скачать книгу бесплатно
Təbii fəlakətlər
Şahin Əhmədov
Elmi-kütləvi ədəbiyyat
Bu kitab maraqlı təbiət hadisələri və ətraf mühitdə, fərqli zamanlarda və coğrafiyalarda baş verən qeyri-adi, təəccüblü, hətta ağlasığmaz təbii olaylar haqqındadır.
Şahin Əhmədov
Təbii fəlakətlər
GİRİŞ
Biz təbii fəlakətlərin daim hökm sürdüyü bir planetdə yaşayırıq. Bununla yanaşı, hələ də onlara qarşı gücsüzük. Yaxınlaşan fırtına və tufan haqqında insanlara qabaqcadan xəbər vermək olar. Lakin vulkan püskürməsini, xüsusən də zəlzələnin baş verəcəyini əvvəlcədən söyləmək qeyri-mümkündür. Daha doğrusu, mümkündür, amma fəlakətin başlanmasından bir az əvvəl. Əksər hallarda bu çox gec olur…
Alimlərin on illərdir kürəvi ildırımı öyrənmələrinə baxmayaraq, biz hələ də sona kimi bu təbiət möcüzəsinin nə olduğunu bilmirik. Hələ də axıra qədər başa düşmürük ki, tornado və digər qasırğalar nə ilə bağlıdır, bu nəhəng hadisələrin daxilində hansı qüvvələr fəaliyyət göstərir? Onlar bütün canlıları özlərinə çəkməyi və sonradan salamat geri qaytarmağı necə bacarır? Belə hadisələr çox olmuşdur.
Görürsünüzmü, alimlər yerdə, suda və havada baş verən fəlakətləri idarə etməzdən və onları yönəltməzdən əvvəl hələ nə qədər məsələləri həll etməli və onlara cavab verməlidirlər. Kitabda məhz bunlar haqqında söhbət gedəcəkdir.
Yerdə baş verən fəlakətlərin xüsusi təqdimata ehtiyacı yoxdur. Bu, hamıya məlum olan zəlzələlər, vulkan püskürmələri, qeyzerlər, sürüşmələr, uçqunlar, zəhərli qaz tullantıları və onların buxarlanmasıdır ki, bunları da xoşagəlməz hadisələrə aid etmək olar.
Havada baş verən fəlakətlər də acınacaqlı nəticələrə gətirib çıxarır. Qasırğalar və tufanlar, qum fırtınaları, ilğımlar (mirajlar) və “morqana duvağı”nın səma görüntüləri… Düzdür, sonuncular o qədər də təhlükəli deyil, lakin müəmmalı və bəzən qorxuludur. İndiyəcən onların mənşəyi haqqında çox az şey məlumdur.
Nəhayət, bizim həyatımız üçün zəruri olan su. O, öldürməyə də, şikəst etməyə də qadirdir… Qarşısına çıxan hər şeyi silib-süpürən, metrlərlə hündürlüyə malik nəhəng dalğalar olan sunami. Dəhşətli qabarmalar və dəyişkən okean axınları. Toyuq yumurtası boyda dolu. Zərərli dumanlar. Buzlaqlar və aysberqlər. Bunlar şimal və cənub dənizlərinin hiyləgər səyyahlarıdır. Onlar insanlara saysız-hesabsız xəsarət yetirmişdir.
Bütün bunlar və çoxlu-çoxlu digər maraqlı, təəccüblü və hətta ağlasığmaz hadisələr haqqında bu kitabdan öyrənəcəksiniz.
YERDƏ
Qəmli statistika
Yerin səthi fasiləsiz olaraq dərin seysmik təkanların hücumuna məruz qalır. İl ərzində 100 mindən çox zəlzələ baş verir. Başqa sözlə, hər 5 dəqiqədən bir yeraltı zərbə yaranır: Yer elə bil ki, fasiləsiz olaraq titrəyir. Yeraltı təkanların əksəriyyəti zəifdir, onlar insanlar tərəfindən hiss olunmur və ancaq yüksək həssas cihazlarla – seysmoqraflarla qeydə alınır. Lakin eyni zamanda hər il dağıdıcı qüvvəyə malik onlarca zəlzələ baş verir. Tək-tük, xüsusilə də daha güclü zəlzələlər isə ağır nəticələrə gətirib çıxarır.
Statistikaya əsasən, dünyada hər il zəlzələdən 10 min insan həlak olur. Xüsusilə güclü qəzalar vaxtı qurbanların sayı on və hətta yüz minlərlə ölçülür: 1923-cü il Tokio zəlzələsində 140 min insan həlak olmuşdur, 1737-ci ildə Hindistanın Kəlküttə şəhərində baş verən zəlzələ 300 min insanın, 1976-cı il iyunun 27-də Çində olan zəlzələ isə 600–700 min əhalinin ölümünə səbəb olmuşdur. Çinin Şansi əyalətində 1556-cı ildə zəlzələ nəticəsində təxminən 1 milyon insan məhv olmuşdur. Düzdür, bu çoxdan baş vermişdir. Amma 1948-ci ildə baş verən Aşqabad fəlakəti hələ də çoxunun yaddaşındadır. Ən ehtiyatlı qiymətlən-dirmələrə əsasən, orada uçan binaların altında yüz mindən çox insan həlak olmuşdur. Zəlzələ kimi təbiət hadisəsi geoloji fəlakətlər içində ən məhvedicisidir. Hesablamalara əsasən, əgər keçən yüzillikdə vulkan püskürmələri nəticəsində 100 min insan tələf olmuşsa, zəlzələ bundan 25 dəfə çox insan ömrü aparmışdır. Zəlzələlərin gətirdiyi ziyan təkcə qurbanların sayı ilə ölçülmür. Faciəli zəlzələlər zamanı Yer səthinin relyefi dəyişir, Yerin təkində blokların hərəkət etdiyi çatlar yaranır, yeni təpəliklər və çökəkliklər əmələ gəlir, çayların istiqaməti dəyişir, demək olar, bütün qeyri-təbii qurğular və tikililər dağılır.
Yaxın keçmişdəki illərin faciəli zəlzələləri hamının yadındadır. Onlar Mərkəzi və Cənubi Amerikada, Avropanın cənubunda, Qərbi və Şərqi Asiyada ağır fəlakətlərə səbəb olmuşdur. Çox güclü zəlzələlər nəticəsində, dediyimiz kimi, Aşqabad və Daşkənd şəhərləri, Türkmənistan, Tacikistan, Ermənistan, Dağıstan və Moldovanın yaşayış məntəqələri dağılmış, Saxalində Nefteqorsk qəsəbəsi yer üzündən silinmişdir.
Rixter şkalası haqqında
XIX əsrdə italiyalı alim Cüzeppe Merkalli tərəfindən seysmik təkanların intensivliyini düzgün təyin etmək üçün xüsusi beynəlxalq şkala işlənib hazırlanmışdır. O, yaradıcısının adı ilə “Merkalli şkalası” adlanır. Bu şkala 12 hissəyə, yəni bala ayrılmışdır. 1 ballıq ən zəif zəlzələ yüngül təkanlarla qeyd olunur. Bunu torpağın titrəyişinə həssas olan tək-tük insan hiss edir; ən güclü 12 ballıq zəlzələlər bütün binaların dağılmasına və coğrafi landşaftın dəyişməsinə gətirib çıxarır.
Bu şkala üzrə 6 baldan yuxarı zəlzələlər güclü, aşağı olanlar isə zəif zəlzələlər hesab edilir. Buna baxmayaraq Merkalli şkalası bütün ölkələrdə istifadə olunmur. Yaponiyada 7 ballıq şkala qəbul olunmuşdur. Bəzi ölkələrdə italiyalı Rossinin və isveçli Forelin 10 ballıq şkalasını daha rahat hesab edirlər.
Zəlzələnin gücü haqqında düzgün təsəvvürü necə əldə etmək olar? Seysmik təkanları öz aralarında necə müqayisə etmək olar? Yapon alimi T.Valatinin təklifi ilə maqnituda şkalası (ing. maqnituda – kəmiyyət, ölçü) qəbul edilmişdir; sonradan o təkmilləşdirilmiş və tanınmış Amerika seysmoloqu Ç.Rixter tərəfindən praktikada tətbiq olunmuşdur. Adətən, onu çox vaxt “Rixter şkalası” adlandırırlar.
Çarlz Frensis Rixter (1900–1985)
Maqnituda şərti kəmiyyətdir. Seysmik rəqslərin maksimal amplitudasının onluq loqarifmini ifadə edir (millimetrin mində bir hissəsi). Bu, zəlzələnin epimərkəzindən 100 km kənarda standart seysmoqrafla ölçülür.
Bu şkala üzrə göstərdiyimiz zəlzələlərin maqnitudası: Alyaskada (1964-cü il) 8,6; Peruda (1970-ci il) 7,8; Çində (1976-cı il) 7,5. Maqnitudanın hər 1,0 qiymət artması ilə seysmik rəqslərin amplitudası 10 dəfə artır; bu zaman zəlzələnin gücü isə 30 dəfə yüksəlir. Yerin seysmik fəallığının sistematik müşahidə dövründə hələlik 9,0 və daha yüksək maqnitudalı zəlzələ qeydə alınmamışdır. Cihazların köməyi ilə ölçülən ən güclü zəlzələlər 1906-cı ildə Ekvadorda və 1933-cü ildə Yaponiyada baş vermişdir: onların maqnitudası 8,9 olmuşdur.
Aşkar və gizli səbəblər
Zəlzələlər yaranma səbəblərinə görə meteorit, vulkanik və tektonik (Yerin daxili prosesləri ilə bağlı) olur. Meteorit zəlzələlər göy cisimlərinin Yer səthinə düşməsi ilə əlaqədardır. Bəşəriyyət belə bəlaları praktik olaraq yadda saxlamayıb, lakin şübhəsiz, Yerin tarixində onlar öz rolunu oynamışdır və bu, geoloji müşahidələrlə öyrənilməlidir. Vulkanik zəlzələlər tez-tez baş vermiş və baş verməkdədir; onlar böyük intensivliyə malik ola (8–10 bala kimi) və bədbəxtliklər yarada bilər. Lakin bu zəlzələlərin dağıdıcı dalğaları uzağa yayılmır, çünki onların seysmik ocaqları kiçik dərinlikdə yerləşir. Daha geniş yayılmış və güclü zəlzələlər tektonik zəlzələlərdir: böyük dağıntılar və Yerin görünüşünün yenidən dəyişməsi onlarla bağlıdır.
Tektonik zəlzələlər nə vaxt və nədən yaranır? Ən ümu-mi şəkildə belə zəlzələlərin mahiyyətini sadə təcrübə ilə belə izah etmək olar: nazik şüşə lövhəciyi əysək, əyilmə o vaxta kimi davam edəcək ki, tətbiq olunan qüvvə şüşənin plastik deformasiya həddini aşsın; bu zaman lövhəcik sınacaq. Buna oxşar proseslər Yerin təkində də baş verir.
Dərin tektonik qüvvələrin təsiri nəticəsində dağ süxurlarının layları deformasiyaya uğrayır, qırışlar şəklində büzüşür və qırılaraq Yerin təkində sınıq yerlər yaradır. Məhz bu anda ani təkan və ya təkanlar ardıcıllığı (zəlzələlər kimi) yaranır. Zəlzələ zamanı Yerin təkində yığılan enerji ayrılır. Dərinlikdə, dağılma nöqtəsində, yəni zəlzələnin hipomərkəzində və ya fokusunda ayrılan enerji elastiki dalğalar vasitəsilə Yer təkinin qatında ötürülərək Yer səthinə çatır və orada da dağıntı yaradır.
Ən böyük və güclü dağıntı Yer səthinin kiçik bir hissəsində baş verir ki, bu da zəlzələnin epimərkəzi adlanır.
Zəlzələnin intensivliyini, torpağın yerdəyişmə ölçülərini, süxurların deformasiyasını və zəlzələ ilə bağlı digər fiziki hadisələri alimlər epimərkəzdə, yəni Yer səthində müşa-hidə edirlər. Zəlzələyə gətirib çıxaran gərginliyin yığılması və boşalması isə on kilometrlərlə dərinlikdə, Yerin təkində baş verir. İnsan bu dərinliklərə nüfuz edə bilmir.
Qazılan buruqların köməyi ilə 1–2, bəzən 5–6, tək-tək hallarda isə 8–9 kilometr dərinliyə çatmaq olur. Təkcə Kola yarımadasında 12 kilometr dərinlik fəth edilmişdir. Lakin orada rayon seysmik deyil. Güclü zəlzələlərin hipomərkəzləri 10–50 kilometr dərinlikdə, bəzən isə daha dərində yerləşir.
Buna görə də bu hipomərkəzlərdə baş verən hadisələr müəmmalı olaraq qalır.
Düzdür, müasir dövrdə zəlzələnin təbii qüvvələrinin səth təzahürlərinin öyrənilməsində böyük nailiyyətlər əldə edil-mişdir. Bu tədqiqatların ən əsas nəticələrindən biri zəlzə-lənin paylanmasının Yer təkinin sınıq yerləri ilə əlaqəsidir.
Alimlər müəyyənləşdirmişlər ki, bütün təkanların epimərkəzləri Yer təkinin sınıq yerlərinin xətləri, hipomərkəzlər isə sınıq yerlərin səthləri üzərində yerləşir. Yer səthində epimərkəzlər də vulkanlar kimi plitələrin sərhədlərini cızaraq cavan tektonik büzüşükləri göstərir.
Belə demək olar ki, zəlzələ heç də hər yerdə təhlükəli deyil və tektonik sınıq yerlərin ensiz zonaları ilə əlaqəlidir.
Bəs dərinlikdəki gərginlik nədir? Hansı qüvvələr nəticəsində o yaranır? Onların artması nədən asılıdır? Onların boşalması nə vaxt və nə üçün baş verir? O, tək bir güclü təkanla baş verəcək, yoxsa kiçik zərbələrə parçalanacaq?
Seysmologiya bütün bu suallara qəti cavab veməmişdir.
Bir şey aydındır: təbii hadisə özünü bu və ya digər sınıq yerlərin fəal olduğu yerdə göstərəcək. Demək, orada yaşamaq daha təhlükəlidir. Lakin o da məlumdur ki, eyni bir yerdə faciəli zəlzələlər təsadüfi hallarda təkrarlanır: dərinlikdəki gərginlik toplanmalı və dağıdıcı zərbə yaratmağa qadir olan güclü enerji laxtası yığılmalıdır; məsələn, 1948-ci ildə Aşqabadda baş verən 9 ballıq zəlzələdən əvvəl həmin ərazidə bu cür dağıdıcı silkələnmə XIV əsrdə olub. Mütəxəssislər fərz edirlər ki, dərinlikdəki gərginliklərin yığılıb toplanması üçün lazım olan vaxt min illərlə ölçülür.
Bütün bunlardan müasir seysmologiyanın çıxartdığı əsas nəticə budur: seysmik təhlükəsiz sınıq yerlər yoxdur, müəyyən müddət yuxulayan sınıq yerlər var. Mantiyaya çatan hər bir iri sınıq yer dərinlikdəki tektonik qüvvələrlə dolmuşdur və öz saatını gözləyir.
Zəlzələ və kosmos
Hələ keçən əsrdən məlum idi ki, zəlzələlər vulkan püskürmələri kimi bəzən atmosfer təzyiqinin dəyişməsi ilə bağlıdır. Təzyiqin enməsi ilə bu asılılığın müşahidə olunduğu vulkanlar üçün belə hadisənin izahı birmənalıdır: təzyiqin aşağı düşməsi lavada yığılan qazların üzə çıxmasını asanlaşdırır və bu da püskürməni stimullaşdırır.
Statistika göstərir ki, seysmik tərpənişlər zaman etibarilə nəinki təzyiqin sürətli enməsinə, eyni zamanda təzyiqin sıçrayışlı qalxmasına da təsadüf edir. Bu isə onu göstərir ki, Yer təkinin onsuz da dayanıqsız tarazlığını pozmaq və “işəsalma mexanizmini” hərəkətə gətirmək üçün Yer qabığına olan təzyiqi bir balaca dəyişmək lazımdır.
Sonradan alimlər zəlzələnin ilin fəsilləri (yayda qışa nəzərən tez-tez), sutkanın vaxtı (gündüzə nəzərən gecə və səhərlər daha tez-tez) və dəniz, eləcə də okean sahillərində qabarma və çəkilmələrlə qarşılıqlı əlaqəsi olduğunu gördülər. Seysmik hadisələrin Ayın fazaları ilə əlaqəsinin olduğunu (maksimum təkanlar bədirlənmiş və təzə ay ilə) aydınlaşdırdıqdan sonra məlum oldu ki, bütün bunların əsasında kosmik səbəblər durur: Yerlə Ayın qarşılıqlı cazi-bə əlaqəsi və Yer kürəsində qabarma-çəkilmə dalğalarının yayılması. Deməli, Ay tərəfindən yaradılan qabarma-çə-kilmə qüvvələri Yer kürəsinin fırlanmasına və onun dərinliklərində baş verən proseslərə təsir göstərir. Baş verəcək təkanları da məhz onlar müəyyən edir.
Tanınmış rus alimi Nikolay Kozırev sonradan müəyyən etdi ki, güclü zəlzələlər o vaxt baş verir ki, Ay perigeydə (yəni Yerdən ən yaxın məsafədə) olsun, Yer və Günəşlə eyni xətt üzərində yerləşsin (günəş və ay tutulmaları vaxtı); göy cisimlərinin bu cür vəziyyətində cazibə qüvvələri daha güclü təsir göstərir. Digər tədqiqatçıların fikrincə, Yerin seysmik fəallığına Günəş sistemindəki planetlərin yerləşməsi də təsir edir.
Tanınmış ingilis astronomu Saymon Mittonun “Yerə daha çox təsir edən göy cismi Günəşdir” fikrini əsas götürərək biz Yerin seysmik fəallığının mənbələrini onun Günəşlə qarşılıqlı əlaqəsində də axtara bilərik. Həqiqətən, bir çox alimlər təsdiqləyirlər ki, zəlzələlər çox vaxt bizim planet Günəşdən ən yaxın məsafədə yerləşən zaman baş verir. Yerin seysmik fəallığının həmçinin günəş şüalanmasının fəallığı və Günəşdən fəzaya yayılan yüklü hissəciklərin sıxlığı (“günəş küləyi”) ilə də əlaqəsi olduğu müşahidə edilir. Bu istiqamətdə aparılan tədqiqatlar yenicə başlanmışdır və çox ehtimal ki, gələcəkdə maraqlı və vacib nəticələr əldə olunsun.
Yer, Ay və Günəş bir xətt üzərində
Rezin yastıqcıqlar üzərində olan bina
Zəlzələnin proqnozlaşdırılması üçün dünya praktikasında ən yaxşı uzunmüddətli metodlar işlənib hazırlanmışdır. Bu vaxt fəlakətlərin baş verəcəyı haqda bir neçə il əvvəldən xəbər verilir, ancaq dəqiq vaxt söylənilmir. Ortamüddətli proqnoz bir ilə verilir, lakin burada yüz faiz səhv etmək də olar. Qısamüddətli proqnoz, yəni təbii hadisəni bir neçə gün əvvəl söyləmək mümkün deyil. Belə hallarda heyvanların özlərini necə apardığını müşahidə etmək insanlara kömək göstərir: instinkt nəticəsində onlar qəzanı bir neçə saat əvvəl duyur və özlərini narahat hiss edirlər.
Zəlzələləri proqnozlaşdırarkən alimlər ən ağır fəlakətlər olmuş ölkələrin təcrübəsinə müraciət edirlər.
Elm daim seysmik təkanın harada, hansı qüvvə ilə və nə vaxt baş verəcəyi sualına cavab axtarır. Alimlər geodezik müjdəçi ilə baş verə biləcək zəlzələnin parametrləri (maqnituda və ocağın uzunluğu) arasında riyazi asılılıq tapmışlar.
İndi artıq fəal sınıq yerlərin müxtəlif sahələrində təbii hadisənin özünü necə aparacağını və zəlzələnın harada baş verəcəyini söyləmək olar.
Tektonik plitələrin hərəkət sxemi: 1. Cənubu Koreya, 2. Avrasiya plitəsi, 3. Hokkaydo, 4. Şimali Amerika plitəsi, 5. Sakit okean plitəsi, 6. Honsu, 7. Kusu, 8. Orta tektonik plitə, 9. Sikoku, 10. Filippin plitəsi.
Eyni zamanda tədqiqatlar yeni seysmik davamlı texnologiyaların tətbiqinə də yönəlmişdir. Yaponiyanın Kobe şəhərində 1995-ci ildə baş verən zəlzələ nəticəsində beş min insan həlak olmuş və texnikanın son nailiyyətlərinə əsasən tikilmiş binaların bəziləri dağılmışdır. Rezin yastıqcıqlar üzərində olan binalara zərər dəyməmişdir. Ola bilər ki, gələcəkdə rezin yastıqcıqlar üzərində tikilən binalarda qəzadan sağ-salamat çıxmaq mümkün olsun.
Əgər insan laqeydlik göstərərsə
Katani şəhərinin əhalisi mərd və fərasətli insanlar idi. 1669-cu ildə Etna vulkanının növbəti püskürməsi başlandı. Onun yamacları boyu Katani istiqamətində közərmiş lava çayı axmağa başladı. Onda şəhər sakinləri nəm inək dərisinə büründülər və bel, külüng götürüb közərmiş axına tərəf qaçdılar. Onlar lava üçün yeni məcra qazmağa nail oldular. Özlərinin gözəl şəhərini onlar, demək olar ki, xilas etdilər. Lakin bununla lavanın istiqamətini Paterno şəhəri tərəfə çevirdikləri ağıllarına gəlmədi. Hirslənmiş qonşular da əllərinə düşənlə silahlanıb Kataniyə hücub çəkdilər və şəhərin əhalisini döydülər. Həmin müddət ərzində qazılmış kanal tıxandı. Lava yenidən Katani tərəfə sürünməyə başladı.
Etna vulkanı
Bu, əlbəttə, məzəli hadisədir və eyni zamanda insanın təbiət hadisəsi olan vulkana qalib gəlmək istəyinin ilk cəhdidir. İndi insanlar bəzi lava axınlarını yaşayış sahələrindən qırağa yönəltməyi digər üsullarla həyata keçirməyi öyrənmişlər. Havay adalarında bunu hətta bombardmançı aviasiya vasitəsilə həyata keçirirlər.
Stratovo vulkanının en kəsiyi:
1. Boyuk maqma kamerası
2. Yerin üst qatı
3. Kanal
4. Bünövrə
5. Yataq
6. Budaq yol
7. Vulkandan yaranan kül qatı
8. Yan tərəf
9. Vulkan zamanı yaranan lava qatı
10. Boğaz
11. Püskürdücü qıf
12. Lava axını
13. Ağızlıq
14. Krater
15. Soyuq kul
İndi isə insan laqeydliyinə misal olaraq bir fakt gətirək. Sen-Pyer şəhəri Martinika adasının şimal hissəsində yüksələn Mon-Pele vulkanının yaxınlığında salınmışdı. Buranın gözəl iqlimi və təbiəti, dəniz suyunun təmizliyi və vulkanın son dərəcə gözəl görünüşü adamı valeh edirdi. Yaşamaq üçün bundan yaxşı yer tapmaq çətin idi. Bəzilərinə elə gəlirdi ki, Mon-Pele bir çox onilliklər ərzində öz yamacını kül və şlaklarla çirkləndirən adi dağdır. Buna görə də 1902-ci ilin may ayında kül və şlakların tullantıları iri dağın çiyinlərinə töküldükdə heç kim narahat olmadı. Bir növ, boş şey olduğunu düşündülər. Söhbətlərin əsas mövzusunu əvvəlki kimi şəhər qubernatorunun seçkiləri təşkil edirdi. Qubernator özü də iqamətgahında sakitcə işinə davam edirdi.
Lakin mayın 8-i saat 750-də dəhşətli partlayış vulkanı silkələdi. Tüstü sütunu səmanın yüksəkliyinə qalxdı. Saat 752-dir. Qara bulud, buxar burumları ani olaraq şəhəri örtdü. Qızğın burağan saatda 160 kilometr sürətlə hərəkət edirdi. Saat 8-də şəhərin 26 min sakini artıq məhv olmuşdu.
Qubernator da öz sarayından çıxmağa imkan tapmadı.
Yer üzündən silinən Sen-Pyerdə ancaq bir nəfər sağ qalmışdı. Bu, məhbus idi. Vulkanın ağzından çıxan qara bulud hər şeyi və hamını yandırmışdı. Temperatur 1000 dərəcəyə çatmışdı. Közərən burağan boşalmış küçələrdə qalınlığı 30 santimetr olan toz və qırıq yığınları saxlamışdı.
Bax beləcə, əgər insanlar vulkanla yanaşı məskunlaşıb laqeydlik göstərərlərsə, faciəli hadisələr baş verə bilər.
Partlayıcı dalğalar Yer kürəsini üç dəfə dövrə vurmuşdur
1883-cü ildə Krakatau vulkanı gözlənilmədən püskürməyə başladı. Bu vulkan Zond boğazında sıx məskunlaşmış Sumatra və Yava adaları arasındakı Malay arxipelaqının eyniadlı kiçik adasında yerləşir. Bu vaxta qədər 300 ilə yaxın bir müddət ərzində yatan vulkan təhlükəli hesab edilmirdi. Püskürmə kül və qazların atılması ilə başlandı. Bunlar adanın çevrəsi boyunca əmələ gələn kənar kraterlərdən müxtəlif qüvvələrlə ayrılırdı. Bundan üç ay sonra sürətlə artan yeraltı uğultu eşidildi. Külün qara buludları 30 kilometr hündürlüyə qalxaraq günəşin qabağını kəsdi. Gündüz gecəyə çevrildi. Bir neçə saat ərzində ətraf adalar metr yarım qalınlığında küllə örtüldü. Tüstü ilə yanaşı, qara buluddan yerə daş parçaları və kül, havada olan qatılaşmış lava hissəcikləri yağırdı. Hava güclü elektriklənmişdi. Şimşək boşalmaları zülmətdə çətinliklə görünürdü.
Güclü partlayışlar növbəti günün səhərinə kimi davam etdi. Sübh vaxtı qeyri-adi qüvvəyə malik partlayış eşidildi. Dənizdə otuz metr hündürlüyündə dalğalar qalxdı. Onlar sahilə yürüyərək meşələri, tarlaları, şəhərləri, kəndləri və dəmir yollarını süpürüb aparırdı. Kül tullantıları yağışı, partlayışlar və külək həmlələri ancaq üçüncü günün sonu kəsildi. Qara buludlar çəkildikdən sonra Krakatau adasının böyük bir hissəsinin yox olduğu göründü. O, sadəcə, yer üzündən silinmişdi. Adanın yerində diametri 3 kilometr və dərinliyi 300 metrə çatan nəhəng vulkan çalası – kaldera əmələ gəlmişdir. Bu söz yunan dilindən “tiyan” kimi tərcümə olunur.
Zond boğazının sahili dəhşətli səhralaşma şəklində idi: tarlaların məhsuldar torpağı qayalara çevrilmişdi; kökündən çıxarılmış ağaclar çox uzaqlara atılmış, hər yer xarabaya dönmüşdü; ətraf insan və heyvan meyitləri ilə dolu idi. Krakataudan 20 kilometr aralıda yerləşən Sebezi və Serani adalarında bütün əhali məhv olmuşdu. Qəza rayonunda qurbanların sayı 40 min insana çatmışdı.
Kaldera
Vulkanoloqların çıxartdıqları nəticəyə əsasən, ilk partlayışın səbəbi vulkan kanalının keçmiş, çoxdan unudulmuş vulkan maddələri ilə bağlanması olub. Təzyiq artmış, dərinliklərdən maqmatik qazlar daxil olmuş və tıxac vurulub çıxarılmışdır. Bunun nəticəsində vulkanın ağzından keçən dəniz suyu közərmiş lava ilə birləşib partlayıcı buxar-su qarışığını yaratmışdır. Sonrakı partlayışlarla dağılan vulkanın yerində yaranan kaldera isə, öz növbəsində, bir anın içində dəniz sularının altında qaldı.
Partlayışın gücü ilə vulkanın kraterindən 18 kubkilometr qırıntı və kül atılmışdı. Kül hissəcikləri böyük bir hündürlüyə qalxaraq orada səpələnmişdir. Dünyanın hər bir yerində üfüqlər yaşıl və tünd-qırmızı rəng aldı. Digər maraqlı optik hadisələr də müşahidə olundu. Zond boğazında hündürlüyü 30–35 metr olan sunami dalğaları Hind okeanı ilə Madaqaskara, Sakit okeanla isə Amerikanın qərb sahillərinə doğru yayılmış, onların təsiri hətta Atlantikanın sahillərində də hiss olunmuşdu. Dünyanın müxtəlif nöqtələrindəki meteoroloji stansiyalar Yer kürəsini üç dəfə dövr edən partlayış dalğalarının yaratdığı atmosfer təzyiqinin dəyişməsini qeyd edirdi. Partlayış səsləri 3000 kilometrdən böyük radiusda Şri-Lanka, Avstraliya və Filippində eşidilirdi.
Lava öz yolunda hər şeyi yandırır
Yavadan şərqdə, Sumbava adasında yerləşən Tambora vulkanı 1815-ci ildə partladı. Püskürmə 60 min insanın həyatını apardı və yaxın ərazilərdəki bütün əkinləri, ev heyvanlarını və ehtiyat ərzağı məhv etdi. Nəticədə eyni sayda insan da aclıqdan məhv oldu. Partlayan vulkanın yuxarısında diametri 6,5 kilometr və dərinliyi 700 metr olan krater yarandı. Yer səthinə 180 kubkilometr kül atıldı.
Vulkan külü – dərinliklərdən qalxan qazların təzyiqi altında havada közərən kiçik lava hissəcikləridir. Krakatauya bənzər püskürmə vaxtı küllə doymuş qaz qarışığı baş verən partlayış qüvvələri ilə çox böyük hündürlüyə qalxır. Qazlar atmosferdə səpələnir, kül isə yerə çökür.
Əgər belə tullantılar üçün daxili təzyiq kifayət deyilsə, lava tozunu cəzb edən közərmiş qazlar atmosferə daxil olmur, ancaq kraterdən itələnərək vulkanın yamacı boyu yandırıcı-öldürücü qalaqlarla üzüaşağı gələ-gələ öz yolunda hər şeyi yandırır.
1912-ci ildə Alyaskada (Katmay vulkanı), 1956-cı ildə isə Kamçatkada (Adsız vulkan) bu növ iri püskürmələr baş vermişdir. Onlar XX əsrin ən böyük püskürmələrindən hesab olunur.
Bu vulkanların püskürməsi nəticəsində insan tələfatı olmamışdır. Çünki həmin ərazilər insan yaşamayan rayonlara aiddir. Ərazi isə çox dəyişmişdir. Meşələr məhv olmuş və yanmış, vadilər qalın kül təbəqəsi ilə örtülmüşdür. Püskürmələr fəal Yer titrəyişləri ilə müşayiət olunmuşdu. Alimlər fərz edirlər ki, bu partlayışların səbəbi vulkanların ağzının lava ilə tutulmasıdır.
Lava özlü maddədir. Kraterlərdən axan ərinmiş lava kütləsi tez bir zamanda bərkiyir və bəzən geniş əraziləri sanki bir neçə metr qalınlığında möhkəm dəmir zirehlə örtür. Lava axınları evləri və yolları dağıdır, yanğın əmələ gətirir, çayların qabağını bağlayır, buzlaqları və qar yığınlarını əridərək gözlənilmədən uçqunlar, sürüşmələr və subasmalar yaradır. Lavaların püskürməsinə həmçinin çox vaxt yeraltı təkanlar da səbəb olur.
Bu lavalar çox qaynar olur. Onların temperaturu tərkibindən asılı olaraq 700-dən 1000–1200 dərəcəyə kimi dəyişir. Az özlüklü, yəni daha mütəhərrik lava əsas (ba-zalt), çox özlüklü, yəni az mütəhərrik lava isə turş (qranitə yaxın) lavalar adlanır. Maye bazalt lava (Havay adalarındakı Kilaleya və Mauna-Loa vulkanları) hətta ərazinin mailliyi 1 dərəcə olduqda belə su kimi axaraq bəzən saatda bir neçə kilometr məsafə qət edir; buradakı digər vulkanların daha qatı və özlü lavaları saatda 300–500 metr sürətlə hərəkət edir; məsələn, Siciliya adasındakı Etna vulkanının lavaları bir saat ərzində ancaq bir neçə metr yol qət edir.
Əgər kül su ilə qarışdırılsa
Püskürmə zamanı əmələ gələn palçıq axınlar çox böyük dağıdıcı qüvvəyə malik olur. Vulkan kraterlərinin bir çox çuxurları su ilə dolub gölə çevrilir. Bu göllərin suları püskürmə zamanı kraterdən tökülərək küllə qarışıb asan hərəkət edən maye palçıq kütlələri əmələ gətirir ki, bunlar da böyük qüvvə ilə yuxarıdan vadiyə düşür və yolda tərki-binə daş və qaya parçalarını da qataraq vulkanın yamaclarında yarğan qazır.
Yeni Zelandiyada belə bir axın bir neçə zavodu yerləyeksan etmişdir. Digəri isə dəmiryol körpüsünü dağıdaraq sərnişin ekspresinin faciəvi şəkildə qəzaya uğramasına səbəb olmuşdur.
1919-cu ildə Yava adasında palçıq axınlar böyük bir sahədə şumluq torpaqları məhv edərək beş min kəndlinin həyatına son qoymuşdur.
İnsan hətta dənizdə də vulkandan sığortalanmayıb. Burada vulkanlar su qatının dərinliklərində gizlənir. Onlar püskürərək dənizdə titrəyişlərə səbəb olur, kül və vulkan maddələrini dəniz səthinə tullayır. Qəflətən dayaz yerlər, xəritədə qeyd olunmayan adalar meydana çıxır.
Mütəxəssislər hətta vulkanlar sakit olduqda belə onlara böyük ehtiyatla yanaşırlar. Vulkan dərinliklərinin bilicisi, Havay universitetinin professoru Q.Makdonald fəallıq göstərməyən vulkanlar haqqında belə demişdir: “Onlar gizlənərək pusquda duran qatildir”.