banner banner banner
Azərbaycan səfəvilər dövləti
Azərbaycan səfəvilər dövləti
Оценить:
Рейтинг: 0

Полная версия:

Azərbaycan səfəvilər dövləti

скачать книгу бесплатно


Bir sözlə, fəsildə XVI əsrin ikinci yarısında Səfəvilər dövlətinin ümumi vəziyyəti haqqında Alessandrinin yaratdığı mənzərəni xeyli tamamlayan materiallar vardır.

Digər fəsillərdə (yeddincidən başqa) I Şah Təhmasibin hakimiyyətinin son illərində Səfəvilər dövlətinin daxili vəziyyəti, ölkəni fəlakət həddinə gətirib çıxarmış saray çəkişmələri, qızılbaş feodal güruhları arasındakı mübarizə ətraflı təsvir edilir. 1586-cı ilin sonunda Həmzə Mirzənin vəfatına qədər Osmanlı – Səfəvi müharibələrindən müəllifin müfəssəl danışması böyük elmi maraq doğurur[89 - Əsərin məzmunu və mənbəşünaslıq dəyəri üçün bax: О.А.Əфендиев. Минадои и его “История войн между турками и персами”. Изв. АН Азерб. ССР, (серия истории, философии и права), 1967, №1, стр.59-66.]. Minadoinin məlumatının əsas mənbələri təsvir olunan hadisələrin iştirakçıları və şahidləri ilə görüşlər və söhbətlər idi. Bu işdə ona kömək etmiş şəxslər arasında o, “Suriyadakı Venesiya senatının çox hörmətli səfirlərinin” adlarını minnətdarlıqla çəkir. Həkimlik praktikası ona yüksək vəzifəli Osmanlı əyanlarının evlərinə getməyə və lazımi məlumatlar əldə etməyə imkan verirdi. Minadoi alınan materialı sadəcə olaraq qeyd etmir, hadisələrin müxtəlif variantlarını tutuşdurmaqla, daha ağlabatan variant üzərində dayanırdı. Minadoinin əsas məlumatçısının Səfəvilərə xəyanət etmiş və Osmanlı sultanı tərəfindən Hələb hakimi təyin edilmiş qızılbaş səfiri Maqsud xan Zülqədər olduğu ehtimal edilə bilər[90 - J.R.Walsh, р.453.].

Minadoinin əsəri onun müasirlərinə yaxşı məlum idi, orada verilmiş materiallardan tarix əsərlərində geniş istifadə olunurdu. Məsələn, Oruc bəy Bayatın (iranlı Don Juan) əsərinin ikinci kitabı əsasən Minadoinin əsərinin ixtisarla qələmə alınmış variantıdır[91 - Bu barədə aşağıda danışılacaqdır.].

Bizə məlumdur ki, Minadoinin əsəri indiyə kimi vətən tarixşünaslarının diqqətini cəlb etməmişdir. V.V.Bartoldun “Avropada və Rusiyada Şərqin öyrənilməsi tarixi” adlı kitabında da Minadoinin adı çəkilmir.

Əlbəttə, xristian aləminin nümayəndəsi kimi Minadoinin nəzərində həm türklər, həm də iranlılar (qızılbaşlar) “dinsizlər” və “barbarlar” idilər. Lakin hər halda o, bitərəf mövqedə də qalmamışdı və bu, onun əsəri ilə tanışlıq zamanı hiss olunur. Bunu da nəzərə almamaq olmaz ki, bəhs etdiyimiz dövrdə Osmanlı təhlükəsi ilə mübarizə aparan Səfəvilər dövləti Avropa dövlətlərinin təbii müttəfiqi idi.

Səfəvilər dövlətinin tarixinə dair mənbələr arasında iranlı Don Xuanın[92 - Biz əsərin Q. Le-Strencin ingiliscə nəşrindən istifadə etmişik. Don Juan of Persia a Shi'ah Catholic, 1560-1604, transl. and ed edit. With introduction by G. Le Strange, London 1926 (bundan sonra – Oruc bəy.)] (Don Juamn) əsəri xüsusi yer tutur. Qızılbaş Bayat tayfasından olan azərbaycanlı Oruc bəy bu ad altında Avropada tanınmışdı. Oruc bəyin atası Sultanəli bəy Bayat tayfasının əyanlarından və Şah Məhəmməd Xudabəndənin sarayında görkəmli simalardan biri idi. Sultanəli bəy özünün feodal qoşun dəstəsi ilə qızılbaşların Təbrizdəki Osmanlı hərbi hissəsi ilə mübarizəsində iştirak etmiş və toqquşmaların birində həlak olmuşdu. Qoşuna başçılıq etmək şahzadə Həmzə Mirzəyə sədaqətlə xidmət edən Oruc bəyin əlinə keçmişdi[93 - Oruc bəy, səh.191-193, 198-199, 203-205.].

Oruc bəyin yazdığına görə, I Şah Abbas taxta çıxdıqdan sonra yeddi il yarım ərzində 50-dən artıq hərbi əməliyyat həyata keçirmişdi. Oruc bəy onların yarısında şəxsən iştirak etmişdi[94 - Yenə orada, səh.223.].

Osmanlı Türkiyəsinə düşmən olan Avropa dövlətləri ilə hərbi-siyasi ittifaq yaratmaq məqsədilə I Şah Abbas Hüseynəli bəyin səfirliyini (tərkibinə katiblərdən biri kimi Oruc bəy Bayat da daxil edilmişdi) Avropaya göndərmişdi. Oruc bəy Bayat 1599-1601-ci illərdə Rusiya, Almaniya, Çexiya, İtaliya, Fransa, İspaniya və Portuqaliyaya səyahət etmişdi. O, İspaniyada xristianlığı və Don Juan adını qəbul edərək ömürlük burada qalmışdır.

Don Xuanın – Oruc bəyin əsəri ilk dəfə olaraq müəllifin sağlığında (1604-cü il) ispan dilində nəşr olunmuşdur. Oruc bəyin əsəri (Q.Le-Strencin nəşrində) üç kitaba bölünmüşdür. Birinci kitabın giriş hissəsində müəllif özünün etdiyi və onun fikrincə yalnız Marko Polonun və Magellanın səyahətləri ilə müqayisə edilə bilən səyahətindən iftixarla danışır. Sonra o, Səfəvilər dövlətinə daxil olan vilayətlərin təsvirini verir. I Şah Abbasın hakimiyyəti zamanı dövlət quruluşu haqqında məlumatlar maraqlıdır. Əyanları birinci dərəcəli, hakim mövqe tutan 32 qızılbaş tayfa və boylarının adı çəkilir. Oruc bəy qeyd edir ki, bütün ən mühüm vəzifələr, hərbi komandanlıq və dövlət hakimiyyətinin digər başlıca sahələri bu tayfaların yuxarı təbəqələrinə məxsus idi[95 - Yenə orada, səh.45-46.].

Sonra müəllif İran tarixinin şərhinə keçir. Ölkənin ən qədim tarixinə qısa ekskursdan sonra Sasani şahlarının tarixi, XVI əsrin əvvəlinə qədərki dövrdə İranın müsəlman hökmdarlarının hakimiyyəti dövrləri haqqında söhbət açılır.

İkinci kitab Səfəvilər dövlətinin yarandığı vaxtdan Oruc bəyin öz vətənini həmişəlik tərk etdiyi XVI əsrin sonunadək (1599-cu il) siyasi tarixinə həsr olunmuşdur. Bu hissəni bütövlükdə, Minadoinin əsərinin müəllifin öz atasından öyrəndiyi və hadisələrə şəxsi təəssüratından doğan məlumatlarla bir qədər zənginləşdirmiş olduğu müxtəsər variantı hesab etmək olar.

I Şah İsmayılın müharibələrinin işıqlandırılmasına bir qədər yer ayıran Oruc bəy demək olar ki, I Təhmasibin yarıməsrlik hakimiyyəti dövrünü sərf-nəzər edərək onun oğlanları arasında, taxt üstündə gedən daxili mübarizənin təsvirinə keçir. Sonuncu bölmələr Gürcüstanın və Azərbaycanın sultan orduları tərəfindən işğalını başa çatdıran, 70 və 80-ci illərin sonundakı hərbi-siyasi hadisələrin müfəssəl təsvirinə həsr olunmuşdur.

1585-ci ildən sonrakı hadisələrin təsviri onların şahidi və fəal iştirakçısı olan Oruc bəyin özünün şəxsi xatirələrinə əsaslandığı üçün orijinal səciyyə daşıyır. Üçüncü kitabın məzmunu onun üzv olduğu Səfəvi səfirliyinin təsvirindən ibarətdir[96 - Oruc bəyin tərcümeyi-halı, onun səyahətləri və əsərinin təhlili barədə ətraflı məlumat üçün bax: О.А.Эфендиев. Дон Хуан Персидский или Орудж-бек Баят. Изв. АН Азерб. ССР (серия истории, философии и права), 1966, №2, стр.62-70. Oruc bəyin əsəri son illərdə rus dilində nəşr edilmişdir: Книга Орудж бека Байата – Дон Жуана Персидского. Пер. с англ., введение, комментарии и указатели Октая Эфендиева и Акифа Фарзалиева, Баку, 1988.].

Avropa mənbələrindən bizim üçün ən faydalı olanları XVI əsrin ikinci yarısında Azərbaycana gəlmiş “Moskva kompaniyası” adlı ingilis şirkətinin agentləri olan tacir-səyahətçilərin – Antoni Cenkinsonun, Tomas Olkonun, Riçard Consonun, Artur Edvardsın, Ceffri Deketin və Xristofor Berrounun hesabatları, habelə italyanlardan Ancolellonun, naməlum tacirin, Vekyettinin[97 - Early Voyages and Travels to Russia and Persia by Anthony Jenkinson and other Englishmen. Edit, by Delmar Morgan and C.H.Coote, vol. I-II. London, 1886; Английские путешественники в Московском государстве в XVI в. Перев. с англ. Ю.В.Готье, Л., 1937; Путешествия венецианцев; G.B.Vechietti. A. Report on the conditions of Persia in the year 1586 (in Italian) published by H.F.Brown. English Historical Review, 1892.] qeydləridir. Bu hesabatlarda Azərbaycanın və bütün Səfəvilər dövlətinin iqtisadi vəziyyəti, o cümlədən şəhərləri, ticarəti və ticarət malları, ticarət yolları, ölkə təsərüffatının aparıcı sahələrindən biri olan ipəkçiliyin vəziyyəti və imkanları haqqında xeyli məlumata təsadüf edilir.

Erməni mənbələri arasında Ohanes Saretsinin tərtib etdiyi, Təbrizli Arakelin “Hirk patmutyans” (“Tarixlər kitabı”)[98 - Аракел Даврижеци. Книга историй. Пер. с арм. предисл. и коммент. Л.А.Ханларян. М., 1973, стр.464-475.] adlı böyük əsərinə 55-ci fəsil kimi daxil edilmiş 1547-1600-cü illər dövründə Qafqaz Albaniyası (Aqvaniya) tarixinə dair qısa salnamə maraqlıdır. XVI əsr Azərbaycan tarixinə dair gürcü mənbələrinin məlumatları təsadüfi və yarımçıqdır[99 - Histoire de la Georgie, trad, par M.Brosset, II partie, I livrasion. SPb., 1856; Materiaux pour servir a l’histoire de la Georgie, par M.Brosset Mdmoires de l’Academie Imperiale des Sciences, VI serie. Sciences polit. etc., t. V, SPb., 1841.].

Sosial-iqtisadi münasibətlərin, feodal torpaq sahibliyinin və vergi verən əhalinin vəziyyətinin öyrənilməsində sənədli mənbələrin – Səfəvi hökmdarları fərmanlarının böyük köməyi olmuşdur.

Səfəvi fərmanlarının aşkara çıxarılması və sistemli nəşri sahəsində son dövrdə böyük işlər görülmüşdür[100 - Персидские документы Матенадарана. Указы, т. I, вып.I (XV-XVI вв.). Сост. А.Д.Папазян. Ереван, 1956; т. I, вып. II (1601-1650), Ереван, 1959; Персидские исторические документы в книгохранилищах Грузии, кн. 1, вып. 1, изд. В.С.Путуридзе. Тбилиси, 1961; кн. 1, вып. 2, Тбилиси, 1962; T.M.Musovi. Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər. Bakı, 1965; yenə onun: Bakı tarixinə dair orta əsr sənədləri. Bakı, 1967; yenə onun: Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər (XVI-XVIII əsrlər). Bakı, 1977.]. A.D.Papazyanın hazırladığı “Matenadarın fars fərmanları”nın iki cilddə çapdan çıxdığını qeyd etmək kifayətdir. Səfəvi hökmdarlarının burada dərc olunmuş fərmanları (o cümlədən ilk Səfəvilərin 15 fərmanı), əsasən erməni kilsəsinin və erməni icmalarının hüquqlarına aid olsa da, həmin sənədlər dövlətin digər vilayətlərində, o cümlədən də Azərbaycanda feodal münasibətlərini öyrənmək üçün yardımçı mənbələrdir. Gürcü kolleksiyalarında toplanmış farsdilli sənədlərin iki nəşrini V.S.Puturidze həyata keçirmişdir. Son illərdə Azərbaycanda da yerli arxiv və fondlarda göstərilən dövrün nisbətən daha az miqdarda olan farsdilli tarixi sənədlərin toplanması və nəşri işi canlanmışdır. Üç məcmuə nəşr etdirmiş T.M.Musəvi bu mühüm işə faydalı töhfə vermişdir.

Xaricdə bu qəbildən olan nəşrlərdən[101 - V.Minorsky. A Soyurghal of Qasim b. Jahangir Aq-Qoyunlu (903/1498). BSOS, vol. IX, p.4, London, 1939; Zwei Erlasse Shah Tahmasps I. Von Heribert Horst. ZDMG. Bd. 110, Ht. 2, 1961; H.Horst. Ein Immunitatsdiplom Schah Muhammad Hudabandas vom Jahr 989/1581. ZDMG. Bd. 105, Ht. 2, 1955; J.Aubin. Archives persanes commentees-2. Note preliminaire sur les archives du Tchima-rud. Teheran, 1955; H.Busse. Untersuchungen zum islamischen Kanzleiwesen (An Hand turkmenischer und safawidischer Urkunden). Kairo, 1959; B.G.Martin. Seven Safavid Documents from Azerbaijan. Documents from islamic Chanceries. First series. London, 1965.] danışarkən V.F.Minorskinin dərc etdirdiyi Ağqoyunlu Qasimin 1498-ci il soyurqal fərmanını birinci qeyd etməliyik. Həmin nəşrdə bu mənbənin mətni və tərcüməsi hərtərəfli tədqiq edilmiş və şərh olunmuşdur ki, bu da mürəkkəb və az öyrənilmiş sosial-iqtisadi terminləri açmağa imkan vermişdir. Bu iş Avropa iranşünaslarında buna bənzər sənədləri öyrənməyə və aydınlaşdırmağa böyük maraq oyatmışdır. Tezliklə ayrı-ayrı fərmanlar və onların məcmuələri işıq üzü gördü ki, bunlardan da Ağqoyunlu və Səfəvilərin bir neçə fərmanını əhatə etmiş H.Horstun və J.Obenin nəşrlərini qeyd edə bilərik. Sonuncuların arasında Naxçıvana aid olan gömrük rüsumlarının ləğv edilməsi haqqında I Şah Təhmasibin 1565-ci il fərmanı böyük əhəmiyyət kəsb edir. Vergi terminlərinin müxtəlifliyinə münasibətdə J.Obenin nəşr etdiyi həmin şahın iki soyurqal fərmanı diqqət cəlb edir. Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarlarının 23 fərmanı Britaniya muzeyinin farsdilli sənədlər məcmuəsinə daxil olmuş və 1959-cu ildə kitabda müsəlman diplomatiyasının tədqiqinə dair müqəddimə yazılmış H.Busse tərəfindən nəşr edildi. 1965-ci ildə B.Martin XVI əsr Səfəvi hökmdarlarının bilavasitə Azərbaycanın cənub vilayətlərindəki (Təbriz, Ərdəbil və Xalxalda) bəxşiş torpaqlara aid yeddi fərmanını dərc etdirdi.

İndiyədək İranda bu sahədə ciddi bir iş görülməmişdir. Çap olunmuş nəşrlər, bir qədər olaraq, sosial-iqtisadi problemlərlə əlaqələndirilmiş və Səfəvilər dövrünün şəxsi və dövlət yazışmaları nümunələri kimi məhdud əhəmiyyətə malikdir. Bu mənada Əbdül Hüseyn Nəvainin dərc etdirdiyi I Şah İsmayıl və I Şah Təhmasib hakimiyyətinin sənəd və məktublarının iki məcmuəsi müəyyən əhəmiyyət kəsb edir[102 - Şah İsmayıl Səfəvi. Əsnad və mükatibat-i tarixi həmrah ba yaddaştha-i təfsili, be-ehtemam-i doktor Əbdülhüseyn Nəvai. Tehran, 1347; Şah Təhmasib Səfəvi. Əsnad və mükatibat-i tarixi həmrah ba yaddaştha-i təfsili, be-ehtemam-i doktor Əbdülhüseyn Nəvai. Tehran, 1350.].

Keçmiş sovet tarixçiləri Səfəvilər dövlətinin sosial-iqtisadi tarixi məsələlərinin tədqiq edilməsində müəyyən uğurlar qazanmışlar. Bu dövlətin, onun tərkibinə daxil olmuş ölkələrin və xalqların sosial-iqtisadi tarixinin bir çox mühüm məsələlərini əsərlərində dərindən və hərtərəfli işıqlandıra bilmiş İ.P.Petruşevskinin həmin sahədə xidmətləri xüsusilə böyükdür. Onun Azərbaycanda son orta əsrlərdə feodal münasibətlərinə həsr olunmuş monoqrafiyasında Səfəvilər dövlətində feodal torpaq təsisatlarının (tiyul, soyurqal, mülk), hakim sinif və onun təşkilati quruluşunun dəqiq və mükəmməl xarakteristikası verilmişdir, kəndlilərin feodal istismarının mürəkkəb sistemi və sinfi mübarizə məsələləri tədqiq olunmuşdur[103 - И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв.]. Səfəvilər dövründə torpaq mülkiyyəti məsələləri B.N. Zaxoderin və N.Filrozenin əsərlərində tədqiq edilmişdir[104 - Б.Н.Заходер. История восточного средневековья. Халифат и Ближний Восток. М., 1944; Н.Фильрозе. К вопросу о формах земельной собственности в государстве Сефевидов. Очерки по новой истории стран Средного Востока. Изд. МГУ, 1951.]. XII-XIV əsrlərdə Azərbaycanın həmhüdud ölkələrin tarixinə dair Ə.Ə.Əlizadənin İ.P.Petruşevskinin əsərləri də nəzərdən keçirilən dövrün ictimai münasibətlərinin və sosial-iqtisadi terminlərinin xarakterini başa düşmək üçün böyük əhəmiyyətə malikdir[105 - А.А.Ализаде. Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв., Баку, 1956; И.П.Петрушевский. Земледелие и аграрные отношения в Иране в XIII-XIV веках. M.-JL, 1960.]. S.B.Aşurbəylinin A.P.Novoseltsevin, M.X.Heydərovun, K.K.Kutsiyanın və başqalarının əsərləri[106 - К.З.Ашрафян. Падение державы Сефевидов (1502-1722). Очерки по новой истории стран Средного Востока. Изд. МГУ, 1951; С.Б.Ашурбейли. Очерк истории средневекового Баку. Бжу, 1964; А.П.Новосельцев. Города Азербайджана и восточной Армении в XVII-XVIII вв. “История СССР”, 1959, №1; М.Х.Гейдаров. Ремесленное производство в городах Азербайджана в XVII в., Баку, 1967; К.К.Куция. Из истории социальных движений в городах Сефевидского государства (движение нуктавиев). “Народы Азии и Африки”, 1966, №2.] XVI-XVII əsrlərdə Səfəvilər dövləti şəhərlərinin sosial inkişafı prosesini öyrənmək üçün əhəmiyyətlidir.

Xarici tarixşünaslıq Səfəvilər dövlətinin sosial-iqtisadi tarixinə indiyədək xüsusi maraq göstərmir. Bununla belə, Yaxın və Orta Şərqdə göstərilən dövrdə feodal münasibətləri probleminə bu və ya digər dərəcədə toxunulan əsərlər mövcuddur. Onların arasında V.F.Minorskinin böyük və çox vaxt yeni faktik material əsasında yazılmış tədqiqatlarına öz əhəmiyyətinə görə birinci yeri vermək lazımdır[107 - “Təzkirət əl-mülük” nəşrinə V.F.Minorskinin yazdığı giriş və geniş şərhlər nəzərdə tutulur: Tadhkirat al-muluk. A Manual of Safavid Administration. Transl. and exp. by V.Minorsky, G.M., vol. XVI, London, 1943.]. Anna Lambtonun müasir İranda torpaq sahibliyi və renta haqqında yazılmış və Səfəvilər dövründə həmin məsələlərə həsr olunmuş kiçik bir fəsil olan əsəri də qeyd olunmalıdır[108 - A.Lambton. Landlord and Peasant in Persia. London, 1953.]. İran alimi Tağı Bəhraminin əsərində bizi maraqlandıran dövr haqqında səthi danışılır[109 - Tağı Bəhrami. Tarix-i keşaverzi-i İran, Tehran, 1330.].

XVI əsrdə Səfəvilər dövlətinin siyasi tarixi, daxili və xarici siyasəti, Avropa ölkələri və Rusiya ilə ticarət-iqtisadi əlaqələri bir sıra əsərlərdə işıqlandırılmışdır. Onların arasında ilk dəfə olaraq XVI-XVII əsr Azərbaycan tarixinin ilkin mənbələrinə əsaslanan qiymətli oçerkini yaratmış İ.P.Petruşevskinin əsərləri xüsusi yer tutur. Onun İranda islamın tarixinə dair kitabı orta əsrlər Azərbaycanında şiəlik və onun ifrat təriqətlərinin ideologiyasının təsiri altında baş vermiş xalq müqavimət hərəkatlarını dərk etmək üçün böyük əhəmiyyətə malikdir[110 - И.П.Петрушевский. Государства Азербайджана в XV в., ССИА, вып. 1, Баку, 1949; yenə onun: Азербайджан в XVI-XVII вв., ССИА, вып. 1; yenə onun: Восстание ремесленников и городской бедноты в Тебризе в 1571-1573 гг., ССИА, вып. I; yenə onun: Ислам в Иране в VII-XV вв., ЛГУ, 1966.].

N.D.Mikluxo-Maklayın Səfəvilər dövlətinin Şeybanilər dövləti ilə qarşılıqlı siyasi münasibətlərinin xarakterini və XVI əsrin əvvəlində şiəliyin sosial rolunu aşkarlayan əsərlərinin mühüm əhəmiyyəti vardır[111 - Н.Д.Миклухо-Маклай. К истории политических взаимоотношений Ирана со Средней Азией в XVI в. Крат, сообщ. ИВАН СССР, т. IV, 1952; yenə onun: Шиизм и его социальное лицо в Иране на рубеже XV-XVI вв., Памяти акад. И.Ю.Крачковского. ЛГУ, 1958.]. XVI əsr Səfəvilər dövlətinin sosial-iqtisadi tarixinin bir çox məsələləri kimi, onun siyasi tarixinin mənzərəsi də “Azərbaycan tarixi”nin birinci cildinin Ə.N.Quliyev tərəfindən yazılmış müvafiq bölməsində təsvir edilmişdir[112 - Ə.N.Quliyev. Azərbaycan XVI əsrdə. “Azərbaycan tarixi”, с. I, VIII fəsil. Bakı, 1958; Ə.N.Quliyev. Azərbaycan-Rusiya münasibətləri tarixindən. Bakı, 1958.]. Səfəvilərin XVI əsrə qədərki tarixinin bəzi məsələləri, Səfəvi şeyxlərinin Ərdəbil hakimiyyəti dövrü C.İbrahimovun əsərlərində öz şərhini tapmışdır[113 - C.İbrahimov. Səfəvilərin Ərdəbil hakimiyyəti tarixinə dair. Bakı, 1958.]. Göstərilən dövrdə Azərbaycanın və Səfəvilər dövlətinin xarici siyasətinin və daxili inkişaf tarixinin bir sıra məsələləri Ə.M.Şahmalıyevin, P.İ.Petrovun, Ə.Ə.Rəhmaninin, A.P.Novoseltsevin, Ə.H.Hüseynovun və B.Əhmədovun[114 - Э.М.Шахмалиев. К вопросу о дипломатических отношениях первых Сефевидов с западными странами. Тр. АГУ, сер. истор., вып. 1. Баку, 1950; yenə onun: Дипломатические отношения Испании с Сефевидским государством во второй половине XVI в. “Уч. зап. АГУ”, 1955, №7; И.П.Петров. Данные источников о составе воинских контингентов шаха Исмаила I. “Народы Азии и Африки”, 1964, №3; А.П.Новосельцев. Русско-иранские политические отношения во второй половине XVI в., Международные связи России до XVII в. М., 1962; А.Н.Гусейнов. Азербайджанско-русские отношения в XV-XVII вв. Баку, 1963; B.Əhmədov. 1579-1581 -ci illər ekspedisiyası və İngiltərə-Azərbaycan ticarət əlaqələrinin kəsilməsi səbəbləri. ADU-nun elmi əsərləri, tarix və fəlsəfə seriyası, 1967, №3.] əsərlərində işıqlandırılmışdır. Y.A.Paxomovun, Ə.Ə.Ələsgərzadənin, M.X.Nemətovanın, İ.Dilbacın, Ə.V.Rəhimovun və Ə.Ş.Rəcəblinin əsərlərində[115 - Е.А.Пахомов. Монетные находки Азерб.ССР в 1924 г.: “Изв. Азерб. археолог, ком-та”, вып. 1. Баку, 1925; yenə onun: Чайкендский клад 1935 г. Баку, 1941; Ə.Ələsgərzadə. Ağbil türbələrinin kitabələri. “Azərb. SSR EA məruzələri”, №10; M.X.Nemətova. Şirvanın XIV-XVI əsrlər tarixinin öyrənilməsinə dair. Bakı, 1959; Rahnema-i asar-i tarix-i Azərbaycan-i şərqi, gərdavərənde İsmayıl Dibac, Təbriz, 1334; А.В.Рагимов. О Бакинском кладе XV-XVI вв., “ДАН Азерб.ССР”, т. V, 1949, №1; yenə onun: Бакинский клад (находка 1948 г.). Материальная культура Азербайджана, вып. III. Баку, 1953; А.М.Раджабли. Атеркский клад. “ДАН Азерб. ССР”, т. XVII, 1961, №6 və Ь.] mövzuya dair epiqrafik və numuzmatik materiallar vardır.

Xarici ölkələrdə də Səfəvilər dövlətinin siyasi tarixinə həsr edilmiş xeyli əsər nəşr olunmuşdur. Hind alimi Qulam Sərvərin I Şah İsmayıl haqqında çox da böyük olmayan kitabı mənbələrdən götürülmüş, lakin müəllif ümumiləşdirmələri olmayan faktik material toplusu kimi öz əhəmiyyətini saxlamaqdadır[116 - G.Sarwar. History of Shah Ismail Safawi. Aligarh, 1939.]. V.Hinsin və H.Römerin əsərləri XVI əsrin 70-ci illərinin sonu-80-ci illərinin əvvəllərində Səfəvilər dövlətinin vəziyyətinə həsr olunmuşdur[117 - W.Hinz. Schah Esmail II. Berlin, 1933; H.R.Roemer. Der Niedergang Irans nach dem Tode Ismail’s des Grausamen, 1577-1581. Wurzburg- Aumuhle, 1939.]. V.F.Mimorskinin tədqiqatlarında bu məsələlərə dair qiymətli material və ümumiləşdirmələr vardır[118 - V.Minorsky. The Supporters of the Lords of the Ardabil “Tadhkirat al-muluk” kitabında; Shaykh Bali-efendi on Safavids. BSOAS, vol. XX, London, 1957.]. Son illər çapdan çıxmış bəzi əsərlər diqqəti cəlb edir. Onların arasında daha çox maraq doğuranları – I İsmayılın daxili siyasətinin bəzi, az öyrənilmiş cəhətləri haqqında Jan Obenin tədqiqatı, R.Ş.Seyvorinin mühüm vəzifələr və dövlətinin banisinin istilaları haqqında məqalələri, həmçinin də XVI-XVIII əsrlərdə Səfəvilərin inzibati sistemi haqqında K.M.Röhrbornun əsəridir[119 - J.Aubin. Etudes Safavides. I Shah Ismail et les notables de l’lraq persan. “Journal of Economic and Social History of the Orient”, Leiden, 1959, vol. 2, p.l; R.M.Savory. The Principal Offices of the Safawid State during the Reign of Ismail I. BSOAS, vol. XXIII, p.l, 1960; The principal Offices of the Safawid State during the Reign of Tahmasip I. BSOAS, vol. XXIV, p.l, 1961; Some Notes on the Provincial Administration of the Early Safawid Empire. BSOAS, vol. XXVII, p.l, 1964; The Consolidation of Safavid Power in Persia. Der Islam. Bd. 41, Berlin, 1965; Klaus-Michael Rohrbom. Provinzen und Zentralgewalt Persiens im 16 ind 17 Jahrhundert. Berlin, 1966.]. Faruk Sümerin və Bəkir Kütükoğlunun Səfəvilər dövlətinin yaranmasında Anadolu türklərinin roluna və XVI əsrin son rübündə Osmanlı və Səfəvilər dövlətlərinin qarşılıqlı münasibətlərinə həsr olunmuş əsərlərində xeyli dərəcədə yeni material vardır[120 - F.Sümer. Safevi Devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolü. Ankara, 1976; Azerbaycanın türkleşmesi tarihine ümumi bir bakiş. Türk Tarih Kurumu. Belleten, cilt XXI, sayi 83, Ankara, 1957; B.Kütükoğlu. Osmanlı-İran siyasi münasebetleri. I. 1578-1590, İstanbul, 1962.].

İran tarixşünaslığı (Ə.Kəsrəvinin və N.Fəlsəfinin bəzi əsərləri[121 - Əhməd Kəsrəvi Təbrizi. Şeyx Səfi və təbareş. Tehran, 1324; Nəsrulla Fəlsəfi. Cəng-i Çaldıran. Məcəlle-i daneşkədə-i ədəbiyyat, şumare-i 2, sal-i əvvəl, Tehran, 1332; yenə onun: Zindəgani-i Şah Abbas-i əvvəl, cild-i əvvəl. Müqəddəmat-i səltənət-i u əz vəladət ta padşahi. Tehran, 1334 (bundan sonra – N.Fəlsəfi, с.1).] istisna edilməklə) bu sahədə tədqiqatlarla təmsil olunmamışdır. Ə.Tacbəxşin, S.Rəhimzadənin, N.Şeybaninin son dövrdə nəşr edilmiş kitabları millətçilik mövqelərindən yazılmışdır və hekayə xarakteri daşıyır[122 - Əhməd Tacbəxş. İran dər zaman-i Səfəviyyə Təbriz, 1340; Rəhimzade-i Səfəvi. Şərh-i cəngha və tarix-i zindəgani-i Şah İsmail-i Səfəvi. Tehran, 1341; Nizaməddin Mücir Şeybani. Təşkil-i şahənşahi-i Səfəviyyə. Ehya-i vəhdət-i milli. Tehran, 1346.]. Bu əsərlərin mənbəşünaslıq və tarixşünaslıq zəmini məhduddur və buna görə də mövzunun öyrənilməsinə yenilik gətirmir.

Tehran universitetinin professoru Bəstini Pərizinin “Səfəvilər dövründə siyasət və iqtisadiyyat” kitabı əslində bu sahədə İran tarixşünaslığında XVI-XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin sosial-iqtisadi həyatının öyrənilməsinə ciddi maraq göstərilmiş[123 - Bastani Parizi. Siyasət və iqtisad-i əsr-i Səfəvi. Tehran, 1348.] ilk tədqiqatdır.

Keçmiş sovet tarixçilərinin diqqətini cəlb etmiş məsələlərdən biri XVI əsrdə Səfəvilər dövlətinin etnik xarakteri məsələsidir.

Vətən tarixşünaslığında Səfəvilər sülaləsinin və onları müdafiə edən tayfaların türk (Azərbaycan) mənşəli olduğunu ilk dəfə olaraq göstərənlər rus şərqşünasları V.V.Bartold və A.Y.Krımski[124 - В.В.Бартольд. Место прикаспийских областей в истории мусульманского мира. Соч., т. И, ч. I, М., 1963, стр.748; yenə onun: Халиф и Султан. Соч., т. VI, М., 1966, стр.54; А.Е.Крымский. История Персии, ее литературы и дервишской теософии, т. III. М., 1914-1917, стр.148.] olmuşlar.

Azərbaycan feodal əyanlarının Səfəvilər dövlətinin yaranmasında həlledici rol oynadığı faktı 1941-ci ildə Bakı tarixçilərinin hazırladığı Azərbaycan tarixinə dair ilk kollektiv əsərdə qeyd olunmuşdur[125 - История Азербайджана (краткий очерк). Изд-во Аз. ФАН. Баку, 1941.]. 1946-cı ildə buna bənzər nəşrdə həmin baxış daha da inkişaf etdirilmişdir[126 - История Азербайджана. Баку, 1946.]. Qırxıncı illərin əvvəllərində Azərbaycan tarixçisi, akademik İ.A.Hüseynov Şah İsmayılın dövlətini Azərbaycan dövləti kimi səciyyələndirmişdir[127 - İ.A.Hüseynov. İsmayıl Səfəvi. Bakı, 1943.]. Həmin səciyyələndirmə bu sətirlər müəllifinin əsərlərində elmi dəlillər və mənbəşünaslıq məlumatları ilə əsaslandırılmışdır.

İ.P.Petruşevski özünün ilkin mənbələrinə əsaslanan tədqiqatlarında Səfəvilər dövlətinin yaranmasında və onun tarixinin birinci yüzilliyində Azərbaycanın və Azərbaycan etnik feodal ünsürünün aparıcı, müəyyənedici sosial-iqtisadi və siyasi rol oynadığını təkzibolunmaz şəkildə sübut etmişdir. O, göstərmişdir ki, Azərbaycan əyanları bu dövlətdə müstəsna hüquq və imtiyazlardan istifadə etmişlər. Sarayda yüksək vəzifələr, vilayət canişinlikləri, hərbi iş və s. Azərbaycan feodallarının əlində olduğu halda, dövlət işlərində fars feodallarının rolu maliyyə, dəftərxana və qismən də məhkəmə məsələləri ilə məhdudlaşırdı.

İran tarixşünaslığının millətçi, paniranist baxışlarını, habelə Qərbin mürtəce tarixçilərinin oxşar konsepsiyalarını tənqid edən N.D.Mikluxo-Maklay qeyd edirdi ki, Şeybanilər Səfəviləri bütün İranın hökmdarları kimi tanımırdılar. Onlar Səfəviləri Ağqoyunlular sülaləsinin xələfləri və varisləri hesab edərək onların yalnız Azərbaycan və Qərbi İran üzərində hakimiyyətini tanıyırdılar. O, yazırdı: “Bütün deyilənlər belə bir nəticəyə gəlməyə imkan verir ki, XVI əsrdə yaranmış Səfəvilər dövləti XV əsr Qaraqoyunlu və Ağqoyunlu hakimiyyətlərinin xələfi kimi təşəkkül tapmışdır. Həm də real əsaslara istinad edirdi, yəni Səfəvilər dövləti İran dövləti deyildi və ona heç elə də baxılmırdı”[128 - Н.Д.Миклухо-Маклай. К истории политических взаимоотношений Ирана со Средней Азией в XVI в., стр.16.].

B.N.Zaxoder Səfəvilər dövlətinin yaranmasında Azərbaycanın roluna dair yazırdı: “Sosial-iqtisadi inkişafın nisbətən yüksək pilləsində duran Azərbaycan XVI əsrin əvvəlində Cənubi Qafqazda və İranda yaranan həmin böyük dövlətin özəyini təşkil edirdi. Bu dövlət çoxlu tayfa və xalqları öz tərkibinə daxil etmişdir. Lakin uzun müddət bu dövlətdə onun hərbi qüvvələrində ilk Səfəvilərin arxalandığı Azərbaycan feodalları üstünlük təşkil etmişdilər[129 - Б.Н.Заходер. Государство Сефевидов в кн.: “Всемирная история”, т. IV (гл. XXII). М„ 1959, стр.558.].

Hal-hazırda tarix elmində XVI əsr Səfəvilər dövlətinə Azərbaycan dövləti kimi baxmaq meyli tədricən özünə yol tapır[130 - История СССР, т. II. М., 1966, стр.542.].

Müasir İran tarixşünaslığının görkəmli nümayəndələri də aşkar faktlarla hesablaşmaq məcburiyyəti qarşısında qalaraq Səfəvilər dövlətində türkdilli (Azərbaycan) etnosun rəhbər rolunu, hakim mövqeyini təsdiq edirlər. Məsələn, I Şah Abbasa həsr olunmuş çoxcildli əsərin müəllifi Nəsrulla Fəlsəfi Şah İsmayıl və onun yaratdığı dövlət haqqında yazır: “Şah İsmayıl ata tərəfdən özünü seyid (yəni Məhəmməd Peyğəmbərin nəslindən olan – O.Ə.) Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi. Ana tərəfdən isə o, Türkman Həsən bəy Ağqoyunlunun (yəni Uzun Həsənin – O.Ə.) nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi… Dövrün bütün tarixlərindən məlum olduğu kimi, onun tərəfdarları da əsasən türkman və tatar tayfalarından olanlar idi.

Hətta taxta çıxdıqdan sonra belə o, İran mənşəyinə və dilinə – millətin iki başlıca əsasına xor baxırdı. O, İranın yerli əhalisini tabe etmiş və onları mənşəcə türkman olan qızılbaş tayfalarının hakimiyyəti altına salmışdı. Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə, türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı. Buna görə də türk siyasi qurumlarını yıxan və vahid dövlət yaradan I Şah İsmayılın İranın milli və siyasi birliyini bərpa etməyi qarşısına məqsəd qoymaması şübhəsizdir”[131 - N.Fəlsəfi, с. I, səh.“he”, “ze”, “ye”.]. Başqa bir yerdən iqtibas gətirək: “Şah İsmayıl hər bir vilayəti tutduqdan sonra ələ keçirilmiş qənimətləri, əsirləri və torpaqları Qızılbaş sərkərdələri arasında bölüşdürürdü. Beləliklə, mənşəyi və dili etibarilə türk olan tayfalar İranın hər yerində yerli farsdilli iranlılar üzərində ağalıq etməyə başladılar. İranda imtiyazlı və qüdrətli zümrə əmələ gəldi və bütün hərbi və mülki mövqeləri, vəzifələri ələ keçirərək İran xalqını tam ixtiyarla və əzəmətlə idarə etdi. Buna görə də Səfəvilər dövründə şahı İran şahənşahı adlandırdıqlarına baxmayaraq, İran ölkəsinə Qızılbaş dövləti (Məmləkət-i Qızılbaş) adını verdilər. İran sarayında türk dilində danışırdılar. Şah İsmayıl türk dilində şeirlər yazırdı. Qızılbaşlar özlərini türk mənşələrinə, əsil – nəcabət və ad-sanlarına görə İranın yerli əhalisindən yüksəkdə durur, onları (iranlıları – O.Ə.) həqarətlə tatlar və taciklər adlandırırdılar”[132 - Yenə orada, səh. 169.].

Müasir türk tarix elminin ən böyük nümayəndələrindən biri olan Faruk Sümer də özünün sonuncu monoqrafiyasında Səfəvilər dövlətinə “İran milli dövləti” kimi baxmaq istəyənlərə qarşı çıxmışdır. O, düzgün olaraq göstərir ki, “ciddi alimlər” arasında bu cəfəng baxışın artıq tərəfdarları yoxdur. F.Sümerin əsərində Səfəvilər dövlətinin yaranmasında və yüksəlişində türkdilli etnosun həlledici və birinci dərəcəli rol oynadığını təsdiq edən çoxlu material toplanmışdır və sistemləşdirilmişdir. Fikrimizcə, onun əsərinin qiymətli cəhəti də elə bundadır.

Təəssüf ki, F.Sümerin əsəri Türkiyə tarixşünaslığına xas olan bəzi nöqsanlardan və bitərəflilikdən azad deyildir. Özünün əvvəlki əsərlərində də o, Azərbaycan tarixini Türkiyə tarixinin əlavəsi kimi təsvir etməyə, Kiçik Asiyanı – Anadolunu “Ana Vətən” kimi, yəni Azərbaycan əhalisinin köçetmə və türkləşmə mənbəyi kimi təsdiq etməyə cəhd göstərmişdi. Bununla belə, yaxşı məlumdur ki, Azərbaycan, türkdilli əhalinin Orta Asiyadan Kiçik Asiyaya köçetmə hərəkatının yolu üzərində yerləşirdi və Türkiyənin özünə nisbətən daha əvvəl türkləşmişdi.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)