banner banner banner
Dalanda
Dalanda
Оценить:
Рейтинг: 0

Полная версия:

Dalanda

скачать книгу бесплатно


– Səhv eləmirəmsə köhnə binalardandır?

– Hə, köhnə binalardandır.

– Köhnə binaların əvəzi yoxdur: hündür, geniş…

Telefonlardan biri zəng çaldı, Fərəc Muradov dəstəyi götürdü:

– On dəqiqədən sonra gələ bilərsən.– Fərəc Muradov bu sözü deyəndə Qafara baxdı. Qafar sıxıldı və tez ayağa qalxdı…

***

Qafar yüngülləşmişdi, hətta fitlə mahnı çalırdı. Poeziya Qafarın yaralı yeri idi, çox istəyirdi, lakin şeirlər yadında qalmırdı. Mahnıların sözləri də yadında qalmırdı, havaları isə unutmurdu. Kefinin kök vaxtlarında ürəyinə yatan havaları fitlə çalırdı. Özü də fit çalmaqda usta idi.

Tikinti sahəsinə çatanda katiblə söhbətini Yaquba danışdı. Yaqub heç nə demədi, harasa getdi, on-on beş dəqiqədən sonra qayıdıb gəldi və səbəbsiz-filansız başladı gülməyə. Güldü. Güldü… Və yenə Qafara heç nə demədən qeyb oldu.

Qafar onun hərəkətinə məəttəl qalmışdı. Bundan heç nə anlamadı. Pərt halda evə yollandı…

Gedə-gedə bugünkü əhvalatları– Yaqubla, bənna Sadıqla, İslamovla, Fərəc Muradovla söhbətlərini bir-bir xatırladı və fikrindən qəribə şey keçdi– görəsən bu axşam Fərəc anasının qəbrini ziyarət edəcəkmi?

***

… Fərəcin anası Bakıda vəfat etmişdi, onu şəhərin kənarındakı köhnə, böyük qəbiristanlıqda basdırmışdılar. Qafar ildə iki dəfə– ölən günü, bir də Novruz axşamı Leyla xanımın qəbrini ziyarət edirdi, çünki Leyla xanım Qafarı çox istəyir, öz oğlundan ayırmazdı. Tələbəlik illərində, əziyyətini çox çəkmişdi.

Bir dəfə, onda qarlı bir qış günü idi, Leyla xanım Qafarın yuxusuna girmişdi. Evdən çıxanda Fəridə təəccübləndi: «Belə vivaxt hara?» Dedi: «Bu gecə Leyla xanım yuxuma girib. Giley-güzar eləyirdi ki, ay etibarsız, heç məni yada salmırsan? Qoca arvadam, bəlkə yerim-yurdum soyuqdur, üşüyürəm burda! Gəlib bir baş çəksənə». Fəridə üz-gözünü turşutdu:

– Özünküləri çağırsın yanına!

Qafar da qaşqabağını salladı:

– Elə danışma, günaha batarsan. Fəridə yenə ağzını açmaq istəyəndə Qafar onu qorxuzdu.– Ölü ki, yuxuna girdi, üstəlik də səni çağırdı, elə o günü gedib Quran oxutmadın, ya da heç heç olmasa, üstündə salavat çevirmədin, axırı pis qurtarar…

– Pis qurtarar?.. Nolar ki?

– O günü… yas yerində bir molla deyirdi ki, onda həmin ölü qəzəblənib, həmin evdən başqa adamı çağırar yanına.

– Doğru sözündü?– Fəridənin rəngi qaçdı.

– Molla elə deyirdi… Yəqin sınanmış şeydir…

Fəridə bir-iki dəfə udqundu.

– Getməyinə sözüm yoxdur, intəhası gündüzü siçan ha yeməmişdi?

– Gündüz başım işə qarışdı. Sabah da vaxtım olmayacaq.

– Özün bil.– Qafar qapını arxasınca örtəndə Fəridə özünü saxlaya bilməyib qaramat atdı:

– Ala ey, ölü xortdayıb sənin qədrini biləcək! Bundansa dirilərə yaltaqlan ki, bir xeyirin çıxsın…

Qafar arvadının sözlərini eşitdi, amma dinmədi, fikirləşdi ki, cavab qaytarmağın mənası da yoxdur, çünki Fəridə ömründə belə incə mətləbləri başa düşməyib, indən belə də başa düşməyəcək…

…Şər qarışmışdı, əgər qəbiristanlıqdakı təkəm-seyrək işıqlar yanmasaydı, qəbirləri bir-birindən seçmək olmazdı. Əslində heç Leyla xanımın qəbrini tapa da bilməzdi.

Hərdən o təkəm-seyrək lampaların işığı azalır, itirdi. Belə məqamlarda Qafar üşənir, dayanıb yan-yörəsinə baxırdı? Ona elə gəlirdi ki, səslər eşidir, sanki kimlərsə pıçıldaşır. Hətta inildəyənlər də vardı. Deyəsən, axı, onu çağırırlar?

İstədi geri qayıtsın. Bu vaxt başının üstündə işıq yandı, diksindi, yuxarı boylananda gördü ki, dibində dayandığı şam ağacından elektrik lampası asılıb, külək oynatdığına görə lampa gah közərir, gah da öləziyirdi. İşıqla bərabər elə bil başdaşları da titrəyirdi. Onu soyuq tər basırdı.

Axır ki, Leyla xanımın qəbrini tapdı və əvvəlcə bərk qorxdu. Elə qorxdu ki, az qaldı qışqırsın. Yox, yanılmamışdı. qəbrin baş tərəfində, qara mərmərdən tökülmüş büstün yanında bir adam vardı. O adam büstün üstündəki qarı təmizləyirdi. Deyəsən o da hənirti hiss edib üşənmişdi, çünki kəskin hərəkətlə geri çevrildi. Bir anlığa bir-birlərinə baxa-baxa qaldılar. Hər ikisinə elə gəlirdi ki, onu qara basır.

İlk dinən Fərəc oldu:

– Qaa…far!

Qafar hay vermək istədi, amma səsi çıxmadı. Yenə Fərəc soruşdu:

– Qafar, sənsən?

Qafar lap arxayın oldu ki, yox, onu qara basmır, bu Fərəcdir.

– Hə, mənəm,– dedi.

– Bu vədə xeyir ola burda?– Qafar yaxınlaşdı– Siqaretin var?

– Sən ki, bilirsən, mən xeyli vaxtdır tərgitmişəm.

– Hə, hə, bilirəm. Elə mən özüm də tərgitmişdim, bu gün bürodan sonra təzədən başladım. Zəhrimar siqaretim yadımdan çıxıb qalıb kabinetdə.

Leyla xanımın qəbrinin yanındakı qəbrə işıq çəkmişdilər, o, lampanın ziyası bura da düşürdü. Onlar bir-birini qüssəli-qüssəli süzdülər. Qafar dərindən ah çəkdi.

– Dünən Leyla xanım yuxuma girmişdi. Sənin də?

– Yox… Bilirsən, katib olandan məndə qəribə vərdiş yaranıb; çox ciddi bir tədbir görəndə, kimisə cəzalandıranda həmin gün mütləq gəlib anamla məsləhətləşirəm, dərdləşirəm. Elə ki, anam mənə haqq qazandırır, sanki üstümdən dağ götürülür, gücüm də birə on qat artır. İkinci qəribəlik, qəribəlik nədir, möcüzə də ondadır ki, həmin gecə anam mütləq yuxuma girir.

– Rəhmətlik Leyla xala xeyirxah, həm də çox ədalətli adam idi.

– Hə, anam həm insaflı idi, həm də ədalətli. Yuxuda da həmişəki sözün təkrar eləyir: «Heç vaxt haqqı qoyub nahaqdan yapışma! Bunun üstündə ziyan çəksən də haqqın tapdanmasına razı olma! Belə eləsən ürəyi rahat yaşayacaqsan. Torpağın altında da rahat olacaqsan»… Anam bu sözləri elə aydın deyir ki, yuxudan ayılandan bir müddət sonra da onun səsini eşidirəm. Qəribədir, qardaş, həmişə deyirlər ki, ölünün səsi adamı qorxuzar, amma mən anamın səsindən heç vaxt qorxmuram, hətta bəzən gündüzlər, işin-gücün arasında da, anamın səsi qulaqlarımda səslənir və belə anlarda özümü yaman gümrah, güclü hiss edirəm…

Qar asta-asta yağsa da Leyla xanımın büstü ağarırdı. Fərəc susub büstün qarını təmizləməyə başladı. Qafar da o biri tərəfdən qarı əlinin içiylə təmizlədi. Leyla xanımın saçlarındakı, üzündəki qarı daha səliqəylə, həm də çox ehtiyatla silirdilər.

Fərəc dayanıb Qafara baxdı. Qafar da ona baxdı və… bir-birinə sarmaşdılar.

Onların ürəkləri dolu idi, amma bir-birini bu cür möhkəm qucaqlamaqlarından hiss edirdilər ki, danışmağa ehtiyac yoxdur, çünki hər ikisi bir-birinin ürəyindən keçənləri nəinki duyurdu, hətta eşdirdi də…

…İndi Qafarı bir sual yorurdu: görəsən, bu gecə Fərəc anasının qəbrini ziyarət edəcəkmi? Görəsən yenə anasıyla məsləhətləşəcəkmi?

Qafar özünü inandırmağa çalışırdı ki, mütləq gedəcək! Yəqin ki, çağırıb İslamovun dərsini verəcək! Deyəcək ki, binanı yarımçıq qəbul elətdirmək böyük günahdır. Yalandan qabaqcıl adı almaq, özümüzü də, dövləti də aldatmaq böyük günahdır!–deyəcək.

Fərəc mütləq belə deyəcək, İslamova isə ağır cəza verəcək ki, başqalarına da dərs olsun!

Fərəc başqa cür hərəkət etməz!

Qafar gözlərini yumdu və ona elə gəldi ki, gecədir, qəbiristanlığa gəlib, Fərəc də burdadır, anasının qəbrini qucaqlayıb nəsə pıçıldayır…

* * *

Mahmud bir dostunun ad günündən qayıdırdı.

Kefi kök idi. Çünki qonaqlıqda gözəl bir qızla tanış olmuşdu, bütün qonaqlıq boyu gözlərini zilləmişdilər bir-birilərinə. İndi də qabağında zərif bir qız gedirdi. Qız ayaqlarını yerə elə asta basır, elə yüngül yeriyirdi ki, elə bil indicə qanadlanıb göyə qalxacaqdı. Onun uzun, yoğun hörükləri vardı, atmışdı kürəyinə. Hörüklər də qızın özü kimi havalı idi. Qarşıdan gələn bütün kişilər, hətta qadınlar da dönüb o qıza, daha doğrusu onun uzun, yoğun hörüklərinə tamaşa edirdi. Yaşlı bir kişi özünü saxlaya bilməyib bərkdən dedi: «Heyif deyil hörük!» Bu arada yanlarından cins şalvarda bir qız gəlib keçirdi, o qız da qocaya tərs-tərs baxıb dodaqlarını büzdü: «Fu, arxaiçeskiy eksponat!»

Mahmud indi də cins şalvarlı qızın arxasınca tamaşa etdi və ürəyində fikirləşdi ki, canı yanmışın əcəb bədən quruluşu var… Tez də, yox,– dedi, ürəyində– bu gün tanış olduğum bunların ikisindən də gözəldir! Zil qara, iri ağıllı gözləri… Bəs təbəssümü? Ələsgər demişkən: «Güləndə qadası canıma düşdü…»

Mahmud onda ayıldı ki, dalanlarına çatıb. Dalanın ağzında süd rəngli «QAZ-24» dayanmışdı. Maşından əvvəlcə bir kişi düşdü, Mahmud onu– öz diplom rəhbəri, iqtisad kafedrasının müdiri professor Qasımzadəni görəndə gözlərinə inanmadı. Bu vaxt maşından ikinci kişi də düşdü və professor Qasımzadə onu Mahmuda təqdim etdi:

– Tanış ol, akademik Mürşüdovdur! Mənim ən yaxın dostumdur.

– Tanıyıram,– dedi,– biz qonşuyuq.

– Qonaq istəmirsən, Mahmud?– Professor Qasımzadə çox ərkyana danışırdı.

– Gözüm üstə yeriniz var. Bu saat…– Mahmud istədi evə qaçsın, ata-anasını xəbərdar etsin ki, görün bizə kimlər gəlir… Professor Qasımzadə onu buraxmadı.

– Hə, heç soruşmursan ki, bir akademiklə bir professor bizə gəlməkdə xeyir ola?

– Qonaqdan belə şey xəbər almazlar.

– Afərin! Zəhmətim sənə halal olsun!– Professor Qasımzadə əlini onun kürəyinə döydü və akademik Mürşüdova sarı çevrildi.– Sizə dedim, axı, mənim tələbəm mərifətli oğlandır.

– Görünür. O saat görünür ki, böyük yolu gözləyəndir. Beləsinə çəkilən zəhmət halaldır.– Akademik Mürşüdov da onun başını sığalladı.

Mahmud bu gözlənilməz mehribançılıqdan, təriflərdən tərləmişdi. Zarafat deyil, adı çəkiləndə tələbələrin zağ-zağ əsdiyi professor Qasımzadə bir yana qalsın, şöhrəti dünyaya yayılmış akademik Mürşüdov da şəxsən özü onunla belə məhrəm danışır…

Lakin Mahmud bir az da nigaran idi, bu qəfil gəlişin sirrini aydınlaşdırmaq istəyirdi, yüz yerə yozurdu. Di gəl ki, bir yana çıxara bilmirdi. Professor Qasımzadə isə ara vermədən onu tərifləyirdi.

Bilirsiz, Mikayıl müəllim, Mahmud olduqca savadlı, təfəkkürlü, həm də yaman zəhmətkeş oğlandır. Elmə məhəbbətə, sədaqətinə isə söz olammaz. Bir diplom işi yazıb ki, azca genişləndir, olsun namizədlik dissertasiyası.

– Çox gözəl, çox gözəl! Bunu aspiranturada saxlamaq da mənim boynuma.

– Sağ olun, Mikayıl müəllim, siz həmişə kolxozçu, fəhlə balalarına atalıq etmisiz.

– Bax belə cavanlara kömək etmək lazımdır. Sizinki olsun ali məktəbi qurtarmaq, qalanı mənim boynuma. Aspiranturaya girməyi ilə müdafiə etməyi də bir olacaq. Sonra da saxladaram sizin institutda, olar sənin kafedranın müəllimi.

– Var olun, Mükayıl müəllim!

– Hələ elmi işini kitab halında nəşr də etdirərəm.

– Çox sağ olun. Çox razıyam.– Mahmud hiss edirdi ki, bu qədər yaxşılığın qabağında bu sözlər azdır, ancaq ha çalışırdısa, ayrı heç nə gəlmirdi ağlına.

Professor Qasımzadə onu vəziyyətdən çıxartdı.

– Mikayıl müəllim o qədər adamın əlindən tutub ki! Mənim özümə də atalıq eləyib. Biz də gərək belə adamların qədrini bilək, onun ayağına daş dəyməsin… Daş nədir, heç qəltən də dəyməsinə razı olmayaq. Düz demirəm, Mahmud?

– Əlbəttə, əlbəttə…

– Ay yaşa! Amma…– Professor Qasımzadə dayanıb Mahmuda sınayıcı nəzərlə baxdı, Mahmud başını yerə dikməli oldu.– Neyləyəsən, dünyadı da, o qədər atyeriməz yolları, cığırları var ki, onda gördün səni çəkdi, apardı o, cığırlarla bir yarğana… Di gəl keç bu yarğanı görüm nə təhər keçirsən! Belədi ya yox, Mahmud?

– Yəqin ki…– Mahmud mızıldandı. Niyəsə ürəyi sıxıldı və fikirləşdi ki, yoox, burda nəsə var. Nə?

Professor Qasımzadənin növbəti sözləri onun şübhəsini daha da artırdı.

– Mikayıl müəllimə qəfil bədbəxtlik üz verib Mahmud.

– Noolub ki?

– Oğlu maşınla bir nəfəri vurub.

– O adam ölüb?– Mahmudun dili-dodağı təpidi, gözləri böyüdü.

– Yox, əşi, yüngülcə yaralanıb. Deyəsən ayağı sınıb. Sınıq da ki bilirsən də, təbabətin indiki imkanlarının qarşısında heç nədir. Düz demirəm, Mahmud?

Mahmud udquna-udquna qaldı. İstəyirdi soruşsun ki, axı kimdir o adam? Bu söhbətlərin mənə nə dəxli var?

Qasımzadə onun qolundan bərk-bərk yapışıb, bir az da özünə tərəf çəkdi.

– Oğlum, gərək bu məqamda bizə kömək eləyəsən. Malik… Mikayıl müəllimin oğlunu deyirəm, şərqşünaslıqda oxuyur. Büyün-sabah xaricə gedəcək, icazəsi hazırdır. Özü də nişanlıdır…

Mahmud daha heç nə eşitmirdi, sanki qulaqlarına güclü külək dolmuşdu, qulaqları ağac koğuşu kimi uğuldayırdı. Evə qaçmaq istəyirdi, di gəl ki, qolunu onun əlindən çəkməyə heyi qalmamışdı, buna görə də diplom rəhbərinə yazıq-yazıq baxırdı. Diplom rəhbəri isə sözlərinə ara vermirdi.

Bilirsən, Malik… Bizim hörmətli akademikin oğlu.. sənin atanı…– Mahmuda elə gəldi ki, axırıncı sözü eşidənəcən aradan düz bir gün keçdi– …maşınla vurub…

– Atamı? Nə vaxt? Harda?

Mahmud qəfildən götürüldü. Professor Qasımzadə onun dalınca yüyürdü, akademik Mürşüdov da iki-üç addım atıb dayandı və öz qapılarının zəngini basdı.

Mahmud özünü içəri salan kimi anasına, bacısı Çimnaza baxdı, onların ikisi də ağladı. Mahmud yan otağı açıb, atasını üz-gözü, ayağı sarıqlı görəndə qışqırdı:

– Ataa!

Qafar gözlərini açıb gülümsündü.

– Necəsən?– Mahmud əlini ehtiyatla atasının sifətində ayaqlarında gəzdirdi. Onun sağ ayağı gipsdə idi.

Qafar zorla pıçıldadı:

– Qorxma… İndi yax..şı…yam:

Mahmud atasının gipsli ayağını qucaqlayıb ağladı.

Qafar gücdən düşmüş əliylə oğlunun saçını yüngülcə sığalladı.