banner banner banner
Səfillər
Səfillər
Оценить:
Рейтинг: 0

Полная версия:

Səfillər

скачать книгу бесплатно

– Breve, Koşpay! Bir bura baxın!

Məhkəmə sədri, prokuror müavini və bir çox başqaları bu adamı tanıdılar.

– Cənab Madlen!

Arrasa gəldiyi vaxt Madlenin başında yalnız bir qədər ağ tük vardısa, məhkəmə salonunda onun saçları tamam ağarmışdı.

Bütün gözlər ona çevrildi. Hamının Madlen deyə tanıdığı bu adam şahidlik edən keçmiş katorqalılara tərəf yeridi və:

– Məni tanıyırsınızmı? – dedi.

Onlar başlarını bulayaraq tanımadıqlarını söylədilər. Madlen üzünü hakimlərə tutub dedi:

– Cənab hakimlər, əmr verin, müttəhimi azad etsinlər. Jan Valjan mənəm!

Hamı donub-qaldı. Prokuror müavini cənab Madlenə tibbi yardım göstərilməsini təklif etdi. Hamı onu dəli zənn etdi.

Madlen dedi:

– Təşəkkür edirəm, cənab prokuror müavini, mən dəli deyiləm. Siz az qala böyük bir səhv edəcəkdiniz. Bu saat özünüz buna əmin olarsınız.

Sonra katorqalılara tərəf dönərək dedi:

– Breve, katorqada geydiyin dama-dama şalvar yadındadırmı?

Breve təəccübdən diksindi. Qorxu içində onu süzdü. Madlen sözünə davam etdi:

– Koşpay, sənin sol qolunda yazı var. «1815» yazılıb. Qolunu çırmala!

Koşpay qolunu çırmaladı. Jandarm lampanı yaxına tutdu, tarix seçilirdi.

– İndi gördünüzmü, Jan Valjan mənəm?

Cənab mer salondakıları bir daha süzüb əlavə etdi:

– Mən daha məhkəmə iclasının gedişinə mane olmaq istəmirəm. Cənab prokuror müavini mənim kim olduğumu, haraya getdiyimi bilir, arzu edərsə, məni tutdura bilər.

O, qapıya doğru yeridi. Kimsədən səs çıxmadı. Camaat kənara çəkilib ona yol verdi. Qapı arxasınca bağlandı.

Şanmatyeyə bəraət hökmü çıxardılar. O isə bunlardan bir şey anlamadı. Hamını dəli zənn edirdi.

ƏKS-ZƏRBƏ

Hava işıqlanırdı. Fantina bu gecəni narahat keçirmişdi. Şəfqət bacısı bütün gecəni xəstənin yanından ayrılmamışdı. Birdən o, başını qaldırıb meri gördü.

– Cənab mer, sizsiniz? Aman, yarəbbi! Sizə nə olmuşdur? Saçlarınız tamam ağarıb.

– Zavallı qadının halı necədir?

– İndi pis deyil, lakin dünən bizi çox qorxutdu.

Birdən Fantina gözlərini açdı. Madleni görüb dedi:

– Mən yuxuda sizi görürdüm. Sizi bir şəfəq bürümüşdü, ətrafınızda mələklər uçuşurdu. Deyin görüm, Kozetta haradadır? Axı siz söz vermişdiniz…

Birdən Fantinanın üzü meyit rəngi aldı. Nəzərləri otağın küncünə dikilmişdi. Cənab Madlen dönüb baxarkən qapıda Javeri gördü.

Arrasdan prokuror müavini Madleni tutmaq üçün Javerə əmr məktubu yazmışdı. Javer yenicə yuxudan qalxmışdı ki, polis agenti əmri gətirmişdi. İndii o, sakit və ciddi görünsə də, əslində, göyün yeddinci qatında idi. Özü ilə beş əsgər və kapral götürmüşdü.

Fantina elə bilirdi ki, Javer onun dalınca gəlib. O, əlləri ilə üzünü örtüb çığırdı:

– Cənab mer, məni qurtarın!

Jan Valjan (artıq onu öz adı ilə çağıraq) sakit və mülayim səslə dedi:

– Qorxma, o sənin dalınca gəlməyib.

Sonra Javerə tərəf dönərək:

– Sizin nə üçün gəldiyinizi bilirəm.

Javer cavab verdi:

– Tez ol! Gedək!

Bu üç qısa sözün ahəngində bir yırtıcılıq duyulurdu. Fantina əllərini üzündən götürdükdə Javerin Jan Valjanın yaxasından tutduğunu gördü. Yazıq qadın:

– Cənab mer! – deyə çığırdı.

Javer bütün dişlərini ağardaraq qorxunc bir qəhqəhə ilə güldü:

– Burada daha cənab mer-filan yoxdur!

Jan Valjan ona tabe olaraq dedi:

– Javer, mənim sizdən bir xahişim var. Üç gün möhlət verin. Yalnız üç gün! Gedib bu zavallı qadının uşağını gətirim! Nə qədər pul lazım olsa, verirəm! İstəsəniz, mənimlə bərabər gedərsiniz.

– Siz mənimlə zarafat edirsiniz?

– Ah, mənim Kozettam! – Fantina inildədi.

Javer hiddətlə ayağını yerə vurdu:

– Bu da bir yandan başladı! Səsini kəssənə!

Fantina birdən yerindən dikələrək zəif qollarına söykəndi. Jan Valjana, Javerə, şəfqət bacısına nəsə demək istədi. Sinəsindən boğuq bir səs çıxdı. Taqətsiz halda yastığına yıxıldı. Başı sinəsinə əyildi. Fantina öldü.

Jan Valjan əlini uzadıb onun gözlərini sığadı. Javerə tərəf dönərək:

– Siz bu qadını öldürdünüz! – dedi.

Javer hiddətlə:

– Bəsdir! – dedi. – Keşikçilər aşağıda gözləyirlər. Dalımca gəl, yoxsa əmr edərəm səni buxovlasınlar!

Jan Valjan çarpayının qarşısında diz çökərək soyuq və qorxunc səslə dedi:

– Mənə bu dəqiqə mane olmağı məsləhət görmürəm.

O, Fantinanın üzərinə əyildi. Onun qulağına nəsə pıçıldamağa başladı. Bu an Fantinanın üzü qəribə bir nur saçırdı. Nəhayət, Jan Valjan ayağa durdu. Javerə tərəf dönərək:

– İndi sizin ixtiyarınızdayam! – dedi.

Javer Jan Valjanı şəhər həbsxanasına apardı.

HƏBSXANADAN QAÇIŞ

Merin həbsi şəhərdə böyük əks-səda doğurdu: “Bu adam keçmiş katorqalı imiş…”. Tez bir zamanda onun etdiyi bütün yaxşılıqlar yaddan çıxdı. Madlenin evində xidmət edən Simplisiya adlı şəfqət bacısı isə həmin yaxşılıqları unutmamışdı.

Axşam Simplisiya xəstəxana otağında Fantinanın cənazəsi önündə dua edirdi. Bu an pəncərə açıldı. Ağ saçlı bir kişi yaşına yaraşmayan cəldliklə pəncərədən otağa daxil oldu. Özünə gələn şəfqət bacısı astadan:

– Aman Allah! – dedi. – Cənab mer, sizsiniz? Mən isə elə bilirdim ki, siz…

Jan Valjan onun cümləsini tamamladı:

– Bəli, mən həbsxanada idim. Pəncərənin dəmir şəbəkəsini qırdım, damdan enərək qaçdım. İndi mən öz otağıma gedirəm. Ardımca gəlin.

Jan Valjan darvazanı açmadan həyətə girmişdi. O, otağına girib kağız və qələm götürdü. Nə isə yazıb kağızı şəfqət bacısına verdi: “Bacı, bunu keşişə verərsiniz”. Kağız açıq idi. Qadın ona nəzər saldı. Jan Valjan:

– Oxuya bilərsiniz! – dedi.

Qadın oxudu: “Cənab keşiş, rica edirəm ki, burada qoyduğum şeyləri sərəncamınıza götürəsiniz. Xahiş edirəm, bu gün vəfat edən qadını layiqincə dəfn edəsiniz. Qalan pul yoxsullara paylanmalıdır”.

Bu vaxt pilləkəndə tappıltı qopdu. Qapıçı qadın çığırırdı:

– Cənab, and olsun Allaha, burada kimsə yoxdur.

Bir kişi səsi ona cavab verdi:

– Lakin otaqda işıq var.

Jan Valjan Javerin səsini tanıdı. O, dolabın arxasına çəkildi. Simplisiya bacı masanın yanında diz çökdü və ibadət etməyə başladı. Bu an qapı açıldı. Javer rahibəni görüb çaşqın halda dayandı. İbadətlə məşğul olan rahibə gözlərini qaldırmırdı.

Javer dindar adam idi. Onun nəzərində rahibə günahsız bir varlıq idi. Lakin vəzifə hissi rahibəyə sual verməyə məcbur etdi:

– Bacı, otaqda təksinizmi?

Bu, müdhiş bir dəqiqə idi. Rahibə gözlərini qaldırdı:

– Bəli.

– Jan Valjan həbsdən qaçıb. Siz onu görmədiniz?

– Yox.

– Bağışlayın, – Javer hörmətlə təzim edərək otaqdan çıxdı.

Rahibə iki dəfə yalan dedi. Yəqin ki, onun bu yalanını behiştdə bağışlayarlar.

…Bir saatdan sonra bir adam qalın dumanda ehtiyatla Monreyldən uzaqlaşır, Parisə doğru addımlayırdı…

Keşiş yoxsullar üçün ayrılmış pulun çox hissəsini paylamadı, özünə saxladı. Fantinanın dəfnini isə kasıbyana yola verdi.

9430 NÖMRƏLİ DUSTAQ

Cənab Madlen yox olduqdan sonra Monreyldə xoş güzəran da sona çatdı. İnsanların qazancı azaldı. Adamlar işsiz qaldı. Ürəklər daşa döndü. Daha yoxsulların qeydinə qalan yox idi.

Bir az sonra polislər xəbər tutdular ki, kimsə Lafit bankından cənab Madlenə məxsus olan pulları son qəpiyi-nə kimi çıxarıb. Aydın məsələ idi ki, bu özünü Madlen kimi qələmə verən Jan Valjan olub. Javer çox təəssüfləndi ki, vaxtında Madlenin bankdakı hesabını dondurmayıb.

Həmin vaxtlar Monfermeyl kəndində Bulatruel adlı qoca bir yol fəhləsi yaşayırdı. Vaxtilə katorqada olmuşdu. İndi polis nəzarətində idi. Axşamlar onu əlində külüng meşənin qalın yerlərində görərdilər. Gizli bir iş gördüyü hiss olunurdu.

Bir gün Bulatruel Tenardyenin meyxanasında xeyli şərab içdikdən sonra sirrini açdı. Dedi ki, günlərin bir günü səhər işə gedərkən meşədə bir ağacın altında gizlədilmiş bel və bir külüng görmüş, buna heyrətlənmişdi. Axşam yaxınlıqda gizlənmiş və birdən “çox yaxşı tanıdığı, vaxtilə onunla bir yerdə katorqada olmuş” bir adamın meşənin içərilərinə getdiyini görmüşdür. Həmin adamın əlində bir sandıqça vardı. Bulatruel onun dalınca getmiş, lakin adamı gözdən itirmişdi. İki-üç saatdan sonra bu adamı yenidən görmüşdü, lakin artıq onun əlində sandıqça yoxmuş. Sonra Bulatruel meşəni ələk-vələk eləyib, lakin heç bir şey tapmayıb…

Nəhayət, Jan Valjanı Parisdə Monfermeylə gedən bir dilicana minmək istərkən həbs etdilər. Qəzetlər bu barədə yazmışdı. O, ölümə məhkum edilmiş, lakin kral mərhəmət göstərib ölüm cəzasını ömürlük katorqa ilə əvəz etmişdi. Jan Valjan işləmək üçün «Orion» gəmisinə göndərilmişdi.

17 noyabr 1823-cü ildə Tulon qəzetində belə bir xəbər dərc edildi: “Dünən “Orion" gəmisində işləyən bir katorqalı təhlükəyə düşmüş matrosu xilas edərkən dənizə düşüb batmışdır. Meyiti tapmaq mümkün olmamışdır. Bu adam həbsxana siyahısında 9430 nömrə ilə qeyd olunmuşdu. Adı Jan Valjan idi".

II HİSSƏ

KOZETTA

VATERLOO

1815-ci il iyunun 17-dən 18-nə keçən gecə güclü yağış yağdı. Bu yağış Vaterloo döyüşündə Napoleonun məğlubiyyətinə səbəb oldu. Yollar xarab olduğundan topları vaxtında gətirmək mümkün olmadı. Son atəşlər susduğu zaman bütün düzənlik, yarğanlar meyit və at leşi ilə dolu idi.

Müharibənin bir çox eybəcərlikləri var. Bunun ən murdar şəkli meyitlərin qarət edilməsidir.

…Gecəyarısı ayın işıq saldığı Vaterloo düzü ilə bir adam sürünürdü. Sanki meyit iyi duymuş goreşən idi. Bəzən dayanır, yerdəki meyiti əlləşdirir, sonra belini düzəldir, xəlvətcə uzaqlaşırdı. Birdən o dayandı. Arxadan, meyitlərin qalaqlandığı yerdən inilti səsi eşitdi. Bu zaman bir əlin onun ayağından yapışdığını hiss etdi.

– Aha, deyəsən, sağ qalanlar da var, – Goreşən mızıldandı.

O, yaralını meyitlərin arasından çıxarıb yolun qırağına sürüdü. Deyəsən, yüksəkrütbəli zabit idi, qızıl epoletləri görünürdü. Qana bulaşmış üzündə qılınc zərbəsindən çapıq vardı. Gözləri qapalı idi. Yaxasında gümüş “Fəxri legion” xaçı görünürdü.

Goreşən xaçı qoparıb öz şinelinin dərin cibinə dürtdü. Yaralının ciblərini yoxlayıb saat, pul kisəsi tapdı. Onları da mənimsədi.

Yaralı zabit birdən gözlərini açdı. Zəif bir səslə:

– Kim qalib gəldi? – deyə soruşdu.