banner banner banner
Heraklın on iki qoçaqlığı
Heraklın on iki qoçaqlığı
Оценить:
Рейтинг: 0

Полная версия:

Heraklın on iki qoçaqlığı

скачать книгу бесплатно

Bu yoxsul evdə Molarx adlı bir kəndli yaşayırdı. Herakl gecəni onun yanında qaldı. Mehriban insan olan Molarx şam üçün saxladığı bir parça boyat çörəyi və bir fincan turş şərabı ortaya qoydu. Onlar birlikdə şam etdilər. İri cüssəli cəsur cəngavərin bu yerlərə hansı məqsədlə gəldiyini eşidəndə Molarxı elə bil ildırım vurdu, nitqi qurudu. Qorxudan rəngi ağappaq ağarmış kəndli Heraklın qarşısında diz çöküb ona yalvarmağa başladı:

– Ey igid, gəl sən bu fikirdən əl çək. Bu şir çox güclü və qorxunc bir heyvandır. Onun dərisi daşdan da bərkdir. O, yekə çay daşlarını ağzına salıb asanlıqla gəmirir.

Molarx onu da dedi ki, bu qorxunc şir çox dərin, zil qaranlıq bir mağarada yaşayır, üstəlik də bu mağara tilsimlidir; nə qədər ki şir mağaradadır, ona nə nizə, nə qılınc, nə də ox batmır…

Molarx əmin idi ki, Nemey şirini öldürmək istəyən Herakl, əslində, özü ölümə gedir. Bu cavan cəngavərə yazığı gəldiyindən Molarx onu fikrindən daşındırmağa çalışırdı. Ancaq görəndə ki, Herakl öz niyyətindən dönmək fikrində deyil, ev sahibi kədərli-kədərli dedi:

– Ey cəngavər, bir halda ki, mənimlə razılaşmırsan, onda dinlə, gör nə deyirəm! Bu gün kəndimizin camaatı böyük Zevsə qurbanlar kəsəcək. İstəyirsənsə, mən də qurban kəsim ki, Zevs səni bu qorxunc heyvandan hifz etsin.

Herakl bu sözlərə gülümsəyərək cavab verdi:

– Molarx, sən çox yaxşı adamsan. Amma səbir elə, qurbanını mən Nemey şirini öldürdükdən sonra kəsərsən. Otuz gün məni gözlə. Əgər bu müddət ərzində mən şirin dərisini gətirsəm, uğurlu ov üçün birlikdə Zevsə şükürlər edərik. Otuzuncu gün gəlib çıxmasam, onda bil ki ölmüşəm və mənim üçün yas saxlayıb dua et.

Herakl bu sözləri deyib ayağa qalxdı, öz polad dəbilqəsini başına qoydu, qılıncını bağladı və xudahafizləşib daxmadan çıxdı.

Molarx onu astanaya qədər ötürdü. O, uzun müddət qapıda durub qəmli-qəmli başını buladı. Dünya görmüş qoca bu igid qonağını bir daha görməyəcəyinə əmin idi.

Molarx iyirmi doqquz gün iztirab içərisində gözünü Heraklın getdiyi yola dikdi. Qoca kəndli hər gün səhər açılandan gecə düşənədək astanada oturub Heraklın yolunu gözləyirdi. Amma qorxmaz qəhrəman təhlükəli səfərdən dönmürdü ki, dönmürdü.

Nəhayət, otuzuncu gün gəlib yetişdi. Gün keçdi, axşam oldu, amma Herakldan soraq çıxmadı. Molarx yəqin etdi ki, qonağı Nemey şirinə yem olub. Əlacı kəsilmiş kişi əllərini yudu və sözləşdikləri kimi, həlak olmuş qəhrəman üçün qurban kəsməyə hazırlaşdı. Elə bu zaman qapı bərkdən döyüldü. Molarx gələn adamın Herakl olduğunu düşünüb sevinc içində qapıya doğru qaçdı. İçəriyə Molarxın tanımadığı yad bir adam girdi. Naməlum qonağın əynində qara rəngli ağır bürüncək, başında isə qəribə dəbilqə vardı. Saçları çiyinlərinə tökülmüş sıx saqqallı yad adam xırıltılı və kobud səslə dedi:

– Əgər Molarx sənsənsə, hələ qurban kəsmə, çünki Herakldan sənə xəbər gətirmişəm.

Molarx bu adamın qara bürüncəyinə və topa saqqalına baxıb düşündü ki, bu qəfil qonaq, yəqin, meşə ilahının özüdür. Qorxudan Molarxın dili tutuldu, heysiz halda səndələ çökdü. Yerində quruyub dəhşətli qonağı dinləməyə hazırlaşdı.

Qonaq öz nəhəng bədənilə ocağın qabağını kəsərək daxmanı qaranlığa qərq etmişdi. Molarx onun üzünü yaxşı görə bilmirdi, çox yaxın durmağa da cəsarəti çatmırdı.

Sükutu qonağın qorxunc səsi pozdu:

– Herakl sənin yanından gedəndən bir az sonra gecənin qaranlığına düşdü. O tez-tez arxaya boylanırdı, qorxurdu ki, Nemey şiri kolların içindən sıçrayıb arxadan onun üzərinə atılsın…

Qonağın xırıltılı səsini dinləyə-dinləyə Molarx düşündü ki, yəqin uzaq yol gələn meşə ilahı yorulub əldən düşüb. Buna görə də ev sahibi ayağa qalxıb özü üçün saxladığı şərabı son damlasınadək piyaləyə süzdü, dinməz-söyləməz qonağın qabağına qoydu. Qonaq şərabı birnəfəsə içib dodaqlarını əlilə sildi və hekayəsinə davam etdi:

– Dan yeri ağaran zaman Herakl gəlib Nemey meşəsinə çatdı. Şir buradakı ağacların arasında gizlənə bilərdi. Odur ki, Herakl diqqətlə ətrafa baxmağa başladı. Amma heç bir şey görmədi. Bu zaman Herakl Nemey şirinin dərisinin daşdan da bərk olduğunu xatırladı. Ona demişdilər ki, heyvana nə ox, nə də qılınc batmır. Odur ki, Herakl daha etibarlı silah düzəltmək qərarına gəldi. Bu məqsədlə o, cavan bir palıd ağacını kökündən çıxarıb budaqlarını kəsdi, özü üçün dəmir kimi möhkəm bir toppuz hazırladı. Həmin toppuz budur, baxa bilərsən.

Bu sözləri deyib qonaq yekə bir dəyənəyi Molarxa uzatdı. Molarx ehmalca ondan yapışdı, lakin ağır olduğundan qaldıra bilmədi. Öz-özünə düşündü ki, əgər meşə ilahı Heraklın toppuzunu ona göstərirsə, deməli, yolunu gözlədiyi cəsur cəngavər artıq dünyada yoxdur. Qonaq gülümsəyərək dəyənəyi qıçlarının arasına qoydu və sözünə davam etdi:

– Herakl toppuzu düzəltdikdən sonra ağaca dırmaşıb dərin yuxuya getdi. On gün, on gecə yatıb Nemey şiri ilə çarpışmaq üçün qüvvə topladı. Nəhayət, Herakl yuxudan ayıldı və şirdən səs-səmir gəlmədiyini görüb onu axtarmağa yollandı. Meşədən təzəcə çıxmışdı ki, yolun kənarındakı təpənin üstündə daşdan yonulmuş nəhəng bir şir gördü. Herakl fikirləşdi ki, yəqin, bu qəribə heykəli ətraf kəndin sakinləri daşdan yonublar. O arxayın-arxayın dayanıb ustalıqla hazırlanmış bu heykələ tamaşa etməyə başladı. Lakin qəfildən bu dəhşətli "heykəl" daş başını qaldırdı və qorxunc bir nərə çəkərək sıçrayıb ayağa qalxdı. Herakl diksindi, amma qorxmadı. Dərhal qızıl oxu çıxarıb kamana qoydu. Bu müdhiş heyvanın gözünü nişan alıb oxu atdı. Nemey şiri tez gözünü yumdu, qızıl ox heyvanın zireh kimi möhkəm göz qapağına dəyərək şimşək kimi parıldadı və cingiltilə yerə düşdü. Oxun parıltısından gözləri qamaşan əcaib şir nərildəyə-nərildəyə meşə boyu qaçmağa üz qoydu. Herakl onun dalınca daha bir ox atdı, lakin bu ox da şirin daş kimi dərisinə dəyib yerə düşdü. Şir sürətlə qaçıb təpələrin arasında gözdən itdi.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 10 форматов)