banner banner banner
Kukaraça
Kukaraça
Оценить:
Рейтинг: 0

Полная версия:

Kukaraça

скачать книгу бесплатно

Kukaraça
Nodar Dumbadze

Gürcü yazıçısı Nodar Dumbadzenin (1928-1984) yaradıcılığı özünün xüsusi səmimiliyi, yumoru və yüksək dramatikliyi ilə fərqlənir. “Kukaraça“ (1980) povesti Dumbadzenin ən güclü və təsirli əsərlərindən biridir. Hətta infarktdan sonra da yazıçı əsər üzərində işləməkdən qalmır: qəhrəmanının – sahə müvəkkili Tuşuraşvilinin həyatı, müəllifi bir anda sakit buraxmır. Anna İvanovnanın hətta qatı cinayətkar Murtalonun sətir altı sözləri Sovet İttifaqının heç də bitkin cəmiyyət olmadığını oxuculara ustalıqla göstərirdi. Bu mənada inanıram ki, indiki cavan oxucularımız üçün də bu əsər böyük maraq kəsb edəcəkdir.

Nodar Dumbadze

Kukaraça

Marta xalanın tut, şaftalı, albalı ağacları ilə əhatə olunmuş ikimərtəbəli evi Varazisxevi küçəsinin qurtaracağında yerləşirdi.

Yay gələndə məhəlləmizin uşaqları sərçə topası kimi ağaclara daraşar və Marta xalanın söyüşləri, qarğışları, hədə-qorxuları həyəti başına götürərdi.

– Düş ağacdan, od aparmış!

– Ay səni, görüm, boğazında qalsın, budaqları niyə sındırırsan?

– Səni görüm, gözsüz qalasan, yaramaz! Korsan, görmürsən gilas kaldı?!

– Ədə, Jora, o duz atan tüfəngi gətir bura!

– Oğru köpək uşağı, avaralar, həyasızlar! Ata-ananız kordu bəyəm? Yoxsa heç əkib-doğan olmayıb sizi? Ay allah, özün bunların qarnına sancı sal, ayaqları açılanda bilsinlər nədir haram mal tıxmaq.

Marta xala əlində zoğal çubuğu ağacdan-ağaca qaçar, nəhayət heydən düşər, çarəsi kəsilmiş halda həyətin ortasında oturub başlayardı bizi dilə tutmağa.

– Natella, qızım, sən axı müəllimə qızısan! Bu necə olur axı, anan Vagedə[1 - Tiflisdə rayon adı] dildən, ədəbiyyatdan, «Pələng dərisi geymiş pəhləvandan» dərs keçir, ancaq öz balasına bir gilə də tərbiyə verə bilmir, o boyda uşaq indiyəcən özününkü ilə özgəninkini ayıra bilmir?

– Ay-ay-ay! Dudu, bərəkallah, ay yekəbaş, mühəndis atan, şəhərin yarısını salan atan, sənə ev yarmağı da öyrədib ki, hə?!

– Ədə, ay ağıldan kəm, dişlərini niyə ağardırsan? Ay Qurisli! Kaş sən raykom katibi yox, xaşbişirən oğlu olaydın, verəydi əlinə çirkli, iyli qarınları, deyəydi apar Veryeyə[2 - Tiflisdə çay] yu, təmizlə. Ağıllı uşaqsan, gəl bura, sana qatıq verəcəm! Gəl də… Düş ağacdan deyirəm sana, qırışmalın biri qırışmal.

– Brodzeli, san də buradasan? Əlbəttə, əlbəttə, quldur, fırıldaqçı daha harada olar?.. Bu gün gilas oğurlayarsan, sabah özgənin mənzilini çalıb-çaparsan, bir gün də qatar soyarsan, dənizdə gəmiyə basqın edərsən…

– Bas bu kimdir belə? Kuçiko? Sən necə gəlib bura düşmüsən? Uf-f, görüm, küt başın yerə girməsin, yazıqsan!

– Ey-y, Kostya, yunan küçüyü! Xoş gəlmisiniz əlahəzrət, əcəb eləyib təşrif gətirmisiniz, buyurun, talayın bağı, halalınızdır. Yunanıstanda gilas, tut, nə gəzir axı?

– Bəs sən hara baxırsan, Kukaraça? Sən də elə dil pəhləvanısan! Quru-quru qırıldatmağın var, ay mən beləyəm, mən eləyəm! Adını da qoymusan sahə müfəttişi! Oğruların, dələduzların qənimi! Cavanların tərbiyəçisi! Lovğanın birisən! Tərbiyəçimə bax mənim! Heç vallah bilmirsən, hansı uşaq evindən çıxıb! Buna bir bax, qəhrəmana – qaragünə bax!

Bizim rayon milisinin sahə müfəttişi – Kukaraça – həqiqətpərəst, həssas, başqasının dərd-sərinə yarayan adam olduğundan hamının sevimlisiydi. Əgər kimisə taxtabiti belə dişləsəydi həmən dəqiqə şikayətə Kukaraçanın yanına gedəsiydi, heç bir vacib iş Kukaraçasız həll olunmazdı.

Sən demə Fin müharibəsindən döşündə Qırmızı Bayraq ordeni ilə qayıdan Kukaraça elə həmin gün rayon partiya komitəsinə gəlib iş istəyibmiş. «Bəs sən nə bacarırsan? – deyə partiya komitəsinin katibi ondan soruşanda, Kukaraça qayıtmışdı ki, «düşmənlərimizi gülləyə tutub məhv etməyi bacararam!» Katib gülümsəmiş, onu rayon milis şöbəsinə göndərmişdi. Sahə müfəttişimizin tərcümeyi-halı haqqında bildiyimiz elə bundan ibarətdir. Söz-söhbət gəzirdi ki, cəbhədə qəhrəmancasına vuruşubmuş. Bir də deyirdilər ki, həmin ordeni şəxsən Voroşilov özü döşündən çıxarıb, onun sinəsinə asıbmış. Özü də əlini çiyninə vurub deyibmiş:

– Əhsən, Kukaraça, dzalian karqi bici xar[3 - Sən yaxşı oğlansan]!

– Gürcü dilini hardan bilirsiz, Kliment Yefremoviç? – deyə Kukaraça təəccüblənibmiş.

Guya, Voroşilov da Kukaraçanın sadəlövhlüyünə gülümsəyib, cavab veribmiş ki:

– İosif Vissarionoviç öyrədib.

Bu işin, doğrudan da, belə olub-olmadığını Kukaraçadan soruşanda, o, diplomatik tərzdə cavabdan yayınar, nə hə, nə də yox deyərdi.

– Əşi, oralarnan nə işiniz… Gəlin sizə danışım, görün, necə almışam bu ordeni… – Və bəlkə də azı yüzüncü kərə danışmağa başlayardı.

…Sən demə, Kukaraça öz tankıyla tanklara qarşı qazılmış çalaya yuvarlanır. Hə qədər əlləşir, nə düşdüyü çaladan çıxa bilir, nə də bizimkilərə məlumat verə bilir. Üzülüb əldən düşən, yorğun Kukaraçanı yuxu aparır. Bir də ayılır, görür ki, tankın həndəvərindən səs-küy gəlir. Hə, di gəl indi bacar bunlarnan! Finlərin iki yüngül tankı çalaya yaxınlaşır. Kukaraçanın tankını qoşqu troslarıyla bağlayıb çəkməyə başlayır. Kukaraça da özünü ölmüşlüyə qoyub, səsini çıxarmır, dilini dişləyib susur. Finlər tankı çuxurdan dartıb öz mövqelərinə doğru aparanda, Kukaraça fikirləşir: – «Yox, belə olmaz. «Bir az da sussaq əsir düşəcəyik!» Elə buradaca o öz maşınını işə salır, cəld çevirib sürəti artırır və finlər gözlərini açanacan onların yüngülyaraq tanklarını öz arxasınca çəkib aparır… Beləcə sağ-salamat özününkülərə yetişir. Doğrudur, finlər öz tanklarından düşüb əkilirlər, əşi qoy əkilsinlər.

Burda Kukaraça öz hekayəsini kəsər, Kliment Yefremoviç Voroşilovla aralarında olan söhbətin əsl məzmunu beləcə sirr olaraq qalardı.

Səhər obaşdan Tsxnetidən[4 - Tsxneti – Tiflis yaxınlığında kənd adı] Tiflisə gələn qatıq satanlar öz eşşəklərini Marta xalanın həyətində saxlayır, qatıq qablarıyla dolu xurcunlarını çiyinlərinə aşırıb «Qatıq ala-a-a-n, qatıq a-la-a-a-n, süd var ha-a-a çığıra-çığıra küçələri, həyətləri dolaşardılar.

Günortadan keçmiş, mallarını satıb qurtarandan sonra, yenidən həyətə toplaşar, uzunsov taxta stolun ətrafında əyləşib, bala-bala adama bir şüşə kaxeti şərabı içər, arabir də uzun-uzadı tostlarına ara verib, gün ərzində eşidib öyrəndikləri yeniliklərdən danışar, laqqırtı vurardılar.

Biz Marta xalanın həyətinə «eşşək cıdırı» adı qoymuşduq.

Hərdən tsxnetili qatıq satanlar bu həyətdə öz uzunqulaqlarının cıdırını keçirərdilər. Start qapının böyründə, finiş çəpəri ayağında, məsafə də ki, 25–30 metr. Ötüşməyə özləri utanardı, ya da həvəsləri gəlməzdi deyən, biz uşaqlardan jokey tutardılar. Qalib gələnə bir qab qatıq verir, məğlub olanı isə məsxərəyə qoyardılar.

Yəqin ki, hər eşşəyin öz adı vardı, bizsə onları sahiblərinin adıyla çağırardıq.

…O gün də içib dəmlənmiş qatıq satanlar məzələnmək istədilər. Beş manat uduş təyin etdilər.

Mən Kitesenin, Natella Arşakın, Dudu Şakronun, İraça İmedonun, yunan Kostya isə Xalvatenin belinə mindi. Düzdür, burada yenə eşşəklər vardı, amma onlar birinci turda iştirak etmədilər – çünki qaçış yolunun eni yarışların sayını istər-istəməz məhdudlaşdırırdı. Hakim rolunda Marta xala çıxış edirdi.

Marta xala üçəcən sayır və cıdır başlayırdı. Eşşəklər qulaqlarını gülməli şəkildə tərpədərək, dırnaqlarını yerə vura-vura finişə doğru götürülürdülər. Eşşək sahibləri səslərini qaldırıb qızğınlıqla bizi ruhlandırırdılar:

– Tez ol! Yeri çər dəymiş, arpanı sənə boş yerə yedizdirmişəm?!

– Qulaq as, bico[5 - Bico – uşağa, balacaya müraciət.], bir az da arxada əyləş, yeyin gedər onda!

– Ona bax! Eşşək ki, eşşək! Yerində mıxlanıb qalıb. Dəhmərlə, dəhmərlə!

– Əhsən, qıza! Bax buna deyərəm ötüşmək! Gör nə çatdadır! Əhsən!

– Ay sizi, fərsizlər! Qız da ötdü sizi!

Natellaya bir qab qatıq, Arşaka bir beşlik, mənim gündəyməziməsə bir şapalaq düşdü… Elə ikinci tura hazırlaşırdıq ki, birdən dostumuz Zevera rəngi kətan kimi ağarmış halda həyətə atıldı və tükürpərdən bir səslə bağırdı:

– Kukaraçanı vurublar!

Həyətə çökən qeyri-adi sükutdan hətta ağacdakı sərçələr də diksindilər.

Zevera bu səfər sakit-sakit dilləndi:

– Camaat, Kukaraçanı vurublar…

– Kim? – Marta xala uzun sürən sükutdan sonra xəbər aldı.

– Bilmirəm, – Zevera çiyinlərini çəkdi.

– Harda? – Marta xala bir də sual verdi.

Zevera əliylə göstərdi.

– Kaosuleti dikində.

– İnqanın evində?

Zevera başıyla təsdiq elədi. Marta xala şalı başından atıb həyətdən çıxdı.

On dəqiqə keçmiş bütün məhləmiz İnqagilin evinin dövrəsində idi.

Şəfqət bacılarıyla iki milis Kukaraçanı xərəkdə çıxarırdılar. Huşu özündə deyildi. Gülləylə iki yerdən deşilmiş sinəsindən qan sızırdı. Xərəyin yanıyla yanaqları cırmaqlanmış, üz-gözü əyilmiş İnqa irəliləyirdi. O tez-tez xərəyə sarı əyilir, dəhşətdən böyümüş gözlərini qana boyanmış Cunaya zilləyib pıçıldayırdı:

– Ölmə, Kukaraça, məni bədbəxt eləmə… Səni ananın canına and verirəm, Kukaraça, ölmə… Kim inanacaq ki, mən günahsızam… Kukaraça, əzizim, ölmə, xahiş eləyirəm…

Xərək təcili yardım maşınına çatmamış yaralı huşa gəldi.

– Kukaraça, əzizim, ölmə… – İnqa xərəyin böyründə diz üstə çökdü.

Kukaraça onu dövrəyə alan adamları dumanlı nəzərlərlə süzdü.

– Ölmə, ölmə, Kukaraça, xahiş eləyirəm… – İnqa təkrar elədi. Bədbəxt olaram mən, Kukaraça, inanmazlar mənə…

– Sus… – Kukaraça güclə pıçıldadı, – get burdan… Sən burda olmamısan… Eşidirsən? Get…

– Kukaraça!..– İnqanın dodaqları Kukaraçanın əllərini öpüşə bürüdü.– Mənim əzizim… Əzizim…

Kukaraça daha eşitmirdi, gözləriylə kimisə axtarırdı, nəhayət axtardığını tapdı:

– David!

Rayon milis şöbəsinin rəisi camaatın arasından irəli çıxdı.

– David, bilirsən?!. Bu qadın mənim arvadımdır… Özü də təmizdir, o, bax, yanaqlarına süzülən göz yaşı qədər təmizdir… Başa düşdün?!

David başını tərpətdi. Kukaraçanın quru dodaqlarına sakit təbəssüm qondu.

– İnqa, – deyə o davam elədi,– hər yan dumandı… çəhrayı duman… Mən səni görmürəm… Ay səni Murtalo, alçaqcasına vurdun məni, murdar köpək oğlu… – Kukaraça təəssüflə başını yellədi, sonra gözlərini qaldırıb İnqaya baxdı, əlini onun üzünə sarı uzatdı. Əl ani olaraq havada donub qaldı və üzülmüş halda yanına düşdü.

Ləyaqətlə öldü Kukaraça, ahsız-ufsuz, səssiz-səmirsiz, üzündə təbəssüm öldü milis leytenantı Georgi Tuşuraşvili…

* * *

Təzə mənzilimizdə ilk qonağımız (biz Anastasyevskidən akademik Marr küçəsinə köçmüşdük) ucaboylu, qarayanız, yaraşıqlı milis leytenantı oldu. Anam qapını açan tək, o, icazəsiz-filansız içəri girdi, birbaş mətbəxə keçib, stulda əyləşdi.

– Siz kimsiniz, nə lazımdır sizə?– deyə bu naməlum adamın həyasızlığından çaşmış anam soruşdu.

– Mən, hörmətli… – leytenant necə müraciət edəcəyini bilmirdi.

– Aniko!– deyə anam sərt səslə köməyə gəldi.

– Mən, hörmətli Aniko, Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının Tiflis şəhər Orconikidze rayon şöbəsinin sahə müfəttişin Georgi Tuşuraşviliyəm, ləqəbim də Kukaraça[6 - Kukaraça – çox qara mənasında], – leytenant bu sözləri bir nəfəsə söylədi.

– Ləqəbin pis seçilməyib, – anam güldü.

– Hə… Qara rəngi allah məndən əsirgəməyib.

– Tamamilə düzdür.

– Məni elə beləcə də çağıra bilərsiniz – Kukaraça!

– Siz elə bu sözü deməkçün təşrif gətirmisiz?

– Yox, əlbəttə, yox! Mən rayonumuzda yaşayan bütün yeniyetmələri qeydə alıram, belə ki, mənə onların evdən, məktəbdən kənarda davranışlarını izləmək tapşırılıb – Kukaraça planşetindən bir ümumi dəftər, qələm çıxartdı.

– Hörmətli… e-e-e… Kukaraça, təsadüfən siz ünvanı səhv salmamısız ki? – deyə anam soruşdu.

Leytenant istehzanı başa düşməyib, ciddi cavab verdi:

– Yox, siz nə deyirsiniz! Marr küçəsi, ev 2, birinci blok, dördüncü mərtəbə, mənzil 8, Vladimir İvanoviç Qurieli. Yoxsa səhv eləyirəm?

– Özü də böyüyündən! Mənim ərim rayon partiya komitəsinin birinci katibidir, bizim milislə heç bir əlaqəmiz yoxdur və ola da bilməz, nə qədər ki, canım sağdır, oğlumun tərbiyəsiylə bir kəsin məşğul olmasına ehtiyacım yoxdur… – Anamın sifətini qırmızı ləkələr bürüdü. – Sizə də məsləhət görərdim ki, tərbiyəli ailələri yoxlamaqdansa, xuliqanlarla, oğrularla məşğul olaydınız. Bildiniz.

– Elə deməyin, hörmətli Aniko! – deyə Kukaraça sakitcə cavab verib dəftəri qapadı.

– Mən nə dediyimi bilirəm. Mənim uşağımın hələ on iki yaşı yoxdur! Hansı milis qeydiyyatından söhbət gedə bilər?

– Elə deməyin, hörmətli Aniko!– deyə leytenant təkrar elədi.

– Əşi, nə başlamısan «elə deməyin, elə deməyin». Xahiş eləyirəm bir də belə işlərə görə özünüzü bərkə salıb qapımızı döyməyin! – Anam qalxdı. Leytenant da qalxdı.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)