banner banner banner
Makedoniyalı İsgəndər
Makedoniyalı İsgəndər
Оценить:
Рейтинг: 0

Полная версия:

Makedoniyalı İsgəndər

скачать книгу бесплатно

Belə bir vaxtda Filipin cidd-cəhdlə etiraz etməsinə baxmayaraq, Olimpiada Makedoniyaya qayıtdı. O, toya təşrif buyuran Epirdəki qohumlarla birgə geri dönmüşdü. Bu, İsgəndərin ürəyinə su səpdi: anasının ağlı və sərtliyi saray daxilində vəziyyəti onun xeyrinə dəyişə bilərdi. Toy münasibətilə təşkil edilən bayramın ikinci günü müxtəlif oyunlar keçirilməli idi. Səhər tezdən teatr ağzınacan dolu idi. Tamaşaçılar təntənəli mərasimi maraqla izləyirdilər. On iki tanrı heykəlinin arxasınca Filipin heykəli gətirilirdi. Ellindən gələn qonaqlar bunun boş yerə olmadığını başa düşmüşdülər. Filip artıq özünü tanrılarla bir sırada görməyə başlamışdı. Nəhayət, oğlunun və yeni kürəkəninin arasında Filipin özü də göründü. O, saray mühafizəçilərinə aralıdan getmələrini tapşırmışdı: bununla hər kəsə göstərmək istəyirdi ki, onu ellinlilərin duaları qoruyur, bu səbəbdən də silahlı əsgərlərin müdafiəsinə qətiyyən ehtiyacı yoxdur.

Hökmdar meydanın girişinə çatanda, gənc mühafizəçilərdən biri paltarının altından qısa qılıncını çıxarıb irəli atıldı və Filipin köksündən vuraraq elə oradaca öldürdü. Daha sonra qatil onu atların gözlədiyi şəhər darvazasına tərəf qaçdı. Bir anlığa hamı donub-qaldı, sonra bir dəstə makedoniyalı zadəgan gənc mühafizəçinin dalınca götürüldü. Qatil üzüm tənəyinə ilişib yıxıldı. Bu zaman təqib edənlər arxadan çatıb onu nizə ilə öldürdülər. Məlum oldu ki, Filipin qatilinin adı Pavsanidir.

Çoxları qətlin arxasında Filipin arvadı Olimpiadanın və oğlu İsgəndərin olduğunu güman edirdi. Bunun da səbəbi vardı: əksəriyyət düşünürdü ki, Kleopatranın yeni doğulan ikinci övladı – oğlu bir varis kimi İsgəndərin gələcəkdə taxt-taca yiyələnməsinə təhlükə yaradır. O da maraqlıdır ki, Pavsanini təqib edib öldürən zadəganlar İsgəndərin dostları idilər. Qatili məhz onların aradan götürməsi çoxluğun şübhələrini bir az da qüvvətləndirmişdi: necə olsa da, həddindən artıq çox şey bilən Pavsaninin ölümü ən çox İsgəndər və yoldaşlarının işinə yarayırdı…

Təbii ki, İsgəndər taxta çıxan kimi atasının qətlində məhz onun günahkar olduğuna dair söz-söhbətlərin də arası kəsildi. Necə deyərlər: «Kral öldü – yaşasın kral!»

IV FƏSİL

Hökmranlığın açarı

Filipin dəfnindən sonra Makedoniya ordusunun rəhbərliyi İsgəndəri dərhal hökmdar elan etdi. Əlbəttə, taxt-taca ən azından iki namizəd daha var idi – Filipin kürəkəni Aminta və Kleopatranın körpə oğlu Karan. Ancaq onlar həmin vaxt yeni hökmdar üçün ciddi təhlükə yaratmırdılar. Aminta taxt-tac hərisi deyildi, yeni doğulmuş uşağı taxtda oturtmaq isə həm də ona qəyyum təyin edilməsi demək idi, bunu isə heç kim istəmirdi.

İsgəndər hakimiyyətini gücləndirməyə potensial rəqiblərini «təmizləməkdən» başlasaydı, bu, nə Makedoniya daxilində, nə də onun hüdudlarından kənarda yaxşı təəssürat yaratmayacaq, yeni hökmdarın nüfuzuna ilk gündəncə ağır zərbə vuracaqdı. Bu səbəbdən də o, Aminta ilə Karana hələlik toxunmamağı qərara aldı. Makedoniya xalqına müraciət edib bildirdi ki, yalnız hökmdarın adı dəyişib, ölkə isə atasının zamanında olduğu kimi uğurla idarə olunacaq. Ardınca isə o, Makedoniya əhalisini hərbi xidmətdən savayı hakimiyyət qarşısındakı bütün digər mükəlləfiyyətlərdən azad etdi. Bundan başqa, öz mövqeyini möhkəmlətmək üçün vaxtilə atası tərəfindən sürgün edilən dostlarını geri qaytarıb, onları yüksək dövlət vəzifələrinə təyin etdi.

Filipin qətli ilə bağlı xəbər təkcə yunan şəhərlərində deyil, digər qonşu ölkələrdə də böyük səs-küyə və həyəcana səbəb oldu. Bəzi şəhərlər, məsələn, Arqos və Sparta yaranmış vəziyyətdən özlərinin itirilmiş müstəqilliklərini qaytarmaq üçün istifadə etmək fikrinə düşdülər. Filipin hərbi dəstələri Ambrakiya və Fivdən çıxarıldı. Fivlilər və arkadiyalılar İsgəndərin hökmranlığını qəbul etməkdən boyun qaçırdılar. Ən pisi isə o idi ki, Makedoniyanın Afinadakı düşmənləri əməlli-başlı sevinc içində idilər. Filipin ölümü orada, az qala, bayram kimi qarşılandı. Bu münasibətlə tanrıların şərəfinə minnətdarlıq qurbanları kəsildi. Afinalılar indi Makedoniyanın yeni hökmdarına qarşı mübarizə yollarını axtarırdılar. Ən ağlabatan iş Kleopatranın tərəfini tutan zadəganlarla ittifaq qurmaq idi. Demosfen tezliklə Afina xalq yığıncağı adından qüdrətli sərkərdələrdən Parmeniona və Attala məktub yazıb onları İsgəndərə qarşı müharibə elan etməyə həvəsləndirir, onu «təcrübəsiz» və «sarsaq» adlandırırdı. Lakin İsgəndər öz əməlləri ilə Demosfen və tərəfdarlarını yanıltdı, yaxşı siyasətçi olduğunu əyani şəkildə göstərdi. O, dərhal başa düşmüşdü ki, hakimiyyətinin potensial düşmənləri Asiyaya hərbi səfərlərə göndərilmiş qoşun rəhbərləri, xüsusən də, Attal ola bilər. Buna görə də sınanmış dostu Hekatayı çox keçmədən Parmenionun qərargahına göndərdi ki, əgər mümkünsə, Attalı sağ-salamat onun hüzuruna gətirsin, bu mümkün deyilsə, bacardıqca tez bir zamanda onu öldürsün.

Digər yandan, Antipatr başda olmaqla, İsgəndərin məsləhətçiləri onu ehtiyatlı olmağa, yunan şəhərlərinə müstəqillik verməyə, diplomatik gedişlərlə, məsələn, müxtəlif siyasi və iqtisadi güzəştlər verməklə barbarların könlünü almağa çağırırdılar. Yeni hökmdar isə onlara belə cavab verirdi ki, azacıq yumşaqlıq göstərsə, düşmənlər bundan cəsarətlənib üstünə yeriyəcəklər. İsgəndər deyirdi ki, məsələni «cəsarət və qətiyyət göstərərək» həll etmək niyyətindədir. Bundan sonra o, say-seçmə döyüşçülərdən ibarət qoşunu ilə paytaxtdan Fessaliyaya yola düşdü. Ordu Bababoğazı vadisinə çatanda düşmən ordusu tərəfindən keçidin tutulduğu məlum oldu. Fessaliyalılar tərəddüd içində idilər: bilmirdilər, İsgəndərin ordusunu keçiddən buraxsınlar, ya yox…

İşi belə görən gənc hökmdar öz ordusunun hərbi mühəndislərinə gizlicə əmr etdi ki, qarşılarını kəsən dağın dik yamacını qalxmaq üçün yol düzəltsinlər. Fessaliyalılar nə baş verdiyini anlayana qədər İsgəndər öz döyüşçüləri ilə dağı aşıb onların arxasına keçdi. Fessaliyalılar çarəsiz qalıb danışıqlara başladılar. Hökmdar «xoş sözlərin və səxavətli vədlərin köməyi ilə» onları yola gətirməyi bacardı, beləliklə, Fessaliya tayfalarından ibarət ittifaqın ömürlük rəhbəri seçildi. Fessaliyalıların iri süvari ordusu da İsgəndərin nəzarətinə keçdi.

İsgəndər vaxtı boş yerə itirmirdi. Yunanlar onun bu uğurlu manevrindən xəbər tutana qədər gənc hökmdar xeyli irəliləmişdi. İndi onu yalnız Fivlə münasibətləri yoluna qoymaq düşündürürdü. Mərkəzi Yunanıstanın bu qüdrətli şəhəri ilə dostluq Makedoniya hökmdarı üçün çox vacib idi, ancaq fivlilər bundan inadla boyun qaçırırdılar. Nəticədə bir gün onlar yuxudan oyanıb Makedoniya ordusunun şəhər yaxınlığında döyüşə hazır vəziyyətdə dayandığını gördülər və əməllicə heyrətləndilər. İsgəndərin tələbi sadə idi: Ellin ittifaqının başçısı seçilməsinə razılıq verilsin!

Fivlilər say-seçmə döyüşçülərdən ibarət Makedoniya ordusuna müqavimət göstərməyin mənasızlığını başa düşüb danışıqsız təslim oldular. Bundan sonra Fivdən vur-tut qırx mil[13 - Mil – uzunluq vahidi, 1 mil – 1,6 kilometrə bərabərdir.] uzaqda yerləşən Afinada ciddi çaxnaşma başladı. Şəhər kənarında yaşayan afinalılar öz mal-mülklərini şəhərə daşıyıb, onun divarlarını möhkəmləndirməyə girişdilər. Lakin tezliklə bunun bir faydası olmayacağını anladılar və İsgəndərin şərtlərini onlar da qəbul etdilər. Makedoniya ordusunun tufan kimi Yunanıstandan keçdiyini eşidən Attal gənc hökmdarı devirmək barədə gizli planlarından əl çəkib, öz başına çarə qılmaq barədə düşünməyə başladı. Axırda İsgəndərə sadiqliyini sübut etmək üçün Demosfenin ona yazdığı bütün məktubları Makedoniya hökmdarına yolladı. Əslində isə bu, mənasız cəhd idi: hamının yanında İsgəndəri təhqir edən, onun Filipin qanuni oğlu olmasını şübhə altına alan Attal indi qarşı tərəfin mərhəmətinə boş yerə ümid bəsləyirdi. Bunu zamanında dərk etməməsi Attalın böyük səhvi idi, çünki Parmenion artıq İsgəndərin tərəfinə keçmiş, gənc hökmdara qarşı müxalifətdə olanların aradan götürülməsinə razılaşmışdı. Yeri gəlmişkən, Parmenion bu razılığın əvəzində İsgəndərin qarşısında müəyyən şərtlər irəli sürmüş, həmin şərtlər də qəbul edilmişdi. Öz rəqiblərini zərərsizləşdirmək üçün İsgəndərin elə də çox vaxtı yox idi, ona görə də Parmenionla çənə döyməyə gərək görməmişdi. Hər halda, Parmenion öz tərəfdaşlarını yeni hökmdarın ətrafında cəmləşməyə razı sala bilsəydi, çətin ki, kimsə İsgəndərə qarşı çıxmağa cəsarət edəydi.

Bunu yaxşı başa düşən Makedoniya hökmdarının heç bir tərəddüdsüz Parmenionun şərtlərilə razılaşması sonradan ona ciddi problemlər yaratdı. Makedoniya ordusu Asiyaya girəndə hakimiyyətdəki bütün yüksək vəzifələr Parmenionun oğulları, qardaşları və ya tərəfdarları tərəfindən tutulmuşdu. Nəticədə İsgəndər düz altı il onun, az qala, bütün qərarlarına təsir göstərməyə çalışan bu klana qarşı dirənməli oldu.

Beləliklə, gənc hökmdar Parmenionun şərtlərini qəbul etdi, o isə əvəzində ilk növbədə Attalı zərərsizləşdirməyə söz verdi. Çox keçmədən Attal səssiz-küysüz şəkildə aradan götürüldü. Onun qətli və Parmenionun Makedoniya hökmdarının tərəfinə keçməsi İsgəndərə rahat nəfəs almağa imkan verdi: artıq taxtdan salınması mümkün deyildi!

Bundan sonra gənc hökmdar Korinfdə Ellin ittifaqının Şurasını topladı. İndiyə qədər onun hökmranlığını qəbul etməyən ölkələrin nümayəndələri də bura dəvət olunmuşdular. Toplantıda İsgəndər atasının əvəzinə Ellin ittifaqının yeni rəhbəri, bundan başqa, İrana yürüş edəcək ordunun ali baş komandanı seçildi. Əvəzində isə yunan dövlətləri yenidən «azad və müstəqil» elan olundular.

Diogenlə görüş

Həmin qurultaydan sonra dövrünün görkəmli filosofları, dövlət xadimləri İsgəndəri təbrik etməyə gəldilər. Onların arasında bircə Sinoplu Diogen (M.ö. 412–323-cü illər) yox idi. Deyilənə görə, bundan dilxor olmuş İsgəndər onu şəxsən görmək üçün şəhər ətrafına, iri çəlləyin içində yaşayan Diogenin yanına gedir. Qəribə yaşayış tərzi, qeyri-adi hərəkətləri, tikanlı sözləri ilə məşhur olan Diogen həmin vaxt özünü günə verirdi. İsgəndərin başının dəstəsi hay-küylə yaxınlaşanda filosof yerindən dikəlir və hökmdara tərs-tərs baxıb susur. İsgəndər ömründə ilk dəfə pərt olur. Bununla belə, filosofu nəzakətlə salamlayır. Lakin Diogen yenə susur. Nəhayət, İsgəndər soruşur ki, hökmdarın yerinə yetirə biləcəyi hansısa bir istəyi varmı? Bu zaman məşhur cavab səslənir: «Bəli. Kənara çəkil, günəşin qarşısını kəsirsən». Bununla da söhbət qurtarır. Korinfə qayıdanda yanındakılar İsgəndərin könlünü almaq üçün Diogeni başdanxarab, tərbiyəsiz adlandırmağa başlayırlar. Gənc hökmdar isə onların üstünə acıqlanaraq deyir: «Əgər mən İsgəndər olmasaydım, Diogen olardım!».

İlliriya təhlükəsinin sonu

İsgəndər Ellin ittifaqı şurasından istədiyini aldıqdan – rəhbər seçildikdən sonra ordusu ilə birlikdə geri, Makedoniyaya üz tutur, kahinlərlə məsləhətləşmək üçün yolüstü qədim yunanlar üçün müqəddəs yerlərdən biri olan Delfiyə baş çəkir. Burada söhbətləşdiyi kahinlər ona məğlubedilməz olduğunu söyləyirlər.

M.ö. 336–335-ci illərin qışında İsgəndər öz qoşunu ilə dağlıq ərazilərdə, çətin şəraitdə davamlı hərbi təlimlərə başlayır. Bunun da bir neçə səbəbi vardı: birincisi, Makedoniyanın sərhədlərini möhkəmləndirmək lazım idi ki, qəyyum etməyə hazırlaşdığı Antipatr, ehtiyac olsa, etibarsız yunan müttəfiqlərlə yarana biləcək problemləri asanlıqla həll eləyə bilsin. İkincisi, əbədi rəqiblər – trakiyalılar və illiriyalılar əmin olmalıydılar ki, yeni hökmdar öz qüdrətinə görə heç də atasından geri qalmır. Üçüncüsü, bu hərbi təlimlər İranla böyük müharibədən əvvəl bir növ son məşq olmalıydı.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)