скачать книгу бесплатно
Qrenquar cavab vermək istədi, lakin heyrət, qəzəb və hirsindən danışmaq qabiliyyətini büsbütün itirdi. Həm də bu təklif vətəndaşlar tərəfindən o qədər böyük bir sevinclə qarşılanmışdı ki, artıq onun müqavimət göstərməsi faydasız olardı. Axına təslim olub üzünü iki əlləri ilə qapamaqdan başqa çarəsi qalmırdı.
Kvazimodo
Kopenolun ideyasını yerinə yetirmək üçün dərhal hər şey hazır edildi. Şəhərlilər, tələbələr və məhkəmə katibləri ürəklə işə girişdilər. Qrimas[15 - Qrimas (fr. grimace) – müxtəlif mimik hərəkətlər, üz-gözün müxtəlif şəkillərə salınması] göstərmək üçün böyük mərmər masanın qarşısındakı kiçik qübbə müəyyənləşdirildi. Qapının düz üst tərəfindəki dairəvi pəncərənin şüşəsi sınmışdı. Bütün rəqiblərin başlarını bu dairəvi dəlikdən soxacaqlarına qərar verildi. Qərara alındı ki, hər kəs öz qrimasının təsirini azaltmamaq üçün üzünü bir şeylə örtəcək və ona növbə gəlincəyə qədər kiçik məbədin içərisində gözləyəcəkdir. Məbəd dərhal rəqiblərlə doldu, bundan sonra qapını bağladılar.
Qrimas tamaşası başlandı. Pəncərədə görünən birinci sifətin göz qapaqları çevrilmiş, ağzı yırtıcı heyvan ağzı kimi ayrılmış, alnı isə çəkmə boğazı kimi qırışdırılmışdı. Bu sifət kütlənin şən qəhqəhəsinə səbəb oldu. Birinci sifətin dalınca ikinci, üçüncü və daha başqa-başqa sifətlər göründü. Bu sifətlərin hər biri gurultulu qəhqəhələr və ayaq tappıltıları ilə qarşılandı.
Üçbucaqdan trapesiyaya qədər, konusdan çoxbucaqlıyadək bütün həndəsi fiqurları xatırladan eybəcər sifətlər silsiləsini təsəvvür edin. Bu sifətlər müxtəlif şəkillərə düşür, gah qəzəb, gah da ehtiras ifadə edir, cürbəcür yaşda olan insanları yamsılayaraq gah yenicə doğulmuş uşağın, gah da can verən qoca qarının üz qırışlarını ifadə edir, özlərini müxtəlif mifik məxluqlara, heyvanlara bənzədirdilər. Hər şey bir-birinə qarışmışdı, it yiyəsini tanımırdı. Böyük salon həyasızlıq və çılğınlıq meydanına çevrilmişdi.
Pəncərədən başını çıxaran həndəsi kombinasiyalardan ibarət sifətlər get-gedə coşmaqda olan camaatın xəyalında yaranan eybəcər obrazını təmin etmirdi. Elə bu an pəncərədə qəribə bir sifət göründü. Həqiqətən qeyri-adi olan bu sifət xalqı heyran edə və birincilik mükafatını qazana bilərdi. Dördbucaqlı burnu, nala bənzər ağzı, sağ gözü büsbütün iri bir ziyilin altında qaldığı halda, sapsarı qaşlarla örtülmüş xırdaca sol gözü, qala divarı qüllələrinə bənzəyən mırıq və əyri-üyrü dişləri, fil dişi kimi iki köpək dişi görünən çatlamış dodaqları, xüsusilə bu əcaib simada əks olunan heyrəti və məyusluğu təsvir etmək çətindir.
Bütün xalq bir ağızdan bağırdı. Hamı məbədə doğru hərəkət etdi, təlxəklərin papasını böyük təntənə ilə əlləri üstündə bayıra çıxartdılar. Bu zaman xalqın heyrəti ən yüksək dərəcəyə çatdı; məlum oldu ki, bu eybəcərlik onun sifətinin həqiqi ifadəsi imiş; daha doğrusu, onun bütün vücudu eybəcərlikdən başqa bir şey deyilmiş. O, parçalanmış və biçimsiz şəkildə bitişdirilmiş divə bənzəyirdi!
Təpəgözə bənzəyən, eni uzununa bərabər, yarıqırmızı-yarıbənövşəyi kamzol[16 - Kamzol (fr. camisole) – kişi üst geyimi; məxmər və digər qalın parçalardan tikilən dizəcən geyim növü] geyinmiş və gümüş zınqırovlarla bəzənmiş bu eybəcər vücud məbəd qapısında görünər-görünməz kütlə dərhal onu tanıdı və bir ağızdan bağırdı:
– Bu ki zəngçalan Kvazimododur! Bravo! Bravo!
Tələbələr bağırırdı:
– Hamilə qadınlar, özünüzü gözləyin!
Həqiqətən də, qadınlar dərhal üzlərini əlləri və yaylıqları ilə örtdülər.
Qadınlardan biri:
– Tfu, nə murdar meymundur! – dedi.
– O nə qədər eybəcərdirsə, o qədər də kinlidir! – başqa bir qadın əlavə etdi.
Üçüncü qadın dedi:
– Bu, bir iblis mücəssəməsidir…
Bütün bu səs-küyə səbəb olan Kvazimodo isə kiçik məbədin qapısı ağzında ciddi və qaşqabaqlı bir halda dayanaraq kütlənin ona tamaşa etməsinə yol verirdi.
Kvazimodonun görünüşünə heyran olan Kopenol ona yaxınlaşdı:
– And olsun Allaha, mən ömrümdə bu cür eybəcər görməmişəm. Sən yalnız Parisdə deyil, Romada belə papa olmağa layiqsən!
Kopenol sözünə davam edərək:
– Sən mənim xoşuma gəlirsən, – dedi. – Mənə on iki Tur livri[17 - Tur livri (fr. livre tournois) – Fransada 1230-1803-cü illərdə dövriyyədə olan qızıl pul vahidi. Tur şəhərində hazırlandığı üçün belə adlanırdı] qiymətinə başa gəlsə belə, səninlə bir yerdə əylənməkdən vaz keçməzdim. Dostum, bu barədə sənin firkin nədir?
Kvazimodo isə susmaqda davam edirdi.
Qadınlardan biri Kvazimodonun kar olduğunu Kopenola anlatdı.
O, qəhqəhəylə gülərək:
– Karmış! – dedi. – Daha yaxşı! Demək, o, əsl papadır!
Kvazimodo qımıldanmadan, bir növ, məğrur itaətlə təlxək paltarının əyninə geyindirilməsinə icazə verdi. Bundan sonra onu bəzəkli xərəyə mindirdilər və təlxəklər məclisinə mənsub on iki nəfər onu çiyninə qaldırdı. Çirkin ayaqları altında gözəl, mütənasib və incə vücudlu adamların başlarını gördükdə bu təpəgözün eybəcər sifətində acı təbəssüm və nifrət göründü. Hay-küy salan səfillər dəstəsi, adətə görə, sonra Parisin küçələrini gəzməyə yollandı.
* * *
Pyer Qrenquar məhkəmə salonundan çıxanda artıq küçələr zülmətə qərq olmuşdu. Bununla belə, Qrenquar qaranlıqdan heç də narazı deyildi: o, rahat düşünmək üçün kimsəsiz bir küçəyə can atırdı. Üşüyə-üşüyə gəlib Qrev meydanına çatdı. Pyesin müvəffəqiyyətsizliyi onu soyuğa qarşı daha da həssas etdiyindən Qrenquar meydanın ortasında qalanmış ocağa yaxınlaşdı, diqqətlə baxdıqda camaa- tın bura yalnız ocağa baxmaq arzusu ilə gəlmədiyini anladı.
Ocaqla camaat arasındakı boşluqda gənc bir qız rəqs edirdi. Qrenquar skeptik bir filosof olmasına baxmayaraq, ilk dəqiqədə bu gənc qızın insanmı, pərimi, yoxsa məlaikəmi olduğunu kəsdirə bilmədi. Qızın parlaq siması onu elə heyran etmişdi ki…
Gənc qız çox da ucaboylu deyildi, lakin belinin incəliyi onu ucaboylu göstərirdi, üzü əsmər idi, lakin işıqda əsmər üzü Roma və Əndəlis qızlarına məxsus qızılı rəngə çalırdı. Zərif, incə ayağına kiçik və gözəl başmaqlar geyinmişdi. Köhnə İran xalısı üzərində rəqs edərək fırlanırdı; rəqs edərkən parlayan siması cilvələnir, iri qara gözləri adamı şimşək kimi kor edirdi.
Hər kəs mat-mat ona baxırdı. İncə əlləri ilə zərif və kiçik başı üzərində tutub çaldığı qavalın səsinə oynadığı zaman belini “qucaqlayan” qızılı rəngli korseti, rəqs edərkən yellənən ala-bəzək tumanı, çılpaq çiyinləri, tumanının altından görünən nazik və gözəl ayaqları, qara saçları və parlayan gözləri ilə o, ilahi xilqətə bənzəyirdi.
– Yarəb! – Qrenquar düşündü. – Bu ki bir Səməndər quşudur, gözəl bir pəridir, bir ilahədir, Menad dağından enmiş Vakx kahinəsidir!
Qız yerdən iki şpaqa[18 - Şpaqa (ital. spada) – soyuq silah növü olan uzun qılınc. Uzunluğu, əsasən, 1 m olan şpaqanın hər iki tərəfi kəsicidir.] götürüb iti uclarını alnına dayadı. Özü bir tərəfə fırlandığı halda, şpaqaları başqa bir tərəfə fırladırdı. Qrenquar ona tərəf atılan pullardan anladı ki, o, sadəcə, bir qaraçı qızıdır. Qrenquarın məyusluğu nə qədər böyük olsa da, bu tamaşada onun gözəlliyinə və cazibəsinə qapılmaqdan özünü saxlaya bilmədi. Ocağın qırmızı və dağınıq işığı tamaşaçıların üzlərində və gənc qızın əsmər alnında titrəyirdi. Bu işığın əksi Sütunlar evinin çatlamış köhnə fasadına və yaxınlıqdakı iyrənc dar ağacına düşürdü.
Ocağın qızılı şöləsi ilə işıqlanmış minlərcə üz arasında bir adamın üzü rəqs edən qaraçının tamaşasına hər kəsdən ziyadə dalmış kimi görünürdü. Bu üz ciddi, sakit, hətta qaşqabaqlı bir adamın üzü idi. Adamın otuz beş yaşı olardı; bununla belə, onun başı daz idi, yalnız kəlləsinin kənarlarında çallaşmış saçları görünürdü. Onun uca və geniş alnını qırışlar örtmüşdü, dərin, gəncliyə məxsus həyat eşqi və ehtiras dolu gözlərini qaraçı qızdan ayırmırdı. On altı yaşlı qayğısız qızcığaz hamıya nəşə verərək rəqs edib fırlandıqca onun sifəti tutulurdu. Ara-sıra ah çəkir, eyni zamanda dodaqlarında təbəssüm görünürdü.
Nəhayət, gənc qız tövşüyərək dayandı. Camaat böyük həyəcanla ona əl çalmağa başladı.
Qaraçı qız bağırdı:
– Cali!
Bu sözdən sonra Qrenquar ipək yunlu, qızılı buynuzu və dırnaqları olan, boynu qırmızı xaltalı, qəşəng və ağ bir çəpiş gördü.
Rəqqasə:
– Cali! – dedi. – İndi növbə sənindir!
Qız əyləşdi və nazlı bir hərəkətlə qavalı çəpişə uzatdı.
– Cali, – dedi, – indi hansı aydır?
Çəpiş qabaq ayaqlarının birini qaldırıb bir dəfə qavala vurdu. Həqiqətən, ilin birinci ayı idi. Camaat keçini alqışladı.
Gənc qız qavalı başqa tərəfə çevirərək sözünə davam etdi:
– Cali, bu gün ayın neçəsidir?
Cali kiçik qızılı dırnağını qaldırdı və altı dəfə qavalı taqqıldatdı.
Qaraçı yenə qavalı çevirib soruşdu:
– Cali, saat neçədir?
Çəpiş yeddi dəfə qavalı taqqıldatdı. Bu zaman qüllədəki saat yeddini vurdu.
Hamı ağzını ayırıb mat-mat baxırdı. Camaatın arasından bir səs:
– Burada, hər halda, cadu var, – dedi.
Bu səs gözlərini qaraçı qızdan ayırmayan dazbaşlı adamın səsi idi. Qız səksəndi və üzünü ona çevirdi; lakin bu zaman o qədər şiddətlə əl çaldılar ki, qorxunc söz yaddan çıxdı. Qız heç bir şey olmamış kimi yenə çəpişinə sual verməyə başladı:
– Cali, mərasim zamanında şəhər qarovulunun kapitanı Gişar Qran-Remi nə cür yeriyir?
Çəpiş dal ayaqlarının üzərinə qalxdı və mələməyə başladı. O qədər əyləncəli bir vüqarla yeriyirdi ki, riyakar kapitanın təqlidini görən camaat ucadan gülüşməyə başladı.
Gənc qız getdikcə artan müvəffəqiyyətindən cəsarətlənərək davam etdi:
– Cali, kral prokuroru Jak Şarmolü ruhani məhkəməsində nə cür danışır?
Keçi dal ayaqlarının üzərinə əyləşdi və mələməyə başladı. Qabaq ayaqlarını oynadaraq elə məzəli mələyirdi ki, camaat sanki canlı Jak Şarmolünün duruşunu, hərəkətlərini görür, səsini eşidirdi.
Alqışlar daha da şiddətləndi. Dazbaş adamın yenə səsi eşidildi:
– Bu küfrdür! Həqarətdir!
Qız üzünü yenə onun tərəfə çevirərək:
– Ah, yenə bu yaramaz başladı! – dedi.
Sonra alt dodağını bir qədər uzadaraq sifətini məzəli şəkildə əydi, dabanı üzərində fırlanıb, qaval əlində camaatın arasıyla dolaşmağa başladı. Qavalın içinə iri və xırda, gümüş və mis pullar atırdılar. Bu zaman qız Qrenquara yaxınlaşdı. Qrenquar cəld əlini cibinə uzatdı, qız Qrenquarın bu hərəkətini görüb onun qarşısında dayandı.
Bizim zavallı şair cibindən mütləq boşluğu tapdıqdan sonra öz-özünə mızıldandı:
– Lənətə gələsən!
Gənc qız isə iri qara gözlərini ona dikərək sədəqə gözləyirdi. Qrenquarın alnında iri tər damcıları göründü. Əgər bütün Perunun xəzinələri onun cibində olsaydı, tərəddüd etmədən hamısını bu rəqqasəyə verərdi; lakin təəssüf, bu xəzinələr onda deyildi.
Xoşbəxtlikdən gözlənilməyən bir hadisə onu bu çətinlikdən xilas etdi.
Meydanın ən qaranlıq küncündən hirsli bir səs bağırdı:
– Ey, Misir çəyirtkəsi! Nə zaman rədd olub gedəcəksən?
Gənc qız dəhşətlə dönüb baxdı. Bu artıq dazbaş adamın deyil, hirsli bir qoca qarının səsiydi. Qaraçı qızı səksəndirən bu səs oradakı uşaqları yaman əyləndirdi. Uşaqlar ucadan gülüşərək bağırdılar:
– Bu, Roland qülləsi dustağının səsidir! Öz-özünə söylənir!
Bütün dəstə “Sütunlar evi”nə doğru axışdı.
Qrenquar isə rəqqasənin başının qarışmasından istifadə edərək gözdən itdi. Uşaqların bağırtısı ona bütün günü heç bir şey yemədiyini xatırlatdı. Şam etmədən yatmaq çətin idi. Qrenquarın nə yeməyə çörəyi, nə də sığınacaq yeri vardı. Ağır ehtiyac onu hər tərəfdən sıxırdı.
Qrenquarı məşğul edən və getdikcə dərinləşən bu kədərli düşüncələr birdən qulaqlarına gələn ahəngdar nəğmə səsiylə qırıldı. Qaraçı qız oxuyurdu.
Onun səsi gözəlliyini və rəqsini tamamlayırdı: qəribə, eyni zamanda çox gözəl və zərif səs idi; bu səsdə pak, səmavi, ahəngdar, bir sözlə, qanadlanan bir ruh yaşayırdı. Qrenquar bu nəğməni dərin heyrətlə dinləyir, yer üzündəki hər şeyi unutmuş kimi görünürdü. Son bir neçə saat ərzində onun əzab çəkmədən keçirdiyi bircə dəqiqə vardısa, o da bu idi.
Lakin bu zaman kütlənin diqqəti başqa tərəfə yönəldi. Təlxəklər papasının mərasimi bir çox küçə və dalanları dolaşdıqdan sonra indi də gurultular və məşəllərlə Qrev meydanına daxil olurdu.
Bu mərasim yolda xeyli böyümüşdü. Parisdə mövcud olan bütün cibgirlər, oğrular və səfillərin hamısı bu mərasimə qarışmış və Qrev meydanına gəlib çatdığı zaman xeyli həşəmətli bir izdiham əmələ gəlmişdi.
İzdihamın ortasında təlxəklər ittifaqının ağsaqqalları çiyinlərində xərək aparırdılar; xərəyin kənarına şamlar düzülmüş, üstündə isə əynində təlxək paltarı, başında papaq, əlində əsa olan Paris Notr-Dam kilsəsinin yeni təlxəklər papası – qozbel Kvazimodo əyləşmişdi.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера: