banner banner banner
Tomris Xan
Tomris Xan
Оценить:
Рейтинг: 0

Полная версия:

Tomris Xan

скачать книгу бесплатно


Əvvəllər təkbaşına, sonra oğlu böyüyüncə onunla birlikdə.

Onu böyütdükdən, öyrənməsi lazım olanları öyrətdikdən sonra bir daha obasına geri qayıtmadı. Əmri alan kimi gəlib bura yetişdi. Buranı təkbaşına yurd seçdi özünə.

Oğlunu yola saldı.

– Çıx get! Bundan sonra nə sənin mənə, nə də mənim sənə ehtiyacım var. Ancaq yer üzünün sənə, mənim isə burda qalmağıma ehtiyacı var. Çıx get.

Atlara marağı olduğu üçün “Atlı Şaman” adını alan oğlu ata əmrini yerinə yetirmək üçün yollara düşdü.

Ağ Şaman buranı seçdi.

Atlı Şamana isə gəzmək, araşdırmaq tapşırıldı.

Tanrı Ağ Şamana bu torpaqları işarə etmişdi. Çünki Sak döyüşçüləri lap qədim zamanlardan gələn dastanın işığını daşıyır ürəklərində. Yer üzünə göndərilmiş, bənzərinə rast gəlinməyəcək Tanrı hədiyyəsi olan igid döyüşçünün dastanıdır bu.

Alp Ər Tonqa. Sakların ulu xaqanı.

İgidlərin igidi, xanların xanı, döyüşçülərin döyüşçüsü Alp Ər Tonqa.

Sakların qüruru. Elmi, ruhu.

Uzun zamandır, sakları ulu xan Alp Ər Tonqa soyundan gələn, qızı Qaz qızın nəvələri idarə edib. Saklar bu müqəddəs soya sahib çıxıb, onu ucaldıb.

Kökü müqəddəs Göy üzündən gələn, müqəddəs olan soydur.

Tur xan oğlu, Zadşem xan oğlu, Peşenk xan oğlu Alp Ər Tonqa xan.

Ağ Şaman baxdığı hər yerdə Alp Ər Tonqadan iz görür, hər yerdən onun haqqında danışan səslər eşidir. Qayalar, daşlar, topraq, su, ağaclar, quşlar onun haqqında qəhrəmanlıq salnamələri danışır.

Onun haqqında şeir

deyir, ağı söyləyir:

– Alp Ər Tonqanın ruhu yaşayır!

Ağ Şaman onun izlərini tapdı.

– Bax, müqəddəs atı Akay ilə buradan keçib. Ardınca düşən yağı düşmənlərlə burada savaşıb. Atının tərkində daşıdığı yoldaşını burada endirib, göylərə göndərib.

Hər səfərində gözləri dolur. Olanları yenidən yaşayır.

– Bax, atı Akayla birlikdə məhz buradan atlayıb müqəddəs çaya!

O dağın yamacında o müqəddəs çayın səsini dinləyir. Çay ona hər gün yenidən danışır baş verənləri, sonra da əlavə edir:

– Belə igid daha gəlməz dünyaya!

– Gəlməz! – deyə cavab verir.

– Gələ bilməz! – deyə təsdiq eşidir.

Ancaq soyu yaşayır. Saklara başçılıq edir. Xalqını ucaltmaq üçün çırpınır, kökü Göy üzünə bağlı soylarına layiq olmaq üçün.

Alp xandır bu.

Sakların xaqanı Alp xan.

Sakların başında o var indi. Müqəddəs vəzifə onundur.

İsıkkul gölü yaxınlarındakı Ordu şəhəri sakların mərkəzi şəhəridir. Əvvəlki ecazkarlığı qalmasa da, bu müqəddəs şəhər Alp Ər Tonqanın əmanətitək hələ də mərkəz kimi qalır. Dinc əhalisi çox olsa da, şəhər düşmənlərin hücumuna qarşı həmişə şücaətlə dayanıb, müqavimət göstərib, qorunub.

Alp xan daim Ordu şəhərində qalmır. Köçərilik həyatını davam etdirmək üçün obasını uyğun yerlərdə qurur. Var olmaq üçün bu cür yaşayır.

Düşmənləri güclənib. Dörd tərəfdən hücum edirlər. Sanki sakları yox etmək üçün and içiblər.

Ən böyük təhlükə yenə də Cənubdan – İrandan gəlir. Sonsuza qədər uzanacaq kimi görünən Turan-İran savaşları davam edir.

İran hökmdarı, pis niyyətli Keyxosrovun Alp Ər Tonqaya qarşı etdiyi haqsızlıq unudulmayıb. Əlbəttə, bunun qisası alınıb, ancaq əhalisinin və ordusunun sayı çox olan İran düşmənçilikdən əl çəkməyib.

Xanədanlar dəyişdi, İran taxtı dəfələrlə nəsildən-nəslə ötürüldü, lakin düşmənçilik və məkrli siyasət öz yerində qaldı. Dövlətin adı dəyişsə də, Turan xalqına qarşı düşmənçiliyi olduğu kimi qaldı. Əllərinə keçən hər fürsətdə hücum etdilər. Sak yurdunu ələ keçirmək, sakları yox etmək üçün oyun üzərinə oyun qurdular. İşlətdikləri hiylələrlə hər zaman saklar üçün təhlükə yaratdılar.

İndi İran-fars dövlətinə Əhəməni xanədanından olan hökmdarlar hakimlik edir.

İranda hökm sürən dövlətin adı fars dövlətidir.

Əhəməni xanədanı fars mənşəlidir.

Hökmdarları isə Kirdir.

Ağ Şamana buraya gəlmək və burada qalmaq vəzifəsi tapşırıldı. Zaman keçdikdən sonra buralar onun üçün elə doğma yurd oldu. Artıq başqa yerlərə getməyi ağlından belə keçirmədi. Haqqın dərgahına buradan qovuşmaq, müqəddəs amal uğrunda vuruşaraq buradan Tanrı qatına yüksəlmək istəyirdi.

Bura onun üçün çox dəyərli yurd olmuşdu. Ruhu burda nəfəs alırdı. Bu torpaqları anlayırdı. Bu torpaqlarla danışır, onları dinləyirdi. Dərdlərini, sıxıntılarını paylaşırdı. Hər gün yenidən yaşayırdı baş verənləri. Çünki nə baş verirdisə, hamısını torpağa, daşa, suya danışırdı. Yurda olan sevgisi onu bu torpaqlara çox bağlamışdı.

“Yer üzü bilir ki, Alp Ər Tonqa gəlmiş-keçmiş ən müqəddəs döyüş əri, igidi kimi davasını bu torpaqlarda apardı. Bu torpaqlarda vuruşdu yağı düşmənlərə qarşı. Onlarla ox, qılınc yarası aldı. Ancaq yıxılmadı, təslim olmadı. Atının üstündən enmədi. Yıxa bilmədilər onu. Buradan atıldı müqəddəs çaya. Buradan yüksəldi müqəddəs Göyə! Qanı bu torpaqlarda axdı. İndi də müqəddəs ruhu ziyarət edir bu torpaqları, unudulmadığını duymaq üçün.

Alp Ər Tonqa. Tanrının müqəddəs, igid xanı”.

Ağ Şamanın astanası gündoğana tərəf böyük çadırı var idi. İnancına və adətlərinə əsasən girişi alçaq idi. Hər dəfə çıxarkən günəşi salamlamaq üçün.

Günəş doğarkən çadırından çıxıb üç dəfə əyilib qarşılardı onu:

– Müqəddəs şüalarını üzərimizdən əksik etmə!

O günəşi heç vaxt yatdığı yerdə qarşılamazdı. Günəşin şüaları yer üzünü işıqlandırdığı anda ayaq üstə olardı. Günəş hər gün səhər Ağ Şamanı ayaq üstə salamlayardı.

Qış günəşi buludların arasında gizləndiyi zamanlarda belə, o, günəşin doğuş vaxtını bilir və gəlişini ayaq üstə gözləyirdi. Gözləmək məcburiyyətindəydi. Gün də, işlər də, müqəddəs amallar uğrunda mübarizə də məhz o zaman başlayırdı.

Bəzən ziyarətçiləri olurdu Ağ Şamanın. Yurdunun igid ərləri, ata dostları, dərdinə dərman diləyənlər, yolu düşüb gələn yolçular. Hamısı ilə bir-bir maraqlanar, danışar, dərdləşərdi. Ziyarətə gələn igidlərə Alp Ər Tonqa və onun döyüş meydanındakı şücaətlərindən geniş söhbət açardı.

Bəzən də onu çağırardılar. Ehtiyacı olub gələ bilməyənlər ta uzaqlardan onu yanlarına səsləyərdilər. Yalnız göndərənin və xəbər alanın xəbərdar olduğu çağırışlar idi bunlar.

Nadir hallarda isə atlı xəbər daşıyanlar onu ziyarət edər, müxtəlif ismarıclar gətirərdilər.

Tanrı vergilisi, Tanrının qüdrətilə eyni yolu seçmiş, bu yolla irəliləmək məcburiyyətində qalan oğlu da ildə bir-iki dəfə gəlib onu ziyarət edər, danışılası bəzi mühüm məsələlər haqda danışar, məsləhət alardı.

Xoşbəxt yaşadıqları zaman idi Ağ Şamanın.

Müqəddəs Göy üzü adamı Ağ Şaman.

Sakların hörmətli Şamanı.

Ağ geyiminə və ağ bənizinə görə aldı bu adı. Cavanlığında – hələ saçına, saqqalına ağ düşməzdən əvvəl ağ rəngə olan sevgisinə görə, “Ağ Şaman” deyə çağırdı xalq onu. Qocaldıqca Ağ Şaman oldu.

Ağ rəngə olan sevgisini yuxuya bağlayır Ağ Şaman.

Şaman olan atası hər zaman Tanrıya dua edərdi. Oğlunun şaman olmaması üçün dua edərdi. Çünki onun sadə insan kimi yaşamasını istəyirdi.

“Mənə verdiyin yükü oğluma vermə. O, sadə insan, adi döyüşçü kimi yaşasın. Ruhlar uzaq olsun ruhundan. Nə olursa-olsun, onu narahat edəcək sıxıntılar yaşamasına icazə vermə!”

Müqəddəs Göy üzü igidi olmaq çox çətin vəzifədir. Şaman olmaq üçün şaman soyundan gəlmək lazımdır. Ona görə də oğlunu şaman kimi görmək istəmirdi. İstəmirdi, çəkdiyi sıxıntıları çəksin, onun kimi yaşamaq məcburiyyətində qalsın. Oğlu anlayacaq yaşa gələnə qədər bunun nə demək olduğunu başa düşməzdi.

Çox davam etmədi. Altı bahar gördüyü çağlarda, birdən-birə başqalarından fərqli olduğunu anladı. Səslər eşitməyə, kölgələr görməyə başladı. Əlbəttə, bir də sonu gəlməz qorxular. Daxilindən gələn gücü hiss edib hələ başlanğıcda pis ruhlar ona hücum edirdilər.

Şaman atası baş verənləri gördü. Anladı ki, oğlu onunla eyni yolda irəliləyəcək. “Nə etməli? – dedi. – Tanrının hökmünə qarşı gəlmək olmaz. Tanrıdan gələn hər şey qəbulumuzdur”.

Övladı dünyaya gələnə qədər oğlunun şaman olmaması, özü getdiyi yolu getməməsi üçün dua etmişdi, övladı dünyaya gəldikdən sonra isə Tanrının bu istəyinə boyun əymişdi.

Aqillə cahilin fərqi budur.

Artıq geriyə yol yox idi. Övladı dünyaya gəldikdən sonra oğlunu yetişdirmək yolunu seçdi Ulu Şaman. Onu qarşıdakı çətinliklərə hazırladı.

Oğlu məhz o günlərdə – şamanlığa ilk addımlarını atarkən gördüyü yuxunu danışdı atasına:

– Dağların arasında qanlı çay axırdı. Mənsəbindən qan fışqırırdı. Ağ qarla bəslənirdi, ancaq rəngi dəyişmirdi. Çağlayaraq axır, bu qədər yolu qan qırmızı rəngi ilə aşırdı. Üzərimə gəlirdi, düz üzərimə. Qanda boğulacağımı düşünərək qorxurdum. Sonra yaxınlaşdıqca sürəti azaldı. Yumşaq-yumşaq ayaqlarıma dəydi. O anda rəngi açıldı və bir anda ağ oldu. Məni keçdikdən sonra artıq ağ suyla axdı. Təəccübdən donub qaldım, ata. Qanlı axan çay bir anda necə ola bilər ki…

– Ola bilər! – dedi atası. – Ola bilər! Bu, müqəddəs yuxudur.

Nə desin?

– Ey oğul! Mənə, atama, babama və lap əvvəlki əcdadlarımıza verilən müqəddəs vəzifə indi də sənə verilib. İşin çox çətindir, bundan əvvəlki xoşbəxt yuxularını çox axtaracaqsan. Həyatın həqiqətlərlə yuxular arasında bir yerə sığınacaq. Bəzən həqiqətlə yuxunu qarışdıracaqsan. Yaşadığını, yoxsa öldüyünü bilməyəcəksən. Görəcəksən, ancaq görməzlikdən gələcəksən. Çarəni səndə axtaranlar olacaq. Çarəsiz olduğunu unudub onların dərdinə qalacaqsan. Ən çətin hallarda belə, qapına gələnlərə ümid yeri olacaqsan.

Atası o gün əlindən tutub müqəddəs dağın yüksəkliklərinə çıxardı, orada müqəddəs ağac

əkdirdi. Balaca əllərinin əziyyət çəkməsinə, zəif bədəninin yorulmasına fikir vermədən: – “bu çox vacibdir”, – dedi.

Bu ağac onun daşıyacağı yükün bir hissəsinin hissəsi idi. – Sənə kömək olacaq. Onunla bir böyüyəcəksiniz… – dedi.

Ağac quruyub yox olanda o da yox olacaqdı.

“Hər şamanın müqəddəs ağacı

var”, – dedi.

Qanlı çayın ağ çaya çevrildiyi yuxunu gördükdən sonra ağ rəngə qarşı sevgi yaranmışdı ürəyində. Hər şeyin ağ rənginə doğru axırdı ürəyindəki hisslər. Anlamayanlar üçün qəribə olsa da, atası vəziyyətini bildiyi üçün dinmirdi.

Nəticədə “Ağ” qaldı adı. Yaşlandı, “Ağ Şaman” oldu.

Ağ ilə sarılmış müqəddəs Göy əri.

– Nə üçün axı Göy rəng deyil, ağ oldu? – soruşdular hər dəfə ondan.

– Çünki Göy rəngi Göy üzünün haqqıdır. Al və qara da öz sahiblərini tapdı. Ağ isə mənə qaldı, – dedi.

Şamanlarda rənglə bağlı xüsusi seçim olmazdı. Ağ şaman, qara şaman

anlayışı güc və başqa bir neçə amillə bağlı idi.

Ağ Şaman ağ rəngdə tapmışdı yolunu.

“Getdiyim yol ağ mənim!” – deyirdi.

Bir yolçu idi o.

Atını dağlara tərəf çapanda atın dırnaqlarının qayalıqlar üzərindən keçərkən çıxardığı səs qarşı zirvələrdə əks olunurdu. Çox diqqətlə və ehtiyatla çapırdı atı. Getdiyi yerə tez çatmalıydı, ancaq atını da qorumaq məcburiyyətində idi. At onların ən sadiq dostu olduğu üçün əsla ona əziyyət verməzdilər. Yoluna davam etməliydi. Getməli olduğu bir neçə yer var idi. Ağ Şaman hələ çox uzaqdaykən hiss etmişdi atlının gəldiyini. Atlının ayaq səslərini duyması, təlatüm hissi, quşların və çöl heyvanlarının hərəkəti… Sonda isə səslər. Hamısı bunu deyirdi.

Bu səbəbdən çadırından uzaqlaşmamışdı. Atlı birbaşa ona doğru gəlirdi. Gördüyü yuxular pis xəbər alacağının işarəsini vermişdi. Həyəcanla gözləyirdi.

Şamanın yaşadığı yerə icazəsiz yaxınlaşmağın düzgün olmadığını bilən çapar çadıra iki yüz addım qalmış atını saxladı. Əvvəlcə ətrafına göz gəzdirdi. Heç kim yox idi. Sonra yüksək səslə səsləndi:

– Ulu Şaman…

Sonra bir anlıq cavab eşitmək üçün gözlədi. Müqəddəs Göy üzü ərənlərinin hər zaman hər şeydən əvvəlcədən xəbərdar olduqlarını bilirdi. Çaparın səslənməsindən xeyli əvvəl Ağ Şaman onun olduğu yerə tərəf enməyə başlamışdı. Bağıraraq cavab vermək, onu çağırmaq əvəzinə yanına gedib qarşılamağı məsləhət bilmişdi.

Çaparın gedəcəyi başqa yerlər olduğu üçün gözləməyə vaxtı yox idi.

– Ağ Şaman! Göy üzünün müqəddəs ərəni, Orda şəhərindən xəbər var?! Haradasan?

Atlı öz qarşılığını tapmayan səsinin əks-sədasından həyəcanlanmışdı, yerində dura bilmirdi. Atı da dayanmır, dəli çöl atları kimi kişnəyirdi. Bir o yana, bir bu yana dönərək üstündəki sahibinin tarazlığını pozurdu.

Əlbəttə, gördüyü otlar da diqqətini dağıtmasına səbəb olmuşdu. Halbuki, çapar bərk tutduğu yüyəni boşaltmaq, onun istəyini yerinə yetirmək niyyətində deyildi.

– Ulu Ş…

Bu dəfə tamamlaya bilmədi sözünü. Bir anda qarşısında bitmiş kimi gördü Ağ Şamanı. Atı da ürkdü, bir neçə addım geriyə çəkildi.

Çapar gənc bir igid idi. Həyəcan içərisində nə edəcəyini unutmuşdu. Sonra qarşısındakının Ulu Şaman olduğunu xatırlayıb cəld atından endi, diz üstə çöküb qarşısında heykəl kimi dayanan müqəddəs Göy adamını salamladı.

– Tanrı səni qorusun, Ulu Şaman. Bağışla. Çox vacib vəzifə olduğu üçün sizə səsləndim. Yox-sa gözləyərdim. Gedəcəyim başqa yerlər də var, xəbəri çatdıracağım yerlər, şəxslər…