banner banner banner
Spartak
Spartak
Оценить:
Рейтинг: 0

Полная версия:

Spartak

скачать книгу бесплатно

Axsaq, qoca bir legioner dedi:

– Ordudan qaçmış olsa da, ona azadlıq verildi. Görünür, Sullanın kefi kök imiş.

O biri qoca qladiator dedi:

– Yəqin ki, lanista Aksianın yaman acığı tutub!

– Eybi yoxdur, öz malı üçün bolluca pul alıb!

Pəhləvan ucadan dilləndi:

– O pullar mənim olsaydı, ürəyimdən keçəni edərdim.

– Pulu dağıtmağa nə var ki, amma pul yığmaq hər adamın işi deyil! – qoca dilini dinc qoymadı.

– Siz məni inandıra bilməzsiniz ki, Sulla öz var-dövlətini zəhmət çəkərək yığıb.

Lutasiya skamyada oturmuşdu və qızartmaq üçün tavaya dovşan əti qoyurdu:

– Romanın ən böyük vətəndaşı olan Sullanı yeməkxanamda pisləməyin! – o çığırdı.

Qoca legioner ucadan dedi:

– Bir sözə bax! Sən demə, bu taygöz də Sullanın tərəfdarı imiş!

Bundan sonra mübahisə qapıda hündürboylu, iribədənli bir adam görünəndə səngidi.

Yeməkxananın ayrı-ayrı yerlərindən eşidildi:

– Trebonidir!

– Salam, Treboni!

Treboni lanista idi. Bir neçə il əvvəl qladiatorlar məktəbini bağlamışdı. O bu mənfəətli işdən yığdığı pulla dolanırdı. Treboni qladiatorların dostu və arxası hesab edilirdi. Bu gün tamaşa qurtarandan sonra qapı ağzında durub Spartakı gözləmişdi. Qladiator çıxanda onu qucaqlayıb təbrik etmişdi. Sonra onu Libitina Venerası yeməkxanasına dəvət eləmişdi. Bura Spartakdan savayı, on nəfər başqa qladiator da gəlmişdi.

Lutasiya Spartakla Trebonini qarşılayıb yanakı otağa ötürdü:

– Bura gəlin, şanlı qladiatorlar, burda sizin üçün axşam yeməyi hazırlanıb. Belə qızartma heç Mark Krassın da süfrəsində verilmir.

Axşam yeməyi yaxşı keçdi. Qladiatorların kefi açıldı. Hamı Spartakı tərifləyirdi, lakin o, nədənsə, qəmli idi.

Treboni dedi:

– Səni başa düşə bilmirəm! Sənə nə olub? Niyə içmirsən?

Başqa bir qladiator ucadan dedi:

– Elə bil ananın matəmini tutursan!

Bu söz sanki Spartakı sarsıtdı, o, dərindən ah çəkib:

– Bəli, anamın matəmini tuturam! – dedi.

Sarışın cavan qladiator dərdli-dərdli dedi:

– Spartak, sən xoşbəxtsən ki, sağlığında azadlığa çıxdın! Azadlıq bizə ancaq öləndə nəsib olacaq.

“Azadlıq” sözünü eşidəndə Spartakın eyni açıldı. O, camını yuxarı qaldırıb ucadan dedi:

– Yaşasın azadlıq!

O bu sözləri söyləyəndə qapıda görünən bir adam uca səslə dilləndi:

– Məğlubiyyət bilməyən Spartak, sən azad olmağa layiqsən!

Hamı başını səs gələn tərəfə çevirdi. Qapı ağzında Katilina dayanmışdı.

Treboni cəld Katilinanın qabağına keçib ona hörmətlə baş əydi.

Katilina:

– Treboni, mən səni axtarırdım, – dedi, sonra Spartaka sarı dönüb əlavə elədi: – Səni də!

Katilina öz zalımlığı və adam öldürməsi ilə ad çıxarmışdı. Hətta qorxu bilməyən Spartak da bu dəhşətli patrisinin səsini eşidəndə qeyri-ixtiyari diksindi:

– Məni?

Katilina sakitcə:

– Bəli, səni. Sənə azadlıq verdilər. Buna layiqsən. Amma pulun yoxdur ki, iş tapanacan özünü dolandırasan. Mən Qney Korneli Dolabella ilə sənin üstündə mərc gəlmişdim. İndi udduğum on mindən çox sestertsinin bir hissəsini sənə vermək istəyirəm.

Spartak Katilinaya etibar etməsə də, onun mərhəmətindən mütəəssir olmuşdu. O dilləndi:

– Ey şanlı Katilina, bu nəcib niyyətinə görə sənə təşəkkür edirəm. Lakin bu hədiyyəni qəbul edə bilmərəm. Əvvəlki sahibimin məktəbində döyüş təlimi keçəcəm. Əminəm ki, öz zəhmətimlə yaşaya bilərəm.

Katilina Spartaka sarı əyilib pıçıldadı:

– Mən də iyrənc Roma cəmiyyətinin quluyam, mən də azadlığın həsrətindəyəm… Bəli, mən işdən xəbərdaram… mən də sizinləyəm…

Sonra yerindən qalxdı, uca səslə dedi:

– Bu pul kisəsini rədd etmə. O heç də hədiyyə deyil, bu pulu öz zəhmətinlə qazanmısan.

Spartak mat qalmışdı: patrisi bəzi gizli işarə və sözlərə haradan bələd olmuşdu, – bunu anlaya bilmirdi. Spartak Katilinanın əlini sıxdı, pul kisəsini götürüb dedi:

– Nəcib Katilina, sənin bu hərəkətin məni çox həyəcanlandırdı.

Katilina bundan sonra Treboni ilə söhbətə qoşuldu. Burda söhbət gedərkən o biri otaqda əyyaşlar yaman səs-küy qoparmışdılar. Birdən Katilina süfrə yoldaşları ilə bərabər o biri otaqda hamının:

– Rodopeya! Rodopeya! – deyə bağırdığını eşitdi.

Rodopeya iyirmi iki yaşında gözəl bir cavandı. Əynindəki mavi geyimi bu qızın romalı olmadığından xəbər verirdi. O, istəmədiyi halda pozğun həyat tərzi keçirirdi. Amma yeməkxananın sırtıq müştəriləri ona hörmət edirdilər. Rodopeya Lutasiyanın masası qabağında dayandı. Ona bir cam alban şərabı verdilər. Birdən otağın küncündə yenə səs-küy başladı.

Ona qədər adam bir ağızdan çığırdı:

– Rədd olsun patrisilər! Rədd olsun Katilina!

Katilina bu hay-küyü eşidən kimi cəld yerindən qalxdı. Ordakı adamları qəzəblə süzüb ucadan çığırdı:

– Murdar həşəratlar, məndən nə istəyirsiniz?

Onun dəhşətli səsi bir anlıq hamını qorxutdu, lakin az sonra kimsə dedi:

– Biz istəyirik ki, sən burdan itilib gedəsən!

Katilina ucadan:

– Hamınız bura gəlin! – deyib qollarını açdı.

Çaxnaşma düşdü. Hər tərəfdən lənətlər, söyüşlər yağdırıldı. O biri otaqdan Treboninin, Spartakın səsi gəldi. Onlar davaya özlərinin müdaxilə etmələri üçün Katilinanın qapıdan geri çəkilməsini xahiş edirdilər. O, geri çəkilən kimi Treboni və Spartak öz yoldaşları ilə böyük otağa girdilər. Bayaqdan Katilinanın zərbələrinə məruz qalan sərxoşlar qladiatorları görüb küçəyə qaçdılar.

Bu vaxt Rodopeya qorxa-qorxa Katilinaya və onun dostlarına baxırdı. Birdən onun rəngi kətan kimi ağardı, qışqıraraq Spartaka sarı yürüdü:

– Spartak, bu sənsən?!

Spartak böyük həyəcanla qıza baxıb qışqırdı:

– Necə?.. Sənsən? Mirtsa?.. Mənim bacım!

Qardaşla bacı bir-birini qucaqlayıb bağrına basdı. İlk mehribanlıq həyəcanından sonra Spartak birdən bacısını özündən kənara çəkdi. O, həyəcanla dilləndi:

– Sən?.. – O, qızı nifrətlə itələdi: – Sən ki…

Mirtsa ağlayaraq çığırdı:

– Mən qulam!.. Ağam əclaf adamdır!.. O, közərmiş dəmirlə mənə işgəncə verirdi… Başa düş, Spartak!..

– Bədbəxt bacım! Gəl, yaxına gəl! – bacısını özünə sarı çəkib onu bərk-bərk öpdü.

Bir azdan başını qaldırdı: onun gözləri yaşla dolmuşdu. Spartak qəzəblə çığırdı:

– Yer üzündə azad insanlar və qullar törədən ilk adama lənətlər olsun!

Dördüncü fəsil

Spartak azad olduqdan sonra nə etdi

Bu hadisələrdən iki ay keçmişdi.

Roma küçələrində şiddətli şimal küləyi əsirdi. Palçıqlı yollara xırda qar yağırdı. Yuxarı qalereyada duran bikar adamlar aşağıda vurnuxan adamları müşahidə edirdilər. Spartak da onların arasında idi. Ondan bir az kənarda üç vətəndaş qızğın söhbət edirdi. Spartak qəmgin fikirlərə daldığından onların söhbətini eşitmirdi. Öz bacısını biabırçı vəziyyətdə tapdığı gündən yeganə dərdi Mirtsanı onu alçaldan adamın əlindən xilas etmək idi. Katilina səxavətli olduğundan o gün Dolabelladan udduğu pulun yerdə qalan hissəsini – səkkiz min sestertsini də Spartaka verdi. Spartak elə o saat bacısını köləlikdən qurtarmaq üçün onu qul kimi saxlayan adamın yanına getdi.

Mirtsanın ağası qızın qiymətini əlli min sestertsiyə qaldırdı. Spartak özündən çıxıb əclafın boğazından yapışdı. Sonra özünə gəldi və bənizi ağarmış ağanı yenidən dilə tutmağa başladı. Onlar razılığa gəldilər: “Spartak bu saat ona iki min sestertsi verir. Bu şərtlə ki, o öz evində Mirtsaya başqa bir otaq ayırsın, Spartaka da onunla bir yerdə yaşamağa icazə versin. Spartak bir aydan sonra pulun hamısını verməsə, onda Mirtsa yenidən onun qulu olsun”.

Spartak sonra Treboninin yanına gedib əhvalatı ona danışdı. Treboni onu sakitləşdirməyə çalışdı, kömək edəcəyinə söz verdi. Spartak da Treboninin vədindən bir qədər arxayın halda Katilinanın evinə getdi. Ona təşəkkür edərək səkkiz min sestertsini qaytardı.

Spartak azad edilən gündən Aksian onun zəhləsini aparırdı. Onu yenidən qladiator olmağa çağırır, əvəzində çoxlu pul vəd edirdi. Spartak əvvəlki ağasının təklifini rədd elədi.

Treboni Spartakın xətrini çox istədiyindən Mirtsanın taleyi ilə məşğul olmağa başladı. O, Valeriyaya Mirtsanı almağı məsləhət gördü. Valeriya qızı qırx beş min sestertsiyə aldı. Başqa kənizlər kimi onu da Sullanın evinə apardı. Valeriya keçən ilin on beş dekabrında Sullaya ərə getmişdi.

Spartak Mirtsa barədə daha narahat olmurdu. İndi o, ciddi və gizli bir işlə məşğul idi. Keçmiş qladiator Katilina ilə görüşür, hər gün uzun-uzadı söhbətlər aparırdı.

O, nəyin arzusunda idi? Bunu oxucular tezliklə biləcək.

Bəli, Spartak Emili bazilikasının yuxarı qalereyasında durub dərin fikrə dalmışdı. Elə bu vaxt ona ortaboylu bir adam yaxınlaşdı. Əlini yavaşca frakiyalının çiyninə vurdu:

– Elə fikrə getmisən ki, ətrafında heç kəsi görmürsən.

Spartak ucadan dedi:

– Kriks! Səni görmədim! Nə oldu, tez bir danış?!

– Artorikslə görüşdüm.

– O, Kapuyaya getmişdi?

– Bəli.

– Heç bir adamla görüşüb?

– Enomay deyilən bir germanla görüşüb.

– Sonra?

– Enomayın qəlbi ümidlə doludu, o da biz istəyəni arzu edir. Buna görə də bizim planımızı qəbul elədi.

Qladiatorlar bir qədər susdular. Sonra Kriks Spartakdan soruşdu:

– Bəs Katilina?

– O bizə qoşulmayacaq.

– Deməli, onun yaxşı adam olması barədə deyilənlər yalandır?

– Yox, o, pis adam deyil, lakin deyəsən, o, vəhşi qanunları deyil, indiki hakimiyyəti dəyişmək istəyir. Bu axşam onun yanına gedəcəm. Ümumi hərəkət planı ilə bağlı razılığa gəlməyə çalışacam.

– Sirrimiz Katilinaya və dostlarına məlumdur?

– Onlardan bizə təhlükə gəlməz. Razılığa gəlməsək belə, bizi ələ verməzlər.