banner banner banner
Bakı – 1501
Bakı – 1501
Оценить:
Рейтинг: 0

Полная версия:

Bakı – 1501

скачать книгу бесплатно


Şahzadə qəlbində Bibixanımı «Sultanım xanım» adlandırır, gələcək haqqında arzularını getdikcə daha da dostlaşdığı Salehdən gizləmir, ona danışırdı.

Saray bir-birinə dəymişdi. Şahzadədə gözü olan bütün əşrəf qızları onun sadə bir «kəndçi qızına, ac-yalavac şıx qızına vurulmasını» eşitmişdilər. Saleh uzun götür-qoydan və mələkənin təkidlərindən sonra məsələni ona açmağa məcbur olmuşdu. Oğlunun xəstə yatağına düşməkdə olduğunu, bu eşqin cavan şahzadəni dəli-divanə elədiyini görən mələkə məsələni ataya – Şirvanşah Fərrux Yasara bildirmişdi. Fərrux Yasar əvvəlcə hirslənmişdi, sonra da həkimlərin oğluna çarə edə bilmədiklərini, onun gündən-günə zəiflədiyini görüb razılaşmışdı. Saraya o qədər kəndçi-kündçü evindən kəniz, cariyə gətirilir ki! Bu da onlardan biri.

Beləliklə də, Bibixanım istəyib-istəmədiyindən asılı olmayaraq yurdundan ayrılıb saraya gətirildi. Yalnız bu zaman qoca baba Şıx Kəbləli dindar zəvvarların kimliyini bildi, cavanların onun qapısına gəldiyi günə lənətlər yağdırıb xəzana düşmüş, bülbülü uçmuş həyətində tək qaldı.

Gəlin gətirilən günü mələkə bircə şərt kəsdi. Təzə gəlin onun saray dairəsində görünməyəcək, şahzadə üçün ayrılmış hərəm otaqlarında qalacaq. Ona tək bircə qulluqçu, bir də cariyə veriləcək.

İlk günlər qəribə bir xumarlıq içində keçdi. Doğma yurdundan, dost və rəfiqələrindən məhrum edilmiş Bibixanım «Sultanım xanıma» çevriləndən sonra bütün varlığı ilə gənc və yaraşıqlı ərinə bağlandı. Qazi bəy əvvəlcə anasının qoyduğu şərtə əhəmiyyət verməsə də, günlər keçdikcə bunun ağırlığını dərk etməyə başladı. Bütün ünsiyyətlərdən məhrum edilmiş Sultanım xanım dörd divar arasında qapanıb qalmış, özünə heç bir iş tapa bilmir, darıxırdı. Sarayda tәk qaldığı günlərdә babasının әncir ağacları ilә әhatә olunmuş balaca hәyәtini xatırlayırdı. Ata-anasını çox erkәn itirmişdi. Heç birini xatirinә gәtirә bilmirdi. Gözünü açandan özünü babasının dizi üstündә görmüşdü. Bir azacıq böyüyәn kimi qonşuları Xeyransa xalanın kömәyi ilә evin evdarlığını әlinә almış, biş-düş elәmәyә başlamışdı. Bundan sonra daha babası ev işlәrinә qarışmırdı. Günlәri şıxlarla pirin yanında keçir, zәvvar qәbul elәyib yola salırdı. Qız isә Xeyransa arvaddan әncir qurutmaqla nüskәndә, qaynadıb qurutmaqla şirbәdüşәndә düzәltmәk öyrәnir, әncir doşabında әdəvalı zincilfәrәc bişirir, üzüm vә tut qurudur, әncir riçalı, ağ şanı mürәbbәsi hazırlayır, qışa azuqә yığır, hazırlıq görürdü.

Yayın qızmar günlәrindә Xeyransa xalaya paltar-palaz yumaqda, yorğan-döşәk salmaqda kömәk edәrdi. Xәzri onları әldən salanda arvad gülә-gülә sәslәnәrdi:

– Qızım, sәn ananın ilkisәn, qaç bir əncir ağacını yellət.

Onda qız әncir ağacının dibinә qaçar, kövrәk budaqları tərpәdәr vә gülәrәk deyәrdi:

Mən anamın ilkiyәm,
Ağzı qara tülküyәm,
Xәzri get, gilavar gəl.

Belə vaxtlarda inanırdı ki, Xeyransa arvadın öyrətdiyi bu «ovsunu» oxuyan kimi xәzri kәsəcәk, sәrin gilavar gәlәcәk, daha gözlәrinә qum dolmayacaq, günün qabağına sәrdiyi kәhrәba kimi əncirlәri qum vurub xarab etmәyәcәkdi. Sonra da bu qurumuş әncirlәri ağ torbaya töküb qurd düşmәsin deyә ağzını tikәcәk, beləcə, hәşəratdan, tozdan qoruyacaqdı.

Əncir dәyәndә babası yuxudan tezdәn durar, acqarına ağacdan dərdiyi şirin, sarı әncirlәri yeyə-yeyə nәvәsini yuxudan oyatmaq üçün:

Əncir sabahi,
Doldur tabaği,
Aç qaşqabaği,
Ay sarı sabahi!..

– deyә oxuyar, nəvəsini də şәfalı meyvәlәrdən yemәyә çağırardı. Qız da gülərək:

Ənciri yemədün getdün,
Dәrdüvi demәdün getdün.

– deyib oxuya-oxuya babasına qoşulardı. Hәrdәn hәyәti süpürmәyә vaxtı çatmazdı, gecә әsәn xәzri onun «işini görәrdi». Sәhәr hәyәtin qumunu yayılmış, tәmiz görәndә deyәrdi:

– Hә, bax bir, baba, külәk gör hәyәti necә süpürüb!

Qoca gülәrdi:

– Hә, qızım, xәzri tәnbәl arvadların imdadına çatıb, bu gecә zir-zibillәrini ört-basdır elәyib.

Hәrdәn Xeyransa arvad ona «kişi sәni oğlundan da çox istәyir, heç o vaxtlar oğluna belә mehr saldığını, belә qucağına aldığını görmәmişdik», – deyәrdi. Bir dәfә babasından soruşdu:

– Baba, ay baba, deyirlәr, mәni ata-anamdan da çox istәyirsәn, düzdür?

– Düzdür, – kişinin gözlәri qıyıldı.

– Nöşün?

– Nәvә şirindir, şirin şeydir.

– Nöşün?

– Nöşünü yoxdur ki, qızım… Bax, ata-anan әkdiyim ağacdır, sәn dә onun meyvәsi… Heç görmüsәn, ağac yeyilә? Meyvәni yeyәrlәr, mәnim balam, meyvәni.

Bu sözlәrdən sonra qoca nәvәsini bağrına basır, saçlarını sığallayırdı.

İndi Qazi bәy olmayanda o gah babasının, gah da Xeyransa xalanın sәsini eşidir, kövrәlir, şirin uşaqlıq boğazını qәhәrlәndirirdi.

Qazi bәyi sevmәyindәn peşman deyildi. Amma doğma yurdu, hәyәti, qoca babası vә ona ananı, nәnәni әvәz edən qonşuları Xeyransa xala üçün çox darıxırdı.

Arabir Qazi bəylə qılınc məşqindən, ya ovdan qayıdanda qoca babaya baş çəkirdilər. Qız o saat ayaqqabılarını atıb qızıl qumlar üstündə ayaqyalın gəzir, quyudan su çəkir, babasının pal-paltarını yuyur, qab-qacağını qumla sürtüb təmizləyir, ev-eşiyə əl gəzdirirdi. Amma, bununla belə, bu gəlişlər yad qonaq təsiri bağışlayırdı. Qapının o biri üzündə səbirsiz köhlən kişnəyib onları çağırırdı. Qazi bəy onun iş görməsinə bir söz deməsə də, qızın qəfəsdən buraxılan təki nə edəcəyini lazımınca bilməyən, pərvaz etməyə qorxan quş kimi hərəkət etdiyini görür, dodaqlarında xəfif, istehzalı bir təbəssüm oynayırdı. Yəni «naxırçı qızı naxırçılığını arzulayar».

Qazi bəy saray şənliklərindən məhrum edilən Sultanım xanımı anasının acığına əsl bir saray mələkəsi kimi yetişdirmək arzusuna düşdü. Yavaş-yavaş özü bildiklərindən qıza öyrətməyə, ona dərs deməyə başladı. Sultanım xanım bilikləri elə təbii, fitri istedadla qavrayırdı ki, cavan müəllim işə daha böyük həvəslə girişdi. Az müddət ərzində qız oxuyub-yazmağa başladı. Şahzadə tez-tez gənc döyüşçü paltarı geymiş Sultanım xanımla atlanır, saraydan yalnız özünə və atası Şirvanşaha məlum olan gizli yolla seyrə çıxır, gözlərdən iraq bir yerdə onunla ox atır, qılınc oynadır, at çapırdı.

Belə səfərlərin birində Fərrux Yasar ilk dəfə gəlinini süvari geyimində, qılınc məşqi keçən gördü, uzaqdan xeyli seyr etdi və bəyəndi. Gəlinini yanına çağırdı, alnından öpdü.

Şirvanşah Fərrux Yasar saraya qayıdınca mələkəni hüzuruna dəvət etdi.

– Sultanım xanımı saray xanımları cərgəsinə daxil etməyin vaxtı çatıb, – dedi. – Qarşıdakı Mövludi-Nəbi bayramına onu da dəvət elə!

– Bu Sultanım xanım kimdir?

– Gəlinin! Sən onu hələ görməmisən?

– Görməmişəm. Görmək də istəmirəm.

Şirvanşah gülümsündü:

– Əbəs yerə. Əvvəl mən də elə düşünürdüm. Amma görəndən sonra anladım ki, oğlumuz yanılmayıb. O qız bizim əyan və əşrəf qızlarından heç bir şeydə geri qalan deyil. Əksinə, bəlkə, qat-qat üstündür. Çağırtdır. Özün görərsən.

Qazi bəyin fərəhdən uçmağa qanadı yox idi. Bununla belə, qonaqlıqdan əvvəlki bütün gecəni Sultanım xanıma təlim verməklə məşğul oldu. Anasının könlünü almaq üçün nə etməli olacağını gəlinə başa saldı.

Qız gözəllik aşiqi olan mələkəni öz təbii gözəlliyi ilə elə ilk baxışdan məftun etdi. Mələkə onun nəcibliyini, qabiliyyətini gördü, az müddətdə oxuyub-yazmaq və hərbi təlim öyrəndiyini biləndə fərəhləndi. Axı o da ana idi.

Beləliklə, bütün əyan xanımlarının həsədinə səbəb olsa da, Sultanım xanım həm qayınana və qayınatasının məhəbbətini, həm də nökər və qulluqçuların hörmətini qazandı.

Arabir atlanıb Bibiheybətə gedirdi. Hərdən qayınanasını da ziyarətə dəvət eləyirdi. Amma çox vaxt qoca babasının görüşünə tək yollanırdı. Şıx Kəbləli nəvəsinin sarayda kəniz deyil, şahzadə xanım olmasına sevinsə də, onun dəvətini qəbul edib saraya getmədi. Ömrünün sonunacan həyətində tənha yaşadı.

Zənbil içində keçən gün (davamı)

Günəş bir cida boyu qalxmamışdı ki, iri qapılar laybalay açıldı, gələn qoşunun başçıları içəri buraxıldı. Bəhram qazi geniş həyətdə atdan endi. Təəccüb içində idi. Rüstəm padşah ona sufi şeyxi İsmayıl ibn Şeyx Heydərin burada gizləndiyini və bir neçə qasidə rədd cavabı verildiyini, çocuğun amanda saxlandığını demişdi. O, Mirzəli hakimi yaxşı tanıyırdı. Cəngavər adam olduğunu bilirdi. Bilirdi ki, qapısından döyüşsüz bir at deyil, qatır da aparmaq olmaz. Əgər şeyx burda isə, darvaza gələnlərin üzünə nə üçün açılsın?

Hakim Mirzəli gələnləri gülərüzlə, əziz qonaqlar kimi qarşıladı.

– Buyurun, buyurun, Bəhram qazi, siz bu diyara xoş gəlmisiniz, səfa gətirmisiniz.

Gələnlər Mirzəli hakimin ardınca sarayın geniş otaqlarına daxil oldular. Səhər süfrəsi açıldı. Yemək-içmək gətirildi. Bəhram qazi başının adamları ilə bir qədər yeyib-içdikdən sonra üzünü Mirzəli hakimə tutub dedi:

– Padşaha çatan xəbərə görə, Ərdəbil sufilərinin şeyxi İsmayıl ibn Şeyx Heydər ibn Cüneyd burda, sənin amanındadır. Mənim adamlarımı belə xoş üzlə qarşıladığına görə sənə minnətdaram, qardaşım! Amma rica edirəm, əgər iş belə isə, ağzımızı boza vermədən şahın hökmünü icra et və İsmayılı təslim elə. Sənə sərkərdə sözü verirəm ki, o bizdə də amanda olacaq. Özü də şahın dost-doğma bibisi oğludur. Ona heç bir zaval toxunmaz.

«Guya Şeyx İsmayılın qardaşlarının həmin dayıoğlunun öz əli ilə öldürüldüyünü sən də bilmirsən, mən də». Mirzəli düşüncələrinin gözlərindən oxuna biləcəyindən ehtiyatla cəld dilləndi:

– Mən padşahımızın qasidlərinə həqiqəti demişəm. Şeyx İsmayıl adında adam mənim hökmümdə olan torpaqlarda yoxdur. İstəyirsən, əlimi Qurana basım, and içim.

– Nə olar. Mən də şahın hüzuruna gedib olanı deyərəm.

Qızıl suyu ilə işlənmiş qədim Quranı gətirdilər. Lahican qazısı ilə birlikdə qoşunun mollası da gəldi. Mirzəli yerindən durub saray hamamına keçdi. Başına üç qab su töküb qüsl elədi, pak oldu, dəstəmaz alıb məclisə qayıtdı. Sağ əlini Quranın üstünə qoydu. Həyətdə tutun sıx yarpaqları arasında budaqdan asılmış zənbilə tərəf baxmamağa çalışırdı. Sonra üç dəfə salavat çevirib hər bir kəlməsi yaxın və uzaqda durmuş padşah adamlarının beyninə həkk olunsun deyə ucadan səsləndi:

– Qurana and içirəm, İsmayıl ibn Şeyx Heydər ibn Şeyx Cüneyd mənim torpaqlarımda yoxdur. Onun ayağı mənim torpaqlarıma dəymir.

Bəhram qazi igid sərkərdə idi. Cəngavər bir döyüşçünün sözünə inanmadıqları səbəbindən and içməsinə xeyli mütəəssir olmuşdu. «Qəribədir, vallah! Dost-doğma bibisi balalarının ikisini yox eləyib, ürəyi soyumayıb. İndi də düşüb bir xırda uşağın dalına. Guya o, sağ qalsa, ölkə viran olacaq. Mən boyda kişi ilə bu hörmətdə bir zatı yüngülsaqqal eləyib». Bu düşüncələrlə də yerindən dikəlib dilləndi:

– And olsun indicə əl basdığın Qurana, nə qədər ki mən Rüstəm padşahın xidmətindəyəm, sənin qapın amanda olacaq! Məni bağışla, əmr qulu olmaqdan betər şey yoxdur dünyada.

Mirzəlinin qəlbinə bir rahatlıq gəldi. Mehribanlıqla qonağına cavab verdi:

– Nə danışırsan, qardaşım?! Məgər sənin vəziyyətini başa düşmürəm? Pis adamların dili lal olsun, padşahı da yoldan çıxaran, qulağını dolduran onlardır.

Bəhram qazi ev sahibi ilə vidalaşıb çıxdı. Qoşununu da çəkib getdi. Onlar heç yarım ağac evdən uzaqlaşmamışdılar ki, Mirzəli hakim İsmayılın havadan asılmış «həbsxana»sına yaxınlaşdı, öz əli ilə bağladığı ipləri açdı. Uşağın solğun sifətində gözləri çox iri görünürdü. «Solğun!.. Olar daa!.. Gün işığını harada görüb? Külbədə! Göyü harada görüb? Bacada! Yazıq uşaq!»

Gülümsəməyə çalışaraq dedi:

– Şeyxim, daha heç nədən qorxmaya bilərik. Mən Bəhram qazinin sözlərinə inanıram. Nə qədər ki şahın xidmətindədir, bizim ev də amandadır, sən də. Amma yenə də ehtiyatı əldən verməməliyik.

İsmayıl bu gedişlə Mirzəlinin sarayında tam altı il qaldı.

* * *

Qabaqda Bayram bəy Qaramanlı gedirdi. Atlı qoşun onun ardınca düz-dünyanı tutmuşdu. Bayram bəy çaya çatınca durdu. Bir atdöşü qədər ondan aralı gələn çarvadar-bələdçi Hüseynə dönüb dedi:

– Kür budur?

– Elədir, bəy!

– Nə lal axır?

– Lallığına baxma, bəy, adı kimi özü də kürdür.

– Bu çayı keçmək çətin olacaq?

– Elədir, qurban!

– Nə edək?

– Ayrı yol yoxdur. Ən dayaz, keçməli yer buradır.

– Bunun harası dayazdır?! – deyə Bayram bəy atının cilovunu çəkdi. Qoşun onlara çatdı. Kimisi çayın lap sahilində atını sulayır, kimisi yəhərdən enib əl-üzünə su vururdu.

Bayram bəy tərəddüd içində yəhərdə oturub qalmışdı. «Keçin» əmrini verməyə dili gəlmirdi. Atı bu dilsiz axan qorxulu, nabələd suya salmağa cürəti çatmırdı.

Birdən arxasında dayanmış atlılar aralandılar. Gənc padşah irəli gəldi. Üzü niqablı idi. Şeyx oğlunun üzünü natəmiz adamlar görməməli idi. Niqabı qaldırmadan Bayram bəy Qaramanlıya üz tutub dedi:

– Niyə durmusunuz? Niyə keçmirsiniz?

– Hökmdarım, atları bu sulara salmaqdan ehtiyat eləyirəm. Deyirəm, bəlkə, axtaraq, keçməli başqa bir yer tapaq.

– Bələdçi nə deyir?

– Buranı məsləhət bilir, hökmdarım!

«Qibleyi-aləmin» on dörd yaşı vardı. Amma onu yəhər üstündə görənlər iyirmisini haqlamış bir cavan zənn edərdilər. Hərbi zirehli geyimdə qədd-qamətli pəhləvana bənzəyirdi.

İsmayıl niqabın gözlüklərindən Bayram bəy Qaramanlıya iti bir nəzər saldı: «Görünür, sənin qəlbində düşmənə qarşı kin və qəzəb odu qalanmayıb. Görünür, sən körpə ikən İstəxr qalasında nəm zirzəmilərdə anan və qardaşlarınla birgə yatmamısan. Balışın daşlar, yorğanın buludlar olmayıb. Görünür, səni hər xısıltıdan gizlətməyiblər. Zənbilə qoyub ağacdan asmayıblar. İki qardaşın və bütün nəslin, arvadlı-kişili, uşaqlı-böyüklü qırılmayıb. Yox!.. Onda sən tərəddüd etməzdin. Mənim isə cismim düşmənə nifrət hissi ilə doludur».

Gənc hökmdar:

– Ardımca! – deyib qamçısını qaldırdı və atını birinci olaraq lal axan çaya vurdu. Bayram bəy, Lələ Hüseyn bəy, Div Sultan və başqa sərkərdələr gənc hökmdarın qətiyyət və cürətinə heyrət və iftixar edərək onun ardınca düşdülər. Onlar İsmayılın dalınca çayı keçdikcә gәnc hökmdarın nә isә dediyini gördülər. Lәlә Hüseyn bәy sükut işarәsi verdi vә dinlәdi. İsmayıl öz ordusunu ruhlandırmaq, ürәklәndirmәk, yaxın adamlarını daha da cürәtlәndirmək üçün oxuyurdu:

Nә yerdә әksәn bitәrəm,
Dada çağırsan yetәrәm,
Sufilәr әlin tutaram,
Qazilәr, deyin şah mәnәm.

Onun sakit, sadә sözlәrinin deyilişindә bir çağırış, qәlblәrә coşqunluq gәtirәn bir deyiş var idi. Bu sәs adamlarının qәlbini ümidlә doldurur, onlara inam tәlqin edirdi. Az sonra dostları, әrәnlәr, ozanlar bu sözlәri dillәrdә әzbәr edәn musiqi parçalarında oxuyub az qala ibadәt himninә çevirәcәkdilər.

Qırmızı taclı, boz atlı,
Ağır leşkərә nisbәtli,
Yusif peyğәmbәr sifәtli,
Qazilәr, deyin şah mәnәm.

Xәtaiyәm, al atlıyam,
Sözü şəkәrdәn dadlıyam,
Mürtәza Əli zatlıyam,
Qazilәr, deyin şah mәnәm.

Beləcə, ordu çayı keçdi. Bir nəfər də tələfat vermədilər. Sonuncu qızılbaş çayı adlayanda Lələ Hüseyn bəyin qəlbindən «şir balası şir doğular» sözləri keçdi. Zahirən gözəl, mənən pak gənc yetirməsinə görə qürur duydu. Sinəsindən hamını riqqətə gətirən «Afərin!» nidası qopdu. Səslər, nidalar göyləri dəldi, ordunu titrətdi.

– Şeyximiz, mürşidimiz min yaşasın!

– Var olsun mürşidi-kamil!

– Yaşasın şahımız!

Bir tayfanın sonu

Xəzərin sahilindən xeyli uzaqlarda Ləngəbiz dağ silsiləsinin lap qurtaracağında bir tayfa yaşayırdı. Tayfa karvan ayağından xeyli uzaq, şəhərlərdən aralı bir yerdə məskən salmışdı. Yüz illər idi ki, bu torpaqlar gündə bir cahangirin əlinə keçirdi. Gah monqollar, gah teymurilər, gah ağqoyunlu və daha bilmirəm kimlər gəlib-gedirdilər. Amma tayfanın bu keşməkeşlərdən, demək olar, xəbəri yox idi. Doğrudur, bir zamanlar hansısa islam təbliğatçısı bu yerlərə də gəlib çıxmış, onları islama dəvət etmiş, uzun müddət kənddə yaşamış, burada da ölmüşdü.