скачать книгу бесплатно
Şirürəkli Riçard
Aleksandr Qranovski
Tarixi yaradanlar
Bu kitabda müəllif Şirürəkli Riçardın İngiltərə və ümumilikdə Avropa tarixində oynadığı rol, eləcə də Qüds uğrunda Səlahəddin Əyyubi ilə mübarizəsi və qarşılıqlı münasibətləri ətraflı şəkildə təsvir olunur.
Аleksandr Qranovski
Şirürəkli Riçard
"I Riçard cəsur və diribaş idi, qorxunun nə olduğunu bilməzdi. Başqa krallar kimi əsilnəcabətli olmasa da, onlardan daha varlı, daha şöhrətli və daha döyüşkən idi"
Amin Maalouf
I FƏSİL
Şirürəkli Riçard – ingilis, yoxsa fransız?
1154-cü ildə İngiltərədə kral taxtına 21 yaşlı II Henri çıxdı. Bundan üç il sonra isə onun yeni övladı, eyni zamanda gələcək varisi olan Riçard dünyaya gəldi. Riçardın doğum yeri Oksford şəhəridir.
II Henri Anju qraflarının nəslindən idi. Bu nəslin nümayəndələri torpaq uğrunda həmişə öz qonşuları – Şimali Fransada yerləşən Normandiya və Fransanın cənub-qərbindəki Akvitanya hersoqları ilə, eləcə də eyni bölgədəki Blua qraflarıyla vuruşurdular. XII əsrin ilk yarısında Men qraflığı da onların ixtiyarına keçmişdi. Bununla belə, Anju qrafları ilə müqayisədə qonşularının uğurları hələ də daha böyük idi. Akvitanyalılar 1036-cı ildə Qaskoniya hersoqluğunu[1 - Qaskoniya – Fransada baskların tarixi yaşayış məskəni olmuş bölgə. Basklar hazırda İspaniyanın şimalında və Fransanın cənub qərbindəki muxtar bölgədə yaşayan qədim xalqdır (red.).] özlərinə birləşdirmiş, Normandiya hersoqu I Vilhelm isə 1066-cı ildə anqlosaksonları darmadağın edərək İngiltərə kralı olmuşdu. Məhz bu istiladan sonra İngiltərə və Normandiya bir dövlət kimi La-Manşın hər iki tərəfindəki torpaqlara sahiblənmişdilər.
Zaman keçdikcə birləşmiş ingilis-norman dövləti Fransa kralları üçün böyük təhlükəyə çevrildi. Ona görə də Kral VII Lüdovik (1081 – 1137) ingilis kral ailəsi daxilindəki ixtilafları qızışdırır, eləcə də İngiltərə vassallarının qiyamlarına dəstək verirdi. İngilis-normanların düşmənlərindən biri də Men qraflığına iddia edən Anju qrafları idi. Normandiyanın cənubdan təhlükəsizliyini təmin etmək üçün «Fateh» ləqəbli I Vilhelmin kiçik oğlu, ingilis kralı I Henri (1068–1135) öncə Normandiya hersoqu, sonra isə Anju qrafı olan V Gənc Fulka müttəfiqlik təklif etdi. Bu müttəfiqliyi daha da gücləndirmək üçün isə qızı və varisi Matildanı Gənc Fulkun oğlu Qəşəng Joffrua ilə evləndirməyi məsləhət gördü. Bir zamanlar Almaniya kralı və Müqəddəs Roma imperatoru V Henrinin (1086 – 1125) arvadı olmuş Matilda adaxlısından 11 yaş böyük idi. Belə ki, qadının 25, Qəşəng Joffruanın isə vur-tut 14 yaşı var idi. 1128-ci ildə nikah baş tutdu. Bundan sonra Fulk öz torpaqlarını – Anju, Men və Tureni oğluna verib Fələstinə yola düşdü. Orada Qüds kralının qızı ilə evlənib qayınatasının ölümündən sonra isə kral taxtına çıxdı.
1135-ci ildə isə I Henri vəfat etdi. Lakin yeni kral onun varisi Matilda yox, Fateh I Vilhelmin başqa bir nəvəsi Stefan de Blua (1092 – 1154) oldu. Bu isə ixtilafa gətirib çıxardı: tezliklə ingilis-norman baronları Matildanı taxtda oturtmaq üçün qiyam qaldırdılar. Qiyam vətəndaş müharibəsinə çevrildi və düz 15 il davam etdi. Qraf Joffrua qərara gəldi ki, Kral Stefanın düşdüyü çətin vəziyyətdən bəhrələnsin. Ona görə də öz arvadının mirasına daxil olan Normandiyanı işğal etməyə başladı. 1144-cü ildə Normandiyanın işğalı başa çatdı. Qraf Joffrua 1150-ci ildə onu böyük oğlu Henrinin ixtiyarına verdi. 1151-ci ildə qraf Joffrua 38 yaşında vəfat etdi. Onun istəyi ilə mənsub olduğu nəsil «Plantagenet» adlandırılmağa başlandı. Bu sözün mənası «naz budağı» demək idi. Qraf Joffrua papağını həmin bitkinin budağı ilə bəzəməyi çox xoşlayırdı.
Joffrua ilə Matildanın evliliyindən dünyaya gələn Henri bizim kitabımızın qəhrəmanı Şirürəkli Riçardın atasıdır. O, 1133-cü ildə doğulub. 1149-cu ildə ingilis taxt-tacına iddia etməyə başlayanda atası ona miras olaraq Normandiya hersoqluğunu və Anju qraflığını bağışlayıb. Bundan üç il sonra isə Henri Akvitanyanın varlı hersoqunun varisi ilə evlənib. Qızının adı Eleanora idi.
Eleanoranın atası hersoq X Qiyom (1099 – 1137) təxminən on beş il idi ki, dul qalmışdı. Bu səbəbdən də hersoqluğun taleyi onu çox narahat edirdi. Oğul övladı yox idi, qızı Eleanora isə 15 yaşında idi. Başqa çıxış yolu qalmadığını görən X Qiyom ölümündən bir qədər əvvəl Fransa kralı VII Lüdovikin hüzuruna elçi göndərib qızını oğluna almasını təklif etdi. Hersoq bu yolla Akvitanyanın öz bütövlüyünü qoruyub saxlayacağına ümid bəsləyirdi.
VII Lüdovik bu təklifi sevinclə qarşıladı. Beləliklə, 17 yaşında olan «Gənc» ləqəbli Lüdoviklə Eleanoranın kəbini Bordoda kəsildi. Onlar Akvitanyadan Parisə çatınca VII Lüdovik vəfat etdi. Beləliklə, parislilər yeni evlənən cütlüyü həm də yeni kral və kraliça kimi qarşıladılar. Lakin Gənc Lüdovik taxta çıxmağa hazır deyildi. Çünki sadəcə dini tərbiyə almışdı. Bu səbəbdən də yalnız böyük qardaşının 1131-ci ildə vəfatından sonra VII Lüdovik olaraq taxta çıxdı.
Şıltaq, gözəl, ağıllı, təhsilli, sərbəstliyə öyrənmiş Eleanora öz ciddi, kədərli, mömin ərinə uyğun gəlmirdi. «Mən rahibə ərə getmişəm», – o deyirdi.
Eleanora 1147-ci ildə əri ilə səlib yürüşünə[2 - Səlib yürüşləri – 1096 –1270-ci illərdə Fələstindəki müqəddəs yerləri müsəlmanların hakimiyyətindən azad etmək pərdəsi altında Qərbi Avropa feodallarının Yaxın Şərqə işğalçılıq yürüşləri. Təqribən 200 il ərzində Yaxın Şərqə 8 böyük və çoxlu sayda xırda yürüşlər təşkil olunub. 1095-ci ildə papa II Urbanın elan etdiyi I Səlib yürüşü (1096 –1099) 1099-cu ildə Qüdsün tutulması və burada Qüds krallığının yaradılması ilə nəticələnib. II (1147–1149) və III (1189–1192) Səlib yürüşləri nəticəsiz bitib. 1199-cu ildə papa III İnnokenti tərəfindən elan olunmuş IV Səlib yürüşünün (1202–1204) iştirakçıları isə, əvvəl nəzərdə tutulduğu kimi, Misirə deyil, Dalmasiya və Bizans ərazisinə hücum ediblər. Burada onlar Bizansın paytaxtı Konstantinopol da daxil olmaqla bir sıra xristian şəhərlərini ələ keçirərək qarət ediblər və həmin ərazilərdə Latın imperiyasını yaradıblar. Misirə qarşı təşkil olunan V yürüş (1217–1221) də nəticəsiz bitib. VI Səlib yürüşünün (1228–1229) iştirakçıları yenidən Qüdsü tutmağa nail olublar, lakin 1244-cü ildə şəhər müsəlmanlar tərəfindən geri alınıb. Misirə VII yürüş (1248 –1254) və Tunisə qarşı təşkil olunmuş VIII yürüş (1270) tam iflasa uğrayıb. 1291-ci ildə səlibçilər bu yürüşlərdə ələ keçirdikləri bütün torpaqları itiriblər (red.).] çıxdı. Yürüşə bir çox Akvitanya əyanları da qoşuldular. Səlib yürüşü məğlubiyyətlə nəticələndi. Belə ki, Fransa, Almaniya və Qüds krallarının birləşmiş qoşunları Dəməşqi mühasirəyə alsalar da, onu fəht eləyə bilmədilər. Dəməşqin müdafiəsinə əmir Nəcməddin Əyyubi rəhbərlik edirdi. Həmin vaxt on yaşlı oğlu Səlahəddin (1138 – 1193) də atası ilə birlikdə idi. Sonralar Əyyubilər xanədanının ilk hökmdarı olan Səlahəddinin yolu Şirürəkli Riçardla kəsişəcəkdi. Bu barədə zamanı gələndə ətraflı danışacağıq.
VII Lüdoviklə arvadı uğursuz səlib yürüşündən ayrı-ayrı gəmilərdə qayıtdılar. Onlar arasındakı anlaşılmazlıqlar daha da dərinləşmişdi. Nəticədə dörd il sonra – 1152-ci ildə kral və karliça boşandılar. Boşanmaya səbəb kimi isə VII Lüdovikin varisinin olmaması göstərildi.
Bundan iki ay sonra Eleanora yenidən ailə qurdu – o, Anju qrafı Henriyə ərə getdi. Arvadının cehizi ilə valideynlərinin mirasını birləşdirən Henri, beləcə, Fransanın ən güclü qrafına çevrildi. O, İngiltərə üzərinə yürüşə çıxdı və Kral Stefanla müharibəyə başladı. Bu zaman Henrini sevindirən, ingilisləri isə yasa qərq edən hadisə baş verdi: Kral Stefanın böyük oğlu Estaş vəfat etdi. Bu zərbədən sarsılan Stefan məcbur qalıb Henrini öz oğulluğuna götürdü və onu varisi kimi qəbul etməyə razılaşdı, üç ay sonra isə qəm-qüssədən azarlayaraq vəfat etdi.
Nəticədə 1154-cü il dekabrın 19-da II Henri İngiltərə taxtına çıxdi. Həmin vaxt yeni kralın 21 yaşı olurdu.
VII Lüdoviklə ərdə olduğu 15 il ərzində Eleanora ona varis doğmasa da, II Henri ilə evləndikdən sonra səkkiz uşaq dünyaya gətirdi: 1156-cı ildə vəfat edən Qiyom (1153), Henri (1155), Matilda (1156), Riçard (1157), Joffrua (1158), Eleanora (1161), İoan (1165) və İoanna (1166).
VII Lüdoviklə müqayisədə II Henri heç də rahib deyildi. Onun nikahdan kənar Ceffri və Ulyam adlı oğulları da olub. Bu ingilis hökmdarı kraldan çox adi kəndçiyə oxşayırdı. Sevimli məşğuliyyəti ovçuluq idi. O, döyüşməyi sevmir, hər hansı mübahisəli məsələni diplomatik gedişlərlə yoluna qoymağa üstünlük verirdi. Lakin diplomatiya işə yaramayanda və müharibə variantı qaçılmaza çevriləndə II Henri özünü bacarıqlı sərkərdə kimi aparırdı. Ümumiyyətlə, ağıllı və təhsilli bir adam olan bu kral ətrafına alimləri yığmışdı, əla yaddaşı var idi, latın dilində sərbəst danışırdı. Sərvəti çox olduğundan fransız kralının vassallarına həmişə pul verir, bununla da hər hansı savaş zamanı onların neytral mövqe tutmalarını təmin edirdi. II Henri yalnız ömrünün sonunda, ağır xəstə olduğu vaxt məğlubiyyətin acısını daddı. Hökmdarlığı müddətində İngiltərədə yalnız 13 il yaşadı. Qalan vaxtını Fransanın ona aid olan torpaqlarındakı mülklərində keçirdi. Çünki öz dövləti üçün əsas təhlükə olaraq Fransa kralını görürdü. Buradan belə nəticə çıxır ki, Şirürəkli Riçard İngiltərədə doğulsa da, öz valideynlərinə, baba və nənələrinə görə əsl fransız idi. İstənilən halda, damarında bir az da olsa ingilis qanı axırdı. Elə ulu nənəsi Edit də ana tərəfdən anqlosakson krallarının nəslindən idi. Odur ki Riçard özünü fransız saymırdı.
II FƏSİL
Riçardın uşaqlığı
Riçardın uşaqlığı neçə keçib? Açığı, bu suala ətraflı cavab verə bilmək üçün əlimizdə kifayət qədər məlumat yoxdur. Bircə bu məlumdur ki, başqa knyaz uşaqları kimi o da yeddi yaşına qədər dayələrin himayəsində qalıb. Ona oxumaq, yazmaq, musiqi alətində çalmaq, ədəb qaydaları öyrədilib. Yeddi yaşından sonra isə kişilər ona at minməyi, alıcı quşlarla ov etməyi, şahmat oynamağı öyrədiblər. Deyilənə görə, anası Eleanora da yaxşı şahmat oynayırmış.
Sadaladıqlarımızdan başqa, Riçarda şeir sənətindən və latın dilindən dərs keçirilirmiş. Dövrün yazılmamış qanunlarına əsasən piyada və at belində döyüşməyi, qılınc oynatmağı, ox atmağı hər oğlan uşağı bacarmalı idi. Döyüşçünün tərbiyəsində dinlə yanaşı, qəhrəmanlıq mahnıları da böyük rol oynayırdı. Mahnılarda igidlik, sadiqlik, alicənablıq vəsf olunurdu.
Kral uşaqları öz atalarının diplomatik oyunlarında həmişə mühüm rol oynayıblar. Onların evlilikləri ilə müharibə və sülh məsələləri həll olunur, yeni torpaqlar qazanılırdı.
Fransanın quzeyindəki Sena çayından şimalda, Ept adlı bir çayın böldüyü iki vilayət var idi. Onlardan biri Normandiya Vekseni, digəri isə fransız Vekseni adlanırdı. Normandiya Vekseni qədimdən Normandiya hersoqlarına məxsus idi. Kifayət qədər böyük olan Jizor qalasının, eləcə də bir çox kiçik qalaların köməyi ilə Normandiya Vekseni fransız krallarının Normandiyaya yolunu kəsirdi. Jizor qalasını I Henri ölümündən az əvvəl süni təpənin üstündə ucaltmışdı. Qəşəng Joffrua günlərin bir günü Normandiya uğrunda Kral Stefanla müharibəyə başlayarkən VII Lüdovik ona kömək etdi. Bu köməyin müqabilində Qəşəng Joffrua fransız kralına söz verdi ki, Normandiya Veksenini ona bağışlayacaq. Kralın köməyi isə, əslində, çox sadə idi: müharibədə tərəf tutmamaq!
Beləliklə, 1151-ci ildə Normandiya Vekseni Fransaya verildi. Henri varis, ardınca da İngiltərə kralı olandan sonra həmin bölgənin heç nədən fransızlara hədiyyə edildiyini anladı. Odur ki VII Lüdoviki müharibə ilə hədələyib Vekseni geri tələb etdi. Həmin vaxt Fransa krallığının durumu ürəkaçan deyildi. Bu səbəbdən də VII Lüdovik 1158-ci ildə Vekseni qızı Marqaritanın cehizi kimi qaytarmağa razılaşdı. O vaxt II Henrinin oğlu Gənc Henrinin beş, Marqaritanın isə üç yaşı var idi. Marqarita ərə gedənə qədər II Henrinin himayəsində olmalıydı. Bir sözlə, II Henri 1160-cı ildə uşaqları nişanlayıb Vekseni öz torpaqlarına birləşdirdi.
Bundan sonra atasının diplomatik evlilik oyunlarında iştirak etmək növbəsi Riçarda çatdı.
1165-ci ildə, yəni 8 yaşında olarkən Riçard və böyük bacısı Matilda kraliça ilə İngiltərədən Normandiyaya köçdülər. Bir neçə il ərzində Riçardın həyatı anasının nəzarətində keçdi. Ümumiyyətlə, Riçard ömrü boyu atasından çox, anasına daha yaxın olub. 1168-ci ilin əvvəlində VII Lüdoviklə II Henri arasındakı sövdələşməyə əsasən Riçardla fransız kralının qızı Alisa nişanlanacaqdı. Bu izdivac sayəsində Riçard anasının mirası olan Akvitanya hersoqluğunu almalı idi.
Eleanora
II Henrinin artan gücü qarşısında VII Lüdovik tab gətirə bilmir, yalnız müttəfiqlərinin köməyi sayəsində pis-yaxşı müqavimət göstərirdi. Həmin müttəfiqlər isə onun müstəqil qonşuları və İngiltərədəki qiyamçılar idi. II Henriyə qarşı qiyam qaldıranlar həmişə VII Lüdovikin köməyin bel bağlaya bilərdilər. Onların arasında fransız kralının qədim müttəfiqləri olan Luzinyanlar xanədanı da var idi. Onlar II Henrini öz ağaları kimi qəbul etmək istəmirdilər. İşi belə görən ingilis kralı ölkəsi ilə qonşuluqda yaşayan Luzinyanların üstünə hücum çəkdi. Onun qəzəbindən vahiməyə düşən Luzinyanlar öz qalalarını tərk edib qaçdılar.
II Henri qiyamçıları tamamilə darmadağın etməmiş Riçardın nişanlanması ilə bağlı müqaviləni imzalamaq üçün VII Lüdoviklə görüşə getməli oldu. Bu zaman 1168-ci ilin mart ayı idi. II Henri yola düşməzdən öncə Akvitanyanı idarə etməyi Eleanoraya və dostu, yaxın məsləhətçisi qraf Patrik Solsberiyə tapşırdı.
Kralın yoxluğundan istifadə edən Luzinyanlar öz tərəfdarları ilə birlikdə qoyub qaçdıqları qalaları bərpa etməyə başladılar. Ardınca isə 1168-ci ilin aprelində Puatye yaxınlığında Eleanoranın dəstəsinə hücum olundu. Kraliça qaçıb canını qurtara bildi, ancaq onun qaçmasına imkan yaradan qraf Solsberi kürəyindən vurularaq öldürüldü. Hadisədən xəbər tutan II Henri danışıqları yarımçıq kəsib Puatyeyə getdi. Özünü təhqir edilmiş sayan VII Lüdovik qiyamçıların nümayəndələrini yanına çağırıb sadiq olacaqları ilə bağlı onlara and içdirdi. Qiyamçılar isə Fransa kralına təklif etdilər ki, qan qohumluğuna görə II Henri ilə Eleanoranın nikahını etibarsız saysın və Akvitanyaya rəhbərliyi öz üzərinə götürsün.
Vəziyyəti belə görən II Henri ətrafına əlavə döyüşçülər topladı və 1168-ci ilin ikinci yarısında Fransa üzərinə yürüş etdi. Maddi baxımdan yaxşı vəziyyətdə olmayan VII Lüdovik düşünüb-daşındıqdan sonra sülhə razılaşmalı oldu. 1169-cu ildə barışıq anlaşması imzalandı. Bundan başqa, Riçardla Alisanın nişanlandığı da təsdiqləndi. Ancaq sülh bağlanandan dərhal sonra II Henri qiyamçılarla haqq-hesabı kəsməyə başladı. O, qoşunlarını qiyam qaldırmış vilayətlərə yeridir, onların qalalarını tuturdu. Göründüyü kimi, II Henri vəd verməyi xoşlayırdı, ancaq onları yerinə yetirməyi – əsla!
Fransa kralı ilə sülh razılaşmasından sonra Riçard bir neçə il Puatyedə anasının yanında qaldı. Eleanora Puatyedə özünə saray qurmuş və qohumlarını, sadiq dostlarını ətrafına yığmağa başlamışdı. Nəticədə Riçard 1172-ci ildə keçirilən geniş yığıncaqda Akvitanyanın hersoqu elan olundu. Bundan sonra Eleanora əyanların müşayiəti ilə öz torpaqlarını gəzib təbəələrini yeni hersoqla tanış etdi. Bununla da o, hersoqluğun fransız və ingilis kralından asılı olmadığını göstərmək istəyirdi.
Puatyedəki sarayın qonaq-qarası çox olurdu. Eleanoranın digər oğulları – Henri və Joffrua daha tez-tez gəlirdilər. Şairlər, musiqiçilər, müğənnilər sarayda ən çox arzulanan qonaqlar idi. Belə bir mühitdə böyüyən Riçardın mahnı bəstələməsi əbəs yerə deyildi.
Bu arada, II Henri ilə Eleanoranın münasibəti get-gedə daha da pisləşdi. Araşdırmaçıların fikrincə, ər-arvadın arasının soyumasının iki səbəbi ola bilərdi. Bunlardan biri odur ki 1167-ci ildə II Henri Qranmon monastırında köhnə düşməni, Tuluza qrafı V Raymundla rastlaşmışdı. V Raymund bir müddət idi ki, VII Lüdovikin bacısı olan arvadı ilə boşanmışdı. Odur ki fransız kralının qəzəbindən qorxub yeni dostlar axtarırdı. Bu səbəbdən də, belə görünür, II Henri ilə yaxınlaşmış, onun vassallığını qəbul etməyə razılaşmışdı. Əvəzində isə II Henri Tuluza qraflığına iddiasından əl çəkməyə razılaşmışdı. Bu qərar Eleanoranın və Riçardın xoşuna gələ bilməzdi. Çünki Tuluza hakimi olmuş Filipin nəvəsi kimi Eleanoranın özü də həmin qraflığa iddialı idi.
II Henri ilə arvadı arasında soyuqluğa ikinci səbəb kimi isə onların dördüncü oğlu İoan göstərilir. Belə ki, İoan üçün hələ istila olunmamış İrlandiyanın idarəçiliyi nəzərdə tutulmuşdu. Altı yaşlı İoan «yurdsuz» qalmışdı, çünki sülh razılaşmasında ona pay düşməmişdi (və bu ayama onun üzərindən ömrü boyu götürülməyəcəkdi). Nəticədə II Henri böyük oğlunun (dolayısı ilə də Eleanoranın) mülklərindən üç qəsri İoan üçün ayırdı. Gənc Henri qətiyyətlə buna qarşı çıxdı. Ancaq atasını yola gətirməyin çətin olduğunu anladığından məsələni danışıqlarla yox, başqa şəkildə çözmək qərarına gəldi. Bunun üçün, hətta Fransa kralı VII Lüdovikin dəstəyini aldı.
II Henri isə 18 yaşlı oğlunun etirazına o qədər də əhəmiyyət vermirdi. Bu zaman V Raymund ingilis kralını xəbərdar edir ki, təkcə Gənc Henri yox, arvadı Eleanora və başqa oğulları da ona qarşı əlbirdirlər. Kral bu xəbərdarlığı qulaqardına vurdu. Vəziyyətin daha da ciddiləşdiyini anlayanda isə əsas qalalara müharibəyə hazırlaşmaq əmri yollayıb böyük oğlu ilə ova çıxdı. Məqsədi bu idi ki, ov zamanı oğlunu dilə tutub onu fikrindən daşındırsın. Lakin gözlənilməz hadisə baş verdi: həyatına təhlükə olduğunu düşünən Gənc Henri gecə yarısı bir neçə dostu ilə birgə atasının yanından Parisə – fransız kralın yanına qaçdı. Bunu eşidən Eleanora digər oğullarını – Riçardla Joffruanı da Fransa kralının yanına göndərdi. Ardınca isə Puatye də daxil olmaqla bir neçə bölgədə II Henriyə qarşı üsyan başladı. Üsyanın başında Eleanora özü dayanmışdı. Üstəlik, nüfuzlu baronlar onu müdafiə eləyirdilər. Bu, görünməmiş hadisə idi. Dövlətlərin tarixində şahzadə oğulların hökmdar atalara qarşı qiyam qaldırması çox olmuşdu, ancaq hökmdar arvadlarının ərlərinə üsyan etməsinə təsadüf edilməmişdi. Beləliklə, ikinci ehtimal ondan ibarətdir ki, Eleanoranı II Henrinin onun torpaqları ilə istədiyi kimi rəftar etməsi hiddətləndirmişdi. Qadını bu məsələdə Akvitanyanın bir çox nüfuzlu baronları ilə yanaşı, əlbəttə ki, Fransa kralı da müdafiə edirdi.
Riçard və qardaşları II Henriyə qarşı
II Henriyə qarşı üsyanın miqyası tezliklə böyüdü, İngiltərədə və Bretanda alovlanan iğtişaşlar Normandiyanı da bürüdü. Şotlandiya kralı Uilyam və qardaşı Devid də qiyamı dəstəkləməkdə idi.
Çox keçmədi ki, Parisdə VII Lüdovikin başçılığı altında II Henriyə qarşı geniş koalisiya yarandı. Fransız kralı Gənc Henrini İngiltərə kralı kimi tanıdı. Gənc Henri isə ətrafına toplaşan baronlara səxavətlə torpaqlar bağışlayırdı. VII Lüdovik tərəfindən həmçinin Riçarda cəngavərlik titulu verilmişdi. Qardaşlar isə bütün bunların müqabilində and içmişdilər ki, VII Lüdovikin və baronların razılığı olmadan ataları ilə sülh bağlamayacaqlar.
İşi belə görən II Henri vaxt itirmədən çox sayda əsgər topladı və hadisələrin necə inkişaf edəcəyini gözləməyə başladı. Müharibə Normandiyada başladı. Gənc Henri və qardaşı Joffrua fransız kralı ilə birlikdə Normandiyanın cənubundan, Riçard isə şimal-şərqdən hücum etdi. Drinkur adlı qalanın mühasirəsi zamanı Riçardın əsas dəstəkçilərindən olan Bulon qrafı Matye yaralandı. Bundan sonra onun başqa bir aparıcı müttəfiqi – Flandriya qrafı Filip qoşununu geri çəkdi. Nəticədə Riçard çətin vəziyyətdə qaldı.
II Henri isə müharibənin gedişində özünün ildırımsürətli hücumları və qələbələri ilə hamını heyrətləndirirdi. Normandiyanın cənubunda VII Lüdovikin qoşunları darmadağın edilmiş, qiyamçıların qalaları bircə-bircə ələ keçirilmişdi. Nəticədə fransız kralı və üç qardaş sülh danışıqlarına razılaşdılar. II Henri oğullarına torpaqlarından gələn gəlirin bir hissəsini və yaşamaq üçün qəsrlər təklif etdi. Hakimiyyət isə yenə də onun özündə qalmalı idi. VII Lüdovik məsləhət gördü ki, şahzadələr bu təkliflə razılaşsın. Lakin üç qardaş bundan boyun qaçırdılar. İş belə olduqda II Henrinin döyüşçüləri Eleanoranın qohumlarına məxsus torpaqları viran etməyə başladılar. Eleanora başa düşdü ki, onun bircə yolu qalıb: VII Lüdovikin yanına qaçmaq! Lakin Eleanora istəyinə çatmadı: kişi paltarında yaxalanaraq ərinin – ingilis kralının hüzuruna göndərildi. Onunla birlikdə üç oğlunun arvad və nişanlıları da II Henrinin əlinə keçdi.
Anasının əsir götürüldüyünü eşidən Riçard bərk qəzəbləndi və Puatyeni tutdu. İlk olaraq La Roşel adlı liman şəhərinə hücum çəkdi. Ancaq La Roşel əhalisi II Henriyə sədaqət nümayiş etdirdi. La Roşelin ticarət baxımından rəqibi sayılan Sent (Fransada yerləşir) şəhəri isə Riçardı çox yaxşı qarşıladı. Bu arada, II Henri qiyamçılara divan tutmaq məqsədilə Puatyeni mühasirəyə aldı. 1174-ci ilin may ayında Puatye təslim olmaq məcburiyyətində qaldı.
Bununla da kifayətlənməyən II Henri daha sonra sürətli hücumla Sentin şəhər darvazasına dayandı. Riçard bir neçə yoldaşı ilə şəhərdən qaça bildi. Onun qoşunu iki gün müdafiə olunandan sonra təslim oldu. Nəticədə altmış cəngavər[3 - Cəngavər – orta əsrlərdə Qərbi və Mərkəzi Avropada hərbi-zadəgan silkinə mənsub şəxs, ağır silahlı süvari döyüşçü (red.)], dörd min əsgər Henrinin əlinə keçdi. Riçard bu məğlubiyyətdən ciddi nəticə çıxaracaq, düşmənləri bir də heç vaxt onu qəfil yaxalaya bilməyəcəkdilər…
II Henrinin əmri ilə Eleanora zindana məhkum edildi: on il Solsberi qalasında, sonra isə Vinçesterdə saxlanıldı. O yalnız əri öləndən sonra azadlığa çıxdı.
İngilis kralı isə qiyamçıları zərərsizləşdirməyə davam edirdi: öncə şotlandiyalıları məğlubiyyətə uğratdı və hökmdarlarını əsir götürdü, ardınca isə fransızları bir də darmadağın elədi. Riçard yeni qoşun toplayıb II Henrinin Puatyedə saxladığı qoşunun üzərinə yerisə də, istəyinə çata – şəhəri tuta bilmədi.
Nəhayət, 1174-cü ilin sentyabrında ingilis və fransız kralı arasında sülh bağlandı. VII Lüdovikin qəbul etdiyi sülh şərtləri Riçardın ürəyincə deyildi.
Əl-qolu açılan II Henri isə Riçardı əməllicə sıxışdırmağa başladı. Riçard isə indiyə qədərki uğursuzluqlarından nəticə çıxararaq atası ilə döyüşdən yayınırdı. Bundan başqa, gələcək kral başa düşürdü ki, VII Lüdovik və Gənc Henriyə bel bağlamağa dəyməz. Riçard həm fransız kralının, həm də qardaşının ona xəyanət etdiyini anlamışdı. Odur ki atasının yanına gəldi, qarşısında diz çöküb ağladı və ondan bağışlanmasını istədi. Atası isə Riçardı ayağa qaldırıb alnından öpdü. Həmin vaxt Riçardın 17 yaşı var idi.
Beləliklə, II Henri ilə oğlu barışdılar. Onların arasında sülh bağlandı. Riçardın digər qardaşları da bir il əvvəl təklif olunandan daha azına razılaşmaq məcburiyyətində qaldılar.
Ən maraqlısı odur ki sülh razılaşmasında Eleanoranın adı belə xatırlanmırdı…
III FƏSİL
Akvitanya hersoqu
II Henri ilə barışıqdan sonra oğullar Milad bayramını ataları ilə birlikdə Normandiyada keçirdilər. Fransız kralına sədaqət andı içdiklərindən oğulları hüquqi cəhətdən II Henriyə sadiq olmaya bilərdilər. Bu səbəbdən də II Henri 1175-ci ilin fevralında Riçard və Joffruadan ona sədaqət andı içmələrini istədi. Gənc Henri isə öz təşəbbüsü ilə artıq and içmişdi.
Riçardın vətəni Akvitanya maddi və mənəvi cəhətdən zəngin bir diyar idi. Hündür, enlikürək, qızılı saçlı, göygöz, qəşəng Riçard isə elə bu diyarın adına layiq övlad sayıla bilərdi: o, şeir yazır, mahnı bəstələyir, bu mahnıları özü də oxuyurdu. Latın dilində baş yepiskopların çoxundan yaxşı danışırdı. Səxavəti barədə isə əfsanələr dolaşırdı.
Riçard öz dövrünün ən yaxşı əsgəri və sərkərdəsi idi. Həmin dövrlərdə bu keyfiyyət kral üçün əsas sayılırdı. Fiziki cəhətdən güclü olması bəzən hətta döyüşün taleyini təkbaşına həll etməyə imkan verirdi. Müharibələr onu qəddarlaşdırmışdı, bununla belə, düşməninə qarşı həmişə vicdanlı davranırdı. Öz ətrafına yığdığı adamlar heç vaxt ona xəyanət etməmişdilər.
Riçardın Akvitanya hersoqu kimi atasından aldığı ilk tapşırıq aralarındakı sazişi həyata keçirmək idi. Bu onun nə qədər sədaqətli olduğunu göstərəcəkdi. Çünki indi keçmiş müttəfiqləri və silahdaşları ilə vuruşmalı idi. Belə tapşırığı Bretana hersoq təyin edilən Joffrua da almışdı. Sanki, II Henrinin çoxdankı arzusu həyata keçirdi: uşaqları ona imperiyanı idarə etməkdə kömək göstərməyə başlayırdılar!
1175-ci ildə Riçard fransız kralının nəzarətindəki Kastiyon qalasını mühasirəyə aldı. Bu, yaxşı möhkəmləndirilmiş qala idi. İki aylıq mühasirədən sonra Riçard qalanı təslim olmağa məcbur elədi. 30 cəngavər və bir xeyli əsgər əsir götürüldü. Riçard göstəriş verdi ki, qala divarları dağıdılsın.
Bu vaxt II Henri isə Eleanoranı boşayıb təzədən evlənmək qərarına gəlmişdi. Həmin məqsədlə 1175-ci ildə Londona ovaxtkı Roma papasının müvəkkili təşrif buyurdu. Eleanora qiyam qaldırdığına görə kralın onu boşamağa əsası vardı. Ancaq II Henri fikrindən daşındı, çünki arvadını boşayacağı təqdirdə, Akvitanyanı ona qaytarmalı idi. Üstəlik, oğulları bu məsələyə yaxşı baxmayacaqdılar.
Riçard 1176-cı ilin yazında Anqulem və Limuzen baronlarının güclü koalisiyası ilə qarşılaşdı[4 - Anqulem və Limuzen Fransada tarixi bölgədir. (red.)]. Koalisiyanın başında isə qraf VI Qiyom Tayleferin oğulları Vülqren, Qiyom, Aymar və onların anabir qardaşları V Aymar dayanırdı. V Aymar Fransanın mərkəzi hissəsində yerləşən Limoj şəhərinin vikontu[5 - Vikont – köhnə Fransada, İngiltərədə və bəzi başqa dövlətlərdə baron ilə qraf arasında orta zadəgan rütbəsi və bu rütbəyə sahib olan adam (red.)] idi. Ola bilsin, qiyamın səbəbini də elə onun incidilməsində axtarmaq lazımdır. Belə ki, II Henri 1175-ci ildə vikonta aid olan bəzi torpaqları kiçik oğlu İoana vermək istəmişdi. Halbuki buna qədər V Aymar ingilis kralına qarşı həmişə loyal olmuşdu. Lakin həmin hadisədən sonra Limoj vikontu bütün qiyamlarda iştirak edirdi. Riçard məhz onun qaldırdığı növbəti qiyamı yatırarkən həlak olacaqdı…
Riçard yalnız öz qoşunları hesabına düşmənlə bacarmayacağını anlayıb kömək üçün atasına müraciət etdi. 1176-cı ilin aprelində isə İngiltərəyə gedib döyüşçü toplamaq məqsədilə ondan pul aldı. İlk zərbə Vülqrenin başçılıq etdiyi orduya vuruldu. Riçard onu darmadağın edəndən sonra Limoju mühasirəyə aldı. Cəmi bir neçə gündən sonra şəhər təslim oldu.
Həmin il may ayının sonunda isə Riçard Puatyedə qardaşı Gənc Henri ilə görüşdü. Atası onu Riçarda köməyə və təcrübə toplamağa göndərmişdi. Qardaşlar qoşunla Anqulemə tərəf hərəkət etdilər. Hədəf Anqulem qrafı VI Qiyomun qalaları idi. Onlar strateji əhəmiyyətli bir qalanı mühasirəyə aldılar. İki həftə mühasirədən sonra qala təslim oldu. Bunun ardınca isə Gənc Henri kəskin addım ataraq Riçardın yanından ayrıldı. Bunun sadə səbəbi var idi: qardaşlar yola getmirdilər. Hər ikisi yaraşıqlı, güclü olsa da, xasiyyətləri tutmurdu. Gənc Henri, görünür, Riçardın uğurlarına, şöhrətinə paxıllıq eləyirdi.
Gələcək kral isə dayanmadan irəliləyirdi – on günlük mühasirədən sonra Mulinyöv adlanan əhəmiyyətli bir qalanı tutub Anqulemə yaxınlaşırdı. Vəziyyətin çıxılmazlığını görən VI Qiyom bu şəhəri və daha bir neçə qalanı Riçarda təslim etmək məcburiyyətində qaldı. Riçard isə qrafla oğullarını əsir götürərək atasından aman diləmələri üçün İngiltərəyə göndərdi.
Bu zaman II Henri kiçik qızı İoannanı Siciliya kralı II Vilhelmə ərə vermiş, özü isə 1176-cı ilin Milad bayramını oğulları Joffrua və İoanla keçirmişdi. O, çoxdan «Qərbin Qüdsü» sayılan Santiaqo-de-Kompostelaya[6 - Santiaqo-de-Kompostelaya – İspaniyanın şimal-qərbində Müqəddəs Yəqub katedralı ilə məşhur şəhər. Hazırda Qalisiya muxtar vilayətinin paytaxtıdır. Əfsanəyə görə İsanın on iki həvarisindən (əshabəsindən) biri olan Yəqubun nəşi bu şəhərdə dəfn edilib (red.).] ziyarətə getmək arzusunda idi. Odur ki Riçarda məktub göndərib İspanyaya gedən yolu quldurlardan təmizləməyi tapşırdı. Məsələ burasında idi ki, həmin yolun üzərində ingilislərin vəhşi, məkrli, qəddar xalq hesab etdikləri basklar və navarralılar yaşayırdılar.
Milad bayramından sonra Riçard cənuba ildırım sürətli hücum edib düşməni qəfil yaxaladı. Bir neçə şəhərləri, ardınca da Pireneydən keçən yola nəzarət eləmək imkanı verən Sen-Pyer qalasını ələ keçirdi. İngilis şahzadəsi qarşısında aciz qalan bask və navarralılar sülhə razılaşdılar, tacirlərin, zəvvarların təhlükəsizliyini təmin edəcəklərinə and içdilər. Riçard fevralın 2-də Puatyeyə qayıdıb elçilər vasitəsilə qazanılan uğurlar barədə atasına məlumat göndərdi.
1176-ci ilin sonunda Fransanın mərkəzindəki Şatoru qalasının zəngin baronu Berri Raul de Deol vəfat etdi. Onun varisi olaraq bir qızı qalmışdı. Qızın vur-tut üç yaşı vardı. II Henri dərhal ona qəyyumluğa götürmək, beləliklə, Şatoruya yiyələnmək istədi. Qızın qohumları ingilis kralının bununla bağlı tələbini rədd etdilər. Görünür, onlar VII Lüdovikin köməyinə bel bağlayırdılar. Şatoru qalasının müharibəyə hazırlaşdığını eşidincə isə II Henri lap özündən çıxdı. Axı bu, təhqir demək idi! II Henri yaranmış problemi güc yolu ilə həll etmək qərarına gəldi. Həmin işi isə Riçarda yox, Gənc Henriyə həvalə etdi. Halbuki qalanın daxil olduğu Berri bölgəsinin sahibi Riçard idi. Görünür, II Henri qardaşlar arasında ixtilafı daha da alovlandırmaq, bununla da onların hər ikisini ayrı-ayrılıqda tamamilə öz iradəsinə tabe etdirmək istəyirdi.
Beləliklə, Gənc Henri Normandiya və Anjuda qoşun toplayıb Berriyə soxuldu. O, Şatorunu tutdu, ancaq qızı tapmadı. Plantagenetlər üçün bu qəyyumluq məsələsi hədsiz dərəcədə önəm daşıyırdı: mərhum baronun qızı II Henrinin himayəsinə keçərsə, ingilislərə həm yaxşı qazanc gətirəcək, həm də Fransanın müəyyən qismindəki hakimiyyətlərini daha da möhkəmləndirəcəkdi.
Riçardın nişanlısının 17 yaşı artıq tamam olmuşdu. O dövrün qaydalarına əsasən çoxdan ərə getmək vaxtı idi. Bu, Fransa sarayını narahat eləyirdi. 1176-cı ildə VII Lüdovik dəfələrlə Roma papasına müraciət etdi ki, Henriyə təzyiq göstərsin: ya nikahı tezləşdirsin, ya da Alisanı evə qaytarsın. Papa fransız kralını haqlı saydı. Odur ki II Henrini torpaqlarına interdikt[7 - İnterdikt – orta əsrlərdə Roma papası tərəfindən tənbeh olaraq müəyyən şəhərdə və ya ölkədə dini ayinlərin qadağan olunması] qoyacağı ilə hədələdi. Lakin II Henri iki kralın görüşünə qədər interdikti təxirə salması üçün papanın razılığını ala bildi. Bunun ardınca isə VII Lüdovik qarşısında tələb qoydu ki, Alisanın cehizi kimi Burj baş yepiskopluğunun torpaqlarını ona, Vekseni isə Gənc Henriyə versin.
Avqust ayında Henri qoşunla İngiltərədən Normandiyaya gəldi. 1177-ci ilin sentyabrında papa müvəkkilinin iştirakı ilə kralların görüşü baş tutdu. Mübahisəli torpaq məsələləri münsiflər məhkəməsinə verildi. Riçard isə Alisa ilə evlənməli oldu. Bundan başqa, hər iki kral səlib yürüşündə iştirak etməyə razılaşdılar, ona görə də bir-birinə hücum etməyəcəklərinə söz verdilər.
Bir qədər sonra II Henri oğlu Riçardı qabaqda göndərib özü isə onun arxasınca qoşunla Şatoruya daxil oldu. Orada mərhum baronun qızının qohumlarından qəyyumluqla bağlı razılıq aldı. Sonralar isə həmin qızı ingilis baronlarından biri ilə evləndirərək istəyinə çatdı. Bundan başqa, Anqulem və Limuzendəki qiyamçılar ilə də haqq-hesab çürüdən II Henri üçün işlər çox uğurlu gedirdi.
1178-ci ildə Riçard böyük ordu ilə yenə baskların ölkəsinə yollandı. Oranın həbsxanasında köhnə düşməni, Biqorr qrafı Santyula rast gəldi. Yerli sakinlər onu əsir götürmüşdülər. Araqon kralı II Alfons qraf Santyula zamin durdu və Riçard düşmənini azad etdi.
Demək lazımdır ki, Kral II Alfons ilə Riçard bir-birinə oxşayırdılar. Hər ikisi gənc və igid idilər, bütün ömürləri döyüşdə keçmişdi. Kastiliya ilə müttəfiq olan kral cənubda mavrlarla, şimalda isə Navarra krallığı və Tuluza qraflığı ilə döyüşür, yeni-yeni torpaqları özünə birləşdirirdi. II Alfons Akvitanya üçün də təhlükəli qonşu idi. Bəlkə, Riçard elə ona görə də ordusunu getdikcə gücləndirirdi.
Riçard 1178-ci ilin Milad bayramını Sent şəhərində keçirdi. Bayram günlərində tufanın yaxınlaşdığı artıq aydın hiss olunurdu. Belə ki, Tayleferlər nəslinin yeni başçısı Anqulem qrafı Vülqren və VII Lüdovikin köhnə dostu Joffrua de Rankon bayrama gəlmədilər. Vülqren, görünür, verilən itkilərlə barışa bilmirdi. Ümumiyyətlə isə, həm Vülqreni, həm də de Rankonu anjuyluların cənuba doğru yayılması narahat eləyirdi.
İşi belə görən Riçard böyük ordu toplayıb de Rankonun Sent və Bordo yollarına nəzarət edən Pon qalasını mühasirəyə aldı. De Rankon müharibəyə yaxşı hazırlaşdığından hücum uğurla nəticələnmədi. Riçard taktikanı dəyişmək lazım olduğunu anladı. Qoşunun yarısını Ponda saxlayıb qalan yarısı ilə şimala yürüş etdi. İyirmi beş günə beş qala tutdu. 1179-cu ilin mayında Taybur qalasına (Fransa) yaxınlaşdı və bu qalanın fəthi ilə adını məşhurlaşdırdı.
Taybur qalası alınmaz sayılırdı. Düşmənlər onu bir dəfə də olsun tuta bilməmişdilər. Qala Şaranta çayının sağ sahilində yerləşirdi və Nyordan Sentə gedən yeganə körpünü nəzarətdə saxlayırdı. Qala ilə şəhərcik üç tərəfi sıldırım olan qayanın üstündə tikilmiş, dördüncü tərəf qalın divarla əhatələnmişdi. Riçardın mancanaqları qala divarlarını dağıtdığı vaxt, əsgərlər qalaya məxsus ətrafdakı bağları, üzümlükləri qırır, zəmiləri viran qoyurdular. Riçard düşərgəni darvazaya yaxın yerdə salmışdı. O özünü elə göstərirdi ki, guya düşərgədə heç kim yoxdur. Şəhər qarnizonu[8 - Qarnizon – istər sülh, istər müharibə şəraitində möhkəmləndirilmiş məntəqənin mühafizəsi və müdafiəsi üçün daimi, yaxud müvəqqəti olaraq orada yerləşdirilmiş qoşun, hərbi hissə] görüntüyə aldanıb mancanaqları və düşərgəni ələ keçirmək fikrinə düşdü. Riçarda da elə bu lazım idi. Onun döyüşçüləri qəfil pusqudan çıxıb düşməni darvazaya tərəf qovdular. Darvazanın ağzında qızğın döyüş başladı. Riçard lap öndə vuruşurdu. Onun döyüşçüləri tam üstünlük qazandılar, darvazadan içəri soxularaq şəhəri tutdular. Şəhərin bütün ərzaq ehtiyatı Riçardın əlinə keçdi. Bu səbəbdən də qala daxilindəki müqavimət uzun sürmədi. Tezliklə Taybur təslim oldu. Xəbəri eşidib möhkəm sarsılan de Rankon başqa yolu qalmadığını görüb Ponu da Riçarda təslim etdi. Hər iki qalanın divarları dağıdıldı. Müttəfiqlərinin uğursuzluğunu öyrənən Vülqern isə Anqulemdən çəkildi. Beləliklə, ora da Riçardın nəzarətinə keçdi. II Henri İngiltərədən Riçardı qələbə münasibəti ilə təbrik etdi.
Uzun sözün qısası, bu yürüşlə Riçard adını hərb tarixinə yazdırdı.
1179-cu il noyabrın 1-də Fransanın yeni hökmdarı taxta çıxdı. Bu, II Filip[9 - I Filip Avqust (1165 – 1223) – Bozonidlər sülaləsindən Fransa imperatoru] idi. Onun iflic olmuş atası VII Lüdovik tacqoyma mərasimində iştirak etmirdi. Ancaq II Henrinin oğullarının üçü də mərasimə qatılmışdı. Gənc kralın on dörd yaşı vardı. Əslində, II Filipin tacqoyma mərasiminin daha əvvəl – avqustda keçirilməsi nəzərdə tutulurdu. Lakin o, tədbirin təşkil olunacağı Reyms şəhərinə gedən yolda məiyyətləri ilə ova çıxdı. Meşədə məiyyətlərindən ayrı düşüb azdı. Nəticədə bərk qorxdu və xəstələndi. Bir neçə gün həyatla ölüm arasında çarpışsa da, onu sağaltmaq mümkün oldu.
Riçard 1181-ci ilin yayında Qaskoniyaya yürüş etdi. Həmin il avqustun ortalarında onun baş şəhəri Lekturu tutdu. Bu vaxt Akvitanyada yenə qiyam qalxdı. Belə ki, Anqulem qrafı Vülqren vəfat etmiş, özündən sonra varis kimi azyaşlı qızı Matilda qalmışdı. Riçard dərhal onun üzərində qəyyumluq iddiası ilə çıxış elədi. Vülqrenin qardaşları V Qiyom və Aymar buna qarşı çıxdılar. Onlar varis üzərində qəyyumluğu və qraflığı özləri üçün tələb edirdilər. Riçardın qoşunu yaxınlaşanda qardaşlar Limoj vikontuna sığındılar. Qohumluq bağları olan bəzi başqa qraf və vikontlar da onların tərəfini tuturdular.
Riçard düşmənlərinə qəfil zərbə vurdu. Belə ki, 1182-ci ilin aprelində ani hücumla müttəfiqlərdən birinin – Periqor qrafının əsas qalasını tutdu. Sonra yolunun üstündəki hər şeyi dağıdaraq Limuzenə keçdi. Ancaq hərbi gücü az olduğu üçün atasından kömək istəməli oldu. II Henri digər oğlunu – Gənc Henrini qardaşı Riçardın köməyinə göndərdi. Bunu eşidib qorxuya düşən Limoj vikontu sülh istədi. O söz verdi ki, ögey qardaşlarına daha kömək etməyəcək. Riçard sülhə razılaşdı…
IV FƏSİL
Ailə ixtilafları
Çox keçmədi ki, ingilis kralının ailəsində yeni qarşıdurmanın ilk işartıları görünməyə başladı. Belə ki, Gənc Henri atasından hakimiyyət əldə etməyə çalışırdı. Bu məsələdə onu fransız kralı II Filip də müdafiə eləyirdi. Ancaq atası ona güzəştə getmək istəmirdi.
Gənc Henri 1182-ci ilin yayında Limojdan keçib gedərkən qiyamçılar ona Akvitanyanın hersoqu olmağı təklif elədilər. Çünki güclü Riçardla müqayisədə zəif Gənc Henri onlar üçün daha əlverişli idi. Bertran de Bornun[10 - Bertran de Born (1140 – 1215) – orta əsrlər Provansının (Fransanın cənub-şərqində region) ən böyük şairi və musiqiçisi] sözləri ilə desək, Riçard qiyamçıları «mum kimi əzib istədiyi formaya salırdı».
Gənc Henri üçün təklif cəlbedici olsa da, təhlükəli idi. Qardaşlar bir-birini sevmirdi. Gənc Henri qardaşının hərbi uğurlarına açıq-aşkar paxıllıq eləyirdi. Əgər indi o, Riçarda qarşı qiyamçılarla birləşsə, bu, atasının xoşuna gəlməyə bilərdi. Bunu isə Gənc Henri istəmirdi. Yeri gəlmişkən, Gənc Henrini qardaşına qarşı döyüşə kralın üçüncü oğlu Joffrua da təhrik eləyirdi.
Atası ona hakimiyyəti verməyəndə Gənc Henri Qüdsə getməyi qərara aldı. Lakin II Henri zorla da olsa, onu bu fikrindən daşındırdı. Mülayim xasiyyətli Gənc Henri heç öz ailəsində qayda-qanun yarada bilmirdi. Oğlu körpə yaşında vəfat etmişdi. Arvadı Marqarita ona dostu, cəngavər Uilyam Marşalla xəyanət eləyirdi. Bunu eşidən Gənc Henri dostunu hərbi xidmətdən qovmaqla kifayətlənmişdi…
1182-ci ilin payızında, görünür, Gənc Henrinin razılığı ilə Akvitanyada yenə iğtişaşlar başladı. Anqulemdə isə Qiyom və Aymar qardaşları müharibəyə davam eləyirdilər. Limoj vikontu isə sülh sazişini pozub kapitan Qiyom Arnonun başçılıq etdiyi qaskonlardan və basklardan ibarət muzdlu əsgərlərlə onlara qoşuldu.
II Henri 1182-ci il Milad bayramını Normandiyada qarşıladı. Üç oğlu da yanında idi. Həmçinin Saksonya və Bavarya hersoqu olan Aslan Henri ilə birlikdə qızı Matilda da kralla birlikdə idi. Hersoq sarayında bayrama mindən çox cəngavər toplanmışdı. Mərasimdə bir az əvvəl adını çəkdiyimiz görkəmli trubadurlardan[11 - Trubadur – əsasən Oksitianyadan (Fransada tarixi-etnik bölgə) olan orta əsr şair və musiqiçilərini belə adlandırırdılar (red.)] biri Bertran de Born da iştirak edirdi. Onu Riçard şəxsən dəvət eləmişdi. Şeir həsr etdiyi Matildadan başqa, Normandiyada trubadura xoş gələn heç nə olmadı…
Bəlkə də, Gənc Henrinin təzyiqlərini azaltmaq üçün II Henri digər oğulları Riçardla Joffruaya əmr elədi ki, ona vassal kimi sədaqət andı içsinlər. Joffrua dərhal razılaşdı: necə olsa da, Bretan artıq Normandiyadan asılı idi. Riçard isə təklifi qətiyyətlə rədd etdi. Onun sözlərinə görə, atalarının sağlığında bir qardaş o birinin vassalı ola bilməzdi. Üstəlik, Gənc Henri atasının, o isə anasının mirasını almalıdır. Lakin sonradan Riçard təkliflə razılaşdı: bir şərtlə ki, Akvitanya həmişəlik onun və varislərinin olacaq. Buna isə Gənc Henri razı olmadı, çünki qiyamçıların köməyi ilə gec-tez Akvitanyanı alacağına ümid eləyirdi. Riçardla savaşmağa da əsas var idi – o, Puatye ilə Turen sərhəddindəki Klervo qalasını öz məqsədləri üçün möhkəmləndirmişdi. Gənc Henrinin fikrincə, bu qanunsuz addım idi, çünki həmin qala ona miras qalmış torpaqda yerləşirdi.
1183-cü il yanvarın 1-də Gənc Henri ömrünün sonuna qədər atasına sadiq qalacağına and içdi. İşi belə görən Riçard dərhal qalanı atasına verməyə razılaşırdi. Və tezliklə aydın oldu ki, Klervo ilə bağlı narazılıq Gənc Henri üçün bəhanədir…
Tezliklə II Henri oğullarını Anjedə toplayıb qiyamçılarla imzalanacaq sülh anlaşmasını qoruyacaqlarına and içməyə məcbur etdi. Qiyamçıların nümayəndələrinin iştirakı ilə barışıq sənədinin tezliklə Mirboda imzalanması razılaşdırılmışdı. İngilis kralı 1183-cü il fevralın əvvəlində Joffruanı Limuzenə sülh bağlamağa, həmçinin qiyamçıları danışıqlara gətirmək üçün yolladı. Ancaq Joffrua gözlənilməz addım atdı: o, qiyamçılara qoşuldu! Bunu isə Riçardla mübahisədə qiyamçıların haqlı tərəf olması ilə əsaslandırdı. Joffrua ilə daim birlikdə hərəkət edən Gənc Henri atasını yola gətirdi ki, kral məhkəməsi qarşısında qiyamçıları dinləsin, keçən ilki müqavilənin şərtlərinə yenidən baxsın. Bundan sonra isə onun özü də Limuzenə yola düşdü.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, II Henrinin əksər situasiyalarda Riçarda qarşı ədalətsiz münasibəti diqqət çəkirdi. Ola bilsin, bunun səbəbi Gənc Henrini, sadəcə, hakimiyyət iddiasından daşındırmaq, həmçinin digər oğullarının köməyi ilə Riçardı yerində oturtmaq istəyi idi. Hər halda, II Henrinin ədalətsiz münasibətini görüb Riçarddan narazı olan başqa vassallar da ona qarşı baş qaldırırdılar.
Qiyamçılarla bağlı məsələdə Gənc Henrinin təklifi ilə razılaşdığı üçün atasıyla bərk mübahisə edən Riçard ardınca kral sarayını icazəsiz tərk elədi və Puatyeyə üz tutdu. Bu zaman qiyamçılar Limuzendə böyük qoşun toplayırdılar. Riçardın tərəfdarlarından biri olan Sent-Martial monastırının başçısı vəziyyəti belə görərək qaçıb aradan çıxmışdı. Şəhərdəki qarnizon isə qiyamçıların tərəfinə keçmişdi. Muzdlular ətrafdakı yaşayış yerlərini talayırdılar.
Riçard ilk zərbəni bretanlılara vurdu. Sonra isə ordunu Bretanda qoyub süvari qoşunu ilə birgə Limuzenə yollandı. Limoj yaxınlığında qəfildən şəhərin vikontuna hücum çəkdi. Vikont qaçıb canını qurtarsa da, onun muzdlu döyüşçüləri darmadağın edildi, çoxu əsir alındı. Sonradan Riçardın əmri ilə həmin muzdluların bəziləri suda batırıldı, qalanlarının isə ya başları kəsildi, ya da gözləri çıxarıldı. Hətta daim mərhəməti, rəhmdilliyi təbliğ edən keşişlər belə Riçardın bu amansızlığı qarşısında fərqli mövqe sərgiləmişdilər: onların fikrincə, muzdlular öz soyğunçu, talançı əməllərinə görə cəzalandırılmışdılar!
Gənc Henrinin ölümü
Bu zaman II Henri ilə Gənc Henri arasında xüsusilə də qiyamçılara qarşı münasibətlə bağlı kəskin fikir ayrılıqları yarandı və onların münasibəti xeyli pisləşdi. Nəticədə Riçarda qarşı ədalətsiz davrandığını hiss eləyən II Henri oğlunun könlünü almaq üçün kiçik dəstə ilə Limuzenə tələsdi. Lakin Riçardın dəstəsi Limoj qalası yaxınlığında kralı hücumla qarşıladı. Kral təbəələrindən olan bir cəngavər yaralandı. Tərəflər arasında döyüş Riçardın əsgərləri kralı tanıyana qədər davam etdi.
II Henri adamları ilə birlikdə Eka qalasına çəkildi. Həmin axşam Gənc Henri özünü təmizə çıxarmaq üçün atasının yanına gəldi. Lakin onların söhbəti alınmadı. Gənc Henri Limoja qayıtdı. Şəhər vikontunun əmri ilə Limoj əhalisi Gənc Henriyə sədaqət andı içdi.