скачать книгу бесплатно
Mən bir susmaz duyğuyam ki…
Cəfər Cabbarlı
Kitabda Azərbaycan dramaturqu, şairi və nasiri, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının lirik və satirik şeirləri, hekayə və dram əsərləri, həmçinin ədəbi-tənqidi məqalələri yer almışdır.
Cəfər Cabbarlı
Mən bir susmaz duyğuyam ki…
ŞEİRLƏRİ
ANA
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər,
Min il vəz edələr dəhşəti-qiyamətdən.
Pələnglər tuta dövrüm, çəkinmərəm haşa,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə
Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı genə.
Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücilə mənə hökm edə olum təslim,
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Cücilə xalqa həqiranə eyləyim təzim?
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılım xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?
Ana! Ana!.. O adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Genə xəyal edərəm bəzmi-istirahətdir.
Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Dayanma, taqi-səmavi gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!
Mənə əsər eylərmi bu? Mütləqa yox! Yox! – Yox!!!
Fəqət Ana! O müqəddəs adın qabağında,
O pak bağrına bassın məni, desin layla,
Təbəssüm oynadaraq titrəyən dodağında.
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara hər aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
– Ana… Ana… Sənə mən rahibəm itaətdə!..
Aman… Aman!.. Bu müqəddəs vücudu mümkünmü
Ki, bir taqım canavar zülmnən şikar eləsin?!
Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək,
Ayaqlar altına topraq kibi nisar eləsin?!
Zəlilü-xar edərək məhbəsi-əsarətdə,
O şanlı qollarına zülminən vurar zəncir.
Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs?
Neçin də parlayıb etməz cahanı bir tənvir?
Aləmi, ədl-ədalət üzüldü dünyadən,
Neçin nəsibim edibsən bu zülm-dövranı.
Ey asiman dağıl, ey zöhrələr axın, tökülün
Ki, aləmi-bəşəriyyət unutdu vicdanı.
NOVRUZ BAYRAMINA HAZIRLAŞAN MÜSƏLMANLARA TÖHFƏ!
Pər vur, ey mürği-dili-zarim, bu möhnətxanədən,
Uçgilən balalərə, seyr et mədari-aləmi!
Aləmi-islamə bax! Bir yanda işrət bərqərar,
Bir tərəf fəryadə guş et, gör qurulmuş matəmi.
Bax, könül, baladən ol buz bağlayan səhralara,
Bax o çılpaq, ac yetimin naləvü fəryadinə.
Gör acından rəngi solmuş qızları xarü zəlil.
Varmı gör bir kimsə yetsin onların imdadinə?
Bir tərəf millət zəvalə üz tutub biixtiyar,
Bir tərəfdə xanimanlar tar-mar olmaqdadır.
Bir tərəfdə əğniyamız eyd üçün hazırlanır,
Musiqi avazəsindən nəşədar olmaqdadır.
Ey içən bəxti-səadət şərbəti, sirab olan,
Qarlar içrə ac qalıb can tərk edir ixvanınız!
Ey vuran fəryad içində tarə mizrabi-səfa!
Matəm içrə eyş olur?.. Yoxdurmu heç vicdanınız?!
Hər tərəf mövci-həlakət üz tutub ixvaninə,
Bunların halından, aya, kim xəbərdar olmalı?
İngilislərmi, firənglərmi və ya islamilər?
Kim yanıb qardaş qəmində çox dilazan olmalı?
Xaneyi-millət xərab olmaqda, imdad istəyir.
Ey ucaldan təqi-ərşə fəxr ilə kaşanələr!
Nerdədir “əl mömininə ixvətin” ayatı bəs?
Ey özün islamə daxil eyləyən biganələr!
Ey özün mömin bilənlər, imtəhan meydanıdır,
Qəlbiniz amalını etsin sübut amalınız.
Leyk, millət, can verir, siz eyşü nuş aludəsi,
Şər qanuninə mütləq ziddir əfalınız,
Bu zəlalət ərsəsində cismi-millət bisipər,
Tiqi-cəlladi-əcəl rədi-səma tək rəşədar.
Zülm ilə pamal olur millət, siz eyd etməkdəsiz.
Hökmi-Quran böylədirmi, söylə, ey biəğniya?
Ax, bu səslər kimləri imdadə səslər müttəsil?
Ax, bu əllər hansı bir qövmin dilər ehsanini?!
Kimlərə bu yaşla dolmuş gözlər olmuş intizar?
Ax, bu solğun xəstə kimdən gözləyir dərmanini?!
Bax, bu yanda gör tərənnümsüz olur sazəndələr,
Ax, nə xoş rəqs eyləyib əl oynadır rəqqasələr!
Gör nə zəninlə tamaşa eyləyir bu çeşmlər,
Ax, nə xoş kəskin şəfəq saçmaqdadır əlmasələr!
Ac yetimlər naləsi əflakə əksəndaz olur;
Əğniyalər süfrə qurmuş, eyd edir püriftixar.
Böylə bir millət yaşarmı? Bu nə cür bir sirdir?
Bəzi işrət, bəzisi ac, giryələr eylər nisar.
Ağla, ağla, ey yetim, imdadə səslə milləti!
Çal, çal, ey sazəndə, tarın başqa bir xülyası var!
Ax, ax, ey göz yaşları, səpil bəla tək mövcə gəl!
Tök, tök, ey saqi, şərabın dadlı bir sevdası var!
Lal ola, ya rəb, o dil imdadə gəldim söyləməz,
Kar ola ol naləyə guş etməyən cəlladlər!
Kor ola, ol kor olan gözlər ki, görməz zilləti,
Məhv ola ixvaninə rəhm etməyən şəddadələr!
Ar ola ol şəxsə kim, fəryad eşitməz, inləməz!
Ar ola ol şəxs əsla rəhmi yox, ehsanı yox!
Ar ola ol millətə kim, matəm içrə eyş edər!
Ar ola ol millət əfradinə kim, vicdanı yox!
BU HƏQİQƏTDİR Kİ…
Bu həqiqətdir ki, bir səslə edib aləm qəbul:
Sarsıdar əflaki birlik, ittifaqın qüvvəti.
İttihad ərbabinə aləm müti olmuş müdam,
Müttəhim bir millətin daim ucalmış şöhrəti.
Partlasın toplar, şrapnellər, tüfənglər, bombalar,
İttihadın qüvveyi-əzmi hər asan eyləməz.
Partlasın odlar, alovlar, ildırımlar, şölələr,
İttihadın odu qəlbi zərrə suzan eyləməz.
Qələlər, bürclər, dəmirlər və möhkəm istehkamlar,
Puç olar gər İttihadın tiği etsə ictihad.
Arkadaşlar, varlığın millət istərsə saxlasın,
Əlbəəl versin də, etsin ittihadi-ittihad.
HÜSEYN ƏRƏBLİNSKİYƏ
(Hüseyn Ərəblinskinin təşhi-cənazəsinə oxunan növhə)
Möhtərəm, ey sevgili yoldaşımız mərhum Hüseyn!
Çox çəkib cövrü-cəfa qardaşımız məzlum Hüseyn!
Zillət içrə etdim abad səhneyi-millimizi,
Xabi-qəflətdən oyatdın milləti-küllimizi.
Ac-susuz atdın özün bu kəşməkeş meydanına,
Millətin bir cam yetirdin səhneyi-ürfanına.
Səhneyi-milli səninlə bir təcəlla bulmada,
Sən vəli bir xaki-zülmətə şitaban olmada.
Çəkdiyin cövri-cəfanın intəhasın bilmədin,
Həsrətin qəlbində, bir cəllada can tərk eylədin.
Cismini millət qəmi çoxdandu milliləndirdi, ya
Qoymadı rahət səni, zatında cuş etmişdi ya!
Cəhd qıldın, tək çalışdın, səhnə abad eylədin,
Leyk, bir cəllad əlində qəlbin bərbad eylədin.
Xalq unutmaz xadimin, ey millətin dilarəsi,
Millətin ruhunda yer açmış şu qurşun yarəsi…
SEVDİYİM
(Azərbaycanın bayrağına)
Altun köksün hilal-yıldız, işıqları öpüncə,
Zirvəsindən Şah dağının gündoğuşu dinilür.
Rəhm Allahi gözəlliklər tanrısı tək pək incə,
Bir siyaqla könüllərə hey salamlar söylüyür.
O yerlərdə qardaşları, dostları var, pək sevir,
Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim.
Canalıcı bir görkəmlə dağ başında durunca,
Oxşadıqca bahar yeli açıq-dağnıq tellərin.
Nazlı əlin umuzunda saçlarına vurduqca,
Bir-bir oxşayırsan bütün Turan ellərin.
Altaylardan, Altun dağdan doğma sellər bəkləyor
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.