmadım”.
Nə fikirləşdisə yatağından qalxıb yerin içində oturdu. “Mən Cəmilimi heç qısqanmadım. Axı niyə? Bəlkə o da şorgöz kişilər kimi başqa yerdə birini saxlayırmış… Nə bilimək olar: bəlkə də uşağı var.
Ata nənəsi Şəkər nənənin ona danışdığı bir rəvayət yadına düşdü. Nənəsi danışırdı ki, elin su sonası kimi gözəl Taclısı varmış. Yaxın, uzaq ellərdən onun gözəlliyini eşidib gələn elçilərin ardı-arası kəsilmirmiş Taclı heç kəsə razılıq verməz, elçilər əli boş geri dönərmiş. Onun istədiyi, dərdindən dəli-divanə olduğu əmisi oğlu Rahib varmış. Rahib Taclının sevgisinə biganəymiş. Bir gün Taclı dilə gəlib deyir ki, gedəcəyim oğlan ya Rahib olmalıdır, ya da heç kim.
Valdeynləri onları evləndirirlər. Taclı Rahibin sevgisini qazanmaq, qəlbində yuva qurmaq üçün hər cəfaya dözür. Və elə hiss edir ki, daha ərinin baş tacıdır. Amma…
Bir gün eşidir ki, əri qonşu obadan bir çoban qızı ilə sevişir. Əvvəl inanmasa da içindəki şübhə ona güc gəlir, başlayır ərini izləməyə. Bir gün ərinin evə dönəcəyi yolda tut ağacına söykənib, gözlərini qonşu obaya uzanan yola dikir. Baxır ki, əri gəlir, yanında da çoban qızı. Qısqanclıq Taclını o qədər içdən yandırır ki, kürəyi qızır, söykəndiyi tut ağacının gövdəsi yanır və Taclı tut ağacının yanğıdan yaranmış koğuşunda qeybə çəkilir. Nənəsi deyirdi ki, ondan qalıb tut ağacındakı koğuş.
Nə isə… Ata evinə dönüşdən sonra təzə gəlin – Həyatın baş verən zərbələrdən sarsılacağını deyənlər vardı. Amma…
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: