banner banner banner
Amerika faciəsi
Amerika faciəsi
Оценить:
Рейтинг: 0

Полная версия:

Amerika faciəsi

скачать книгу бесплатно

Amerika faciəsi
Teodor Drayzer

Dünya şöhrətli Amerika yazıçısı Teodor Drayzerin 1925-ci ildə yazdığı “Amerika faciəsi” onun şah əsəri hesab olunur.

Romanda küçə vaizlərinin oğlu olan, sıravi amerikalı Klayd Qrifitsin taleyindən danışılır. Müəllif göstərir ki, saxta idealların hökm sürdüyü bir quruluşda ruhu xilas etmək mümkün deyil. Vaizlərin oğlu valideynlərinin yolu ilə deyil, nəfs yolu ilə gedir. Əxlaqı pozulur, namuslu həyat sürən məsum Robertanı yoldan çıxarır. Cəmiyyətdəki “yüksək təbəqənin” üzvlüyünü qazanmaq istəyən Robertanı öldürməklə nəticədə özünü də məhv edir. Yazıçı bu əsəri ilə Amerikanın sosial həyatının və kapitalizmin eybəcər və dəhşətli üzünü göstərmişdir.

Bu kitabda “Amerika faciəsi”nin üç hissəsindən 2-cisi təqdim olunub.

2

TEODOR DRAYZER

AMERİKA FACİƏSİ

Roman

2-ci kitab

I FƏSİL

Likurq şəhərində (iyirmi beş min əhalisi olan bu şəhər, Utika ilə Olben arasındakı yolun ortasında, Nyu-York ştatın-da yerləşmişdir) Semyuel Qrifitsin evi. Nahar vaxtına az qal-mışdır, yavaş-yavaş bütün ailə yemək otağına toplanır. Bu gün nahar həmişəkinə nisbətən daha səliqə ilə hazırlanmaq-dadır, çünki ailənin başçısı mister Qrifits dörd günlük səfər-dən sonra şəhərə yenicə qayıtmışdır: o, Çikaqo şəhərində yaxalıq və köynək istehsal edən fabrikantların qurultayında iştirak etmişdi. Qərb ştatlarındakı fabrikantların, – bu yeni baş qaldıran rəqiblərin, qiymətləri aşağı salması, şərq ştatla-rının fabrikantlarını da öz növbələrində, qiymət barəsində bir sazişə gəlməyə məcbur etmişdi. Bu gün günortadan son-ra, Semyuel Qrifits evə telefon edib, qayıdıb gəldiyini və elə bu saat bir-baş fabrikə, kontora getdiyini, nahara qədər ora-da olacağını xəbər vermişdi.

Missis Qrifits, özünə möhkəm surətdə inanan və çox na-dir hallar istisna edilərsə, özünün hər bir mülahizəsini və qə-rarını nöqsansız və qəti hesab edən fəal təbiətli ərinin rəfta-rına çoxdan alışmışdı, buna görə bu dəfə də o, ərinin hərəkə-tinə heyrət etmədi. Əri lazım olan vaxt evə gəlib onunla gö-rüşəcəkdi.

Missis Qrifits ev işlərinə baxan, çox çirkin, lakin olduqca işgüzar bir qadın olan missis Trusdeyl ilə məsləhətləşərək, ərinin qoyun budunu bir çox başqa yeməklərdən üstün tut-duğunu bildiyi üçün, nahara quzu qızartması hazırlamasını tapşırdı. Nahara lazım olan tərəvəz və çərəz seçilib qurtar-dıqdan sonra missis Qrifits yenə də öz həmişəki fikirlərinə qərq oldu: o böyük qızı Mayranın taleyini düşünürdü, May-ra artıq bir neçə il bundan əvvəl Smitin kollecini qurtarmış, lakin bu vaxta qədər ərə getməmişdi. Missis Qrifits bunun səbəbini yaxşı anlasa da, heç vaxt etiraf etmirdi. Mayra çir-kin idi. Onun burnu çox uzun, gözləri bir-birinə çox yaxın, çənəsi, yaraşıqlı bir qız görkəminin tələb etdiyi qədər yuvar-laq deyildi. Adətən, Mayra həmişə həddindən artıq dalğın və ciddi görünür və demək olar ki, yerli cəmiyyətin həyatı ilə əsla maraqlanmırdı. O, adamlarla rəftar etməyi belə ba-carmır, üstəlik hətta bəzi çirkin qızların belə malik olduqları bir istedadın, yəni kişilərin diqqətini özünə cəlb etmək baca-rığından tamamilə məhrum idi. Anası başa düşürdü ki, Mayra çox kəskin, çox tənqidi bir zəkaya malikdir və zehni inkişafı nöqteyi-nəzərindən öz mühitindən yüksəkdə dur-maqdadır.

Mayra cah-calal içərisində böyümüş, həyatını təmin etmək üçün heç bir qayğı ilə üz-üzə gəlməmişdi, lakin onun qarşısında başqa çətin bir məsələ durmuşdu: o cəmiyyətdə özünə mövqe qazanmalı və onu sevən bir ər tapmalı idi – gözəllikdən məhrum olan bir qız üçün isə bu iki məqsədə çatmaq, bir dilənçinin milyoner olması qədər çətin bir iş idi. Budur, artıq on iki il idi ki, (yəni Mayra on dörd yaşına girdiyi zamandan bəri) o ətrafındakı gənc oğlan və qızların nə qədər şən və qayğısız yaşadıqlarını müşahidə edir, özü isə daim mütaliə və musiqi ilə məşğul olurdu, həmişə ya-raşıqlı geyinmək üçün əndişə çəkir və tanışlarını yalnız ona görə ziyarət edirdi ki, bəlkə bir gün onunla maraqlanan birisinə rast gələ bilsin: bu isə Mayranı kədərli etmiş, demək olar ki, onda bir qəddarlıq və rəhmsizlik yaratmışdı, halbuki maddi cəhətdən, onun və ailəsinin həyatı son dərəcə firavan bir həyat idi.

Mayra indicə anasının otağından keçib, dünyada hər şe-yə tamamilə laqeyd bir görkəmlə öz otağına çəkilmişdi: anası onu belə bir əhvali-ruhiyyədən çıxartmaq üçün fikirlə-şir, çarə axtararkən kiçik qızı Bella yüyürüb otağa girdi. Bel-la məktəbdən qayıdarkən zəngin qonşuları olan Fincligilə baş çəkmiş və indi oradan birbaş evlərinə qayıtmışdı.

Bella, ucaboylu, solğun simalı, əsmər bənizli bir qız olan böyük bacısına heç oxşamırdı. Bella bacısına nisbətən al-çaqboylu, lakin ondan zərif və eyni zamanda daha möhkəm idi. Bellanın demək olar ki, tamamilə qara gur saçları vardı, əsmər rəngli üzündən həmişə odlu bir qırmızılıq yağırdı, şən, qonur gözləri dünyada hər bir şeyə qarşı həris bir maraqla işıldayırdı, bədəni elastik, cəld tərpənən əlləri və ayaqları qəşəng idi. Bu qızdakı həyat qüvvəsi sanki aşıb-daşırdı. O, sadəcə ətrafındakı hər bir şeyi sevir, həyatı olduğu kimi qə-bul edib nəşələnir və buna görə də bacısından fərqli olaraq, qarşısı alınmaz bir qüvvə ilə, – kişiləri, oğlanları, qadınları, qocaları və cavanları – hamını özünə cəlb edirdi. Əlbəttə, ata-anası da bunu aydın olaraq görməkdə idilər. Bella tərəf-dən nigarançılıq çəkmək lazım gəlmirdi: vaxtında onun istə-diyi qədər nişanlı namizədləri olacaqdı. Anası bu fikirdə idi ki, elə indidən Bellanın ətrafında fırlanan bir çox gənclər və yaşlı kişilər içərisindən qızı üçün əlverişli bir ər seçmək la-zımdır. Bella çox asanlıqla, nəinki yerli cəmiyyətin qayma-ğını təşkil edən qədim və mühafizəkar ailələrin uşaqları ilə, eyni zamanda anasının çox böyük narazılığına səbəb olaraq, – cəmiyyətdə təzəcə yüksəlmiş və buna görə də az etibara malik ailələrin oğlanları və qızları ilə, məsələn, donuz qaxacı yaxud konserv bankaları və ya elektrik süpürgəsi, taxta və hörmə şeylər, yaxud yazı maşınları istehsal edən fabrikant-ların uşaqları ilə də dostlaşırdı ki, bütün bu adamlar olduqca zəngin adamlar idi. Lakin Likurq şəhərində onları “mənsəb axtaran”, layiq olmadıqları mərtəbəyə qalxan adamlar hesab edirdilər, missis Qrifitsin fikrinə görə Bella bütün bu dostları ilə həddindən artıq rəqs edir, çox tez-tez restoranlara gedir və nəzarətsiz bir halda, avtomobildə bu şəhərdən o şəhərə, o şəhərdən bu şəhərə gedirdi. Lakin bununla belə Bella öz bacısından nə qədər fərqlənirdi! Kiçik qızının fikri ana üçün nə qədər asan bir məsələ idi! Ana yalnız bir müddət, yəni Bella etibarlı bir adam tapıb kilsənin xeyir-duası ilə ərə ge-dənədək ona göz yetirmək lazım gəldiyini bildiyi üçün, qızı-nın bir çox tanışlıqları, aludəçilikləri və əyləncələrindən nəinki bir təlaş duyur, eyni zamanda bunlara qarşı etiraz edirdi: ana öz qızını qoruyurdu.

Bella yüyürüb içəri girdi, qoltuğundakı kitabları bir tə-rəfə atıb qalanmış buxarıya yaxınlaşdı, missis Qrifits başını qaldıraraq:

– Harada idin? – deyə kiçik qızından soruşdu.

Bella anasının sualına əhəmiyyət verməyərək:

– Bilirsən, nə var, ana, – deyə şən bir halda sözə baş-ladı. – Finclilər artıq Qrinvud yanındakı malikanələrindən imtina etmək istəyirlər. Onlar bu il Pay-Poynt yanındakı On ikinci gölə getməyə hazırlaşırlar, orada özləri üçün yeni yay malikanəsi tikəcəklər. Sondra deyir ki, indi onların bu yeni malikanələri köhnə malikanə kimi sudan uzaq olmayacaq, lap gölün yanında olacaq. Orada parket döşəməli böyük bir veranda tikiləcək. Qayıq saxlamaq üçün xüsusi böyük bina düzəldəcəklər, – bilirsən, mister Fincli oğlu Stüart üçün otuz fut uzunluğunda motorlu bir qayıq almaq fikrindədir. Bu lap qiyamət olacaq, yox? Sondra deyir ki, anan icazə versə, sən də oraya gəl, istəsən lap bütün yayı orada qalarsan. Qil də istəsə oraya gedə bilər. Onların malikanələri Emeri Loc ilə İst-Qeyt oteli qarşısında, gölün o biri sahilində olacaqdır. Fentlərin yay malikanəsi isə, – bilirsən hansı Fentləri deyir? Utikadan gələnləri, bir az kənarda, Şeyronun yaxınlığında olacaq. Lap qiyamətdir, deyilmi? Siz də atamla orada yay malikanəsi tiksəydiniz, çox yaxşı olardı. Məncə indi mötəbər adamlar hamısı oraya gedirlər.

Bella ara vermədən danışır, gah içərisində odun yanan buxarının, gah da evin qarşısındakı çəmənliyə açılan pəncə-rələrin yanında fırlanırdı; çəmənliyin arxasında Uikiqi-aven-yu küçəsi uzanır və indi orada qış axşamının qaranlığında, bir-birinin ardınca fənərlər alışıb yanırdı. Bella birnəfəsə ürə-yində nə qədər sözü varsa hamısını deyib qurtarmamış anası ağzını açıb bir kəlmə də olsun danışa bilmədi, nəhayət, anası dedi:

– Doğrudanmı? Belə de! Bəs Entonilər, Nikolsonlar və Teylorlar? Mən onların Qrinvud gölünü tərk edib gedəcək-ləri barədə heç bir şey eşitməmişəm.

– Əlbəttə, nə Entonilər, nə Teylorlar öz yerlərindən köçmürlər. Onlar heç yerlərindən tərpənə bilərlər? Onlar çox köhnə modalı adamlardır, başqa yerə köçən adam deyillər. Heç kəs onlardan belə bir şey gözləmir də. Ancaq fərqi yox-dur, sən özün bilirsən ki, Qrinvud gölü On ikinci gölün tayı deyil. İndi cəmiyyətdə özünə görə az-çox yer tutan hər kəs On ikinci göl yanına köçməkdədir. Sondra deyir ki, Krens-tonlar da gələn il köçəcəklər, onlar köçəndə əlbəttə Qarriet-lərdən köçəcəklər.

– Krenstonlar, Finclilər, Qarrietlər, Sondra – deyə, Bel-lanın anası həm gülümsəyərək, həm də acıqlanaraq təkrar etdi. – Mən bu günlər elə ancaq Krenstonlar haqqında, sənin haqqında, Bertina və Sondra haqqında eşidirəm.

Krenstonlar və Finclilər aşağı təbəqədən yüksəlib zən-ginləşmiş adamlar idilər. Likurq şəhərinin yüksək cəmiy-yətində bir qədər hörmət və müvəffəqiyyət qazanmışdılarsa da, eyni zamanda hər kəsdən artıq, ən bədxah dedi-qodular üçün daimi bir mövzu təşkil edirdilər. Onlar Olbenidən bu-raya “Krenston hörmə məlumat şirkətinin” – Buffalodan isə “Finclinin elektrik süpürgələri şirkətini” gətirmiş, Moqauk çayının cənub sahilində böyük fabriklər Uikiqi-avenyu kü-çəsində cah-calallı yaşayış evləri və Likurqdan iyirmi mil şi-mal-qərbdə, Qrinvud gölü yanında yay malikanələri tikdir-mişdilər. Onlar çox firavan bir həyat sürərək, hər yerdə öz-lərini irəli verirdilər, bu isə Likurqun qədim sakinləri olan yerli zənginlərin xoşuna gəlmirdi. Aşağıdan yüksəlib qalx-mış bu adamlar, son moda üzrə geyinir, avtomobil sportun-da və digər əyləncələrdə hər cür yeniliklər tədbiq edir, buna görə də daha az dövlətə sahib olan bu vaxtadək öz vəziyyə-tini, öz həyat tərzini kifayət qədər möhkəm və xoş hesab edən, bundan daha yaxşı heç bir şey arzu etməyən yerli zən-ginlər bu adamlarla yarışa girə bilmirdilər. Bir sözlə, Krens-tonlar və Finclilər həddindən artıq təkəbbür göstərirdilər. Həddindən artıq inadkar idilər, buna görə də Likurq “cə-miyyəti”nə göz dağı olmuşdular.

– Bella, sənə neçə dəfə demişəm ki, bu Bertina və onun qardaşı Letta Qarriet ilə sənin dostluğun xoşuma gəlmir. Onlar həddindən artıq ötkəmdirlər, həmişə vurnuxurlar, ağızlarını boş qoyub çox danışırlar və hər yerdə özlərini gözə soxmağı sevirlər. Sənin atan da onlara eynilə mənim kimi əlaqə bəsləyir. Sondra Fincli isə nahaq yerə elə düşünür ki, eyni zamanda hamı ilə dost olmaq mümkündür. O, Bertina ilə dostluğundan əl çəkməsə, sən ondan ayrılmalı olacaqsan. Sonra mən güman etmirəm ki, atan sənin təkba-şına bir yana getməyinə icazə versin. Sən hələ o qədər böyü-məmisən. Finclilərin On ikinci göl yanındakı yay malikanə-ləri məsələsinə gəldikdə, bilməlisən ki, biz hamımız oraya gedəcəyik, yaxud da bizdən heç kəs təkbaşına oraya getmə-yəcək.

Missis Qrifitsə, çox da dövlətli olmasa da qədimdən Li-kurqda yaşayan ailələrin həyat tərzi və adətləri, gəlmə ailələ-rin həyat tərzinə nisbətən daha çox xoş gəlirdi. İndi o öz qı-zına məzəmmət və sərzənişlə baxmırdı.

Lakin Bella anasının bu sözlərindən əsla özünü itirmə-di və əsəbiləşmədi. Bella anasını yaxşı tanıyır, anasının onu dəlicəsinə sevdiyini, qızının gözəlliyi ilə fəxr etdiyini, atası kimi, onun cəmiyyətdəki müvəffəqiyyətləri ilə öyündüyünü bilirdi: atası Bellanı, nöqsansız, kamil bir məxluq hesab edir, qızın təbəssümü qarşısında yumşalıb həmişə güzəştə gedir, Bella isə bundan çox tez-tez istifadə edirdi.

– Hələ böyüməmisən, hələ böyüməmisən – deyə Bella məzəmmət dolu bir səslə təkrar etdi. Siz məni lap uşaq elə-misiniz, halbuki iyul ayında mənim on səkkiz yaşım tamam olur. Mən bilmək istərdim ki, siz və atam nə vaxt məni bö-yümüş hesab edəcəksiniz, nə vaxt mənim artıq dayə və baxı-cıya ehtiyacım olmadığını başa düşəcəksiniz? Nə vaxta qə-dər siz məni tək başıma heç bir yana buraxmayacaqsınız? Nə üçün axı siz bir yana gedəndə gərək mən də sizinlə gedəm, yaxud mən özüm birtərəfə getmək istədikdə gərək siz də mənimlə gedəsiniz?

– Bella! – deyə anası səsini qaldırıb qızına gözünü ağartdı. Aralığa qısa bir sükut çökdü; Bella səbirsizliklə dayanıb gözlədi. Missis Qrifits əlavə etdi: – Bəs səncə, biz nə etməliyik? Vaxt gələr sənin iyirmi bir yaxud iyirmi iki yaşın tamam olar – o vaxta qədər hələ ərə getməmiş olsan biz səni təkbaşına buraxıb-buraxmamaq haqqında düşünə bilərik. Hələlik bu barədə danışmaq da artıqdır.

Bu zaman Bella yaraşıqlı başını yuxarı qaldırıb nəyə isə qulaq verdi: aşağıda açılıb-örtülən qapının səsi eşidildi, – Qilbert ailənin, yəni Likurq şəhərində yaşayan Qrifits ailəsi-nin yeganə oğlu idi; o üzündən və bədəninin quruluşundan (ədaları və xarakteri isə tamamilə başqa idi) qərbdə yaşayan öz əmisi oğlu Klayda çox oxşayırdı.

Qilbert iyirmi üç yaşlı, bədəncə möhkəm, xudpəsənd və şöhrətsevən bir gənc idi. O, bacılarına nisbətən daha tünd və onlarla müqayisə edilməz dərəcədə bacarıqlı, işgüzar idi. O, işlə əlaqədar olan məsələlərdə fərasətli və fəal idi, bacıları isə bu sahəyə heç bir maraq göstərmirdilər. Qilbert olduqca öt-kəm və hövsələsiz idi. O, cəmiyyətdəki vəziyyətini olduqca möhkəm hesab edir və iş aləmindəki müvəffəqiyyətlərindən savayı, hər şeyə qarşı son dərəcə həqarətli bir əlaqə bəsləyir-di. Bununla belə o, yerli cəmiyyətin həyatı ilə olduqca maraqlanır, özünü və ailəsini bu cəmiyyətin ən mühüm bir hissəsi hesab edirdi. O, ailəsinin ləyaqətini və ictimai vəziy-yətini heç vaxt unutmayaraq, bütün hərəkətlərini və sözləri-ni ailəsinin mənafeyinə uyğunlaşdırır, tabe edirdi. Təsadüfi bir müşahidəçi adətən Qilbertdəki təkəbbür və sərtliyə, onun öz yaşına xas olan gənclik sevincindən tamamilə məhrum olmasına heyrət edirdi. Lakin bununla belə, o gənc, təravətli və zahirən yaraşıqlı idi, bundan əlavə kəsərli dili vardı və ara-bir söhbət arasında, çox da parlaq olmasa da hər halda məharətlə acı və kəskin bir söz işlətməyi bacarırdı. Likurq şəhərində ailəsinin və özünün tutduğu mövqe sayə-sində, o adaxlı olmağa ən parlaq namizədlərdən biri hesab edilirdi. Lakin o özündən o qədər bədgüman idi ki, və öz varlığına elə uymuşdu ki, daxili aləmində başqa bir insanı bütün incəliyilə və dərindən anlamaq onun üçün bəlkə də qeyri-mümkün bir şey idi.

Qilbertin pilləkəndən qalxıb öz otağına getdiyini eşi-dən Bella (Qilbertin otağı evin arxa hissəsində bacısının ota-ğının yanında idi) – anasının otağından çıxıb qaçdı və qarda-şının qapısını döyməyə başladı.

– Qil, sənin yanına gəlmək olarmı? – deyə, Bella onu səslədi.

– Niyə olmur?

Qilbert şən bir halda fit çala-çala görünür hara isə get-məyə hazırlaşaraq frakını geyinməkdə idi.

– Hara belə hazırlaşırsan?

– Heç yana. Nahar üçün paltarımı dəyişirəm. Axşam Vaynantgilə gedəcəyəm.

– Ax, əlbəttə, Konstansiyanı görmək istəyirsən?

– Xeyr, Konstansiyanı görmək istəmirəm. Bu hardan ağlına gəldi?

– Guya ki, mən heç bir şey bilmirəm.

– Boşla bu danışıqları. Sən mənimlə bu barədə söhbət etməyə gəlmisən?

– Heç də yox. Bilirsənmi, Fincligil gələn ay On ikinci göl yanında, lap sahildə, Fentlərin qonşuluğunda yay ma-likanəsi tikdirməyə hazırlaşırlar və mister Fincli oğlu Stüart üçün otuz fut uzunluğunda motorlu qayıq alacaqdır, qayıq saxlamaq üçün bina və bir də günəş vannası qəbul etmək üçün meydança tikdirəcəkdir. Gör nə hoqqa çıxarırlar!

– Bu nə danışıqdır, Bella! Sən bu loru ibarələrindən əl çəkməyəcəksənmi? Fabrikdə işləyən qızlar kimi danışırsan. Demək sizin məktəbdə öyrəndiyiniz yalnız bundan ibarət-dir?

– Bu barədə sən sussan daha yaxşıdır. Bəs sən özün? Məncə belə ibarələri işlədən birinci sən özünsən.

– Əvvələn, mən səndən beş yaş böyüyəm. İkincisi, mən kişiyəm. Yaxşı olardı ki, sən Mayradan örnək götü-rəsən, – gör heç bu cür danışırmı?

– Ax, Mayra: bu barədə daha bəsdir. Yaxşısı budur, sən bu dediyim məsələ barədə fikirləş, – onlar yay mali-kanəsi tikdirəcəklər, yayda vaxtlarını xoş keçirəcəklər. İs-təyirsən gəl biz də oraya gedək? Kefimiz istəsə, gedə bilə-rik… Ancaq gərək atamın və anamın razılığını alaq.

– Bilmirəm, bu doğrudanmı sən dediyin qədər gözəl bir şeydir, – deyə qardaşı cavabverdi, əslində isə bu xəbər onu son dərəcədə maraqlandırmışdı. – Yayda getmək üçün, On ikinci göldən savayı azmı yer var?

– Əlbəttə, çox yer var, amma bizim tanıdıqlarımızın hamısı oraya gedəcəklər. Sən bir de görüm, Olbeni və Uti-kanın ən yaxşı ailələri yayda haraya gedirlər? Sondra deyir ki, yüksək cəmiyyətə məxsus ən görkəmli adamlar On ikinci göl civarına gedəcəklər, gölün qərb sahilində ən yaxşı yay malikanələri olacaqdır. Hər halda Krenstonlar, Lambertlər və Qarrietlər tezliklə oraya gedəcəklər, – deyə Bella meydan oxuyaraq qəti bir ifadə ilə əlavə etdi. – Entonlar və Nikol-sonlar öz yerlərindən tərpənməsələr belə, Qrinvud gölü yanında bizim cəmiyyətə mənsub olanlardan demək olar ki, artıq heç kəs qalmayacaqdır.

– Kim dedi ki, Krenstonlar da oraya köçəcəklər? – deyə Qilbert maraqla soruşdu.

– Əlbəttə ki, Sondra.

– Bəs Sondraya kim deyib?

– Bertina.

– Bəli, bu ailələr çox şən yaşamağa başlamışlar, – deyə Qilbert qəribə bir səslə, bir həsəd hissi ilə qeyd etdi. – Tezlik-lə Likurq şəhəri onlara dar gələcək. – O, sərt bir hərəkətlə düzəldə bilmədiyi qalstukunu düyünləyib bağladı və üz-gö-zünü azacıq turşutdu – yaylığı onun boynunu sıxırdı!

Qilbert artıq atasının işində yaxından iştirak edirdi. Bir az əvvəl atasının fabrikində istehsalat üzrə baş nəzarətçi vəzifəsində işləməyə başladı və tezliklə bu müəssisənin ba-şında durmaq ümidində idi, lakin buna baxmayaraq o yenə də öz yaşıdı olan gənc Qrant Krenstona həsəd aparırdı. Çox gözəl və cismani cəhətdən yaraşıqlı bir gənc olan Qrant qızlarla rəftarında olduqca cəsarətli idi və qadınlar arasında böyük müvəffəqiyyət qazanmışdı. Görünür gənc Krenston bu fikirdə idi ki, müəssisəsində atasına göstərəcəyi köməyi eyni zamanda bir sıra əyləncələrlə birləşdirmək mümkün olan bir şeydir, – Qilbert isə bununla razı deyildi. Əslində gənc Qrifits bacarsaydı gənc Krenstonu böyük bir məmnu-niyyətlə əxlaqsızlıqda ittiham edərdi, lakin Krenston hələlik cızığından çıxmamış, heç bir ağılsız hərəkət etməmişdir. İndi “Krenston hörmə məmulat şirkəti” Likurq şəhərinin ən qa-baqcıl sənaye müəssisələrindən biri kimi durmadan inkişaf etməkdə idi.

– Bəli, – deyə Qilbert bir qədər susduqdan sonra əlavə etdi. – Onlar çox sürətlə işlərini genişləndirirdilər, mən onla-rın yerində olsaydım bir az ehtiyatlı hərəkət edərdim. Hər halda onlar dünyanın ən zəngin adamları deyillər. – Bunu söylərkən Qilbert düşündü ki, Krenstonlar nə ona nə də onun ata-anasına oxşamırlar: onlar doğrudan da daha cəsa-rətli adamlardır və deyəsən, cəmiyyətdə müvəffəqiyyət qa-zanmaq üçün heç də o qədər canfəşanlıq etmirlər. Qilbert onlara paxıllıq edirdi.

– Bilirsənmi – deyə Bella vəcd ilə yenə sözə başladı. – Fincligili bundan başqa, rəqs üçün parket döşəməli bir ve-randa da tikəcəklər. Sondra deyir ki, Stüart sənin bu yay on-larda daha çox qonaq qalmağını arzu edir.

– Yox əşi? – deyə Qilbert istehza və eyni zamanda bir qibtə hissi ilə cavab verdi. – Daha doğrusu o ümid edir ki, sən onlarda daha çox qonaq qalarsan. Mən bütün yayı məş-ğul olacağam.

– O heç vaxt belə bir şey deməmişdir. Bir də biz oraya getsək, qiyamət qopmaz. Qrinvudda, məncə artıq heç bir yaxşı şey olmayacaq. Orada qalanlar hamısı bivec adamlar olacaq.

– Belə de! Anan bu sözləri eşitsəydi yəqin ki, çox şad olardı.

– Sən isə, əlbəttə, gedib ona xəbər verəcəksən?

– Yox, demərəm, ancaq mən bu fikirdəyəm ki, biz elə birdən-birə Krenstonların və Finclilərin dalınca düşüb On ikinci gölə gedə bilmərik, hər halda bu saat bunu edə bilmə-rik. Ancaq sən istəyirsənsə və atam icazə verərsə gedib on-larda qonaq qala bilərsən.

Bu zaman aşağıda yenidən açılıb örtülən qapının səsi eşidildi və Bella qardaşı ilə apardığı mübahisəni unudub atasını qarşılamağa yüyürdü.

II FƏSİL

Likurq şəhərində yaşayan Qrifitslər nəslinin başçısı Kanzas-Siti şəhərində yaşayan Qrifitslər ailəsinin başçısına nisbətən zahirən daha görkəmli bir adam idi. Otuz ildən bəri görmədiyi, “Mərhəmət qapıları” adlı ruhani təşkilatda işlə-yən, qısaboylu, yöndəmsiz qardaşının əksinə olaraq, Sem-yuel Qrifits ucaboylu, möhkəm bədənli, şax qamətli bir adam idi. Onun nüfuz edən iti baxışları var idi, hərəkətləri və danışıq tərzi sərt idi. O özünü artıq çoxdan qeyri-adi fəra-sət sahibi və olduqca görkəmli işgüzar keyfiyyətlərə malik bir adam hesab edirdi. Həyatda əldə etdiyi müvəffəqiyyətlər onun özü haqqındakı bu fikrini sanki təsdiq edirdi. O qeyri-adi və görkəmli adandırıla bilməyən adamlara qarşı çox vaxt amansız olurdu. Belə adamlarla rəftarında o kobudluq və nəzakətsizlik etmirdi, lakin həmişə özünü sakit və etinasız, soyuqqanlı saxlamağa çalışırdı.

O bu cür rəftarına bəraət qazandıraraq həmişə öz-özünə deyirdi ki, ətrafdakı adamlar onu və həyatda müvəffəqiyyət qazanan onun kimi adamları necə qiymətləndirirlərsə o da özünü elə qiymətləndirir.

Semyuel Qrifits iyirmi beş il bundan əvvəl kiçik bir sərmayə ilə bu sərmayəsini yeni bir müəssisəyə – yaxalıq fabrikinə sərf etmək qərarı ilə köçüb Likurq şəhərində məs-kən salmışdı; onun başladığı bu iş, ümid etdiyindən daha yaxşı nəticə vermişdi. Təbiidir ki, o bununla fəxr edirdi. İndi, iyirmi beş il keçdikdən sonra o, Likurqda ən yaxşı və zövq ilə tikilmiş malikanələrdən birinin sahibi idi. Qrifitslər yerli aristokratiya içərisində görkəmli yer tuturdular. Onlar Li-kurqda ən qədim ailələrdən hesab olunmasalar da, hər halda ən hörmətli, ən mühafizəkar və firavan dolanan ailələr sıra-sında idilər. Semyuel Qrifitsin böyük qızı məlum olduğu ki-mi, cəmiyyətdən kənarda yaşayırdı, lakin onun kiçik uşaqla-rı Likurqun zəngin ailələrinə mənsub olan gənclərin məc-lisində görkəmli rol oynayırdılar və bu vaxtadək onun nüfu-zunu sarsıdan və yaxud onun nüfuzuna xələl gətirən heç bir hərəkətə yol verməmişdilər.

Fabrikin azı bir il ərzində yaxşı işləməsini və inkişafını təmin edən bir neçə saziş bağladıqdan sonra Çikaqo şəhərin-dən qayıtmış, öz evinə gəlmiş Semyuel Qrifitsin kefi bu gün çox saz idi. O həm özündən, həm də demək olar ki, bütün dünyadan olduqca razı görünürdü. Heç bir şey onun bu sə-yahətinin sevincini korlamamışdır. Burada olmadığı müd-dətdə fabrikinin işi özü burada olduğu zamanlardakı kimi çox yaxşı getmişdi. Fabrik xeyli sifariş almışdı.

Evə daxil olaraq o, ağır sakvoyajı döşəmə üzərinə atdı, modalı paltosunu əynindən çıxarıb geri dönərkən, gözlədiyi kimi, ona doğru yüyürən kiçik qızı Bellanı gördü. Əlbəttə, Bella onun sevimlisi idi. O, kiçik qızını cazibədar, nadir bir məxluq və həyatın ona bəxş etdiyi ən gözəl bir incəsənət əsəri hesab edirdi: gənclik, sağlamlıq, sevinc və şadlıq, zəka və məhəbbət – bunlar hamısı sanki onun gözəl qızının sima-sında təcəssüm etmişdi.

– Sənsən, atacan? – deyə Bella sevinc içində, mehriban bir səslə qışqırdı.

– Bəli, deyəsən, mənəm, özgəsi deyil. Mənim balaca qızımın kefi necədir? – deyə o qollarını açdı və Bella ata-sının ağuşuna tullandı.

– Gör mənim nə gözəl, möhkəm, sağlam qızım var, – deyə o məhəbbətlə qızın üzündən öpdü. – Görəsən mən ev-də olmayanda bu dəcəl qız özünü nə cür aparmışdır? Ancaq bax doğrusunu de, ha!

– Ah, atacan, mən özümü lap quzu kimi aparmışam. Kimdən istəyirsən soruş! Mən özümü lap yaxşı aparmışam.

– Anan necədir?

– Lap yaxşıdır, atacan. Yuxarıda, öz otağındadır. Yə-qin sənin içəri girdiyini eşitməyib.

– Bəs Mayra? Olbenidən qayıtmamışdırmı?

– Bəli, qayıtmışdır. Öz otağındadır. İndicə pianino ça-lırdı. Mən özüm də elə bu saat gəlmişəm.

– Ay, ay! Demək yenə evləri qonaq gəzirsən. Mən səni yaxşı tanıyıram. – Atası gülümsəyərək barmağı ilə qızını hə-dələdi, Bella isə onun qolundan asılıb, atası ilə ayaqlaşmağa çalışaraq pilləkənlə yuxarı qalxmağa başladı.

– Mən heç də qonaq gedib evləri gəzmirəm, – deyə Bella hiyləgər və mehriban bir ifadə ilə civildəyirdi. – Sən sadəcə mənə sataşmaq üçün bəhanə axtarırsan, atacan. Mən ancaq bir dəqiqəliyə Sondragilə getmişdim. Bilirsənmi, Fincligil artıq yayda Qrinvud gölünə getməyəcəkdir. Onlar On ikinci gölün sahilində, böyük və qəşəng bir yay malika-nəsi tikdirməyə hazırlaşırlar. Bundan başqa mister Finclin oğlu Stüart üçün motorlu böyük bir qayıq alacaqdır. Onlar bütün yayı, lap bəlkə may ayından oktyabr ayınadək orada yaşayacaqlar. Krenstonlar da yəqin ki, ora gedəcəklər.

Kiçik qızının kələklərinə çoxdan alışmış mister Qrifits indi bu dəqiqə, Bellanın ona təlqin etmək istədiyi şeylərə, – yəni On ikinci gölün Qrinvud gölünə nisbətən daha modalı bir yer olması, həmçinin Fincli ailəsinin əyləncə xatirəsi üçün özlərini bu cür böyük bir xərcə salmaları ilə o qədər də ma-raqlanmırdı.

Bellaya heç bir cavab vermədən o pilləkənlə qalxıb arva-dının otağına girdi. Missis Qrifitsi öpdü, Mayranın otağına baş çəkdi, Mayra isə atasını öpmək üçün qapı ağzına çıxdı, bundan sonra o, müvəffəqiyyətlə keçən səfəri haqqında da-nışmağa başladı. Onun arvadı və qızı ilə bu cür salamlaş-ması ər ilə arvad arasında tam bir həmrəylik və qarşılıqlı anlayış hökm sürdüyünü göstərirdi, doğrudur, böyük qızın xarakteri və baxışları ataya o qədər də xoş gəlmirdi, lakin buna baxmayaraq, ata öz rəftarını və mehribanlığını böyük qızından da əsirgəmirdi.

Ər ilə arvad öz aralarında söhbət edərkən missis Trüs-del içəri girib naharın hazır olduğunu xəbər verdi. Bu zaman bəzənib qurtarmış Qilbert gəldi.

– Ata, – deyə Qilbert sözə başladı. Mən sabah səhər çox maraqlı bir məsələ haqqında səninlə danışmaq istəyi-rəm. Olarmı?

– Əlbəttə, olar. Mən fabrikdə olacağam. Saat on ikidə yanıma gələrsən.

– Aşağı düşək, yoxsa nahar soyuyar, – deyə missis Qrifits xəbərdarlıq etdi və Qilbert dərhal pilləkənə doğru yönəldi. Onun arxasınca mister Qrifits Bella ilə qol-qola və missis Qrifits, elə indicə otağından çıxmış Mayra ilə bərabər, aşağı mərtəbəyə düşdülər.

Hamı stol arxasında oturduqdan sonra dərhal Likurq şəhərinin həyatına aid gündəlik mövzular ətrafında canlı söhbət başlandı. Bütün dedi-qoduların əsas mənbəyi Bella idi: çünki cəmiyyətə aid bütün yeniliklər son dərəcə böyük bir sürətlə Bellanın oxuduğu Snedeker məktəbinə gəlib çıxır və qız bütün bu dedi-qoduları sinəsinə yığırdı. İndi o bir-dən-birə sözə başlayıb dedi:

– Qulaq as, ana, gör mən Rozetta Nikolson haqqında sənə nə danışacağam. Bu qız missis Diston Nikolsonun ba-cısı qızıdır, o, keçən ay Olbeni şəhərindən buraya gəlmişdi, yadındadırmı? O hələ bizim məktəbin bayramına da gəlmiş-di… Sarısaçlı və bir qədər çəp göy gözləri var. Atasının Olbe-ni şəhərində böyük mağazası var. Hə, indi həmin bu Rozetta Utiki şəhərində yaşayan Qerbert Tikxem ilə nikahlanmışdır. Bilirsən, həmin bu Qerbert keçən yay, missis Lambertgilə qo-naq gəlmişdi. Sən onu yadından çıxartmısan, amma mənim yaxşı yadımdadır. Uca-boylu, qarasaçlı ancaq bir az yön-dəmsiz bir gəncdir. Çox solğun rəngi var, amma çox gözəl oğlandır, lap kinolardakı qəhrəmanlara oxşayır.

– Budur, diqqət verin, missis Qrifits, – deyə Qilbert acı bir istehza ilə söhbətə qarışdı. – Snedeker bacılarının Nümu-nə məktəbinin qızları bəzən gizli-gizli qaçıb kinolara gedir-lər ki, qəhrəmanlar haqqında biliklərini artırsınlar.

Bu zaman Semyuel Qrifits sözə başladı.

– Çikaqoda mənimlə maraqlı bir əhvalat baş verdi, – deyə o danışmağa başladı. Məncə bu əhvalat sizin hamınızı maraqlandıracaqdır.

İki gün əvvəl o Çikaqo şəhərində birdən-birə kiçik qardaşı Eysanın böyük oğluna rast gəlmişdi, indi mister Qri-fits bu görüş və bununla əlaqədar olaraq qəbul etdiyi qərar haqqında danışmaq istəyirdi.

– Nə olmuşdur, ata? Tez ol danış! – deyə Bella dərhal atasını tələsdirməyə başladı.

– Gətirdiyin təzə xəbərləri tez ortalığa tök görək, – de-yə Qilbert əlavə etdi: o atasının ona ürəkdən bağlı olduğu-nu bildiyi üçün həmişə atası ilə sərbəst rəftar edirdi və özü-nü onunla tay-tuş kimi aparırdı.

– Əhvalat belə oldu, – deyə mister Qrifits davam etdi: – Çikaqoda mən “Yuniyon Liq” klubunda düşmüşdüm. Ora-da bizim qohumumuz olan cavan bir oğlana rast gəldim, o sizin əminiz oğludur, uşaqlar – indi bu saat Denver şəhə-rində yaşayan qardaşım Eysanın böyük oğludur. Mən artıq otuz il olar ki, qardaşımı görməmişəm və bu vaxta qədər onun haqqında heç bir söz eşitməmişdim… – O, sanki bir tə-rəddüd içərisində fikrə gedərək susdu.

– Harada isə vaizlik edən o deyilmi? – deyə Bella atasının üzünə baxıb soruşdu.

– Özüdür ki, var. Hər halda mənim bildiyim budur ki, o evdən çıxıb gedəndən sonra bir müddət vaizlik etmişdir. Ancaq indi oğlu mənə dedi ki, atası bu peşəni buraxmışdır. İndi o Denver şəhərində nə isə bir başqa işlə məşğul olur, deyəsən, otel saxlayır.

– Oğlu nə cür oğlandır? – deyə Bella soruşdu.

Bella yalnız zahirən təmkinli görünən şıq gənclər və ki-şilərlə tanış idi, onun cəmiyyətdəki mövqeyi və ata-anasının nəzarəti yalnız bu cür adamlarla görüşməsinə icazə verirdi, buna görə də indi o, haradasa Qərbdə, otel saxlayan əmisi-nin oğlu ilə çox maraqlanmışdı.

– Əmioğlu? Onun neçə yaşı var? – deyə, Qilbert də sö-zə qarışdı, onu da, bu qohumun nə cür adam olduğu, cəmiy-yətdəki mövqeyi və bacarığının nədən ibarət olduğu ma-raqlandırırdı.

– Məncə o çox maraqlı bir gəncdir, – deyə mister Qri-fits bir qədər tərəddüdlə sözünə davam etdi, çünki əslində o hələlik Klayd haqqında müəyyən bir rəyə gələ bilməmişdi. – O zahirən çox yaraşıqlı bir gəncdir, nəzakətli və təcrübəli görünür, demək olar ki, sən yaşdadır, Qil və sənə oxşayır, özü də çox oxşayır: gözləri, ağzı, çənəsi eynilə səninki kimi-dir. – Qrifits oğluna baxdı. – O səndən azacıq hündürdür və deyəsən, səndən bir az arıqdır, bəlkə də mən səhv edirəm.