скачать книгу бесплатно
Bu söz tezliklə dillərə düşdü və sovet təsirində olan ərazilərin sərhədləri “dəmir pərdə” adlandırılmağa başlandı. Bu ifadə bəzi başqa ölkələrə də şamil edildi. Deyirdilər ki, Çin Xalq Respublikası “bambuk pərdəsi”nin arxasında yerləşir. Siyasət inzibati maneələr və süründürməçilik bataqlığına düşəndə isə insanlar bunu “kağız pərdə” və s. adlandırırdılar.
Diktator
Roma tarixinə görə, e.ə. 509-cu ildə romalılar son çarlarını taxtdan salaraq respublika elan etdilər. Özlərini bir adamın iradə və hakimiyyətindən qorumaq üçün onlar bir yox, iki adamın idarə etdiyi sistem yaratdılar. Onların hər ikisi konsul adlanır və bu vəzifəyə məhdud müddətə – bir illiyinə seçilirdilər. Bundan əlavə, əsilzadə ailələrin nümayəndələri olan ağsaqqallar qrupuna – senatorlara da xeyli səlahiyyət verilirdi (bax: “Senator”). Beləliklə, siyasi qərarlar müxtəlif fikirlərin səsləndiyi birgə müzakirələrdən sonra qəbul edilirdi. Bununla da düşüncəsiz addımların atılmayacağına ümid etmək olardı.
Amma bu sxemin təhlükəli tərəfi də vardı. İş orasındadır ki, fövqəladə vəziyyətlərdə çevik qərarlar qəbul etmək tələb olunur. Sonu görünməyən müzakirələr isə fəlakətlə nəticələnə bilərdi.
Buna görə də romalılar müvəqqəti çarın seçilə bilməsi şərtini də irəli sürmüşdülər. Senatın müəyyən bir müddətə bütün hakimiyyəti əlində cəmləşdirəcək və hakimiyyətdə olduğu vaxt sözünün qanun olacağı adamın adını açıqlamaq hüququ var idi. Bu səbəbdən də onu diktator adlandırırdılar (latıncadan tərcüməsi “mən dedim”). Yeri gəlmişkən, bu adam yalnız altı ay müddətinə seçilə bilərdi.
E.ə. 458-ci ildə Romanın üzərinə irəliləyən düşmənlə mübarizə aparmaq üçün romalı general Sinsinati diktator təyin edilir. O, müharibəyə yollanır, düşməni darmadağın edərək Romaya qayıdır və dərhal da vəzifədən gedir. Həmin general cəmisi on altı gün diktator olur.
Bizim zamanımızda da qanuni yolla seçilmiş, amma sonsuz söz-söhbət içərisində batıb qalmış dövlət orqanlarının əlindən hüquq və səlahiyyətlərini alan adamların mütləq hakimiyyəti altına düşən ölkələr var.
1922-ci ildə Benito Mussolini İtaliyada, 1933-cü ildə Adolf Hitler Almaniyada məhz bu yolla hakimiyyətə gəlmişdilər. Hər ikisi qeyri-məhdud hakimiyyətə malik idi, Hitler isə, üstəlik, ağlını itirmiş zalım hökmdar idi. İosif Stalin isə 1928–1953-cü illərdə Sovet İttifaqına rəhbərlik etmişdi. Köhnə Roma adəti ilə onların hamısını diktator adlandırırdılar, hərçənd heç biri Roma diktatorları kimi səlahiyyətlərini təhvil vermək haqqında heç vaxt düşünməmişdi.
Dollar
Hökumət sikkələrin buraxılışı zamanı xeyli vəsait qənaət edə bilər. Yəni təmiz gümüş sikkələrin yerinə tərkibində mis və qurğuşun olan pullar kəsmək olar. “Yaxşı” sikkələrlə vergilər ödənir, “pislər” isə dövriyyədə qalır. (Yeri gəlmişkən, Birləşmiş Ştatlarda qənaət naminə 25 və 10 sentlik sikkələrdə gümüşün miqdarı sıfra endirilmişdir. Maliyyə əməliyyatlarının əsas hissəsi onsuz da kağız pullar və çeklər vasitəsilə həyata keçirilir.)
Orta əsrlərdə, sikkələr dövriyyədə yeganə pul vahidi olan zaman pulun qiymətdən düşməsi ağır nəticələrə gətirib çıxarırdı. Tacirlər işlərini ancaq yüksək əyarlı sikkələrlə görməyə üstünlük verirdilər. Bu sikkələr başqa ölkələrin pul vahidi olsa belə, gümüş gümüşlüyündə qalırdı.
Avropanın kifayət qədər güclü və müstəqil olan hissəsi tərkibində müəyyən miqdarda gümüş olan sikkələr kəsmək üçün mümkün hər şeyi edirdi. Bu pulların geniş ərazilərdə dövriyyədə olması bu bölgələrin iqtisadi yüksəlişinə təkan verir və nüfuzunun artmasına yardım göstərirdi. Beləliklə, Venesiyanın dukatı (bax: “Dukat”), Bizansın bezantı və Florensiyanın florini beynəlxalq nüfuz qazandı.
1519-cu ildə Bohemiyanın Sen-İoahimştale şəhərində[8 - Müasir Yaximov, keçmiş Sankt-İoahimstal şəhəri. Şəhər müasir gerbində də müqəddəs Anna ilə birlikdə təsvir olunmuş müqəddəs İoakimin şərəfinə belə adlanırdı.] gümüş yatağı aşkar edildi. Bura Praqadan 80 mil[9 - Mil (ing. mile) – 1609 metrə bərabər uzunluq vahidi] qərbdə yerləşir. Buranın hökmdarı etibarlılığı ilə, yəni gümüş təminatı sayəsində bütün Avropaya ayaq açmış gümüş sikkələr kəsdirdi. Onları ioahimtaler, sonra, sadəcə, taler adlandırmağa başladılar. İngilislər bu sözü dollar kimi tələffüz edirdilər.
Bu ad həmin dəyərdə olan bütün sikkələrə aid edilməyə başlandı. Bu sikkələr XVII–XVIII əsrlərdə Şimali Amerikanın İspaniyanın nəzarətində olan bölgələrində yaşayan ispaniyalılar arasında tədavüldə idi. Bu dollarların hər biri dəyərcə daha kiçik olan səkkiz reala (və ya royala) bərabər sayılırdı. Dəniz quldurları haqda hekayələrdə bu “dollarlar” “səkkizə bərabər” adlandırılırdı.
1792-ci ildə Birləşmiş Ştatlarda dollar əsas valyuta kimi qəbul edildi. 1 dollar 100 sentə bölünür.
Dukat
“Ducere” latın sözü olaraq arxasınca aparmaq və ya istiqamətləndirmək mənasını verir. Roma imperiyasının son dövrlərində imperiya komandanını “dux” adlandırırdılar. Orta əsrlərin ilk çağlarında krallar alicənablıq rəmzinə çevrilmiş bu adı baş generallarına verirdilər. İtalyan dilinə bu söz “duca”, ingilis dilinə isə “duke” kimi düşdü. Mənası hökmdar, hersoq deməkdir.
Müasir dövrdə belə hələ də bu söz işlənir. 1922–1943-cü illərdə İtaliyaya rəhbərlik edən Mussolinini duçe, yəni lider adlandırırdılar.
Kral titulu böyük ərazilərdə hömkranlıq edənlər üçün nəzərdə tutulurdu. Kiçik əraziləri idarə edən, özü də bunu çox məharətlə bacaran hersoq (dyuk) isə qüdrətinə görə kralı arxada qoya bilərdi; məsələn, XI əsrdə Normandiya hersoqu nəzəri cəhətdən Fransa kralının vassalı sayılmasına baxmayaraq, ondan daha varlı və nüfuzlu idi.
1140-cı ildə özündə Cənubi İtaliya və Siciliyanı birləşdirən Apuliya ən varlı hersoqluqlardan (duchy) biri idi. İtalyan dilində bu, “Ducato di Apulia” kimi səslənirdi. Buranın hökmdarı II Roje geniş tədavüldə olan gümüş sikkələr kəsdirirdi. O vaxtlar öz sikkələrini kəsdirmək üçün gümüş ehtiyatına malik varlı monarxların sayı elə də çox deyildi. Bu hökmdarların kəsdirdikləri sikkələr isə aşağı keyfiyyətli olduğu üçün onlara dəyər vermir və şübhə ilə yanaşırdılar. Tacirlər, təbii ki, etibarlı pullarla iş görmək istəyirdilər. Belə pulların sayı isə az idi. Rojenin dukatları məhz belələrindən idi.
Venesiya hökmdarı da (doj adlanırdı – duce-nin daha bir törəməsi) tədavülə tezliklə məşhurluq qazanmış dukatlar buraxdı. Şekspirin sayəsində bu sözü ingilisdilli xalqlar da öyrəndilər. Böyük ingilis şairi və dramaturqunun “Venesiyalı tacir” pyesində Venesiyada yaşayan yəhudi Şerlok pulları da götürüb evdən qaçan qızı haqqında danışarkən ucadan belə deyir: “Ah, mənim dukatlarım! Ah, mənim qızım!”
Bu söz məşhurlaşmış və sonradan, ümumiyyətlə, bütün pulları belə adlandırmağa başlamışlar.
Eldorado
Orta əsrlər və yeni dövrün qovşağında yaşayan avropalılar üçün Şərq misli görünməmiş sərvətlərlə zəngin bir ölkə idi. Haradasa bu, həqiqətən də, belə idi. Sadə insanlar Avropada olduğu kimi yoxsulluq içində yaşayırdı, amma yüksək zümrənin nümayəndələri həddən artıq var-dövlətə sahib idilər. Qərb tacirləri üçün ipək və ədviyyat kimi məhsullar sərvətin sinonimi idi.
Bu səbəbdən də Hindistana getdiyini zənn edən Kolumb qərb istiqamətinə üz tutanda ilk növbədə orada var-dövlət qazanacağına ümid bəsləyirdi. Ondan sonrakı dövrlərin bir çox tədqiqatçıları da buna ümid edirdilər. Onlardan bəziləri hətta istəklərinə çatdılar. Belə ki, Fernando Kortes 1519-cu ildə Meksikada asteklərin qızılını mənimsədi, Fransisko Pisarro isə 1533-cü ildə Peruda inklərin qızıl ehtiyatlarını aşkar etdi.
Bundan sonra avropalı səyyahlar bitməz-tükənməz sərvətlər haqda danışılan hər nağılı ciddi qəbul edirdilər; məsələn, müasir Kolumbiya ərazisində yaşayan bir hindu qəbiləsinin başçısı haqda əfsanə dildən-dilə gəzirdi. Onun bayramlarda bədəninə müxtəlif yağlar sürtdüyü, sonra vücudunu qızılla bəzədiyi deyilirdi. Bayram qurtardıqda isə gölə girərək bədənindəkiləri yuması və digər qiymətli əşyaların da həmin gölə atıldığı söylənilirdi. Bu qəbilə başçısının adı El Dorado (qızılla örtülü) imiş.
Tədricən bu rəvayət şəklini dəyişdi və Eldorado (yaxud El Dorado) deyəndə artıq təkcə adam yox, həm də yer nəzərdə tutulurdu. Guya ucu-bucağı görünməyən qızıl və daş-qaşla zəngin xəyali bir ölkəni Eldorado adlandırmağa başladılar. Peru qızılı ilə doymayan Pisarro Eldoradonu axtarmağa yollandı. Digər ispan səyyahları da onun dalınca yola düzəldilər. İngilis Uolter Reyli də onlardan geri qalmadı.
Bu axtarışların yüz illərlə davam etməsinə baxmayaraq, həmin ölkəni tapan olmadı. O həmişə üfüqün arxasında qalırdı. Nəticədə El Dorado (yaxud Eldorado) əlçatmaz arzu, barmağınızı qaldırmaqla var-dövlət, cah-calalın başınıza töküləcəyi ölkə mənasını verməyə başladı.
1849-cu ildə Kaliforniyada qızıl aşkar ediləndə əvvəlcə hamıya elə gəldi ki, haqqında uzun zaman danışılan yer elə buradır. Kaliforniya qraflıqlarından biri hətta Eldorado adlandırıldı. Bu qraflıq indiyədək elə belə də adlanır.
Evrika
Arximed, ola bilsin, qədim dövrün ən dahi alimi olub. O, e.ə. III əsrdə Sirakuzada (bax: “Damokl”) yaşayıb və deyilənə görə, çar Hierona qohumluğu çatıb.
Zərgərin iş üçün ona verilən qızılı oğurlayıb əvəzində düzəltdiyi əşyalarda gümüş və misdən istifadə etdiyindən şübhələnən Hieron Arximeddən bunun, həqiqətən də, belə olub-olmadığına aydınlıq gətirməsini xahiş edir. Təbii ki, Arximed bunun üçün çarın tacına xələl vurmadan tərkibində gümüş və mis qatışığının mövcudluğunu yoxlamalı idi.
Arximed çaşbaş qalmışdı. Gümüş və mis sıxlığına görə qızıldan yüngüldür. Onları, həqiqətən də, qızıla qatsalar, eyni çəkidə olan təmiz qızıldan daha çox yer tutmalı idi. Əgər o, tacın həcmini bilsəydi, dərhal onun lazımi ölçüdən böyük olub-olmadığını söyləyər və beləliklə də, zərgərin düzgün və ya fırıldaqçı olduğuna aydınlıq gətirərdi. Ancaq tacı əridərək yekcins kütləyə çevirmədən onun həcmini necə öyrənə bilərdi?
Elə bu fikirlərlə də Arximed şəhər hamamına yollanır. Dərin xəyallara dalmış vəziyyətdə su ilə dolu vannaya uzanır və suyun vannanın qırağından daşmasını müşahidə edir. Vannadan sıxışdırılıb çıxardılan suyun həcmi vannaya salınmış cismin həcminə bərabər olmalıdır. Hər hansı bir cismin həcmini öyrənmək üçün, sadəcə, onun sıxışdırıb çıxartdığı suyun həcmini ölçmək kifayətdir.
Arximed vannadan çıxaraq elə çılpaq vəziyyətdə küçə ilə qaçmağa başlayır. Qaça-qaça elə hey bircə söz – “Evrika! Evrika!” (“Tapdım!”) deyə qışqırır. O lazım olan hər şeyi ölçüb-biçdikdən sonra zərgərin, həqiqətən də, dələduzluq etdiyi ortaya çıxır. Zərgəri edam edirlər. Arximed isə e.ə. 211-ci ilə qədər, Sirakuzanın alınması zamanı Roma əsgərləri tərəfindən öldürülənəcən yaşayır.
O vaxtdan “Evrika!” qəflətən ağlına gələn bir fikirlə nəyisə kəşf edən insanın sevinc hayqırtısına çevrildi.
Əlifba
Tarix e.ə. 3000-ci ilə yaxınlaşarkən indi İraq adlandırılan dövlətin ərazisində yaşayan şumerlər yazını kəşf etdilər. Ayrı-ayrı sözlər və anlayışların müvafiq işarələri (simvolları) var idi. Onların sayı bir neçə mini keçirdi. Təbii ki, belə bir yazı dilini öyrənmək həddən artıq çətin idi. Ona görə də bunu yazıb-oxumağı bacaranlara bizim dövrümüzdə universitet professorları kimi yanaşır və hörmət edirdilər.
Lakin e.ə. təxminən 1400-cü ildə bir finikiyalının ağlına dahiyanə fikir gəlir: hər bir səs üçün uyğun bir işarə (simvol) tapmaq, bundan sonra isə səs və onlara müvafiq simvollara əsasən sözlər yaratmaq. Belə olan halda minlərlə, hətta milyonlarla söz yaratmaq üçün cəmi 10–20 işarə kifayət edərdi. Bu fikir bizə çox sadə və adi görünə bilər, amma unutmayaq ki, həmin fikir tarixdə insanın ağlına cəmi bircə dəfə gəlib. Düşünmək olar ki, müəyyən səslərə müvafiq olan digər işarə sistemləri, sadəcə, həmin o finikiyalının ağlına gələn modelin törəmələridir.
Finikiyalılar simvol kimi əvvəllər sözləri işarə etdikləri elementlərdən istifadə edirdilər; məsələn, “Öküz” sözünün (finikiya dilində aleph) mənasını verən işarə finikiya dilində bu sözün əvvəlindəki “ah” səsini ifadə etmək üçün istifadə olunmağa başladı. “Ev” (beth) sözünü ifadə edən simvol “b”, “dəvə” (gimel) sözünün mənasını verən isə “g” oldu. Bu işarələr (simvollar) tədricən indi bizim hamımızın yaxşı tanıdığı hərflərə çevrildi.
Yunanlar finikiyalılardan bu sistemi, azacıq dəyişikliklər edərək hətta hərfləri belə mənimsəmişlər. Ancaq onlar yunan dilində heç bir məna verməyən sözləri təhrif etmişlər. Aleph alfaya (alpha), beth betaya (beta), gimel qammaya (gamma) və s.-yə çevrildi. Romalılar da, öz növbəsində, yunanların bu sistemini götürərək düzəlişlər etmişlər və onların əlifbası elə indi bizim də istifadə etdiyimiz əlifbanın əsasını təşkil edir – a, b, c və s.
Farisey
Makkaveylərin e.ə. II əsrdə yəhudi torpaqlarında Selevkilər imperiyasına qarşı qaldırdıqları üsyanın səbəbi yəhudilərin yunan mədəniyyəti naminə öz dinlərindən əl çəkmək istəməmələri idi. Babilistan köçü zamanı və ondan sonra yəhudi dini mürəkkəb qanunlar, həmçinin qadağalar sistemi yaratmışdı. Bu sistemin ətrafında xeyli sayda köməkçi mərasim və ayinlər əmələ gəlmişdi.
Üsyan müvəffəqiyyətlə başa çatdıqdan sonra əsası qoyulan Makkaveylər çarlığında yəhudilərdən ibarət və qeyd-şərtsiz həmin qaydalara riayət olunmasını tələb edən qruplar yarandı. Onlar özlərini ferişayya (perishayya) adlandırırdılar. Bu söz aramey dilindən “ayrılmış” kimi tərcümə olunur. Yəni onlar özlərini dünyadan ayıraraq həyatlarını Allaha xidmətə həsr edirdilər. Bu söz yunan dilində “pharisaikos”a çevrildi və başqa dillərə keçdi. Biz onları farisey adlandırırıq.
Çox güman, onlar e.ə. təxminən 100-cü ildə cəmiyyətdə vacib rol oynamağa başlayıblar. İsanın yəhudi torpaqlarına gəldiyi vaxt isə sayları artıq mini keçmişdi. Fariseylər yunan mədəniyyətinə münasibətdə güzəştli siyasət aparan yəhudi hökumətinə qarşı müxalifətdə idilər.
Fariseylər mərasimlərin son dərəcə dəqiq yerinə yetirilməsinə böyük önəm verirdilər. Özü də bu zaman mərasimlərin əsl mahiyyəti çox vaxt itirilirdi. İsa bunun bütün fariseylərə və dini kitabları yenidən köçürüb istədikləri kimi yozan ilahiyyatçılara xas olduğunu söyləyirdi.
Fariseylər İsanın nəzəriyyəsinin dini mərasimlərin yerinə yetirilməsinə aid olan hissələrinə qarşı çıxırdılar və “İncil”də İsanın buna görə onları qınadığı bildirilir; məsələn, Matfeyin “İncil”ində (23:13) belə deyilir: “Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər!”
Nəticədə, dindarlığın mənasına yox, zahiri tərəfinə daha çox fikir verən, özünə əmin, ikiüzlü, riyakar adama farisey deyilməyə başlandı.
Faşist
Adətən, hakimiyyətdə olan insanlar başqalarından seçilmək üçün hansısa fərqləndirici nişan taxır və ya müəyyən bir paltar geyinirlər. Belə olan halda məmur özü şəxsiyyət kimi nə qədər nəzərə çarpmayan olsa da, insanlar dərhal onu tanıya, təmsil etdiyi hakimiyyət orqanını müəyyənləşdirə bilirlər.
Qədim zamanlarda bu xüsusilə vacib idi. Çünki fotoşəkil, televiziya mövcud olmadığından hakimiyyətdə olanları sifətdən hamı tanımırdı; məsələn, Romanın əhəmiyyətli vəzifələr tutan məmurlarını üstlərində hakimiyyətin fərqləndirici nişanı olmasa, çətin ki kimsə tanıyardı; misal üçün, Roma magistratı[10 - Qədim Romada ali dövlət vəzifəsi] adam içinə ancaq əllərində qırmızı lentlə bağlanmış bir dəstə çubuq olan məmurların müşayiəti ilə çıxarmış. Bu çubuqların ortasında ağzı gözə çarpsın deyə bir az qabaqda yerləşdirilmiş balta var idi. Çubuqlar magistratın insanları döydürərək cəzalandırmaq, balta isə öldürmək hüququnun olmasına işarə edirdi. Qırmızı lent isə qanı təcəssüm etdirirdi. Çubuqlar latın dilində bağlama, dəstə mənası verən fassiya adlanırdı.
1919-cu ildə keçmiş sosialist Benito Mussolini yeni partiya formalaşdırmağa başladı. I Dünya müharibəsi yenicə başa çatmışdı. İtaliya qalib ölkələr sırasında yer almasına baxmayaraq, müharibənin gedişində ağrılı məğlubiyyətlərə də uğramışdı. Ölkədə işsizlik hökm sürürdü və dövlət kommunist inqilabı təhlükəsi ilə üz-üzə qalmışdı.
Mussolini hiss etmişdi ki, əgər o, güclü antikommunist mövqedən çıxış etsə, orta sinif və yüksək təbəqənin dəstəyini ala biləcək . O, aşağı sinif nümayəndələrinin tətil və digər sosial etirazlarla çıxış etmək hüquqlarının məhdudlaşdırılmasını istəyənlər tərəfindən razılıqla qarşılanacaq avtokrat hökumət qurulmasını təklif edir. Mussolini rəmz kimi insanların şüurunda hakimiyyət və cəzanı təcəssüm etdirən fassiyanı seçir, öz hərəkatını isə fassimo adlandırır. Bu söz başqa dillərdə faşizm, hərəkatın üzvləri isə faşist adlanmağa başlandı.
Mussolini hakimiyyətə 1922-ci ildə gəldi, digər ölkələrdə isə bu cür qruplar 20–30-cu illərdə yarandı. Onlar hər biri ayrılıqda və hamısı birlikdə özləri ilə hər yerə qəddarlıq, eləcə də tiraniya gətirdilər.
Getto
Orta əsrlər və yeni tarixin başlanğıcında yəhudilər Qərbi Avropada acınacaqlı həyat sürürdülər. Onlara nifrət edir və həqarətlə baxırdılar. Yəhudilər, demək olar, bütün hüquqlardan məhrum vəziyyətdə, hər an həyatları təhlükə altında yaşayırdılar.
Xristianların çoxu yəhudilərə o qədər nifrət edirdi ki, onları seqreqasiya etməyi, yəni üzlərini görməmək üçün xüsusi ayrılmış bir yerə köçürülmələrini təklif edirdilər. Bu təklifi əsaslandırmaq üçün hətta humanist səbəblər gətirilirdi; məsələn, deyirdilər ki, birinci səlib yürüşündən bu yana nadan və cahil insan kütləsi vaxtaşırı yəhudilərə hücum edir, hətta onları öldürür. Bu səbəbdən də yəhudilərin təhlükəsizliyi baxımından onların təcrid edilmiş, hasara alınmış bir ərazidə yaşaması daha məqsədəuyğundur.
Bəzi yerlərdə, həqiqətən də, belə etmişdilər; məsələn, venesiyalılar bu məqsədlə Getto adlanan ada seçmişdilər. Bu söz “dəmirçixana” kimi tərcümə olunur. Ola bilsin, həqiqətən də, vaxtilə həmin adada dəmirçixana yerləşirmiş. 1516-cı ildə bu ada yəhudi məhəlləsinə çevrildi.
Hansısa səbəbdən Venesiyanın yəhudi məhəlləsi elə məşhurlaşdı ki, İtaliyanın bütün yəhudi məhəllələri getto adlandırılmağa başlandı; misal üçün, Romanın da öz gettosu var idi. 1556-cı ildə şəhərdəki bütün yəhudilər zorla ora yerləşdirildi. Sonralar bütün şəhərlərdə yəhudi məhəllələri getto adlandırılmağa başlandı; məsələn, Almaniyada Frankfurt gettosu mövcud idi. Yeri gəlmişkən, milyonçu Rotşildlər sülaləsi buradan çıxmışdı.
Fransa inqilabından sonra Avropanın bütün gettoları bağlandı, ancaq bundan az qala əsr yarım sonra – 1940-cı illərin əvvəllərində, nasistlərin dövründə bədnam Varşava gettosu yaradıldı.
ABŞ-da “getto” sözü yeni məna kəsb etdi. Bu adla yeni ev almağa ümidləri belə olmayan milli azlıqların – puertorikalı və zəncilərin yoxsulluq içində yaşadıqları xarabalıqlar çağırılır.
Gilyotin
Qədim dövrlərdə, eləcə də orta əsrlərdə bir çox cinayətlərə görə ölüm hökmü çıxarılırdı. Bunun səbəbi cəmiyyətin çoxsaylı həbsxanaları saxlamaq üçün maliyyə imkanlarının məhdud olması idi. Canilərdən qurtulmağın ən sadə yolu isə onları asmaq idi. Bunun üçün vur-tut kəndir və dar ağacı lazım idi.
Ancaq söhbət zadəganlardan gedirdisə, onları rəiyyətdən fərqli edam etmək lazım idi və onların başlarını bədənlərindən üzürdülər. Bunun üçün qılınc (zadəganın silahı) və balta lazım idi. Əgər hər şey düzgün yerinə yetirilirdisə, edam olunan bir göz qırpımında həyatla vidalaşırdı. Ancaq səriştəsiz cəllad birinci zərbədən başı üzə bilmirdisə, qurbanına dəhşətli əzablar yaşadırdı. Ölümə məhkum olanlar da ölümün özündən çox məhz bundan qorxurdular.
Orta əsrlərdə vaxtaşırı ağır bıçağı daha sürətlə enərək başı bədəndən xeyli dəqiqliklə ayıran qurğular peyda olurdu. Ancaq belə ölümlər “alicənablıqdan” uzaq sayıldığı üçün bu qurğulardan nadir hallarda istifadə olunurdu.
Fransa inqilabı günlərində inqilabi qanunverici orqanın üzvü, həkim Jozef İqnas Gilyoten məhkumların edam olunması üçün mexaniki bıçaqdan istifadə edilməsi təklifini irəli sürdü. Onun fikrincə, bu həm daha humanistcəsinə idi, həm də edam prosesini o qədər asanlaşdırırdı ki, demək olar, istisnasız olaraq bütün caniləri edam etməyə imkan verirdi. Bununla da zadəgan və rəiyyətin edamlarındakı fərq aradan qalxmış olurdı.
1792-ci il aprelin 25-də mexaniki bıçaq ilk qurbanının həyatına son qoydu. Bu, qəddar bir quldur idi. Mexaniki bıçaq onun istifadəsi üçün mübarizə aparmış insanın şərəfinə “gilyotin” adlandırıldı. Bu sözü 1793–94-cü illərdə hökm sürən dəhşətli terrordan ayrı təsəvvür etməyən insanlar gilyotini az qala qəddarlığın sinonimi hesab edirdilər. Ancaq ölüm hökmü mövcud olan müddətdə gilyotin, ola bilsin, bu hökmün yerinə yetirilməsinin ən humanist üsulu olaraq qalacaq. Fransızlar indiyədək ondan istifadə edirlər[11 - Hazırda Fransanın da üzvü olduğu Avropa İttifaqında və bir çox başqa ölkələrdə, o cümlədən Azərbaycanda ölüm hökmü ləğv edilib.].
Belə söz-söhbət gəzir ki, guya Gilyotenin özünün də başını gilyotinlə kəsiblər, amma bu belə deyil. O, terrorun hökm sürdüyü vaxtdan iyirmi bir il sonra, yetmiş altı yaşında öz əcəli ilə, çarpayısında vəfat edib.
Gimnaziya
Demək olar ki, qədim dünyanın heç bir xalqı bədən tərbiyəsini yunanlar qədər sevmirdi. Onlar hesab edirdilər ki, insan hər şeydə – əqli, fiziki və mənəvi inkişafda mükəmməlliyə çatmalıdır. Bütün böyük hadisələri onlar yarış keçirməklə qeyd edirdilər. Bu yarışların ən görkəmlisi isə dörd ildən bir keçirilən və bütün yunanları mükəmməllik uğrunda birləşdirən Olimpiya oyunları idi. Bu oyunlar keçirilən müddətdə hətta müharibələrə ara verilirdi. Digər tərəfdən yunanların keçirdiyi yarışlar insanın təkcə fiziki imkanlarının nümayişi deyildi. Yunanlar eyni zamanda zehni inkişaf etdirən yarışlar da keçirirdilər.
Müxtəlif oyunlar və məşqlər vacib sayıldığından, təbii ki, bu yarışlara hazırlaşmaq üçün xüsusi ayrılmış yerlər olmalı idi. Yunanlar paltar bədənlərini narahat etməsin deyə bədən tərbiyəsi və idmanla çılpaq məşğul olurdular. Bu səbəbdən də yunanların fiziki hazırlıqla məşğul olduqları yer “gymnasion” (latınca “gymnasium” yazılırdı), yəni “çılpaq şəkildə məşq etmək üçün yer” adlanırdı.
Yunanlar həm bədəni, həm də əqli inkişaf etdirməyin vacib olduğunu hesab etdiklərindən gimnaziya qaçış və ağırlıq qaldırmaq üçün nəzərdə tutulan yerdən daha vacib bir məkana çevrildi. Bura toplaşan insanlar fəlsəfi və elmi mövzularda söhbət etməyi sevirdilər. Beləliklə, gimnaziyalar tezliklə həm məşq üçün ayrılan yer, həm də məktəb sayılmağa başlandı.
Tədricən gimnaziyalar Böyük İsgəndərin istila etdiyi ərazilərdə yunan mədəniyyətinin yayılması üçün əla vasitəyə çevrildi. Bu, Asiya və Afrikanın idmanın müxtəlif növləri ilə məşğul olmağa o qədər də həvəs göstərməyən və çılpaq bədən görəndə pərişan olan xalqlarını qorxuya salırdı; məsələn, bu, yəhudilərin hislərini təhqir edirdi və e.ə. 166-cı ildə Makkaveylərin qaldırdığı üsyanın əsas səbəblərindən biri məhz Selevkilərin çarı IV Antioxun əmri ilə Yerusəlimdə gimnaziya tikilməsi idi.
Biz ingilis dilində indiyədək “gymnasium” sözünü ancaq idmanla məşğul olunan yerlər üçün işlədirik. Almanlar isə bu sözdən əqlin inkişaf etdirilməsi üçün nəzərdə tutulan məkan mənasında istifadə edirlər. Gimnaziya onlar üçün məktəbin sinonimidir[12 - Bizdə də gimnaziya məktəb anlamına gəlir.].
Heroqlif
VII əsrdə yunanlar ilk dəfə Misirə gəlib çıxdılar: kimi tacir, kimi də muzdlu əsgər qismində. Hər şeylə maraqlanan və iti zəkaları ilə fərqlənən yunanlar hara gedirdilərsə, 2500 ildən artıq mövcud olan bir mədəniyyətin möcüzələrinə, onun yaratdığı əzəmətli tikililərə rast gəlirdilər. Bütün bunlar onlar üçün naməlum və yad idi.
Saçları dibindən qırxılmış misirli kahinlərin hərdən yunan turistləri aparıb gəzdirdikləri sirli, qapqaranlıq məbədlər onlarda unudulmaz təəssüratlar yaratdı. Divarlar qədim yazılarla dolu idi. İnsanların, quşların, heyvanların kiçik təsvirləri və sözləri əvəz edən dalğavarı xətlər qaranlıqda sezilirdi.
Bu qədim yazıların nə demək olduğu haqda yunanların təsəvvürləri belə yox idi. Misirlilərin özlərinin də bu barədə məlumatı az idi. Bələdçilər bu yazıları ya tərcümə edə bilmir, ya da bilərəkdən etmir, barbarlar ölkəsindən gəlmiş bu vəhşiləri Misirin sirləri və əzəməti ilə heyran qoymaq istəyirdilər.
Yunanlar, əsasən, məbəd divarları və qəbir daşlarının üzərində yonulmuş bu işarələri müqəddəs oyma adlandırırdılar. Yunan dilində bu, “hieroglyphikos” kimi səslənirdi. Buradan da həmin söz ingilis və başqa dillərə keçdi.
Daş üzərində oyulmuş bu yazıların tarixi kökləri məlum olmadığından anlaşılmaz, şifrlənmiş və sirli hər şey “heroqlif” sözü ilə ifadə edilməyə başlandı.
Amma bu gün heroqlif dedikdə artıq sirli və mistik heç bir şey yada düşmür. 1799-cu ildə, Napoleon Bonapartın dövründə, fransız ordusu Misiri tutanda əsgərlərdən biri e.ə. 197-ci ilə aid belə yazıların qalıqlarını tapır. Bu, üç müxtəlif üsulla yazılmış adi elan idi: yunanca və misir dilinin iki variantında. Bu yazı, bir növ, kiçicik lüğət rolunu oynadı və fransız arxeoloqu Jan Fransua Şampolyon yunan dilini dayaq nöqtəsi götürərək heroqlifləri oxuya bildi.
Hicrət
Təxminən 570-ci ildə Məkkənin (Ərəbistan) tanınmış və hörmətli ailələrindən birində oğlan uşağı anadan olur. Uşağın adını Məhəmməd qoyurlar. Atasının ölümündən sonra onun uşaqlığı və gəncliyi yoxsulluq içində keçir. Hələ cavan yaşlarından kommersiya sahəsində bacarığı ilə seçilən Məhəmməd bir dul qadının ticarət karvanlarını elə məharətlə idarə edir ki, qadın bütün biznesinin idarəçiliyini ona həvalə edir və gəncin iyirmi beş yaşı tamam olan kimi ona ərə gedir. Məhəmməd təxminən qırx yaşında olanda monoteist, yəni bir allaha inanan dini təbliğ etməyə başlayır. Bu yeni dinə xristianlıq və iudaizmin böyük təsiri olmuşdu.
İlk vaxtlar ona qulaq asanları heç nə ilə maraqlandıra bilməmişdi. Məhəmmədə yalnız həyat yoldaşı, həmçinin ailə üzvləri və yaxın dostlarından ibarət kiçik bir qrup inanırdı. Tədricən onun moizələri insanların düşüncələrinə təsir etməyə başladığından Məkkənin varlı tacirləri narahat olmağa başladılar. Buna görə də Məhəmməd tez bir zamanda onlar tərəfdən sıxışdırılmağa başlandı.
619-cu ildə həyat yoldaşının dünyasını dəyişməsi ilə Məhəmməd ciddi problemlərlə üzləşdi. Çünki həmin qadın ətrafdakılara müsbət təsir göstərirdi. Onun ölümü ilə vəziyyət dəyişdi və 622-ci il iyulunun 16-da Məhəmməd Məkkədən qaçaraq oradan 200 mil şimalda yerləşən və yeni salınmasına baxmayaraq artıq böyük nüfuz qazanmış Mədinə şəhərində sığınacaq tapdı. Onun tərəfdarlarından bir çoxu özündən əvvəl bu şəhərə gəlmişdi və əgər Məhəmməd məhz həmin gün bura qaçıb gəlməsəydi, çox güman, Məkkədə öldürüləcəkdi.
Mədinəyə gələn gündən tale Məhəmmədin üzünə gülməyə başlayır. O, döyüşə gedən dəstələrə başçılıq edərək çoxlu qələbələr qazanır. 629-cu ildə Məhəmməd Məkkəyə qalib kimi qayıdır və 632-ci ildə o, dünyasını dəyişəndə bütün Ərəbistan onun nəzarətində idi.
Onun davamçıları öz orduları ilə Ərəbistan hüdudlarından kənara çıxıb yüz il ərzində Qərbi Asiya və Şimali Afrikanı tamamilə istila etdilər və əhalisi bütünlüklə Məhəmmədin dininə (islama) etiqad edən nəhəng imperiya qurdular.
639-cu ildə yeni dövrün başlandığı tam aydın idi. Bu dövrün başlanğıc nöqtəsi məhz Məhəmmədin Mədinəyə hicrəti (mühacirət, qaçış) adı verilmiş qaçışı sayılmağa başlandı.
İsa anadan olan gün xristian təqviminin başlanğıcı sayıldığı kimi, hicrət də indiyədək müsəlman tarixinin başlanğıcı hesab edilir.
İmperiya
Əvvəllər latın dilində istənilən hərbi birləşmənin komandiri “imperator” adlanırdı. Tədricən bu söz baş komandan mənasında işlənməyə başladı.
E.ə. 31-ci ildən Oktavian Sezar Romanın mütləq hakimi oldu. O, əvvəllər ayrı-ayrı adamların rəhbərlik etdiyi bir çox dövlət idarələrinin başına keçdi. O həmçinin özünü Avqust adlandırmağa başladı (bax: “Avqust”). Ancaq bir çox titul və vəzifələrdən ən əhəmiyyətlisi “imperator” sayılırdı. Oktavian Sezar Roma ordusunun baş komandanı idi və məhz bu onun özünü qüdrətli, hakimiyyətini isə sarsılmaz edirdi. Bu səbəbdən də Avqustun tətbiq etdiyi idarəçilik üsulu imperiya adını aldı.
Əslində, “imperiya” anlayışı təkcə Roma imperiyasına şamil edilməli idi. 476-cı ildə imperiyanın qərb hissəsi dağılsa da, şərq hissəsi hələ də mövcud idi. Konstantinopolda özünü Roma imperatoru adlandıran padşahlar 1453-cü ilədək hökmranlıq etdilər. Qərbdə bu titulu 800-cü ilədək – Roma papası Böyük Karlı imperator elan edənədək tanımadılar.
Həmin qərb imperatorları (“Müqəddəs Roma imperiyası”nın imperatorlarından söhbət gedir. İmperiya özü isə papa tərəfindən müqəddəs elan edildiyi üçün belə adlanırdı) 1806-cı ilədək hökmranlıqlarını davam etdirdilər. Bu, Napoleonun özünü Fransa imperatoru elan etdiyi illər idi. O dövrdə ürəyi istəyən hər bir padşah özünü imperator adlandıra bilərdi. Yaşadığımız dövrdə isə biz yalnız Yaponiya imperatorundan danışa bilərik.
Romalılar bir çox qeyri-Roma xalqlarını idarə etdiklərindən indi tərkibinə əhalisi ayrı dildə danışan və ayrı mədəniyyətə mənsub olan bir neçə ölkənin daxil olduğu dövlət imperiya hesab olunur (keçmiş Britaniya imperiyası kimi)[13 - Biz isə buna misal kimi keçmiş Rusiya imperiyasını və ya SSRİ-ni göstərə bilərik.]. Başqa dildə danışan və başqa mədəniyyətə aid olan ölkələri idarə etmək üçün əlindən gələni edən dövlətin siyasəti isə imperialist siyasət, ya da sadəcə, imperializm adlandırılmağa başlandı.
İyul
Roma imperiyası zamanı təqvim Ayın Yer kürəsi ətrafındakı hərəkətinin dövriliyinə əsaslanırdı. Hər yeni təqvim ayı Ay hilal olanda başlayır, yeni ilin ilk günü isə martın 1-i sayılırdı. Bu çox narahat təqvim idi. Üstəlik də, kahinlər ona yaxşı nəzarət edə bilmədiklərindən e.ə. I əsrdə dolaşıq bir vəziyyət yaranmışdı.
Misirdə isə əksinə, təqvim ayının göydəki Ayla heç bir bağlılığı yox idi. Hər ay 30 gündən, il 12 aydan ibarət idi. Artıq 5 gün isə ilin axırına əlavə edildiyindən il 365 gün davam edirdi. Yunan astronomları ildə 365, üstəgəl dörddə bir gün olduğunu bilirdilər. Buna görə də Misir təqvimi bir az qeyri-dəqiq olsa da, bu vəziyyətdə belə romalılarınkından qat-qat yaxşı idi.
E.ə. 48-ci ildə Yuli Sezarın gəmiləri Misirin paytaxtı İsgəndəriyyə limanında lövbər saldı (bu vaxt Romada vətəndaş müharibəsi gedirdi).
Misirdə bir il qaldığından Sezarın yerli təqvimlə diqqətlə tanış olmağa və onun Roma təqvimindən üstün cəhətlərini öyrənməyə kifayət qədər vaxtı var idi. O, yunan astronomu Sosigenin yardımından istifadə etdi və Romaya qayıdan kimi yeni təqvimin tətbiq edilməsinə əmr verdi. Yeni təqvimə görə ildə 12 ay var idi. 5 artıq gün isə bir yox, bir neçə aya əlavə olunduğundan bəzi aylar 30, bəziləri isə 31 gündən ibarət idi. (Fevral uğursuz ay sayıldığından ondan bir neçə gün çıxarıldı.)