banner banner banner
Gülüstani İrəm
Gülüstani İrəm
Оценить:
Рейтинг: 0

Полная версия:

Gülüstani İrəm

скачать книгу бесплатно

Gülüstani İrəm
Abbasqulu Ağa Bakıxanov

A. Bakıxanova qədər, Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə təsadüf olunurdu. A. Bakıxanov ilk dəfə olaraq, bu pərakəndə materialları toplamış və onlara əsasən «Gülüstani-İrəm» adlı əsərini yazmışdır.

Gülüstani-İrəm XIX əsrin birinci yarısında Azərbaycan tarixi haqqında yazılmış ən dəyərli əsərlərdən biridir. Bu əsər, şübhəsiz, oxucular və Azərbaycan tarixini öyrənənlər üçün qiymətli bir qaynaq olacaq.

Abbasqulu ağa Bakıxanov

Gülüstani-İrəm

© Kitab Klubu MMC, 2018

* * *

Abbasqulu ağa Bakıxanov

(1794–1847)

Müəllifdən

…[1 - Burada və başqa yerlədə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.] Təbiətimiz hər şeydən artıq tarixə malikdir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökmsüz və zülmsüz elə bir hökmdardır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar… Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin libasında insanların ibrət nəzərinə çatdırır. Bəli, keçmişdə vaqe olan bir iş gələcək üçün düsturül-əməldir və elmə əsaslanan bir əməl möhkəm və payıdar olar. Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq yolsuz və qorxulu bir çölə yönəlmək kimidir. Öz qısa ömründə təcrübə əldə edən şəxs, ondan çox böyük mənfəətə çatar. Tarix elmi isə, dünyanın təcrübəsini bizə kəşf edir. Bundan daha yaxşı nə ola bilər? Xüsusən hər bir ölkənin tarixi orada yaşayan xalq üçün faydalıdır; çünki tarix ona öz millətinin təbiət və adətlərindəki xüsusiyyətləri bildirər, qonşu tayfaların rəftarından məlumat verər, müxtəlif xalqlarla saxlanan əlaqənin əsas xeyir və zərərini ona məlum edər. Buna görə, mən günahkar bəndə, Qüdsi təxəllüsü ilə məşhur bakılı Abbasqulu Mirzə Məhəmməd xan Saninin oğlu, yol göstərmək məqsədilə, işin çətinliyindən xəbərdar olduğum halda, müxtəlif dövrlərdə Şirvan, Dağıstan vilayətləri və ətrafında baş verən hadisələri toplayaraq bir kitab yazmağa başladım.

Ümidvaram ki, həqiqətə bələd olan oxucular bu əsərin qüsur və nöqsanını vaxtın darlığına, qabiliyyətimin zəifliyinə, halımın pərişanlığına və vəsaitin azlığına həml edib, onun islah və təkmilinə çalışarlar… Əxbar kitabları və asari-ətiqə qalıqları heç bir ölkədə keçmişdə vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz. Xüsusilə bu ölkə müxtəlif tayfaların gediş-gəlişi və istilası üzündən həmişə iğtişaş və qarışıqlıq meydanı olmuşdur. Bir çox kitab, tarixi sənədlər və maddi mədəniyyət əsəri məhv və tələf olmuşdur. Başqa millətlərdən heç birinin tarix kitabları da, bu məsələləri layiqlə izah etmir. Bununla bərabər «

 

– öyrənilməsi tamamilə mümkün olmayan bir şeyi tamamilə də tərk etmək olmaz» kəlamının məzmunca, bu işə lazım olan vasitələrdən mümkün olanını ələ keçirib, dağınıq məsələləri bir-birilə əlaqələndirdim. Mövcud əsərləri nəql və rəvayət olunan xəbərlərlə tutuşdurdum. Tarix yazmaqda lazım gələn qaydalara riayət etdim: mətləbləri müxtəsər və sadə ibarələrlə yazdım, tədricə diqqət etdim və hadisələr arasındakı rabitəni gözlədim, millət təəssübündən və vətən tərəfdarlığından çəkindim. Hər bir mətləbi mötəbər sözlər, cürbəcür kitablar və məktublar, sultanların fərmanları, sikkələr, asari-ətiqələrin qalıqları və əhalinin bir məzmunlu müxtəlif təqrir və bəyanları ilə mümkün dərəcədə əsaslandırmağa çalışdım. İxtilaflı yerlərdə əlamət və nişanələrə istinad və əqli ehtimallara müraciət etdim.

Kitabı müqəddimə, beş fəsil və nəticəyə böldüm.

Müəllifindir: Bu əsər bir tarix kitabı olaraq tanındı, hiyəttarix (1257–1841/2) sözü onun təlif tarixi oldu. Onun adını «Gülüstani-İrəm» qoydum. Məzmununa mütabiq[2 - Uyğun, müvafiq.] ad verdim.

Müqəddimə – Şirvan və Dağıstan vilayətlərinin hüdud və ərazisi, adlanmalarının səbəbi, əhalisinin mənşəyi, dilləri və dinləri haqqında.

Birinci fəsil – İslam dövlətinin zühurundan ərəb qoşununun gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr haqqında.

İkinci fəsil – ərəb ordusunun gəlməsindən başlayaraq moğolların istilasına qədər.

Üçüncü fəsil – moğol istilasından Səfəvilərin zühuruna qədər və Şirvanşahlar sülaləsinin səltənəti dövrü.

Dördüncü fəsil – Səfəvilərin zühurundan Nadir şahın vəfatına qədər.

Beşinci fəsil – Nadir şahın vəfatından «Gülüstan» adlı yerdə Rusiya-İran dövlətləri arasında bağlanan sülh müahidəsi[3 - Pakt, saziş.] zamanına qədər.

Nəticə – Şirvan vilayətində və onunla qonşu olan yerlərdə təlifat[4 - Əsər, kitab.] sahibi və ya başqa fəzilət[5 - Üstünlük, layiqlik, mükəmməllik.] və məziyyətə[6 - Layiqlilik, üstünlük.] malik olan şəxslərin tərcümeyi-halları haqqında.

Giriş

«Gülüstani-İrəm» əsərinin müəllifi Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 23-də Abşeron yarımadasının Əmircan kəndində anadan olub. Abbasqulu ağa Bakıxanov Azərbaycanın böyük feodallarından olan Bakı xanı II Mirzə Məhəmməd xanın oğludur. İbtidai təhsilini ərəb və fars dillərində alan A. Bakıxanov sonralar rus dilini də mükəmməl surətdə öyrənmişdir. O, rus dilini öyrənməklə rus mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış olur, fəlsəfə, tarix, ədəbiyyat, astronomiya, coğrafiya və s. elmləri öyrənir.

1820-ci ildə Tiflisdə general Yermolovun idarəsində xidmətə daxil olan A. Bakıxanov rus ordusunda polkovnik rütbəsinə qədər yüksəlir.

A. Bakıxanov rus dilini və mədəniyyətini dərindən öyrənən tərəqqipərvər Azərbaycan alimlərindən biri olub. A. Bakıxanov XIX əsrin birinci yarısında İran, Türkiyə və s. şərq ölkələrinə nisbətən Rusiyanın daha qabaqcıl və qüdrətli ölkə olduğunu başa düşmüş və Azərbaycanın Rusiyaya birləşməsini müsbət bir hadisə olaraq qiymətləndirmişdir. 1847-ci ildə vəfat edən A. Bakıxanov hərbi və mülki xidmətlərdə çalışmasına baxmayaraq, həyatının çox hissəsini elmi və ədəbi fəaliyyətə həsr etmişdir. Qeyd etmək lazımdır ki, o öz fəlsəfi yaradıcılığında islam dini təsir etmiş, onun dünyanı dərk etmək üsulu idealistcəsinə olmuşdur. …Bakıxanov ömrünün axırına qədər mömin müsəlman olaraq qalmışdır…

A. Bakıxanovun Azərbaycan tarixinə həsr etdiyi «Gülüstani-İrəm» əsəri, müxtəlif mövzularda yazdığı əsərlər içərisində, şübhəsiz ki, birinci yeri tutur. Bakıxanova qədər, Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara, ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə, fərman və sair bu kimi yazılı sənədlərdə təsadüf olunurdu. A. Bakıxanov isə ilk dəfə olaraq, bu pərakəndə materialları toplamış və onlara əsasən «Gülüstani-İrəm» adlı əsərini yazmışdır. A. Bakıxanov «Gülüstani-İrəm» əsərini yazarkən təqribən yüzdən artıq məxəzdən[7 - Qaynaq.] istifadə etmişdir. Bu məxəzlər içərisində Herodot, Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi, İbn-Hövqəl, İbn-əl Əsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Rəfi Şirvani, Katib Çələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yunan, Roma, rus, erməni, Azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır.

A. Bakıxanov yalnız bu mənbələrlə kifayətlənməmiş, dövrünün tələbinə görə arxeologiya, epiqrafika, numizmatika, maddi mədəniyyət abidələri, xalq arasında yayılmış rəvayət və əfsanələrdən də istifadə etmişdir. Onun tətbiq etdiyi bu üsul Azərbaycan xalqının zəngin tarixini göstərməkdə birinci addım olmuşdur. «Gülüstani-İrəm» in mətnindən anlaşılır ki, A. Bakıxanov yuxarıda adları çəkilən mənbələrdən başqa qədim, orta və yeni dövrlərə aid daha bir çox məxəzlərdən geniş surətdə istifadə etmişdir. Lakin bu məxəzlərdən bəzisi bizə məlum deyildir. Buna görə, «Gülüstani-İrəm» in bizə gəlib çatmayan bu mənbələrə əsasən yazılmış müəyyən hissələri indi əsas məxəz şəklini almış olur.

«Gülüstani-İrəm» əsərində A. Bakıxanov Azərbaycan xalqının, xüsusilə Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixini qədim dövrlərdən başlayaraq 1813-cü il «Gülüstan müahidəsi[8 - Müqavilə, pakt, saziş.]» nə qədər təsvir edir. Bu əsər, əsas etibarilə, müqəddimə, beş fəsil və nəticədən ibarətdir. Əsərin müqəddimə hissəsində müəllif Şirvan və Dağıstan xalqlarının mənşəyi haqqında məlumat verir. O, islam dininin, istifadə etdiyi şərq məxəzlərinin, eyni zamanda özünün dini görüşləri əsasında, ümumiyyətlə, xalqların, xüsusilə Şirvan və Dağıstanda yaşayan xalq və tayfaların mənşəyini təhrif edilmiş bir tərzdə izah etməyə çalışıb. «Gülüstani-İrəm» əsərində müəllif tərəfindən buraxılan əsaslı nöqsanlardan biri də, Azərbaycan tarixinin dövrlərə bölünmə məsələsidir. A. Bakıxanov, «Gülüstani-İrəm» in müqəddiməsində göründüyü kimi Azərbaycan və Dağıstan xalqlarının tarixini iqtisadi, ictimai və siyasi quruluşa görə deyil, xarici işğalçıların istila və hakimiyyət dövrlərinə görə tərtib etmişdir. A.Bakıxanov istifadə etdiyi ilk məxəzlərə tənqidi surətdə yanaşmamışdır. O, qədim və orta əsr müəlliflərinin yazdıqlarını öz əsərinə köçürmüş və tənqid süzgəcindən keçirməmişdir. Bu hal isə, şübhəsiz ki, müasir oxucuların diqqətini cəlb etməyə bilməz. Göstərmək lazımdır ki, A. Bakıxanov orta əsr məxəzlərinin verdiyi əfsanəvi məlumata əsasən yerli Azərbaycan sülalələrinin bir çoxunun mənşəyini təhrif edir, bəzi Azərbaycan şəhərlərinin adını və təsis edilməsini sasani və ərəb istilaçılarının adı ilə əlaqələndirir. Buna görə də onun irəli sürdüyü mülahizələrə və elmi üsullara tənqidi surətdə yanaşmaq lazımdır. A.Bakıxanov «Gülüstani-İrəm» əsərində əsas etibarilə siyasi hadisələrin təsvirinə artıq yer vermişdir. O, xalqın iqtisadi və ictimai həyatına və onun tarixi inkişaf məsələlərinə fikir verməmişdir. Heç şübhə yoxdur ki, şərq tarixçilərinin təsirindən tamamilə öz yaxasını qurtara bilməyən A. Bakıxanov bundan irəli gedə bilməzdi. «Gülüstani-İrəm» də bu və ya digər tərzdə daha bir çox nöqsan vardır. Bütün bu qüsurlardan öz yaxasını qurtara bilməyən müəllif, əsərin müqəddiməsində belə yazır: «Ümidvarəm ki, həqiqətə bələd olan oxucular bu əsərin qüsur və nöqsanını vaxtın darlığına, qabiliyyətimin zəifliyinə, halımın pərişanlığına və vəsaitin azlığına həml edib, onun islah və təkmilinə çalışarlar». Bütün bu nöqsan və qüsur cəhətlərə baxmayaraq, A. Bakıxanov tərəfindən Azərbaycan tarixinə həsr edilən «Gülüstani-İrəm» əsərinin bir çox müsbət cəhətləri də vardır.

«Gülüstani-İrəm»ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf etmirik. A. Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla «Gülüstani-İrəm» əsərini yazmışdır. Xüsusilə onun XVIII əsrə və XIX əsrin 13-cü ilinə qədər Azərbaycan tarixi haqqında verdiyi məlumat diqqəti daha çox cəlb edir. A.Bakıxanov burada Şimali Azərbaycana aid siyasi hadisələri ətraflı surətdə təsvir etmişdir. Əsərdə təsvir edilən hadisələr ilə əlaqədar olaraq Ermənistan, Gürcüstan, Türkiyə və sairə haqqında məlumat verilir. Hadisələrin təsvirini 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan «Gülüstan müahidəsi» nə qədər çatdırır. A. Bakıxanovun bu dövr haqqında verdiyi məlumat, başqa mənbələrin verdiyi məlumata nisbətən daha mükəmməl və daha zəngin olub, əsərdə xüsusi yer tutur. Çünki müəllif özü bu dövrdə baş verən bir çox hadisələrin şahidi və iştirakçısı olub. O öz dövrünə aid daha bir çox sənədlər, fərmanlar, xanlar tərəfindən yazılmış məktublar və sair vəsiqələrdən də istifadə edə bilmişdir. A.Bakıxanovun şərq tarixçilərinə nisbətən üstünlüklərinə və mühakiməsinin genişlənməsinə rus mədəniyyətinin böyük təsiri olmuşdur. O, rus mədəniyyəti ilə tanış olmuş, rus tarixçilərinin əsərlərini öyrənmiş və öz əsərini yazarkən onlardan istifadə etmişdir.

A.Bakıxanov farsca yazdığı «Gülüstani-İrəm» əsərini sonradan rus dilinə tərcümə etmişdir. Bu tərcümənin bəzi hissələri birinci dəfə 1846 və 1848-ci illərdə Tiflisdə «Qafqaz» qəzetində çap olunub. Tam bir halda isə, yalnız Sovet dövründə, «Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti» tərəfindən Bakıda 1926-cı ildə nəşr edilmişdir. Lakin əsərin bu çapında bəzi dəyişikliklər və bir çox nöqsanlar vardır. Xüsusilə coğrafi və şəxsi adların düzgün qeyd edilməməsini göstərmək lazımdır. «Gülüstani-İrəm» in nəşr edilən bu tərcüməsi hicri 1260 (=1844) ildə yazılmış bir nüsxədən Azərbaycan dilinə tərcümə edilmişdir. Əsərin bu günə qədər çap olunmamış farsca mətni isə, müxtəlif əlyazmaları şəklində bizə gəlib çatıb. Ayrı-ayrı katiblər tərəfindən müxtəlif tarixlərdə yazılmış bu əlyazmalar arasında bir çox fərq vardır. Buna görə də «Gülüstani-İrəm» redaktə edilərkən, yenidən yoxlanılmış və 1844-cü ildə Tiflisdə, 1862-ci ildə Salyanda, 1867-ci ildə Qubada, 1879–80-ci ildə Dağıstanda yazılmış əlyazmaları və habelə A. Bakıxanovun xüsusi kitabxanasına məxsus bir nüsxə ilə də müqayisə olunmuşdur.

İstifadə edilən bu əlyazmaların hamısı Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmaları şöbəsində saxlanılır. Əsərdən, tarixi əhəmiyyəti olmayan və mətni ağırlaşdıran bəzi hissələr çıxarılaraq nöqtələr ilə əvəz edilib. «Gülüstani-İrəm» XIX əsrin birinci yarısında Azərbaycan tarixi haqqında yazılmış ən dəyərli əsərlərdən biridir. Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutu tərəfindən çap edilən bu əsər, şübhəsiz, oxucular və Azərbaycan tarixini öyrənənlər üçün qiymətli bir məxəz olacaqdır.

    M. Şərifli
    10 yanvar, 1951

Müqəddimə

Şirvan və Dağistan vilayətlərinin hüdud və ərazisi, adlanmalarinin səbəbi, əhalisinin mənşəyi, dilləri və dinləri haqqinda

Şirvan vilayəti, şərq tərəfdən Xəzər dənizi ilə, cənub-qərbdən onu Muğan və Ermənistan vilayətlərindən ayıran Kür çayı ilə, şimal-qərbdən Qanıq (Alazan) çayı ilə, İlisu nahiyəsindən keçən qeyri-müəyyən xətlə, Qafqaz sıra dağları, Kürə və Təbərsəran nahiyələrini Qaziqumuq və Qaytaq məmləkətlərindən ayıran dağ silsiləsi ilə və oradan da Dərvaq çayı yatağından onun Xəzər dənizinə qovuşduğu yerə qədər uzanan sahə ilə məhduddur. (Şirvan) Kür dəhnəsindən Dərvaq dəhnəsinə qədər təqribən 39°-42°-yə qədər şimal en dairəsi, Qanıq çayı dəhnəsindən Əfşəran burnuna qədər 64°-68°-yə qədər şərq uzunluq dairəsi üzərində vaqedir. Düz xətlə hər bir dərəcənin məsafəsi təqribən 15 coğrafi mil – yeddi rus versti qədər və ya bir ağac yarımdır. Hər ağac – üç islami mil uzunluqdadır. İslami mil – doxsan altı min barmaq boydadır. Bir barmaq da orta boylu altı arpa uzunluqdadır (arpaların birinin arxası o birinin qarnına bitişik surətdə düzülmək şərtilə).

Beləliklə, indiki Şirvan məmləkəti Salyan, Şəki, Bakı, Quba, Dərbənd, Təbərsəran, Kürə, Samur nahiyəsi və İlisunun aşağı bir qismindən ibarətdir. Bunlar, ölkənin ən gözəl və ən geniş vilayətlərindəndir.

Qafqaz dağlarının böyük bir silsiləsi onun arasından üzü cənub-şərqə düşübdür ki, xoş havalı yaylaqları, otlaqları, şirin bulaqları və hər iki tərəfə axan çoxlu çayları vardır.

Əksəriyyət üzrə, dəniz və Kür çayı sahillərində geniş və məhsuldar çöllərdə bol taxıl zəmiləri, meşələr, bağlar və sair vardır. Dəniz kənarında olan bu ölkə, Rusiya və İran dövlətləri və müxtəlif Dağıstan tayfaları arasında olduğundan, ticarət işlərində də mükəmməl tərəqqi edə bilər.

Təqvimülbüldan[9 - Məşhur ərəb tarixçisi Əbülfidanın əsəridir. Hicri 672-ci (=1273) ildə anadan olmuş və 732-ci (=1331) ildə vəfat etmişdir. Onun ən məşhur kitabları «Əlmüxtəsər fi-tarixülbəşər» ilə «Təqvimülbüldan» adlı əsəridir.] müəllifi deyir ki, Şirvanı Sasani sülaləsindən olan Ənuşirəvani-Adil bina etmişdir, bu cəhətdən onun adı ilə tanınmışdır. «Ənu» ləfzi çox işlənmək nəticəsində atılmışdır. Bəziləri deyirlər ki, Şirvanın əsli Şirvand, yəni şir olan yer olub, sonra Şirvan olmuşdur. Moisey Xorenskinin[10 - Moisey Xorenski – V əsr tarixçisidir. Qədim dövr tarixi yazan erməni müəlliflərindən ən görkəmlisi hesab olunur. Üç hissədən ibarət olan əsərində ən qədim dövrlərdən başlayaraq V əsrin birinci yarısına qədər ermənilərin tarixini sistematik surətdə yazmışdır. Onun bu tarix kitabı bir çox xarici dillərə, o cümlədən rus dilinə də tərcümə olunmuşdur.] tarixində və Zendavesta kitabında Şerovaner deyə adlanır. Əmin-Əhməd[11 - Əmin-Əhməd Razi – «Həft-iqlim» adlı məşhur əsərin müəllifidir. Bu əsər köhnə üzrə yeddi iqlimin (qitənin) məşhur şəhər və qəsəbələrini və hər iqlimdə yetişmiş olan adlı-sanlı adamları bildirir. Kitab, hicri 1002-ci (=1593) ildə yazılmışdır.] «Həft-iqlim» adlı əsərində deyir ki, Şirvan, əvvəllərdə bir şəhərin, sonra isə bir ölkənin adı olmuşdur.

Çamçiyan[12 - Çamçiyan – XVIII əsr erməni istorioqrafiyasının görkəmli nümayəndəsidir. Erməni və əcnəbi mənbələrdən istifadə edərək, erməni tarixini ta ilk dövrlərdən başlayaraq XVIII əsrin axırına qədər yazmışdır. Çamçiyanın «Ermənistan tarixi» bu əsəri, üç cilddən ibarət olaraq 1785-1787-ci illərdə Venesiya şəhərində çap olunmuşdur.] «Ermənistan tarixində» Şirvan vilayətini Əğvan adlandırır və deyir ki, onunla Alan, yəni Dağıstan arasındakı sərhəd əvvəl Alğon səddi və sonra da, Dərbənd səddi olmuşdur.

Türkmən Həsən padşahın oğlu Sultan Yaqub hicri 892-ci (=1487) ildə ermənilərin xəlifəsi (baş keşişi) Simeona verdiyi fərmanda, Şirvanı Əğvan deyə adlandırmışdır.

Dağıstan vilayəti 42°-dən 44°-yə qədər şimal en dairəsi və 63°-dən 66°-yə qədər şərq uzunluq dairəsindədir. Şərq tərəfdən Xəzər dənizi ilə, şimaldan Terek çayı ilə, qərbdən Çərkəz və Os (Osetin) mülkü ilə, cənub-qərb tərəfdən Gürcüstanla və cənub-şərqdən Şirvanla məhduddur. Bu ölkənin şimal-şərq qismi gözəl yerlərə malik olub, yaşayış vasitəsinin bolluğu ilə məşhurdur Bu hissə, xüsusilə dəniz və Terek sahillərində, çayların bolluğu və gediş-gəlişin çoxluğu üzündən, əkinçilik məhsulatının zənginliyi və ticarət vasitəsinin genişliyi ilə tanınır. Buranın o biri dağlıq qismi, bəzi məhsuldar vadi və yaylaqlara malik olsada, ümumiyyətlə yaşamaq üçün çox çətin və məşəqqətlidir.

Bu vilayət Məsudinin[13 - Məsudi – ərəb tarixçilərinin ən böyüklərindən biridir, hicri III əsrin axırlarında Bağdad şəhərində anadan olmuş və 346-cı (=957/8)ildə Misirdə vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Mürucüzzəhhəb» adlı kitabdır.] rəvayətinə görə, hicri 332-ci (=944) ildə aşağıdakı üç ölkədən ibarət olmuşdur:

1) Qaytaq – bura Dərbəndin şimal tərəfindədir. Hökumət mərkəzi Səməndər, yəni Tarxudur ki, onu Nuşirəvan bina etdirib. Səməndər Xəzər xaqanının paytaxtı olmuş idi. Lakin Səlman ibni Rəbiə buranı aldıqdan sonra, xaqan öz paytaxtını Atilə köçürdü. Səməndər əhalisinin çoxu xəzərlər, müsəlmanlar və yəhudilərdən ibarət olmuşdur…

2) Sərir (taxt) – Dərbəndin şimal-qərbində, üç mənzillik məsafədədir. On iki min ailədən ibarət olmuşdur. Sərir padşahı Filanşah adlanıb, nəsara (xristian) dinində idi. Bəzilərinin dediyinə görə, Sasani sülaləsindən olan Yəzdicird, ərəblər tərəfindən məğlub edildikdən sonra Xorasana getdi. O, öz qızıl taxtını başqa qiymətli şeylərlə bərabər Bəhram-Çubin nəslindən olan bir mənsəb sahibinə verərək, Cibali-Fəthə, yəni Qafqaza göndərdi. O da indi Sərir adlanan mülkü ələ keçirib öz nəslini tərk etdi. Nizaminin dediyinə görə, buranın Sərir adlanması Keyxosrovun taxt və tacından nəşət etmişdir; çünki bu taxt və tac burada bir mağaranın içində idi. Bəzilərinin dediyinə görə, bu ölkənin hakimləri qızıl taxt üzərində oturub hökm verdikləri üçün bu ölkəyə Sərir adı verilmişdir. Sərir hökmdarı rəiyyətini öz qulu hesab edərdi və dağlılar çöllülərə nisbətən daha şücaətli olduqlarından xəzərlər üzərinə basqın edərək onları qarət edərdilər. Səririn yaxınlığında Zirihgəran mülkü olub, hazırda Köbəçi adlanır. Əhalisi müsəlman, nəsara (xristian) və yəhudidir.

3) Dağlıq Qumuq – Səririn şimalında və Qaytağın qərbindədir. Əhalisi nəsaradır (xristiandır). Padşahları olmadığından öz rəislərinə itaət edərdilər. Çox məhsuldar və abad olan Alan ölkəsinə buradan gedərdilər. Kəndlər bir-birinə yaxın olduğundan, bir xoruz banlayanda bütün kəndlərin xoruzları banlardı. Alan padşahının ləqəbi Kərkərandac və ya Kərkəndac, arvadının adı isə Məğəs idi. Otuz min atlı qoşunu var idi. Babalarından biri Abbasilər xilafətinin birinci əsrində nəsara (xristian) dinini qəbul etdi. O vaxta qədər onlar atəşpərəst idilər. Hicri 320-ci (=932) ildə onlar nəsara (xristian) dinini tərk edib, Rum imperatorunun onlara göndərdiyi keşişləri ölkələrindən çıxarıb qovdular. Alan ilə Cibali-Fəth (Qafqaz) arasında, körpülü bir çay kənarında olan dağın başında bir qala vardır ki, Hisni-Babi-Alan (Alan qapısının qalası) adlanır. Dağdan keçmək ancaq buradan mümkün idi. Bu qala qalaların ən möhkəmi idi. Fars şairləri bunu çox tərif etmişlər. O, İsfəndiyarın əmrilə tikilmişdir.

Müslimə ibni-Əbdülməlik Qafqazın bir çox yerini itaəti altına aldıqdan sonra ərəb mühafizlərini bu qalada qoydu. Onlara Sərhəd boyunda olan Tiflis şəhərindən maaş və ərzaq göndərilirdi. Baba-Laziqə də Gürcüstan nahiyəsində olub, padşahı müsəlman idi. Alanın qərb tərəfində Kəşək mülkü Cibali-Fəthdən Pont dənizinə, yəni Qara dənizə qədər uzanıb gedir. Buranın əhalisi yaraşıqlı bir tayfadır. Burada tala adlanan və Misir qumaşından daha qiymətli olan bir qumaş toxuyurlar. Buradan Trabizona tacirlər dəniz vasitəsilə gedib-gəlirlər. Alanların hücumundan qorunmaq üçün dəniz kənarında qalaları vardır. Kəşək tayfası çox, lakin dağınıqdır. Əgər bunlar ittifaq etsəydilər hamıya qalib gələrdilər. Onların ölkəsinin o biri tərəfi Səbbüldan (yeddişəhər) ölkəsidir…

Kəşək tayfası çərkəzlərdir, onları qədim rus tarixçiləri Kasoq, Os (Osetin) tayfasını isə, Kasaq adlandırırlar.

Məhəmməd Rəfi Əbdürrəhim oğlu Şirvaninin[14 - Məhəmməd Rəfi Əbdürrəhim oğlu Şirvani – XVI əsrin ikinci və XVII əsrin birinci yarısında yaşamış Azərbaycan alimidir. Azərbaycan və Dağıstan tarixinə aid bəzi əsərləri vardır. «Risaleyi-Rüstəm xaniyyə» adlı kitabını Dağıstan xanlarından Rüstəm xanın adına yazmışdır.] öz tarix kitabında qeyd etdiyinə görə də, burada üç məmləkət vardır: 1) Dəşt; 2) Zirihgəran və 3) Avar. Avar yaşayış və nəqliyyat yolları etibarilə ölkələrin ən çətini hesab edilir. Çamçiyan öz tarixində bu vilayətdə dörd ölkə olduğunu göstərir: 1) Alan, 2) Basalas, 3) Haptaq və 4) Hun. Dərbəndnamə müəllifi, İsfəndiyar və Nuşirəvanın təqsimatına görə, buranı dörd məmləkətə bölmüşdür: 1) Gəlbax; 2) Tumanşah mülkü; 3) Qaytaq və 4) Dağlıq Qumuq.

Bu təqsimatın hamısı indiki vəziyyətlə də uyğundur.

Birinci məmləkət – Alan və ya Sulağın o tərəfindəki Qumuq Gəlbaxı, Mıçıqıç və Kiçik Qabardıdan ibarət olmuşdur.

İkinci məmləkət – Tumanşah mülkü, ya Haptaq, ya da, birinci bölgüyə görə, Qaytaq ölkəsidir ki, şamxal[15 - Dağıstanda mənsəb və vəzifə, canişin mənasında işlənib. Vergi, xristian və yəhudilərdən cizyə, müsəlmanlardan da zəkat yığan.] və üsmi[16 - Avar xanı.] mülklərinin aşağı qismini təşkil edir.

Üçüncü məmləkət – Dağlıq Qumuq, ya Hun, ya da, Avar ölkəsidir ki, Qaziqumuq və Avarıstan mülkünü təşkil etmişdir.

Dördüncü məmləkət – Baslas, ya Zirihgəran, ya Sərir, ya da, axırıncı bölgüyə görə, Qaytaq ölkəsidir ki, Qaytağın yuxarı hissəsindən, Aqquşa və Sürhi mahallarından ibarətdir.

Başlı şəhərinin adı Baslas sözündən dəyişmədir. Qumuq, Bətləmyusun[17 - Bətləmyus (Ptolomey) məşhur Yunan riyaziyyatçısı və astronomlarındandır, II əsrin birinci yarısında anadan olmuşdur. «Coğrafiya» adlı əsərində Albaniya və Ermənistan haqqında da məlumat vardır.] dediyinə görə, Kam və ya Kamak tayfasının qalıqlarıdır. Bu mülk onların adı ilə adlanmışdır. Rözətüssəfa[18 - Şərqdə yetişən ən məşhur tarixçilərindən Mirxondun əsəridir. 1433-cü ildə Bəlxdə anadan olmuş və 1498-ci ildə Heratda vəfat etmişdir. Mirxondun 7 cilddən ibarət olan «Rövzətüssəfa» adlı əsəri, teymurilər dövrünün sonlarında yazılmış ən mühüm tarix kitabıdır. «Rövzətüssəfa» kitabı, bir hesabla, Şərq tarixinin bir ensiklopediyasıdır.] müəllifinin və başqa tarixçilərin dediyinə görə, onlar Yafəsin oğlu Kamak və ya Kamarı nəslindəndirlər. Bunlar Yafəsin Bulğar adlı oğlunun adını daşıyan yerdə sakin idilər. Ehtimala görə, o yer Kiçik Qabardı ölkəsində olan Balğar adlı yerdir. Balğar və onun ətrafında olan Çəgəm, Baxsan, Bizəngi əhalisi və başqaları indi də türk dilində qumuq ləhcəsində danışırlar. Məlum olur ki, bunlar bir tayfadırlar. Bu məsələni Həbibüssiyər[19 - «Rövzətüssəfa» müəllifi Mirxondun nəvəsi Xandəmirin əsəridir. Xandəmir özü də məşhur tarixçilərdəndir. 1475-ci Heratda anadan olmuş və 1535-ci ildə Gücəranda vəfat etmişdir. Xandəmir bir sıra tarixi əsərlər yazmışdır ki, bunlardan ən böyük və ən qiymətlisi «Həbibüssiyər» adlı kitabıdır. Xandəmir «Həbibüssiyər» də dünyanın yaradılışından Şah İsmayıl Səfəvinin vəfatı tarixinə qədər olan hadisələri təsvir edir.] və sair kitablar da təsdiq edir.

Bu mənbələrin yazdığına görə, Əmir Teymur Toxtamış xanı məğlub etdikdən sonra öz qoşununun başçılarına Qumari çayının kənarında ənam vermiş və Qum boğazında qışlamışdır. Qumari adlanan bu çay Terek çayı yaxınlığında olub, indi türkcə Kumi və rusca Kuma adlanır. Əlifin vava və kaf, qaf və ğəyn hərflərinin bir-birinə çevrilməsi uzaq deyildir. Təsəvvür etmək olar ki, Qaytaq və Həptaq ya bir mənada olub, ya da bir-birindən dəyişmədir, ya da ki, Tağ mütləq Dağıstanın adı imiş. Şamxal mülkünə «həp» – yəni hamı – sözü əlavəsilə «həptaq», üsmi mülkünə də, Keyxosrov və sair Kəyan padşahlarına nisbətilə, ya da böyük və uca mənasına gələn «key» sözü əlavəsilə Keytaq demişlər. Sözlərin işlənməsində ta dala, kaf və ğəyn hərfləri də qafa və biləks dəyişilmişdir.

Hun tayfası haman Ğun adlanan tayfadır. Moisey Xorenskinin yazdığına görə, miladi tarixin V əsrində Xəzər dənizinin qərb sahilində sakin imişlər. İndi yeri məlum olmayan Varçan, bunların ən böyük şəhəri olmuşdur. Simaca kifir, qaniçən, talançı və cəsur olan bu tayfa, qədim zamanlarda Çin hüdudundan Qıpçaq çölünə və Xəzər dənizi ilə Qara dəniz arasındakı sahəyə gələrək, hədsiz zülmlər etmişlər. Bunların padşahı Atilla… müxtəlif tayfaları, hətta Macarıstanı da, özünə tabe etmişdi. Qostəntiniyyədən xərac alırdı. Hicri 454-cü ildə vəfat etdikdən sonra, övladı arasında gedən çəkişmələr nəticəsində Ğun dövləti dağıldı.

Miladi IV əsr tarixçilərindən Ammian Martsellinin[20 - Ammian Martsellin – Roma tarixçilərindəndir, 330-cu ildə anadan olmuşdur. «Roma dövlətinin tarixi» adlı məşhur əsəri 96-378-ci illərin hadisələrini təsvir edir. Ammian Martselinin bu əsərində Azərbaycan haqqında da qiymətli qeydlər vardır.] yazdığına görə, ğunlar öz üzlərini bıçaqla çərtirdilər ki, saqqalları çıxmasın. Onların əksəri bədşəkil, boynu yoğun olub, heyvana bənzəyirdilər. Bitkilərin yarpaq və köklərini və çiy əti yəhər altında qızdırıb yeyərdilər. Evləri yox idi, hətta onu istəmirdilər. Çöllərdə, meşələrdə və dağlarda keçinirdilər. Onların paltarı kətandan və heyvanat dərisindən olub, bədənlərində çürüyərdi. Özlərini isti-soyuğa, aclıq və susuzluğa vərdiş etdirərdilər. Ancaq camaat müşavirəsi olan zaman atdan enərdilər. Həya və əxlaq sahibi deyildilər. Talançı, qaniçən, qanun bilməyən, yalançı və dinsiz idilər. Atillanın yanında olan Rum səfirlərindən Prist belə nağıl edir: «Biz onunla orduda görüşdük. Rum qeysərinin hədiyyələrini son dərəcə kibr və qürurla qəbul etdi. Bizə buyurdu ki, istirahət zamanı onunla bərabər yaşadığı yerə gedək. Qızlar uzun və ağ paltarlarda onu qarşılayıb, skif dilində şeirlər oxuyurdular. Hündür və uca bir yerdə çubuq hasarla əhatə edilmiş və ağacdan qayırılmış bir imarət var idi. O hər gün səhər çağı evinin qapısında oturub, xalqın divan işlərilə məşğul olurdu. Gündüz müxtəlif tayfaların elçilərini qəbul edib, gecə onlar ilə bərabər yemək yeyərdi. Qonaqlar üçün gümüş qablarda və qızıl camlarda, özü üçün isə ağac qablarda yemək-içmək gətirdərdi. Yeməkdən sonra Ğun şairləri gəlib onun zəfər və fütuhatından bəhs edən şerlər oxuyardılar. Bu zaman onun qoşunu şadlanar, qocalar isə davadan geri qaldıqları üçün həsrətlə ağlardılar…»

Rum səfirlərindən bir nəfər onu (Atillanı) öldürmək istədi. Atilla bunu bilib, özü üçün təhqir hesab edərək, ona cəza vermədi. Ola bilsin ki, Atil çayı Atilla adından və ya Atillanın adı bu çayın adından alınıb.

Dağlılara ləzgi adının verilməsi, Laz qovmilə qarışmaları münasibətilə ola bilər. Lazlar miladın III əsri sonunda Kolxidada yaşayırdılar. Sərmat padşahı Qıpçaq çölündən gəlib, onları məğlub etdi. Lazlar V əsrdə albanlar və iverlər ilə bərabər Rum və İran arasında uzun müddət davam edən müharibələrə qarışırdılar. VI və VII əsrlərdə də bunların dövləti mövcud idi. Bunların padşahlarından Qubaz və Xoryan şöhrət sahibi olmuşlar. Bu tayfanın qalıqları indi də Qara dənizin cənub-şərqində sakin olub, yazılarında öz adlarını layiqi deyə yazırlar.

Bir çox tarixçilər Ermənistan, İveriya, Kolxida və Albaniyanı bir-birindən ayıra bilməmişlər. Bu cəhətdən bəzi ixtilaflar meydana çıxmışdır…

Həbibüssiyər sahibinin yazdığına görə, Ermənistan ölkəsinə daxil olan Tiflis şəhərini, Həbib ibni-Səlma Osmanın xilafəti zamanında ələ keçirdi. Bura həmişə xəlifələrin ixtiyarında olmuşdur. Bunu, Tiflisdə ərəblər tərəfində zərb edilən dirhəmlər də göstərir.

İveriya dağlıq yerdə olub, Dağıstanın qərb tərəfindədir. Başaçıq (İmeretiya) da onun şərq hissəsindədir. Erməni tarixçiləri qədim gürcüləri ivros, yəni dağlı adlandırırlar.

Yaqutun[21 - Yaqut Həməvi – 1178 və ya 1179-cu ildə anadan olmuş və 1229-cu ildə Hələbdə vəfat etmişdir. Yaqut, şərqin ən məşhur müəlliflərindən biridir. O, tarix və coğrafiyaya aid bir sıra qiymətli əsərlər yazmışdır. Bu əsərlərdən biri də «Möcəmülbüldan» dır. Səkkiz cilddən ibarət olan bu kitab mükəmməl bir coğrafiya lüğətidir.] yazdığına görə, gürcülər hicri V əsrin sonlarına doğru, İrandakı iğtişaşdan istifadə edərək, Kürün sağ sahilində qətl və qarətə başladılar; daha sonralar, səlcuqi Sultan Məhəmmədin oğlanları, Sultan Mahmud ilə Sultan Məsud arasında gedən müharibə zamanı Tiflis şəhərini ələ keçirdilər.

Başaçıq (İmeretiya) düzlərini, Minqreliya və Quriyanı Kolxida hesab etmək olar. Şirvan və Dağıstan isə, birgə olaraq Albaniya olmuşdur.

Alan tayfası xüsusunda bu qədər məlumdur ki, onlar bu ölkənin sakinləridir və xüsusi padşahları olmuşdur. Alan və alban sözlərinin bir-birinə bənzəməsindən zənn etmək olar ki, biri o birindən alınmışdır. Albaniya rum dilində ağlıq mənasında olaraq azadlığa işarədir. Şirvan və Dağıstan «Azadlar ölkəsi» adı ilə məşhurdur. Ammian Martsellinin yazdığına görə, Alan tayfası qədim Masaget nəslindən olmuşdur. Bunlar əvvəlcə Tatarıstandan gəlib Skif tayfasını Xəzər dənizinin şərq sahillərindən qovaraq buralarda yerləşmişlər. Skif tayfası Atil çayından keçib, Don ilə Tuna çayları arasında yerləri tutmuşlar. Onlar cəsarətlə, vəhşi xasiyyətlə və köçəri olan müxtəlif qəbilələrdən ibarət idilər. Cənub tarixçiləri o tərəflərin bütün qədim sakinlərini Skif adlandırırlar. Herodot[22 - Herodot – ən məşhur yunan tarixçisidir. Eramızdan əvvəl 480 və 425-ci illər arasında yaşamışdır. Herodotun kimmerilər və skiflərin şimaldan hərəkət etmələri, ticarət yolları, İran dövlətinin sərhədləri və satrapları, Azərbaycanda və onunla qonşu olan yerlərdə yaşayan qəbilələr haqqında verdiyi məlumat Azərbaycan tarixi üçün olduqca qiymətlidir.] deyir ki, Skif gəncləri və Amazon qızlarının qarışmasından Sərmat tayfası meydana çıxmışdır. Lakin Qatterer[23 - Qatterer – alman tarixçisidir. 1727-ci ildə anadan olmuş və 1799-cu ildə vəfat etmişdir. Məşhur əsərlərindən biri də «Qədim dövrlərdən başlayan Ümumdünya tarixi» adlı kitabıdır.] isbat edir ki, Sərmat tayfası İsanın anadan olmasından 80 il əvvəl, Asiyadan Avropaya gəlib, Don çayı ətrafında Skif tayfası ilə qarışmışdır; get-gedə Skif adı aradan çıxıb Sərmat adı məşhur olmuşdur. Alan tayfası da gəlib Sərmat tayfasını məğlub edərək onların yerlərinə sahib olmuşdu.

Alan tayfası şəmşirpərəst dinində idilər. Qılıncı yerə sancıb ona səcdə edərdilər. Bir çox adət və ənənələri hun tayfası ilə bir idi. Prokopi[24 - Prokopi – yunandır. V əsrin axırlarında anadan olmuşdur. İlk Bizans dövrünün ən məşhur tarixçisidir.] Alan tayfasını Masaget nəslindən və Böyük Get mənasında olan Masageti də Get və ya Qotf nəslindən hesab edir.

Həzəqil peyğəmbərin kitabında, 38-ci fəsildə, masoqlar Yafəsin oğlu Masoq nəslindən sayılır. Bunlar şimal-şərq tayfaları arasında məşhurdurlar. Ola bilsin ki, Masaget bu nəsldən və ya Maqos və Qət tayfalarının qarışmasından meydana çıxmışdır. Degin[25 - Dekin – fransız şərqşünaslarındandır. 1721-ci ildə anadan olmuş və 1800-cü ildə vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Hunların. türklərin, moğolların və sair tatarların ümumi tarixi» adlı kitabıdır.], alan sözünü alin, yəni dağlı sözündən sayır. Masagetlərdən bir tayfanı, qədim zamanda Altay dağlarında yaşadıqları üçün, belə adlandırmışlar.

Moisey Xorenski Alan tayfasını Qafqazın yaxınlığında göstərir. Alanlar, Bətləmyusun zamanından XIV əsrə qədər, Qafqaz dağlarının şimal-qərbində məşhur olmuşlar. Məsudinin yazdığına görə, Babi-Alan (Alan qapısı) gərək ki, Gürcüstanın Daryal adlı yerində olsun. Lakin Dərbəndnamə müəllifi deyir ki, Babi-Alan Alğon səddindədir. Bu səddi İsfəndiyar tikdirmiş, Nuşirəvan isə yenidən təmir etdirmişdir. Həmin səddin hasarı, darvazanın yeri və şəhərin xarabası Qubanın Şabran mahalında, Gilhinçayın sol kənarında, qalanın yeri isə həmin çayın sağ kənarındakı bir təpə üzərində indi də mövcuddur.

Bu sədd dənizdən başlayıb, adı çəkilən şəhərin yeri yaxınlığında olan Əlixanlı – ehtimala görə, əslən Alğonlı olmuş – kəndinin üst tərəfindən keçərək, Çıraq qalasına bitişir. Oradan da, üzərində böyük bir şəhərin xarabası olan Ata dağından keçərək, Qonaxkəndin üstündən Baba dağına doğru gedir.

Bu iki rəvayəti birləşdirərək demək olar ki, Babi-Alan (Alan qapısı) həm Gürcüstanda, həm də Şirvanda olmuşdur. Alan tayfası Qafqazın şimal tərəflərində yerləşdiyindən, onların cənuba hər iki tərəfdən hücum yolları var idi. Alan adı məşhur olduğu üçün, bir çox erməni kitablarında Qafqazın şərq tərəflərində yaşayan dağlıların hamısına bu ad verilir. Hətta Şirvan üstə olan Muğan səhrasının şimal qismi də, qədim kitablarda Alan səhrası adı ilə məşhurdur. Tarixçilərin yazdığına görə, Albanus və Qassı çayları arasında olan Alban şəhəri, yerin vəziyyəti və münasibətə görə, gərək Dərbənd şəhəri olsun. Albanus çayı Samur və Qassı çayı da Manas olub, Tarxu ilə Buynaq arasından axır.

Keçmiş uzun əsrlər belə, bu ölkədəki yer adlarının bəzisini hələ də, dəyişdirə bilməmişdir. Şamaxı şəhəri Kamaxı və ya Ksamaxı olmuşdur. Burada olan Qəbələ şəhəri Xabaladır ki, Bətləmyus da onların adını çəkir.

Quba ölkəsində Alpan adlı bir kənd vardır, alban sözündən dəyişmiş ola bilər. Bir dağın təpəsində çox qədim bir qala mövcuddur, onu Əşkəbus adlandırırlar. Firdovsinin «Şahnamə» dəki qeydinə görə, Əşkəbus türklərdən biri pəhlivan olub, xaqanın döyüşündə Rüstəm tərəfindən öldürülmüşdür. Həmdüllahın Məcməülbüldanda yazdığı əlamətlərə görə, Zərqubad kəndinin də, Firizqubad şəhəri olmasına ehtimal vardır. Sədan kəndi Sədani-Bakuyi adından alınmışdır. Xəzərgan adlı yer də İskəndərnamədə yazılan Xəzranguh ola bilər. Qubadakı Cağatay və Dağıstandakı Cənkutay kəndlərinin adları da moğol sözü olub, oraların qədim sakinlərinin adları ilə adlanmışdır. Mıçıqıçdakı Bayan kəndinin adı da Avarın məşhur xanı Bayanın adından götürülmüşdür. Nuxu şəhəri, adının münasibəti və yerinin vəziyyətinə görə, həmin Naxiya və ya Nağiya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı.

Qədim dövrlərdə Qaspi adlı tayfa dəniz kənarında və Kürün sağ sahilində sakin idi. Rumlular arasında bu dəniz həmin tayfanın adı ilə adlanmışdır. Sahilində olan vilayətlərə nisbətən, bu dəniz müsəlmanlar arasında da Bəhri-Xəzər, Bəhri-Cürcan, Bəhri-Gilan və Bəhri-Şirvan adı ilə şöhrət tapmışdır.

Qafqaz sözü də həmin qaspi adlı tayfanın adından və Quranda qeyd edilən Qaf dağından alınmışdır. Bu dağ əfsanə kitablarında divlərin və pərilərin yurdu hesab olunur. Həmin kitablarda pərilərin padşahına Şahbal deyirlər. Dərbəndnamə müəllifi ərəblərin Dağıstanda təyin etdikləri əmirin adını Şahbal və ya Şahi-Bəəl deyə qeyd edir. Şamxal ölkəsində, gözəlləri bütün Dağıstanda məşhur olan kəndlərdən birinin adı Pəravuldur. Bu da Pəri-avul, yəni pərilər kəndi deməkdir. Bu kənd indi də durur.

Gülüstani-İrəmi, Qaf dağının yaxınlığında, son dərəcə təravətli və axar-baxarlı, gözəl çeşməli və meyvəli ağacları olan bir yer kimi təsvir etmişlər. Ehtimal ki, bu da Qubanın Şabran adlı səfalı obasından ibarətdir; bu söz xalq arasında da çox məşhurdur. Bəziləri deyirlər, Gülüstani-İrəm Qarabağdakı Gülüstan adlı yerdir. Hicri 1228-ci (=1813) ildə Rusiya ilə İran dövlətləri arasında Gülüstan əhdnaməsi bağlanmışdır. Bunun yuxarısında, dağlıq bir yerdə, indi də, Gülüstani-İrəm adlı bir yaylaq vardır.

İslam tarixçilərinin çoxu Qafqaz dağlarını Əlbürz dağı deyə adlandırırlar. Bunlardan Katib Çələbi[26 - Katib Çələbi – məşhur şərq alimlərindəndir, hicri 1000-ci (=1591/92) ildə İstanbulda anadan olmuş və 1067-ci ildə vəfat etmişdir. Əsərlərindən ən məşhuru coğrafiyaya aid «Kəşfüzzünun» adlı kitablarıdır.], «Cahannüma» adlı əsərində deyir: Əlbürz dağı Babül-Əbvabın, yəni Dərbəndin qərb tərəfindədir. Bu dağ Türküstandan Hicazə min mildən artıq məsafədə uzanan dağ silsiləsinə bitişir. Bu cəhətdən bəziləri onu Qaf dağı zənn etmişlər. Dərbənd yaxınlığında dağ iki qola ayrılır: birinə Böyük Qaf, digərinə isə Kiçik Qaf deyirlər. Bu sıra dağlarda üz verən bir çox müharibə və fəthlərə görə, ərəblərin qədim coğrafiya kitablarında bu dağlar Cibalülfəth (Fəth dağları) adlanmışdır. Bu qeydlərdən başqa, yenə bir çox əlamət vardır ki, Qaf dağının Qafqaz dağları olmasına dəlalət edir. Bu dağ haqqında hədis və əxbar kitablarında və başqa mənbələrdə kinayə qəbilindən olaraq verilən yanlış məlumat bilməməzlikdəndir; çünki keçmiş insanlar, bu əcaiblə dolu dağların şimal tərəflərindən və daxili vəziyyətlərindən düzgün xəbərdar deyildilər. Əgər onlar bu səbəbə, buranı dünyanın son nöqtəsi təsəvvür edərək, iri cüssəli, vəhşi xasiyyətli sakinlərini divə və aləmdə hüsn və nəzakətlə məşhur olan gözəllərini pərilərə bənzətsələr, münasibətsiz və yersiz olmaz.

İndiki halda bir çox səyyah, dünyanın hər tərəfini dəfələrlə tədqiq etmiş, şərq və qərb okyanuslarından keçərək yer kürəsinin o biri yarısında olan Amerikanı kəşf etmişlər; lakin onlar Qaf dağını, xəyalata qapılan sadə dillərin təsvir etdikləri tərzdə, heç yerdə rast gəlməmişlər.

Qədim və naməlum əsərlərdən bəri bir çox müxtəlif tayfalar, Qafqaz ölkəsində müharibə və fəthlər edərək, cənubdan şimala və şimaldan cənuba doğru hərəkət etmişlər. Onlar burada bir çox ölkələri istila edib sakin olmuşlar. Müxtəlif millətlərin məzlum və qaçqınları buranın çətin keçidlərində düşmənin zülmündən asudə olmuşlar. İranın qədim padşahları, xüsusilə Yəzdicird Bəhrami-Gur oğlu və Nuşirəvan Qubad oğlu başqa vilayətlərdən buraya bir çox qəbilə köçürərək, bu yerlərdə şəhər və kəndlər bina etdirmişlər. Bunların xarabaları indi də durur. Yunanlar, rumlular, ermənilər, ğunlar, avarlar, türklər, ruslar, xəzərlər, ərəblər, moğollar və tatarlardan olan müxtəlif tayfalar bu ölkənin bir çox yerlərini əllərində saxlamışlar. Xüsusilə Şirvan ölkəsi hamısından artıq iğtişaş yeri olmuşdur. Səfəvilər dövründə İran və Osmanlı qoşunları bir-birinin ardınca bu ölkəni dəfələrlə ələ keçirmişlər. Məlum olur ki, bu ölkə əhalisinin nəsli müxtəlif tayfalardan mürəkkəbdir. Buna onların hələ də mövcud olan bir çox müxtəlif abidələri, dilləri, adətləri və əhalinin əxlaq və istedad dərəcəsi aydın və aşkar bir şahiddir.

Lakin bunu ətraflı olaraq təyin etmək mümkün deyildir. Ancaq bu qədər demək olar ki, Təbərsəranın bir hissəsində, Qubanın qərb qismində, Samur və Kürə nahiyələrində yaşayan əhalinin əksəri müxtəlif tayfalara qarışmış qədim nəsildəndir. Dərbənd ətrafında, Təbərsəranın çox hissəsində, Quba vilayətinin şərq qismində, Şəki, Bakı, Şirvan və Salyan vilayətlərində yaşayanlar, fars, ərəb, moğol və tatarlardan ibarətdir. Burada olan erməni və yəhudilərin çoxu da get-gedə müsəlmanlar ilə qarışmışlar. Onlar Təbərsəran, Dərbənd, Bakı, Quba və Kürə ölkələrində çox az, Şirvan və Şəki ölkələrində isə daha çox qalmışlar. Onlar öz din və dillərini saxlamışlar. Qarışıq nəsilli əhalinin varlığına, bir çox qəbilə və kəndlərin öz dilləri və adlarını saxlaması ən aydın bir dəlildir.

Bakı ölkəsində Zıx, Dağıstanda isə Miyatlu kəndlərinin əhalisi Zıx və Miyat tayfalarının qalıqlarıdır. Plini[27 - Plini – məşhur Roma alimidir, eramızın 23-cü ilində anadan olmuşdur. Plininin «Təbii tarix» adlı əsərində Azərbaycan Tarixi və coğrafiyası haqqında qiymətli məlumat vardır.] və Strabon[28 - Strabon – məşhur yunan coğrafiyaşünaslarındandır. Eramızdan təqribən 63 il əvvəl anadan olmuş və eramızdan 19 il əvvəl vəfat etmişdir. Onun ən məşhur əsəri «Coğrafiya» adlı kitabıdır. Bu kitabda Azərbaycan haqqında gözəl məlumat vardır. Strabon əsərlərini Pompeyi Azərbaycana olan yürüşləri zamanında, romalıların topladıqları məlumat əsasən tərtib edib.] onları bu ölkənin qədim sakinləri deyə göstərmişlər. Şəki, Şirvan və Qubada yaşayan Udilu tayfası Udi şəhəri əhalisindən olmalıdır. Bu şəhər miladi III əsrdə Ermənistan padşahlarının paytaxtı olmuşdur. İndiri kəndinin Tumanlar adlı bir məhəlləsi vardır. Əhalisi indi də Qoysunun sağ tərəfindən Temurquyuya qədər olan yerlərdəki mülklərə və arxlara sahibdirlər. Onlar əvvəldən buruda sakindirlər.

Başlı yaxınlığında olan Tumanlar kəndi də, Tumanşah tayfasının qalığı olmalıdır. Onları burada Nuşirəvan yerləşdirmişdir. Köbəçi əhalisi öz babalarından eşitdikləri rəvayətə görə ticarət məqsədilə buralara gəlmiş Yunan və Cənəviz əhalisindən bir dəstədir. Onlar burada karxanalar bina edərək, get-gedə ayrıca bir camaat şəklinə düşmüşlər. Təbərsəran əhalisinin çoxunu Nuşirəvan Təbəristan və İsfahandan köçürmüşdür. Bu nahiyənin adı da Təbəristan sözündən dəyişmiş ola bilər.

Ərəb adı ilə Qubada iki kənd, Dərbənddə bir kənd, Şəkidə iki kənd və Şirvanda da böyük bir qəbilə vardır. Bu qəbilənin bir qismi indi də öz aralarında ərəbcə danışırlar. Təbərsərandakı Dərvaq kəndində də əhali son zamanlaradək ərəb dilində danışarmış; bu dili ancaq yaxın zamanlarda tərk etmişlər, kəndin qocaları indi də bu dili bilirlər. Bunlardan başqa Kürə, Təbərsəran məmləkətləri və Samur nahiyəsi, bütün Dağıstan kimi öz kitablarında və yazılarında ərəb xətti və ərəb dili işlədirlər.

Qubadakı Bərmək mahalı Harun-ər Rəşidin vəziri Cəfər Bərməkinin qəbiləsindəndir. Onlar Cəfərin öldürülməsindən sonra, gəlib burada sığınmışlar. Quba və Şirvanda Zəngənə, Xəlilli və Kəngərli; Şirvanda Qaramanlı, Təkəli, Şamlı və Çakərli; Qubada Osallı, Ərşəli, Ustacallı və Qacar tayfaları; Quba, Dərbənd və Şirvanda Bayat qəbiləsi; Şəkidə, Şirvanda Qaraqoyunlu, Xələc və sair bir çox tayfalar vardır. Bunlar İran və Rum ölkələrində sakin olan tərəkəmə və sair elat kimi, türk tayfalarındandır. Samur nahiyəsindəki Miskincə kəndinin əhalisini, I Şah Təhmasib Səfəvi Astarabad hüdudundan buraya köçürmüşdür. Bu nahiyyədə yalnız Miskincə kəndi şiə məzhəbdir. Həzrət sözündən dəyişmiş olan Həzrə kəndinin əhalisini, həmin padşah İrandan Quba vilayətinə köçürüb, öz babası Şeyx Cüneydin qəbri ətrafında yerləşdirmişdir. Bunlar indi sünni məzhəbində olsalar da, bir məhəllələri hələ də, «Şiələr məhəlləsi» adı ilə məşhurdur.

Samur nahiyəsindəki Mikrağ kəndinin və Qaziqumuq əhalisinin çoxu, məlum olduğu kimi, rus tayfasındandır. Onlar xəzərlərin istilası dövründə buraya gəlmişlər. Bundan əlavə onların zahiri qiyafəsi və bir çox adət ənənələri də buna şahiddir. Qaziqumuq əhalisi indi də salam əsnasında papaq götürüb bir-birinə «izrov» deyirlər. Bu söz ola bilər ki, «zdorov» sözündən alınmışdır. İndiki halda, Qaziqumuq şəhərində və bu böyük şəhərdən ayrılmış olan bəzi nahiyələrdə üç tayfa sakindir: Qaççi, Məçcə, və Qumuq. Ehtimal ki, Qaççi tayfası Hun, Slavyan, Avar və Xəzər nəslindən olsun; Məçcə – Məkkə sözündən dəyişmə olub, ərəblərin Qüreyş qəbiləsindən Qumuq da, qədim Kamak tayfasından olsun. Həmçinin bu ölkənin sair əhalisi və Sulağın sağ tərəfində olan Aqquşa, Qaytaq mahalları və şamxal mülkü əksəriyyətlə qədim nəsildən olub ermənilər, farslar, ərəblər və türklərlə qarışmışlar. Sulağın o tərəfindəki Qumuq əhalisi Mıçıqıç, Avar və əslində qədim nəsildən olan bir çox azadlıqsevən xalqlar, müxtəlif şimal tayfaları ilə qarışmışlar.

Xülasə, bu əzəmətli dağlarda (Qafqazda), dilləri az yayılmış olan naməlum xalqlar vardır ki, qədim tayfaların qalıqları hesab edilə bilər. Bunlar, əsrlər boyu dünyada qalibiyyət və qüdrətlə məşhur olmuşlar. İndi isə bunların bəzilərindən heç bir əsər qalmamışdır, yalnız tarix kitablarında adları çəkilməkdədir.

Karamzin[29 - Karamzin – Karamzin Nikolay Mixayloviç – məşhur rus tarixçisidir, 1766-cı ildə anadan olmuş və 1826-cı ildə vəfat etmişdir. «Rusiya dövlətinin tarixi» adlı on iki ciddlik əsərin müəllifidir.] və başqa tarixçilərin yazdıqlarına görə, avarlar Türküstan çöllərində iqtidar və şöhrət sahibi bir tayfa olmuşlar. Çin tarixçilərinə görə, Avar tayfası çinlilərlə qonşu olan hun nəslindəndir. II əsrdə türk tayfaları tərəfindən məğlub edilən avarlar, cənub ölkələrinə gəlmiş və başqa tayfalarla qarışmışlar. Avar xanı Dizavul, Atilla kimi yüksək iqtidara malik olmuşdur. O, Altay dağları arasında ipək döşənəcək və qızıl qab-qacaqla bəzənmiş çadırda, Rum qeysəri Yustinianın elçilərini və hədiyyələrini qəbul edərək, onunla barışmış və iranlılarla müvəffəqiyyətlə müharibə etmişdir. Rum tarixçilərinin dediyinə görə, Dizavulun elçiləri qırxılmamış uzun saçlarından başqa, surət və əxlaqca da, tamamilə hun tayfasına bənzəyir və Atilla zamanını xatırlatmaqla tamaşaçıların heyrətini artırırdılar. Onlar 568-ci ildə sülh tələbi üçün Qostəntiniyyəyə gəlib, qeysər Yustiniana dedilər ki, Avarın cəsur və məğlub edilməz tayfası səninlə dost olmaq, səndən ənam, məvacib və yaşamaq üçün yararlı və gözəl bir yer istəyir. Qeysər onların tələblərindən heç birini rədd etməyə cəsarət etmədi. Avarın qaniçən xanı Bayan, bolqarları məğlub edərək, qətl və qarətdə əlindən gələni etdi. O, çex və sair slavyan xalqlarının sakin olduqları Moraviya və Bohemiyanı istila ilə Frank kralı Siqberti məğlub edərək bir baş Tuna çayına gəlib çıxdı. Burada Lonqbard tayfasilə ittifaq edərək Qəbidiyan dövlətini alt-üst etdi və Macarıstanı ələ keçirib İtaliyanı almaq xəyalına düşdü. 568-ci ildə avarların ölkəsi Elba çayından Atilə (Volqaya) qədər olan sahəni tuturdu.

Bayan xan 580-ci ildə Qara dənizin şimal-şərq sahillərini türklərin əlindən aldı. Ertəsi il, 60 min süvari ilə gəlib Tuna çayı kənarında o zamana qədər başlı-başına yaşayan Slavyan tayfasını qətl və qarətlə özünə tabe etdi. Tarixçi Nestorun yazdığına görə, Avar xanı 619-cu ildə Rum qeysəri Heraklini elə məğlub etdi ki, az qaldı onu əsir alsın və hicri 4-cü (=626) ildə Qostəntiniyyəni mühasirə etdisə də, məqsədə çatmadan geri qayıtdı. Bu tayfa sonralar müxtəlif zamanlarda cürbəcür qəbilələrlə şiddətli müharibə etmiş və get-gedə zəifləmişdir. IX əsrin əvvəllərində adlarını itirərək, başqa tayfalara qarışmışdır.

Qəbirlərindən tapılan qiymətli şeylərdən məlum olur ki, bunlar o qədər də vəhşi olmayıb İran, Çin və Rum ilə ticarət əlaqəsi saxlamışlar. Bunlardan bir camaat, indi də Qafqaz dağlarında yaşamaqla bərabər, ayrıca dilə malik və xüsusi əmirlərə tabe olaraq adət və ənənələrini davam etdirməkdədirlər. Bu Avar xanına Avar üsmisi də deyirlər. O, hicri 1140-cı (=1727) ildə rus ordugahına gələrək dedi ki, keçmişdə mülkü əlindən çıxmış əcdadından biri rus padşahının köməyilə öz yerinə təyin edilmiş və bu xüsusda rus padşahı tərəfindən verilən fərman indi də durur. Lakin baxılan vaxt məlum oldu ki, bu fərmanı hicri VII əsrdə rus ölkəsini ələ keçirmiş olan Çingiz xanın nəvəsi Batı Cüci oğlu vermişdir.

Qunib – kəndinin əhalisi (sözün axırından «b» hərfi atılaraq bəzən «Ğun» da oxunur) bədsurət və vəhşixasiyyət Ğun və ya Hun tayfasının qalıqlarındadır. Bu kənd, Əndələl nahiyyəsində tarlalı, otlaqlı, çaylara və ağaclara malik çox çətin keçilən bir dağ təpəsində olub, təqribən yüz evdən ibarətdir. Bu kəndin əhalisi pis xasiyyətlidir. Adamlar çox zaman bir-birilə vuruşurlar. Boyları qısa və surətcə bədtərkib olub, o ətrafın sair əhalisindən xüsusilə fərqlənirlər.

Təbərsəranda, Dərbənd səddi ilə əlaqədar olaraq Ənuşirəvan tərəfindən bina edilmiş bir şəhərin xarabaları ətrafında Calqan, Rukal, Məqatir, Kəmax, Zeydiyan, Hümeylərin əhalisi tat dilində danışırlar. Bu dil qədim fars dilinin ləhcələrindən biridir. Məlum olur ki, onlar farsdırlar, ancaq bu şəhər xaraba qaldıqdan sonra, həmin kəndlərdə yerləşmişlər. Bilhədi kəndinə yaxın olan bu şəhərdə sənətkaranə bir tərzdə işlənmiş qəribə bir darvaza vardır. Bu darvaza indi də durur. Ehtimala görə, Babülhədid həmən budur, kəndin adı da, bundan alınaraq, çox işlənmək nəticəsində dəyişib Bilhədi olmuşdur.

Şamaxı ilə Qudyal (indiki Quba) şəhərləri arasında qalan mahalda, məsələn: Şirvanda Hovz, Lahıc və Qoşunlu; Qubada Bərmək, Şəmpara, Buduğun aşağı hissəsi və bütün Bakı ölkəsində – altı tərəkəmə kəndindən başqa – bütün əhali tat dilində danışır. Məlum olur ki, bunların da əsli farsdır. Quba ölkəsinin qərb qismi – xüsusi dilə malik olan Xınalıq kəndindən başqa – Samur və Kürə nahiyələri və Təbərsəranın Dərə və Əhmərli adlı iki mahalı müxtəlif ləhcəli xüsusi dilə malikdirlər. Bunlar türk dilində danışan əhalini moğol adlandırırlar. Dərbəndnamənin qeydinə və sair əlamətlərə görə məlum olur ki, bu tayfa Alan masagetlərinin nəslindəndir. Bakıdakı Məşqətə – «s» hərfi «ş» hərfinə təbdil edilmişdir – kəndinin əhalisi də həmin tayfadan olmalıdır. Bunlar Bakı əhalisinin dilini qəbul etmişlərsə də, yenə əxlaq və yaşayış tərzləri cəhətdən bu ölkə əhalisindən tamam fərqlidirlər. Sair Təbərsəran mahallarının da başqa dilləri vardır. Mağarti, Mərağə, Xoçni və Çıraq adlı dörd kənddə, Dərbənd şəhərində və onun hər iki tərəfində olan Ulus və Tərəkəmə mahalındakı kəndlərin hamısında, Tip, Müskür və Şabran mahallarında və Quba şəhərinin özündə, Salyan ilə Şirvanın digər mahallarında, Bakının altı tərəkəmə kəndində və bütün Şəki ölkəsində əhalinin dili türkcədir. Bunlar əksəriyyətlə türkmən, moğol və tatar nəslindən olub, bəziləri də, Osmanlı – İran müharibələri zamanında, Səfəvilər dövründə və bundan sonra gəlmişlər. Bunların ləhcələri Ermənistan və Azərbaycanın bütün vilayətlərində də İranın bir çox yerlərində işlənən türk dilinə mənsubdur. Bu ləhcə Osmanlı, Cağatay, Qumuq və Noğay ləhcələri arasında orta ləhcədir, lakin hər dil üçün lazım olan yazı qaydaları və qanunları (sərf-nəhv) bu dil üçün hələ təyin edilməmişdir.

Dağıstanda olan bir çox xalqların və əmirliklərin müxtəlif dilləri və hesabsız ləhcələri vardır. Bunlardan 5 dil ümumiyyətlə daha çox işlənir.

1) Qumuq ləhcəsilə olan türkcədir. Bu dil Qaytağın aşağı hissəsində, şamxal mülkündə və Qumuqda olan bütün düzlərdə işlənməkdədir. Bununla bərabər, başqa yerlərin əhalisindən bir çoxu da bu dili bilir.

2) Avar dilidir. Bu dil bütün Avarıstana yayılmış və bir çox xalqlar arasında işlənməkdədir. Sair qəbilələrdən bir çoxu da bu dili bilir.

3) Beş Aqquşa mahalının dilidir. Bu dil Sürhidə və Qaytağın yuxarı mahallarında müxtəlif ləhcələrdə danışılır.

4) Qaziqumuq dilidir. Bu dil həmin ölkəyə məxsusdur.