скачать книгу бесплатно
Gənc qadın gözlərini bir anlıq açıb-yumaraq inildədi. Nəsə deyəsi halı yox idi.
– Niyə belə elədin? – zarıltılı səslə təkrar etdi.
– Hələ sağdır, təcili yardım çağırmışıq, – adamlardan biri ona xitabən səsləndi.
Eyvaz başını döndərib həmin kişiyə key nəzərlərlə baxsa da, dillənmədi…
İkinci fəsil
ƏSMƏR VƏ EYVAZ
Səkkiz il əvvəl gəncliyinin ilk illərini yaşayan Əsmər universitetin birinci kursunda oxuyurdu. Qönçə ilə birlikdə Biləcəri qəsəbəsindəki kirayə həyət evində qalırdılar. Tale deyilən şey Bakıya ölkənin ayrı-ayrı uzaq guşələrindən gəlmiş bu iki qızı həmin kiçik evdə birləşdirib yaxın etmişdi. Əsmər tələbəliyin ilk günlərində şəhərdəki hündür yaşayış binalarının birində, uzaq qohumları olan bir ailədə qonaq kimi qalırdı. Uşaqlı ailənin içində olmaq onu çox sıxırdı. Səs-küy, tünlük, ailə ilə onun gün rejimlərindəki fərqlər… Bu səbəblərdən Qönçə deyəndə ki, atasının dostu Biləcəridəki həyət evini ucuz qiymətə kirayəyə verir, bu qızı yaxından tanımamasına rəğmən onunla ev yoldaşı olmağa razılaşdı.
Və sonradan bu qərarına peşman olmadı. Xarakterləri xeyli dərəcədə fərqli olsa da, yoldaşlıqları baş tutmuşdu. Bu da Qönçənin həyat eşqi ilə dolu, şən, zarafatcıl, istiqanlı biri olmasından qaynaqlanırdı. Birinci kursda hələ bir az sakit idi zalım balası, ikiyə keçəndən sonra birdən-birə xeyli açılışdı. Universitetdə tənəffüs zamanı səsi auditoriyanı və dəhlizləri başına götürürdü. Hamını bir-bir söhbətə tutur, hamı ilə zarafatlaşırdı.
Qruplarındakı iyirmi beş tələbədən iyirmi üçü qız idi və Qönçə bu qızlar arasında öz fəallığı, liderlik qabiliyyəti ilə seçilirdi. Qrupda ən çox Lamiyə ilə tuturdu onunku. Qönçə bir qədər əsmər, Lamiyə ağmaya olsa da, bu iki qız qrupun ən gözəl qızları sayılırdılar. Azərbaycan tarixindən seminar aparan Tofiq müəllim onlara “bir cüt çiçək” adı qoymuşdu.
Universitetlərin bütün qruplarında olduğu kimi Əsmərgilin qrupunda da ikinci kursdan başlayaraq ümumi birlik pozuldu, düşüncə tərzinə görə bir-birilərinə uyğun gələnlər birləşib kiçik qruplaşmalar yaratdılar. Hər kiçik qrupun lideri də məlum idi, bilinirdi ki, qızlar burada kimin başına toplaşıblar. Əsmər, Lamiyə, Qönçə, Fərihə və Əfsanədən ibarət qrupun lideri Qönçə idi. Əslində, heç bir qrupa qoşulmaq istəməyib təkliyə meyil edən Əsmərin düşüncə tərzi bu qızlarla uyğun gəlmirdi və yalnız Qönçə ilə ev yoldaşı olduğu üçün onların arasında idi.
Həmin dörd qızın heç biri dərs oxuyan deyildi. Qrupdakı digər qızlar kimi dərsə universiteti bitirib diplom almaq xatirinə gəlirdilər. Əsmər isə diqqət və zamanını bilik qazanmağa vermişdi. Qrupda iki əlaçıdan biri idi. Bir o idi, bir də qrup nümayəndəsi Nəzrin. Əslində, dekan müavini ilə “dostluq” edən Nəzrin saxta əlaçı idi, qiymətləri güzəştlə yazılırdı. Bu nəzərə alınarsa, sinifdə fikrini-diqqətini yalnız dərsə verən yeganə tələbə Əsmər idi.
Onların beş nəfərlik dəstəsinə digər yoldaşları “Gözəllər dəstəsi” adı qoymuşdu. Qönçə ilə Lamiyə məlum məsələdir ki, təkcə qrupda yox, bütün fakültədə ən gözəl qızlar idilər. Əfsanə də normal idi, kosmetikadan gen-bol istifadə edib özünə bəzək-düzək verməklə gözəllər cərgəsinə girmişdi. Suyuşirin bir qız olan Fərihə isə boyu dəstədəki digər qızlarla müqayisədə bir qədər qısa olsa da, cəzbedici fiqurası vardı. Məlum məsələdir ki, özü gözəl olan bir qız kifir biri ilə rəfiqə olmaq istəyər, ancaq azacıq ağlı olan kifir qız heç vaxt gözəl rəfiqəsinin olmasını istəməz. Çünki gözəl rəfiqənin yanında onun kifirliyi daha çox nəzərə çarpacaq. Qönçə və Lamiyə kimi qızların dəstəsinə qoşulan qız kifir ola bilməzdi. Bəli, Əsmər də özünü kifir saymırdı. Yüz yetmiş üç boyu, qumral dərili cazibədar üzü, qızların qibtə hissi ilə təriflədikləri iri ala gözləri, doğuşdan hamar olan uzun qara saçları vardı. Bəlkə, bir az qədərindən artıq arıq idi, amma bunu da dərd etməyə dəyməzdi, çünki bu dövrdə arıqlamaq istəyən qızların sayı kökəlmək istəyənlərdən dəfələrlə çox idi.
Əsmərin arzuları vardı: Bakalavr pilləsini əla qiymətlərlə bitirib təhsilini magistraturada davam etdirmək və Bakıda qalıb ali məktəblərin birində müəllim işləmək. İstəyirdi ki, məqamı yetişəndə özü kimi, hətta özündən daha bilikli, bacarıqlı birini sevə bilsin, onunla ailə qursun. Bakının mərkəzi hissələrində mənzilləri, özünün minik avtomobili olsun. Mənzili öz zövqünə görə bəzəsin. Amerika Birləşmiş Ştatlarına səyahət etməyi çox arzu edirdi. Buna görə ingilis dilini birinci kursdan xüsusi səylə öyrənməyə başlamışdı. Hətta arzu edirdi ki, imkan olsa, həyat yoldaşı ilə köçüb Amerikaya getsin. Orada üç-dörd il öz həyatlarını yaşayandan sonra uşaqları olsun. Kiçik ailə birlikdə televizora baxanda, gəzintiyə gedəndə, nahar üçün masa arxasına toplaşanda bir-biriləri ilə lap o filmlərdə, seriallarda gördüyü kimi yüksək səviyyədə mədəni rəftar etsinlər. Hərdən bir aylığa vətənə gəlib burada ata-anası ilə xoş zaman keçirsinlər. Bir az rayondakı kəndlərində, bir az da Bakıdakı evlərində…
Hansısa bir oğlanla sevib-sevilmək, ailə qurmaq, əslində, planının sonrakı bölmələrinə aid idi. Hazırda bu barədə düşünmürdü. Oğlanlarla işi yox idi. Atasının, “Səni oraya dərs oxumaq üçün göndərirəm, başqa axmaq işlər üçün yox!” – sözlərini unutmamışdı. Valideynlərinin nəsihət və tələbləri bir yana dursun, Əsmərin öz içində əks cinsə qarşı laqeydlik vardı. Hansısa oğlan ona mənalı baxışlarla göz yetirəndə Qönçədən, Lamiyədən, Əfsanədən, Fərihədən fərqli olaraq heç də həzz almır, əksinə, özünü cinsi təcavüzə uğramış kimi hiss edib hiddətlənirdi.
Qönçə ilə birlikdə universitetə marşrut avtobusla gedib-gəlirdilər. Burada tez-tez rastlaşdığı bir oğlan ona xüsusi göz qoymağa başlamışdı. Bu avtobus hələ də kart sisteminə keçməmişdi, sərnişinlər sürücüyə nağd ödəniş edirdilər. Təbii ki, Əsmərlə Qönçənin hər biri öz gediş haqlarını ayrılıqda ödəyirdilər. Bir dəfə Əsmər pulunu vermək üçün sürücüyə yaxınlaşanda bütün yol boyu gözlərini ondan çəkməyən oğlan tələsik qabağa keçib onun da pulunu ödəyibdi və: “Mən verdim, düşün” – dedi. Əsmər onun bu hərəkətindən necə əsəbləşdisə, sürücünün qarşısından həmin pulu götürüb oğlanın arxasınca səkiyə tulladı və sonra özü gediş haqqını ödəyərək yerə endi. Onun bu sərt təpkisi oğlan üçün gözlənilməz olmuşdu. Deməyə söz tapmayıb pərt halda uzaqlaşdı. Onda Qönçə Əsməri o ki var, danladı: “Sən necə qızsan, anlaya bilmirəm, – dedi, – sənin üçün otuz qəpik ödəyəndə dünya dağılardı?” Əsmər rəfiqəsi ilə razılaşmayıb onu başa salmağa çalışdı ki, dünya dağılmazdı, amma bu jesti qəbul etsə, oğlan bundan sonra ondan əl çəkməyəcəkdi.
Fakültədə ondan iki kurs yuxarı oxuyan Ömərə isə münasibəti bir az fərqli oldu. Onda Əsmər ikinci, oğlan isə dördüncü kursda oxuyurdular. Ömər gözəgəlimli, dilli-dilavər, kompleksdən uzaq biri idi. Əvvəl tənəffüslərdə onu axtarıb taparaq ətrafında hərlənir, imkan tapdıqca hər bir qıza həzz verə biləcək komplimentlər deyirdi. Sonra telefon nömrəsini öyrənib oradan yazmağa başladı. Əsmər bu çoxbilmiş oğlanın yazılarına hərdənbir yazdığı “Salam”, “Sağ ol”, “Hə”, “Yox” sözlərindən başqa, demək olar, heç bir açıq reaksiya vermirdi. Amma Ömər nələr yazmırdı ona? Qaşını, gözünü, mütənasib bədən quruluşunu, hətta yerişini, səsini belə tərifləməkdən doymur, onu “Universitetin bir nömrəli gözəli” adlandırırdı.
Əsmər oğlanın yazdığı təriflərdən, nəinki xoşlanır, hətta bəzən məst olurdu. Çünki Ömər həyatında ilk adam idi ki, özü barədə ondan belə xoş sözlər eşidirdi. Ancaq bunun bir sonu olmalıydı və nəhayət, oldu da. Ömər onunla görüşmək, münasibətlərini dərinləşdirmək istəyirdi. Əsmər buna razılıq vermədi. Həm valideynlərinin xəbər tutacağından qorxdu, həm də düşündü ki, ürəyindəki arzularını həyata keçirmək üçün bütün fikrini dərslərinə verməli, bakalavr pilləsini bitirəndən sonra da təhsilini davam etdirməlidir. Oğlana qəti, “Yox” – cavabı yazaraq telefonunda nömrəsini əngəllədi.
Ömərin universitetdəki o qədər qızın içində nəyə görə məhz onu seçdiyini anlaya bilmirdi. Yəni Əsmər, doğrudanmı, ətrafdakı qızların hamısından daha gözəl idi? Əslində, elə deyildi axı. Əsmərin hər nə qədər bütün digər qızlar kimi özündənrazılığı olsa da, içində yaşadığı cəmiyyətin gözəllik meyarlarından xəbərsiz deyildi. Hələ bütün universitet bir yana dursun, təkcə rəfiqələri arasında Lamiyə ilə Qönçənin ondan daha gözəl olduğunu qəbul edirdi. Bəli, üzə vurmasa da, içində təəssüflə etiraf edirdi bunu.
Əslində isə mütləq bir qadın gözəlliyi anlayışı yoxdur axı. Qadının gözəlliyi baxan şəxsin kimliyindən, düşüncə tərzi və zövqündən asılı olaraq onun nəzəri ilə qiymətləndirilir. Birinə gözəl görünən başqasına adi, çirkin, hətta iyrənc də görünə bilər. Əsmər öz nəzərində adi bir qız idisə, Ömərin nəzərində heç də belə deyildi. Oğlan onu öz gözlərində əməllicə ideallaşdırmışdı, deyəsən. Onu, az qala, insanlıqdan çıxararaq mələk hesab edirdi.
Biləcəridəki evdə günü maraqlı keçir, Qönçə öz zarafatları ilə onu darıxmağa qoymurdu. Nələr eləmirdi bu zalımın qızı? Telefonunda açdığı saxta Feysbuk və İnstaqram profilindən sosial şəbəkədə boş-boşuna vaxt keçirən “yanıq” oğlanlara sevgi dolu mesajlar yazaraq onlarla məzələnir, bu azmış kimi onları hansısa parka görüşə dəvət edib görüş saatında özü evdə oturaraq gülməkdən uğunub gedirdi. Əsmər ev yoldaşının belə işlərini bəyənməsə də, onu yalnız yüngülcə məzəmmət etməklə kifayətlənirdi.
Hər bazar günü anaları onlar üçün rayondan ərzaq və hazır xörək göndərirdi. Əsmərinki avtobus, Qönçəninki isə qatarla. Həftənin bu günü onlar üçün ən “ağır” gün sayılırdı. Çünki göndərilən ərzağı almaq üçün yuxularına haram qataraq Əsmər avtovağzala, Qönçə isə qatar vağzalına getməli olurdu. Bu işə ən çox deyinən də Qönçə idi. Anasına yalvarırdı ki, heç nə göndərməsin. Çünki hər dəfə qatar vağzalından üç-dörd ağır çantanı alıb evə gətirmək ona əziyyətlə başa gəlirdi.
Anaların göndərdikləri bitəndə özləri nəsə hazırlamağa məcbur olurdular. Ya kartof qızardır, ya qayğanaq edir, ya da sup bişirirdilər. Ən çox yedikləri isə makaron idi. Çünki o başqalarından daha asan başa gəlirdi. Makaronu suya töküb qaynadır, boşqablara çəkərək üzərinə ketçup sıxıb yeyirdilər.
Artıq üçüncü kursdan qrup qızlarının, demək olar, hamısı özlərinə oğlan tapmışdılar. Yəni ən azından telefonda yazışdıqları biri vardı. Əsmər isə bu barədə düşünmək belə istəmir, bütün diqqətini dərslərinə verirdi. Ömər də artıq yox idi. Universiteti bitirəndən bir il sonra kiminləsə evlənmişdi.
Lamiyə məzun olmağı gözləməyib elə üçüncü kursun əvvəlindən Urfan adında oğlana ərə getdi. Toylarında qızlarla birlikdə Əsmər də vardı və oğlanı heç bəyənmədi. Yaraşıqsız idi. Donqar burnu, az qala, qaşlarından qabağa çıxan yumru gözləri ilə Lamiyə kimi gözəl qıza əsla yaraşmırdı. Toydan çıxıb evə qayıdandan sonra söhbət əsnasında məlum oldu ki, Qönçə də onu bəyənməyib. Təəssüflə başını bulayaraq:
– Heyif Lamiyədən, – dedi.
– Əslində, bizim bəyənməyimiz vacib deyil, – Əsmər bu söhbəti bitirmək istədi, – təki Lamiyənin xoşuna gəlsin. Bir də ki oğlanda yaraşıq şərt deyil, əsas odur xasiyyəti yaxşı olsun. Yəni sənə sadiq olsun, ailəcanlı olsun, mədəni, istiqanlı və səmimi olsun, başqasında gözü olmasın. Əsas bunlardır.
Belə deməsinə baxmayaraq Əsmər özü də qızların çoxu kimi surətpərəst idi. Bəxtinə çıxacaq oğlanın hamıdan, ən azından rəfiqələrinin ərlərindən yaraşıqlı olmasını istəyirdi. Üçüncü kursda anası rayondan bir oğlanın fotosunu göndərib demişdi ki, oğlan adamları onunla maraqlanır. Elçi gəlmək istəyirlər, əgər Əsmər də razıdırsa, nişan taxsınlar. Oğlan belə baxanda sifətdən pis deyildi, amma qabağa doğru əyilmiş qulaqları çox yekə görünürdü və Əsmər onu bəyənmədiyini bildirdi.
– Əşşi, hə, biz yatmayacağıq ki Urfanla, – Qönçə bunu deyib güldü. – Ancaq yenə də mənə qəribə gəlir. Birlikdə adam içinə çıxanda aralarındakı uyğunsuzluq diqqət çəkəcək. Şorgöz kişilər əri çirkin olan gözəl qadınlara daha çox qarmaq atırlar. Düşünürlər ki, yəqin, ərini sevmir, yaxınlıq təklif edilsə, asanlıqla yola gətirmək olar.
Əsmər ona ciddiyyətlə etiraz etdi:
– Qələt eləyir o şorgöz kişilər! Bir də Lamiyənin elə qız olmadığını özün yaxşı bilirsən. Mən şəxsən inanıram ki, o Urfana ömür boyu sadiq olacaq…
– Təki elə olsun, ay Əsmər, – Qönçə ürəkdən gələn bir səmimiyyətlə dilləndi, – Lamiyə xoşbəxt olmağa layiq qızdır. Gözəllər gözəlidir… – Bunu deyib birdən utancaq halda gülümsədi, gözlərindən qəribə bir parıltı keçdi: – Qardaşı əclaf da çox yaraşıqlıdır ha, gördün?
Əsmər toyda Lamiyənin qardaşını görmüşdüsə də, diqqət verməmişdi.
– Yox, – dedi.
– Niyə ki? Dördümüz – sən, mən, Fərihə, Əfsanə bəylə gəlinin qabağında rəqs edəndə gəlib bizə qoşuldu ha, həmin oğlan Lamiyənin qardaşı idi. Adı da Eyvazdır.
– Hə, bildim… Ancaq heç fikir verməmişəm, – Əsmər başını buladı, – sən isə, maşallah, adını da öyrənmisən.
Qönçə əlini əlinə vurub qəhqəhə çəkdi…
Əfsanə, demək olar, fakültənin bütün oğlanları ilə səmimi idi. Dəhlizlərdə rastlaşdığı istənilən biri ilə laqqırtı vurmağı sevirdi. Ancaq universitetin sonuna kimi heç bir oğlanla ciddi münasibət qura bilmədi. Deyirdi ki, hamısı yalançıdır.
Qönçənin də anası qızının tez nişanlanmasını istəyir, ona müştəri çıxanlar barədə vaxtaşırı məlumat verərək fikrini soruşurdu. Belə müştərilərin isə sayı kifayət qədər çox idi. Həm də yalnız öz rayonlarından yox, qonşu rayonlardan da onu istəyənlər olurdu. Uzaq qohumlar, tanışlar eşidəndə ki Abdulla kişinin yetişmiş gözəl qızı var və Bakıda ali təhsil alır, onu əldən buraxmaq istəmirdilər. Ancaq Qönçə onu alıb özünə arvad eləmək istəyənlərin hərəsinə bir qulp qoymaqla rədd edir, hələ ki ailə qurmaq fikrində olmadığını bildirirdi.
Kiçik dəstələrinin beşinci üzvü Fərihə hələ ikinci kursdan başqa fakültədə oxuyan Samir adlı oğlanla gəzirdi və hətta oğlanın bir dostunun boş mənzilində görüşərək qeyri-təbii yolla cinsi əlaqədə olurlarmış. Bunu Fərihənin özündən ilk dəfə eşidəndə Lamiyə utandığından qızardı, Qönçə güldü, Əfsanə nazla qaşlarını dartıb gözlərini oynatdı, açıq-aşkar əsəbləşmiş Əsmər isə dözməyib qıza ağzına gələni dedi:
– Tfu, sizə, iyrənclər! Utanmırsan, hələ bir gəlib deyirsən də bunu bizə?
– Nə olub, ay qız? – ondan belə sərt təpki gözləməyən Fərihə təəccübləndi. – Yazıb universitetin divarlarına elan vurmamışam ki. Təkcə sizə deyirəm də…
– Daha nə olacaq, ay həyasız, toya qədər gözləməyə səbrin çatmırdı?
– Nə toy? Mən onunla ailə qurmaq fikrində deyiləm ki.
– Bu lap pis!
Lamiyə ilə Qönçə də Fərihəni qınadılar. Bunu görən qız çılğınlıqla özünü müdafiəyə başladı:
– Pay atonan! Guya sizin ürəyinizdən keçmir elə şeylər. Lap yaxşı keçir, vallah! Alışıb yanırsınız, ancaq eşidən-bilən nə deyər deyə içinizdə qovrula-qovrula dözürsünüz və yalnız bu yanğınızı söndürmək üçün tələsik birini tapıb ərə getmək istəyirsiz. Getdiyiniz oğlanla xoşbəxt ola biləcəksiniz, ya yox, bunu heç düşünmürsünüz də. Mən isə istədiyimi subaylıqda edə bilirəm deyə tələsmirəm. Kiminlə ailə quracağımı yüz ölçüb bir biçməyə vaxtım çox olacaq.
– Birincisi biz heç nə üçün alışıb-yanmırıq, xəyalın özünə getməsin! – Əsmər onun mentalitetlə daban-dabana zidd olan fikirlərinə etirazını bildirdi. – İkincisi, mən anlaya bilmirəm, sən ailə quracağın adamın üzünə necə baxacaqsan?
– Lap yaxşı baxacam, – Fərihə forsla cavab verdi. – Mənim keçmişimin ona nə dəxli var axı? Əsas odur, mən sevdiyim biri ilə nigah bağlayıb həmişəlik ona sadiq olacam.
– Bax, buna heç inanmıram, – Əsmər əlini acıqlı halda yelləyib qızlardan uzaqlaşdı.
Sonra Fərihə avtobusda Bəndər adlı bir oğlanla tanış oldu. Nişanlandılar. Əsmər eşitdi ki, qız nişanlanandan sonra da Samir ondan əl çəkmirmiş. Bir dəfə tənəffüs zamanı qrup uşaqlarının hamısı bufetə getmiş, auditoriyada təkcə Əsmər qalmışdı. Samir gəlib ondan Fərihəni soruşdu. Bu zaman Əsmərin gah üzünə, gah da mütənasib əndamına zillənən baxışlarında qızı ürküdən xoşagəlməz bir şey vardı. Fərihənin yerini bilmədiyini deyərək fınxırıb oğlandan əvvəl otağı tərk etdi.
O günlər Fərihənin çətin günləri idi və qızlar Samirdən qurtulmaq üçün ona müxtəlif məsləhətlər verirdilər.
Nəhayət, universiteti bitirmələrinə bir neçə ay qalmış Fərihə Bəndərlə evləndi. Əsmər də Qönçə ilə birlikdə onların toyunda iştirak edirdi. O gün bəylə gəlin hər kəsin gözündə çox xoşbəxt görünürdülər.
Dördüncü kursun əvvəllərində, daha dəqiq 28 oktyabrda Lamiyə öz vatsapının hekayəsində qardaşı Eyvazın fotosunu paylaşaraq altından, “Doğum günün mübarək olsun, yaraşıqlı qaqaşım!” – yazmışdı. Oğlanın əynində cins şalvar, qara köynək və bəyaz gödəkcə vardı. Foto dənizkənarı bulvarda çəkildiyi üçün əsən meh qalın qara saçlarını dağıdaraq bir hissəsini alnına tökmüşdü. Ağ sədəf dişləri görünürdü. Lakin Əsmərin diqqətini daha çox oğlanın gözləri cəlb etdi və onu bəyənmədi. Yox, Eyvazın gözləri heç də pis deyildi. Əksinə, yaraşığı ən çox elə gözlərində idi. Amma baxışları… Bu baxışlar nədənsə qıza Samiri xatırlatdı. Bəlkə də, ona görə ki bir vaxt Samir ona belə bir baxışla baxıb hiddətləndirmişdi.
Dəstədəki digər qızların isə Eyvazın fotosuna münasibəti fərqli idi. Qönçə öz telefonunda paylaşıma doya-doya baxıb gülümsəyərək:
– Mənim də adımdan yaraşıqlı qaqaşını təbrik elə, – dedi.
Lamiyə cavabında təəccüblənərək güldü:
– A-a-a, nə deyim?
– Nə deyəcəksən, de ki, Qönçə adında dünya gözəli bir rəfiqəm var, sənin doğum gününü təbrik edir.
– Yaxşı, gözüm üstə! Təbrikini məmnuniyyətlə çatdıraram, canım.
Eyvazın fotodakı baxışının mənasını, deyəsən, Əfsanə də oxuya bilmişdi. Şəklə baxanda qaşlarını nazla oynatdı və:
– Qardaşın çapqın birinə bənzəyir ha, Lamiyə, – deyərək ucadan qəhqəhə çəkdi. Qızlar da onun gülüşünə qoşuldular.
– Gözün çıxmasın sənin, hardan bildin? – Lamiyə də güldü və sonra birdən ciddiləşib əlavə etdi: – Elə demə, Eyvaz çox ağıllı oğlandır.
Fotoya acgözlüklə baxan Fərihə isə daha dərinə getdi:
– Bəndərlə nişanlı olmasaydım deyərdim, məni al buna.
– Sən öləsən elə! – Lamiyə forslandı və sonra rəfiqəsinin xətrinə dəyə biləcəyini düşünüb söhbəti zarafata salaraq güldü: – Qızlar ölürlər mənim qardaşım üçün, özü kimi istəsə, onunla da evlənəcək. Sən get, öz Bəndərindən bərk yapış.
Fərihə üzünü turşutdu:
– Yaxşı, ay qız, məəttəl deyiləm sənin qardaşın üçün. Ancaq biz birinci kursda oxuyanda tanış eləsəydin, bir-iki il yaxşı zaman keçirərdik, hər halda Samirdən yaraşıqlıdır.
O söhbətdən, təxminən, iki həftə sonra noyabrda Əsmər Eyvazı ilk dəfə canlı olaraq gördü. Sonuncu mühazirə də bitdi, beş rəfiqə birlikdə universitetin binasından çıxanda Lamiyə birdən heyrətlə səsləndi:
– A-a-a, qaqaşın burada nə işi var?
Binanın qarşısındakı meydançada təkcə dayanmış Eyvaz qollarını sinəsində çarpazlayaraq gülümsər baxışlarla onlara baxırdı. Əynində ona yaxşı yaraşan qara rəngli klassik kostyum vardı. Cəld qardaşına yaxınlaşan Lamiyə indicə səsləndirdiyi sualı onun özünə verdi:
– Burada nə gəzirsən, qaqaş?
Oğlan gözünü bacısının rəfiqələrindən çəkərək ona baxdı:
– Buralarda biri ilə görüşməli idim, işim bitəndə gördüm, sənin də dərsdən çıxan vaxtındı, dedim, evə birlikdə gedərik.
– Hə, yaxşı eləmisən…
Eyvaz yenə öz təmənnalı süzgün baxışları ilə qızları süzdü və bu zaman onun Əfsanə ilə Qönçəyə daha inadla baxması Əsmərin diqqətli nəzərindən yayınmadı.
– Bura bax, Lamiyə, – oğlan birdən dilləndi, – dərsdən çıxmısınız, acsınız, indicə qarşıdakı küçədə yaxşı lahmacun verilən bir yer gördüm, gedək, sizi qonaq edim. Nə deyirsən?
– Ay Allah, qaqaşım bizə qonaqlıq vermək istəyir, – Lamiyə bunu gülərək deyib üzünü qızlara tutdu: – Hə, nə deyirsiniz, gedək?
– Əla olar, mən acımışam, – birinci Əfsanə razılıq verdi.
Əsmər rəfiqəsinin qardaşı da olsa, yad bir oğlanla kafeyə getmək fikrində deyildi. Qönçə ilə evə gedib özlərinə makarondanfilandan hazırlamaları ona daha ağıllı görünürdü. Lakin bu an Qönçə həvəslə:
– Hə, gedək, – dedi.
Dönüb rəfiqəsinə narazılıqla baxdı:
– Yox, burada vaxt itirməkdənsə, evə gedək, mən nahardan sonra dərs hazırlamalıyam.
– Nahar hazırlamağa sərf edəcəyin vaxtı burada sərf et, nə fərqi var ki? – Qönçə ortaya məntiqli bəhanə atdı.
Vəziyyəti belə görən Lamiyə Əsmərə nəsə deməyə imkan verməyib qolundan dartdı:
– Çox danışmayın, gəlin gedək, yoxsa qaqaşım inciyər!
Əsmər çarəsiz qalıb rəfiqələrinə qoşuldu. Universitetin həyətindən küçəyə çıxanda Fərihə Lamiyəyə pıçıldadı:
– Lamoş, vallah, sevə-sevə gələrdim sizinlə, ancaq yaxşı bilirsən ki, Bəndər qısqancın biridir, sonra görüb eləyər, ya kimsə görüb xəbər verər, yaxşı düşməz. Siz gedin, nuş olsun, mən evə gedəcəm.
Lamiyə təəssüflə çiynini çəkdi:
– Yaxşı, nə deyirəm, özün bil…
Fərihə onlardan ayrılıb yaxınlıqdakı avtobus dayanacağına doğru gedəndə onun arxasınca baxan Əsmər düşündü ki, qız indidən öz ixtiyarını başqasının əlinə verib. Bəli, bundan sonra onun həyatının necə keçəcəyini yalnız Bəndər müəyyən edəcəkdi. Bura getmək olar, ora yox, bunu geymək olar, onu yox, bununla görüşmək olar, onunla yox. Həmin an Fərihəyə yazığı gəldi…
Masanın arxasında əyləşib lahmacun yeyirdilər. Eyvazın sağında bacısı, solunda Əfsanə oturmuşdu. Qönçə ilə Əsmər isə oğlanla üzbəüz idilər. Qönçənin də, Əfsanənin də kefləri kök idi. Deyib-gülürdülər. İlk dəqiqələrdə bir qədər sıxılan Eyvaz da artıq açılışmışdı, onlarla sərbəstcə danışır, hətta bəzən şux zarafatlar edirdi.
Əsmərə tərəf isə heç baxmırdı. Sanki masanın arxasında belə bir adam yox idi. Əsmər yaman narahat idi, ürəyindən keçirirdi ki, bu yemək tez bitsin və hər kəs çıxıb öz evinə getsin. Bura gəlməyə razılıq verdiyi üçün Qönçəyə də acığı tutmuşdu. Təkcə ona görə yox ki, Eyvaz onu dindirib-danışdırmır, hamının nəzərindən kənarda qalıb, həm də ona görə ki xarakterinin əksinə olaraq yad bir oğlanla eyni masa arxasında oturmuşdu.
Eyvaz gülümsəyərək bacısına müraciətlə:
– Yaman gözəl rəfiqələrin varmış, Lamiyə, – dedi, – Bəs bunları niyə indiyə kimi mənimlə tanış etməmisən?
– Axır ki, tanış etdim də, – Lamiyə də gülümsədi.
– İndi? Universiteti bitirənə yaxın?
– Guya əvvəl tanış etsəydim, nə olacaqdı ki? – qız sağ qaşını yuxarıya doğru dartdı. – Bura bax ha, bunlar sənin tanıdığın gözəlçələrdən deyil, ağıllı qızlardır.
– Məgər mən dedim ki, ağılsızdırlar?
“Sənin tanıdığın gözəlçələrdən…” Lamiyə, yəqin, özü də bilmədən qardaşının indiyə kimi çox qızlarla tanış olduğunu dilinə gətirmişdi. Bunu düşünəndə Əsmər kinayə ilə üzünü turşutdu.
Kafedən çıxıb səkidə bir qədər addımlayandan sonra ilk olaraq Əsmərlə Qönçə digərlərindən ayrılmalı oldu. Avtobusa minmək üçün küçənin o biri tərəfinə keçməli idilər. Ayrılanda Eyvaz birinci Qönçənin əlini sıxdı: