banner banner banner
İliada
İliada
Оценить:
Рейтинг: 0

Полная версия:

İliada

скачать книгу бесплатно

− Afina, qəzəbim məni nə qədər yandırıb-yaxsa da, sənə tabe olacağam.

Axilles qılıncını qınına qoyub ilahəyə itaət etdi. Afina isə Olimpə döndü. Lakin Axilles yenə Aqamemnona qəzəblə dedi:

− Ey qorxaq, indiyədək bir dəfə də olsun açıq döyüşdə döyüşməmisən. Bacardığın yalnız başqalarının qənimətini oğurlamaqdır. Amma sənə bu gün and içirəm ki, gün gələcək, bütün axeylilərin mənə ehtiyacı olacaq, adamların Hektorun əlində qırılanda mənə qarşı necə böyük səhv etdiyini anlayacaqsan.

İki qəzəbli hökmdarı sakitləşdirmək üçün müdrik Nestor ayağa qalxıb dedi:

− İlahlar! Axeylilərə böyük bədbəxtlik üz verib. Aqamemnon və Axilles, sizin bu davanızdan xəbər tutanda Priam və onun nəsli bayram edəcək, troyalılar müharibəyə ruhlanacaq! Sizdən əvvəl bir çox sərkərdələrə məsləhət vermişəm, onlar hər zaman məni dinləyiblər. Heç vaxt sözümü yerə salmayıblar. İndi də, Aqamemnon, üzümü sənə tuturam! Axillesin əlindən qızı alma, qızı ona axeylilər bəxşiş kimi veriblər. Sən isə, Axilles, qüdrətli hökmdarla söz güləşdirmə. Səni dünyaya ilahə gətirib, amma yenə də ən güclü hökmdara tabe ol.

Aqamemnon dilləndi:

− Sən hər şeyə ədalətlə yanaşırsan, müdrik qoca. Amma bu adam məndən üstün olmaq iddiasındadır. İlahların onu cəsarətli yaratması mənim üzümə ağ olması üçün səbəb deyil.

Axilles Aqamemnonun sözünü yarımçıq qoydu:

− Sənin hər istəyinə itaət etsəydim, onda adımı gərək ya qorxaq, ya da yaltaq qoyaydılar. Bunu başqalarından tələb et, mənə isə əmr vermə! Sənə bir şey də deyəcəyəm: mən əsarətimdə olan qıza görə nə səninlə, nə də başqasıyla vuruşacağam. Amma digər sərvətimdən heç nə ala bilməyəcəksən.

Axeylilərin məşvərəti beləcə bitdi. Aqamemnon yüngül gəmi seçib Hrisin qızını ona mindirdi və Apollona nəzirlər qoydu. Odissey qızı atasına qaytarmaq üçün iyirmi avarçəkənlə açıq dənizə çıxdı. Sahildə qalanlar isə qurbanlar kəsir, Apollonun şərəfinə müqəddəs tonqallar qalayırdılar.

Aqamemnonun qəzəbi isə keçmirdi. Carçıları çağırtdırıb dedi:

− Axillesin yanına gedin və Briseidanı mənə gətirin. Verməzsə, özüm oraya gedib onu peşman edəcəyəm.

Carçılar yola düşdülər. Amma Axillesin yanına çatanda nə deyəcəklərini bilmədilər. Axilles onları görən kimi dedi:

− Salam, carçılar. Yaxın gəlin. Sizin heç nədə günahınız yoxdur. Aqamemnon sizi Briseidanı aparmağa göndərib. Əziz dostum Patrokl, get Briseidanı onlara ver. Ancaq ilahların və insanların qarşısında verdiyim andın şahidi olun: axeylilərin döyüşdə ən çətin anında lazım olarsam, mənə heç arxayın olmasınlar!

Patrokl dostunun sözünə əməl edib qızı onlara verdi. Carçılar qızı götürüb getdikdən sonra kövrəlmiş Axilles dənizin sahilində oturdu. Əlini köpüklənən dalğalara uzadıb anasını səslədi:

− Ana! Sənin məni dünyaya qısaömürlü gətirdiyini bilən Zevs mənə şöhrət dolu həyat bəxş etməli deyildimi? Amma o mənim namusumu qorumadı. Öz hökmranlığı ilə lovğalanan Aqamemnon mənim namusuma toxundu, bəxşişimi əlimdən aldı, indi də ona ağalıq edir.

Onu eşidən ilahə Fetida dənizin dərinliyindən bulud kimi çıxdı, sevimli oğlunun yanında əyləşib onu sığalladı. Axilles baş verənləri anasına danışdıqdan sonra yalvardı:

− Nə olar, ana, mənə kömək et! Özün mənə danışmışdın, bir zamanlar digər ilahlar Zevsə qarşı çıxanda sən onun köməyinə çatmışdın. Zevs sənin bu yaxşılığını unutmuş olmaz. Zevsə yalvar, etdiyin o yaxşılığının əvəzində mənə kömək etsin.

İlahə Fetida Axillesə dedi:

− Mən səni dünyaya gətirib ona görə böyütməmişəm ki, indi səni bu cür alçaltsınlar. Onsuz da ömrün qısa olacaq, heç olmasa, onu şən və firavan yaşayaydın. Heç narahat olma, Zevsin yanına gedib, sənə görə ayaqlarına düşüb yalvaracağam. Zevs indi digər ilahlarla birlikdə Okeanın uzaq sahillərindədir, on iki gündən sonra dönəcək. Onda danışacağam onunla. Sən isə bu müddətdə müharibəyə getmə, öz gəmilərində qal!

Sözünü deyib Fetida sulara qərq oldu. Həmin vaxt isə Odissey Hrisin qızını atasına çatdırdı. Qoca kahin qızını qucaqladı, sonra da əllərini göyə qaldırıb Apollona dua etdi: “Ey Apollon, sən səsimi eşitdin, axeylilərə bəla verdin, indi də üzünü məndən çevirmə, qocanın yalvarışlarını eşit. Axeyliləri bəladan qurtar”.

Apollon Hrisin yalvarışlarını eşitdi, onun şərəfinə kəsilmiş qurbanları qəbul etdi və axeylilərin günahından keçdi.

Fetida isə Zevsin Olimpə dönməsini gözləyib onun yanına getdi və ayaqlarına düşüb oğlu üçün yalvardı: “İlahların atası, əgər nə vaxtsa sənə köməyim dəyibsə, ya da işinə yaramışamsa, bunun əvəzində oğluma kömək et. Aqamemnon onun xətrinə dəyib, hamının yanında hörmətdən salıb. Oğlumun intiqamını al!”

Zevs Fetidaya söz verdi ki, Axillesə kömək edəcək və axeyliləri cəzalandıracaq.

İkinci nəğmə

Yuxu

Hamının rahat yatdığı vaxt təkcə Zevsin gözünə yuxu getmirdi. Axillesin intiqamını necə alacağı barədə fikirləşirdi. Xeyli düşündükdən sonra Zevsin ağlına yaxşı bir fikir gəldi. Düşündü ki, Aqamemnona yanlış yuxu göndərsin. Zevs Yuxunu çağırdı və ona tapşırdı:

− Axeylilərin gəmilərinə tərəf tələs. Aqamemnonun yuxusuna gir və ona de ki, Zevs özü ona dayaq duracaq, çünki Hera Olimpdəki bütün ilahları axeylilərə kömək etməyə razı salıb. Elə ertəsi gün qoşununu başına toplayıb troyalılara qarşı vuruşmağa getsin.

Yuxu elə o an gedib Aqamemnonu tapdı və onun röyasına Nestorun surətində gəldi:

− Aqamemnon, sənə deyəcəklərimi dinlə! Mən Zevsin elçisiyəm. Nəhayət ki, Hera hamını razılığa gətirdi. Zevs də Troyanın məhvini istəyir. Ona görə də sən qoşunlarınla döyüşə çıxmalısan. İlahlar sənə bu işdə kömək olacaqlar.

Belə deyib Yuxu getdi. O, öz işini gördü – Aqamemnonun ürəyinə ümid saldı. Yuxudan ayılan kimi Mikena hökmdarı sərkərdələrə əmr etdi ki, qoşunları bir yerə toplasınlar. Hamı yığıldıqdan sonra Aqamemnon onlara yuxusunu danışıb dedi:

− Bu gün ilahların köməyilə troyalılara qarşı vuruşacağıq. Heç nə qalibiyyətimizə mane ola bilməz. Hər birimiz döyüşdə can qoymalıyıq. Əgər sizlərdən birini döyüşdən kənarda görsəm, onun cəzasını özüm verəcəyəm.

Bundan sonra Aqamemnon Zevsin şərəfinə bir inək qurban kəsdi. Çox keçmədi ki, axeylilər ordusu zirehli geyimdə, əli silahlı hazır dayandı. Əsgərlərin önündə sərkərdələr, lap başda isə hökmdar Aqamemnon dayandı. Onların arasında yalnız Axilles yox idi.

Axeylilər döyüşə hazırlaşan vaxt Zevs İridanı troyalıların yanına göndərib onlara döyüşün başlayacağı haqqında xəbər verməsini əmr etdi. İrida Priamın oğlu Politin surətini alıb Troyaya gəldi və onları tezliklə baş verəcək döyüşdən xəbərdar etdi.

Üçüncü nəğmə

Paris və Menelayın döyüşü

Hər iki tərəfin orduları başçıları ilə birlikdə döyüş üçün düzülürdü. Şəhərdən çıxıb düzənliyə doğru gedən Troya döyüşçülərinin hayqırtısı hər yeri bürümüşdü. Onlar yeridikcə ayaqlarının altından qopan toz ətrafı görünməz edirdi.

Döyüş yerinə çatar-çatmaz Paris troyalılardan aralanıb irəli çıxdı. Onun əynində bəbir dərisi, çiynində yay, qurşağında qılınc vardı. Əlində qoşa tunc ucluqlu nizəni oynadaraq axeyliləri döyüşə çağırırdı.

Menelay döyüşçülərin arasından çıxıb qürurla dayanan Parisi görəndə sevinclə gərdunədən[1 - Gərdunə – cəng arabası] əli silahlı yerə tullandı.

Onu görən kimi Parisin ürəyi qorxudan titrədi, tez geri çəkilib silahdaşlarının arxasında gizləndi. Onun bu hərəkətini görən qardaşı Hektor təhqiranə dilləndi:

− Bədbəxt Paris! Sən ancaq zahirən cəsursan, əslində isə özgənin arvadına göz qoyan namussuzsan! Kaş heç doğulmayaydın! Onda el-aləmdə rüsvay olmazdın! Eşidirsən səni qəhrəman zənn edən mərd troyalılar necə gülürlər? Sən gözəlsən, lakin nə güclü qəlbin, nə də cəsur ürəyin var! Belə ola-ola necə yad qəbiləyə getməyə, başqasının arvadını oğurlamağa cəsarət etdin? Öz ailənə və xalqına bədbəxtlik gətirdin! Niyə Menelayı əlində qılınc qarşılamırsan? Onda necə bir ərənin arvadına sahib olduğunu bilərdin. Troya camaatı çox məzlumdur, yoxsa bu qədər günah sahibini çoxdan daşqalaq edərdi!

Paris isə dedi:

− Hektor, məni təhqir etməkdə haqlısan. Sənin ürəyin cəsur, ruhun əyilməzdir. İndi ki istəyirsən mən döyüşüm, onda Troya oğullarına və axeylilərə sakitləşməyi əmr et. Qoy Menelayla Helenaya görə təkbətək döyüşüm. Kim qalib gələrsə, Helenanı öz evinə aparsın, bütün var-dövlət də onun olsun.

Hektor eşitdiyi sözlərdən vəcdə gələrək əlində nizə ortaya çıxdı, troyalıların ön falanqalarını geri itələdi, hamısını sakitləşdirdi. Bunu görən axeylilər yaylarını çəkib ona ox atdılar, nizə tuşladılar. Lakin Aqamemnon onları sakitləşdirdi: “Dayanın! Axeylilər, yay çəkməyin! Cəsur Hektor nə isə demək istəyir”.

Bunu eşidən axeylilər dayandılar, onların susduğunu görən Hektor iki qoşunun arasında dayanıb dedi:

− Troyalılar və axeylilər, məni dinləyin! Paris təklif edir ki, troyalılar və axeylilər döyüş silahlarını yerə qoysunlar, özü isə qoşunların arasında mübariz Menelayla Helenaya görə təkbətək döyüşə çıxsın, qalib gələn Helenanı da, sərvətləri də əldə edəcək. Biz isə qarşılıqlı dostluğa müqəddəs andlar içəcəyik.

Menelay bu sözləri eşidib dedi:

− İndi isə məni dinləyin. Ürəyimi çoxdan acı kədər sıxır, troyalılarla axeylilərin barışmasının əsl vaxtıdır. Mübahisəmizin səbəbkarı Parislə mənim aramda olan düşmənçilik sizə də çox bəlalar gətirib. Ölüm kimin qismətindədirsə, o da öləcək. Dostlar, siz barışın. Günəşə ağ qoyun, torpağa qara qoyun qurban kəsin. Qoy Priam özü gəlsin, çünki o, yelbeyin oğullarından fərqli olaraq, ağıllı və müdrik qocadır. Qoy o, bizə and içdirsin.

Hektor qoyunların gətirilməsi və hökmdar Priamın çağırılması əmrini verdi. Hökmdar Aqamemnon da qardaşı Menelayın dediklərini eşidib carçı Talfibiyə axeylilərin cərgələrinə gedib qurban kəsməsini əmr etdi.

Bu vaxt xəbər ilahəsi İrida Priamın gözəl qızı Laodikanın surətində incəbel Helenanın yanına gəldi. Otağa girəndə Helenanı böyük bəyaz parça üzərində özü uğrunda gedən döyüşlərdən səhnələr tikən gördü. İrida ona yaxınlaşıb dedi:

− Gözəl Helena, qala üstünə çıx və baş verənlərə tamaşa et. İndi iki ordu səssiz durub, döyüş dayandırılıb. Hamı təkbətək döyüşü gözləyir. Paris və Menelay sənə görə vuruşacaqlar. Qalib gələn sənə sahib olacaq.

Helena tez qalxıb incə gümüşü örtüyə büründü və evdən çıxaraq şəhər darvazasına yollandı. Darvazanın qülləsində onlar hökmdar Priamı və məsləhətçilərini gördülər.

Priam Helenanı öz yanına dəvət etdi:

− Gəl, əziz qızım, yanımda əyləş. Buradan birinci ərini də, qohumlarını da görəcəksən. Sən mənim qarşımda günahsızsan. Yalnız ilahlar günahkardırlar, onlar bu dağıdıcı müharibəni üzərimizə yönəldiblər.

Bunun ardınca Priam döyüş meydanında gördüyü, adlarını hər zaman eşitdiyi, amma tanıya bilmədiyi ərənlərin adlarını Helenadan soruşmağa başladı. Helena Priamın suallarına cavab verdikdən sonra dedi:

− Bütün bu ərənləri asanlıqla tanıya bilərəm, lakin onların içərisində ikisini − atları ram edən Kastoru və igid Polidevki görmürəm. Onlar mənim doğma qardaşlarımdır. Yoxsa mənim hərəkətimdən utandıqları üçün döyüşə çıxmırlar?

Helena bilmirdi ki, onlar artıq Lakedemonda doğma torpağın altında yatırlar.

Bu vaxt isə qurbanlıq qoyunlar və şərablar hazırlanırdı. Carçı İdey müdrik Priamın yanına gələrək onun döyüş meydanına dəvət olunduğunu dedi. Priam məsləhətçisi Antenorla gərdunəyə minib döyüş meydanına yollandı. Orada onları Aqamemnonla Odissey qarşıladı. Hökmdar Aqamemnon and içdi:

− Qadir və böyük Zevs, səma altında baş verən hər şeydən xəbəri olan günəş ilahı Helios, andımıza şahid olun! Əgər Paris Menelaya qalib gələrsə, Helena da, var-dövlət də ona qalacaq. Biz isə öz gəmilərimizlə doğma yurdumuza dönəcəyik. Lakin Menelay Parisi məğlub etsə, troyalılar ona arvadını da, var-dövlətini də qaytaracaq, axeylilərə layiqincə bəxşiş verəcəklər. Əgər Priam və onun oğulları sözlərinin üstündə durmasalar, onda mən müharibəni davam etdirəcəyəm.

Sözünü deyib Aqamemnon qurban kəsdi. Priam isə öz sarayına döndü.

Lakin Zevs bu duaları qəbul etmədi.

Hektorla Odissey döyüş yerini təyin etdilər. Püşk atdılar, döyüşə birinci başlamaq imkanı Parisə düşdü. Döyüş başlandı. Paris Menelaya nizə atdı, ancaq nizə Menelayın qalxanına dəyib sındı. İndi nizə atmaq sırası Menelaya gəldi. Menelay nizəsini ataraq Parisin qalxanını ortadan böldü, yalnız Parisin yana çəkilməsi onu ölümdən qurtardı. Menelay isə qılıncı əlinə alıb Parisin üstünə şığıdı. Qılıncı var gücü ilə onun dəbilqəsinə endirdi, lakin dəbilqəyə heç nə olmadı, qılınc param-parça oldu. Menelay qəzəbindən üzünü göylərə tutub çığırdı: “Ey Zevs, ölümsüzlərdən heç biri sənin kimi xain deyil! Nəhayət ki, Parisin cəzasını verəcəkdim, amma qılıncım sınıb əlimdə qalır, nizəm boş-boşuna atılır, onu öldürə bilmirəm!”


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)