banner banner banner
Orxan Pamukun evində
Orxan Pamukun evində
Оценить:
Рейтинг: 0

Полная версия:

Orxan Pamukun evində

скачать книгу бесплатно

Orxan Pamukun evində
Ramil Əhməd

Çağdaş ədəbiyyat #13
Kitabda ədəbiyyatşünas, şair Ramil Əhmədin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, türk yazıçısı Orxan Pamukla tanışlığının, görüşünün detalları, eləcə də ədibin evində gerçəkləşən söhbətləri yer alıb. Bu kitabın bəzi hissələri mətbuatda işıqlandırılsa da, kitabda daha öncə yayımlanmayan yazılar, fotolar və Pamukun yaradıcılığına aydınlıq gətirən detallar var. Orxan Pamuk ilk dəfə bu kitabda yarımçıq gənclik romanından, gələcəkdə Məsumiyyət Muzeyinin qapalı qutularında sərgilənəcək əşyalardan, romanlarında ailəsindən gələn detallardan, evdəki “zəka terroru”ndan qaçıb ədəbiyyata sığınmasından bəhs edir. Kitabda həm fiziki mənada Orxan Pamukun İstanbulda yaşadığı evindən, həm də məcazi mənada onun sözlərlə qurduğu ədəbiyyat evindən söhbət açılır.

RAMİL ƏHMƏD

ORXAN PAMUKUN EVİNDƏ

ORXAN PAMUKLA İLK GÖRÜŞ

2017-ci ilin əvvəllərində İstanbul Universiteti Türkiyat İnstitutunda qorunub saxlanan böyük türk yazıçısı Əhməd Həmdi Tanpınarın (1901-1962) arxivi tozlu rəflərdən çıxarıldı. 1974-cü ildə yazıçının qardaşı Kənan Tanpınar tərəfindən instituta bağışlanan altı minə yaxın səhifənin elektron versiyası hazırlandı, əlyazmaların itməsinin, yox olmaq təhlükəsinin qarşısı alındı. Bu əlyazmalardan istifadə edərək yeni kitablar nəşr edildi.

Uzun müddətdir, elmi rəhbərim professor Handan İnci tələbələriylə birgə Tanpınarın adını daşıyan bir mərkəzin açılması, ədibin yeni əlyazmalarının üzə çıxarılması, elektronlaşdırılması və kitab şəklində nəşri üçün əhəmiyyətli işlər görür. Nəhayət, 18 dekabrda Yeni Türk Ədəbiyyatı kafedrasında magistr təhsili aldığım Memar Sinan Gözəl Sənətlər Universitetinin nəzdində “Əhməd Həmdi Tanpınar Ədəbiyyat Araşdırmaları və Tədqiqat Mərkəzi”nin açılışı baş tutdu. Açılış geniş ictimaiyyət üçün qapalı keçirildi. Tədbirdə sadəcə xüsusi dəvətnamə göndərilən şəxslər iştirak edə bildilər. O gün aralarında Türkiyənin nüfuzlu alimləri, ədibləri, jurnalistləri və mərkəzin işlərində kömək edən tələbələrlə birlikdə tarixi ana şahid olduq.

“Tanpınar Mərkəzi”nin açılışı Gülhanə parkında yerləşən Əhməd Həmdi Tanpınar Ədəbiyyat Muzeyi və Kitabxanasında idi. Tanpınarın adını daşıyan mərkəz qurulmasına sevinən əfsanəvi jurnalist, tənqidçi Doğan Hızlan tədbirin başlamasından otuz-qırx dəqiqə əvvəl gəldi. Hamını salamladı, muzeyə bağışladığı eksponatlara baxıb “Sizə qələmimi də bağışlayacağam” dedi…

Muzey dolmağa başlayırdı. Türkiyədə öz sahələrində ad qazanmış adamlar gəldikcə maraq məni bürüyürdü. Doğrusu, gələnlər arasında daha çox Orxan Pamuku gözləyirdim. Nədənsə onun ən sonda gələcəyini və tədbirin başlaması nəzərdə tutulan vaxtının onun gəlişiylə müəyyənləşəcəyini yəqinləşdirdim. Ayaq üstə durmaqdan yorularaq parka açılan pəncərənin önündə oturub dincimi alırdım ki, Orxan Pamukun mərkəzin qonaqlar üçün ayırdığı maşınla gəldiyini gördüm. Maşından düşər-düşməz səyyar satıcıya yaxınlaşıb şabalıd aldı və yavaş-yavaş muzeyin pilləkənlərini çıxmağa başladı. Parkın girişindən muzeyə qədər uzun bir yoxuş olduğundan içəri girməsinin biraz vaxt alacağını, artıq indidən onu qarşılamaq üçün qapının önündə qələbəlik olduğunu bildiyimdən muzeyin girişinə doğru getməyə tələsmədim, onun yoxuşu necə çıxdığını izlədim. Bu görüntünü unutmayım deyə, qısa bir video çəkdim.

Və Orxan Pamukla kollektiv şəkildə salamlaşdıq: “Orxan bəy, bunlar mərkəzdə fəaliyyət göstərən tələbələrdir”.

Gözlənilənin əksinə vaxtından öncə gəlmişdi. Muzeyin müdiri Orxan Pamuku sakit bir otağa apardı. Bilməyənlər üçün deyim ki, burada təkcə Tanpınarın deyil, digər türk ədiblərinin də əşyaları, əlyazmaları sərgilənir və müxtəlif ədəbiyyat otaqları var. Onlardan biri də “Orxan Pamuk Otağı”dır. Orxan Pamuk öz adını daşıyan, büstünün də olduğu otağa daxil oldu…

* * *

Bu vaxt “Dedalus” Nəşriyyatında redaktor işləyən, universitetdən dostum Baran həyəcanla yaxınlaşıb Pamukun hara getdiyini soruşdu. Mən də öz adını daşıyan otaqda dincəlir dedim. “Təəssüf, görə bilmədim, ardınca gəldim, çatmadım” – dedi. Sonra əlavə etdi:

– Niyə yanına getmirsən?

– Gedib nə deyim?

– De ki, haqqınızda elmi iş yazıram.

– Nə olsun, o qədər haqqında yazanı var ki…

Əslində, yaxınlaşıb söhbət etməyi çox istəyirdim, amma nə deyəcəyimi bilmirdim. Elə bu düşüncələrlə ora bura var-gəl edib professor Haluk Oralla salamlaşdım. Onunla ilk dəfə Bakıda, İçərişəhərdəki bir bukinistdə tanış olmuşduq. Sonra İçərişəhərdə antik əşyalar satılan bir dükana girmiş, oradan maraqlı kitablar tapmaq ümidiylə şəhərimizin qocaman kitabçısı Elman dayının yanına da getmişdik. O, Türkiyənin önəmli kolleksiyaçılarındandır. Bakıya bir dostunun oğlunun toyuna gəlsə də, fürsətdən istifadə edib kolleksiyasına əlavə ediləcək kitablar, sikkələr axtarırdı. Hər yeri gəzdikdən sonra Nazim Hikmətin Bakıda çap olunan kitabını tapmamasına təəssüflənirdi.

Sonra dostumuz Dilqəm Əhmədə dedi ki, onda Əhməd Cavadın Nuru Paşa üçün imzaladığı kitabı var. Dilqəmin gözləri parıldadı. Söz verdi ki, kim Nazim Hikmətin kitabını tapıb ona gətirsə, əvəzində Əhməd Cavadın imzalı kitabını bağışlayacaq.

Zaman tunelindən keçərək İstanbula gələk: təsadüfdən onun “Bir roman qəhrəmanı Orxan Vəli” kitabını iki gün əvvəl böyük zövqlə oxumuşdum:

– Kitabınızı gec də olsa, iki gün əvvəl oxudum. Həm yazdıqlarınız, həm də kitabda istifadə etdiyiniz arxiv materiallarını çox bəyəndim, əla kitabdır.

– Çox sağ ol, qardaşım. Uzun müddətdir, araşdırdığım mövzu idi. Araşdırmalarından xəbərim var. Mənə niyə zəng eləmirsən? Nömrəmi vermişdim sənə?

– Bəli, nömrəniz  var. Narahat etmək istəmirdim.

– İndi bir az qripəm. Demək olar, evdən çölə çıxmıram. Zəng elə, bir gün gəl bizə.

– Kolleksiyanızı görməyi, bəzi kitablara baxmağı çox istərdim, müəllim.

– Müəllim deyirsən, amma mən burada heç tələbələrimi görmürəm. Riyaziyyatdan dərs demək belədir də, ədəbiyyat tədbirlərində tələbələrin olmur.

– Siz riyaziyyat dərsləri demisiniz? – onu ədəbi araşdırmalarından tanıdığım üçün təəccüblə soruşdum.

– Bəs necə? Professorluğumu o sahədə almışam.

– Təəccübləndirdiniz məni. Elə bilirdim, Boğaziçi Universitetində ədəbiyyat dərsi vermisiniz.

– Yox, yox, sadəcə cəbr.

– Bir gün Nazim Hikməti arı sancıb, – barmağıyla muzeydəki Nazim Hikmətə zərrə qədər bənzəməyən “tonton” Nazim Hikmət heykəlini göstərir, – sonra durub heykəltəraşın qarşısında və belə heykəl alınıb.

Gülürük. Haluk bəylə doyunca söhbət edirik.

Nəhayət, kameralar quruldu, Orxan Pamuk otağından çıxdı və başladıq…

ÇIXIŞLAR

Narahat olmayın, uzatmayacağam. Nobel mükafatlı bir yazıçının olduğu yerdə kim nə danışsa da, dinlənməyəcək onsuz…

Və söz Orxan Pamuka verildi.

Pamuk üç-dörd vərəqlik əlyazmanı kürsüyə qoyub Yəhya Kamal Bəyatlı və Əhməd Həmdi Tanpınarın klassik, yoxsa modern klassik olmasıyla bağlı sözə başladı. Sonra Tanpınarla tanışlığından bəhs etdi. Onda nəyi sevdiyini, romanlarını yazarkən ondan nələr öyrəndiyindən danışdı. İlk dəfə idi ki, öz roman sənətinə dair çox önəmli ipucları verirdi. Bu çıxışı videolentə alındığı və yaxın zamanda internətə yüklənəcəyi üçün detallara girib sizi – bəli, gözləri bu cümlənin üzərində gəzən sizi deyirəm – yormaq istəmirəm.

ORXAN PAMUKUN MÜSAHİBƏ SÖZÜ

Çıxışlar bitər-bitməz hamı Orxan Pamuka yaxınlaşmaq, onunla şəkil çəkdirmək istəyirdi. İnsanların bu canfəşanlığı, yazıçıya nəfəs aldırmayan şəkil çəkdirmək istəyi məni yorurdu. Yerlərində olsaydım, onunla ayaqüstü də olsa, söhbət edərdim. İnsan kitablarını sevdiyi yazıçıyla öncə danışmaq istəyər, sonra lazım gəlsə, şəkil də çəkdirər. Heç kəsə qaynayıb-qarışmadan bir kənarda dayanmışdım. Sonra öz-özümə “niyə də olmasın, niyə onunla dialoq qurmağa cəhd etməyim?” dedim. Şəkil çəkdirmək istəyənlərin arasına girib yenidən salamlaşdıq. Sizin haqqınızda elmi iş yazıram dedim. Gözlədiyimin əksinə təəccübləndi:

– Nə yazırsan?

– Romanlarınızda arzunun fəlsəfi, psixoloji aspektlərini araşdırıram, daha dəqiq desəm, Rene Jirarın nəzəriyyəsi əsasında təhlildir. Nitsşe və Maks Şellerdən “ressentiment”,  Hegeldən “unhappy consciousness”, Sartrın “pozulmuş inanc”ına istinad edən tədqiqat olacaq.

– Hə, Jirar!  – dedi. Bu nəzəriyyə haqqında bilgisi olduğunu bildirmək üçün gülərək əlavə etdi. – Bir roman qəhrəmanı başqası olmadan arzu duymaz!

Minlərlə kitabın, bu qədər adamın arasında sanki bunu bizdən başqa heç kim bilmirmiş kimi göz-gözə gəldik, gülümsədik.

Arxada əlində telefon hazır dayanıb şəkil çəkdirmək istəyənlərin səbirsizliyini duyurdum. Bu vaxt Handan müəllim bizə yaxınlaşdı. Artıq tanış olsaq da, məni öz sözləriylə Pamuka təqdim etdi,  azərbaycanlı və  onun  ən zəki tələbələrindən olduğumu dedi. Müəllimimin “zəki” sözündən güc alaraq bizdə yayımlanan kitablarından xəbəri olub-olmadığını soruşdum. “Yanılmıramsa, “Qanun” Nəşriyyatı” – dedi. Sonra Azərbaycan dilində nəşr olunan kitablarının tərcümələri haqqında nə düşündüyümü soruşdu. Beləcə, tərcümə prosesi barədə uzun bir söhbətimiz başladı.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)