скачать книгу бесплатно
Biz yola düşdük.
Bu səfərim haqqında heç nə xatırlamıram. Mənə elə gəldi ki, mənzilə çatana qədər yüz mil, neçə yüz mil yol keçib-getdik. Gecə haradasa dayandıq. Dilicanın qapısı açıldı. Qapının yanında bir qadın durmuşdu.
‒ Burada Ceyn Eyr adında balaca qız varmı? ‒ soruşdu və mən cavab verdim:
‒ Bəli.
Məni düşürtdülər, çamadanımı yerə qoydular, fayton yola düşdü.
Qarşıda darvaza var idi. Mən təzə bələdçinin müşayiəti ilə bu darvazadan keçib içəri girdim. Biz yolla gedib bir evin girişinə çatdıq. Bələdçim məni dəhlizlə buxarı olan otağa apardı və burada tək qoyub getdi.
Otağa əlində şam tutmuş bir qadın daxil oldu. Onun ardınca başqa qadın da gəldi.
‒ Belə bir səfərə çıxmaqdan ötrü bu qız hələ çox kiçikdir, ‒ əlində şam olan qadın dedi. ‒ Onu tez yatağa salmaq lazımdır. Görünür, çox yorulub. Sən yorulmusan? ‒ o sual verərək əlini çiynimə qoydu.
‒ Bir az, xanım.
‒ Həm də, yəqin ki, acsan. Yatmazdan əvvəl ona şam yeməyi düzəldin, miss Miller.
Yorğunluq və həyəcandan iştaham tam yoxa çıxmışdı. İçimdə yanğı hiss etdiyimdən su töküb içdim, amma yeməyə əl vurmadım.
Yorğunluqdan ayaq üstə güclə dururdum, yataq otağına gəldik, yerimə uzanan kimi yuxuya getdim.
Gecə sürətlə gəlib-keçdi. Zəng səsinə oyandım. Həvəssiz ayağa qalxdım. Hamı yığışıb qoşa sıraya düzüldü, sonra pilləkənlə aşağı düşüb soyuq, zəif işıqlı sinif otağına daxil olduq. Miss Miller dua oxudu.
‒ Siniflər üzrə düzlən!
Mən qızların dörd stol arxasında yarımdairə şəklində düzüldüyünü gördüm. Məni ən kiçik sinfə qatıb yarımdairənin sonunda oturtdular.
Dərslər başladı. Əvvəl qısa dua, ardınca “Əhdi-cədid”dən mətnlər, bunun ardıncasa “Bibliya”dan ayrı-ayrı fəsillər oxundu. Sonra zəng çalındı. Qızlar sıraya düzülüb səhər yeməyi üçün o biri otağa keçdilər. Necə də sevindim! Aclıq məni əldən salmışdı, axı bütün bu müddət ərzində bir tikə də olsa çörək yeməmişdim!
Yeməkdən sonra əmr verildi: “Bağçaya!” Mən də hamının ardınca gedərək təmiz havaya çıxdım.
Giriş qapısının üzərindəki daş lövhədə yazılanları oxudum: “Lovud yetimxanası. Binanın bu hissəsi filanıncı ildə, filan qraflıqda Broklhörst-holldan olan Naomi Broklhörst tərəfindən bərpa edilmişdir”.
Sonra öyrəndim ki, bura, bir növ, yetimlər üçün sığınacaq yeridir. Naomi Broklhörst lövhədə yazıldığı kimi, binanın təzə hissəsini tikib. Burada hər şeyi idarə edən onun oğludur. Burada qalan qızların yaxınları ildə on beş funt ödəyirlər. Yerdə qalan məbləği ianəylə yığırlar.
Yenidən başlanan dərslər saat beşə qədər davam etdi. Saat beşdən sonra bizə yenə yemək verdilər. Bunun ardınca yarım saat istirahət etdik, sonrasa yenidən dərslər başladı. Bundan da sonra bizim hərəmizə bir stəkan su və bir tikə yulaf qoğalı verdilər, dua oxuyandan sonra yatmağa getdik. Bununla da Lovudda birinci günüm başa çatdı.
***
İkinci gün də elə eynilə birincinin təkrarı oldu. Ümumiyyətlə, Lovudda keçirdiyim birinci üç ay mənə əsrə bərabər göründü. Burada yeni qaydalara çətin alışırdım. Onların öhdəsindən gələ bilməyəcəyimdən yaranan qorxu məni üzərimə düşən fiziki iztirablardan daha çox üzürdü.
Yanvar, fevral və martın ortalarına qədər olan vaxt ərzində əvvəl çoxlu qar, yazqabağı isə yolların palçıqlı olması üzündən gəzintimiz bağa çıxmaqla məhdudlaşırdı. Əynimizdəki kasıb geyim bizi kəskin soyuqlardan qoruya bilmirdi. Yeməyin az olması bizi daha ümidsiz vəziyyətə salırdı.
Qeyd etməliyəm ki, mister Broklhörst mənim Lovuda gəldiyim birinci ayı burada yox idi. Nəhayət, o peyda oldu. Missis Ridin ona mənim xasiyyətimlə bağlı dediyi sözləri çox yaxşı xatırlayırdım. Mister Broklhörstün mənim haqqımda verəcəyi məlumatdan sonra burada həmişəlik olaraq pis qız kimi damğalanacaqdım. İndisə budur, həmin adam artıq buradadır. Miss Templin yanında durub.
Ən yaxşısı nəzərə çarpmamaq olduğunu qərara aldım. Yazı lövhəsini əlimdə elə tuturdum ki, üzüm görünməsin. Ola bilər, doğrudan da, məni görməyəcəkdilər, amma lövhə birdən əlimdən sürüşüb yerə düşdü və dəhşətli, xain şaqqıltı səsi otağa yayıldı. Bütün nəzərlər mənə sarı çevrildi. Gözlədiyim təhlükə yubanmadan başımın üzərini aldı.
‒ Nə ehtiyatsız qızdır! ‒ mister Broklhörst bildirdi. ‒ Hə, bu ki təzə qızdır. Bu qız haqqında bir neçə kəlmə deməliyəm. Lövhəni sındıran qız qabağa çıxsın.
Miss Templsə nəvazişlə məni onun qarşısına apararkən sakitləşdirici tərzdə pıçıldadı:
‒ Qorxma, Ceyn, mən gördüm ki, sən bunu qəsdən eləmədin. Sənə cəza verilməyəcək.
‒ O stulu bura gətirin, ‒ mister Broklhörst hündür stulu göstərdi. Stul gətirildi. ‒ Bu qızı qoyun onun üstünə.
Kimsə məni qaldırıb ayaq üstə stulun üstünə qoydu.
Mister Broklhörst mənə baxdı:
‒ Mənim borcum sizi xəbərdar etməkdir. Bu qızdan ehtiyatlı olun, lazım gəlsə, onunla ünsiyyətdə olmayın, ondan uzaq durun. Sizsə, müəllimə, onu gözdən qoymayın, hər hərəkətini izləyin, hər sözünə diqqət edin, hər addımını araşdırın, çünki bu qız yalançıdır! Bütün bunları mən onun himayədarından, onu – yetim uşağı qızlığa götürən, ona öz qızı kimi tərbiyə verən şəfqətli və mərhəmətli xanımdan eşidib bildim. Xanımın xeyirxahlığı və alicənablığına cavab olaraq bu bədbəxt uşaq elə nankorluq etmişdi ki, ürəyiyumşaq xanım onu öz uşaqlarından ayırmağa məcbur olmuşdu. Qoy o, hələ yarım saat da stulun üstündə dayansın. Bu gün onunla heç kim danışmasın.
***
Yarım saat hələ keçməmiş beş oldu, dərs qurtardı, məktəbli qızlar yeməkxanaya getdilər. Bu vaxt cürət edib stuldan düşdüm. Lovudda çox işlər görməyi arzulayırdım: özümə dostlar tapmaq, ətrafdakıların hörmətini və məhəbbətini qazanmaq! İndisə budur, mən ləyaqəti tapdalanmış, rüsvay olunmuş halda qalmışam!
Ürəyimdən dəli bir ölüm istəyi keçdi. Bu zaman kimsə mənə yaxınlaşdı. Gələn miss Templ idi.
‒ Mən səni axtarıram, Ceyn Eyr, mən istəyirəm ki, sən mənim otağıma gələsən.
Ayağa durub müəlliməmin ardınca getdim. Onun otağında buxarı gur yanır və burada ürəyi isidən bir rahatlıq vardı. Miss Templ kresloya oturub məni özünə tərəf çəkdi:
‒ Hə, nə oldu? Sən, nəhayət, sakit oldun?
‒ Qorxuram ki, heç vaxt sakit olmayacam.
‒ Nəyə görə?
‒ Ona görə ki məni haqsız yerə günahlandırırdılar, indi siz, miss Templ və burda olanların hamısı belə hesab edəcək ki, mən pis qızam.
‒ Sən özünü necə aparacaqsansa, mənim balam, biz də o cür hesab edəcəyik. İndisə de görək, mister Broklhörstün sənin himayədarın adlandırdığı qadın kimdir?
‒ Bu, missis Riddir, dayımın arvadı. Dayım öləndən sonra onun himayəsində qaldım.
‒ Deməli, o səni öz istəyi ilə qızlığa götürməyib?
‒ Xeyr, missis Templ, qulluqçulardan eşitmişdim ki, guya dayım ölüm ayağında mənə həmişə qayğı göstərəcəyi ilə bağlı onun vədini alıb.
‒ Qulaq as, Ceyn, nəyi xatırlayırsan, dəqiq-dürüst mənə danış, amma heç nə əlavə etmə və heç nəyi şişirtmə.
Başıma gələnləri danışan zaman ürəkkeçmədən sonra mənə baş çəkən mister Lloydun adını çəkdim. Hiss edirdim ki, miss Templ mənə sona qədər inanır.
Mən danışıb qurtardım. Miss Templ bir müddət susub mənə baxdı. Sonra dedi:
‒ Mənim mister Lloydla azca tanışlığım var. Ona yazaram. Əgər o sənin dediklərini təsdiq edərsə, hamının qarşısında ittihamlardan təmizlənəcəksən. Lakin sən mənim gözlərimdə artıq təmizsən, Ceyn.
O məni öpdü. Yatmaq vaxtının yetişdiyini xəbər verən zəng çalındı. Miss Templ məni qucaqladı, bağrına basıb dedi:
‒ Allah köməyin olsun!
Təxminən bir həftə sonra miss Templ mister Lloyddan öz məktubuna cavab aldı. Görünür, cavab məktubunda mənim sözlərim təsdiqlənirdi. Miss Templ bütün məktəbi yığıb elan etdi ki, o, Ceyn Eyrə qarşı irəli sürülən ittihamları cidd-cəhdlə yoxlayıb və yoxlanmadan sonra böyük məmnunluqla mənim tam bəraət qazandığımı hamının qarşısında bəyan edir. Müəllimələr məni dövrəyə aldılar. Hamı mənim əlimi sıxır və öpürdü, rəfiqələrim dayanan cərgədənsə sevinc dolu pıçıltılar eşidilirdi.
Beləliklə, mənə işgəncə verən yük çiyinlərimdən götürüldü və bütün çətinlikləri dəf etmək qərarıyla yenidən var gücümlə işləməyə başladım. İndi mən bütün məhrumiyyətləri ilə birlikdə Lovudu Geytshedə dəyişməzdim.
***
Amma məhrumiyyətlər, daha doğrusu, Lovud həyatının ağırlığı getdikcə azalmaq üzrəydi. Yaz gəlirdi, daha şaxtalar olmurdu, qar ərimişdi, kəsici küləklər yumşalırdı.
Amma Lovudun yerləşdiyi meşə vadisi zəhərli dumanların və bu dumanlardan törənən xəstəliklərin beşiyiydi. İndi burada yatalaq baş qaldırmışdı. Bu arzuolunmaz qonaq bizim yetimxanaya da sürünüb daxil oldu. Səksən qızdan qırx beşi eyni vaxtda yatağa düşdü. Dərslər dayandırıldı, intizam qaydalarına əvvəlkindən az riayət olundu və hələ xəstələnməyənlər üçün belə bir məqamda sonsuz imkanlar açıldı. Həkim israr edirdi ki, hələ xəstəliyə tutulmayanlar sağlamlıqlarını qorumaqdan ötrü günün çox vaxtını açıq havada keçirməlidilər. Miss Templin bütün diqqət-qayğısı xəstələrin üstündəydi. Qalan bütün müəllimələr xoşbəxtlikdən dostlarının, qohumlarının öz yanlarına götürməyə razı olduqları az sayda qızın yola hazırlığıyla məşğul idi. Amma çoxlarına artıq xəstəlik yoluxmuşdu və onlar evə qayıdandan az sonra orada ölürdülər. Başqalarısa məktəbdə canlarını tapşırırdı. Epidemiyanın yayılma təhlükəsinə görə onları tez və sakitcə dəfn etmək lazım gəlirdi.
Sağlam qızlarsa işıqlı baharın məktəbin bağına, onun civarına gətirdiyi gözəlliklərdən doyunca ləzzət alırdılar. Heç kim bizi yadına salmazdı. Səhərdən gecəyə qədər yamacları, meşələri gəzib-dolanardıq. Nə istəyirdik, onu da edirdik, ayağımız hara aparırdı, ora da gedirdik…
***
Yatalaq Lovudda dağıdıcı missiyasını başa vurandan sonra tədricən sönüb yoxa çıxdı. Amma məktəbimizdə qurbanların sayı o həddə çatdı ki, vəziyyət ictimaiyyətin diqqətinə səbəb oldu. Aparılan təhqiqat nəticəsində məlum olan faktlar ciddi, hətta qəzəblə qarşılandı. Məktəbin səhhət üçün uğursuz yerdə salınması, qidanın miqdarı və keyfiyyəti, xörəklərin hazırlanması üçün iylənmiş sudan istifadə olunması, uşaqlara geyindirilən cındır pal-paltar və dözülməz həyat şəraiti – bütün bunların üzə çıxarılması mister Broklhörstə şərəf gətirməsə də, məktəb həyatımızın xeyrinə oldu.
Daha münasib yerdə və daha yaxşı məktəb binası tikmək üçün qraflıqda yaşayan bir neçə varlı xeyriyyəçidən ianə topladılar; yeni qaydalar tətbiq olundu, yeməyimiz və əyin-başımız müqayisəyəgəlməz dərəcədə yaxşılaşdı. İslahat aparılandan sonra mən bu müəssisənin divarları arasında daha səkkiz il qaldım; bunun altı ilini şagird, iki ilinisə müəllimə kimi.
Bütün bu səkkiz il ərzində mənim həyatım yeknəsəq keçirdi. Məktəbimizin müdiri bütün bu vaxt ərzində miss Templ idi. Əldə etdiyim biliklərin böyük hissəsinə görə ona minnətdaram. O mənə ana əvəziydi, məni himayə edərdi, sonradansa ən yaxın rəfiqəm oldu. Amma nəql etdiyim həmin vaxtda o ərə getdi və öz əriylə – rahib və belə bir qadına layiq olan gözəl bir insanla buradan uzaqlarda yerləşən qraflığa köçüb getdi. Beləliklə, həyatımda itki baş verdi.
O gedən gündən mən dönüb başqa adam oldum. Bir neçə il ərzində mənim dünyam Lovudun divarlarıyla məhdudlaşmışdı; bu məktəbin qaydaları və ənənələrindən savayı heç nə bilmirdim. Mən səkkizillik ətalətdən yorulmuş olduğumu hiss etdim. Sərbəstlik istəyirdim, azadlıq təşnəsi ilə yaşayırdım.
Mən nə istəyirəm? Yeni iş yeri, başqa evdə, yeni adamların əhatəsində, yeni şəraitdə yaşamaq. İnsanlar iş yerini necə tapırlar? Nə etməli? Qəzetə elan vermək lazımdır.
Səhər erkən yuxudan durdum. Zəng çalınana qədər artıq elan tərtib olunmuş, zərfə qoyulmuş və üstündə ünvan yazılmışdı. Məktubun mətni beləydi:
“Müəllimlik təcrübəsi olan gənc xanım şəxsi evdə on dörd yaşdan böyük olmayan uşaqlara baxmaq üçün iş axtarır. Məktəb proqramına daxil olan ümumi fənlərdən başqa, fransız dili, rəsm və musiqi dərsləri verir.
Ünvan: Louton, … qraflığı, tələb olunanadək. C.E. üçün”.
Bir həftədən sonra cavab aldım. Məktub çox qısa idi:
“Əgər elan vermiş C.E. sadaladığı bütün qabiliyyətlərə malikdirsə və əgər o öz xasiyyəti və bilikləri haqqında səlahiyyətli mənbədən zəmanət təqdim edə bilərsə, ona ildə otuz funt ödənişi ilə doqquzyaşlı qızın tərbiyəçisi vəzifəsi təklif oluna bilər. C.E-dən xahiş olunur, göstərilən zəmanəti və həmçinin özünün adını, soyadını, yaşadığı ünvanı və bununla bağlı digər məlumatları bu ünvana göndərsin: “Missis Feyrfaks, Törnfild, Milkot yaxınlığında, … qraflığı”.
Bir aydan sonra bütün məlumatları və zəmanətin surətini missis Feyrfaksa göndərdim. O isə cavab məktubunda alınan məlumatlardan razı qaldığını və iki həftədən sonra mənə evində mürəbbiyə vəzifəsini tutmağı təklif etdiyini bildirdi.
İki həftə hiss olunmadan gəlib-keçdi. Nəhayət, mən Miltonun yaxınlığında naməlum bir yerə gedəcək dilicana mindim. Orada məni başqa vəzifələr və başqa həyat gözləyirdi.
***
On altı saatlıq yol gələndən sonra mənzilbaşına çatdım. Mən ekipajdan düşüb evə daxil oldum. Qapını ev qulluqçusu açdı.
‒ Xahiş edirəm ardımca gələsiniz, xanım, ‒ dedi və mən qızın ardınca buxarının oduyla işıqlanan otağa daxil oldum. Mən içəri girəndə yaşlı xanım üzündə mehriban gülüş ayağa qalxdı.
‒ Özünüzü necə hiss edirsıniz, mənim əzizim? Yəqin ki, yol sizi yorub.
‒ Ehtimal ki, siz missis Feyrfakssınız? ‒ mən soruşdum.
‒ Düz tapdınız. Əyləşin. Əlləriniz, yəqin, donub. Li, isti rom və bir neçə sendviç hazırlayın. Buxarıya yaxın oturun.
Bu vaxta qədər heç kimdən görmədiyim, indisə tabeliyində olacağım adam tərəfindən özümə qarşı bu qədər diqqət yetirilməsindən utandım.
‒ Mən bu gecə miss Feyrfaksla görüşməkdən məmnun ola bilərəmmi? ‒ bir az yeyəndən sonra qarıdan soruşdum.
‒ Miss Feyrfaks? Oh, siz, yəqin, miss Varansı nəzərdə tutursunuz? Sizin gələcək şagirdinizin soyadı Varansdır.
‒ Deməli, o sizin qızınız deyil?
‒ Xeyr, mən tək qadınam. Artıq saat on ikiyə işləyir, sizsə bütün günü yol gəlmisiniz və yəqin ki, çox yorulmusunuz. Əgər ayaqlarınız qızınıbsa, mən sizi yataq otağınıza yola salardım.
O məni otağıma yola saldı. Yorğun və məmnun halda tez, möhkəm yuxuya getdim.
Yuxudan ayılanda artıq aydın gün idi. Ayağa durub geyindim. Sonra otaqdan çıxdım. Aşağı düşüb zala daxil oldum.
‒ Siz artıq yuxudan durmusunuz? ‒ missis Feyrfaksın səsi gəli. ‒ Hə, necədir, Törnfild xoşunuza gəlir?
Mən buranın çox xoşuma gəldiyini bildirdim.
‒ Gözəldir, amma qorxuram mister Roçester köçüb bura gəlməsə, ya da, heç olmasa, bura tez-tez baş çəkməsə, hər şey dağılıb gedəcək. Belə evlərə ev sahibinin daimi nəzarəti lazımdır, ‒ qarı davam etdi.
‒ Mister Roçester? ‒ soruşdum. ‒ O kimdir?
‒ Törnfildin sahibi.
‒ Mən düşünürdüm ki, Törnfild sizə məxsusdur.
‒ Nə danışırsız?! Mən burada yalnız təsərrüfat müdirəsiyəm. Düzdür, ana tərəfdən mənim Roçesterlərə qohumluğum çatır, amma mən bundan heç vaxt sui-istifadə etməmişəm. Mənim sahibim həmişə nəzakətlidir, mənəsə bundan artıq heç nə lazım deyil.
‒ Bəs qız, mənim şagirdim?
‒ Mister Roçester ona qəyyumluq edir. O mənə tapşırmışdı ki, qız üçün mürəbbiyə axtarıb tapım. Odur, qızın özü də dayə ilə gəlir.
‒ Sabahınız xeyir, miss Adel, ‒ missis Feyrfaks ona müraciətlə dedi. ‒ Yaxına gəlin, miss Eyrlə tanış olun. O sizə dərs verəcək.
Qız bizə sarı gəldi.
‒ Bu mənim mürəbbiyəmdir? ‒ deyə o məni göstərib fransız dilində dayəsindən soruşdu və dayə ona cavab verdi:
‒ Bəli, əlbəttə.
‒ Onlar əcnəbidirlər? ‒ fransız nitqini eşidib təəccüblə xəbər aldım.
‒ Dayə fransızdır, Adelsə Fransada doğulub. Qız bura təzə gələndə ingilis dilində bir kəlmə danışa bilmirdi. İndi bir qədər öyrənib. Mən onu çətin başa düşürəm. Sizsə, yəqin ki, onu başa düşəcəksiniz.
Biz səhər yeməyinə gedəndə mən Adelə müraciətlə onun doğma dilində bir neçə kəlmə dedim. Stol arxasına oturandan sonra qız mənimlə danışmağa başladı:
‒ Siz mənim doğma dilimdə mister Roçesterdən pis danışmırsız. Madmazel… bəs sizin adınız nədir?