banner banner banner
Son qazıntı
Son qazıntı
Оценить:
Рейтинг: 0

Полная версия:

Son qazıntı

скачать книгу бесплатно

Son qazıntı
Emrah Serbes

Cinayət Bürosunun baş komissarı Behzat Ç. yaşadıqlarından sonra sevdiyi işindən ayrılır. (Müəllifin “Hər təmas iz buraxır” romanını, yəni bu seriyanın ilk romanını oxuyanlar hadisələrin gedişatından xəbərdardır.) Əslində, Behzat Ç. susmağı seçib və hələ də işinin başındadır. İzah etmək istədiklərini əl işarəsiylə, jest, mimika və susqunluğu ilə başa salır. Behzat Ç. həmkarları ilə Ankaranın altını-üstünə çevirir. Amma bunu edən təkcə onlar deyil. Şəhərin hər yerində qazıntı işləri gedir – yol çəkilir, binalar tikilir, hovuzlar qazılır. Amma qazıntı bununla da bitmir. Özünü Red Kit adlandıran bir cani dolaşır şəhərdə və parklarda quyular qazır, öldürdüyü adamları tabuta qoyub o quyularda basdırır, polisə xəbər verməyi də unutmur.

Çünki polislə həll edilməyən bir problemi var. Bütün polis təşkilatı onu axtarsa da, ölümlərin ardı-arası kəsilmir… Behzat Ç. susmağı seçsə də ondan qaçmaq asan məsələ deyil.

Əmrah Sərbəs

Son qazıntı

Ankara detektivi

Atam Sinan Sərbəsin xatirəsinə…

Və kiçik Ardaya, ömrümüzə xoş gəldin…

“Bir uşaqdan qatil yaradan zülməti sorğulamadan heç nə etmək olmaz, qardaşlarım!”

Rakel Dink,

23 yanvar 2017-ci il, Hrant Dinkə vida nitqindən

1

Qarşıdurma xəbərini aldıqları zaman TED Kollecinin qarşısından Kurtuluşa

çıxırdılar.

– Bu xəbər bir gün də doğru istiqamətdə olduğumuz zaman gəlsin, arxadaş, – Harun deyindi.

Sevgililər günü idi və sulu qar yağırdı.

Behzat Ç. “Posta” arxa səhifəsinə bükülmüş “Tekel” pivəsinin dibində qalanı başına çəkdi. İki barmağıyla çevirdiyi şüşənin bir tərəfində döşlərini qoluyla bağlamış maneken, digər tərəfində qlobal istiləşmə səbəbiylə çətin günlər keçirən qütb ayıları vardı. Ayılarla əlaqədar xəbərə göz gəzdirib şüşəni ayaqlarının arasına qoydu. Harunun sürəti azaltmadan, ağılasığmaz “U dönüşü” etməyə hazırlaşdığını anlayınca, şüşənin üstündəki dəstəkdən yapışdı. Saata baxdı: 23. 15.

Harun qazı basıb “Renault-Toros”un burnunu dönəcəyi yerə çevirdi və birdən əl əyləcindən yapışdı. Arxa tərəf mərkəzdən qaçma qüvvəsiylə axınca, maşının nəzarətdən çıxmaması üçün sükanı döngə istiqamətinin əksi istiqamətinə döndərib maşını “yığışdırdı”. “U”dan çox “V”-i xatırladan bir dönüş oldu. Güc-bəla yığdı, başqası olsa arxa oturacaq yerindən çıxardı.

Behzat Ç. normal şərtlər altında – NŞA – "Bir az yavaş!" ya da heç olmasa "Diqqətli ol!" deyə bilərdi, amma demədi. Çünki bir ildən çox idi ki, heç kəslə danışmırdı. Çox lazım olsa öz-özünə səs təlimləri edir, o anlarda da düzgün zamanı alındıra bilməyən bir dublyaj sənətçisi kimi hiss edirdi özünü. Yolu tutup Kızılay tərəfə getdiklərindən əmin olunca şüşəni açdı, mavi təpə lampasını ehtiyatla “Toros”un üstünə qoydu. Qarla yağış arasında tərəddüd edən qarışıq hava, yaş və buzlu nəfəsini yarıaçıq şüşədən içəri üfürməyə başlamışdı. Təcili yardıma yol verməyən ola bilər, amma arxadan gələn polisdirsə, bu bir az çətin məsələdir.

Yolları bağlı olan Sakarya prospektinə SSK İşhanı çiçəkçilər tərəfindən girdilər. Harun, önünə çıxan zibil maşınının solundan keçib, maşını yığışdırmağa çalışanda təpə lampası düşdü, maşının önündəki lampa uçdu. Səyyar satıcılar, üstlərinə ziqzaqlarla gələn “Toros”u görüncə, projektorlu oyuncaqları, dilçıxaran ördəkləri və bilumum zir-zibili yığıb, polis basqınından qaçırmış kimi sağa-sola dağılışdı. “Mal candan şirindir” deyən bir iki çiçəkçi gül dəstələrini içəri apardı. Sərxoşun biri diyirlənən lampanı tutub:

– Ey, qoçum mənim, – deyə Torosun arxasınca qışqırdı: – FTB-dənsiniz? Ancaq ondan sonra Harun, ayaqlarının arasında bir əyləc pedalı da olduğunu xatırladı. Əyləci basan kimi arxa təkərlər kilidləndi, bir müddət sürüşdülər və tam yerində dayandılar. Qarşıdurmanın ortasında.

Behzat Ç. saata baxdı: 23. 19.

Harun, sürət qutusunda maşının transmissiyasını arxaya keçirməyə çalışarkən– “Toros”un ən həssas yeridir, şəfqət istər – Əxlaq Bürosu belə “Megane”yə keçdi, biz hələ bu cır-cındır “Toros”larla deyə, deyinirdi.

– Aha! Akbaba da gəlib.

Akbaba, “Hosta Piknik”lə çiçəkçilər arasında qalan, yan-yörəsinə “Ankara gücü” tərəfdarlarının sprey boyayla yazılar yazdığı əcaib heykəli özünə sipər etmişdi. Hadisə yerinə ondan əvvəl çatmanın imkanı yox idi; bir adama boş yerəAkbaba deməzlər. Haruna əl edib.

– Gəlin, gəlin! – deyə qışqırdı. Ardınca havaya iki dəfə atəş etdi – At silahını! Polis! – Amma qara pencəkli adamların silahlarını atmaq niyyəti yox idi. Balıq piş taxtalarının arxasında gizlənib, SSK-nın girişinə doğru atırdılar.

Harun, “Toros”u heykəlin önündə saxladı. Avtomobildən çıxıdılar. Behzat Ç. boş “Tekel” şüşəsini zibil qabına atarkən hadisə yerini qoxladı. Çürümüş çiçək, təzə zibil, küftə, kokoreç

, dönər və güllələrdən yayılan barıt qazı qoxusu bir-birinə qarışmışdı. Akbaba, ikiqat dayansa da balqabaq kimi ortalıqda idi və daşa qənaət edən heykəltaraş Finlandiyalı idi.

Harun, Akbababadan soruşdu:

– Nə məsələdir?

– Xərac davasıdır.

– O biri qrup haradadır?

– SSK-nın önündəki bankomat var ha, ikisi oradadır. Bir adam da pivə çəlləklərinin arxasındadır.

– Aha! Hayalet də gəldi.

Hayalet, üz dərisi sümüklərinə yapışmış, gözləri içə çökük, dümağ və arıq bir adam idi. Əynində yazlıq bir pencək, pencəyin içində yüz ildir geydiyi yaşıl, qısa qollu köynəyi vardı. Polis məntəqəsinin qarşısından sivişib keçdi. Sanki görünməyən bir relsli sistemin üzərində irəliləyirdi.

Behzat Ç. şəhadət barmağını irəlini göstərdikdən sonra işarə verdi.

Harun, bir gözü komandirində, ratsiyanı götürdü:

– 45 32 – Mərkəz, – dedi.

– Mərkəz dinləyir 45 32.

– Biz heykəl tərəfi tutduq, o biri qrup hovuz tərəfdən gəlsin. Qəbul!

– Hansı hovuzun?

– Bu millətin oturub pivə içdiyi hovuz var ha…

– Hovuz var orada? Doldurdular oranı.

– Yaxşı uzatma Mərkəz! Oradan gəlsinlər.

– Aydın oldu. Qəbul.

Behzat Ç., Harunun verdiyi təlimatı başıyla təsdiqlədikdən sonra bir “216” apardı dodağının kənarına. Əli titrədiyi üçün odla tütünün qovuşması gecikdi bir az. Hələ tüstü ciyərlərinə çatmadan, kiçik bir əlin məxmər pencəyinin ətəklərinə yapışdığını hiss etdi. Döndü, altı yaşında bir uşaq idi.

– “Selpak” lazımdır? Əlindəki kağız dəsmalı qaldıra bildiyi qədər yuxarı qaldırmışdı. Burnun seliyi axmış, dodağının üstündə qurumuşdu. O anda vızıldayaraq gələn bir güllə Behzat Ç.-nin kölgəsini ürəyindən dəydi.

– Amirim bir az arxada dayan! – Harun dedi.

Behzat Ç., qoltuğunun altlarından yapışdığı “selpakçı” uşağı bir anda kokoreç dəzgahının arxasına qodu. Şəhadət barmağını yelləməklə oradan ayrılmamasını başa saldı. Geri qayıdanda üç polis də eyni yerə baxırdı.

Doldurulmuş hovuzun qarşısından qaçaraq gələn qırmızı paltolu bir qız, silah səslərindən qaçım deyərkən tam qarşıdurmanın ortasına düşmüşdü.

– Yerə yaaat! – Harun qışqırdı. – Yerə yaaaat!

Qız, iki əlini yana açaraq, donub qalmışdı. Behzat Ç. qırmızı paltolu qıza baxdı və ONU gördü. Gözlərini yumdu. Gicgahları döyünürdü. “Sakit ol, səhv gördün, O deyil.” Gözlərini açdı. Odur. Silah qoburunun “çıt-çıt”ını açdı, 14-lüyü çəkib getməyə başladı. Üç addım sonra fərqinə varmadan qaçırdı.

– Amirim, dayan! – Harun arxasınca qışqırdı.

Pivə çəlləyinin arxasından çıxan əl tətiyə basanda, qırmızı paltolu qız tirədi. Dənizə yavaş-yavaş, suyun soyuqluğuna alışa-alışa girmək istəyənlərin kürəyini islatdanda titrəyərlər, bir an donub qalarlar ha, O da elə qaldı. Sonra Behzat Ç.-yə doğru iki addım atdı, üçüncü addımda yıxıldı. Qarşıdan gələn qrup da sıxışdırınca, qara pencəkli adamlar “NETPiknik” qarşısından söküntü işləri davam edən “Yeni Səhnə”yə doğru var gücləri ilə qaçmağa başladılar. Harun, pivə çəlləyinin arxasından atəş açan adamın arxasınca SSK-ya girdi.

Behzat Ç., Onun yanında qaldı. Yavaş-yavaş izdiham yığıldı başlarına. Cib telefonları çəkməyə başladı.

– Çək ağbi çək, Youtube-a qoyarıq.

Akbaba, əlinin arxasıyla telefon kamerasıyla həvəskar fəlakət müxbirliyi edən adamı itələdi.

– Nə itələyirsən qardaşım! – Adam narazılıq etdi.

– S…r get! Qırmayım o telefonu.

İş-işdən keçdikdən sonra Onun üstünə “Posta”nın idman səhifəsini örtdülər. Uçmasın deyədə bir daş qoydular.

– Haradasınız siz! – Şahidlərdən biri polislərə qışqırdı. – Bura Texasdır?

– Bunlara polis nə etsin? Adamlar mafiyadır, – yanındakı yoldaşı bildirdi.

– Sən sus lan! – Hal şahidi onu danladı.

Ortaq bir yoldaşları, əsəbi şahidin qoluna girib, – Bahəddin ağbiyə elə dəmə, – dedi. – O yaxşı insandır.

Kokoreç bişirib, satan, dinclik və güvən mühitinin təmin edildiyinə əmin olduqdan sonra piştaxtanın arxasına keçdi. İl işi "sənin ananı, arvadını…" deyərək oraya sinən selpakçı uşağı təpikləmək oldu. Ardınca, çapacaqla, taxtanın üstündə hər zamankı 2/4-lük ritmini təkrarlamağa başladı: Tıq tıkı tıq-tıq. . . Tıq tıkı tıq-tıq. . .

Behzat Ç. kəsik-kəsik hürən “Uyuz 3”ün yanına əyildi. “Uyuz 3”, hürməsinə Behzat Ç.-dən başqa heç kəsin əhəmiyyət vermədiyini görüb yerə çökdü, pəncəsi ilə kürəyini qaşıdı. Sulu qarıyağdıqca islanıb-ağırlaşmış, təsadüfi küçə iti idi. Qulağında Baytarlıq İdarəsinin vurduğu mavi bir sırğa vardı. Adını küncdəki bufetçi qoymuşdu.

Çiyininə kiçik bir əl toxundu.

– “Selpak” lazımdır?

Behzat Ç.-nin boş gözləri hələ “Uyuz 3”də idi. “Selpakçı” uşaq, bir iki dəfə daha israr etdikdən sonra əsəbiləşib "sənin ananı, arvadını…" deyərək qaçdı. “Doktor küftəçisi”nin qarşısında dayandı, Behzat Ç.-nin arxasından gəlmədiyini görüncə rahatladı. Burnunun seliyini qoluna silib başqa bir müştəri axtarmağa başladı.

Getdikcə şiddətlənən sirena səsi əvvəlcə kokoreç birşirib-satanın taqqıltılarını, sonra digər səsləri basdırdı. Onun üstünə örtülü idman səhifəsi küləkdə açılıb-örtülürdü. 20, uzağı 21 yaşında idi. Üzündə, həyəcanlandıqda gözəlləşən gənc qızlara xas bir ifadə vardı. Kiçik burunun ucu soyuqdan qızarmış. İncə dodaqları gülümsəyirmiş kimi azca aralı idi. Təsadüfi güllə, peysər qıvrımından, tam sevgilisinin öpməsi lazım olan yerdən dəymişdi. Behzat Ç. əlini yaraya basdı. İslaq qar qanı hopdurarkən, onun baxışları on metr kənardakı bələdiyyə lövhəsinə dikilmişdi: "Ankara indi başqa cür gözəldir."

Behzat Ç., Cinayət Büro Amirliyində baş komissar, həyata qarşı işlənən cinayətlər mütəxəssisi, islanmış qarda mürəkkəb ləkəsi kimi böyüyən qana baxdı və yenə onu gördü. Gözlərini yumdu. “Sakit ol, səhv gördün, O deyil.” Gözlərini açdı, odur. Sağ əlinin içiylə “14-lüyün” maqazinini yuvasına itələdi. Havaya iki dəfə atəş açdı. Onu vuran adamı tapmaq üçün SSK-ya doğru getdi.

2

Xeyri atanın yapon balıqları

Red Kit, otuz yaşına çatdığı gün böyük axtarışına son verdi və “Tunalı Helmi”dəki məşhur terapistin qapısında nəfəsini dərdi. Qapını Səlma açdı. Xəbərdarlıq lövhəsi kimi qadın idi.

– Burada siqaret çəkmək olmaz! – dedi.

– Çəkən kimdir!

Səlma, Red Kitin dodağının küncündəki “Maltepe”nin yanmadığını fərq etdi.

– Görüşünüz dörddə idi deyilmi? – deyə soruşdu.

– Yəqin.

– Hələ iyirmi dəqiqə var.

– Ola bilər.

– Görüşlərinizə həmişə belə erkən gəlirsiniz?

– Həmişə belə çox sual verirsən?

Səlma girişdəki masasına kinli bir təbəssümlə döndü. Katibə idi hərhalda. Red Kit rəngli gözləmə otağında qaldı. Kreslonun küncündə oturdu, qara plaşının düyməsini açdı, sarı köynəyinin yaxasını düzəltdi. Bir-birlərini görmək üçün üçün oturduqları yerdə ikiqat olmaları lazım idi. Bir müddət sonra əyilən Səlma oldu, yanağı masaya dəymək üzrəykən soruşdu.

– “Nescafe” içirsiniz?

– Hər səhər içirəm.

Səlma iki “Nescafe” söylədi, biri kafeinsiz. Axşam Rəfiqlə – sevgilisiylə– görüşəcəkdi. Görəsən professor tez çıxmasına icazə verərdi? Səlmaya qalsa “Sevgililər günü”nü rəsmi tətil elan edərdi. Bu vaxt Red Kit, ruhi sağlamlığını pozan gözləmə otağındakı bir-iki tabloya baxdı.

Pəncərənin önündəki qəfəsdən prospekti izləyən yaşıl-sarı tutuquşunun qulaq cırmaqlayan cıqqıltılarını dinlədi. Əyilmədən soruşdu:

– Bu quşun adı Egocandır?

– Xeyr, Zıpırdır.

Vaxt keçsin deyə şüşə stolun üstündəki “Cosmopolitan”ı əlinə götürdü. Əvvəl çəkisini yoxladı, bir yarım kilo gələrdi, 75 faizi reklamdır. “Ərinizi necə əlinizdə saxlaya bilərsiniz?” “Əvvəllər sınaqdan keçirmədiyiniz 14 seks təklifi”. “Bu il qırmızı dəbdədir”. “Sapsız çantalar çox qəşəngdir”.

“Neskafe”ylə – kafeinli – professor eyni anda gəldilər. Red Kit bir əliylə fincanı tutub, boş əliylə professorun əlini sıx idi. Professorun eynəyi yox idi, qalstuku da yox idi və hətta saçı-saqqalı da ağarmamışdı. Professorun otağına keçdikləri zaman, gözləri arxaya açılan kreslo axtardı. Onu da görə bilməyincə professorun professor olduğuna dair şübhələri əməlli-başlı artdı. Oturmağa yer axtarırmış kimi divardakı diplomu süzdü. Ardınca, masanın önündəki dərikresloda oturdu. Professor da gəlib düz qarşısında əyləşdi.

– Siqaret çəkmək istəyirsən? – deyə soruşdu.

– Xeyr, tərgitmişəm.

– Nə vaxt?

– Bu gün. Dodağımın ucunda olması səni narahat edir?

– Xeyr. Başa düşürəm.

– Nəyi anlayırsan?

– Mən də xeyli çətinlik çəkmişdim tərgidəndə.

– Bura gəlməyimi bir yoldaşım tövsiyə etdi. İndi uşaqlığımdan danışmalıyam?