banner banner banner
Sindbadın yeddi səyahəti
Sindbadın yeddi səyahəti
Оценить:
Рейтинг: 0

Полная версия:

Sindbadın yeddi səyahəti

скачать книгу бесплатно

Sindbadın yeddi səyahəti
Müəllif kollektivi

Dünya ədəbiyyatından seçmələr
“Sindbadın yeddi səyahəti” Bağdad şəhərində olan bir dəniz səyyahının ticarət məqsədilə yad ölkələrə səyahət etməsindən və həmin ölkələrdə başına gələn qeyri-adi, sehrli əhvalatlardan bəhs edir.

Sindbadın yeddi səyahəti

MÜDRİK ŞƏHRİZADIN ƏHVALATI

Arvadının xəyanəti ilə üzləşən Şahzaman şah onu edam etdirir və dərdini bölüşmək üçün qardaşı Şəhriyar şahın yanına yollanır. Amma məlum olur ki, Şəhriyar şahın arvadı Şahzamanın arvadından da əxlaqsız imiş. Bir müddət sonra isə qardaşlar boynunda beş yüz yetmiş üzükdən ibarət boyunbağı gəzdirən qadına rast gəlirlər. Bu üzüklərin sayı həmin qadının ərinə neçə dəfə xəyanət etdiyini göstərirdi. Bu hadisədən sonra qadınlara inamını tamamən itirən və zalımlaşan Şəhriyar şah arvadını da, hərəmlərini də edam etdirir. Bundan sonra o hər gün yeni bir qadınla evlənir və toy gününün səhəri həmin qadını edam etdirir. Nəhayət, növbə Şəhrizad adlı vəzir qızına çatır. Gözəl və ağıllı Şəhrizad hər gecə şaha maraqlı əhvalatlar danışır və onların hər birini yarıda qoyaraq davamını növbəti gün danışacağını bəyan edir. Hər dəfə əhvalatın sonunu bilməkdən ötrü şah Şəhrizadın edamını təxirə salır. Beləcə, Şəhrizad şaha düz min bir gecə əhvalatlar nəql edir. Min birinci gecə bitincə o, Şəhriyar şahın hüzuruna bu müddət ərzində dünyaya gəlmiş üç oğul övladı ilə gəlir və şaha yalvarır ki, övladlarının xətrinə onu edam etdirməsin. Şəhriyar şah isə deyir ki, onsuz da Şəhrizadı edam etdirmək fikrindən əl çəkib; çünki o, Şəhrizadın necə təmiz, namuslu və etiqadlı olduğunu bilir və ona inanırdı.

Şəhrizadın nağılları arasında ən məşhurları bunlardır: “Heyvanlar və quşlar barəsində hekayələr”, “Şahraman şah, oğlu Qəmər əz-Zaman və şah qızı Budur xanımın hekayəti”, “Ənuşirəvan şahın əhvalatı”, “Şahzadə ilə yeddi vəzirin arvadı”, “Harun ər-Rəşidlə kənizin hekayəti” və s. Şübhəsiz ki, “Min bir gecə” nağılları arasında ən məşhurlarından biri “Sindbadın yeddi səyahəti”dir. Şəhrizad Şəhriyar şaha bu nağılı 537-ci gecədən 566-cı gecəyədək nəql edib. Şəhrizad bu hekayəti bu cür təsvir edir:

– Xəlifə Harun ər-Rəşidin zamanında Bağdad şəhərində bir kişi vardı, adına hambal Sindbad deyərdilər. Kasıb bir adam idi, ona-buna yük daşıyıb haqqını alardı. Özü də yükü başına qoyub daşıyardı. Sindbadın işi ağır olsa da, o bu iş üçün çoxlu pul almırdı. Çünki Bağdadda o qədər hambal vardı ki! Ona görə də o, qazandığı qəpik-quruşla birtəhər dolanır, yarıac-yarıtox yaşayırdı.

Günlərin bir günü Sindbad yenə ağır bir yük götürmüşdü. Hava çox isti idi, kişi yükün altında yorulub qan-tərə batmışdı, bürkü onu taqətdən salmışdı. Bir tacirin darvazasının yanından ötəndə gördü ki, qapının qabağı tərtəmiz süpürülüb-sulanıb, sərin yerdir, darvazanın yanına da enli kürsü qoyulub. Hambal yükü başından alıb kürsünün üstünə qoydu ki, nəfəsini dərsin. Bu vaxt darvazadan onun üzünə sərin meh vurdu, burnuna gül-çiçək ətri dəydi. Sindbad bundan xoşhallanıb yanını kürsünün qırağına qoydu. Gördü ki, evdən ud səsi gəlir, insanı valeh eləyən mahnılar oxunur, mənalı şeirlər deyilir. Bağçada quşlar səs-səsə verib hərəsi öz dilində yüz avazla Allah-taalanın şəninə nəğmələr qoşurdu. Qumru quşları, çölgöyərçinləri, kəkliklər, qaratoyuqlar, İran bülbülləri cəh-cəh vururdu.

Sindbad ürəyində təəccüb eləyib bu büsata heyran qaldı. Durub qapıya yaxın gələndə evin qabağında böyük bir bağ gördü, nökərlər, qullar, buyruqçular gördü; burada elə şeylər vardı ki, onlara ancaq şahların, sultanların xanimanlarında rast gəlmək olardı. Sindbadın burnuna növbənöv ləzzətli xörəklərin, gözəl-gözəl içkilərin ətri gəldi. Bu cah-calalı görəndə o, üzünü göyə tutub bir şeir dedi.

Hambal Sindbad yükünü götürüb getmək istəyəndə darvazadan cavan, göyçək, qədd-qamətli, gözəl libaslı bir nökər çıxdı. O, hambalın əlindən yapışıb dedi:

– Gedək içəri, otur mənim ağamla söhbət elə, səni çağırır.

Hambal istədi boyun qaçırsın, mümkün olmadı. Yükünü evin girəcəyində, qapıçının yanında qoyub nökərlə birgə həyətə keçəndə gözəl bir imarət gördü. Burada hər addımda qonaqpərvərlik, hər şeydə ləyaqət hiss olunurdu. Sindbad böyük qonaq otağına göz gəzdirəndə gördü ki, burada nəcib ağalar, adlı-sanlı adamlar əyləşiblər, hər yerə cürbəcür gül-çiçək düzülüb, ortalığa çoxlu ləzzətli xörək, quru meyvə, qarpız-yemiş, gözəl üzüm şərabı qoyulub, sazəndələr, xanəndələr çalıb-oxuyur, gözəl kənizlər sıraya düzülüb. Otağın ortasında isə saqqalına təzə-təzə dən düşən hörmətli bir şəxs əyləşmişdi. O, üzdən çox gözəl idi, əzəmətli, yaraşıqlı, nəcib görünüşü vardı.

Bunları görəndə hambal Sindbad məəttəl qalıb öz-özünə dedi: «Allaha and olsun, bu otaq cənnətin bir guşəsidir, bu saray şahlara, sultanlara layiqdir!» Sonra o, oturanlara ədəb-ərkanla salam verib hamısına Allahdan cansağlığı dilədi, onların hüzurunda əyilib yeri öpəndən sonra başını aşağı salıb ədəblə dayandı. Ev sahibi öz yanında ona yer göstərdi. Sindbad əyləşdi, ev sahibi hambalın könlünü alıb ona dedi:

– Xoş gəlmisən!

Sonra əmr elədi ki, onun qabağına ləzzətli yeməklər qoysunlar. Hambal Sindbad irəli oturdu, «Bismillah» deyib yeməyə başladı. O ki var yeyib doyandan sonra «Əlhəmdülillah» dedi, əllərini yuyub ev yiyəsinə təşəkkürünü bildirdi. Bu vaxt ev sahibi ona dedi:

– Bu evə bir də xoş gəlib səfa gətirmisən. İndi söylə görək adın nədir, nə peşənin yiyəsisən?

Sindbad cavab verdi:

– Ağa, mənə hambal Sindbad deyərlər, işim-peşəm ona-buna muzdla yük daşımaqdır.

Ev sahibi gülüb dedi:

– Ey hambal, məlumun olsun ki, sənlə mən adaşıq, mənim də adım dəniz səyyahı Sindbaddır. İndi mənim səndən təmənnam budur ki, bir az bundan qabaq darvazada dediyin şeiri bir də deyəsən, mən qulaq asım.

Bunu eşidəndə hambal utanıb dedi:

– Səni and verirəm Allaha, məndən incimə, əzab-əziyyət, yoxsulluq adamı çaşdırır, qanmaz eləyir.

Ev sahibi cavab verdi:

– Heç utanıb-eləmə, bu gündən sən oldun mənim qardaşım. Şeiri de, qulaq asım; sən darvazanın yanında dayanıb onu oxuyanda xoşuma gəldi.

Hambal şeiri bir də oxudu:

Belə həyat kimə lazım?
Ac-yalavac, ətraf zalım.
Məmnundurlar başqaları,
Heç tükənməz səfaları.
Eyş-işrətdə yaşayarlar,
Nə aclıq, nə zülm dadarlar.
Onlardan əskiyim nədir?
Guya hamı bərabərdir…
Nə olsun varlıdırlar çox?!
Ölümçün bunun fərqi yox.
Təkcə dövlətli xoşbəxtdir!
De, bu necə ədalətdir?!

Ev sahibi hambala qulaq asıb yenidən valeh oldu və dedi:

– Ey hambal, sənə məlum olsun ki, mənim qəziyyəm qəribədir. Başıma gələnləri sənə danışaram, onda görərsən ki, indiki xoşbəxtliyə çatıb həmin bu yerdə oturana qədər nələr çəkmişəm. Mən bu ağ günə çıxanacan çox əzab-əziyyət görmüşəm, çox bəlalara düçar olmuşam. Keçmişdə çox zəhmət çəkib alın təri axıtmışam. Yeddi dəfə səyahətə çıxmışam, hər birində başıma elə qəribə əhvalatlar gəlib ki, qulaq asanlar heyran qalır.

Hamısı qəzavü-qədərdir. İnsanın alnına nə yazılıb, o da olmalıdır, ondan heç kim yaxasını qurtara bilməz.

SİNDBADIN BİRİNCİ SƏYAHƏTİ

Ey ağalar, ey nəcib adamlar, məlumunuz olsun ki, mənim atam tacir idi, özü də çox adlı-sanlı adam idi, hörmət-izzəti vardı, çoxlu pul, mal-dövlət sahibiydi. O, rəhmətə gedəndə mən balaca uşaq idim, ondan mənə çoxlu pul, torpaq, kənd-kəsək qalmışdı.

Elə ki böyüyüb bütün bu var-dövlətə yiyələndim, könlüm istəyən kimi yeyib-içib günümü eyş-işrətdə keçirməyə başladım. Cavan oğlanları başıma yığırdım, geyinib-kecinib dost-aşnalarla gəzirdim. Elə bilirdim günüm-güzəranım həmişə belə keçəcək, heç bir dərdim-sərim olmayacaq. Bir müddət bu minvalla keçdi. Bir gün kefdən ayılıb ağlım başıma gələndə gördüm ki, pulum qurtarıb, vəziyyətim ağırlaşıb, olan-olmazım hamısı əldən gedib. Canıma vəlvələ düşdü, özümü itirdim. Elə bu vaxt atamın keçmişdə dediyi bir söz yadıma düşdü. O, nağıl eləyirdi ki, Davud peyğəmbərin oğlu Həzrət Süleyman deyərmiş: «Üç şey üç şeydən yaxşıdır: ölüm günü – təvəllüd günündən, diri köpək – ölü aslandan, qəbir – kasıblıqdan».

Tez yerimdən qalxıb evdə olub-qalan nə vardı hamısını yığışdırdım, aparıb satdım; əlimdə qalan torpaqları da satandan sonra üç min dirhəm düzəltdim. Başıma belə bir fikir dolmuşdu ki, dünyanı səyahətə çıxıb məmləkətləri gəzim.

Bəli, səyahət eləmək qərarına gəlib özümə mal aldım, cürbəcür ləvazimat, səfər üçün lazım olan bir para şeylər aldım, hamısı hazır olanda bir dəstə tacirlə birgə gəmiyə minib Bəsrə şəhərinə yola düşdüm. Neçə gün neçə gecə yol getdik, neçə-neçə adadan ötdük, dəryadan keçdik, torpaqlar gördük. Haradan keçsək, orada mal satıb mal alırdıq, dəyiş-düyüş eləyirdik. Dəryada xeyli gedəndən sonra bir adaya gəlib çatdıq, bura elə bil behişt bağlarından biri idi. Gəminin sahibi adaya yan aldı, lövbər salıb körpünü endirdi, gəmidə olanların hamısı quruya çıxdı. Ocaq qaladılar, hərə başladı bir işlə məşğul olmağa – kimi xörək bişirirdi, kimi paltar yuyurdu, kimi də seyrə çıxmışdı. Mən adanı gəzməyə çıxanların arasındaydım.

Bir xeyli keçəndən sonra bütün gəmi əhli bir yerə toplaşdı, başladılar yeyib-içməyə, gülüb-oynamağa. Hamının başı buna qarışanda bir də gördüm gəmi sahibi göyərtəyə qalxıb oradan bizə qışqırır:

– Camaat, tez olun, gəmiyə qalxın, durmayın, cəld tərpənin! Nəyiniz var, qoyun qalsın, qaçın canınızı qurtarın. Nə qədər ki ölməmisiz, qaçın. Siz gəzdiyiniz ada deyil, nəhəng balıqdır, suya yatıb. Külək onun belinə daş-torpaq gətirib səpib, beli olub ada kimi, üstündə ağac-uğac bitib. İndi siz ocaq qalamısız deyə balıq istidən başlayıb tərpənməyə, bu saat sizinlə birgə suyun dibinə çökəcək. Başınızın çarəsini qılın, yoxsa hamınız boğulacaqsız…

Adamlar onun dediyini eşidəndə tez əl-ayağa düşdülər, ayın-oyunlarını, qazanlarını, manqallarını orada qoyub gəmiyə sarı qaçdılar. Kimi özünü gəmiyə yetirə bildi, kimi yetirə bilmədi. Elə bu vaxt ada hərəkətə gəlib üstündəkilər qarışıq dəryanın dibinə yatdı. Dəniz yerindən oynadı. Mən adada ləngiyib suya qərq olanların arasındaydım. Ancaq Allah-taala köməyimə yetib məni boğulmağa qoymadı, yolçuların paltar yuduğu iri təknələrdən birini mənə yetirdi. Can şirin olur, tez təknədən yapışıb üstünə çıxdım, başladım ayaqlarımla avar kimi suyu kürəkləməyə. Ləpələr məni elədən-belə qovurdu, belədən-elə. Gəmiçi yelkənləri açıb qurtulanlarla birgə uzaqlaşırdı, suda boğulanlara fikir də vermirdi. Gəmi ta gözdən itənəcən dalınca baxdım, elə ki gəmi görünməz oldu, dedim daha axırım çatıb.

Gecə oldu, qaranlıq düşdü. Bir gün, bir gecə bu minvalla keçdi, axırda külək, ləpə köməyimə yetdi, təknəni qova-qova gətirib sıldırım qayalıq bir adanın qırağına çıxartdı. Burada çoxlu ağac bitmişdi, qol-qanadları suya əyilmişdi. Əlimi atıb hündür bir ağacın budağından bərk-bərk yapışdım, birtəhər dırmaşıb sahilə çıxdım; bu vaxt az qalmışdı yıxılam öləm. Adada gördüm ki, ayaqlarım şişib, baldırlarımda balıq dişlərinin yeri qalıb. Ancaq elə qəmgin olmuşdum, elə yorulmuşdum ki, ayaqlarımın ağrısını da duymurdum. Huşumu itirib gecəni səhərəcən ölü kimi qaldım. Səhər gün çıxanda gözümü açdım, gördüm ayaqlarım bir az da şişib. Amma ağrıya baxmadım, sürünə-sürünə, iməkləyə-iməkləyə adanı görməyə getdim. Burada çoxlu meyvə ağacı, şirin sulu çaylar vardı. Meyvələrdən yığıb yedim, sudan içdim.

Bu qayda ilə neçə gün neçə gecə adada qaldım. Bir az özümə gəlib dirçəldim, qıvraqlaşdım. Adanın qırağınca gəzib fikirləşdim, Allah-taalanın bu ağacların arasında xəlq elədiklərinin tamaşasına durdum. Ağac budağından özümə çəlik düzəldib axsaya-axsaya yeridim. Bu minvalla xeyli müddət adada qaldım.

Günlərin bir günü yenə dəryanın kənarı ilə gedirdim, birdən aralıda gözümə qəribə bir məxluq dəydi. Fikirləşdim ki, ya vəhşi heyvandır, ya da dəniz heyvanlarındandır. Başladım ona sarı getməyə, özüm də gözümü ondan çəkmirdim. Yaxınlaşanda gördüm ki, bu, çox iri bir atdır, dənizin qırağında ağaca bağlanıb.

Mən yanına çatanda at elə bərkdən kişnədi ki, canıma lərzə düşdü, istədim geri qayıdam, elə bu vaxt yerin altından bir adam çıxıb üstümə qışqırdı, dalımca gəlib mənə dedi:

– Kimsən, haradan gəlirsən, burada nə gəzirsən?

Cavab verdim:

– Ağa, məlumun olsun ki, mən qərib babayam. Gəmi ilə səfərə çıxmışdıq, yolda qəzaya düşdük. Suda boğulanda Allah-taala mənə bir təknə yetirdi, mindim təknəyə, başladım üzməyə, axırda dalğa məni gətirib bu adaya çıxartdı.

Bunu eşidəndə adam qolumdan yapışıb dedi:

– Gedək mənimlə.

Onun yanına düşüb getdim. Məni bir zirzəmiyə endirib oradan da geniş bir yeraltı otağa apardı, otağın ortasında məni oturdub yemək-içmək gətirdi. Bərk acmışdım, başladım yeməyə, o ki var yeyib qarnımı doyurandan sonra toxtadım.

Sonra bu adam başıma gələnləri yerli-yataqlı xəbər aldı. Mənə nə üz vermişdisə, hamısını əvvəldən-axıracan bir-bir ona nağıl elədim, kişi danışdıqlarımı eşidəndə mat qaldı.

Mən öz əhvalatımı söyləyib qurtaranda dedim:

– Ağa, səni and verirəm Allaha, mənə acığın tutmasın, başıma nə gəlib, hamısını sənə danışdım. İndi arzum budur, sən də mənə söyləyəsən görüm kimsən, nəkarəsən, niyə yerin altındakı bu otaqda oturmusan? Niyə atını dəryanın qırağında bağlamısan?

O cavab verdi:

– Məlumun olsun ki, biz burada çoxuq, bu adaya gəlib hərəmiz bir tərəfə səpələnmişik. Biz əl-Mihrcan şahın mehtərləriyik. Onun atlarına biz baxırıq. Hər dəfə ay təzələnəndə cins atları yığıb bura gətiririk, madyanları dəryanın qırağında bağlayırıq, özümüz də yerin altındakı bu otaqlarda gizlənirik ki, heç kim bizi görməsin. Dərya ayğırları madyanların iyini alıb sudan çıxır. Ayğır sağa-sola boylanıb görəndə ki heç kim yoxdur, madyanla cütləşir, sonra da onu çəkib dəryaya aparmaq istəyir. Ancaq madyan bağlı olduğundan ayğıra qoşulub gedə bilmir. Ayğır kişnəyib madyanı başı ilə itələyir, təpiklə vurur; biz onların kişnərtisini eşidəndə bilirik ki, madyanlarla cütləşib qurtarıblar. Onda zirzəmidən çıxıb ayğırları qovuruq, bizdən ürküb təzədən dəryaya girirlər. Madyan vaxtı-vədəsi çatanda doğur. Hər qulunun qiyməti bir dolu kisə qızıldır, çünki dərya ayğırından əmələ gələn atın yer üzündə tayı-bərabəri tapılmaz. İndi ayğırların çıxan vaxtıdır. Ondan sonra, Allah qoysa, səni götürüb apararıq əl-Mihrcan şahın yanına. Məmləkətimizi sənə göstərərəm. Yəqin bil ki, bizə rast gəlməsəydin, bu adada insan üzü görməyəcəkdin, tək-tənha ölüb-itəcəkdin, heç kim də səndən xəbər tutmayacaqdı. Qanının arasına mən girdim. İndi də kömək elərəm, vətəninə qayıdarsan.

Mənə elədiyi yaxşılığın, göstərdiyi mərhəmətin əvəzində mehtərə razılıq elədim. Biz belə söhbətləşən zaman birdən ayğır dəryadan çıxdı, bərkdən kişnəyib madyanın üstünə atıldı, cütləşmədən sonra istədi madyanı özüylə aparsın, at bağlı olduğundan apara bilmədi. Onda ayğır başladı kişnəyib madyanı təpikləməyə. Belə olanda mehtər qılıncını-qalxanını götürüb otaqdan çıxdı, qılıncı qalxana vura-vura yoldaşlarını haraylayıb dedi:

– Çıxın, yeriyin ayğırın üstünə.

Bir dəstə adam əldə nizə tökülüşüb gəldi, başladılar hərə bir yandan qışqırmağa. Ayğır onlardan ürküb kəl kimi özünü verdi dəryaya, suyun altında gözdən itdi. Mehtər bir az oturub gözlədi, sonra yoldaşları onun başına toplaşdılar, hərəsinin də yedəyində bir madyan. Onlar məni mehtərin böyründə görəndə haradan gəlib hara getdiyimi xəbər aldılar. Mən bu sözün cavabında mehtərə nağıl elədiklərimi onlara da danışdım. Mehtərlər mənə yaxın oturub süfrə açdılar, başladılar yeyib-içməyə. Məni də qonaq elədilər, qoşuldum onlara. Yeyib doyandan sonra onlar qalxıb atlarını mindilər, məni də bir atın tərkinə alıb özləriylə apardılar.

Az getdik, çox getdik, gəlib çatdıq əl-Mihrcan şahın şəhərinə. Burada mehtərlər hökmdarın yanına gedib mənim hal-qəziyyəmi ona xəbər verdilər. Padşah əmr elədi ki, məni onun hüzuruna gətirsinlər. Məni padşahın hüzuruna apardılar. Salam verdim, salamımı hörmətlə alıb dedi:

– Xoş gəlmisən!

Sonra başıma gələnləri xəbər aldı, mən də nə olmuşdusa, hamısını əvvəldən-axıracan ona nağıl elədim. Padşah mənim nə gördüyümü, nə çəkdiyimi eşidəndə çox təəccüb eləyib dedi:

– Oğul, and olsun Allaha, sənin bəxtin gətirib, görünür, əcəlin tamam deyilmiş, yoxsa o bəladan qurtula bilməzdin. Şükür Allaha, sağ-salamat qurtarmısan!

O mənə hörmət, mərhəmət göstərib özünə yaxın əyləşdirdi, başladı ürək-dirək verib könlümü almağa. Padşah məni dəniz limanına rəis təyin eləyib tapşırdı ki, ora gələn gəmilərin hamısını yazım. Bu minvalla padşahın yanında qalıb onun tapşırdığı işləri görürdüm, o da mərhəmətini məndən əsirgəmirdi, qayğıma qalıb hər cür köməklik göstərirdi. Mənə gözəl bir libas bağışladı. Az müddətdə onun yaxın adamlarından oldum. Camaatın şikayətinə baxırdım.

Beləliklə, xeyli müddət onun yanında qaldım. Hər dəfə limanda gəzəndə başqa məmləkətdən gələn tacirlərdən, dənizçilərdən Bağdad şəhərinin hansı tərəfdə olduğunu xəbər alırdım. Fikirləşirdim ki, bəlkə, ora bir yolu düşən oldu, mən də onunla bir yerdə vətənimə qayıdaram. Ancaq heç kim Bağdadın hayanda olduğunu bilmirdi, heç kim ora gedən bir adam tanımırdı. Uzun müddət qürbətdə qalmağım məni çox darıxdırırdı.

Bir müddət belə keçdi, bir gün əl-Mihrcan şahın yanına gələndə gördüm ki, orada bir dəstə hindistanlı əyləşib. Onlara salam verdim, salamımı alıb mənim yurd-yuvamdan xəbər tutmağa başladılar. Mən də onların vətənindən söz salanda bildirdilər ki, onların arasında şaşakirilər ən möhtərəm adamlardır, onlar heç kimi incitmirlər, heç kəsə zorakılıq göstərmirlər. Bundan başqa, içərilərində elə adamlar da var ki, adlarına brəhmən deyirlər, onlar heç vaxt şərab içmirlər, ancaq dünyanın zövq-səfasından da qalmırlar, qayğısız, deyə-gülə ömür sürürlər, çalğıya qulaq asırlar, dəvələri, atları, mal-qaraları olur. Onlar mənə danışdılar ki, hindlilər yetmiş iki təriqətə bölünürlər. Mən bunu eşidəndə məəttəl qaldım.

Mən əl-Mihrcan şahın məmləkətindəki adalar içində bir ada görmüşdüm, adına Kəsil deyirdilər. Bütün gecəni orada dəf çalınır, təbil vurulurdu. Adaya yaxşı bələd olanlar mənə danışırdılar ki, burada yaşayanlar ağır təbiətli, düzgün fikirli adamlardır. Mən oranın dəryasında elə balıq görmüşəm ki, uzunluğu düz iki yüz dirsək, elə də balıq görmüşəm, başı bayquş başı kimidir. Bu səyahətim zamanı o qədər qəribə-qəribə işlərə, möcüzələrə rast gəlmişəm ki, hamısını nağıl eləsəm, söhbət çox uzanar.

Mən bu adaları gəzib orada nə vardı hamısına tamaşa eləyirdim. Bir gün yenə həmişəki kimi əlimdə əsa dənizin kənarında dayanmışdım. Bu vaxt gördüm böyük bir gəmi gəlir. Gəmi limana girib sahilə yan aldı, yelkənlər salınıb körpü endirildi, gəmi əhli başladı gəmidəki yükü boşaltmağa. Mən də dayanıb daşınan malları yazırdım.

Onlar işi qurtaranda mən gəminin yiyəsindən soruşdum:

– Daha bir şey qalmadı ki?

Gəmi sahibi cavab verdi:

– Mənim ağam, gəminin anbarında mal qalıb, ancaq o malın yiyəsi yolda biz bir adanın yanından ötəndə dəryada qərq oldu, indi onun malları bizə əmanət qalıb. İstəyirik məzənnəni öyrənib həmin şeyləri sataq, pulunu aparıb Bağdadda mərhumun qohumlarına çatdıraq.

Onda mən gəmiçidən xəbər aldım:

– O malların yiyəsinin adı nə idi?

Cavab verdi:

– Onun adına dəniz səyyahı Sindbad deyərdilər, yazıq suda boğuldu.

Bu sözdən sonra mən zənlə baxıb onu tanıdım, o saat da qışqırıb dedim:

– Ey gəmiçi, biləsən ki, dediyin o malların sahibi mənəm. Adım da dəniz səyyahı Sindbaddır. O vaxt tacirlər gəmidən adaya düşəndə mən də onların içindəydim. Üstündə durduğumuz balıq tərpənəndə sən qışqırıb bizi səslədin. Macal tapıb gəmiyə minən mindi, qalanlar da suda batıb qərq oldu. Batanların arasında mən də vardım. Ancaq Allah-taalanın yazığı gəldi, məni boğulmağa qoymadı. Səyyahların pal-paltar yuduğu təknələrdən birini mənə ürcah elədi. Mindim təknəyə, gəlib çıxdım bu adaya. Bura çıxandan sonra əl-Mihrcan şahın mehtərlərini gördüm, məni gətirdilər həmin bu şəhərə. Burada onlar məni apardılar şahın hüzuruna. Padşah mərhəmət göstərib məni şəhər limanına rəis qoydu. İndi bu işdən mənfəət hasil elədiyimi görüb kəramətini məndən əsirgəmir. O ki qaldı bu mallara, onların yiyəsi mənəm. Var-yoxum elə onlardır.

Bunu eşidəndə gəmiçi qışqırıb dedi:

– Allah-taalanın gücü, qüdrəti qarşısında hər şey acizdir! Heç kimdə ar-namus qalmayıb!

Onda mən xəbər aldım:

– Ey gəmiçi, niyə belə danışırsan? Bəs mən başıma gələnləri sənə nağıl eləmədimmi?

Gəmiçi cavab verdi:

– Mən dedim ki, bizdə yiyəsiz mal qalıb, sahibi dəryada qərq olub, sən də bunu eşidib istəyirsən o mala yiyələnəsən. Bilmirsən ki, özgə malına göz dikmək haram buyrulub? O adamın suda boğulduğunu biz gözümüzlə görmüşük. Onun yanında gəmidə gedənlərdən çox adam vardı, biri də salamat qurtarmadı. İndi sən necə sübut edə bilərsən ki, bu malların sahibisən?

Mən dedim:

– Ey gəmiçi, sən gəl mənə üz verən əhvalata yaxşı qulaq as, sözlərimə diqqət yetir, onda özün görərsən ki, mən düz danışıram. Kişi olan kəs yalanı dilinə gətirməz.

Bunu söyləyəndən sonra mən onun gəmisində Bağdad şəhərindən çıxıb qəzaya uğradığımız adaya çatana kimi başıma gələnləri gəmiçiyə nağıl elədim, səfər zamanı ikimizə birlikdə üz verən bəzi başqa əhvalatları da yadına saldım. Bunları eşidəndə gəmiçi də, tacirlər də sözlərimin düzlüyünə inanıb məni tanıdılar, sağ-salamat qurtarmağıma şükür eləyib dedilər:

– And olsun Allaha, sənin salamat qurtardığını ağlımıza da gətirməzdik, Xudavəndi-Kərimin sənə rəhmi gəlib.

Onlar mallarımı özümə qaytardılar, baxıb gördüm ki, hamısının üstündə adım yazılıb, hər şey öz yerindədir. Mən tayları açıb qiymətdə baha bəzi-para şeyləri çıxardım, gəmiçinin qulları bunları götürüb mənim dalımca padşahın hüzuruna gətirdilər. Padşaha ərz elədim ki, bu, həmin mən gələn gəmidir, mallarımın hamısı sağ-salamat gəlib özümə çatıb, bu hədiyyələr də oradandır. Padşah buna çox təəccübləndi. İndiyəcən söylədiklərimin gerçəkliyi ona tamam aşkar oldu.

Padşahın mənə rəğbəti birə-yüz artdı. Böyük hörmət göstərdi, ona gətirdiyim hədiyyələrin müqabilində mənə çoxlu bəxşiş verdi.

Mən tayları, özümdə olan malları satıb çoxlu qazanc götürdüm. Əvəzində bu şəhərdən cürbəcür mal, azuqə alıb yükümü tutdum, tacirlər yola düşəndə yükün hamısını gəmiyə vurdum. Sonra padşahın hüzuruna gedib mənə göstərdiyi qayğıya görə ona minnətdarlıq elədim, vətənimə, qohum-əqrəbamın yanına qayıtmaq üçün rüsxət istədim. Padşah bu şəhərdə tapılan gözəl mallardan mənə böyük pay tutdu. Mən onunla halallaşıb gəmiyə mindim, Allah-taalanın izniylə yola rəvan olduq.

Bəxtimiz gətirdi, xoşbəxtlik üz verdi, gecə-gündüz yol gedib sağ-salamat gəlib çatdıq Bəsrə şəhərinə. Gəmidən düşüb bu şəhərdə bir az qaldıq. Mən xilas olduğuma, sağ-salamat vətənə qayıtdığıma çox sevinirdim.

Sonra oradan yola düşüb əmin-amanlıq şəhəri Bağdada getdik. Özümlə tay-tay bahalı mal apardım. Çatanda öz məhəlləmizə üz qoydum, gəlib evimizi tapdım. Qohum-qardaş, yar-yoldaş tökülüşüb gəldi. Az sonra özümə çoxlu nökər-naib, qul-qaravaş tutdum, qabaqkından da çox ev-eşik, bağ-torpaq aldım. Dost-aşnayla əvvəlkindən də artıq yaxınlıq eləməyə, durub-oturmağa başladım. Yorğunluğu, qəriblikdə çəkdiyim əzab-əziyyəti, yolda başıma gələn müsibətləri – hamısını yaddan çıxartdım.

Günlərim eyş-işrətdə, ləzzətli yeməklər yeyib bahalı içkilər içməkdə keçirdi. Bəli, birinci səyahətimdə başıma belə-belə işlər gəldi. Allah qoysa, sabah yeddi səyahətimdən ikincisini nağıl elərəm.

Belə olan surətdə dəniz səyyahı Sindbad hambal Sindbada şam yeməyi verdirib əmr elədi ona yüz misqal qızıl gətirsinlər. Sonra da dedi:

– Sən bu gün bizim ürəyimizi açdın.

Hambal ona razılıq elədi, verdiyi bəxşişi alıb yola düzəldi. Gedə-gedə heyrətlə fikirləşirdi ki, dünyada insanın başına nə əcaib işlər gəlir.

Hambal gecəni öz evində yatdı, səhər olcaq qalxıb yenə dəniz səyyahı Sindbadın evinə getdi. İçəri girəndə ev sahibi dedi: