banner banner banner
UTANCAQ QIZ
UTANCAQ QIZ
Оценить:
Рейтинг: 0

Полная версия:

UTANCAQ QIZ

скачать книгу бесплатно

UTANCAQ QIZ
Fyodor Mixayloviç Dostoyevski

O qadın axı niyə, nə səbəbə öldü?.. axı o niyə öldü?..

“Utancaq qız” Dostoyevskinin kiçik həcmli olmasına baxmayaraq, özündə dərin duyğular birləşdirən maraqlı əsərlərindən biridir. Burada məzlum, yetim, azyaşlı bir qızın acınacaqlı həyat hekayəsindən bəhs olunur. Onun xalaları onu özündən qat-qat böyük bir qocaya satıb, başlarından atmaq istəyirlər. Elə bu anda qıza dərin məhəbbətlə vurulan xilaskarı peyda olur və bu əziyyətlərdən qurtarır. Elə hadisələrdən də bundan sonra başlanır. Bəs qız öz xilaskarına niyə nifrət etdi?

Fyodor Dostoyevski

UTANCAQ QIZ

Фёдор Достоевский

КРОТКАЯ

Bakı, Qanun nəşriyyatı, 2020, 80 səh.

Tərcüməçi: Mehdi Mirkişiyev

Mətn dizaynı: Günay Seyidova

Qapaq dizaynı: Rafael Qasım

Qanun Nəşriyyatı

Bakı, AZ 1102, Tbilisi pros., 76

Tel: (+994 12) 431-16-62; 431-38-18

Mobil: (+994 55) 212 42 37

e-mail: info@qanun.az

www.qanun.az

www.fb.com/Qanunpublishing

www.instagram.com/Qanunpublishing

AB 022051 / İN 0242

© QANUN nəşriyyatı, 2020

© Gənclik, 1985

Müəllifdən

Oxucularımdan üzr istəyirəm: bu dəfə onlara həmişəki adicə “gündəlik” əvəzinə hekayə verirəm. Ancaq, doğrusu, mən ayın çox qismini bu hekayəyə sərf etmişəm. Hər halda, gərək oxucularım təqsirimdən keçələr.

İndi də hekayə barədə. Özüm hekayəni son dərəcə real hesab eləsəm də, mən ona “fantastik” deyirəm. Ancaq hekayədə əslində fantastiklik də var, özü də fantastiklik məhz hekayənin formasının özündədir; bu səbəbdən də qabaqcadan izahata ehtiyac duyuram.

Məsələ burasındadır ki, bu nə hekayədir, nə də qeyd. Təsəvvürünüzə bir kişi gətirin, bu kişinin arvadı azacıq əvvəl özünü pəncərədən atıb öldürmüşdür, indi onun meyiti stolun üstünə uzadılmışdır. Kişi özünü itirmişdir və hələ ağlını başına cəm eləməyə macal tapmamışdır. Otaqlarda var-gəl eləyir, olub-keçənləri dərk eləməyə, “fikrini bir nöqtəyə cəmləməyə” çalışır. Üstəlik də o, bədbinlik iliyinə-qanına yerimiş, öz-özüylə danışan adamlardandır. Ona görə də öz-özüylə söhbət eləyir, əhvalatı danışır, olub-keçənləri ayırd eləmək, aydınlaşdırmaq istəyir. Söhbəti zahirən ardıcıl, rəvan görünsə də o həm məntiq, həm də hiss sarıdan dönə-dönə öz-özünü dolaşdırır. Kişi özünü təmizə çıxardır və qızı təqsirləndirir, uzun-uzadı təfərrüata varır: bu təfərrüatda fikir kobudluğu da, daşürəklilik də, üstəlik dərin hiss də var. Yavaş-yavaş kişi doğrudan da məsələni aydınlaşdırır və “fikrini bir nöqtəyə” cəmləyir. Yadına düşən bir sıra xatirələr, nəhayət, gətirib onu sarsılmaz həqiqətə çıxarır; həqiqət onu şübhədən qurtarır, ağlını və qəlbini ucaldır. Hətta hekayənin əvvəlində dağınıq görünən ahəng də axıra yaxın nisbətən dəyişir. Bu bədbəxt insan həqiqəti aydın, aşkar görür, hər halda ona belə gəlir.

Mövzu belədir. Əlbəttə, hekayədə təsvir olunan əhvalat bir neçə saat davam eləyir; qırıq-qırıq, ara-bərəli, dolaşıq formada: o gah əhvalatı öz-özünə danışır, gah da üzünü elə bil ki, qaibanə bir dinləyiciyə, hakimə tutur. Əslində belə hallarda həmişə elə bu cür də olur. Əgər bir stenoqraf xəlvəti onun danışığına qulaq assa və ağzından çıxanları olduğu kimi qələmə ala bilsə, söhbət mənim təsvir elədiyimdən daha köntöy, yonulmamış çıxardı, ancaq psixoloji ardıcıllıq, düzüm, mənə elə gəlir ki, bəlkə də elə bu sayaq qalardı. Bu hekayədə mənim fantastiklik hesab elədiyim də elə həmin o hər şeyi qələmə almış stenoqraf gümanıdır (Əlbəttə, mən onun yazdıqlarını sonra işləyib düzəldərdim). Ancaq onu da deyim ki, bu cür əhvalat incəsənətdə, ədəbiyyatda dönə-dönə olmuşdur: məsələn, Viktor Hüqo özünün “Ölüm məhbusunun son günü” şah əsərində, demək olar ki, bu sayaq bir ustadan istifadə eləmişdir, ancaq o, stenoqrafın obrazını yaratmasa da, daha böyük uydurmaçılığa yol vermişdir, belə güman eləmişdir ki, ölümə, məhkum olunan insan ölümünün son günü, hətta son saatı, həqiqi mənada son dəqiqəsi də qeydlər eləyə bilər (buna onun vaxtı da var). Lakin Hüqo bu fantaziyaya uymasaydı, bu əsər – yazdığı bütün əsərlərin hamısından ən gerçək, ən inandırıcı, həqiqətə ən yaxın əsər də olmazdı.

BİRİNCİ FƏSİL

I

MƏN KİMDİM, O QIZ KİMDİ

Hələ ki buradadır, birtəhər keçinirəm: dəqiqəbaşı yaxınlaşıb baxaram; amma sabah gəlib aparacaqlar, bəs onda, tək-tənha qalanda, mənim halım necə olacaq? O indi böyük otaqda, bir-birinin yanına qoyulmuş qumar stollarının üstündədir, tabutu sabah gətirəcəklər, ağ, ağappaq qrodenapl… Xülasə, sözüm onda deyil… Mən var-gəl eləyə-eləyə bir şeyi başa düşmək istəyirəm. Altı saatdır ki, başa düşməyə çalışıram, amma heç cür fikrimi bir nöqtəyə cəmləşdirə bilmirəm. Məsələ burasındadır ki, mən elə hey gəzişirəm, gəzişirəm, gəzişirəm… Əhvalatı olduğu kimi danışacağam. Bir-bir, qaydaylı danışacağam (qaydayla!). Cənablar, mən əsla yazıçı-zad deyiləm, bunu özünüz də görürsünüz, ancaq yazıçı olmayanda nə olar; danışacağam, özüm bildiyim kimi… Mənim bədbəxtliyim orasındadır ki, hər şeyi başa düşürəm!

Əgər bilmək istəsəniz, yəni əgər əhvalatı lap əvvəlindən bilmək istəsəniz, onda deməliyəm ki, bu qız o vaxtlar “Qolos”da dərc etdirdiyi elanın xərcini ödəmək üçün mənim yanıma elə-belə, bir şey girov qoymağa gəlirdi; guya mürəbbiyəydi, başqa yerə də getməyə razıydı, evlərdə dərs deyə bilərdi və sairə və sairə. Lap əvvəl belə idi, mən də söz yox ki, onu başqa müştərilərdən ayırmırdım. Hamı kimi gəlir və sairə. Sonra gözüm onu aldı. Çox zəif, sarışın, ortaboylu bir qızdı; mənimlə danışanda özünü itirirdi, elə bil utanırdı (mən elə bilirəm, bütün yad adamlarla belə davranırdı, mən də söz yox ki, onun gözündə başqalarından fərqlənmirdim, əlbəttə, bir sələmçi kimi yox, insan kimi). Pulunu aldımı, dərhal dönür, çıxıb gedirdi. Həmişə də dinməzcə. Başqaları çənə döyür, yalvarır, çox almağa çalışırdı, amma bu yox, nə verirdin, onu da alırdı… Deyəsən, əhvalatı dolaşdırdım. Bəli, əvvəlcə məni təəccüb qoyan onun gətirdiyi şeylər oldu; qızıl suyuna salınmış gümüş sırğalar bir qara qəpiyə dəyməyən medalyon – hamısının iki şahı qiyməti vardı. Qız özü də bilirdi ki, malı iki qara şahıya dəyməz, ancaq üzündən görürdüm ki, bunlar onun aləmində çox qiymətli daş-qaş kimi bir şeydir: doğrudan da ata-anasından qalan şey elə bunlardı, bunu mən sonralar öyrəndim. Tək bircə dəfə gətirdiyi şeylərə baxanda, istehza ilə gülümsündüm. Doğrusu, mən ömrümdə belə iş tutmaram camaatla centlmen kimi rəftar eləyirəm: az danışıram, nəzakətli, ciddi oluram. “Ciddi, ciddi, ciddi”. Ancaq o bir cavandır (həqiqi mənada), köhnə, dovşan dərisindən gödəkcə gətirmişdi, mən özümü saxlaya bilmədim, birdən ona nə isə guya məzəli bir söz dedim. İlahi, necə qızardı! Onun iri, ala dalğın gözləri necə alovlandı! Amma bircə kəlmə də danışmadı, cır-cındırını yığıb getdi. Bu vaxt mən ilk dəfə ona əməlli-başlı fikir verdim və ürəyimdən bir fikir keçdi, yəni ağlıma yaxşı bir niyyət gəldi. Bəli, onun bağışladığı təəssürat, yəni bilmək istəsəniz, yaxşı təəssürat, gəldiyim nəticə də yadımdadır: fikirləşdim ki, çox gəncdir, lap uşaqdır, on dörd yaşı var. Amma o vaxt qızın on altı yaşının tamamına üç ay qalmışdı. Əslində mən bunu demək istəmirəm, gəldiyim nəticə heç də bu deyildi. Ertəsi gün yenə gəldi. Sonralar öyrəndim ki, bu dovşan dərisini o, Dobronravovun da, Mozerin də yanına aparıb; ancaq onlar qızıldan başqa heç nə götürmürdülər, ona görə də qızla heç danışmaq istəməyiblər. Amma mən bir dəfə ondan çox qiymətsiz bəzək şeyləri qəbul eləmişdim, sonra fikirləşəndə, özüm də təəccüb qaldım: axı mən də qızıl-gümüşdən başqa heç nə götürmürdüm, amma onun bəzək şeylərini götürmüşdüm. Yadımdadır, onda qız barədə ikinci dəfə düşünmüşdüm.

Bu dəfə, Mozerə göstərəndən sonra, mənə o, bir kəhrəba müştük gətirmişdi, babat şeydi, müştərisi olardı, ancaq bizim aləmimizdə heç nəyə dəyməzdi, çünki biz ancaq qızıl götürürdük. Dünənki qiyamdan sonra mən onu ciddi qarşıladım. Ciddilik mənim aləmimdə quruluq deməkdir. Ancaq yenə də iki manatını verəndə, özümü saxlaya bilmədim, bir az əsəbi halda dedim: “Bunu sizin xatirinizə götürürəm, belə şeyi Mozer götürməz”. Sizin xatirinizə sözünü xüsusi qeyd elədim, özü də müəyyən mənada. Acıqlı idi. Bu sözü eşidəndə yenə qıpqırmızı qızardı, ancaq dinmədi, pulu tullamadı, götürdü – kasıblığın üzü qara olsun! Amma necə qızardı! Başa düşdüm ki, sancmışam. Qız bayıra çıxandan sonra öz-özümdən soruşdum: onu pərt eləməyim iki manata dəyər? Hi, hi, hi! Yadımdadır, bu sualı iki dəfə təkrar elədim: “Dəyər? Dəyər?” Gülə-gülə özlüyümdə bu suala müsbət cavab verdim. O vaxt kefim yaman durulmuşdu. Ancaq ürəyimdə pis niyyət yox idi; sınamaq istəyirdim, çünki birdən beynimdə bu qız barədə bəzi fikirlər dolaşmağa başlamışdı. Üçüncü dəfə idi ki, mən onun haqqında əməlli-başlı düşünürdüm.

…Elə bütün əhvalatlar da o vaxt başladı. Söz yox ki, mən dərhal qız barədə hər şeyi xəlvətcə öyrənmişdim və indi çox səbirsizliklə gəlişini gözləyirdim. Ürəyimə dammışdı ki, o tezliklə gələcəkdir. Gələn kimi, çox nəzakətli, şirin-şirin söhbətə başladım. Axı mən yaxşı tərbiyə görmüş adamam, özümü aparmağı bacarıram. Bəli. Söhbət əsnasında başa düşdüm ki, o, xeyirxah, utancaq qızdır. Xeyirxah və utancaq qızlar isə çox yumşaq, yolayaxın olurlar, ürəklərini tamam açmasalar da, yaxalarını söhbətdən heç cür qurtara bilmirlər. Qısa da olsa, cavab verirlər, getdikcə də dilləri açılır, təki sən özün yorulmayasan; əlbəttə, əgər buna ehtiyac varsa. Aydın məsələdir ki, qız özü o vaxt mənə heç nə demədi. “Qolos” məsələsini də, başqa şeyləri də mən sonra öyrəndim. O vaxt qız dalbadal elanlar verirdi, əvvəllər söz yox ki, özünü tox tuturdu: “Mürəbbiyəyəm, başqa yerə getməyə də razıyam, şərtlərinizi zərfə qoyun, göndərin”, amma sonra dəyişdi: “Hər şeyə razıyam, dərs də deyərəm, başqa işlər də görərəm, ev işlərinə də əl yetirərəm, xəstəyə də qulluq eləyərəm, əlimdən paltar tikmək də gəlir” və sair və sair… Bu qaydada sadalayırdı! Aydın məsələdir ki, bunları qız hər dəfə elan verəndə bir-bir əlavə edirdi, axırda, ümidini tamam itirəndə, hətta “maaşsız, bir qarın çörəyə” də razı oldu. Amma iş tapa bilmədi! Mən onda qızı son dəfə sınamaq qərarına gəldim: həmin gün çıxmış “Qolos”u götürüb, ona bir elan göstərdim: “Atadan-anadan yetim cavan bir qız, yaşlı dul kişi uşaqlarına mürəbbiyəlik yeri axtarır. Ev-eşik işlərinə də kömək eləyə bilər”.

Yenə qıpqırmızı qızardı, yenə gözlər od tutub yandı, dərhal döndü, çıxıb getdi. Hərəkəti çox xoşuma gəldi. Ümumiyyətlə, mən o vaxt çox arxayındım, heç nədən qorxmurdum: bilirdim ki, müştükləri heç kim qəbul etməyəcək. Halbuki onun müştüyü də qurtarmışdı. Fikirləşdiyim kimi də oldu, üçüncü gün gəldi, bəti-bənizi qaçmışdı, həyəcanlı idi, mən başa düşdüm ki, evdə nə isə bir hadisə olub, doğrudan da elə idi. Bu saat əhvalatı açıb danışaram, ancaq hələlik o zaman qəflətən necə əliaçıqlıq elədiyimi və onun gözündə necə ucaldığımı xatırlamaq istəyirəm. Bu fikir ağlıma qəfil gəlmişdi. Məsələ burasındadır ki, o, bir ikona gətirmişdi (nəhayət ürək eləyib gətirmişdi)… Hə, hə, qulaq asın! Qulaq asın! İndi gəldim mətləb üstünə, yoxsa bayaqdan elə hey çaşıram… Məsələ burasındadır ki, mən indi bütün olub-keçənləri yadıma salmaq istəyirəm, hər şeyi, bütün təfərrüatı, bütün cizgiləri ilə. Ha çalışıram fikrimi bir nöqtəyə cəmləşdirim, bacarmıram, amma o cizgilər, o cizgilər…

Məryəm ananın surəti idi, qucağı körpəli Məryəm ananın; ev-ailə surəti idi, qədim şeydi, qızıl suyuna salınmış gümüş cübbəsi vardı, necə deyim, altı manata dəyərdi. Gördüm ki, qız surəti çox əziz tutur, onu bütöv, cübbəsini çıxartmadan girov qoymaq istəyir. Dedim ki, yaxşı olar cübbəni çıxarıb mənə verəsiniz, surəti isə götürüb aparasınız, yoxsa surət, necə deyərlər hər halda…

– Məgər qadağandır?

– Xeyr, məsələ qadağan məsələsi deyil, elə-belə, bəlkə sizin özünüzə…

– Yaxşı çıxardın.

Bir qədər fikirləşib dedim:

– Bilirsiniz nə var, cübbəni çıxarmayacağam, bax ora, ikona saxlanan şkafa, başqa ikonaların yanına, qəndilin altına qoyacağam (kassanı açan gündən dükanımda həmişə qəndil yanardı), elə-belə on manat verərəm.

– Mənə on manat lazım deyil, beş manat verin, sonra mütləq borcunuzu qaytarıb surəti alacağam.

Yenə gözlərinin parıldadığını görüb dedim:

– On manat istəmirsiniz? Surəti bu qiymətə dəyər. – Qız dinmədi. Mən çıxarıb ona beş manat verdim.

– Heç kimə nifrət eləməyin, mən özüm də bu çətinlikləri, hətta bundan da betərini görmüşəm, indi məni bu işlə məşğul görürsünüz… amma buna qədər başım çox bəlalar görüb, çox əziyyətlər görmüşəm…

– Siz cəmiyyətdən qisas alırsınız? Hə? – Birdən o çox acı istehza ilə mənim sözümü kəsdi, ancaq onun bu istehzasından hədsiz məsumluq vardı (daha doğrusu, məsumluğa oxşar bir şey vardı, çünki o zaman bu qız mənimlə başqalarına qətiyyən fərq qoymurdu, ona görə, çox güman, ürəyimə toxunmaq istəmirdi). “Aha – öz-özümə fikirləşdim, – sən beləymişsən, yavaş-yavaş xasiyyətini, hansı yuvanın quşu olduğunu büruzə verirsən”.

Mən dərhal yarızarafat, yarımüsəmalı cavab verdim:

– Bilirsiniz nə var, “mən elə bir bəndəyəm ki, pislik eləmək istəyəndə də pisliyim dönüb yaxşılıq olur”.

Qız cəld başını qaldırıb, çox maraqla üzümə baxdı, ümumiyyətlə, onun marağında hədsiz uşaqlıq vardı:

– Dayanın… bu nə fikirdir? Haradandır? Mən bunu haradasa eşitmişəm…

– Başınızı sındırmayın, bu ifadəni Mefistofel Faustla tanış olanda deyir. “Faust”u oxumusunuz?

– Elə-belə, səthi.

– Daha doğrusu, heç oxumamısınız. Oxumaq lazımdır. Amma mən yenə sizin dodaqlarınızda istehza görürəm. xahiş edirəm, məni çox zövqsüz adam saymayın, elə hesab eləməyin ki, sələmçi rolumu bəzəmək üçün özümü Mefistofel kimi təqdim eləyirəm. Sələmçi elə sələmçidir. Bilirəm.

– Siz nə isə qəribə adamsınız… Mən qətiyyən belə şey demək fikrində olmamışam…

Qız demək istəyirdi: mən sizin savadlı adam olduğunuzu bilmirdim, ancaq demədi, bununla belə mən onun fikrini duydum; qızın ürəyindən xəbər vermişdim.

Mən dedim:

– Bilirsinizmi, hər işdə yaxşılıq eləmək olar. Mən əlbəttə, özüm barədə danışmıram, mənim, tutalım ki, əlimdən pislikdən savayı ayrı iş gəlmir, ancaq…

O, cəld başını qaldırıb, diqqətlə üzümə baxdı və dedi:

– Əlbəttə, hər sahədə yaxşılıq eləmək olar… Məhz hər sahədə, – deyə qəflətən əlavə etdi. Yaxşı yadımdadır, bu anların hamısı yadımdadır! Bir də əlavə eləmək istəyirəm ki, bu gənclər, sevimli gənclər, ağıllı, mənalı bir şey demək istəyəndə, qəflətən sifətləri çox səmimi və məsum ifadə alır, elə bil deyirlər; “görürsünüzmü, mən indi sizə ağıllı, mənalı söz deyirəm”, – özü də bunu bizim kimi şöhrətpərəstlik xatirinə eləmirlər, elə-belə eləyirlər, həm də duyursan ki, gənclər özləri bütün bunları çox əziz tutur, onlara inanır, ehtiram göstərir və fikirləşirlər ki, siz də bütün bunların hamısına eynilə onlar kimi ehtiram göstərirsiniz. Ah, səmimilik! Elə bununla da onlar qalib gəlirlər. Bu səmimilik o qıza nə qədər yaraşmırdı!

Yadımdadır, heç bir şeyi unutmamışam! O, bayıra çıxan kimi mən dərhal qərara gəldim. Elə həmin gün axırıncı axtarışlara başladım və onun barəsində qalan cari sirləri də öyrəndim; əvvəlki sirlərin hamısını mən bir gün əvvəl ələ aldığım Lukeriyadan öyrənmişdim. Lukeriya o vaxt onların ev qulluqçusu idi. Bu elə dəhşətli sirdi ki, mən heç cür başa düşə bilmirdim: bundan sonra necə gülmək olar, özü belə dəhşət içində ola-ola, necə olmuşdu ki, o bayaq Mefistofelin sözləri ilə maraqlanmışdı? Gənclik! O zaman mən qızın barəsində qürurla, sevinə-sevinə məhz belə fikirləşmişdim, çünki burada, axı alicənablıq da var: yəni uçurum kənarında olsa da, Hötenin dahiyanə sözləri diqqətini cəlb edir! Gənclikdə həmişə, cüzi də olsa, yanlışlıq da olsa, alicənablıq var. Daha doğrusu, mən onun barəsində, yalnız onun barəsində danışıram. Başlıcası isə, o zaman mən ona öz arvadım kimi baxırdım və qüdrətimə şəkk-şübhəm yox idi. Bilirsinizmi, şəkk-şübhədən uzaq olanda, bu fikir çox şirnikdirici olur.

Mənə nə olub? Əgər belə getsə, fikrimi nə vaxt cəmləşdirə bilərəm? tələsmək, tələsmək lazımdır – məsələ heç də bunda deyil, ah, ilahi!

II

ELÇİLİK

Bu qız barədə öyrəndiyim “sirri” bircə kəlmə ilə deyəcəyəm: ata-anası çoxdan, üç il əvvəl ölmüşdü, o, səliqə-sahmansız; xalalarının yanında qalırdı. Doğrusu, onlara səliqə-sahmansız demək az idi. Xalasının biri dul idi, çoxuşaqlı idi, altı uşağı vardı, hamısı da bir-birindən balaca, ikinci xalası qarımış qızdı, kaftarlaşmışdı, xasiyyəti də ağır idi. İkisi də pis adamdı. Atası məmur olmuşdu, mirzəlik eləyirmiş, yalnız adi zadəgandı, bir sözlə: hamısı mənə əl verirdi. Mən, belə çıxırdı ki, ali zümrədənəm: hər halda şöhrətli polkdan istefaya çıxmış ştaps-kapitan idim, əsilli-köklü zadəgandım, heç kimdən asılı deyildim və sair, sələmçiliyə gəldikdə isə, onun xalalarının gözündə bu yalnız yaxşı iş olmalı idi. Qız üç il xalalarının yanında kölə vəziyyətində olmuşdu, ancaq yenə də harasa imtahan vermişdi, fürsət tapıb vermişdi, gündəlik ağır işdən göz açıb imtahan verə bilmişdi, bu isə onun az da olsa, ümdə və nəcib bir işə doğru can atdığına dəlalət edirdi! Mən nədən ötəri evlənirdim? Mənim barəmdə danışmağa dəyməz, bu barədə sonra… Məgər iş bundadırmı? Xalasının uşaqlarına dərs deyirdi, paltar tikirdi, axırı iş o yerə çatmışdı ki, paltar tikmək nədir, elə zəif bir qız döşəmə də yuyurdu. Xalaları onu döyürdülər, verdikləri bir tikə çörəyi başına vururdular. Nəhayət, onu satmaq fikrinə düşmüşdülər. Tfu! Belə çirkin söhbətlərin üstündən keçirəm, müfəssəl danışmıram. Bunları sonra o özü mənə ətraflı danışmışdı. Qonşuluqdakı kök dükançı düz bir il olardı ki, bütün bunlara göz qoyurdu, ancaq bu adi dükançı deyildi, onun iki baqqal dükanı vardı. O iki arvad basdırmışdı, indi üçüncüsünü axtarırdı, bu qızı gözaltı eləmişdi, fikirləşirdi ki, “sakitdir, yoxsulluq içində böyüyüb, mən də elə yetimlərimin xatirinə evlənirəm”. Doğrudan da onun yetimləri vardı. Elçi göndərir, qızın xalaları ilə danışmağa başlayır; onu da deyim ki, kişinin əlli yaşı vardı; qız dəhşətə gəlir. Buna görə o tez-tez mənim yanıma qaçır, “Qolos”da elan verməyə çalışırdı. Axırı xalalarına yalvarmağa başlayır ki, mənə bir az möhlət verin, fikirləşim. Ona bir az möhlət verirlər, ancaq çox az, tez-tez başının üstünü alıb təngə gətirirlər: “Özümüz yeməyə şey tapmırıq, sən də bir yandan boğazımıza şərik çıxmısan”. Mən bunların hamısını bilirdim, ona görə həmin gün, səhərki söhbətdən sonra qəti qərara gəldim. Axşam baqqal gəldi, bir girvənkə də yarım manatlıq konfet gətirmişdi; qız kişinin yanında oturmuşdu, mən mətbəxdən Lukeriyanı çağırtdırıb tapşırdım: qızın yanına gəlib qulağına pıçıldasın ki, darvazanın ağzındayam, ona deyiləsi çox vacib sözüm var. Mən özümdən çox razı idim. Ümumiyyətlə, həmin gün kefim çox kök idi.

Elə burada, darvazanın ağzında, onu bura çağırdığıma görə mat qalmış qıza dedim ki, əgər mənə gəlsə, özümü xoşbəxt hesab edərəm, bunu özümə şərəf sayaram… İkincisi, mənim bu hərəkətimə, sözümü darvazanın ağzında deməyimə təəccüblənməsin deyə, əlavə etdim: “Mən sözü açıq deyən adamam, vəziyyəti hər tərəfli öyrənmişəm”. Həm də mən yalan demirdim. Doğrudan da sözü açıq deyən adamam. Cəhənnəm olsun bunlar. Mən nəinki ədəb-ərkanla danışırdım, yəni özümü tərbiyə görmüş adam kimi aparırdım, həm də orijinallıq eləyirdim, bu isə böyük işdir. Yəni bunu etiraf eləmək günah işdir? Öz-özümü mühakimə eləmək istəyirəm və eləyirəm də. Mən pqo və sontra[1 - Lehinə və əleyhinə (latınca).] deməliyəm və deyirəm də. Mən, axmaqlıq olsa da elə sonralar da bunu məmnuniyyətlə xatırlayırdım: mən onda qıza açıqca, utanıb çəkinmədən dedim ki, çox da istedadlı, ağıllı, bəlkə də çox xeyirxah adam deyiləm, çox xudpəsənd adamam (bu ifadə yaxşı yadımdadır, onu mən yol gedəndə fikirləşib tapmışdım və özüm özümdən çox razı qalmışdım), həm də çox, ola bilər ki, olduqca çox başqa pis xüsusiyyətlərim də var. Bunların hamısını mən xüsusi qürurla dedim. Əlbəttə, mən ədəb-ərkan gözləyib, qüsurlarımı söyləyəndən sonra ləyaqətlərimi sadalamadım: “Guya onun müqabilində filan-filan məziyyətlərim var”. Mən hiss eləyirdim ki, o hələlik yaman qorxur, ancaq yumşalmadım, hələ bu da azmış kimi, onun qorxduğunu görüb, sözü qəsdən daha da şişirtdim; açıq dedim ki, doyunca yeyəcək, bəzək-düzək, teatr, şənlik məsələsinə gəldikdə isə – bunların heç biri olmayacaq. Sonralar, məqsədimə çatandan sonra isə, baxarıq işlər necə olar. bu sərt danışıq mənim yaman xoşuma gəlirdi. Üstəlik mən mümkün qədər ötəri tərzdə əlavə etdim ki, əgər bu işə qurşanmışamsa, yəni sələmçilik eləyirəmsə, yalnız bircə məqsədim var, guya bunun bir səbəbi var… Axı, mənim bu cür danışmağa haqqım vardı: mənim doğrudan da məqsədim vardı, buna bir səbəb vardı. Dayanın, cənablar, ömrüm boyu mənim hər şeydən çox sələmçilikdən zəhləm gedib, amma əslində, öz-özümə müəmmalı danışmaq gülməli çıxsa da, axı, mən doğrudan da, doğrudan da, doğrudan da “cəmiyyətdən intiqam alırdım”! Buna görə də onun həmin səhər “intiqam” barədə məni sancması, ədalətsizlikdi. Daha doğrusu, bilirsinizmi, mən ona açıq desəydim ki: “Bəli, mən cəmiyyətdən intiqam alıram”, o, dünən səhərki kimi, qəhqəhə çəkib gülərdi, özü də bu doğrudan da gülməli çıxardı. Amma dolayısı ilə, eyhamla, müəmmalı danışanda, məlum oldu ki, təxəyyülü aldatmaq olar. Üstəlik də mən o zaman heç nədən qorxmurdum: axı bilirdim ki, yoğun baqqal hər halda onun gözündə məndən pisdir və mən darvazanın ağzında onun xilaskarı kimi dayanmışam. Axı mən bunu başa düşürdüm. İnsan əclaflığı xüsusilə yaxşı başa düşür! Ancaq bu əclaflıqdırmı? Burada adamı mühakimə eləmək olar? Məgər mən hələ o vaxt bu qızı sevmirdimmi?

Dayanın: aydın məsələdir ki, mən o zaman qıza, xeyirxahlıq niyyətim barədə bircə kəlmə də deməmişdim, əksinə, tamam əksinə: “guya o mənə xeyirxahlıq eləyirdi, mən ona yox”. Mən bunu hətta dilimə də gətirdim, özümü saxlaya bilmədim, buna görə bəlkə də yersiz düşdü, çünki ötəri dodağının qaçdığını hiss elədim. Ümumiyyətlə isə, üstəlik tamam mənim tərəfimdə idi. Dayanın, bir halda ki, bütün bu çirkin söhbətləri xatırlayıram, onda sonuncu heyvanlığımı, sarsaqlığımı da danışım: mən dayanıb öz-özümə fikirləşirdim: sənin boyun ucadır, qədd-qamətlisən, yaxşı tərbiyə görmüsən, nəhayət, lovğalıq olmasın, sən, qəşəngsən. Mənim başımdan belə-belə fikirlər keçirdi. Söz yox ki, qız elə buradaca, darvazanın ağzında mənə “hə” dedi. Ancaq… ancaq mən bir şeyi də əlavə eləməliyəm: o, buradaca, darvazanın ağzında “hə” deyənə kimi xeyli fikirləşdi. Elə fikrə getmişdi, elə fikirləşirdi ki, mən az qala özümü saxlaya bilməyib soruşacaqdım: “Hə, nə oldu?” Hətta özümü saxlaya bilmədim, ədabaz-ədabaz soruşdu: “Hə, nə oldu?” – Ağzımdan belə bir səfeh söz çıxdı.

– Dayanın, qoyun fikirləşim.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)