
Полная версия:
Ölmək asan deyil
– Ah, sәn mәnim atamı tanımırsan. Yox, sәn belә etmәməlisәn! Etmәmәlisәn! Yox, mәn, mәn bu qәdәr bayırda qala bilmәrәm. Gecdir! Oh, yox… mәni ora aparma. Ora getmәyә ürәk elәmirәm. Atam bilsә, dәrimi soyar…
Gec saatlara bu vә ya buna bәnzәr sözlәrlә işarәlәr edilsә dә, şәhәrdәn iyirmi beş mil aralı olan kiçik Şirk çayındakı sirli vә müasir dәbli gәmi-kluba səyahәt dә tәklif olundu; Edvardın dediyinә görə, orada hәr şey vardı: rәqs etmәk, üzmәk, qayıqda gəzinti, musiqi, bayram şәnliyi. Әvvәllәr heç vaxt belә işlәrә baş qoşmayan İda anladı ki, bütün bunlar çoxlu vaxt aparasıdır. Gecәyarıya kimi, ya da lap sәhәrәcәn davam edәcәk, atası isә evә qayıtmaq üçün әn geci axşam saat on ikinin yarısını müәyyәnlәşdirmiş, qızıyla möhkәm şәrt bağlamışdı.
– Sәn heç bir lәzzәt almaq istәmirsәn? Ay-hay! Atan sәni göz açmağa qoymur, sәn dә razı olursan? Әtrafındakı oğlanlara, qızlara bir fikir versәnә. Onların arasında sәnin kimi qorxağı yoxdur. Hәm dә, burada pis olan nә var ki? Atan buna heç nә deyә bilmәz. Ondan başqa heç kim görüşü saatla tәyin etmir.
İda yenә dә çırpıntılar içindә yalvarır, Hauptvencer isә qızın yalvarışlarından daha da cürәtlәnib onun üzәrindә tam qәlәbәyә can atır, qızı öz tәsiri altına salmaq, atasından qoparmaq istәyirdi.
Sonra isә şәhvәt gətirәn bir yay gecəsi Kral Parkındakı ağacların kölgәsindә, ya da burunları hәmin ağacların gövdәlәrinә toxunan, göldә xәfifcә yırğalanan kiçik qayıqlardan birindә, mәst halda, titrәyişlәr içindә öpüşmәk, öpüşmәk, öpüşmәk…
Ehtiras alovlarında yanan yetkinlәşmiş, hәm dә tәcrübәsiz İda gəncliyin, mәhәbbәtin vә gözәl yay axşamlarının qoynunda özünü tamam unudur, oğlanın ixtiyarına buraxırdı. Mәşuqunun gözәlliyi, geyimi, cәldliyi, qüvvәsi, qızı oxşaması, әzizlәmәsi! Oğlan söylәyirdi ki, İda onu heyran edir. Əgər İda onu hәqiqәtәn sevirdisә, demәk hәmişә bir iş görmәk, ora-bura qaçmaq, xәlvәtә çәkilmәk… bütün bunları niyә etmәyәydilәr? Doğrudan da, dünyanın bütün lәzzәtlәrini dadmaq, hiss etmәk onların әlindәydi… Nәhayәt, hәmin göldәki qayıqların birindә qız oğlanın qolları üstündә xumarlananda, Edvard İdanın ürәyindәn olan gәlәcәkdәn söz sala-sala nәyisә qıza anlatmağa çalışdı, oğlan indiyәcәn elәmәdiyi işi gördü. İda qәflәtən sıçrayıb qalxdı, yalvardı ki, Edvard onu sahilә aparsın. Yalvarışların müqabilindә Edvardın mәnasız gülüşü eşidildi.
Axı, Edvard nә etdi ki, belә dәhşәtli oldu? İda belә әzaba layiq idimi? Məgər qız onun qayğısını çәkmirdi? Çәkmirdi? Onda, özbaşınalıq nә üçündü?
Ağlamaq nә üçün? Aman allah, bu fәryad nә üçündür, fәryad nә üçündür axı? Oh, madam ki İda qalmaqal qaldırır, Edvard onu sahilә apara bilәr…
Sahilә çıxan kimi Edvard tәlәsik, tәşәxxüslü addımlarla, özündәn razı halda çıxıb getdi, gözlәnilmәz zәrbәdәn әzaba düçar olmuş, incidilmiş İda isә birtәhәr öz otağına çatıb yerinә uzandı, sifәtini balıncının içindә gizlәtdi. O, yaxınlaşan tәhlükә haqqında yastığa pıçıldayır, öz-özünә söylәnirdi; tәhlükә, dәhşәt, onu dәhşәt gözlәyirdi. Ancaq gözlәrindә vә qәlbindә Hauptvencerin aydın siması, onun çöhrәsi, әllәri, saçları vardı. Oğlanın әzizlәmәsi! Öpüşlәri! Düşdüyü vәziyyәtdәn çıxmaq üçün baş sındıra-sındıra İda ümid yolunu sәhәrisi dükana getməkdә gördü; gözlәmәyә başladı, bәlkә Edvard qayıtdı, bәlkә darıxdırıcı tәklik oğlanın fikrini dәyişdi, bәlkә o, qıza verdiyi әzaba son qoymağı lazım bildi?
Eh, mәhәbbәt, mәhәbbәt! Edvard! Edvard! Edvard! Yox, Edvard onu tәrk etmәmәlidir, tәrk edә bilmәz. Qız onu görməli, izah üçün ona şәrait yaratmalıdır. O, Edvardı başa salmalıdır ki, bu, mәhәbbәtdәn deyil, hәyatın qorxusundandır – onun atası, hәr şey, hәr şey, hamı İdanı hәyatdan tәcrid edib, küskün, biganə böyüdüb.
Hauptvencer isә tәcrübәli vә özündәn müştәbeh olsa da, tәlәsik iş tutduğu üçün çox әsәbi gəzirdi. Hәr şey bir yana, o cür gözәli zorlamağa dәyәrdimi? Zorlamaq! Edvard qızı belә tezliklә әldәn buraxa bilmәzdi. Bәlkә dә onun başına bir azca ağıl qoyulsaydı, qız dәli olmaq әvәzinә daha mehriban, daha qılıqlı olardı?
Axşamüstü Edvard Uorren vә Hai küçәlәrinin tinindә, İdanın yolu üstә dayanır, amma özünü görməzliyә vururdu. İntizardan vә bәdbәxtlikdәn rəngi qaçmış İda isә onu görürdü. Bazar ertәsi! Çәrşәnbә axşamı! Çәrşәnbә günü Edvard başını da çevirmәdәn dükanın yanından saymazyana ötüb keçdi. İda tab gәtirmәdi, atasının dükanında xırda-mırda işlәrә baxan zәnci balasına balaca mәktub verdi, axşam saat yeddi radәlәrindә öz sevimli tinindә dayanan Edvarda çatası bir mәktub.
Bir qәdәr dә sonra Edvard çox laqeyd halda mәktubu alıb oxudu. Demәli, İda ona mәktub yazmalı oldu, hә? Ah, bu qadınlar! Ancaq mәktubdakı cümlәlәrin hәyәcanı Edvarda da sirayәt etdi:
«Ah, Edvard, әzizim, mәnә qarşı belә qәddar olma! Necә ürәyin gəlir? Sәni gör necә sevirәm!? Sәn nә elәdiyini anlamadın. De ki, anlamadın. Onda sәni bağışlayaram. Oh, yalvarıram, saat sәkkizdә bizә gәl. Sәni görmək istәyirәm».
İndi öz qәlәbәsindәn qürrәlәnәn Edvard Hauptvencer, İda ilә onun әlaqəsindәn xәbәrdar olan dörd nәfәr dostunun yanında ucadan dedi:
– Hә, yaxşı, yaxşı. De ki, gәlәrәm.
Saat sәkkizdә Zobelgilә üz tutdu. Yoldaşlarını tәrk edәn kimi onlardan biri ağzını marçıldatdı:
– Bilirsiz nә var? Zobelin o qəşəng qızı indi Edvardın әlindәdir. Hә! Qız özü ona mәktublar yazır. Qulluqçunun kağız gətirdiyini görmәdiz? Deyәsәn, burda şeytan işi var.
Başqaları da hәsәd, lәzzәt vә şübhә ilә bir-birinә mәlumat verirdi:
– Bilirsiz nә var?
Onlar Kral Parkındakı gölün sahilindә, ağacların altında yenә dә görüşdülәr.
– Ah, әzizim, mәnә necә qıydın, necә qıydın? Ah, mәnim әzizim, mәnim әzizim…
Oğlanın sәsi eşidildi:
– Oh, inan, inan ki, heç nә olmayıb. Sәn mәni nә hesab edirsәn? Məgər mәn insan deyilәm, mәnim ürәyim yoxdur? Başqaları kimi mәnim dә bәzi planlarım var. Məgər sәndәn ötrü dәli-divanә deyilәm? Sәn dә mәndәn ötrü divanә deyilsәn? Hm, sonra… bundan sonra… bundan başqa… yaxşı, de… qulaq as…
Dәhşәtli sәhvә gətirib çıxarmış hәrәkәt böyük ustalıqla kölgələndi: Edvard izah elәdi ki, burada iki çağlayan ehtirasın birlәşmәsindәn savay heç nә yoxdur Әlbәttә heç bir pis iş yoxdur. Yoxdur!
Yenә dә İdanın ülvi mәhәbbәtә pәnah gətirmәsi, yenә dә mәhәbbәtin korluğu. Edvard möhkәm-möhkәm vәd edirdi. İndidәn narahat olmağa dәyәrdimi? Eh, Edvardın tanıdığı qızlar içindә İda yeganәsiydi ki, belә şeylәrdәn qorxur, narahat olurdu… Nәhayәt, yenә dә Edvardın atasının maşını işә salındı, kiçik Şark çayına sәyahәt başlandı. Sonra başqa-başqa işlәr. hәm zәif düşdüyündәn vә qorxulu fikirlәrlә çarpışdığından, hәm dә gözlәnilәn nәticәnin vahimәsindәn İda bәrk-bәrk oğlana sarılır, bu da oğlanı tәngә gәtirirdi. İndi o, tamamilә Edvardın idi, tamamilә. Ah, daha Edvard ona heç vaxt iztirab vermәz, heç vaxt onu atmaz.
Atәşini söndürәndәn sonra Edvardın özündәn bәdgüman şәxsiyyәti başqa qәlәbәlәrә can atdı, bu tәhlükәdәn tez uzaqlaşmaq, qorxusu olmayan başqa güllәr qoxumaq, başqaları ilә әlaqә yaratmaq fikrinә düşdü. Hәr halda, daha bir qızı… Daha bir tәcrübә apardı. Tәslim olmamışdan qabaq İdanın sifәtindәki sehrli ifadә Edvardın yadına düşdü. Edvard hәmin ifadәni anlamamışdı. Başa düşә bilmәmişdi. Heç bu haqda düşünmәk belә istәmәmişdi… Olan olmuşdu. Heç bir vicdan әzabı çәkmәdәn, qorxu hissi keçirmәdәn o, izdivacla nәticәlәnә bilәcәk bu qalmaqallı mәsәlәyә son qoymaq, hadisәlәr düyünə düşmәmiş aradan çıxmaq qәrarına gəldi. Yaxasını әlә verә bilmәzdi.
İyul, avqust aylarının şirin vә mülayim saatlarından sonra, nәhayәt, dәhşәtli sarsıntılar vә şikayәtlәr başlandı. İda bәdәnindә nәsә baş verdiyini duyurdu. O, qәribә hal keçirirdi, dilli-dilavәr olmuşdu. Son günlər isә canındakı uçunmalar ürәyinә qorxu salırdı. Bәlkә nәsә olmuşdu? Edvard düşünürdümü ki, bütün bunların axırı dәhşәtli ola bilәr? Oğlanın tapşırdığı hәr şeyi İda yerinә yetirmişdi. Oh, əgər dәrman tәsir göstәrmәsәydi, nә olacaqdı? Sonra İda nә edәcәkdi? Canını hara qoyacaqdı? Edvard omunla evlәnәcәkdimi? O evlәnmәlidir, mütlәq evlәnmәlidir. Başqa yolu yoxdur. İdanın zәhmli, әzazil atası! Qızın öz daxili çırpıntıları! O, daha bu evdә yaşaya bilmәz. Bilmәz! Məgər onlar, məgər onlar evlәnә bilmәzdilәr?! İndi ki, hәr şey sәhv imiş! Edvard, söz vermişdi ki, bir şey baş versә, onlar evlәnәrlәr, elә deyilmi?
Hauptvencer mәsәlәdәn hali olan kimi bәrk әsәbilәşdi. İzdivac! Yox bir! Heç vaxt! Bәs atası? Bәs özünün tamamilә sәrbәst, azad hәyatı? Onun gәlәcәyi! Bir dә, axı İda hardan bilib? O, belә şeylәri hardan bilir? Tutaq ki hamilәdir. Başqa qızlar heç bir çәtinlik çәkmәdәn yaxalarını artıq yükdәn qurtarırlar. İda göydәn düşmәyib ki? Məgər Edvard bildiyi bütün tibbi ehtiyatkarlığı qabaqcadan görməmişdi? İda hәr şeydәn qorxandır, dünyadan xәbәri yoxdur, heç nәdәn başı çıxmır. Qızlar belә çәtinlikdәn çox yüngülcə azad olurlar; Edvard o qәdәr belә şeylәrin şahidi olmuşdu ki! Yenә dә bir-iki vacib, karlı dәrman üçün baxmaq lazımdı.
Әvvәllәr heç vaxt müşahidә etmәdiyi uçunmalar başlanandan sonra İda başa düşdü ki, qorxulu cinsi әlaqәlәrә son qoymaq lazımdır; ona elә gəlirdi ki, Edvardı özünә yaxın buraxmamaqla onun cavabdehliyini bir daha yadına salmış olar. Ancaq… Edvard ayağını tamamilә kәsdi. Başqa qızlar qәhәt deyildi ki? Dünya qızla doluydu. Məgər lap bu günlərdә o, kef çәkmәyin azad vә şirin yollarına yaxşıca bәlәd olan, heç vaxt özü ilә lәnәtә gəlmiş yük gəzdirmәk fikrindә olmayan bir qızla tanış olmamışdı?
Ancaq Zobel kimi qәddar atası ilә, oğlunun paklığına әmin olan öz anası ilә üz-göz ola bilmәk ehtimalı işlәrin çox da yaxşı olmamasından xәbәr verirdi. Demәli, bacardıqca tez, mәharәtlә bu qorxulu vәziyyәtdәn çıxmağa çalışmaq lazımdı. Ancaq aradan çıxmazdan qabaq, küçә tinlәrindә vә gәmi-klubda yığışan dostlarından hamilәliyi mәhv etmәk üçün dәrman tapmaq da vacibdi. Öz-özlüyündә aydındı ki, onun üçün әyləncә vә şirin sәrgüzәşt olan bu әlaqә İda üçün pis nəticə vermişdi.
Küçә ilә keçәrkәn qız Edvardla cürbәcür işarәlәrlə danışırdı: gah başını yellәyir, gah dirsәyilә ona toxunurdu. Qalmaqaldan qorxan İda bu günlər evdәn bayıra çıxmır, çıxanda da valideynlәri görməsinlәr deyә, özünü Uorren avenyudan Hai küçәsinә salırdı. Sümüklәri sızıldayır, bәdәni zәiflәyirdi. Daxili sarsıntılardan simasına qorxu kölgəsi hopmuş İda atasının barmağını silkәlәyә-silkәlәyә, ümumiyyәtlә, gәlәcәk üçün gəldiyi hәdә-qorxunu daha tez-tez xatırlayırdı: «Od olmasa, tüstü çıxmaz…» Ah, nә etmәli? Necə etmәli? Belә başgicәllәndirәn burulğanda heç nә etmәmәk, yalnız gözlәmәk, gözlәmәk lazımdı. Gözlәmәk isә dәhşәtli, mәşәqqәtli sarsıntılar demәkdi. Bütün bunlarla bәrabәr dükanda, evdә mәşәqqәtli iş, sevgilisini görmək üçün can atması İdanı әldәn salırdı; qızın bütün cidd-cәhdlәrinә baxmayaraq, Edvardı görmək günü-gündәn çәtinlәşirdi.
– Sәn mәnim halımı başa düşmәlisәn, başa düşmәlisәn, başa düşmәlisәn, әzizim. Mәn belә… gəzә bilmərәm, sәn bunu görmürsәn? Demişdin ki, mәni alacaqsan, elә deyil? Gör nә qәdәr vaxt keçib? Oh, mәn daha dәli olmuşam. Sәn nә isә etmәlisәn. Etmәlisәn! Etmәlisәn! Əgər atam başa düşsә, mәn nә edәrәm? Nә? Mәnim başıma bilirsәn nә oyun gətirәr? Elә sәninkinә dә! Görmürsәn necә vәziyyәtdәyәm? Görmürsәn?
Ancaq mәhәbbәt xәstәsi zavallı İdanın yalvarışları müqabilindә Hauptvencerin sakit laqeydliyi vә qәddarlığı dayanmışdı. Qoy İda cәhәnnәm olsun! O evlәnmәyәcәk! Evlәnә bilmәyәcәk. O özünü tәsadüfi tәhlükәdәn qorumalıdır. Belәliklә qәrara alındı: qәtiyyәn qızla rastlaşmamaq, onunla kәlmә kәsmәmәk, hәr şeyә hәmişәlik son qoymaq…
Gənc, tәcrübәsiz, hәlә dә Edvarda inanan İda isә bunları ağlına sığışdıra bilmirdi. Belә ola bilmәzdi. Әvvәllәr İda heç bu haqda düşünmürdü dә. Lakin Edvardın laqeydliyi hәr şeyin qurtardığını bir daha tәsdiq etdi. Görüşә gәlmәmәk, sonra üzrxahlıq etmәk. Bir gün ağrı vә hәyәcan qızın varlığına hakim kәsilәndә o, Edvardı tapdısa da, oğlan tәrәddüd etmәdәn hәyasızcasına dedi:
– Hm, mәn sәninlә evlәnәcәyimә söz vermәmişәm, bilirsәn ki, vermәmişәm. Bir dә, mәnim heç o qәdәr tәqsirim dә yoxdur. Günah özündәdir. Özün bilmәlisәn ki, nә etmәk lazımdır, məgər ona görə mәn sәninlә evlәnmәliyәm?
Birinci dәfәydi ki, onun gözlәri belә amansız idilәr. Bu ana kimi mәhәbbәtә kor-koranә inanan qızın hәslәyib çәkilmәsi üçün zәrbә kifayәt oldu. Nә üçün? Bu, necә ola bilәr? Buradakı dәhşәt. Qәzanın başlanması. Tamam karıxmış İda dedi:
– Ancaq, Ed! Ed! Sәn nә danışırsan? Nә üçün, bu, düz deyil. Bilirsәn ki, düz deyil! Sәn mәnә söz vermişdin! And içmişdin! Bilirsәn ki, mәn heç vaxt belә etmәk istәmirdim, sәn mәni mәcbur elәdin, sәn! Nә üçün… Oh, indi mәn nə edәcәyәm? Mәnim atam! Heç bilmirәm o mәnim başıma nә oyun açacaq, elә sәninkinә dә! Ah, әzizim! Әzizim!
Bütün bunlar azmış kimi, keçirdiyi fiziki vә mәnәvi sarsıntıdan qızın gәrilmiş barmaqları bir-birini sıxır, bәdәni әsir, titrәyirdi.
Hәmişәkindәn artıq özündәn çıxmış Hauptvencer qızı birdәfәlik başından elәmәk üçün qışqırdı:
– Kәs sәsini! Özün dә bilirsәn ki, mәn heç vaxt sәninlә evlәnәcәyimi demәmişәm! Demәmişәm!
O, dabanı üstә çevrilәrәk, İda gәlmәmişdәn qabaq küncdә laqqırtı vurduğu dostlarının yanına qayıtdı. Öz bәdnam fikrini müdafiә edirmiş kimi әlavә elәdi:
– Uf, bu qadınlar! Lap hәdlәrini aşıblar.
Dili belә desә dә, ürәyini qızın dumanlı baxışlarından qopan dәhşәtli qorxu bürüyürdü. Ancaq başının adamlarından biri, küçә tinlәrinin başqa bir aspirantı, çoxlu qız ürәyi fәth elәmiş Conni Martin dillәnәndә Edvardın ürәyi yerinә gəldi:
– Onu dünәn gecә dә sәni burada axtaran gördüm, Ed. Ehtiyatlı ol. Yaxın zamanlarda bu yubkalardan biri sәnin başına oyun açmasa yaxşıdır.
O, gümüş siqaret qabından sakitcә bir siqaret götürәrәk, yerindәcә quruyub qalmış İdaya tәrәf baxmadan әlavә etdi:
– Doğrudan belәdir? Hә-ә, o-la bi-lәr…
Edvard hәddindәn artıq әzabdan sonra atılmış, indi mәzlumca dayanan, getmәyә taqәti olmayan İdaya yuxarıdan-aşağı nәzәr salaraq dillәndi:
– Ax, bu almanlar! Görəsәn, hansı cayıllasa oturub-durub, indi qarnının şişdiyini görəndә mәnim yaxama әl atmaq, mәni günahlandırmaq istәyir. Ay-hay!
Sonra, iki başqa qızın onları haradasa gözlәdiyini eşidәn kimi hündürdәn sәslәndi:
– Salam, Skeyt! Hәr şey hazırdır? Yaxşı, yaxşı. Onda, indidәn tәrpәnmәyimiz yaxşıdır… Hәlәlik, uşaqlar.
Edvard cәld addımlarla uzaqlaşdı.
Yaralanmış vә ağlını itirmiş İda isә artıq yarımçılpaq olan sentyabr ağaclarının altında tәk qaldı. Sonra qalmaqallı küçә, avtomobillәrin radioları, fit sәslәri, ardı-arası kәsilmәyәn laqqırtılar, piyadaların tappıltısı, rənglәrin vә sәslәrin fonunda parıldayan axşam lampaları. Soyuqmu idi? Yoxsa tәkcә İda soyuqdan әsirdi? Edvard onu almayacaq. O, heç vaxt evlәnәcәyini vәd etmәyib. İndi necә vәd edә bilәrdi? İdanın atası nә ölçü götürәcәk – qızın görünüşü dәyişәcәk axı!
Hәrәkәtsiz dayanan İdanın nәzәrlәrindә Kral Parkındakı bütün cığırlar vә skamyalar bütöv bir panoram kimi qırmızıya çaldı – parkdakı gölün ora-burasında yırğalanan balaca qayıqlar – yay vaxtı axşamlar ağacların әtirli yarpaqları altında nazlanan hәr qayıqda bir qız, bir oğlan; bir qız, bir oğlan; bir qız, bir oğlan… Ağır yükdәn zindana dönmüş, bir yerdә yırğalanan bәdәnlәr, ehtirasdan dumanlanmış iki baş, çırpınan iki ürәk, tәngnәfәslik… Saysız-hesabsız öpüşlәr vә vәdlәrdәn sonra İdanın arzularına yalan sәpilmişdi, Edvardın sözlәrinә etibar etdiyi mәhәbbәtinә yalan çilәnmişdi, öpüşlәrә, misilsiz sәadәtlә dolu saatlara, günlərә, aylara yalan çilәnmişdi – İdanın inamı vә ümidlәri yalana bәlәnmişdi. İndi ölüm daha yaxşıdır, ölüm, ölüm…
Sonra yavaş-yavaş, yerindә saya-saya öz otağına qayıdaraq, atasının vә ögey anasının evdә olmamasından istifadә edib düşüncәlәrә qәrq oldu. Titrәtmә ilә gələn qızdırması yaxınlaşan mәşәqqәtli ağrılardan xәbәr verirdi. Birdәn onun qәlbi ömründә ilk dәfә kәskin inciklik hissi ilә doldu. Qәddarlıq! Qәddarlıq! Yalan! Edvard qıza tәkcә yalan satmamışdı, hәm dә әzab, işgəncә vermişdi. O! Cәmi beş ay qabaq öz gözlәri vә mәnalı tәbәssümü ilә İdanı axtaran Edvard! Yalançı! Heyvan! Vәhşi heyvan! Yırtıcı heyvan! Bu sözlәri ürәyindә vә dilindә tәkrar edә-edә İda hәrdәn onlara inanmamağa çalışırdı – bir aydan sonra Edvard qayıdar, iki-üç ay sonra qayıdar, onun baxışlarında elә ifadә olar ki, qızın bütün bu fikirlәri bir anda yox olar. Oh, Ed! Ed!
Gecəlәri belәcә başa vurur, dan yeri belәcә ağarırdı. Sonra uzun sürәn, qurtarmaq bilmәyәn mәşәqqәtli gün başlayırdı. Bundan sonra başqa günlər! Dәrdini demәyә dә bir kimsә yox idi. Əgər İda hәr şeyi öz analığına danışa bilsәydi… Bütün başqa günləri vә gecəlәri dә İda tәnhalıqda keçirdi. Alov saçan, ümidsiz, baş gicәllәndirәn, dağınıq fikirlәr axınında üzmәsi onu min cür şeytan işlәrinә әl atmağa sövq edirdi. Bayıra çıxanda ürәyi az qala partlamaq dәrәcәsinә çatırdı. Tinlәrdә dayanıb laqqırtı vuran hәrzә cavanlar, İdanın tanıdığı qızlar, onların düşündüklәri… Onlar tezliklә hәr şeyi bilәcәkdilәr. İdanın mәhәbbәtsiz tәnhalığı. Gözünün qarşısında yüzlәrlә fantastik ölüm rәqsi oynaşırdı.
Edvarddan eşitdiyi bütün sözlәrin ağ yalan olduğuna qәti әminlikdәn sonra da İda, onu tәzәdәn yola gətirmәyin mümkün olduğuna inanmaq istәyirdi… Oh, İdanın әziz sevgilisi. Yox, nә isә baş vermәli, Edvard sәhvini anlamalıdır. Ancaq İda çox yaxşı başa düşürdü ki, әvvәlki halına qayıtmaq üçün Edvardın heç bir sәbәbi vә ehtiyacı yoxdur. İda gözdәn iraq künc- bucaqda, Edvardın atasının kömür mәdәninә gedәn küçәnin qurtaracağında, oğlangilin mәhәllәsindә öz mәktublarına cavab gözlәyә-gözlәyә qalmışdı – sakitcә, bir bucaqdaca, әzab çәkә-çәkә, bәzәn isә tәhqir oluna-oluna gözlәyirdi.
– Nә olub məgər? Dabanbasma ardımca nә sürünürsәn? Elә bilirsәn, sәnә qulaq asmaqdan savayı dәrdim yoxdur? Yaxşı, sәnә demәmişәm ki, evlәnә bilmәyәcәyәm, demәmişәm? İndi görürsәn ki, uşağa qalmısan, mәni cavabdeh elәmәk istәyirsәn? Bu әtrafda mәn yeganә oğlan deyilәm ki. Özü dә, bunu hamı bilir.
Edvard son sözlәrini deyәrkәn qızın üzündә heç vaxt sezmәdiyi hökm vә qәtiyyәt görüb sәsini kәsdi. Vәziyyәtin çıxılmazlığı vә dәhşәti İdanı elә çuğlamışdı ki, hәtta Edvard da bunu görə bildi. Qızın sifәti kağız kimi ağardı. Gözlәrindә qığılcım saçan atәş görünürdü:
– Bu yalandır, sәn özün dә bilirsәn! Bu, düz deyil! Oh, necә dәhşәt! Belә sözü demәyi necә rәva bildin? İndi hәr şey mәnә aydın oldu. Sәn ilansan, yırtıcı heyvansan! Demәli, bütün bu vaxtı mәni axmaq yerinә qoymuşdun, hә? Heç vaxt mәnimlә evlәnmәk istәmәmisәn, indi başqa yolla yaxanı kәnara çәkmәk üçün böhtan da atırsan – başqası ilә әlaqәdә günahlandırmaq istәyirsәn. Sәn heyvansan! Adam cildinә girmiş heyvan! Heç olmazsa, dediyin sözlәri, verdiyin vәdlәri xatırla. Əgər ömrüm boyu bir başqası haqqında fikirlәşmişәmsә… Sәn özün bunu yaxşıca bilә-bilә, mәnә elә sözlәr deyirsәn.
Qızın sifәti yenә dә ağappaq idi. Hәlә onun әllәri! İdanın gözlәri qeyri-adi parıltı saçırdı, bu parıltıda ümidsizlik vә mәğlubiyyәt ifadәsi vardı. Ancaq, yenә dә, qәzәbinә baxmayaraq, bütün bu ifadәnin mәrkəzindә mәhәbbәt dayanmışdı – güclü, hәqiqi, atәşli mәhәbbәt, onun özәyi. Hәddindәn artıq işgəncә verilmiş qızın göz yaşları yumru yanaqlarıyla aşağı yuvarlanırdı.
Әsl mәhәbbәtin İdanın qәlbindә kök saldığına inansa da, Edvard qızın sözlәrinә diqqәtlә qulaq asır, öz etirazını bildirmәk üçün sәbәb olacaq kәlmә axtarırdı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
Всего 10 форматов