скачать книгу бесплатно
– Mənim mələyim, indi mən ancaq sənin barəndə duşunürəm. Sən mənim gözümdə Süheyl[15 - Süheyl – Parlaq ulduz. Bu ulduz Şərq ədəbiyyatında gözəllik simvoludur] ulduzundan qəşəngsən. Sübh açılan kimi bu görüşümüz şərəfinə çoxlu qul azad edəcəyəm.
Zübeydə xatun bu iltifat, qədr-qiymət müqabilində başını Harunun köksünə endirdi. Bədənnüma güzgüdə iki kölgə qovuşdu və sonra bu kölgələr ayrıldılar. Elə bil badam ləpəsi iki bölündü.
…Artıq Bağdad səmasındakı ulduzlar yoxa çıxmışdı. Saray bağında quşlar cibbildəşirdi. Səhər günəşinin şəfəqləri pəncərənin yaşıl pərdələri arasından süzülüb Zübeydə xatunun pərişan saçlarına dolmuşdu. Xanım gül ətirli yatağında yuxuya getmişdi. Harunun qırmızı saqqalı köksündə alov dilimini xatırladırdı. Yatmış Harun hərdən yuxuda əl-qol atıb öz-özünə danışırdı: «Vəzir, bu nə qara xəbərdir?! Xəzərlər mənimmi «Azad şəhərim»ə – Dərbəndimə hücum ediblər?! Mən azğınlara öz gücümü göstərərəm! Necə?! Atəşgahlarda xürrəmilər yenə od yandırırlar?! Mən onların da o günəşini əbədi söndürərəm!»
Xəlifə gah yuxuda Dərbəndə basqın edən xəzərlərin, gah da üsyançı xürrəmilərin qollarını zəncirlədib «ölüm ağacları»ndan asdırırdı. Birdən necə oldusa xəlifənin qolu zərblə Zübeydə xatuna toxundu… Hər ikisi hövlnak yuxudan qalxdı: «Bismillah!» Xəlifənin sədaqətli Qarapişiyi yataq otağının qapısını kəsdirmişdi. Pişik sahibinin səsini eşidib hərdən miyoldayır, hərdən qapını cırmaqlayırdı.
Altun sarayında şeypurlar çalındı, təbillər vuruldu. Bu – əyanları namaza səslədi. Bağdad məscidlərindən boğuq azan səsləri eşidildi. İşrət dumanları Harunun başından çəkilib gedirdi, gecə ikən anasını eşidib tədbir görmədiyinə peşman oldu: «Necə yəni düşmən yenə üstümüzə qılınc çəkir?! Azğın xəzərlər hücum edib Dərbəndi tuturlar, hə?! Zübeydə xatunun cehizi Azərbaycanı qarət edib talayırlar, hə?! Onun adamlarını əsir alıb Xaqana aparırlar, hə?! Doğrudanmı?!»
III
«AZAD ŞƏHƏR»İN QARA SƏHƏRİ
Fəlakətə düşən adam qorxmaz, yalnız məchulluq qorxuludur.
ANTUAN DE SENT-EKZUPERİ
Azərbaycanın şimal obalarında, kəndlərində çayların kükrəyən, daşların çiçəklə örtülən vaxtı idi. Çöllərdə torağaylar, alacəhrələr hey ötürdü. Zərli kəpənəklər bir-birini qovmaqda idi. Lakin baharın bu gül-çiçəkli çağında, elə bil, ulu Hörmüz Sərətan bürcünə əsir düşmüşdü. Dərbənddə, sanki sübh açılmağa qorxurdu. Yaralıların naləsi… Xilafətin «Azad şəhər»i Dərbəndi Harun belə görsəydi başına hava gələrdi. Bəlkə də o gecəki qızıl qədəhə Kütrəbbul şərabı yox, zəhər süzərdi. Xəzər türkləri qorxu-hürkü bilmirdilər. Onlar şəhərin gözəllik və mərdlik simvolu olan şir heykəllərini harda görsələr çilikləyib küçələrə tökürdülər. Göyün üzünü tüstü dumanı bürümüşdü. Neft və taxıl anbarlarından alov qalxırdı. Xaqan, vaxtilə Əməvi və Abbasi xəlifələrinin Dərbənddə tikdirdiyi möhtəşəm, müqəddəs «allah evləri»ni hörmətdən salmaq üçün heç nədən çəkinmirdi. Xaqan məscidləri qəsdən at tövləsinə döndərmişdi. Fələstin, Dəməşq, Xəzər məscidlərindən ayğır kişnərtisi eşidilirdi. Həmməs, Qeysəriyyə, Cəzair və Mosul məscidləri isə qarət malları ilə dolu idi. Xəzərlərin belə nadan hərəkətləri onlara qarşı nifrəti artırırdı.
Küçə və meydançaları, bazarları, limanları üfunət qoxusu bürüməkdə idi. Çoxları burda yurd salmasına peşman olmuşdu. Lakin artıq gec idi. Hər cür işgəncəyə, əzab-əziyyətə dözməkdən başqa əlac qalmamışdı. Şəhərin bütün dəmir darvazaları xəzərlərin əlinə keçmişdir. Əsir alınan şəhər əhalisi Babül mühacir,[16 - Carçı qapısı] Babül cəhad,[17 - Qırxlar qapısı] Babül xüms[18 - Yeni qapı] və Babül cəgir[19 - Türkmən qapısı] darvazalarının ağzına gətirilirdi. Əsir dəstələri yerə yatmış dumanı andırırdı. Babül məktub[20 - Bayat qapısı] və Babül Əlqəmə[21 - Narınqala qapısı] darvazalarının girəcəyində isə xəzərlər əsirləri siyahıya alırdılar.
Xəlifə Harunun Dərbənddə baş məlaikə Zübeydə xatunun adına saldırdığı xiyabanlarda qan su yerinə axırdı: Orda-burda «ölüm ağacları»ndan asılmış zirehli cəsədləri dənizdən əsən külək yellədirdi.
Cuma məscidi daha hüznlü görünürdü. Ondan bir az aşağıda tacirlərin naləsi limanı bürümüşdü. Xəzərlər tacirlərin qarət olunmuş mallarını gəmilərdən quruya daşıyır, öküz arabalarına və dəvələrə yükləyirdilər.
İsgəndər səddinin[22 - Bəzi tarixçilərin yazdığına görə Makedoniyalı İsgəndər bu səddi şimal tayfalarının hücumlarından qorunmaq üçün çəkdirmişdir. Bəzi tarixçilər isə bu səddin Sasani padşahı Ənuşirəvan tərəfindən tikdirildiyini iddia edirlər.] yanında cəsəd-cəsədə söykənmişdi. Gödək kürklərinin üstündən enli qayış bağlamış balacaboy xəzərlər xəz papaqlarını alıcı gözlərinin üstünə basıb əli qılınclı hara gəldi cumurdular. Hərdən xəzərlərin bağırtısı eşidilirdi:
– Ey qırxayaq, hara dırmanırsan?! Qaladan düş aşağı, işini bitirək!
– Qala nədi, lap göyün yeddi qatına çıxsanız da əlimizdən qurtara bilməyəcəksiniz!
– Ehey, hardasınız? Eşidin, bilin, bir də «Gil ayaqlı nəhəng»in ayağı bu yerlərə dəyməyəcək! Tabe olun Xaqana!
Mamırlı nəhəng daşları qurğuşunla bir-birinə lehimlənmiş, əzəmətli İsgəndər səddinin diş-diş divarları üstündə hələ də qara bayraqlar dalğalanırdı. Xəzərlər nə qədər cəhd göstərsələr də, bayraqları ordan götürə bilmirdilər. Səddin qaranlıq pillələrini və divarlarını kollar və yabanı otlar basmışdı. Xəlifə əsgərləri kolların, otların arasına sinib qalaya dırmaşan xəzərləri oxa tuturdular:
– Ey talançılar, bu müqəddəs qara bayraqlar toxunulmazdır!
Sərrast atılan oxlar öz işini görürdü. Xəzərlər qəzəblə vurnuxurdular.
– Vay bu oxu hardan atdılar?!
– Dayan, payını alarsan!..
…Neçə gün idi Dərbənd çalxanırdı. Əlləri məşəlli bir dəstə Xəzər süvarisi sübhün ala-qaranlığında İsgəndər səddinin divarları yanında dolaşırdı. Onlar məşəlin işığında meyitləri görən kimi ölü yığanların üstünə acıqlanırdılar:
– Gözünüz kordur?! Baxın, burda nə qədər cəsəd qalıb, aparın!
– Tənbəllər, tez olun görək, gün çıxandan sonra bura meyit iyindən yaxın düşmək olmayacaqdır!
Ağız-burunlarını dəsmalla bağlamış ölü yığanlar divarın dibində irigövdəli bir meyit gördülər.
– Bu nə zorbadır, bunun da meyitini aparıb yandıraq?[23 - O dövrdəki xəzərlərə görə guya cəhənnəm yerin altındadır. Kim yerə basdırılsa, o cəhənnəmə gedir. Odur ki, xəzərlərdə meyiti yandırmaq adət idi.]
Süvarilərin başçısı özündən çıxdı.
– Axmaq, müsəlman meyitini yandırsan ruhu cənnətə gedər! Bas onu xəndəyə, üstünü torpaqla!
Ölü yığanlar yorulub əldən düşmüşdülər. Köməkləşib, ağır zirehli cəsədləri güclə yerdən qaldırırdılar.
Xəzərlər müsəlman cəsədlərini basdırır, türk cəsədlərini isə yarmaça kimi götürüb bir-birinin üstünə atır, od vururdular.
Yanan meyitlərin iyi aləmə yayılırdı. Süvarilər dəsmallarını burunlarına basıb, atlarını mahmızlayırdılar.
Dərbənddə qara səhərlər açılırdı. Cəsəd tığından qalxan tüstü İsgəndər səddini basır və bu tüstü sütunlarını yarıb qalxan alovu külək vurub şiddətləndirirdi. Alovun çırpınan dilləri səddin yuxarı daşlarına toxunurdu.
Ölü yığanlar hələ nəfəsləri kəsilməmiş xəlifə əsgərlərini atlarının, qatırlarının quyruğuna bağlayıb dərin xəndəklərə tərəf sürüyürdülər… Yaralı mücahidlər son nəfəslərinə qədər təslim olmur, bağıra-bağıra xəzərləri qucaqlayıb özləri ilə xəndəyə salırdılar.
Xəlifə əsgərləri ox atmaqda mahir idilər, xəzərlər ziyan çəkirdi. Qala mazqallarından tez-tez ox vıyıltısı eşidilirdi. Keşikçilər xəzərləri söyürdülər:
– Soyğunçular! And olsun allaha, Xəlifə Harun bu qisası sizdə qoymayacaq!
– Azğınlar, biz xəlifə yolunda ölərik, amma təslim olmarıq!
Xəzərlər quduzlaşıb daha da amansız olurdular. Ancaq xəlifə keşikçilərinin xəndəkdə iniltisini eşidəndə qəzəbləri bir balaca soyuyurdu: «gəbərin orda, sizin axirət dünyanız ordadır».
Isgəndər səddi qanlı vuruşmaları çox görmüşdür. Ancaq belə müsibətə birinci dəfə idi ki, düçar olurdu. Səddin divarları oxdan dəlik-deşik idi.
Rübas və İnci çaylarında hey meyit axırdı. Xəlifə Harunun Rübas çayı üstündə tikdirdiyi dəyirman xaraba qalmışdı. Dalğa vurduqca dəyirmanın dəhnəsində cəsədlər ölü balıqlar kimi bir-birinə dəyib fırlanırdı. Şəhər kənarındakı Məsruf hovuzu da, Qübbəli hovuz da insan cəsədləri ilə dolmuşdu.
Dərbəndin bütün dəmir darvazaları ağzında silahlı xəzərlər keşik çəkirdilər. Xaqandan icazəsiz heç kəs şəhərdən çıxa bilməzdi və heç kəs şəhərə girə bilməzdi. Vaxtilə xəlifələr xaqanın ağ paltarlı, ağ atlı qasidlərinin gözünü bağlamamış bu darvazalardan içəri buraxmazdılar. «Qoy keçidləri görməsinlər» deyərdilər. Çarx dönəndə dönür.
Kəmərlərindən gildən qayrılmış mürəkkəbqabı asılan bir neçə mirzə qarət mallarını tələm-tələsik siyahıya alır, əsirlərin kim olduğunu öyrənib dəftərlərə yazırdı. Şişib köpmüş üzü xəz kürkün içində əcaib divə oxşayan çopur bir mirzə, qolları zəncirlənmiş əsiri sorğu-suala tutmuşdu:
– Adın nədir?
– Şibl.
– Hardansan?
– Bilalabaddan…
– Məşğuliyyətin?
– Tacirəm.
– Nə qədər malını almışıq?
– Bir karvan kağızım qarət olunub.
Çopur mirzə «kağız» sözünü eşidəndə sevincək oldu. Qurğuşun lövhəni tələsik Şiblin boynundan asdı. Tacir udqundu və acı-acı mirzənin gülüşlə səyriyən çopur sifətinə baxdı. Mirzənin burnunun üstündəki bir cüt tük nizə kimi dik dayandı. Nicat yolu tapmaq lazım idi. Şiblin arıq sifətini örtmüş seyrək saqqalında tüklər titrəşirdi. Şişman mirzə onun saqqalından tutub dartdı:
– Sənin nömrən min beş yüz oldu. Yadında saxla! Min beş yüz! Özün də keç bu tərəfə.
– Keç deyirsən keçərik. – Şibl qanlı-qanlı mirzəni süzdü:
– Ey, yekəqarın, bura gəl!
– Gəlim də.
– Bəs sənin adın?
– Salman!
– Sən Dərbənddə nə ilə məşğul idin?
– Mən ilxı sahibiyəm. At bazarından cins ayğır almağa gəlmişdim. Dərbəndli deyiləm.
– Ayğır, ayğır. Ha… ha…ha!.. Əsil ayğır Xəlifə Harun ər-Rəşiddi!.. Yaxşı ayğır aldın. Hardansan?
– Mimət nahiyəsindən…Bilalabaddan.
– Sənin də nömrən oldu min beş yüz bir. Al bu qurğuşun lövhəni, as boynundan, qorxma, qopub düşməz. Keç sən də bu tərəfə.
– Ey, şeşəbığ cəngavər, gəl bura! Sən kimsən!
Abdulla[24 - Bəzi ərəb tarixçiləri Babəkin atasının adını Abdulla, bəziləri isə Mərdəs yazıblar. Babəkin qardaşının da adı Abdulla olub.] bərkdən hirsli-hirsli cavab verdi:
– Mən?.. Yağ satan!
– Niyə bağırırsan, burda kar yoxdur ki!
– Danışığım belədi. Dedim ki dilini şirin elə!
Şişman mirzənin hirsindən çopurları balacalaşdı, kirpikləri tez-tez çaldı, dodaqları göyərdi. O, lələkli qələmini qurşağından asdığı mürəkkəbqabına döyəcləyib, Abdullanı hədələdi:
– Dikbaş!.. Soğan kimi göz yaşardırsan. Qul bazarında da belə nərildəsən sənə bir dirhəm də verən olmayacaq. Qandın? Nömrəni yadında saxla: min beş yüz iki. Keç belə.
Şişman Mirzənin hədəsini Abdulla qulaqardına vurdu. Onun fikri Bilalabadda, istəkli xanımı Bəruməndin yanında qalmışdı: «Gələndə mənə alça gətir… Ay yazıq, mən olmayandan sonra o tifili kim saxlayacaq?»
Əsirlər qaşqabaqlı, qəmgin, düşüncəli halda başlarını aşağı salmışdılar. Hərə öz taleyini düşünürdü. Varlı-hallı tacirlər Dərbəndə gəlmələrinə peşman olmuşdular: «Həm canımız getdi, həm malımız! Belə də müsibət olar?!» Tacirlər ürəklərində Xəlifə Harunun qarasına deyinirdilər. «Başı kefdən ayılmır. Xilafəti Xaqan çapıb, talayır. Gəl gör Dərbənddə xəzərlər nə pəsdaha çıxarırlar?!»
Xəzərlər Carçı qapısı ağzında siyahıya alınmış əsirləri yola salırdılar. Şibl və Salman ümidsiz nəzərlərlə baxışdılar, Təkcə Abdullanın şaxı sınmamışdı. Atlı xəzərlər uzun qamçılarını vıyıldadıb qolları qandallı əsirləri dəhmərləyə-dəhmərləyə qabaqlarına qatdılar. Ağlayan kim, haray qoparan kim, kədər içində susan kim. Əsir dəstələri Dərbənddən uzaqlaşır, tüstü basmış İsgəndər səddi arxada qalırdı. Əsirlər indi allaha asi düşürdülər:
– Görüm onun dərgahı dağılsın!
– Bəs o harda gizlənib?!
– Niyə bizim dadımıza çatmır?!
Əsir dəstələri bölük-bölük Şimala tərəf qovulurdu. Yaraqlı xəzər süvariləri cərgədən çıxanları, geri qalanları qırmanclayırdılar. Günəş qüruba enir, aləmi kölgə basırdı. Ac-yalavac, çılın-çılpaq, qandallı əsirlər yolların toz-torpağında itib-batmışdılar. Uzaqlarda başı qarlı dağlar görünürdü. Taqətdən düşmüş analar körpələrini sinələrinə sıxıb bir azca yol kənarında dincəlmək istəyirdilər,[25 - Xəzərlər əsir alınmış qadınların qoluna qandal vurmurdular. Qadını qolu qandallı aparmağı özlərinə ar bilirdilər.] lakin xəzərlər dərhal qılınca əl atırdılar. Bəzən də uşaqları analardan alıb hara gəldi tullayırdılar:
– Axmaqlar, neyləyirsiniz bu qarğa zılğalarını özünüzə yük eləyib?!
Əsir anaların ah-naləsi ərşə dayanmışdı. Deyirdilər: «Yer yarılaydı, yerdən bir igid çıxıb bizə nicat verəydi!»
Uzaqlardan şığıyıb gələn yırtıcı quzğunlar da bir yandan göz açmağa macal vermirdi. Quzğunlar palaz qanadlarını geniş açıb əsirlərin başı üzərində hərlənir, birdən oxa çevrilib yerə millənir, bir göz qırpımında xəndəklərdə çabalayan körpələri caynaqlarına alırdılar. Bəzi körpələrin fəryadı quzğunların caynağından gəlirdi. Analar şivən qoparır, üz-gözlərini cırır, başlarına, dizlərinə döyür, əllərini göyə qaldırıb hey allaha yalvarırdılar:
– Yaradan, kömək elə, bu nə bəladır başımıza gəlir?!
– Ey tanrı, körpəmi quzğun üçünmü bəsləmişdim?!
– Allah, hanı kərəmin? – Aman, aman!.. Səsindən tanıdım, o quzğun aparan mənim tifilimdir!
Yollarda çoxlu ana meyiti qalmışdı. Əl-ayağı yer tutan uşaqlar yıxıla-dura ölülərin arasında öz analarını axtarırdılar. Bəzi körpələr analarının qanlı döşləri üstündə uyuyurdu. Abdullanı da, Şibli də, Salmanı da dəhşət bürümüşdü. Onlar elə bil qorxulu yuxu görürdülər.
Şibl dedi:
– Bu xəzərlər talançıdırlar!
Salman dedi:
– Bunlar vəhşidirlər!
Abdulla dedi:
– Xeyr, Xəlifə Harunun mücahidlərini görməmisiniz?
Onların vəhşiliyindən olmaz!
Şibl dedi:
– İkisinə də lənət!!!
…Şiblin biləyində nə isə «xırt» elədi. Şiblin qolları qandaldan azad olub yanına düşdü. Rəngi açıldı, kişinin alnına sevincindən isti tər gəldi. Qandalı pas kəsmişdi, zəncir pas kəsən yerdən üzülüb düşmüşdü.
Şibl:
– Mənim qandalım cürükmüş – dedi – nicat yolu var…
Şibl gizlincə Abdullanın, Abdulla isə gizlincə Salmanın qolunu açdı.
Xəzər süvarisi cərgənin kənarı ilə atını yorta-yorta gah irəli, gah da geri sürür, əsirləri qırmanclayırdı:
– Haydı, irəli!
Birdən Abdulla sıçrayıb həmin süvarinin tərkinə qondu, cəld onun qılıncını alıb düşmənin kürəyinə sapladı. Süvaridən vəhşi bağırtı qopdu:
– A-a-a-h!