banner banner banner
Fələklər yandı ahimdən… Seçilmiş əsərləri
Fələklər yandı ahimdən… Seçilmiş əsərləri
Оценить:
Рейтинг: 0

Полная версия:

Fələklər yandı ahimdən… Seçilmiş əsərləri

скачать книгу бесплатно

BU, BÜNYADİ-BİNAYİ-BƏLADIR VƏ MÜQƏDDİMEYİ-ƏLƏMİ-İBTİLADIR[27 - Bu, bəla binasının özülü və dərdə tutulmağın başlanğıcıdır.]

Məktəbdə onunla oldu həmdəm
Bir neçə mələkmisal qız həm.
Bir səf qız oturdu, bir səf oğlan,
Cəm' oldu behiştə hurü qılman.
Oğlanlara qızlar olsalar yar,
Eşqə bulunur rəvaci-bazar.
Qız nərgisi-məst edib füsunsaz,
Oğlana satanda işvəvü naz
Oğlan necə səbr pişə qılsın?
Vər[28 - Və əgər] səbri həm olsa, nişə qılsın?
Ol qızlar içində bir pərizad
Qeys ilə məhəbbət etdi bünyad.
Bir türfə sənəm ki, əqli-kamil
Gördükdə onu olurdu zail.
Zülfeyni-müsəlsəli girehgir,
Can boynuna bir bəlalı zəncir.
Əbrusi xəmi bəlayi-üşşaq,
Həm cüft lətafət içrə, həm taq.
Hər kipriyi bir xədəngi-xunriz,
Peykani-xədəngi qəmzeyi tiz.
Dəryayi-bəla cəbini-paki,
Çin cünbüşi mövci-səhmnaki.
Çeşmi-siyəhinə sürmədən ar,
Hindusinə sürmə həm giriftar.
Rüxsarinə rəngi-ğazədən nəng,
Hərgiz ona ğazə verməmiş rəng.
Göz mərdüməgindən olsa xali,
Göz mərdüməgi olurdu xali.
Lə'lü düri göstərirdi hərdəm,
Övraqi-gül içrə iqdi-şəbnəm.
Əbvabi-təkəllüm etsə məftuh,
Əmvatə verərdi müjdeyi-ruh.
Şümşadi-lətifinə mürəkkəb,
Sibi-zənəxü turunci-ğəbğəb.
Əndami lətifeyi-ilahi,
Dəryayi-lətafət içrə mahi.
Şəhbaz baxışlı, ahu gözlü,
Şirin hərəkətli, şəhd sözlü.
Rahü rəvişi müdam qəmzə,
Başdan-ayağa təmam qəmzə.
Ayruqca şəklü xoşca peykər,
Yaxşıca sənəm, gözəlcə dilbər.
Aləm səri-muyinin tüfeyli,
Məhbubeyi-aləm, adı Leyli.
Qeys onu görüb həlak oldu,
Min şövq ilə dərdnak oldu.
Ol nadirə həm ki, Qeysi gördü,
Min zövq bulub, özün itirdi,
Gördü ki, bir afəti-zəmanə,
Misli dəxi gəlməmiş cəhanə.

BU, SİFƏTİ-MƏCNUNDUR VƏ İBTİDAİ-MÖHNƏTİ-FÜZUNDUR[29 - Bu, Məcnunun təsviri və hədsiz möhnətin başlanğıcıdır.]

Bir dilbəri-sərvqəddü gülruy,
Sərvi-xoşü gülrüxü səmənbuy.
Şirin ləbi – mənşəi-lətafət,
Rə'na qədi – durduğilə afət.
Övsafi-lətafətində söz çox,
Əltafi-məlahətində söz yox.
Şəhla gözü – nərgizi-pürəfsun,
Ziba qaşı – nərgis üzrəki nun.
Hüsni gülü laleyi-şəfəqfam,
Zülfi xəmi – lalə üzrəki lam.
Ağzı sifətin xud etmək olmaz,
Əsrari-nihanə yetmək olmaz.
Zülfi sözü – zikri-həlqeyi-raz,
Lə'li-ləbi – abi-çeşmeyi-naz.
Dövri-məhi-ruyi – çeşmeyi nur,
Xaki-kəfi-payi – sürmeyi-hur.
Bir qayət ilə şəmaili-xub
Kim, Leyli olanda ona mətlub,
Bir güzgüyə gər açıb gözünü,
Güzgüdə görəydi öz-özünü,
Öz arizinə olurdu meyli,
Qılmazdı həvayi-hüsni-Leyli.
Ol iki səmənbərü səhiqəd
Bir-birinə oldular müqəyyəd.
Ol iki xərabi-badeyi-zövq
Bir camdan içdilər meyi-şövq,
Girdabi-bəlayə oldular qərq,
Qalmadı aralarında bir fərq.
Övzai-müxalif oldu yeksan,
Guya iki təndə idi bir can.
Hər kim sorar olsa Qeysə bir raz,
Leylidən ona yetərdi avaz.
Kim Leyliyə qılsa bir xitabı,
Qeys idi ona verən cavabı.
Eylərlər idi xəti-vəfa məşq,
Artardı dəmadəm onlara eşq.
Leylidə oxumaq iztirabı
Olsa, rüxi-Qeys idi kitabı.
Məşq etməyə Qeys alsa bir xət,
Leyli qaşı idi ona sərxət.
Xətt üzrə qılırdı ol gözəllər
Min naz ilə bəhslər, cədəllər.
Əmma nə cədəl – kəmali-ülfət,
Nə bəhs – nəhayəti-məhəbbət.
Çün bir neçə müddət ol iki pak
Övqat keçirdilər tərəbnak.
Eşq olduğu yerdə məxfi olmaz;
Eşq içrə olan qərar bulmaz.
Eşq atəşinə budur əlamət
Kim, baş çəkə şö'leyi-məlamət.
Hüsn afəti-eşq olub dəmadəm,
Gəldikcə iradət oldu möhkəm,
Bir qayətə yetdi nəş'əyi-hal
Kim, oldu həvasü əql pamal.
Qalmadı zəbanə tabi-göftar
Kim, eyləyələr məhəbbət izhar.
Keyfiyyəti-halı qılmağa faş
Gəlmişdi təkəllümə gözü qaş.
Eylərdi gözilə bu xitabı,
Qaşilə verərdi ol cəvabı.
Qaşü göz ilə olan təkəllüm,
Həm qılmadı dəfi-zənni-mərdüm.
Mərdümden olam, demə, kənarə!
Mərdüm göz içindədir, nə çarə?
Həmraz ikən ol iki vəfadar,
Dəmsaz ikən ol iki cigərxar,
Rəf' odu hicabi-şahidi-raz;
Eşq oldu məlamət ilə dəmsaz.
Aşiqlərə gizli qalmadı hal;
Mə'lum oldu cəmi'i-əhval.
Gərd ayineyi-nişatə düşdü,
Minbə'd iş ehtiyatə düşdü.
Söyləşməyə ol iki yeganə
Qalmadı səbəb, məgər bəhanə.
Ta olmaya raz aşikara,
Dövran ilə qıldılar müdara.
Bir növ bəhanə ilə hərdəm
Könlünü qılırdı Qeys xürrəm.
Qəsdən unudurdu dərsin ol zar,
Leyliyə deyirdi: "Ey vəfadar!
Hifzi-səbəq etdi bağrımı xun,
Məndən bilirəm, bilirsən əfzun,
Mən bilmədigim mənə oxutgil,
Dərsim oxuyam qulaq tutgil!"
Çün lövhələr üzrə xət yazardı,
Əmdən xətini qələt yazardı.
Yə'ni ki, xəta təvəhhüm edə,
Ol gül açılıb təbəssüm edə,
Göftarə gələ ki: "Bu, qələtdir,
Tərk et ki, xilafı-rəsmi-xətdir!"
Ola səbəbi-təkəllümi-yar,
Fəhm etməyə müddəayi əğyar.
Ətfal qılanda dövr bünyad,
Vari[30 - Hamısı] belə eyləyəndə fəryad,
Ol, yarına ərzi-hal edərdi,
Özgə dövrün xəyal edərdi.
Qılmazlar idi sözünü mə'lum,
Bilməzlər idi sözünə məfhum.
Məktəbdən olan zamanlar azad,
Vəsl üçün edərdi hiylə bünyad:
Qəsd ilə nihan edib kitabın,
Həddən aşırardı iztirabın,
Leyli yolunu tutub durardı,
"Sən gördün ola?" – deyib sorardı.
Yə'ni bu bəhanə ilə bir dəm,
Yarın görə, ola şadü xürrəm.
Elmi-xətə ömrün eyləyib sərf,
Məşq etmiş idi həmin iki hərf:
Bir səfhədə "lam"ü "ya" mükərrər
Yazardı, onu qılardı əzbər[31 - Ərəb əlifbasında(L) və(Y) hərflərinin təkrarından"Leyli" sözü yaranır.]
Kim: "Bu iki hərfdir muradım,
Rövşən bular ilədir səvadım".

BU, LEYLİYƏ ANASI İTAB ETDİGİDİR VƏ BƏHARİ-VƏSLİNƏ XƏZAN YETDİGİDİR[32 - Bu, anasının Leylini danlamasıdır və vüsal baharına payız gəlməsidir.]

Çün məkr ilə Qeysi-bədsərəncam,
Bir neçə zaman keçirdi əyyam.
Tədbir ilə eşq zövq verməz,
Tədbir diyari-eşqə girməz.
Eşq ilə riya degil müvafiq,
Rüsvay gərək həmişə aşiq.
Dildən-dilə düşdü bu fəsanə,
Faş oldu bu macəra cəhanə
Kim: "Qeys oluban əsiri-Leyli,
Leyli dəxi salmış ona meyli".
Tədrici-məbadi ilə nagah
Leylinin anası oldu agah,
Odlara tutuşdu, yasə batdı,
Ol qönçədəhanə dil uzatdı.
Yanar od olub, çəkib zəbanə,
Ol gülrüxə dedi yanə-yanə:
"K'ey[33 - Ki ey] şux! Nədir bu göftügulər,
Qılmaq sənə tə'nə eybculər?
Nəyçün özünə ziyan edirsən?
Yaxşı adını yaman edirsən?
Nəyçün sənə tə'nə edə bədgu?
Namusuna layiq işmidir bu?
Nazik bədən ilə bərgi-gülsən,
Əmma nə deyim ikən yünülsən!
Lalə kimi səndə lütf çoxdur,
Əmma nə deyim, üzün açıqdur.
Təmkini cünunə qılma təbdil!
Qızsan, ucuz olma, qədrini bil!
Hər surətə əks kimi baxma.
Hər gördügünə su kimi axma.