banner banner banner
Azər
Azər
Оценить:
Рейтинг: 0

Полная версия:

Azər

скачать книгу бесплатно

Bir rica eylədi rəssam ondan,
Göstərib bir qocaman daş, dedi: “Gəl,
Yapayım rəsmini, bir baq, nə gözəl!?
Seyrə dal sən yeni doğmuş Günəşi,
Nə də xoş mənzərə!.. Baq, varmı eşi?
Doğuyor sanki dənizdən bir qız,
Həm də altın saçı yaldız-yaldız.”
Güldü Azər, oturub daldı həmən,
Fərq olunmazdı o bir heykəldən.
Bitirib levhəyi yorğun rəssam:
Qalq, əzizim! dedi qalq!.. İştə tamam!..
Bir qadar aqça da ikram etdi.
Süzdü Azər onu heyrətlə, dedi:
– Arqadaş! Aqça niçindir əcəba!
O sənin rəsmin için…
ha, ha, ha!..
Güldü, həp güldü… baqıb rəsmə dedi:
“Nə Günəş!? Sanki baqır bir təpsi…
Hələ gözlər!.. Şu bənim gözlərimin,
Söylə, mənası nədir? İnsaf için.
Bənziyor yapdığın Azər guya
Buzlar üstündə şaşırmış çocuğa.
Deyəcək yoq şu mübarək dənizə,
Acırım sərf edilən səyinizə.
Seyr edənlər şu gözəl levhənizi
Bəni yoq, bəlkə görür onda sizi.
Sanki ölgün boyalardan nə çıqar!?
Burda sənətdən iraq hər şey var.
İncəsənət dediyin pək tənnaz
Bir gözəl qız ki, çabuq ram olamaz.
Başqadır ondakı həşmət, əzəmət,
Bir təsadüflə yaqın gəlməz, əvət.
Bəlkə yıllarca dayansan nazına,
Sadə, bir kərrə gülümsər o sana.
Yoqsa əzmində əgər səbrü səbat,
Boş əməkdir çəkiyorsun, heyhat!..”

Süzdü rəssam onu altdan-yuqarı,
Saçaraq gözləri kin dalğaları.
Alıb əşyasını nifrətlə, həmən
Qaçdı hiddət köpürən sahildən.
Ondan ayrılmayaraq Azər də
Girdi is[3 - İs – his] yağdıran Altın şəhərə[4 - Bakı].
Həp yürür, həp düşünürkən… yolda
Rast gəlib bir sarışın qızcığaza,
Gördü, ağlar da silər göz yaşını…
Dedi: “Yavrum, bu nə? Qaldır başını,
Söylə dərdin nə?..” Çocuq iç çəkərək
Dedi: “Annəm, ögey annəm döyəcək,
Verəcək bəlkə müəllim də cəza!..”
Dur, niçin?
-Sorma!
-Bu hiç oldumu ya!?
-Ah, qapıb qaçdı əlifbamı dəmin
Bir sokaq yavrusu, çapqın, miskin!
-Ya baban yoqmu?
O, işdən qovulan
Bir fəqir işçi, səqət bir insan.
Hiç məraq etmə, quzum, iştə para,
Sağalır elm ilə hər türlü yara.
Oqşayıb Azər onun saçlarını,
Dedi: “Get, bilgi al, öyrən yarını.”
Bir fərəh gəldi qızın gözlərinə,
Utanıb durdu… təşəkkür yerinə
O soluq çöhrə gülümsündü həzin,
Qoşaraq getdi kitab almaq için.

Bunu gördükdə uzaqdan yaramaz
Bir çocuq olmaz on üçdən yaşı az
Soqulub Azərə həp əl açaraq:
Para ver, bən də acım söylədi baq!
Sağlam insanda bu adət nə idi?
Baqdı Azər ona heyrətlə, dedi:
“Sana layiqmi dilənmək, ay oğul!
Durma get, haydı, çalış, bir iş bul.”
Öylə boş sözləri dinlərmi çocuq?
Sırıtıb izliyor, ayrılması yoq.
Qaldı Azər şu sırıtqanlığa mat,
Ona eşq etdi bir atəşli tokat.
Seyr edənlər bunu həzm etmədilər,
“Mərhəmətsiz, qaba insan!..” dedilər.
Dinləyib onları Azər gülərək
Dedi: Əzdad ilə doğdum, gerçək.
Bir əlim iştə su, atəş bir əlim,
Çarpacaq qəlbim, əgər sussa dilim.
Acıdım gərçi dəmincik birinə,
Sonra atdım da toqat digərinə.
Sizi, yoq şübhə ki, ürkütdü bu hal,
Nə yaparsın, həpiniz kor, abdal!
Öylə quş var ki, yiyorlar ətini,
Quş var, ət ver də, duyar ləzzətini.
Bir toqat var, doyurur ac qarını,
Mərhəmət var ki, zəhərlər yarını.

MƏSCİDDƏ

Bir gün Azər dolaşırkən… yüksək,
Ulu bir məbəd önündən keçərək,
Baqdı savrulmada hər pəncərədən
Duyğusuz göylərə çığlıq, şivən.
Pək məraq etdi, həmən girdi o da,
Şaşırıb durdu, nə dəhşət, əcəba!?
Toplaşıb bir yerə ipsiz dəlilər;
Kimi gürlər, kimi sızlar, inlər.
Kimi bir yanda çamurlar yüzünü,
Kimi dırnaqla didər qaş-gözünü.
Biri küllər savururkən başına,
Yalvarır digəri həp göz yaşına.
Kimi bir daş, kimi zəncir alaraq
Qəhr edər kəndini; gözlərdən iraq!..
Fırlayıb minbərə bir şeyx o zaman
“Əlverir söylədi fəryadü fəğan.
Yetişir inlədiniz, ağladınız,
Dul qadınlar kibi yas saqladınız.
Gəlin artıq azacıq kəndinizə,
Qanlı göz yaşları cənnətdə sizə
Əbədi zevq, səadət verəcək,
Olacaq həmdəminiz huri, mələk…”

Dinliyorkən onu hər kəs… birdən
Yeni bəhs açdı cəhənnəmlərdən.
Qorqudan titrəşərək həp təkrar
Mələşib ağladılar, ağladılar…
Ən nihayət bitirib sözlərini,
Açdı ətrafı süzən gözlərini.
Şimdi artıq sıra gəlmiş paraya,
Gümüş, altın birikib bir araya,
Doldu bir ləhzədə şeyxin qucağı,
Satılır altına cənnət bucağı.

Qaldı Azər şu tuhaf “alverə” mat,
Acılar duydu içindən, heyhat!..
“Nə əcayib sürü, yahu, bunlar,
Öndə rəhbərlik edər maymunlar.
Cühəla elm, fəzilət satıyor,
Xalqı əfsunlayaraq aldatıyor.
Kəndi əxlaqı sönükkən həpsi
Yeltənir verməyə əxlaq dərsi.
Sadə minbərdə deyil, çoq yerdə
Göz boyar həp şu qaranlıq pərdə.
Hanki bir sərxoşu söylətdim, inan
Bəhs edər, gördüm, o huşyarlıqdan.
Nerdə beş kölgə görür ördəklər
Başlayıb nitqə həmən saz köklər.
Rəqsi təlim ediyor aqsaqlar,
Əzəmət düşkünüdür alçaqlar.
Zevqə biganə səfillər bol-bol
Şerü sənətdə arar bir yeni yol.
Sadədil, hissə uyan abdallar
Həp siyasi kəsilib at nallar.
Bir yığın kor qılavuzluq yaparaq
Göstərir zülməti aydın, parlaq.
Hər gülər yüzdə ölüm, qan görürəm,
Pək yaqın dostları düşman görürəm.
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq…”

Süzdülər Azəri şaşqın-şaşqın…
Azərin dərdi başından aşqın,
Mütəəssir, düşünürkən, birdən
Gördü vaiz eniyor minbərdən.
Ona yaqlaşdı həmən pək sakin,
Saçıyorkən əsəbi gözləri kin.

Dedi: Şeyxim! Bir az da insaf et,
Nə olur, bir qadar da düz yol get.
Bizi qandırma; haq verib, haqq al,
Sən deyilsin namuslu bir baqqal.
Həp yalan sat da altın al, nə demək!?
Göz yaşından doğarmı huri, mələk.
Ən gözəl dindir iştə dini-həyat,
Başqa yol yoq, ya fənn, ya mevhumat!..
İstər uy dinə, istər uy fənnə,
Çağırır xalqı kəndi cənnətinə.
Biri nəqd iştə, nisyədir birisi,
Çoq olur bəlli, nəqd müştərisi.
Artıq əfsanə devri keçdi, yetər!
Oqşamaz ruhu əski bilməcələr.
Can çəkişdikcə köhnə zevqü şüar
Yeni bir cilveyi-dəha parlar.
O da yoq şübhə sarsılır bir gün,
Başqa bir ictihad olur üstün.
Əski dahilər “iştə haq” dedilər,
Çırpınıb bir həqiqət izlədilər,
O həqiqət bu gün xəyal oluyor,
Dünkü şən bağcalar bu gün soluyor.
Dəyişirkən, əvət bəşər qafası,
Dəyişir Tanrıının da siması.

Ş e y x

(çılğın)

Sus yetər, ah, şərəfsiz, Allahsız!..

A z ə r

Qızma, şeyxim, sizin yaratdığınız
Tanrı ölmüş də, yoqdur ağlayanı.