banner banner banner
Hədəf – Bakı: “Qara qızıl” Uğrunda Mübarizə. 1917-1922
Hədəf – Bakı: “Qara qızıl” Uğrunda Mübarizə. 1917-1922
Оценить:
Рейтинг: 0

Полная версия:

Hədəf – Bakı: “Qara qızıl” Uğrunda Mübarizə. 1917-1922

скачать книгу бесплатно


III.

AZƏRBAYCANIN MÜSTƏQILLIYININ ELAN OLUNMASI VƏ BAKI NEFTI UĞRUNDA MÜBARIZƏNIN KƏSKINLƏŞMƏSI

1917-ci ilin oktyabrında Rusiyada baş vermiş çevriliş keçmiş imperiya ərazisində yaranan yerli hakimiyyət orqanları, o cümlədən Cənubi Qafqaz hökuməti tərəfindən mənfi qarşılanmış və onlar bolşevik hökumətini tanımadıqlarını bəyan etmişlər. Rusiyanın faktiki olaraq region üzərində nəzarəti itirməsi digər dövlətləri burada öz siyasətlərini fəallaşdırmağa vadar etdi. Cənubi Qafqazda möhkəmlənmək və onun ərazisini Rusiyaya qarşı hərbi müdaxilə məqsədilə istifadə etmək üçün həmin dövlətlər Cənubi Qafqaz xalqlarının müstəqillik meyllərini dəstəkləməyi mümkün sayırdılar. Antanta dövlətlərinin London konfransında (dekabr, 1917) Rusiyada nüfuz dairələrinin bölüşdürülməsi haqqında qəbul edən konvensiyaya əsasən, Bessarabiya, Ukrayna, Krım Fransanın, kazakların əraziləri və Qafqaz isə Böyük Britaniyanın nüfuz dairələrinə daxil edilmişdir.[106 - Юсифзаде С.З. Первая Азербайджанская Республика: история, события, факты англо-азербайджанских отношений. Баку, 1998, с. 31.] Lakin xarici dövlətlərin Cənubi Qafqazla bağlı siyasətində daha bir vacib səbəb var idi – Bakı nefti. Antanta Bakının alman-türk qoşunları tərəfindən ələ keçirilməsindən ehtiyat edirdi, çünki belə olduqda müharibənin gedişində müttəfiqlər üçün xoşagəlməz nəticələr yarana bilərdi.

Bu dövrdə Bakı bolşeviklərin regionda yeganə istinadgahı idi. Mart soyqırımı və bundan sonra Xalq Komissarları Sovetinin yaranması Bakıda bolşevik diktaturasının formalaşmasını başa çatdırdı. Lakin Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası qəti şəkildə bildirmişdir ki, şəhər Azərbaycanın ayrılmaz hissəsidir və buna görə yalnız müsəlman türklər Bakıda ali hakimiyyəti təmsil edə bilərlər. Seymdə mövcud olan qüvvələr nisbəti və daxili ziddiyyətlər şəraitində Azərbaycan fraksiyası seymin milli maraqları təmin edəcəyinə güvənə bilməzdi. Bakını azad etmək üçün daxili qüvvələr isə kifayət etmirdi. Buna görə kənardan yardıma və dəstəyə ehtiyac duyulurdu. Azərbaycanın müttəfiqi qismində çıxış edə biləcək ölkə Osmanlı dövləti idi. Türklər 1918-ci ilin əvvəllərindən etibarən Cənubi Qafqazda öz siyasətini fəallaşdırmışlar. Bu, təkcə Antanta blokunun deyil, həmçinin Osmanlı dövlətinin Birinci Dünya müharibəsində müttəfiqi – Almaniyanın da maraqlarına cavab vermirdi. Almanlar neft məsələsində türklərə etibar etmirdilər və bu səbəbdən Yaxın Şərq cəbhəsində olan qüvvələrini Bakıya yürüşə hazırlamaq məqsədilə təcili şəkildə Gürcüstana göndərdilər. Almaniya Baş qərargahının rəisi E.Lüdendorf öz xatirələrində yazırdı: “Mən, türklərin əməliyyatlarına müsbət yanaşırdım, çünki bunlar müharibənin ümumi gedişinin maraqlarına cavab verirdi. Lakin həmin əməliyyatlar Türkiyəni əsas hərbi vəzifələrindən yayındırmamalı və bizim Qafqazdan xammal daşımağımızı əngəlləməməli idi. Biz güman edirdik ki, daşımalar bizim işimizi xeyli yüngülləşdirəcək… Biz yalnız öz qüvvələrimizə arxayın olduqda Bakdan neft əldə edə bilərdik.”[107 - Людендорф Э. Мои воспоминания о войне 1914-1918 гг.: Т.2. Москва, 1924, с. 187.] Almaniya Osmanlı hökumətindən Cənubi Qafqaza hücumu dayandırmağı və Zaqafqaziya Seymi ilə danışıqlara başlamağı tələb etdi. Öz müttəfiqinin fikri ilə hesablaşmalı olan Osmanlı dövləti güzəştə getməyə məcbur oldu. 1918-ci il aprelin 27-də İstanbulda Osmanlı dövləti ilə Almaniya arasında Cənubi Qafqazda nüfuz dairələrinin bölüşdürülməsi haqqında məxfi müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə, türklərin tutduğu Cənubi Qafqaz vilayətləri onların ixtiyarında qalır, regionun digər əraziləri isə Almaniyanın maraq dairəsi elan olunurdu. Bununla belə, türklər İranın şimalında ingilislərlə müharibə aparmaq üçün qoşunların Cənubi Qafqaz dəmir yolu vasitəsilə daşımaq hüququna da nail ola bildilər[108 - Пипия Г.В. Германский империализм в Закавказье в 1910-1918 гг. Москва, 1978, с. 101.]. Müqavilənin bu bəndinin Osmanlı dövlətinin Bakının azad edilməsi işində Azərbaycana göstərəcəyi hərbi köməkdə mühüm əhəmiyyəti var idi.

Cənubi Qafqaz ətrafında gedən fəal beynəlxalq mübarizənin fonunda bölgənin özündə mürəkkəb hadisələr cərəyan edirdi. Seymin bütün fraksiyalarının yalnız öz maraqlarını təmin etməyə çalışması son nəticədə onsuz da zəif olan Cənubi Qafqaz federasiyasının dağılmasına gətirib çıxardı. 1918-ci il mayın 28-də müstəqil Azərbaycan Cümhuriyyəti elan edildi. Milli hökumətin əsas vəzifələrindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Bakının bolşevik işğalından azad olunması idi. Bu işdə Osmanlı dövləti Azərbaycanın dayağı oldu. İki dövlət arasında 1918-ci il 4 iyun müqaviləsinin imzalanmasın-dan sonra Osmanlı dövləti Azərbaycan Cümhuriyyətinin ölkə ərazisində, o cümlədən, Bakıda hakimiyyətinin bərqərar edilməsi istiqamətində yardım göstərməyə başlamışdır.

V.Lenin hökuməti bilirdi ki, Osmanlı-Azərbaycan yaxınlaşması son nəticədə Bakı məsələsində bolşeviklərlə toqquşmaya gətirib çıxaracaqdır. Buna görə Sovet Rusiyası Bakını əldə saxlamaq üçün diplomatik və hərbi tədbirlər görməyə başladı. Almaniya ilə Türkiyə arasında ziddiyyətlərdən istifadə etməyə çalışan V.Lenin 1918-ci il mayın 24-də S.Şaumyana yazırdı: “…Bakının beynəlxalq vəziyyəti çətindir. Buna görə də məsləhət görərdim ki, Jordaniya [Gürcüstan milli hökumətinin başçısı Noy Jordaniya – F.C.] ilə ittifaqa girməyə cəhd edin. Əgər mümkün deyilsə, onda hərbi cəhətdən möhkəmlənənədək manevr etmək və qərar çıxarılmasını ləngitmək lazımdır. Vəziyyəti ağıllı-başlı nəzərə almalı və qərar çıxarılmasını ləngitmək üçün diplomatiya işlətməli – bunu yadda saxlayın…”[109 - V.İ.Lenin Azərbaycan haqqında, s. 126.] Məktubda səsləndirilən tövsiyələrə uyğun olaraq, S.Şaumyan iyunun 6-da N.Jordaniyaya müraciət edərək, guya Cənubi Qafqazın müstəqilliyini türklərin hücumlarından qorumaq üçün sovetlərə kömək göstərilməsini ondan xahiş etmişdir. S.Şaumyan həmçinin zəmanət verirdi ki, əgər Gürcüstan türkləri öz ərazisindən Azərbaycana buraxmasa, onda Sovet Rusiyası Cənubi Qafqazda öz hakimiyyətini bərqərar etdikdən sonra gürcülərə muxtariyyət verə bilər.[110 - Həsənli C.P. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920). Bakı, 2009, s. 106.]

Türklərin Azərbaycan ərazisində sürətlə irəliləməsi həm Rusiyanın, həm də Almaniyanın maraqlarına zidd idi. Əgər Rusiya neft Bakısını itirməkdən qorxurdusa, Almaniya türklərin Azərbaycan qüvvələri ilə birgə şəhəri ala biləcəyinə inanmırdı. Almanlar ehtiyat edirdilər ki, döyüş əməliyyatları vaxtı neft mədənləri məhv ola bilər. Berlin çətin vəziyyətə düşmüşdür: birincisi, 27 aprel 1918-ci il müqaviləsinə görə, Azərbaycan Almaniyanın nüfuz dairəsinə keçmişdir. Lakin Osmanlı dövləti Azərbaycana hərbi və siyasi yardım göstərməkdə davam edirdi. İkincisi, türklərin fəallığı ilə yanaşı alman hökuməti Bakıda sovet hakimiyyətinin mövcudluğu, həmçinin Brest-Litovsk müqaviləsinin tələbləri ilə də hesablaşmağa məcbur idi. Üçüncüsü, alman komandanlığı narazı idi ki, türk qoşunları Şimali İranda ingilislərlə mübarizə adı ilə şərqdə cəmləşib özlərinin qərbdəki mövqelərini zəiflədiblər. Almaniyanın hakim dairələrində həmçinin anlayırdılar ki, Türkiyənin bölgədə nüfuzu artdıqca Qafqazda Almaniya-Osmanlı rəqabəti daha da kəskinləşəcək.[111 - Пипия Г.В. Göst. əsəri, s. 124..]

Almaniya ilə Osmanlı dövləti arasında Qafqaza, o cümlədən Azərbaycana münasibətdə fərqli yanaşmalar və ziddiyyətlər 1918-ci il iyunun sonunda keçirilməsi nəzərdə tutulan İstanbul konfransında özünü qabarıq şəkildə büruzə verdi. Dördlər İttifaqı və Qafqaz (Gürcüstan, Azərbaycan, Ermənistan və Dağlılar İttifaqı) dövlətləri arasında siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərin müzakirəsinə həsr olunmuş konfransda iştirak edən Azərbaycan nümayəndələrinin – Məhəmmədəmin Rəsulzadənin, Xəlil bəy Xasməmmədovun və Aslan bəy Səfikürdskinin Osmanlı hərbi naziri Ənvər paşaya ünvanladıqları məktubdan göründüyü kimi, onlar Bakının azad edilməsi işində daha da qətiyyətli addımların atılmasını gözləyirdilər. Məktubda deyilirdi: “Müsəlmanların maddi və mənəvi zənginliyinin mərkəzi olan Bakı isə bolşeviklərin əlinə keçmiş və ağlagəlməz bir surətdə dağıdılmışdır. Biz şəhərin tezliklə azad edilməsini acizanə şəkildə sizdən xahiş edirik. Ötən hər gün bizə böyük bədbəxtliklər gətirir. Bir həftə də yubansaq, Cənubi Qafqazda bir çəllək də neft qalmayacaq, neft olmadığından sizin istifadə etmək istədiyiniz dəmir yolu öz hərəkətini dayandıracaq, bolşeviklər tərəfindən həbs olunmuş bütün ziyalılar və kapitalistlər vəhşicəsinə məhv ediləcəklər. Biz təxirə salınmadan ora hərbi kömək göndərilməsini rica edirik.”[112 - Həsənli C.P. Azərbaycan Xalq Cümhuriyyətinin…, s. 114.]

İstanbul konfransı zamanı almanlara məlum oldu ki, Türkiyənin müdafiə və yardım etdiyi Azərbaycan hökuməti Bakını heç kimə güzəşt etmək fikrində deyil. Hətta Sovet Rusiyasının Bakı Xalq Komissarları Sovetini müdafiə etməsi və dəstəkləməsi Almaniyanın RSFSR nümayəndələrinin İstanbul konfransına dəvət edilməsi təşəbbüsünü irəli sürməsinə də səbəb olmuşdur. Lakin Osmanlı dövlətinin buna qarşı çıxması təklifin gerçəkləşməsinə imkan verməmişdir.[113 - Həsənli C.P. Azərbaycan Xalq Cümhuriyyətinin…, s. 117.]

Beləliklə, son məqsəddən asılı olmayaraq, həm Rusiyanın, həm də Almaniyanın maraqları Türkiyəyə mane olmaq məsələsində üst-üstə düşürdü. Bu amil iki ölkənin bir-biri ilə yaxınlaşmasına və Bakı məsələsində Rusiya-Almaniya sövdələşməsinə təkan verdi. Almanlar anlayırdılar ki, “Bakı problemi”nin açarı Sovet Rusiyasının əlindədir. Almaniyanın İstanbuldakı konsulu öz hesabatında yazırdı ki, bolşeviklər Bakını əldə saxlayırlar və buna görə çox güman ki, şəhəri almaq mümkün olmayacaq. Konsul Bakı məsələsində Rusiya ilə danışıqlara getməyi məqsədəuyğun hesab edirdi: “Ümumiyyətlə, türklərin Bakını ala bilməsi şübhəli görünür; çox güman ki, onlar orada bolşeviklər tərəfindən əsaslı şəkildə məğlub ediləcəklər – bunu arzulamaq lazımdır. Əgər biz bolşeviklərlə razılaşsaq, onda Bakının neft mənbələri və neft ehtiyatları tam və zərər çəkmədən bizim əlimizə keçəcək. Əgər gözləntilərin əksinə olaraq bolşeviklər şəhəri tərk etməyə məcbur olsalar, onda onlar mədənləri yan-dıracaqlar və nə biz, nə də türklər neft ehtiyatlarından yararlana bilməyəcəyik.”[114 - Азербайджанская Демократическая Республика (1918-1920), с. 80.] Bolşeviklərin Bakının neft mədənlərini yandıra bilməsini ehtimal edərkən alman diplomatı heç də yanılmırdı. Əlbəttə, o, bunu dəqiq bilə bilməzdi, çünki həmin məsələ tam məxfi idi. Lakin tarixi faktlar sübut edir ki, bolşeviklərin həqiqətən belə bir dəhşətli planı var idi.

1918-ci il iyunun 5-də V.Lenin naməlum şəxsə yazırdı: “Terə [S.Ter-Qabrielyana – F.C.] həm də çatdıra bilərsinizmi ki, o, hücum olacağı təqdirdə Bakının tamamilə yandırılması üçün hər şeyi hazırlasın və bu barədə Bakıda elan dərc etsin.”[115 - Ленин В.И. Неизвестные документы. Москва, 1999, с. 239.] Bolşeviklərin mədənləri yandırmağa hazırlaşdığını S.Şaumyanın V.Leninə yazdığı 23 iyun 1918-ci il tarixli məktubu da təsdiqləyir. S.Şaumyan S.Ter-Qabrielyanın Bakıya silah və “çoxlu başqa xeyirli şeylər” gətirdiyi üçün V.Leninə təşəkkürünü bildirir, həmçinin almanların Azərbaycan-Osmanlı qoşunlarına kömək edəcəyindən narahatlığını ifadə edərək yazırdı: “… onda yəqin ki, biz Bakını əldə saxlaya bilmərik. Belə olarsa, biz Sizin reseptinizi tətbiq edəcəyik. Bununla bağlı barəsində Sizə xəbər verdiyimiz qətnaməni qəbul etmişik və mütəxəssislərdən ibarət komissiya təşkil olunub. Komissiya öz işi barədə hər gün mənə məruzə edir.”[116 - ARPİİSSA: surət fondu, iş 110, vv. 1-2.] Şübhə yoxdur ki, “Sizin reseptiniz” dedikdə, S.Şaumyan V.Leninin neft mədənlərini yandırmaq haqqında planını nəzərdə tutur və artıq hazırlıq işlərinin getdiyi barədə məlumat verirdi.

Azərbaycan-Osmanlı qüvvələri Bakıya doğru irəlilədikcə Rusiya-Almaniya yaxınlaşması real müstəviyə keçirdi. Bunu V.Leninin İ.Stalinə ünvanladığı teleqramdan görmək mümkündür: “Bu gün, iyunun 30-unda Berlindən İoffedən [RSFSR-in Berlində səlahiyyətli nümayəndəsi – F.C.] xəbər gəlmişdir ki, Külman [Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi – F.C.] İoffe ilə ilkin danışıqlar aparmışdır. Bu danışıqlardan bəlli olduğuna görə, almanlar razıdırlar ki, türkləri Brest müqaviləsində göstərilən sərhəddə hərbi əməliyyatı dayandırmağa məcbur etsinlər, bizim üçün dürüst demarkasiya xətti müəyyənləşdirsinlər. Söz verirlər türkləri Bakıya qoymasınlar, özləri də neft istəyirlər. İoffe cavab vermişdir ki, biz Brest sülhünə ciddi əməl edəcəyik, lakin almaq xatirinə vermək prinsipinə tamamilə razıyıq. Bu xəbərə ciddi diqqət yetirin və çalışıb onu Şaumyana tez çatdırın, zira Bakını əldə saxlamaq üçün indi ən ciddi imkanlar vardır. Neftin bir qismini, əlbəttə, verərik.”[117 - V.İ.Lenin Azərbaycan haqqında, s. 131.]

7 iyul tarixli növbəti teleqramda V.Lenin İ.Stalinə yazırdı: “…Bakıya dair ən vacib olan budur ki, Siz daim Şaumyanla əlaqədə olasınız və Şaumyan almanların Berlində səfir İoffeyə etdikləri təklifdən xəbərdar olsun. Təklif bundan ibarətdir ki, biz almanlara neftin müəyyən hissəsini verməyə zamin durur, onlar isə türklərin Bakıya hücumunu dayandırmağa razılaşırlar. Əlbəttə, biz razılaşacağıq.”[118 - Документы внешней политики СССР: Т.1, с. 381.] Rusiya üçün çox vacib idi ki, almanlar Bakını Rusiyanın bir hissəsi kimi tanısınlar, özü də bolşeviklər neftin bir hissəsini güzəştə getməkdən əlavə alman protektoratı altında olan Gürcüstanın işlərinə müdaxilə etməməyə də söz verirdilər. Ertəsi gün – iyulun 8-də İ.Stalin S.Şaumyana göndərdiyi teleqramda bildirirdi: “1. Zaqafqaziyaya dair məsələdə bizim ümumi siyasətimiz bundan ibarətdir ki, biz almanları gürcü, erməni və Azərbaycan məsələlərinin Rusiyanın daxili məsələsi kimi rəsmən tanımağa və onları bu məsələlərin həllində iştirak etməməyə məcbur etməliyik. Məhz buna görə biz Almaniyanın tanıdığı Gürcüstanın müstəqilliyini tanımırıq. 2. Ola bilsin ki, biz Gürcüstan məsələsində almanlara güzəştə getməli olacağıq, lakin belə güzəştə biz yalnız o şərtlə gedəcəyik ki, almanlar Ermənistanın və Azərbaycanın işlərinə qarışmamağa razı olsunlar. 3. Almanlar Bakının bizdə qalmasına razılıq verərək əvəzində müəyyən qədər neftin ayrılmasını xahiş edirlər. Əlbəttə ki, biz bu “xahişi” təmin edə bilərik.”[119 - Ментешашвили А. Из истории взаимоотношений Грузинской Демократической Республики с советской Россией и Антантой. 1918-1921 гг. // http:sisuari.tripod.com]

Rusiya ilə Almaniya arasında danışıqlar və müzakirələr getdiyi bir vaxtda bolşeviklərin Bakının neft mədənlərini məhv etmək planı yenidən gündəmə gəldi. Məqalələrinin birində S.Şaumyan bu barədə yazırdı: “Bakı almanlar tərəfindən tutulduğu halda neft ehtiyatlarının onların əlinə keçməməsi üçün Lenin bütün tədbirlərin görülməsini bizdən tələb edirdi. İclasların birində mənim təklifimlə Bakı Sovetinin belə bir qətnaməsi qəbul olunmuşdur: bütün neft sənayesini məhv etmək, lakin almanlara təslim etməmək.”[120 - Шаумян С.Г. Избранные произведения: Т.2, с. 409.]

Almaniya ilə Rusiya arasında aparılan gizli danışıqlardan xəbər tutan İstanbuldakı Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin başçısı M.Rəsulzadə xarici işlər naziri Məhəmmədhəsən Hacınskiyə ünvanladığı 19 iyul 1918-ci il il tarixli məktubda yazırdı: “Almanların Bakıya hücum əleyhinə olma-larının dəlili bu imiş ki, Bakıya hərbi yolla gedilərsə, bolşeviklər neft mədənlərini və neft ehtiyatlarını yandırarlar. Halbuki, neft müharibə edən müttəfiqlərə su kimi lazımdır. Buna görə də almanlar Bakı məsələsini başqa formada, sülh yolu ilə həll etmək istəyirlər… Şəxsi kanallarla bizdə məlumat var ki, neftə dair almanlarla bolşeviklər arasında xüsusi müqavilə mövcuddur. Məlumunuz olsun ki, neft məsələsi Azərbaycan-Almaniya məsələsindən çox Türkiyə-Almaniya məsələsidir. Batumi müqaviləsinə görə, neftin artıq qalan hissəsi Türkiyənindir. Görünür, türklər neft amili zəminində almanlardan istifadə etmək istəyirlər.”[121 - Həsənli C.P. Azərbaycan Xalq Cümhuriyyətinin…, s. 125.]

Yaranmış şəraitdə Azərbaycan Cümhuriyyəti Osmanlı dövlətinin və Almaniyanın maraqları ilə hesablaşmalı, onlarla kompromisə nail olmalı idi. M.Rəsulzadə məktublarının birində yazırdı: “Çox güman ki, biz Bakıda almanlara məlum iqtisadi güzəştlərə getməli olacağıq.”[122 - Азербайджанская Демократическая Республика (1918-1920), с. 83.] Xarici işlər naziri M.Hacınski İstanbulda olan M.Rəsulzadədən xahiş edirdi ki, o, Azərbaycan hökumətinin Berlinin və İstanbulun maraqlarını təmin etməyə hazır olduğunu Almaniya və Türkiyə rəsmilərinə bildirsin: “Türkiyənin, Azərbaycanın və Almaniyanın maraqlarını yaxınlaşdırmaq üçün zəmin tapın. Belə bir zəmin Bakı neftinə dair iqtisadi sazişdir. Burada güzəştə getmək olar.”[123 - Азербайджанская Демократическая Республика (1918-1920), с. 83.]

Bu vaxt isə Azərbaycan və Osmanlı ordusunun Bakıya yürüşü davam edirdi. RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin Almaniyanın diplomatik nümayəndəsi Kurt Ritslerə Bakıya hərbi hücumla əlaqədar etiraz notası göndərmişdir.[124 - Документы внешней политики СССР: Т.1, с. 410.] S.Şaumyan türklərin şəhərə yaxınlaşması haqqında daim Moskvaya teleqramlar göndərirdi. İyulun 27-də V.Leninə ünvanladığı teleqramda o, məlumat verirdi: “Cəbhədə vəziyyət gündən-günə pisləşir. Şamaxı istiqamətində bizim qoşunlar geri çəkiliblər və dəmir yolu xətti boyu yenidən formalaşırlar. Şimaldan – Pirsaat istiqamətində, cənubdan – Salyan tərəfdən sıxışdırılan qoşunlar Ələt stansiyasına qədər geri çəkiliblər, vəziyyət olduqca ciddidir.”[125 - Шаумян С.Г. Избранные произведения: Т.2, с. 368.]

Cəbhədə ağır döyüşlərin getdiyi bir vaxtda Bakının özündə mühüm hadisələr baş verdi – Rusiyanın Cənubi Qafqazdakı yeganə sovet forpostu süqut etdi. Bolşeviklərin şəhəri müdafiə etmək iqtidarında olmadığını görən Bakı Soveti 1918-ci il iyulun 25-də ingilislərin dəvət olunması haqqında qərar qəbul etdi. Bu barədə V.Leninə xəbər verən S.Şaumyan ondan əlavə qoşunların göndərilməsini xahiş edirdi: “Bakını Rusiya üçün xilas etmək vacibdir.”[126 - Документы внешней политики СССР: Т.1, с. 411.]


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)