Читать книгу Ədəbiyyatsız dünya ( Коллектив авторов) онлайн бесплатно на Bookz (5-ая страница книги)
bannerbanner
Ədəbiyyatsız dünya
Ədəbiyyatsız dünya
Оценить:
Ədəbiyyatsız dünya

3

Полная версия:

Ədəbiyyatsız dünya

Buna görə də başqalarının qərarsız qaldığı, gördüklərinə inanmadığı, dostların və ya qrupun şahidliyinə, yaxud dəstəyinə ehtiyac duyub çaş-baş qaldığı vaxtlarda, o qabağa çıxıb özünəinamla ilk reaksiyanı verirdi. Düşündüyünü açıq-aydın ifadə etmək imtiyazının ancaq cəsurlara buraxıldığı bir ölkədə Aziz Nesin çox az yazıçıya nəsib olan cəsarətin ləzzətini alırdı.

Özü susanda, başqalarının da susduğunu, ya da səsinin eşidilmədiyini anlayır, cəsarətinin başqalarında haqlı və faydalı bir utanc hissi yaratdığını görürdü. Düşünməklə cəsarətin yavaş-yavaş bir-birinə qarışdırıldığı ölkədə düşüncədən qabaq cəsarəti hərəkətə keçirmək lazım olduğunu anlayır və başqaları deyəndə vecə alınmayan xeyli məsələnin o dillənəndə bu və ya digər şəkildə aktivləşdiyini bilirdi. Xeyli ictimai problemin sövqi-təbii təslimçiliklə dövlət tərəfindən həll olunmasını gözləmək kimi, intellektual və siyasi həyatla əlaqədar bütün problemlərin də oxşar şəkildə, elə bil, etibarnamə ilə özükimilərə, bəzən isə təkcə öz boynuna düşdüyünü hiss edirdi. Qısa hekayələrində cəsur yazıçıya daha çox cəsarət təklif edən, ondan daha da irəli getməsini istəyən, onu ölçüsüzcəsinə tərifləyən, amma özü nə ət, nə balıq olan, səsini heç vaxt çıxarmayan vətəndaş tiplərindən xeyli bəhs edib.

Mən də çoxları kimi, onun açıqsözlülüyünün və yaradıcı dəlisovluğunun doğurduğu cəsarət, şərəf məsələləriylə bəzən həyəcanlı şəkildə maraqlansam da, məni ona bağlayan əsas şeyin, bəzən xəstəlik dərəcəsinə çatan marağımın kökündə, onun yazıçılığı, yazıçılıq intizamı durur. Hər şeyi yazmaq istəyi! Arxada böyük bir əsər qoymaq ehtirası! Hamının bildiyi, amma bildiyini bilmədiyi həqiqətləri parlaq şəkildə, bir cəhddə deyə bilmək xəyalı… Bütün bunları kitablara, kitab rəflərinə daşımaq zövqü…

Həmişə xəyal etmişəm ki, Aziz Nesinin və onun necə işlədiyini öyrənməkdən zövq aldığım gündəlik məişət vərdişlərinin – gizlətməyin, yığmağın, dosyeləşdirməyin, bir gün karıma gələr deyə qırağa qoymağın, yazıya optimist və faydaçı rakursdan yanaşmağın arxasında bu istəklər durur. O bütün bunları səbrlə, çalışqanlıqla, həvəs və ləzzətlə edərkən, ortalığa modern türk ədəbiyyatında tayı-bərabəri olmayacaq qədər geniş, əhatəli, zəngin və oxunması ləzzət verən əsərlər qoydu. Həmişə qəzəbli və həmişə gülümsəyən əsərlər.

ALBER KAMÜ HAQQINDA

Əlbəttə ki, yazıçılara əvvəlcə yazdığı kitablara görə heyran oluruq. İllər keçdikcə, o kitabları ilk dəfə oxuduğumuz dövrlə, günlə bağlı xatirələrimiz və kitabın bizdə yaratdığı, əvvəlcə fərqinə varmaq istəmədiyimiz həsrət və başqa duyğular, həmin kitabı ilk dəfə oxuyanda içimizdə yaranan heyranlıqla birləşir. Artıq həmin yazıçıya təkcə bizə dünyanın içimizə sirayət edən bir rəsmini təklif etdiyi üçün yox, həm də həyatımızın və ruhi inkişafımızın bir parçası olduğu üçün bağlılıq hiss edirik. Mənim üçün Kamü, Dostoyevski kimi, Borxes kimi, bu cür təməl yazıçılardandır. Bu iki yazıçı kimi, Kamü də fəlsəfi, metafizik meyli ilə gənc oxuculara sarsıdıcı şəkildə hiss etdirir ki, dünya da, həyat da mənalandırılmağı gözləyən cazibadər şeylərdir və bu mənalandırmaq işini yerinə yetirmək istəyən ədəbiyyatın – həyat kimi – sərhədsiz imkanları var. Gənc vaxtı bu yazıçıları optimistliklə oxusanız, siz də onlar kimi yazıçı olmaq istəyərsiniz.

Kamünun az qala bütün kitablarını Dostoyevski və Borxesin əsərlərindən əvvəl, 18 yaşımda ikən, atamın təsiri ilə oxumuşam. İnşaat mühəndisi atam, 1950-ci illərdə Gallimard tərəfindən bir-bir çap olunan Kamünün son dönəm kitablarını Parisdən alır, ya da İstanbula gətizdirir və diqqətlə oxuduqdan sonra onlar haqqında arabir danışmaqdan zövq alırdı. Bu gün düşünürəm ki, atama təsir edən şey, başa düşəcəyim dildə arada mənə də izah etməyə çalışdığı “absurd fəlsəfə”sindən çox, bu fəlsəfənin Qərbin böyük şəhərlərindən, onların dramatik memarlığından və evlərin içindən yox, bizimkinə bənzəyən kənarda qalmış, yarı-yoxsul, yarı-modern, yarı-müsəlman, yarı-sekulyar bir dünyadan bizə səslənməsidir. “Yad”ın, “Vəba”nın – bu kitablardakı bəzi hekayələrin baş verdiyi coğrafiyada Kamünün uşaqlığını, cavanlığını keçirməsi, nə tam qərbli, nə də tam şərqli küçələrdən, bağçalardan, günəşdən sevgiylə və təvazökarlıqla bəhs etməsi özümüzü onunla eyniləşdirməyimizi asanlaşdırırdı. Kamünün möcüzəvi ədəbi uğurunu çox cavan yaşda əldə etməsi də, yaraşığını itirmədən qəzetlərin “absurd” adlandırdığı bir avtomobil qəzasında cavan yaşda dünyadan köçməsi də atamı sarsıtmışdı.

Kamüdən danışanda təkcə atamın yox, bütün dünyanın bəhs etdiyi “cavanlıq” işığı, əlbəttə ki, yazıçının istedadı və yaşı ilə bağlı idi. Amma onu əsərlərini ilk oxuyuşumdan illər sonra, indi bu cavanlıq sözünün bir başqa mənası olduğunu da hiss edirəm. Elə bil ki, Kamünün yazdığı illərdə Avropa hələ cavan bir yer idi, orda hər şey ola bilərdi. Cavanlıq dönəmini yaşayan mədəniyyətlərdə olduğu kimi, sanki o zamanlar Avropada şeylərin mahiyyəti ilə görüntüsü arasında elə də uzaqlıq yox idi. Belə ki, fəlsəfə təhsili almış parlaq bir yazıçı qəzəbli bir missionerdən, bir rəssamın şöhrətlə münasibətlərindən, topal bir adamın velosipedə minməsindən, ya da sevgilisi ilə çimərliyə gedən bir kişinin həssaslılığından bəhs edərkən, gözlənilməz şəkildə, fərqinə varırıq ki, əslində o, həyatın mənası və dünyanın necə bir yer olmağı barəsində çox inandırıcı şəkildə danışır. Kamününun ən parlaq cəhəti gündəlik həyatın adi və ikinci dərəcəli görünən detallarını, eynilə bir kimyagər kimi zərifliklə fəlsəfəyə çevirə bilməsidir. Bunun arxasında, əlbəttə ki, Didrodan Uelbekə uzanıb gələn fransız fəlsəfi roman ənənəsi var. Kamünün orjinallığı onda idi ki, o, müdrik və avtoritar müəllif səsini, ya da mizaha söykənən fransız fəlsəfi roman ənənəsini Heminqueyvari qısa cümləli, realist təhkiyə ilə asanlıqla sintez etmişdi. Edqar Podan Borxesə qədər bütün fəlsəfi qısa hekayə ənənəsinin davamı kimi görə biləcəyimiz bu hekayələr, arabir təsvir etməkdən, atmosfer yaratmaqdan zövq alan bir romançının müşahidələri ilə rənglənir, canlanır.

Burada diqqət çəkən məqam Kamünün yazdıqları ilə uzaqlığı, pıçıltı ilə danışmasıdır. Oxucunu müəlliflə yazdığı şey arasındakı bir məkanda buraxan, onu hekayənin içinə çəkməyən bu qərarsızlığın yəqin ki, Kamünün həyatının son illərində qarşılaşdığı yorucu, dözülməz problemlərlə əlaqəsi var. Hamının bəhs etdiyini gəncliyi itirdiyini, “Səssiz adamlar” adlı hekayəsinin əvvəlində göründüyü kimi, Kamü də bilirdi. “Rəssam işləyərkən” adlı hekayə Kamünun həyatının sonlarında həddindən artıq ləzzət aldığı və özünə hədsiz yük olan sənətçi şöhrəti haqqındadır. Amma əsas dözülməz, qəliz problem, əlbəttə ki, Əlcəzair müharibəsi ilə bağlı idi. Əlcəzairli bir fransız olan Kamü bu torpaqlara olan sevgisi ilə Fransaya olan bağlılığı arasında ilişib qalmışdı. Bir yandan antikolonial qəzəbi, üsyanı, şiddəti başa düşür, digər tərəfdən də fransız dostları müstəqillik tərəfdarı ərəblərin, ya da fransız mətbuatına görə, “terroristlərin” bombaları ilə öldürüləndə, Sartr kimi, Fransız dövlətinə qarşı sərt mövqe göstərə bilmir, səssiz qalırdı. Sartr köhnə dostunun ölümündən sonra yazdığı son dərəcə anlayışlı, həssas yazıda Kamünün sükutunda ifadəsini tapan dərin şeyi və təmkini oxucuya hiss etdirmişdi.

Həyatının axırlarında fransız kolonializmi ilə fransız dostlarının sevgisi arasında sıxılıb qalan və bir seçim etməli olan Kamü, öz ruhi vəziyyətini “Misafir” adlı hekayədə yaradıcı şəkildə ifadə edib. Bu mükəmməl siyasi hekayə, siyasəti bizim həvəslə seçdiyimiz bir şey kimi yox, başımıza gələn və qəbul etmək məcburiyyətində qaldığımız bəxtsiz bir qəza kimi göstərir.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Вы ознакомились с фрагментом книги.

Для бесплатного чтения открыта только часть текста.

Приобретайте полный текст книги у нашего партнера:


Полная версия книги

Всего 10 форматов

1...345
bannerbanner