banner banner banner
Fəlsəfə : dərs vəsaiti
Fəlsəfə : dərs vəsaiti
Оценить:
Рейтинг: 0

Полная версия:

Fəlsəfə : dərs vəsaiti

скачать книгу бесплатно


Birinci pillə ağılın diqqətsiz halıdır (kişpta) : bu zaman ağıl bir obyektdən digərinə doğru “sürüşür”.

İkinci pillə ağılın kütləşmə halıdır (mudha), məsələn yuxuda olduğu kimi.

Üçüncü pillə ağılın nisbi sakitləşmə halıdır (vikşipta). Bu halların heç birində yoqa mümkün deyil.

Dördüncü və beşinci pillələr ekaqra və niruddha adlanır. Ekaqra ağılın düşüncə predmeti olan hansısa obyekt üzərində toparlanması halı, niruddha isə hər bir təfəkkür fəaliyyətinin tam kəsilməsidir.

Yoqa halı da iki növdədir. Birinci halda yoqa ağılın düşüncə obyektində tam toparlanması və mövcud obyektin aydın dərkinə gətirən vəziyyətdə təzahür edir. İkinci halda bütün əqli modifikasiyaların tam kəsilməsi idrakın tam yoxluğu kimi müşahidə edilir.

Yoqa praktikasında səkkiz mərhələ mövcuddur: cilovlama, etika mədəniyyəti, vəziyyət, nəfəsə nəzarət, hisslərin uzaqlaşdırılması, diqqət, canlı seyr, toparlanma.

1.2.5.Mimansa. Mimansa təlimi (mimansa –dərin düşüncə, tədqiqat) m.ö. V-IV əsrlərdə yaranıb. Lakin o vahid fəlsəfi təlim olaraq m.s. II-III əsrlərdə Caymini tərəfindən sistemləşdirilib. Bu təlimin ilk məqsədi veda ayinçiliyinin müdafiəsi və ona haqq qazandırılması olmuşdur. Təbii ki, bu cəhdlər son nəticədə veda ayinçiliyini əsaslandıran dünyagörüşünün axtarışlarına gətirmişdir.

Vedaların əsaslandırılmış olduğunu sübut etmək üçün mimansa təlimi mükəmməl işlənmiş idrak nəzəriyyəsini təklif edir. Bu nəzəriyyə ilk növbədə göstərməlidir ki, hər bir idrakın səhihliyi özlüyündə aşkardır. Kafi şərtlər ödəndikdə bilik yaranır. Hisslər sağlam olarsa, obyektlər məlumdursa və bütün köməkçi şərtlər ödəndikdə qavrayış baş verir. Kafi məlumatlar olduqda nəticə çıxarılır. Hər bir halda əldə edilmiş bilik həqiqidir və biz onları etirazsız qəbul edirik. Şübhə üçün hər hansı bir səbəb olarsa bilik yaranmır, çünki inam yoxdur. Buna bənzər olaraq, bu vedaları oxuyanda bilik, həm də ona inam əldə edirik. Veda dərkinin səhihliyi digər dərklərdə olduğu qədər aşkardır. Hansısa şübhə meydana çıxarsa o, mimansa arqumentləri ilə aradan qaldırılır. Maneə aradan qaldırıldıqdan sonra vedalar öz məzmununu oxucuya aşkarlayırlar. Beləliklə vedaların nüfuzu heç bir şübhə doğurmur.

Vedaların buyurduğunu icra etmək düzgün, qadağan etdikləri isə düzgün deyil. Hər bir kəsin borcu düzgünü icra etmək, düzgün olmayandan isə imtina etməkdir. Vedaların buyurduğu ayinlərin icrası nəyinsə, hansısa mükafatın əvəzində yox, məhz vedaların buyurduğu üçün vacibdir. Bilik və özünənəzarətin sayəsində ayinlərin təmənnasız icrası ölümdən sonra azadolmaya gətirir.

Mimansa təlimində görə maddi dünyanın gerçək mövcudluğu etiraf olunur. Bununla yanaşı canın ölümsüzlüyü xüsusi vurğulanır. Əks halda ölümdən sonra azadolmanı nəzərdə tutan veda ayinlərinin icrasına ehtiyac olmazdı. Lakin bu təlim tərəfdarları şüurun cana immanent xas olması ideyasını qəbul etmirlər. Onlar hesab edirlər ki, can yalnız bədənlə qovuşanda şüur yaranır. Bədəndə yerləşən can müxtəlif bilik növlərinə malik olur. Bəzi mimansa məktəbləri idrakın beş mənbəyini göstərirlər: qavrayış, nəticə, müqayisə, şəhadət və postulatlaşdırma.

1.2.6.Vedanta. Vedanta sistemi vedalara aid müqəddəs düşüncələrin zirvəsi hesab edilir. Məhz bu səbəbdən vedanta –yəni vedaların yekunu adlandırılır. Vedanta upanişadlarda əksini tapmış bütün fəlsəfi fikirləri özündə cəmləyir. Əsas müddəaları Badarayanın müəllifi olduğu “Brahma-sutrada” əksini tapıb. Bütün hind fəlsəfi sistemləri içərisində hind həyatına ən çox təsir göstərən sistem də vedantadır.

Vedanta təliminə görə bütün mövcudluğun mənbəyi Mütləq gerçəklik olan Brahmandır. Hər bir fərdin mənəvi başlanğıcı, yəni Atmanı Brahmanla eyniyyət təşkil edir. Maddi gerçəklik maddi səbəb olan mayanın fəaliyyətinin nəticəsidir. Brahman mayaya maqnit kimi təsir göstərərək onu fəallaşdırır. Ona görə də maddi dünya yalnız xəyal, illuziyadır. Upanişadlarda deyilir ki, dünya öz başlanğıcını bu gerçəklikdən götürür, onda mövcud olur və məhv olarkən ona qayıdır. Kainatda qavranılan ayrıca obyektlərin çoxluğunun (çoxcalığının) gerçək olması inkar edilir. Hər şey Tanrıdır. Can Tanrıdır. Çoxcalıq mövcud deyil. Bu can, və ya Tanrı gerçəklikdir; o qeyri-məhdud şüur (cnyana) və bəxtiyarlıqdır (ananda). Gerçək müdrik özünün daxili “Mən”i, öz Atmanını dərk etməklə Brahmanla qovuşmağa cəhd edir, bununla da dinclik halına yetişir.

Vedanta təlimi sonrakı dövrlərdə də inkişaf etdirilmişdir. Bu təlimin görkəmli ardıcılları Şankara (788-720) advayta-vedanta monist təlimini, Ramanuca (XII əsr) isə vişişta-advayta təlimini yaratmışlar.

1.3.Qeyri-ortodoksal fəlsəfi sistemlər

1.3.1.Çarvak-lokoyata. Hind fəlsəfəsində “çarvak” sözü materialist anlamı verir. Xatırladaq ki, materializm materiyanı yeganə gerçəklik hesab edən fəlsəfi doktrinadır. Materializm ağıl və şüuru materiyanın məhsulu kimi şərh edir. Bununla belə “çarvak” sözünə heç də materiyanın hərfi tərcüməsi kimi baxmaq olmaz. Bəzi versiyalara görə “çarvak” sözü materialist baxışları ilə məşhur olan müdrikin adından götürülüb. Başqa bir versiyaya görə isə “çarvaklar” adı “ye, iç, şənlən” şüarı ilə çıxış edən materialistlərə verilib. Belə ki, “çarv” –yemək, çeynəmək mənasını da verir. Və yaxud, materialistlərin sözləri xoşagəlimliyi, tez başa düşülənliyi ilə (“çaru” –xoşagələn, tez başa düşülən, “vak” –söz) seçildiyi üçün onlar “çarvaklar” adlandırılıb. Materializmi işarələmək üçün lokayata sözündən də istifadə edildiyi üçün( lokayatamata -adi insanın baxışları) bu təlim həm də çarvak-lokayata adlandırılır. Çarvak-lokoyata təliminin kim tərəfindən yaradıldığı dəqiq bəlli deyil. Bununla belə bir çox hind fəlsəfə tarixçiləri bu təlimin Brihaspati tərəfindən yaradıldığını iddia edirlər.

Çarvak-lokayata təlimi əsasən üç hissədən ibarətdir: qnoseologiya -idrak nəzəriyyəsi; ontologiya -varlıq haqqında təlim; etika -əxlaq nəzəriyyəsi.

Çarvak-lokayata sisteminə görə idrakın səhih mənbəyi qavrayışdır. Qavrayışa aid olmayan digər idrak mənbələri, məsələn nəticə, digər şəxslərin şəhadəti dəqiq deyil və yanlış nəticələr verir. Ona görə də birbaşa qavrayışla dərk etdiklərimizdən başqa heç nəyə inanmaq olmaz.

Qavrayış bizə yalnız maddi dünyanı aşkarlayır. Maddi dünya isə materiyanın dörd ünsüründən: hava, od, su və torpaqdan ibarətdir. Bu ünsürlərin hər birinin mövcudluğuna biz qavrayış vasitəsilə əmin oluruq. Dörd ünsürün müxtəlif kombinasiyaları təkcə cansız maddi obyektləri yox, ölümündən sonra yenə həmin ünsürlərə çevrilən bitki və canlıları da əmələ gətirir.

Çarvak-lokayata təliminə görə qeyri-maddi insan canı (ruhu) haqqında danışmağın heç bir əsası yoxdur. İnsan bütövlükdə materiyadan ibarətdir.

Düzdür insan şüura malikdir, lakin şüur materiyadan təşkil olunmuş canlı bədənin keyfiyyətidir. Şüursuz ünsürlərdən təşkil olunan predmetin (bədənin) şüursuz olacağını iddia etmək də düz deyil. Ayrı-ayrı ünsürlərin heç birində olmayan keyfiyyətin, bu ünsürlərin birləşməsindən yaranan predmetə xas olmasına çoxlu misallar göstərmək olar. Məsələn, qara bibər kolu, qoz və əhəng birlikdə çeynənilərsə alınan kütlə, əvvəlki elementlərin heç birində olmayan qırmızı rəng olacaq. Buradan belə nəticə çıxarılır ki, maddi ünsürlərin xüsusi qaydada kombinasiyası şüura malik canlı bədəni yaradır. Aydındır ki, şüur bədəndən kənarda mövcud ola bilməz. İnsan ölərkən ondan heç nə qalmır, yəni insan canı əbədi deyil.

Çarvak-lokayata fəlsəfəsinin əxlaq təlimi axirət dünyasının inkarına əsaslanır. Dini ayinlərin icrası ilə axirətdə əbədi xoşbəxtlik tapacağına inamı isə onlar kahinlərin uydurması hesab etmişlər. Ona görə də zəkalı insanın həyatının əsas məqsədi, gerçəkliyinə heç bir şübhə olmayan bu real dünyada daha çox həzzə nail olmaqdır.

1.3.2.Caynizm. Caynizm fəlsəfəsinin ardıclıları belə hesab edirlər ki, bu təlim ən qədim dövrlərdə yaranmış və iyirmi dörd müəllimin (tirthankara) ardıcıl fəaliyyəti nəticəsində formalaşmışdır. İlk müəllim Rişabhadeva, sonuncu müəllim isə m.ö. VI əsrdə yaşamış Vardhamana (ona həm də “böyük qəhrəman” -Mahavira da deyirlər). Caynizm termini “qalib” anlamı verən “cina” sözündən götürülüb. Bu təlim tərəfdarlarının fikrinə görə onların iyirmi dörd müəlliminin hamısı bütün ehtiraslara qalib gələrək azadlıq məqamına çatmışlar.

Caynizm təlimi də əsasən idrak nəzəriyyəsi, varlıq və əxlaq təlimlərindən ibarətdir.

Caynizm idrak nəzəriyyəsi qavrayışı biliyin yeganə səhih mənbəyi sayan çarvak-lokayata təlimini qəbul etmir. Bu təlim tərəfdarlarının fikrincə qavrayışdan əlavə məntiqi nəticə və şəhadət də biliyin səhih mənbəyi ola bilər. Əgər məntiqi nəticələr müəyyən məntiqi qanunlara tabedirsə, bu halda onların vasitəsilə səhih bilik əldə etmək mümkündür.

Şəhadət isə o zaman səhih olur ki, o özündə etibarlı avtoritetdən qalmış məlumatı əks etdirsin. Caynist sistemində belə avtoritetlər “cinalar”, və yaxud tirthankaralardır.

Caynistlər idrakın yuxarıda adı çəkilmiş üç mənbəyinə əsaslanaraq kainatın quruluşu haqqında təlim yaradırlar. Qavrayış od, su, hava və torpaq kimi ünsürlərdən ibarət maddi substansiyaları bizə aşkar edir. Nəticə isə məkan (yəni, maddi substansiya harada isə mövcud olmalıdır) və zamanın (çünki dəyişiklik, yəni substansiyaların müxtəlif hallar sırası onsuz anlaşılmır) mövcudluğu inamını yaradır. Eyni zamanda hərəkət və sükunətin “dharma” və “adharma” kimi səbəbləri də var.

Caynistlərə görə təkcə heyvanlar yox, həm də bitkilər, hətta tozcuqlar da cana malikdir. Lakin müxtəlif canlılar heç də bərabər şüura malik deyillər. Onlardan bəziləri, məsələn bitki və yaxud tozcuğun canı yalnız toxunma hissinə malikdirlər. İbtidai canlı orqanizmlər iki, nisbətən inkişaf etmişləri üç, bəziləri isə dörd hissə malikdir. İnsan isə beş hissə malik olaraq, onların köməyi ilə dərk edirlər. Lakin hisslərin hansı səviyyədə inkişaf etməsindən asılı olmayaraq, bədəndə yaşayan can idrak imkanlarına görə məhduddur. Onların gücü də məhdud olub hər bir iztiraba məruz qalırlar.

Bununla belə hər bir can şüurluluq, güc və xoşbəxtlik əldə etməyə qadirdir. Buna isə əsasən canın arzu və ehtiras qüvvəsi, yəni karma mane olur. Karmanın dəf edilməsi ilə can azad ola və təbii kamilliyə yetişə bilər.

Canın azad olunmasına artıq azadlığa yetişmiş müqəddəslərin (tirthankaraların) təlimi və həyatı nümunə ola bilər. Azad olmaq üçün isə üç şey zəruridir: caynizm təliminə mütləq inam, bu təlimi dəqiq bilmək, düzgün davranış. Düzgün davranış isə ədalətsizlikdən, yalan danışmaqdan, oğurluqdan, hisslikdən və hissi obyektlərdən imtinadan ibarətdir. Özümüzdə düzgün inam, düzgün bilik və düzgün davranış aşılandıqdan sonra biz ehtiraslarımıza nəzarət imkanı əldə edirik və materiya bağları ilə canı buxovlayan karmanı kənarlaşdırırıq. Maneələr aradan qaldırıldıqdan sonra can yenidən təbii kamillik: hüdudsuz inam, hüdudsuz bilik, hüdudsuz güc və hüdudsuz bəxtiyarlıq əldə edir. Bu isə elə azadlıq halıdır.

1.3.3.Buddizm. Dünyanın bir çox regionlarında bu gün də çoxsaylı tərəfdar və ardıcılları olan Buddizm m.ö. V əsrdə Qədim Hindistanda yaranmış dini-fəlsəfi təlimlərdən biridir. Sonrakı dövrlərdə, təqribən m.s.III əsrdə Çin, Cənub-Şərqi Asiya ölkələrində də tərəfdarlar tapmışdır.

Bu təlimin banisi Qautama Sidhartha Şakyamuni –Budda (m.ö. 563-483) olmuşdur. Şimali Hindistanda knyaz ailəsində doğulmuş Qautama mürəkkəb həyat yolu keçmişdir –taxt-tac varisi, asket-zahid, müdrik. Həyatının ilk illərini atasına məxsus, hər tərəfdən yaşıllıq və uca divarlarla əhatələnmiş dəbdəbəli sarayında keçirmiş Qautama, ətraf aləmdə daha nələr var deyə saray hüdudlarından kənara çıxır. Rastlaşdığı dörd hadisə onun dünyagörüşündə ciddi dönüş yaradır. Birinci, üzü qırışlı, saç-saqqalı ağarmış qocanı görməsi ona anladır ki, cavanlıq əbədi deyil. İkinci, ağır xəstəlikdən əzab çəkən, üz-gözü xora ilə örtülmüş xəstəni görəndə isə başa düşür ki, sağlamlıq əbədi deyil. Üçüncü, dilənçini görməsi ona var-dövlətin keçici olmasını, insanın malik olduğu hər şeyi nə vaxtsa itirib yoxsullaşa biləcəyini anladır. Dördüncü, dəfn mərasimini görür və başa düşür ki, insan fanidir, əbədi deyil. Beləliklə, Qautama bu nəticəyə gəlir ki, insanın həyatı iztirab və bədbəxtliklərlə doludur. Bütün bu məsələlər haqqında düşünən Qautama onu işıqlandıran, nurlandıran (Budda –nurlanmış deməkdir) və dörd hissədən ibarət həqiqəti kəşf edir. Bu həqiqəti təliminin nüvəsinə qoyan Budda tezliklə çoxsaylı tərəfdar toplayır. Buddizmin nüvəsi olan bu həqiqət –“dörd nəcib qanun” adlanıb aşağıdakılardan ibarətdir:

Birincisi: Həyat iztirabdır, ona görə də şərdir. Tam xoşbəxt olan insan yoxdur.

İkincisi: İnsan iztirablarının və bədbəxt həyatının səbəbi nədir sualına cavab vermək lazımdır. Səbəb insanın əbədi olaraq nəyəsə can atmasındadır. Buddizmdə buna ehtiras deyilir. İnsan daima nəyəsə can atır, nəyisə istəyir, nəyi isə arzulayır, müəyyən arzulara malik olur, sonra isə onları gerçəkləşdirmək ehtirası onu ağuşuna alır. Arzular gerçəkləşməyəndə iztirab çəkir.

Üçüncüsü: İztirabın aradan qaldırılması üçün ehtirasın boğulması, kənarlaşdırılması vacibdir. Yəni, hədsiz-hüdudsuz arzuların gerçəkləşdirilməsi arxasınca qaçıb əzablara düçar olmaqdansa, bu arzuları məhdudlaşdırmaq daha yaxşıdır. Arzu və istəklərin məhdudlaşdırılması Buddizmdə asketizm adlanıb, bu təlimə görə düzgün həyatın yoludur.

Dördüncü: Bu yolun aşkarlanması, və yaxud, şərhidir. Nirvanaya –Böyük azadlığa aparan yol səkkiz mərhələlidir (Səkkizli yol)

1) düzgün baxış –buddizmin əsaslarını və həyatda öz yolunu anlama;

2) düzgün fikir –insanın həyatı onun fikirlərindən asılıdır, fikirlərin dəyişməsi (düzgün olmayandan düzgünə, nəcibə) ilə həyat da dəyişir;


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)